Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə1/56
tarix25.06.2018
ölçüsü17,81 Mb.
#51819
  1   2   3   4   5   6   7   8   9   ...   56




Əhli Sünnə Vəl Cəmaat

Sələfi Salihin

Əqidəsi

SƏHİH

DUA VƏ ZİKİRLƏR

KİTABI


Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə

Dövlət Komitəsinin 23 Sentyabr 2011-cu İl Tarixli İcazəsi

Əsasında Çap Edilmişdir №DK-717/َQ
Təhqiq: Muhəmməd Nəsirəddin əl-Albani

Toplayan və Tərcümə Edən: K.Hüseyn

Kitabın Bütün Haqları Qorunur



بسم الله الرحمن الرحيم
RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən

sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik)

salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et,

çünki Sən, doğurdan da, bəxşiş verənsən! (Ali İmran 8).

Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!

Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!

Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!

Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən.

Kafirlərə qələbə çalmaqda bizə kömək et! (əl-Bəqərə 286).

Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç

kimsə üçün deyil, sadəcə Sənin rizan üçün olmasını diləyirəm.

Allahım! Bu kitabı yazan, tərcümə edən, oxuyan, dinləyən,

yayan və bu kitabın üzərində əziyyəti olan

hər bir kəs üçün xeyirli et! Amin!






ÖN SÖZ
Xutbətul-Hacə

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq İlah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Elçisidir.

Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün”. (Ali-İmran 102).

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).

Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-Əhzab 70-71).1

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin  yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Hər bir zəlalət isə oddadır.2

Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28).

Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın Kitabına və Allah Elçisinin  yoluna tabe olaraq bu əməli “Bismilləh” ilə başlayıram. Çünki, Allah Rəsulu  də öz məktublarını "Bismilləh" ilə başlamış və buyurmuşdur: "Hər mühüm bir işə "Bismilləh" ilə başlanılmazsa, o işin sonu kəsikdir"3.

Əziz və çox bağışlayan olan, gecə ilə gündüzü ağıl və bəsirət sahibi kimsələrə ibrət olsun deyə yaradan, Allahı çox zikr (xatırlayan) edən müttəqi və bəşəriyyətin ən xeyirlisi Muhəmmədi  doğru yolu göstərən olaraq seçib insanlığa göndərən Allaha həmd olsun. Bizlərə Allahı çox zikr edərək Cənnətdə uca məqamlara çatmaq üçün irəlidə olmağı xəbər verən Odur. Cənnəti istəyən və Cəhənnəmdən Allaha sığınan hər kəs Onun çağırışına uyaraq Allahı gecə və gündüz xatırlamağa davam etməlidir. Allahın üzərimizdə olan haqqı Onu Tövhid etmək və Allahı çox zikr edən kimsəyə ən gözəl mükafat Cənnət olduqda, heç kimsə Allahı çox zikr edən qədər əcirdə irəli keçməmişdir.

Şükürlər olsun aləmlərin Rəbbi olan Allaha! Şükürlər olsun ki, verdiyi nemətlər sayəsində “Səhih Dua Və Zikrlər” kitabını tərcümə edib toplaya bildik. Allaha nə qədər şükr etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini verə bilmərik. Çünki Allahın  bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, bunun da şükrə ehtiyacı vardır. Necə ki, Davud  buyurur: "Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim". Allah: "İndi Məni tanıdın və Mənə şükr etdin, ey Davud! Çünki, şükr etməyin də Mənim bir nemətim olduğunu bildin". (Başqa rəvayətdə: "Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə, yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram"4.

Bu mövzuda olan Dua və Zikirləri araşdırmaq istədim. Sayılmayacaq qədər çoxdur. Ümmətin ittifaq etdiyi və mənbə olaraq qəbul etdiyi: Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsəi, İbn Məcə, İmam Əhməd “Musnəd” və İbn Hibban əsərlərindən istifadə edərək, əsrin Muhəddisi sayılan Muhəmməd Nəsirəddin əl-Albani  “Səhih” saydığı hədisləri qeyd etdim. Kitabda mövzu ilə bağlı bir çox “Zəif” hədislər də vardır. Qeyd etməkdə məqsədim: Bu hədisləri bilib onlarla əməl etməməkdir. Çünki Peyğəmbər  buyurdu: «Mənim adımdan yalan uydurmayın. Hər kim söyləmədiyimi mənə isnad edərsə heç şübhəsiz ki, atəşə girər»5. Peyğəmbər  buyurdu: «Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»6. Peyğəmbər  buyurdu: «Heç şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqa bir kimsənin ağzından yalan söyləmək kimi deyildir. Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»7.

Əsrimizin dahi İslam alimlərindən və tədqiqatçılarından biri də mühəddis Şeyx Albanidir . Bu ad nə inki İslam ölkələrində hətta İslam ölkələrindən kənara çıxaraq Avropa, Amerika və s. kimi dövlətlərdə də çox tanınmışdır. Minlərlə, miliyonlarla müsəlmanların qəlbində bu şəxsiyyətə qarşı sevgi, məhəbbət vardır. Çünki Əbu Hureyrənin  rəvayət etdiyi hədisdə də Peyğəmbər  buyurur: «Əgər Allah bir qulunu sevərsə Cəbrail  əmr edərək: «Şübhəsiz Allah filan qulu sevir, sən də onu sev!» nida edər. Cəbrail də onu sevər. Sonra Cəbrail  səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulunu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer üzündə məqbul (qəbul) sayılar»8. Çox istərdim ki, Allahın dininin keşikçisi olan bu gözəl insanı Azərbaycan xalqı da tanısın və daima da onu yad etsinlər.



Şeyx Albani  Alban dövlətinin keçmiş mərkəzi olan Aşkodra şəhərində hicri 1332-ci ildə (Miladi tarixi ilə 1914-cü ildə) dünyaya gəlmişdir. Əsli Albaniyadan olduğuna görə ləqəbi də əl-Albanidir. Kunyəsi isə Abu Abdur-Rahməndir. Çox kasıb bir ailədən idi. Atası Muhəmməd Nəsrəddin İbn Nuh Nəcətiy İbn Adəmdir. Nuh Nəcəti Osmanlı dövlətinin mərkəzi olan (İstambul) Astana şəhərinin şəriət mədrəsəsində dini təhsil aldıqdan sonra Allahın dininə xidmət etmək üçün öz ölkəsinə qayıdır. Lakin o, vaxtlar Albaniyada ateizim (Allahsızlıq) ideyası çox yayıldığına görə ailəsi ilə birlikdə Suriyanın Dəməşq şəhərinə hicrət edirlər. Dəməşqə köçdükdə gənc alimin 9 yaşı vardır. İlk təhsilini də elə bu şəhərdə alaraq Qurani Kərimi öyrənməyə başlayır. Quranı oxumaq qaydalarını (təcvidi), ərəb dili ilə bağlı bir çox məsələləri, həmçinin Hənəfi məzhəbinin qanunları ilə yaxından tanış olur (Məraqil Fərəh9). Bütün bunlara Dəməşqin şeyxlşəri olan Muhəmməd Səid əl-Burhani və Muhəmməd Bəhcə əl-Beytərinin dərslərində iştirak edərək nail olur. Həmçinin bu işdə onun atasının da böyük rolu olmuşdur. Bundan başqa atasından saatsazlıq sənətini də öyrənməyə başlayır. Bu sənətdə yüksələrək sənətkar səviyyəsinə çatır. Onun saat köşkü indi də Dəməşqin yaxınlığında yerləşən Əməvi Məscidinin yaxınlığındadır. İyirmi yaşından başlayaraq Şeyx Albani hədis elmi ilə dərindən məşxul olmağa başlayır və ilk olaraq Hafiz əl-İrakinin «əl-Muqni ən-Həmlil Əsfər fil Əsfər fi Təhrici mə Filhiyə Minəl Əkbər» kitabını geniş şəkildə şərh və tədqiq edir. Hədis elmi ilə məşğul olmağına səbəb Misirdə çıxan «əl-Mənər» jurnalı olmuşdur10. Özüdə həmişə deyərdi ki, Muhəmməd Rəşid Rzanın bu jurnalını oxumağım mənə çox köməyi olub. Hədis elminə olan məhəbbəti o, qədər artır ki atasının (əsas hissəsi) Hənəfi məzhəbinin kitablarından təşkil edilmiş kitabxanası belə onun hədis elminə olan təlabatını elm öyrənmək alovunu söndürə bilmirdi (ödəmirdi). Lakin atası onun bu elmlə məşğul olmasına narazı idi və deyərdi ki, bu elm müflislərin elmidir. Maddi çətinlik gənc alimə kitabları əldə etməyə çətinlik törətdiyinə görə o, Dəməşqin böyük kitabxanası olan «əl-Məktəbətul əz-Zahriyyə» gedər və oradan kitabları götürərdi. Şeyx Albani  hədis elmi ilə o, qədər aludə olur ki, öz saat dükanını bağlayaraq 8-12 saat və bəzən də daha çox vaxtını kitabxanada keçirərdi. Yalnız namazdan-namaza kitabxanadan çıxardı. Hətta bəzən o, qədər elmə bağlanardı ki, nahar etməyə də getməzdi. Özü ilə gətirdiyi bir tikə çorək ilə kifayətlənərdi. Kitabxananın müdriyyəti onun elmə olan həvəsini gördükdən sonra onun üçün müəyyən bir otaq ayırırlar və kitabxananın açarlarını ona verirlər. Bu müddət ərzində gənc alim fiqhə, əqidəyə dair bir çox əsrlər yazır. Bu əsərlərin bəziləri hələ indiyə qədər də nəşr edilməmişdir. Gənc alim bu yolda çoxlu çətinliklərlə qarşılaşır. Lakin bütün bunlara baxmayaraq səbr və ixlasla bütün bu çətinliklərdən qalib çıxır. Bu işdə ona Dəməşqin bir çox tanınmış şeyxləri olan Baxcatul Baycar, imam AbdulFəttah və Taufiq əl-Bərzaq – Allah onlardan razı olsun – ona nəsihətlər verərək bu işdə daha da iradəli və qəti olmağı tövsiyə etmişlər. Bir müddətdən sonra gənc alim həftədə iki dəfə dərslər verməyə başlayır. Moizələrlə, elmi çıxışlarla Suriya, İordaniya, Misir, Qatar, Kuveyt, İspaniya, İngiltərə və s. dövlətlərə səfərlər edir. Hicri 1381-1383-cü illər ərzində Mədinə İslam Universitetinə hədis elmindən dərs vermək üçün dəvət alır. Bu illər ərzində Universitetin fəxri üzvü, bir müddətdən sonra isə Universitetin fəxri professoru adını alır. Hədis elmi ilə bağlı yüzlərlə əsərləri və araşdırmaları vardır. Şeyx Albaninin  təhqiq etdiyi kitablardan: «Buxari, Müslim, Tirmizi, Əbu Davud, Nəsəi, İbn Məcə və s Səhih və Sünnən kitabları, Cəmius Səğir, Mişkətul Məsabih, Seyid Sabiqin «Fikhus Sünnə», İmam Nəvəvi «Riyadus salihin», İmam Buxari «Ədəbul Mufrad», İmam Zəhəbi «əl-Uluv» və s məşhur kitabların təhqiqini etimişdir. Həmçinin 10-12 cilddən ibarət olan «Səhih Hədislər Silsiləsi» isimli kitabında yalnız səhih hədislər və eyni ilə də «Zəif Hədislər Silsiləsi» isimli kitabında isə yalnız zəif hədisləri toplamışdır. Bütün bu işlərin nəticəsidir ki, hər bir müsəlman onun təhqiq etdiyi kitabları oxuduqda asantlıqla səhih hədisi zəif və uydurma hədislərdən ayıra bilir. Bundan başqa Şeyx Albaninin  İslamın əsaslarına dair gözəl əsərləri vardır. Bunların içərisində «Sifətu Salətu ən-Nəbiyyə min Təkbir ilə Təslim» (Peyğəmbərin  namaz qılma şəkili), «Mənasikul Həcc vəl Umrah fi Kitabi və sunnah və Asari əs-Sələf» (Həcc və Ümrə ehkamları Kitab, Sünnə və Sələflərin gözü ilə) və s. Özündən sonra bir çox görkəmli İslam alimlərini qoyub getmişdir. Bunlardan Şeyx Həmdi AbdulMəcid, Şeyx Muhəmməd Abbasi, Ömər Süleyman əl-Aşkar, Şeyx Muqbil İbn Hadi əl-Vadii, Şeyx Muhəmməd İbrahim Şakra, Şeyx Ali Xuşşah, Şeyx Məhəmməd Cəmil Zinu, Şeyx AbdurRahman AbdusSaməd, Şeyx Səlim əl-Hilali, Şeyx Ali Həsən AbdulHəmid əl-Hələbi və s. Şeyx Albani  Hicri 1420-ci il 22 Dumada əs-Səniyyə ayında (miladi tarixi ilə 2 oktyabr 1999-cu ildə) 87 yaşında mübarək və xeyirli bir ömür sürərək dünyasını dəyişmişdir. Allah Ona Rəhmət Etsin!

İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə toplayıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər haradasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Şeytandan və çarəsizlikdən Allaha sığınıram. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Ayrıca bu kitabı toplamaqda mənə kömək edən, bu kitabda zəhməti olan, öyüd vermək və ya dua etmək məqsədilə mənə yardım edən hər bir kəsə də təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırsın!

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. "Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85).

Allahın salavat və salamı onun Peyğəmbəri Muhəmmədə , onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!
Bitirdim: Miladi 2011-ci il 18 Sentyabr

Hicri: 1432-ci il 20 Şəvval

Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)


Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə