ƏDƏBİyyatşÜnasliq



Yüklə 281,38 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü281,38 Kb.
#54895


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

ƏDƏBİYYATŞÜNASLIQ 

 

 

XAQANİ ŞİRVANİ FİZİKİ KAMİLLİK HAQQINDA 

 

MOBİL ASLANLI HUNTÜRK 

Bakı Dövlət Universiteti 

mobilaslanlirambler.ru 

 

Məqalə  dahi  Azərbaycan  şairi  Xaqani  Şirvaninin  həyat  və  yaradıcılığında  fiziki 



tərbiyə,  fiziki kamillik və fiziki-cismani yetkinlik məsələlərinə həsr edilmişdir.  

Müəllifin böyük ustadın milli idman oyunlarımızdan olan çovkan, habelə şahmat və 

nərddən bədii ifadə  vasitəsi  kimi  geniş  istifadə  etməsinə, habelə  turizm və  səyahətlərə  geniş 

yer ayırması xüsusi diqqət çəkir.   

 

Xalqımızın dünya ədəbiyyatında söz cahangirləri sırasına bəxş etdiyi ən nadir 



simalardan  biri  də  Xaqani  Şirvanidir.  O,  Azərbaycanda  intibah  dövrü  ədəbiyyatının 

ilk qüdrətli nümayəndəsidir. Dahi Nizamiyə qədər tutarlı ideya-siyasi, ictimai-fəlsəfi 

və  yüksək  humanist  məzmun  gətirmiş  şair,  həm  də  Azərbaycan  ədəbiyyatında  ilk 

poemanın bünövrəsini qoymuşdur.  

Dahi  şairimizin  zəngin  yaradıcılığına  diqqət  yetirsək  görərik  ki,  onun  fəlsəfi 

baxışında,  pedaqoji  irsində,  tibbi-bioloji  araşdırmalarında  fiziki  tərbiyə  məsələləri, 

xüsusilə insanın fiziki təkmilləşməsi, sağlamlıq motivləri, habelə oyun və əyləncələrə 

qədərincə yer ayrılmışdır.  

Qeyd etməliyik ki, Şərqin böyük zəka sahiblərindən Əbdürrəhman Cami, Lüt-

fibəy Azər, Rzaquluxan Hidayət, Məhəmməd Əli Tərbiyət, həmçinin Avropanın gör-

kəmli ədəbiyyatşünasları və şərqşünasları N.V.Xanıkov, K.Q.Zaleman, A.Y.Krımski, 

Y.E.Bertels,  A.H.Boldırev,  Y.H.Marr,  K.İ.Çaykin,  O.Vilçevski,  habelə  Azərbaycan 

alimərindən  Ə.Bakuvi,  H.Z.Şirvani,  A.Bakıxanov,  F.Köçərli,  M.Rəfili,  H.Araslı, 

M.Sultanov, Q.Kəndli, Ə.Cəfər, M.Quluzadə, Ə.Səfərli, X.Yusifov və b. Xaqani ya-

radıcılığının bu və ya digər sahələrini geniş tədqiq edib araşdırsalar da, şairin fiziki 

tərbiyə,  fiziki  kamillik  məsələləri  ilə  bağlı  mövcud  fikir  və  mülahizələrinə  toxun-

mamışlar.  

Əsərlərində  cismani  möhkəmliyə,  fiziki  inkişafa,  fiziki  və  mənəvi  sağlamlığa 

mühüm  yer  ayıran  şair,  böyük  məharətlə  vəsf  etdiyi  türkün  igid  oğullarının  qəhrə-

manlıq  rəşadətini,  bahadırlıq  şücaətini  də  həmin  kontekstdə  verir.  Xaqani  div  vü-

cudlu, əjdaha görkəmli yenilməz pəhləvanların alp-ərənlik xüsusiyyətlərini bilavasitə 

fiziki  təkmilləşmədə  axtarır.  O,  Şirvanşah  Mənçöhr  ibn  Firiduna  həsr  etdiyi  şeirdə 

onu xoş əməllər sahibi kimi adil bir hökmdar, dərin ağıl, kamal mücəmməsi və böyük 

səxavətini  tərənnüm  etməklə  yanaşı,  Şirvanşah  xaqanının  həm  də  pəhləvan  cüssəli, 

qoçaq və igid sultan olduğunu da vəsf edir: 

O elə bir padşahdır, mələk tək şüarı var,  

Ancaq döyüş meydanında o qızmış aslan olar. 

 23



O, iqlimlər bağışlayan yeganə bir sultandır, 

O yenilməz bir Rüstəmdir, fəth etdiyi Turandır (3, 28). 

Şair  qəzəlləri  içərisində  kaman  çəkmək,  ox  atmaq,  nişangahı  sərrast  tuşlamaq 

və s. kimi fiziki təmrinlərdən bədii ifadə vasitəsi kimi məharətlə istifadə etmişdir.  

De, bu hicran davasında kaman çəkib, kim ox atdı, 

Bu döyüşə girmək üçün lütf edib bir kəhər göndər  

(3, 262). 

Böyük sənətkarın poeziyasında onun işıqlı ictimai-fəlsəfi fikirləri tam aydınlığı 

ilə  göstərilir.  Onun  xarakter  bütövlüyü,  əzmkarlığı  bir  ayna  kimi  başqalarının 

qarşısında açılsa da, bunu şairin özündən savayı görən yoxdur. Xanənişin həyat tərzi 

keçirən  şair  dövrün  eybəcərliklərinə  qarşı  yüksək  əzmlə  mübarizə  aparmış  «Vəhşi 

divlər önündə Rüstəm-Zal qüvvətim var» deyərək özünün inadkar, qətiyyətli, dönməz 

və mətin iradə sahibi olduğunu bir daha bəyan edir. 

Xaqani Şirvani dövrünün dünya görmüş, təbabət, nücum, məntiq, ədəbiyyat və 

b. elmlərdən xəbərdar olan əmisi Ömər Osman oğlu Kafiyəddinin rəhbərliyi altında 

mükəmməl təhsil alaraq böyük bir elmi məktəb keçmişdir. Ömər Osman oğlu 

Məlhəm tibb akademiyasının yaradıcılarından biri olmuşdur. Və heç təsadüfi deyildir 

ki, Xaqaninin əsərlərində təbiət, insan anatomiyası və fiziologiyası, habelə xəstəliyin 

şəfa yolları və s. barədə qiymətli bilgilərin mənimsənilməsində belə bir mötəbər tibb 

məktəbinin banisi olan əmisinin dərin təsiri olmasın. Odur ki, şair «Tövfətül-İraqeyn» 

adlı poemasında «Əmisi haqqında»kı şerində həmin fikri belə açıqlayır: 

Mən təbib əmimdən almışam ilham, 

Odur, söz mülkünün bir Sokratıyam.  

Ağlım pay almışdır min bir dənizdən, 

Tanışam hər atla Qaf dağında mən (3, 63).  

deyən  şair  tibb  sahəsindəki  mükəmməl  biliyi  ilə  öyünür  və  özünü  qədim  dünyanın 

dahi  həkimi,  antik  təbabətin  banisi  Hippokrata  bənzədir.  Xaqani  yazırdı  ki,  təbibə 

filosof olmaq vacib deyilsə də, filosofa təbib olmaq zəruridir. 

Xalqımızın böyük söz bahadırı, klassik poeziyamızın iftixarlarından olan 

Xaqani yaradıcılığında ictimai-fəlsəfi, təbiət təsvirləri, məhəbbət mövzusu və s. kimi 

çoxşaxəli, həm də müxtəlif səpgidə mövzuları böyük ilhamla qələmə almış  qəzəl, 

qəsidə, məsnəvi, rübai, həbsiyyə, mədhiyyə və s. müxtəlif şeir nümunələri içərisində 

idman, turizm və  səyahətlər, stolüstü oyunlar, habelə milli-xalq idman oyunları  və 

əyləncələrə də xüsusi yer ayırmışdır.  

Şair XII əsrdə çoxsaylı xarici işğalçılara, habelə yerli istilaçılara qarşı toqquşma 

və müharibələrdə düşmən ordusuna dov gəlmək, müxtəlif həmlələrin uğurlu nəticə-

lərinə nail olmaq niyyəti ilə, xalqın hər bir cavanmərd övladından fiziki tərbiyənin ox 

atmaq, at çapmaq, qılınc oynatmaq, nizə tullamaq, əlbəyaxa döyüş, güləş və s. kimi 

növləri kamil bilməsini zəruri hal sayılırdı. Professor İ.A.Mollayevin təbiricə desək, 

Xaqani «qəflətdən qalxmaq üçün» fiziki kamillik kəsb etməyi də lazım bilirdi (1, 17). 

Xaqani  yaşadığı  dövrün  ictimai-siyasi  zərurətindən  irəli  gələn,  həmin  zaman 

üçün  daha  spesifik  xarakter  daşıyan,  xalqımızın  yadellilərə  qarşı  apardığı  aramsız 

çarpışmaların nəticəsi kimi dözümlü, çevik və fiziki hazırlıq baxımından güclü, basıl-

maz  ərənlərin  hazırlanması  məcburiyyəti  yaranırdı.  Bu  baxımdan  qoçaq  və  mərd 

ərənlər tərbiyə olunmasına gözəl zəmin yaradan çovkan, qəpəq, cirid və s. kimi milli-

xalq idman oyunlarının inkişafı həmin dövrdə geniş vüsət tapmışdır. Odur ki, böyük 

 24



sənətkarın yaradıcılığında çovkan oyununun adını tez-tez çəkməsi, habelə ondan  bə-

dii ifadə vasitəsi kimi – gözəl təşbih, mübaliğə, istiarə, təzad, cinas, kinayə və s. Ola-

raq məcaz şəklində həmin milli idman növlərindən istifadə etməsi təsadüfi deyildir.  

Şair  cıdır  meydanlarında  şahbaz  atın  yalmanına  yatıb  covlan  eyləyən  oğuz 

igidlərinin  bu  oyunda  gözəl  at  səyirtmələri,  at  oynatmaları,  atçapma  qabiliyyətləri 

tələb  edirdisə  də,  onların  burulmaz  qollarındakı,  bükülməz  dizlərindəki  güc,  qüvvə, 

çeviklik  və  sürətlilik  kimi  fiziki  keyfiyyətləri  qələbə  üçün  əsas  şərt  sayırdı.  Xaqani 

beyitlərinin birində əqli yetkinliklə fiziki kamilliyin birgə əlaqəsini, onların vəhdətdə 

təminini fəlsəfi müstəvidə götürərək yazır:  

Azadlıq meydanında at çapdırmaq könlünə düşsə,  

Kosu-amal olar, əqlin ayağı – əldə çovqanı (3, 7).  

Bənzərsiz  söz  cahangiri  özünün  «Meratos  səfa»  əsərində  oyunların  xalq  tərə-

findən yaradıldığını və bu oyunlarda məhz xalq nümayəndələrinin iştirak etdiklərini 

göstərmişdir. Xaqani yazırdı ki, əgər azad yaşamaq istəyirsənsə, tamahın və arzunun 

başını top, ağlın ayağını da topu vuran çovkan et. Yəni azadlıq və xoşbəxtlik istəyən 

adam ehtirasları deyil, ağlını özünə rəhbər etməlidir.  

Xaqani yaşadığı dövrdə Azərbaycanda geniş vüsət tapmış şahmat oyunu barədə 

də  söhbət  açır,  habelə  yaradıcılığından da  bəlli  olduğu  və  müasirlərinin  qeyd  etdiyi 

kimi  o,  bu  oyunun  əsl  leylacı  (oyunbazı)  kimi  müfəssəl  bilgilər  açıqlayır,  həm  də 

həmin oyunla bağlı şeirlərində şahmat xanələri və onun müxtəlif fiqurlarından bədii 

ifadə  vasitəsi  kimi  böyük  sənətkarlıqla  istifadə  edir.  Şairə  görə,  istər  şahmata  aludə 

olan  kəslər,  istərsə  də  asudə  vaxtının  səmərəli  təşkili  məqsədilə  əylənən  şəxslərdə 

güclü erudisiya, çevik düşüncə, kəskin qətiyyətlilik, möhkəm iradi səy, mütəşəkkillik, 

intizamlılıq və s. kimi əqli, mənəvi-əxlaqi, etik keyfiyyətlər cilalayır. Xaqani bu tarixi 

oyunlarda  iştirak  edən  fiqurların  hərəkəti  ilə,  insan  psixologiyası  arasında  gözəl 

paralellər  qurmuşdur: «Bu  gün  qəlbim  piyadədir  (şahmat),  çalış  o  yeddi  biyabanı 

(şahmat taxtasının «piyadə» qarşısında duran yeddi xanəsi) başa vur və dönüb fərzin 

(şahmat-fərz) ol. Burada, Xaqaninin yüksək intellekt sahibi və humanist bir şəxsiyyət 

olaraq mədəni zövqə qadirliyi, habelə şahmatın Azərbaycanda çox qədim tarixə malik 

əvəzsiz mənəvi dəyər kimi bu gün də təhəvvülata uğramadığı anlaşılır.  

Şair «fərzin olub çəp hərəkət etməkdənsə, piyadə olub düz irəliləməyi» məslə-

hət görərək, özünə munis olan insanlarda qürur, ləyaqət, mənlik, mərdanəlik kimi in-

san mənəviyyatını ucaldan əxlaqi, bəşəri əməllərə sadiq qalmağı məzlum xalqına dö-

nə-dönə tövsiyə edirdi: 

Bir piyada olub düz getmək xoşdur 

Bir vəzir olub da əyri getməkdən (3, 283).  

Xaqani  «Mədain  xərabələri»  şeirində  zəmanənin  gərdişi  dövranından,  vaxtilə 

abad,  gülşad  məkanların,  cah-calallı  məskənlərin,  zülmkar,  əzazil  xaqanların,  rəzil, 

müxənnəs  şahların  tapdağından  viranələrə  çevrilməsini,  sonradan  həmin  fatehlərin 

özlərinin də faciəli aqibətini şahmata istinadən belə təsvir edir: 

Atdan yerə en, üz sürt torpağına, seyr elə, 

Fil pəncəsi altında şahkan mat olub Neman. 

Yox filləri Neman tər torpağa salan şahlar, 

Fil kimi gecə-gündüz onları əzər dövran?! 

Təqdirə baxın, bir vaxt fili aciz edən şahlar, 

Şahmatda qalıbdır mat bir fil kimi sərgərdan (3, 170)! 

 25



Xaqaniyə  görə,  şahmat  insana  məntiqi  dəlillər,  sərrast  fikirlər,  dəmir  dözüm, 

habelə düzgün və ayıq düşünməyə xidmət edən mənəvi bir dəyərdir.  

Xaqani yaradıcılığında orta əsrlər Azərbaycan mühitində bütün Şərq ölkələrində 

ən çox yayılmış stolüstü idman oyunlarından olan nərd barədə də müxtəsər söhbət açır. 

Məsələn,  şair  «Müvəffəqəddin  Əbdülqəffarın  tərifi»  adlı  şerində  həyatda  şərəflə  ya-

şamağın,  ləyaqətlə  ömür  sürməyin,  mərdanə  davranmağın  ucalığından  bəhs  edərək, 

çoxüzlü riyakar, müxənnət və bədnam kəsləri nərdin dəyişkən zərinin üzlərinə bənzədir: 

Kəbəyə üz çevir, boş şeydən əl çək; 

Altıüzlü olma nərdin zəri tək (3, 84)!  

Yaxud, şair həmin silsilədən olan digər bir şerində nərd oyununu gözəl təşbihə 

çevirir: 

Fələyin nöqtəsiz olur zərləri, 

O nərddə udmuşdur çox hərifləri. 

Pəncü-yek oynamış yenə də fələk 

Ki, da şeş atana hesablar do-yek (3, 110). 

Xaqani «Töhfətül-İrqeyn» əsərində Şamaxı şəhərindən başlamış Yaxın və Orta 

Şərqin  bir  sıra  məmləkətlərinə  səmt  götürərək  tənəzzöh  və  gəzintilərə  çıxmış,  canlı 

ekskursiya səyahətini təmin etmişdir. Şair həmin səfərlər boyu çaylar, dənizlər, səhra 

və dağlar aşır. Şübhəsiz ki, belə uzunmüddətli və genişmiqyaslı gəzinti və tənəzzöhün 

öhdəsindən gəlmək, bir sıra mane və çətinlikləri dəf etmək  hər bir insandan ciddi fiziki 

sağlamlıq  və  iradi  güc  tələb  edə  bilərdi.  Şair  yüksək  fiziki  hazırlıq  və  hərəki  key-

fiyyətlər tələb edən həmin səfərləri  «Səfər təfsilatı» adlı şerində belə tərənnüm edir: 

Səfərə çıxaraq, dağda, səhrada 

Sürdüm özümü özüm piyada. 

Şirvan dənizindən uzağa getdim, 

Arzuma çatmaqçün İraqa getdim; 

Qara dəniz qaldı mənim arxamda, 

Səfidrud çayını keçdim bir anda; 

Kuhistana çatıb gördüm, nəhayət, 

Behişt bağlarıtək yeddi vilayət (3, 72).  

Azman şairimiz ekskursiya, gəzinti, turizm, tənəzzöh və s. kimi səyahət növ-

lərini  məşhur  adamların,  görkəmli  şəxsiyyətlərin  həyatının  tarixən  bəzəyi  olduğunu 

qeyd  edir.  Xaqani  xalqımızın  çox  ulu  bir  «Çox  gəzən  çox  bilər,  çox  yaşayan  yox» 

atalar sözünü sanki bənzətmə şəklində bildirir. Odur ki, şair fiziki hərəkətlərə - səya-

hət və piyada gəzintilərə yüksək dəyər verməklə sələflərinə sağlamlıq, gümrahlıq rəh-

ni, həm də sağlam həyat tərzinə yardımçı olan vacib bir məsələ kimi diqqət yetirməyi 

özünə borc bilirdi: 

Çox səfər eylədin, əl çək göylərdən, 

Bir az da gəz, dolaş bu yerləri sən. 

Xüsusən, səyahət, dünyanı gəzmək 

Böyük adamlara olmuşdur bəzək (3, 86). 

Dahi  şairimizin  səyahətlərə  dərin  marağı  barədə  onun  cəfakeş  tədqiqatçıların-

dan  professor  M.Quluzadənin  araşdırmalarındakı  bilgilər  Xaqaninin  Yaxın  və  Orta 

Şərqin  bir  sıra  ərazilərindəki  geniş  miqyaslı  gəzintilərdən  aldığı  dərin  təəssüratların 

onun sanballı yaradıcılığına zəmin yaratmasını vurğulayır: «Xaqani dövrünün yalnız 

bir şairi deyil, həm də görkəmli səyyahı idi. … Xaqani dörd dəfə İrana səyahət etmiş 

 26



(1151, 1156, 1171, 1173), iki dəfə ərəb ölkələrini gəzmiş (1156, 1173), İranın, İraqın, 

Suriyanın,  Ərəbistan  yarımadasının  onlarca  şəhərlərini  dolaşmış,  Sasani  şahlarının 

paytaxtı  Mədain  xərabəliklərində  olmuşdur.  O,  səyahətlərdən  aldığı  təəssüratları  öz 

şerlərində  əks  etdirdi.  Beləliklə,  o, 1156-cı  il  səyahətinin  nəticəsində  «Töhfətül-İra-

qeyn» («İki  İraqı  töhfəsi»)  poemasını  yaratmışdır.  Başqa  şerlərində  Xaqani  sonsuz 

hərarətlə  Azərbaycanın  təbiət  gözəlliklərindən  söz  açır,  Şirvana,  Bakıya,  Xəzər 

dənizinə coşğun sətirlər həsr edir» (2, 7). 

Həyatda səyahət və gəzintilərə böyük üstünlük verən şair Yaxın və Orta Şərqin  

bir çox şəhərlərini addımbaaddım gəzib dolaşmış, topladığı zəngin elmi müşahidələri 

onun  dünyagörüşünün  genişlənməsinə,  habelə  ensiklopedik  alim  kimi  yetkinləş-

məsinə böyük təsir göstərmişdir. Heç şübhəsiz ki, belə uzunmüddətli, geniş məsafəli 

gəzinti  və  səyahətlər  şairin  fiziki  möhkəmliyinə,  mütəhərrikliyinə  və  sağlamlığına 

müsbət təsiri sayəsində xeyli ömür yaşamasına zəmin yaratmışdır.  

Xaqaniyə  səyahət etmək, müxtəlif ölkə  və  şəhərləri gəzib dolanmaq xüsusi 

zövq verərdi. Şair 36 yaşında olarkən səyahətə çıxır, Həmədan, Ərdəbil, Şam, Mosul, 

Bağdad,  İsfahan, Məkkə  şəhərlərini gəzir və bir neçə ildən sonra səyahətini başa 

vurub, doğma vətəninə qayıdır.  

Şairin səyahətləri barədə müfəssəl bilgilərə professor N.K.Kərəmovun qeyd-

lərində rast gəlirik: «Xaqani Məkkədən qayıdarkən Mədinə, Təbuk, Amman, Şam, 

Deyrəzor, Tell-Əffar, Mosul, Məhabad, Marağa  şəhərlərindən keçərək Təbrizə  gəl-

mişdir. Burada bir qədər dincəldikdən sonra Mərənd, Culfa, Qaryagindən keçərək Şa-

maxıya qayıtmışdır» (4, 34).  

 Böyük  mütəfəkkirin  «Töhfətül-İraqeyi»  mənzum  səyahətnaməsi  Azərbaycan 

ədəbiyyatında ilk poemalardandır. Əsərdə verilən mənalı hekayələr, hikmətli söz və 

ifadələr, onun təsir qüvvəsini artırır. Şair həmin dərin fəlsəfi məzmunlu əsərini uzun-

müddətli səyahətdən sonra yazmışdır. Burada səyahət xatirələri əsas yer tutur. Xaqani 

gəzdiyi şəhərlərdən, rast gəldiyi görkəmli adamlardan bəhs edir, atasını, anasını, dost 

və düşmənlərini xatırlayır. Günəşə üz tutaraq dərdlərini danışır, kainatda hər şeydən 

uca, ali olan günəşdən kömək istəyir… 

 

ƏDƏBİYYAT 

1.

 



Mollayev  İ.A.  Orta  əsr  Azərbaycan  mütəfəkkirləri  təlim-tərbiyə  haqqında.  Bakı:  Maarif, 

1996, 304 s. 

2.

 

Хагани Ширвани. Избранные произведения. Баку: Азернешр, 1959, 240 с. 



3.

 

Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 2008, 322 s. 



4.

 

Kərəmov N.K. Odlar yurdunun səyyah və coğrafşünasları. Bakı: Azərnəşr, 2004, 206 s. 



5.

 

Səfərli Ə.Q., Yusifov X.H. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 2008, 



632 s. 

 

ХАГАНИ О ФИЗИЧЕСКОМ СОВЕРШЕНСТВЕ 



 

МОБИЛЬ АСЛАНЛЫ ГУНТЮРК 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  вопросам  физического  воспитания,  физической  зрелости  и 

физически-телесного  совершенства,  содержащихся  в  жизни  и  деятельности  великого 

азербайджанского поэта Хагани Ширвани. 

 27



Особое внимание уделяется раскрытию идей об огромном значении изпользова-

ний  таких  национальных  спортивных  игр,  как  човкан,  шахматы  и  нарды,  а  так  же 

туризма и экскурсий для формирования физически развитого поколения. 

 

                                                                                     



KHAGANI – ABOUT PHYSICAL PERFECTION 

 

MOBIL ASLANLI HUNTURK 

 

SUMMARY 

 

The article is devoted to the problems of physical training, physical  perfection and 



physical-corporal mature in the life and creative work of the great Azerbaijanian poet Khagani 

Shirvani. 

In the works of the great master much attention is paid to the national sport games, like 

chovkan, chess and backgammon. The importance of tourism and traveling in the upbringing 

and development of generation is marked in the article. 

 

 



 28

Document Outline


Yüklə 281,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə