Ekoloji təmiz kənd təsərrüfatı haqqında



Yüklə 148,98 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü148,98 Kb.
#34847


Ekoloji təmiz kənd təsərrüfatı haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



  

Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və 

heyvanların  sağlamlığını  və  təhlükəsizliyini  təmin  edən  ekoloji  təmiz  kənd 

təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsalı,  emalı  və  dövriyyəsi  ilə  bağlı 

münasibətləri tənzimləyir. 

  

I fəsil 



  

Ümumi müddəalar 

  

Maddə 1. Əsas anlayışlar 



  

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.1.1.  ekoloji  təmiz  kənd  təsərrüfatı  -  kimyəvi-sintetik  (süni)  maddələr  tətbiq 

edilmədən  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsi  və  heyvanlarının  yetişdirilməsi, 

habelə  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsalı,  emalı, 

dövriyyəsi və sertifikatlaşdırılması; 

1.1.2.  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  -  ekoloji  təmiz  kənd 

təsərrüfatının tələblərinə uyğun istehsal və emal olunan, habelə satılan məhsullar; 

1.1.3.  ekoloji  müşahidə  -  ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərində  kənd 

təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun 

istehsal  və  emal  edilməsini  araşdırmaq,  müşahidələr  və  təhlillər  aparmaqla 

məlumatlar  hazırlayıb  müvafiq  orqanlara  və  təsərrüfat  subyektlərinə  təqdim  etmək 

üçün fəaliyyət; 

1.1.4.  ekoloji  təmiz  kənd  təsərrüfatında  sertifikatlaşdırma  -  ekoloji  təmiz  kənd 

təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd 

təsərrüfatının  tələblərinə  uyğun  istehsal  və  emal  edilməsi  barədə  ekoloji  müşahidə 

orqanının məlumatları əsasında sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilən 

sənədləşdirmə proseduru; 

1.1.5. ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya) dövrü - ənənəvi kənd 

təsərrüfatı  üsulundan  ekoloji  təmiz  kənd  təsərrüfatına  keçməklə  əlaqədar  müvafiq 

norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz kənd təsərrüfatı 

və ərzaq məhsullarının sertifikatlaşdırılmasına qədər olan müddət; 

1.1.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları - ekoloji 

təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  keyfiyyətinə  və  təhlükəsizliyinə  dair 

tələbləri müəyyənləşdirən normativ sənəd; 

1.1.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı  - 

ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  nümayişi  və  satışının  təşkili 

məqsədi ilə onların etiketində nəşr və ya qrafik təsvir formasında göstərilən nişan




1.1.8.  aqroekosistem  -  kənd  təsərrüfatı  məhsullarının  əldə  olunmasında  iştirak 

edən  torpaq  sahələrini,  tarlaları,  heyvanları,  meşələri,  təbii  yem  sahələrini,  su 

hövzələrini və insanları əhatə edən ekoloji sistem; 

1.1.9.  genetik  modifikasiya  olunmuş  orqanizmlər  və  onların  törəmələri  -  gen 

mühəndisliyi  metodlarının  tətbiqi  ilə  yeni  genetik  kombinasiyaya  malik  canlı 

orqanizmlər və onların təkrar istehsalından əldə olunmuş törəmə məhsullar. 

1.2.  Bu  Qanunda  işlədilən  "ekoloji  təmiz"  anlayışı  beynəlxalq  qanunvericilikdə 

işlədilən "bioloji", "üzvi" və "təbii" anlayışları ilə eyni mənanı ifadə edir. 

  

Maddə  2.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında  Azərbaycan 

Respublikasının qanunvericiliyi 

  

2.1.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  Azərbaycan  Respublikasının  Konstitusiyasından,  "Standartlaşdırma 

haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları 

haqqında"  Azərbaycan  Respublikasının  qanunlarından,  bu  Qanundan  və  onlara 

uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. 

2.2.  Meşə  bitkilərinin  və  vəhşi  heyvanların  istifadəsi,  kənd  təsərrüfatı 

məhsullarının  kimyəvi-sintetik  (süni)  maddələrin  tətbiqi  ilə  istehsalı,  daşınması, 

saxlanması  və  istifadəsi  ilə  əlaqədar  münasibətlər  Azərbaycan  Respublikasının 

müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

  

Maddə 3. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi 

  

3.0. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi aşağıdakı 

ekoloji , sosial və iqtisadi məsələlərin həllinə nail olmaqdır: 

3.0.1.  ekoloji  təmiz  kənd  təsərrüfatının  tətbiqi  əsasında  keyfiyyətli  kənd 

təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsalına  və  onların  insan  sağlamlığı  üçün 

təhlükəsizliyinə; 

3.0.2.  torpağın  münbitliyinin  və  strukturunun  bərpasına,  qorunmasına, 

saxlanmasına və artırılmasına; 

3.0.3. ətraf mühitin mühafizəsinə və sağlamlaşdırılmasına; 

3.0.4. təbii ehtiyatlardan səmərəli istifadə olunmasına; 

3.0.5.  bazarda  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarına  olan 

tələbatın ödənilməsinə və bu sahədə rəqabətin formalaşdırılmasına; 

3.0.6. istehlakçıların hüquqlarının müdafiəsinə; 

3.0.7.  kənd  yerlərinin  davamlı  iqtisadi  inkişafı  üçün  alternativ  fəaliyyət 

növlərinin təklif edilməsinə. 

  

Maddə 4. Ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri 



  

4.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı ümumi prinsiplərə əsaslanır: 




4.0.1.  istehlakçıların  həyatını,  sağlamlığını,  təbii  ehtiyatların  və  ətraf  mühitin 

mühafizəsini təmin edən sabit və balanslaşdırılmış aqroekosistemin yaradılması; 

4.0.1-1.  Azərbaycan  Respublikasına  məxsus  ənənəvi  mədəni  brend  bitkilərin 

mühafizəsi;



[1]

 

4.0.2.  kənd  təsərrüfatı  işlərinin  gedişində  kimyəvi-sintetik  (süni)  maddələrin 



istifadəsindən  imtina  edilməsi,  hər  hansı  çirkləndirici  və  potensial  təhlükəli 

texnologiyaların tətbiqinin qadağan edilməsi

4.0.3.  torpağın  təbii  imkanları  ilə  ekoloji  təmiz  kənd  təsərrüfatının 

harmoniyasına  şərait  yaradan  bitki  növlərinin  və  sortlarının  becərilməsi,  həmçinin 

heyvanların  səmərəli  yetişdirmə  və  bəslənmə  metodlarının  seçilməsi  yolu  ilə 

biomüxtəlifliyin qorunması və artırılması; 

4.0.4. yerli şəraitə yüksək dərəcədə uyğunlaşma xüsusiyyətlərinə malik, xəstəlik 

və  zərərvericilərə  genetik  davamlı  bitki  sortlarından  istifadəyə  əsaslanan 

balanslaşdırılmış növbəli əkin sistemlərinin tətbiq edilməsi

4.0.5.  bitkiçilikdə  və  heyvandarlıqda  ekoloji  cəhətdən  təmiz  texnologiyaların 

tətbiqi; 

4.0.6.  qapalı  təbii  dövran  üsulunu  tətbiq  etməklə  torpağın  təbii  münbitliyinin 

daim  sabit  saxlanması  və  yüksəldilməsi,  bitkiçilik  və  heyvandarlıq  sistemlərinin 

inteqrasiyası; 

4.0.7.  ekoloji  təmiz  kənd  təsərrüfatı  məkanında  torpaqların  təbii  bərpasının  və 

özünütəmizləmə  proseslərinin  stimullaşdırılması,  torpaqda  çirkləndiricilərin 

toplanmasını  məhdudlaşdıran  və  onların  torpaqdan  bitkiyə  keçməsinin  qarşısını 

alan,  su  hövzələrinin  və  atmosferin  çirklənməsi  mənbəyini  nəzarətdə  saxlayan 

səmərəli texnologiyaların tətbiqi; 

4.0.8.  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  sahibkarlıq  fəaliyyətinin 

könüllülük prinsipləri əsasında həyata keçirilməsi və genişləndirilməsi. 

  

Maddə 5. Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimlənməsi 



  

5.0.  Ekoloji  təmiz  kənd  təsərrüfatının  tənzimlənməsində  dövlətin  vəzifələri 

aşağıdakılardır: 

5.0.1.  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsalı,  emalı, 

qablaşdırılması,  markalanması,  sertifikatlaşdırılması,  saxlanması  və  satışını 

reqlamentləşdirən normativ hüquqi aktlar və normativlər təsdiq etmək və inkişafına 

dair xüsusi layihələr hazırlamaq; 

5.0.2.  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarına  dair  milli 

standartların hazırlanmasını təşkil etmək; 

5.0.3.  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  mövcud  olan  normativ  hüquqi 

aktların beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək; 

5.0.4.  ekoloji  təmiz  kənd  təsərrüfatında  tətbiqinə  icazə  verilən  qeyri-təbii  və 

tətbiqi qadağan edilən təbii vasitələrin siyahısını təsdiq etmək; 

5.0.5.  ekoloji  təmiz  kənd  təsərrüfatına  keçidə  dair  qaydaları  və  bu  fəaliyyətlə 

məşğul olmaq istəyən subyektlərin üzərinə düşən öhdəlikləri müəyyən etmək; 



5.0.6.  ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərinin  təşkil  edilməsinə  yardım 

etmək,  bu  sahədə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  təsərrüfat  subyektlərinin 

uçotunu  aparmaq  və  onlar  tərəfindən  normativ  hüquqi  aktların  və  normativlərin 

tələblərinin  yerinə  yetirilməsinə,  aqroekosistemin  monitorinqinə  dövlət  nəzarətini 

həyata keçirmək

5.0.7.  ekoloji  təmiz  kənd  təsərrüfatında  istifadəsi  qadağan  olunan  maddələrin 

və  orqanizmlərin  təyin  edilməsi  üçün  müasir  avadanlıqlar  və  ləvazimatlarla  təchiz 

edilmiş  müvafiq  laboratoriyaların  təşkilinə,  mütəxəssislərin  hazırlanmasına 

köməklik göstərmək; 

5.0.8.  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  ekoloji  müşahidə  və 

sertifikatlaşdırma  üzrə  orqanları  və  onların  səlahiyyətlərini  müəyyən  etmək,  onlara 

akkreditasiya sənədləri vermək; 

5.0.9.  ekoloji  müşahidə  və  sertifikatlaşdırma  üzrə  akkreditasiya  olunmuş 

orqanların uçotunu aparmaq və onların fəaliyyətinə nəzarət etmək; 

5.0.10.  ekoloji  müşahidə  və  sertifikatlaşdırma  üzrə  akkreditasiya  olunmuş 

orqanlar  tərəfindən  qüvvədə  olan  normativ  hüquqi  aktların  və  normativlərin 

pozulması  müəyyən  edildiyi  hallarda  onlara  verilmiş  akkreditasiya  sənədlərinin 

dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul etmək; 

5.0.11.  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  elmi-tədqiqat  işlərinin 

aparılmasını  və  kadr  potensialının  formalaşmasını  nəzarətdə  saxlamaq  və 

planlaşdırılmasını həyata keçirmək; 

5.0.12.  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  əhalinin  maarifləndirilməsi  və 

təhsili işini, informasiyanın yayılmasını təşkil etmək; 

5.0.13.  ekoloji  təmiz  kənd  təsərrüfatına  keçən  təsərrüfat  subyektlərinin 

fəaliyyətinin  stimullaşdırılması  barədə  təkliflər  hazırlayıb  müvafiq  icra  hakimiyyəti 

orqanına təqdim etmək; 

5.0.14.  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  emalı 

müəssisələrinin  texnoloji  avadanlıqlarını  qeydiyyata  almaq,  onların  attestasiyasının 

həyata  keçirilməsinə  və  müvafiq  uyğunluq  sertifikatlarının  verilməsinə  nəzarət 

etmək; 


5.0.15.  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  bazarının 

formalaşmasına yardım etmək; 

5.0.16.  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  beynəlxalq  əməkdaşlıqda 

Azərbaycan  Respublikasını  təmsil  etmək,  qanunvericiliklə  müəyyən  edilmiş  digər 

vəzifələri həyata keçirmək. 

  

II fəsil 



  

Ekoloji təmiz kənd təsərrüfatının təşkili 

  

Maddə 6. Ekoloji təmiz kənd təsərrüfatına dair tələblər 



  

6.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı tələblərə cavab verməlidir: 




6.0.1. ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əməl olunması; 

6.0.2.  ekoloji  təmiz  kənd  təsərrüfatında  tətbiqinə  icazə  verilən  vasitələr  istisna 

olmaqla  sintetik  mineral  gübrələrdən,  pestisidlərdən,  boy  hormonlarından 

(stimulyatorlardan),  yeyinti  məhsulları  istehsalı  prosesində  istifadə  edilən  sintetik 

qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların dezinfeksiyasında 

ekoloji təhlükə yaradan kimyəvi vasitələrdən istifadə olunmasından imtina edilməsi; 

6.0.3.  ekoloji  təmiz  məhsul  kimi  sertifikatlaşdırılmış  toxumlardan  və  əkin 

materiallarından ekoloji təmiz torpaqlarda istifadə olunması; 

6.0.4.  ekoloji  təhlükə  yaradan  preparatlardan  baytarlıq  təbabətində  istifadəyə 

yol verilməməsi; 

6.0.5. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik 

modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsindən 

imtina edilməsi; 

6.0.6.  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  emalında  yalnız 

beynəlxalq  və  milli  standartlarda  icazə  verilən  təbii  qida  əlavələrindən  istifadə 

olunması; 

6.0.7.  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  emal  şəraitinin 

beynəlxalq  sanitariya-gigiyena  qaydalarına  uyğun  olması,  gigiyena  standartlarının 

norma və tələblərinin yerinə yetirilməsi; 

6.0.8.  ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərində  bitki  və  heyvan 

xəstəliklərinə,  zərərvericilərə  və  alaq  otlarına  qarşı,  habelə  profilaktika  məqsədi  ilə 

kimyəvi-sintetik  (süni)  maddələrdən  məcburən  istifadə  olunduğu  hallarda,  həmin 

subyektlərin  ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektləri  siyahısından  çıxarılması  və 

onların  bərpasının  bu  Qanunun  10-cu  maddəsində  nəzərdə  tutulmuş  müddətdən 

sonra təmin edilməsi; 

6.0.9.  kimyəvi-sintetik  (süni)  vasitələrdən  məcburən  istifadə  edildiyi  hallarda 

ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərində  istehsal  və  emal  olunan,  həmçinin 

saxlanan  kənd  təsərrüfatı  məhsullarının  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq 

məhsulu kimi dövriyyəsinin dayandırılması. 

  

Maddə 7. Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər 



  

7.0.  Bitkiçilikdə  aşağıdakı  ekoloji  tələblərə  cavab  verən  əkinçilik  sistemi  tətbiq 

edilir: 

7.0.1.  torpağın  strukturunun  saxlanması  və  təbii  münbitliyinin  artırılmasının 

kimyəvi-sintetik  (süni)  maddələrdən  istifadə  edilmədən  ekoloji  üsullarla  (növbəli 

əkin, çürümüş peyin, kompost, yaşıl gübrələr və s.) tənzimlənməsi; 

7.0.2.  müvafiq  aqrotexniki  üsulların  seçilməsi  və  yalnız  ekoloji  cəhətdən 

təhlükəsiz  və  tətbiqinə  icazə  verilmiş  təbii  və  qeyri-təbii  vasitələrdən  istifadə 

edilməsi; 

7.0.3.  növbəli  əkinlərdə  çoxillik  və  birillik  paxlalı  ot  bitkilərinin,  onların  dənli 

paxlalı bitkilərlə qarışıq səpinlərindən istifadə olunması; 



7.0.4.  yerli  torpaq-iqlim  şəraitinə  uyğunlaşmış,  zərərverici  və  xəstəliklərə  qarşı 

davamlı olan bitki növlərindən və sortlarından istifadənin genişləndirilməsi

7.0.5.  ekoloji  təmiz  kənd  təsərrüfatına  keçmiş  və  ya  keçməkdə  olan  əkin 

sahələrinin  kimyəvi-sintetik  (süni)  maddələr  tətbiq  olunduğu  əkin  sahələri  ilə 

növbələşdirilməməsi; 

7.0.6.  toxumçuluqda  ən  azı  bir  il,  çoxillik  bitkilər  isə  iki  il  ekoloji  təmiz  kənd 

təsərrüfatı  subyektlərində  becərilmiş  və  ekoloji  tələblərə  uyğun  sertifikatlaşdırılmış 

bitkilərdən alınan səpin və əkin materiallarından istifadə olunması; 

7.0.7.  bitkilərin  xəstəlik,  zərərverici  və  alaq  otlarından  mühafizəsində  yalnız 

aqrotexniki,  mexaniki,  fiziki  və  bioloji  üsullardan,  həmçinin  ekoloji  təmiz  kənd 

təsərrüfatında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə olunması; 

7.0.8.  genetik  modifikasiya  olunmamış  bitkilərdən,  yaxud  müasir  biotexnoloji  və  gen 

mühəndisliyi  metodları  ilə  yaradılmamış  kənd  təsərrüfatı  bitki  materiallarından  istifadə 

olunması.

 

[2]

 

  

Maddə 8. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər 



  

8.1. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər aşağıdakılardır: 

8.1.1.  ekoloji  təmiz  heyvandarlıq  məhsulları  istehsalı  və  ilkin  emalında  ekoloji 

cəhətdən zərərsiz texnologiyalardan istifadə olunması; 

8.1.2.  heyvanların  çoxalmasında  təbii  üsullardan  istifadənin  genişləndirilməsi, 

xəstəliklərin qarşısının alınmasında tətbiqinə icazə verilən baytarlıq preparatlarından 

istifadə edilməsi; 

8.1.3.  ekoloji  təmiz  kənd  təsərrüfatında  xəstəliklərə  davamlı,  yerli  şəraitə 

uyğunlaşdırılmış yüksək məhsuldar heyvan cinslərindən istifadə olunması; 

8.1.4.  biomüxtəlifliyin  zənginləşdirilməsi  və  ekoloji  təmiz  kənd  təsərrüfatında 

heyvandarlıqla bitkiçiliyin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi; 

8.1.5.  heyvanların  yemləndirilməsində  ekoloji  təmiz  kənd  təsərrüfatı 

subyektlərində istehsal edilən yemlərdən istifadə olunması; 

8.1.6.  yemlərə  əlavə  edilmiş  sintetik  boy  stimulyatorlarının,  məhsuldarlığı 

artıran  və  ya  təbii  inkişafın  qarşısını  alan  sintetik  maddələrin  yem  istehsalında  və 

yemləmə məqsədilə istifadəsinə yol verilməməsi; 

8.1.7. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində heyvanların profilaktikası və 

müalicəsində, heyvandarlıq məhsullarının emalında və dövriyyəsində tətbiqinə icazə 

verilən baytarlıq preparatları və digər vasitələrdən istifadə edilməsi. 

8.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərinə  başqa  təsərrüfatlarda 

yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl 

etməklə aşağıdakı hallarda yol verilir: 

8.2.1. subyektin genişləndirilməsi üçün nəsil dəyişdirildikdə və ya subyekt yeni 

heyvan cinsi üzrə ixtisaslaşdırıldıqda; 

8.2.2.  təbii  fəlakət  və  ya  heyvanların  kütləvi  qırğını  zamanı  sürünün  (naxırın) 

baş sayının bərpası həyata keçirildikdə; 




8.2.3.  heyvanların  çoxaldılması  üçün  törədicilərin  dəyişdirilməsinə  ehtiyac 

olduqda. 

  

Maddə 9. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları 

  

9.1. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri ekoloji təmiz kənd təsərrüfatı və 

ərzaq  məhsulları  istehsalına  könüllü  keçən  və  ya  həmin  məhsulların  dövriyyəsi  ilə 

məşğul  olan  və  bu  barədə  müvafiq  sənəd  (sertifikat)  almış  hüquqi  və  fiziki 

şəxslərdən təşkil olunur. 

9.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektləri  iri  sənaye  mərkəzləri  daxilində, 

zərərli  tullantıları  olan  sənaye  obyektləri  və  mərkəzi  nəqliyyat  yolları  yaxınlığında 

yerləşməməli,  bitkilərin  və  heyvanların  təbii  şəraitdə  yetişdirilməsi  üçün  ekoloji 

təmiz  torpağa,  suya,  sağlam  mal-qaraya  və  əlverişli  əkinçilik  şəraitinə  malik 

olmalıdır. 

9.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərinin  təşkili  aşağıdakı  qaydada 

həyata keçirilir: 

9.3.1.  ekoloji  təmiz  kənd  təsərrüfatı  subyekti  kimi  fəaliyyət  göstərmək  istəyən 

hər hansı bir subyekt bu barədə ekoloji müşahidə orqanına müraciət etməlidir

9.3.2.  ekoloji  təmiz  kənd  təsərrüfatına  keçid  dövrünün  tələblərini  yerinə 

yetirmək  üçün  öz  üzərinə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  öhdəliklər 

götürməli və müvafiq tələblərə əməl etməlidir; 

9.3.3. ekoloji müşahidə orqanı tərəfindən təsərrüfatda araşdırmalar, təhlillər və 

müşahidələr  aparmasına  lazımi  şərait  yaratmalı  və  bu  orqanın  tövsiyələrini  yerinə 

yetirməlidir. 

9.4.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  istehsal  edən 

subyektlərdə  eyni  vaxtda  ekoloji  təmiz  və  ənənəvi  kənd  təsərrüfatı  üsulları  ilə 

məhsul  istehsalına  bir  qayda  olaraq  yol  verilmir.  Eyni  vaxtda  ekoloji  təmiz  və 

ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı müstəsna hallarda müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər. 

9.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti  statusu almış təsərrüfatlar istehsalı 

genişləndirmək 

və 


fəaliyyətin 

səmərəliliyini 

təmin 

etmək 


məqsədi 

ilə 


qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  öz  aralarında,  müvafiq  emal  və  satış 

subyektləri  ilə  kooperasiya  əlaqələri  yarada  və  müvafiq  cəmiyyətlərdə  və 

assosiasiyalarda birləşə bilərlər. 

  

Maddə 10. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü 



  

10.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının 

müəyyən  müddət  ərzində  ekoloji  təmiz  kənd  təsərrüfatına  keçirilməsini  və 

balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur. 

10.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatına  keçid  dövrünün  müddəti  beynəlxalq 

standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir: 

10.2.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il; 



10.2.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il; 

10.2.3. yem bitkiləri və otlaqlar üçün - 2 il; 

10.2.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il; 

10.2.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə; 

10.2.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay; 

10.2.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün  - 

10 həftə; 

10.2.8. arı ailələri üçün - 1 il. 

10.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatına  keçid  dövrü  ekoloji  müşahidə  üzrə 

akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan 

sonra başlanır. 

10.4.  Ekoloji  təmiz  kənd  təsərrüfatına  keçid  dövrü  ərzində  həyata  keçirilən 

istehsal  prosesləri  üzərində  ekoloji  müşahidə  üzrə  akkreditasiya  olunmuş  orqan 

tərəfindən  müntəzəm  araşdırmalar,  müşahidələr  və  təhlillər  aparılır  və  istehsal 

metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir. 

10.5.  Ekoloji  təmiz  kənd  təsərrüfatına  keçid  dövründə  olan  təsərrüfatda  tətbiq 

edilən  istehsal  prosesləri  ekoloji  tələbləri  ödədiyi  halda  sertifikatlaşdırma  üzrə 

akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid 

dövrünün  məhsulu"  adı  ilə  satışına  icazə  verə  bilər.  Bu  halda  satışa  çıxarılan 

məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır. 

10.6.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsal  qaydaları, 

habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii 

vasitələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

III fəsil 



  

Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidələr və sertifikatlaşdırma 

  

Maddə 11. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin tanınması 



  

11.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə və sonrakı  fəaliyyətində 

bütün  ekoloji  standartlara,  normativlərə  və  tələblərə  əməl  edən  kənd  təsərrüfatı  və 

ərzaq  məhsulları  istehsalı,  emalı  və  dövriyyəsi  ilə  məşğul  olan  sahibkarlara  ekoloji 

müşahidə  orqanının  məlumatları  və  sertifikatlaşdırma  orqanının  təklifi  əsasında 

ekoloji  təmiz  kənd  təsərrüfatı  subyekti  olmasını  təsdiq  edən  müvafiq  sənəd 

(sertifikat) verilir. 

11.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərinə  müvafiq  sənəd  (sertifikat) 

onların təqdim etdiyi aşağıdakı məlumatlar əsasında verilir: 

11.2.1. subyektin adı və ünvanı; 

11.2.2. fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin yerləşdiyi ərazi; 

11.2.3. fəaliyyətin xarakteri və məhsulun növləri; 

11.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qanunvericiliyin tələblərinə 

riayət edilməsi barədə subyektin öhdəliyi; 




11.2.5.  ekoloji  təmiz  kənd  təsərrüfatı  subyekti  ilə  işləyən  ekoloji  müşahidə  və 

sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı; 

11.2.6.  ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərində  istehsal  və  emal  edilən 

məhsulların  ekoloji  tələblərə  uyğun  olması  barədə  ekoloji  müşahidə  və 

sertifikatlaşdırma orqanlarının rəsmi təklifləri. 

11.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərinə  verilən  sənədin  (sertifikatın) 

forması  və  verilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 


  

Maddə  12.  Ekoloji  müşahidə  və  sertifikatlaşdırma  üzrə  akkreditasiya 

olunmuş orqanlar 

  

12.1.  Ekoloji  müşahidə  və  sertifikatlaşdırma  üzrə  orqanlar  dövlət  və  ya xüsusi 

mülkiyyətdə  olan  hüquqi  şəxslərdən  ibarət  olmaqla  müvafiq  icra  hakimiyyəti 

orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət göstərirlər. 

12.2.  Ekoloji  müşahidə  və  sertifikatlaşdırma  üzrə  akkreditasiya  olunmuş 

orqanlar aşağıdakı tələblərə cavab verməlidirlər: 

12.2.1.  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının,  xammalın,  torpaq,  su,  hava, 

pestisidlər,  bioloji  preparatlar  və  aqrokimyəvi  maddələrin,  dərman  vasitələrinin 

laboratoriya  analizi  üçün  müasir  avadanlıqlarla  və  ləvazimatlarla  təchiz  olunmuş 

laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı; 

12.2.2.  ekoloji  təmiz  kənd  təsərrüfatı  istehsalçılarından  asılılığı  olmamaqla 

ekoloji  təmiz  kənd  təsərrüfatı  məhsullarının  istehsalı,  emalı,  saxlanması,  daşınması, 

idxalı, ixracı və satışı ilə məşğul olmamalı. 

12.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatında  ekoloji  müşahidə  və  sertifikatlaşdırma 

qaydaları  və  akkreditasiya  olunmuş  orqanların  funksiyaları  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

Maddə 13. Ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma 

  

13.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması 

torpağın  hazırlanmasından  məhsulun  istehlakçıya  çatdırılmasına  qədər  olan  bütün 

mərhələlərdə  tələb  olunan  ekoloji  proseslərin  tətbiqinə  dair  ekoloji  müşahidə  üzrə 

akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır. 

13.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsalı,  emalı, 

qablaşdırılması,  saxlanması,  daşınması  və  satışı  ilə  məşğul  olan  subyektlərə 

sertifikatlar bu sahədə müəyyən olunmuş milli standartların tələblərinə əməl edildiyi 

hallarda verilir. 

13.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması 

qaydaları  və  sertifikatların  nümunəvi  formaları  beynəlxalq  standartların  tələbləri 

nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 




13.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının, toxumluq səpin və 

əkin materiallarının kodlarına onların bu məhsula aid olduğunu göstərən işarə və ya 

rəqəmlər əlavə edilir. 

13.5.  Ekoloji  müşahidə  və  sertifikatlaşdırma  prosedurlarından  keçmiş  ekoloji 

təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarına  aşağıdakı  hallarda  ekoloji  təmiz  kənd 

təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı vurulur: 

13.5.1.  ekoloji  təmiz  kənd  təsərrüfatında  nəzərdə  tutulmuş  metodlarla  istehsal 

emal olunduqda, qablaşdırıldıqda və markalandıqda; 

13.5.2.  bütün  istehsal,  emal  və  dövriyyə  mərhələlərində  ekoloji  müşahidə  və 

sertifikatlaşdırma prosedurlarına məruz qaldıqda. 

13.6.  Ekoloji  təmiz  kənd  təsərrüfatının  tələblərinə  cavab  verməyən  kənd 

təsərrüfatı  və  ərzaq  məhsullarına  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir. 

  

Maddə 14. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları 



  

14.1.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  standartları 

insanların  həyatı,  sağlamlığı,  əmlakı  və  ətraf  mühit  üçün  təhlükəsizlik  tələblərinə 

görə ənənəvi kənd təsərrüfatı məhsullarına nisbətən daha ciddi və məcburi tələblərə, 

norma və qaydalara cavab verməlidir. 

14.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları müvafiq 

icra  hakimiyyəti  orqanları  tərəfindən  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

hazırlanır və təsdiq edilir. 

14.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  standartları 

hazırlanarkən  müvafiq  məhsullar  üzrə  beynəlxalq  standartların  tələbləri  nəzərə 

alınmalıdır. 

14.4. Müvafiq icra hakimiyyəti orqanları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq 

məhsullarının  standartları  barədə  müxtəlif  vasitələrlə  istehlakçıları  tam  və  səhih 

informasiya ilə təmin edir, bu sahədə maarifləndirmə işləri aparır, ekoloji təmiz kənd 

təsərrüfatı  subyektlərinin  siyahısını  mətbuatda  dərc  etdirməklə  ictimaiyyəti 

məlumatlandırır. 

  

IV fəsil 

  

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi 

  

Maddə 15. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının marketinqi 



və satışı 

  

15.1.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  satışı  məhsulun 

istehsalçıdan  istehlakçıya  doğru  hərəkəti  üzrə  müvafiq  funksiyanı  yerinə  yetirən 

səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsi ilə həyata keçirilir. 




15.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  bazarında  səmərəli 

marketinq  strategiyasının  formalaşmasının  əsasını  istehsalın  həcmi  və  əmtəəlik 

səviyyəsi,  məhsulların  tez  xarab  olması  xüsusiyyəti,  satış  bazarlarının  yerləşmə 

məsafəsi,  daşınma,  saxlanma,  satışın  təşkili  xərclərinin  səviyyəsi  və  s.  məlumatlar 

təşkil edir. 

15.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  ekoloji  cəhətdən 

təmiz  olduğunu  təsdiq  edən  sertifikata  malik  olan  hüquqi  və  ya  fiziki  şəxs,  həmin 

məhsulları ekoloji təmiz məhsul kimi sata bilər. 

15.4.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  dövriyyəsi  ilə 

məşğul  olan  hər  bir  şəxs  onların  ənənəvi  üsullarla  istehsal  edilmiş  məhsullarla 

qarışmamasına və məhsulların spesifikliyinin qorunmasına məsuliyyət daşıyır. 

15.5.  Azərbaycan  Respublikasında  keyfiyyəti  və  təhlükəsizliyi  milli 

standartların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan 

ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıla bilər. 

15.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi milli və 

beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. 

  

Maddə  16.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının 



markalanması 

  

16.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları "EKO-keçid" və "EKO" 

sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanı tərəfindən markalanır. 

16.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  subyektlərində  keçid  dövrü  başa  çatana 

kimi istehsal edilən məhsullara "EKO-keçid" markası vurulur. 

16.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatına  keçid  dövrü  məhsullarının 

markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və 

ərzaq məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir. 

16.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal 

olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları kimi markalanır 

və etiketi üzərində "EKO" sözü göstərilir. 

16.5. Yerli və idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bu 

məhsulların  standartlarına  uyğun  emal  edildikdə  alınan  məhsul  ekoloji  təmiz  kənd 

təsərrüfatı və ərzaq məhsulu kimi markalanır. 

16.6.  Emal  üçün  istifadə  olunan  ekoloji  təmiz  kənd  təsərrüfatı  məhsulları 

ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal 

edildikdə  həmin  emal  məhsulları  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsulu 

hesab edilmir və ümumi qaydada markalanır. 

16.7.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  markalanması 

müvafiq  normativ  hüquqi  aktlara  uyğun  həyata  keçirilir.  Etiketin  üzərində  və  ya 

qoşma  sənədlərin  (açıq,  qabsız  daşınan  mallarda)  mətnində  aşağıdakı  məlumatlar 

əks olunmalıdır: 

16.7.1. istehsal və emal müəssisənin adı, ünvanı və milli əmtəə nişanı; 



16.7.2.  ekoloji  təmiz  kənd  təsərrüfatının  tətbiq  olunmasını  göstərməklə 

məhsulun adı; 

16.7.3.  ekoloji  müşahidə  və  sertifikatlaşdırma  üzrə  akkreditasiya  olunmuş 

orqanların adı və kodu; 

16.7.4. məhsulun saxlanma şəraiti; 

16.7.5. məhsulun istehsal tarixi və yararlılıq müddəti; 

16.7.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla 

birgə anbara yığılmasının qadağasına dair göstəriş. 

16.8.  Məhsula  vurulan  etiketdə  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarına  qoyulan  tələblərə  cavab  verməsini  özündə  əks  etdirən  məlumatlar 

göstərilməli,  müvafiq  qanunvericiliyə  uyğun  hazırlanmış  milli  əmtəə  nişanı 

olmalıdır. 

16.9. Alıcıların  seçim  etmək  hüququnu  təmin  etmək  məqsədilə Azərbaycan 

Respublikasında  satışa  çıxarılan  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya 

olunmuş 


orqanizmlər 

və 


onların 

törəmələrindən istifadə 

edilməməsi 

haqqında göstərilməlidir.



 [3]

 

16.10.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  markalanması 



qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

  

Maddə 17. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması 



və daşınması 

  

17.1.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  saxlanması  və 

daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

17.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  saxlanma  yerlərində 

(anbarlarda,  soyuducularda)  ənənəvi  üsullarla  istehsal  edilmiş  məhsullarla 

qarışdırılmamalı və icazə verilməyən maddələrlə çirkləndirilməməlidir. 

17.3.  Ehtiyac  yarandığı  hallarda  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarının  saxlanmasında  qanunvericiliklə  nəzərdə  tutulan  qaydada  istilik, 

nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər. 

17.4.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  saxlanması 

müddətində  məhsulun  keyfiyyətinə  mənfi  təsir  göstərəcək  maddələrdən  və  qeyri-

təbii metodlardan istifadə olunmasına yol verilmir. 

17.5.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  dövriyyəsi 

prosesində  anbarlarda  saxlanılan  bütün  məhsullara  dair  məlumatların  mütəmadi 

qeydiyyatı  aparılır,  məhsulların  keyfiyyəti  ekoloji  müşahidə  və  sertifikatlaşdırma 

üzrə  akkreditasiya  olunmuş  orqanlar  tərəfindən  müntəzəm  yoxlanılır  və  aparılmış 

qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə 

ekoloji  müşahidə  və  sertifikatlaşdırma  üzrə  akkreditasiya  olunmuş  orqanlarda 

saxlanılır. 

17.6.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  daşınmasında 

istifadə  edilən  nəqliyyat  vasitələri  və  avadanlıqlar  məhsulların  dağılmasına, 



qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, habelə ekoloji müşahidə 

aparılmasına imkan verməlidir. 

  

Maddə  18.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  idxalı  və 

ixracı 

  

18.1.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  idxalı  və  ixracı 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  həyata 

keçirilir. 

18.2.  Azərbaycan  Respublikasında  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarının  idxalını  və  ixracını  belə  məhsulların  dövriyyəsi  ilə  məşğul  olmağını 

təsdiq edən müvafiq sənəd (sertifikat) almış sahibkarlıq subyektləri həyata keçirirlər. 

18.3. Azərbaycan Respublikasına satış məqsədilə ekoloji təmiz kənd təsərrüfatı 

və ərzaq məhsulları aşağıdakı tələblərə cavab verdikdə idxal oluna bilər: 

18.3.1.  idxal  olunan  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının 

keyfiyyəti  bu  sahədə  qüvvədə  olan  milli  və  beynəlxalq  standartların  tələblərinə 

uyğun olduqda; 

18.3.2.  idxal  olunan  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının 

beynəlxalq sertifikatının orijinalı birinci alıcıya qədər məhsulu müşayiət etdikdə; 

18.3.3.  idxal  edilən  məhsulun  ekoloji  təmiz  kənd  təsərrüfatının  tələblərinə 

uyğun istehsal olunduğunu təsdiq edən sənədləri olduqda; 

18.3.4.  idxal  edilən  məhsulun  uyğunluq,  keyfiyyət  və  fitosanitar  sertifikatları 

olduqda. 

18.4. Azərbaycan Respublikasına  idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və 

ərzaq  məhsullarının  etiketi  üzərində  onların  istehsalı  prosesində  genetik 

modifikasiya 

olunmuş 


orqanizmlərdən 

və 


onların 

törəmələrindən istifadə 

edilməməsi haqqında məlumat göstərilməlidir. 

[4]

 

  



V fəsil 

  

Ekoloji təmiz kənd təsərrüfatının maliyyə və elmi təminatı, beynəlxalq 

əməkdaşlıq və qanunvericiliyin pozulmasına görə məsuliyyət 

  

Maddə 19. Ekoloji təmiz kənd təsərrüfatının maliyyə təminatı 



  

19.1. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafının 

maliyyə təminatı investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən 

bu fəaliyyətdən əldə edilən vəsaitlər və digər mənbələr hesabına formalaşır. 

19.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatının  inkişafı  layihələrinin  dövlət  büdcəsi 

hesabına  maliyyələşdirilməsi  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi 

ilə müəyyən edilir. 

19.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatının  inkişafı  layihəsinə  investisiyaların  cəlb 

edilməsinə,  dünyada  geniş  yayılmış  yüksək  məhsuldar  bitki  sortlarının  və  heyvan 



cinslərinin idxal edilməsinə, elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların ekoloji 

təmiz  kənd  təsərrüfatında  tətbiqinə  dövlət  tərəfindən  əlverişli  iqtisadi  və  hüquqi 

mühit yaradılır. 

  

Maddə 20. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı 



  

20.1.  Ekoloji  təmiz  kənd  təsərrüfatının  elmi  təminatının  əsas  məqsədi 

xəstəliklərə, zərərvericilərə davamlı və yerli  şəraitə uyğunlaşmış yüksək məhsuldar 

bitki  sortlarının  və  heyvan  cinslərinin  geniş  yayılmasını  təmin  etmək,  torpaqların 

münbitliyinin  bərpası  və  artırılması,  üzvi  gübrə  və  kompostların  hazırlanması 

texnologiyalarının  elmi  əsaslarını  müəyyən  etmək  və  ekoloji  təmiz  kənd 

təsərrüfatının inkişafına zəmin yaratmaqdır. 

20.2.  Ekoloji  təmiz  kənd  təsərrüfatının  elmi  təminatı  aşağıdakı  istiqamətlərdə 

aparılır: 

20.2.1. ekoloji təmiz kənd təsərrüfatı üzrə  mütəxəssislərin və ixtisaslı kadrların 

hazırlanması; 

20.2.2.  kadrların  ixtisaslarının  müntəzəm  olaraq  artırılması  üçün  xüsusi 

kursların,  seminarların  və  konfransların  təşkili,  xarici  ölkələrdə  keçirilən  belə 

tədbirlərdə fermerlərin və mütəxəssislərin iştirakı; 

20.2.3. elmi-tədqiqat işlərinin aparılması; 

20.2.4.  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  əhalinin  ekoloji  təhsili  və 

maarifləndirilməsi işinin təşkili, informasiya yayımının genişləndirilməsi; 

20.2.5.  ekoloji  təmiz  kənd  təsərrüfatına  dair  elmi  məqalələrin  dərc  edilməsi, 

jurnalların və kitabların nəşr edilməsi; 

20.2.6.  bu  sahədə  əldə  edilən  elmi  nailiyyətlərin  istehsala  tətbiqinin  təmin 

edilməsi, sərgilər və yarmarkaların təşkili. 

20.3.  Ekoloji  təmiz  kənd  təsərrüfatının  elmi  təminatı  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilən qaydada hüquqi və fiziki şəxslər tərəfindən həyata 

keçirilir. 

  

Maddə 21. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq 

  

21.1.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  beynəlxalq  əməkdaşlıq 

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xarici dövlətlərlə 

bağlanmış  müqavilələr,  sazişlər,  razılaşmalar  və  digər  beynəlxalq  hüquq  normaları 

əsasında həyata keçirilir. 

21.2.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  müəyyən  edilmiş  qaydalar  bu  Qanunda 

nəzərdə  tutulmuş  qaydalardan  fərqli  olduqda  beynəlxalq  müqavilələrin  qaydaları 

tətbiq olunur. 

  

Maddə  22.  Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında  qanunvericiliyin 



pozulmasına görə məsuliyyət 


  

Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında  qanunvericiliyin  pozulmasında 

təqsirkar  olan  şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə 

tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

  

Maddə 23. Mübahisələrin həlli 

  

Ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsalı,  emalı, 

markalanması, saxlanması, daşınması və satışı ilə əlaqədar mübahisələr Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun qaydada həll olunur. 

  

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 13 iyun 2008-ci il

 

№ 650-IIIQ



 

  

  



  

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       



fevral 



2013-cü 

il 


tarixli 550-IVQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu (“Azərbaycan”  qəzeti,  12  mart  2013-cü  il,  №  55,  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 206)

 

2.

       

22  oktyabr  2013-cü  il  tarixli 778-IVQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Respublika”  qəzeti,  27  noyabr  2013-cü  il,  №  260; Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1293)

 

3.

       

28 


oktyabr 

2014-cü 


il 

tarixli 1093-IVQD nömrəli

 Azərbaycan 

Respublikasının 

Qanunu (“Respublika”  qəzeti,  19  noyabr  2014-cü  il,  №  252;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1367)

 

4.

       

14 


iyun 

2016-cı 


il 

tarixli 285-VQD nömrəli

 Azərbaycan 

Respublikasının 

Qanunu (“Respublika” qəzeti, 22 iyul 2016-cı il, № 156)

 

 



 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 

 

 



 

[1]

 1 


fevral 

2013-cü 


il 

tarixli 550-IVQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu (“Azərbaycan”  qəzeti,  12  mart  2013-cü  il,  №  55,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 206)ilə 4.0.1-1-ci maddə əlavə edilmişdir. 

  



[2]

 14 iyun 2016-cı il tarixli 285-VQD nömrəli

 Azərbaycan Respublikasının 

Qanunu (“Respublika” qəzeti, 22 iyul 2016-cı il, № 156) ilə 7.0.7-ci maddəsinin sonunda nöqtə işarəsi 

nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 7.0.8-ci maddə əlavə edilmişdir. 

 

 

[3]



 22  oktyabr  2013-cü  il  tarixli 778-IVQD nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Respublika”  qəzeti,  27  noyabr  2013-cü  il,  №  260; Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu, 2013-cü il, № 11, maddə 1293) ilə 16.9-cu maddəsində “Alıcıların seçim etmək hüququnu 

təmin  etmək  məqsədilə”  sözləri  çıxarılmışdır,  “istifadə  haqqında  məlumatlar”  sözləri  “istifadə 

edilməməsi haqqında məlumat” sözləri ilə əvəzedilmişdir.

 

 



 

[4]

 

28 



oktyabr 

2014-cü 


il 

tarixli 1093-IVQD nömrəli

 Azərbaycan 

Respublikasının 

Qanunu (“Respublika”  qəzeti,  19  noyabr  2014-cü  il,  №  252;  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə 1367) ilə 18.4-cü  maddəsində  “istifadə  haqqında 

məlumatlar” sözləri “istifadə edilməməsi haqqında məlumat” sözləri ilə əvəz edilmişdir.

 

  



 

Yüklə 148,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə