Ekoloji tәmiz kәnd tәsәrrüfati haqqında



Yüklə 102,6 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü102,6 Kb.
#34848


“Ekoloji tәmiz kәnd tәsәrrüfati haqqında” Azәrbaycan Respublikası Qanununun tәtbiq 

edilmәsi barәdә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı 

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin 

Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə 

qərara alıram: 

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:  



1.1. qüvvədə olan qanunvericilik aktlarının “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının 

Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi 

aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə 

məlumat versin;  

1.3. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət 

növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin;  


1.4. həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı 

üsulları ilə məhsul istehsalı qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə 

məlumat versin;  

1.5. həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının 

istehsal qaydalarını, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin 

siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  

1.6. həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən 

sənədin (sertifikatın) formasını və verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının 

Prezidentinə məlumat versin;  

1.7. həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və 

sertifikatlaşdırma qaydalarını və akkreditasiya orqanlarının funksiyalarını müəyyən etsin və bu barədə Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin;  

1.8. həmin Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının 

sertifikatlaşdırılması qaydalarını və sertifikatların nümunəvi formalarını beynəlxalq standartların tələbləri nəzərə 

alınmaqla müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  

1.9. həmin Qanunun 15.6-cı maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının 

dövriyyəsi qaydalarını milli və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müəyyən etsin və bu barədə 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  

1.10. həmin Qanunun 16.10-cu maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının 

markalanması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  

1.11. həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının 

saxlanması və daşınması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə 

məlumat versin;  

1.12. həmin Qanunun 5.0.13-cü və 20.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 

12.1-ci, 14.2-ci, 14.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini 

həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 

təqdim etsin;  

1.13. öz səlahiyyətləri daxilində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunundan 

irəli gələn digər məsələləri həll etsin.  

2. Müəyyən edilsin ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü, 10.6-cı, 

11.3-cü, 12.3-cü, 13.3-cü, 15.6-cı, 16.10-cu və 17.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti 

orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.  

 

3. Bu Fәrman dәrc edildiyi gündәn qüvvәyә minir.  



 

İlham Әliyev, 

Azәrbaycan Respublikasının Prezidenti. 

Bakı şәhәri, 25 avqust 2008-ci il. 

 

 



 

 

 



 

 

 



 

 

 




“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” 

Azərbaycan Respublikasının Qanunu 

 

Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və 



təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı 

münasibətləri tənzimləyir. 

 

I fəsil 

Ümumi müddəalar  

 

Maddə 1. Əsas anlayışlar 

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.1.1. ekoloji təmiz kənd təsərrüfatı - kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin 

becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, 

emalı, dövriyyəsi və sertifikatlaşdırılması;  

1.1.2. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları - ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal 

və emal olunan, habelə satılan məhsullar; 

1.1.3. ekoloji müşahidə - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji 

təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsini araşdırmaq, müşahidələr və təhlillər 

aparmaqla məlumatlar hazırlayıb müvafiq orqanlara və təsərrüfat subyektlərinə təqdim etmək üçün fəaliyyət; 

1.1.4. ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd 

təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsi barədə 

ekoloji müşahidə orqanının məlumatları əsasında sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilən sənədləşdirmə 

proseduru;  

1.1.5. ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya) dövrü - ənənəvi kənd təsərrüfatı üsulundan ekoloji təmiz 

kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz 

kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılmasına qədər olan müddət; 

1.1.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları - ekoloji təmiz kənd təsərrüfatı və ərzaq 

məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd; 

1.1.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı - ekoloji təmiz kənd təsərrüfatı və ərzaq 

məhsullarının nümayişi və satışının təşkili məqsədi ilə onların etiketində nəşr və ya qrafik təsvir formasında göstərilən 

nişan;  

1.1.8. aqroekosistem - kənd təsərrüfatı məhsullarının əldə olunmasında iştirak edən torpaq sahələrini, tarlaları, 

heyvanları, meşələri, təbii yem sahələrini, su hövzələrini və insanları əhatə edən ekoloji sistem; 

1.1.9. genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələri - gen mühəndisliyi metodlarının tətbiqi ilə yeni 

genetik kombinasiyaya malik canlı orqanizmlər və onların təkrar istehsalından əldə olunmuş törəmə məhsullar. 

1.2. Bu Qanunda işlədilən "ekoloji təmiz" anlayışı beynəlxalq qanunvericilikdə işlədilən "bioloji", "üzvi" və "təbii" 

anlayışları ilə eyni mənanı ifadə edir. 

 

Maddə 2. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

2.1. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının 

Konstitusiyasından, "Standartlaşdırma haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti 

məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və onlara uyğun qəbul edilmiş digər 

normativ hüquqi aktlardan ibarətdir. 

2.2. Meşə bitkilərinin və vəhşi heyvanların istifadəsi, kənd təsərrüfatı məhsullarının kimyəvi-sintetik (süni) maddələrin 

tətbiqi ilə istehsalı, daşınması, saxlanması və istifadəsi ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının 

müvafiq qanunvericiliyi ilə tənzimlənir.  

 

Maddə 3. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi  

3.0. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi aşağıdakı ekoloji , sosial və iqtisadi məsələlərin 

həllinə nail olmaqdır:  

3.0.1. ekoloji təmiz kənd təsərrüfatının tətbiqi əsasında keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına 

və onların insan sağlamlığı üçün təhlükəsizliyinə; 

3.0.2. torpağın münbitliyinin və strukturunun bərpasına, qorunmasına, saxlanmasına və artırılmasına; 

3.0.3. ətraf mühitin mühafizəsinə və sağlamlaşdırılmasına; 

3.0.4. təbii ehtiyatlardan səmərəli istifadə olunmasına; 

3.0.5. bazarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsinə və bu sahədə 

rəqabətin formalaşdırılmasına; 

3.0.6. istehlakçıların hüquqlarının müdafiəsinə; 

3.0.7. kənd yerlərinin davamlı iqtisadi inkişafı üçün alternativ fəaliyyət növlərinin təklif edilməsinə. 

 

Maddə 4. Ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri 

4.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı ümumi prinsiplərə əsaslanır: 

4.0.1. istehlakçıların həyatını, sağlamlığını, təbii ehtiyatların və ətraf mühitin mühafizəsini təmin edən sabit və 

balanslaşdırılmış aqroekosistemin yaradılması;  

4.0.2. kənd təsərrüfatı işlərinin gedişində kimyəvi-sintetik (süni) maddələrin istifadəsindən imtina edilməsi, hər hansı 

çirkləndirici və potensial təhlükəli texnologiyaların tətbiqinin qadağan edilməsi;  

4.0.3. torpağın təbii imkanları ilə ekoloji təmiz kənd təsərrüfatının harmoniyasına şərait yaradan bitki növlərinin və 

sortlarının becərilməsi, həmçinin heyvanların səmərəli yetişdirmə və bəslənmə metodlarının seçilməsi yolu ilə 



biomüxtəlifliyin qorunması və artırılması; 

4.0.4. yerli şəraitə yüksək dərəcədə uyğunlaşma xüsusiyyətlərinə malik, xəstəlik və zərərvericilərə genetik davamlı 

bitki sortlarından istifadəyə əsaslanan balanslaşdırılmış növbəli əkin sistemlərinin tətbiq edilməsi; 

4.0.5. bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi; 

4.0.6. qapalı təbii dövran üsulunu tətbiq etməklə torpağın təbii münbitliyinin daim sabit saxlanması və yüksəldilməsi, 

bitkiçilik və heyvandarlıq sistemlərinin inteqrasiyası; 

4.0.7. ekoloji təmiz kənd təsərrüfatı məkanında torpaqların təbii bərpasının və özünütəmizləmə proseslərinin 

stimullaşdırılması, torpaqda çirkləndiricilərin toplanmasını məhdudlaşdıran və onların torpaqdan bitkiyə keçməsinin 

qarşısını alan, su hövzələrinin və atmosferin çirklənməsi mənbəyini nəzarətdə saxlayan səmərəli texnologiyaların 

tətbiqi; 

4.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin könüllülük prinsipləri əsasında həyata 

keçirilməsi və genişləndirilməsi. 

 

Maddə 5. Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimlənməsi  

5.0. Ekoloji təmiz kənd təsərrüfatının tənzimlənməsində dövlətin vəzifələri aşağıdakılardır:  

5.0.1. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırılması, markalanması, 

sertifikatlaşdırılması, saxlanması və satışını reqlamentləşdirən normativ hüquqi aktlar və normativlər təsdiq etmək və 

inkişafına dair xüsusi layihələr hazırlamaq; 

5.0.2. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına dair milli standartların hazırlanmasını təşkil etmək; 

5.0.3. ekoloji təmiz kənd təsərrüfatı sahəsində mövcud olan normativ hüquqi aktların beynəlxalq normalara 

uyğunlaşdırılmasını təmin etmək;  

5.0.4. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən qeyri-təbii və tətbiqi qadağan edilən təbii vasitələrin 

siyahısını təsdiq etmək;  

5.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçidə dair qaydaları və bu fəaliyyətlə məşğul olmaq istəyən subyektlərin 

üzərinə düşən öhdəlikləri müəyyən etmək

5.0.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkil edilməsinə yardım etmək, bu sahədə sahibkarlıq fəaliyyətini 

həyata keçirən təsərrüfat subyektlərinin uçotunu aparmaq və onlar tərəfindən normativ hüquqi aktların və 

normativlərin tələblərinin yerinə yetirilməsinə, aqroekosistemin monitorinqinə dövlət nəzarətini həyata keçirmək;  

5.0.7. ekoloji təmiz kənd təsərrüfatında istifadəsi qadağan olunan maddələrin və orqanizmlərin təyin edilməsi üçün 

müasir avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş müvafiq laboratoriyaların təşkilinə, mütəxəssislərin 

hazırlanmasına köməklik göstərmək; 

5.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində ekoloji müşahidə və sertifikatlaşdırma üzrə orqanları və onların 

səlahiyyətlərini müəyyən etmək, onlara akkreditasiya sənədləri vermək; 

5.0.9. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların uçotunu aparmaq və onların 

fəaliyyətinə nəzarət etmək; 

5.0.10. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən qüvvədə olan normativ 

hüquqi aktların və normativlərin pozulması müəyyən edildiyi hallarda onlara verilmiş akkreditasiya sənədlərinin 

dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul etmək; 

5.0.11. ekoloji təmiz kənd təsərrüfatı sahəsində elmi-tədqiqat işlərinin aparılmasını və kadr potensialının 

formalaşmasını nəzarətdə saxlamaq və planlaşdırılmasını həyata keçirmək; 

5.0.12. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin maarifləndirilməsi və təhsili işini, informasiyanın yayılmasını 

təşkil etmək; 

5.0.13. ekoloji təmiz kənd təsərrüfatına keçən təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması barədə təkliflər 

hazırlayıb müvafiq icra hakimiyyəti orqanına təqdim etmək; 

5.0.14. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emalı müəssisələrinin texnoloji avadanlıqlarını 

qeydiyyata almaq, onların attestasiyasının həyata keçirilməsinə və müvafiq uyğunluq sertifikatlarının verilməsinə 

nəzarət etmək; 

5.0.15. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşmasına yardım etmək; 

5.0.16. ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıqda Azərbaycan Respublikasını təmsil etmək, 

qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.  

 

 



II fəsil 

Ekoloji təmiz kənd təsərrüfatının təşkili  

 

Maddə 6. Ekoloji təmiz kənd təsərrüfatına dair tələblər  

6.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı tələblərə cavab verməlidir: 

6.0.1. ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əməl olunması; 

6.0.2. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna olmaqla sintetik mineral gübrələrdən, 

pestisidlərdən, boy hormonlarından (stimulyatorlardan), yeyinti məhsulları istehsalı prosesində istifadə edilən sintetik 

qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların dezinfeksiyasında ekoloji təhlükə yaradan kimyəvi 

vasitələrdən istifadə olunmasından imtina edilməsi; 

6.0.3. ekoloji təmiz məhsul kimi sertifikatlaşdırılmış toxumlardan və əkin materiallarından ekoloji təmiz torpaqlarda 

istifadə olunması; 

6.0.4. ekoloji təhlükə yaradan preparatlardan baytarlıq təbabətində istifadəyə yol verilməməsi; 

6.0.5. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və 

onların törəmələrindən istifadə edilməsindən imtina edilməsi; 

6.0.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emalında yalnız beynəlxalq və milli standartlarda icazə 

verilən təbii qida əlavələrindən istifadə olunması; 

6.0.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emal şəraitinin beynəlxalq sanitariya-gigiyena qaydalarına 



uyğun olması, gigiyena standartlarının norma və tələblərinin yerinə yetirilməsi; 

6.0.8. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində bitki və heyvan xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı, 

habelə profilaktika məqsədi ilə kimyəvi-sintetik (süni) maddələrdən məcburən istifadə olunduğu hallarda, həmin 

subyektlərin ekoloji təmiz kənd təsərrüfatı subyektləri siyahısından çıxarılması və onların bərpasının bu Qanunun 10-

cu maddəsində nəzərdə tutulmuş müddətdən sonra təmin edilməsi; 

6.0.9. kimyəvi-sintetik (süni) vasitələrdən məcburən istifadə edildiyi hallarda ekoloji təmiz kənd təsərrüfatı 

subyektlərində istehsal və emal olunan, həmçinin saxlanan kənd təsərrüfatı məhsullarının ekoloji təmiz kənd 

təsərrüfatı və ərzaq məhsulu kimi dövriyyəsinin dayandırılması. 

 

Maddə 7. Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər 

7.0. Bitkiçilikdə aşağıdakı ekoloji tələblərə cavab verən əkinçilik sistemi tətbiq edilir: 

7.0.1. torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının kimyəvi-sintetik (süni) maddələrdən 

istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, kompost, yaşıl gübrələr və s.) tənzimlənməsi; 

7.0.2. müvafiq aqrotexniki üsulların seçilməsi və yalnız ekoloji cəhətdən təhlükəsiz və tətbiqinə icazə verilmiş təbii və 

qeyri-təbii vasitələrdən istifadə edilməsi; 

7.0.3. növbəli əkinlərdə çoxillik və birillik paxlalı ot bitkilərinin, onların dənli paxlalı bitkilərlə qarışıq səpinlərindən 

istifadə olunması;  

7.0.4. yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış, zərərverici və xəstəliklərə qarşı davamlı olan bitki növlərindən və 

sortlarından istifadənin genişləndirilməsi;  

7.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçmiş və ya keçməkdə olan əkin sahələrinin kimyəvi-sintetik (süni) maddələr 

tətbiq olunduğu əkin sahələri ilə növbələşdirilməməsi; 

7.0.6. toxumçuluqda ən azı bir il, çoxillik bitkilər isə iki il ekoloji təmiz kənd təsərrüfatı subyektlərində becərilmiş və 

ekoloji tələblərə uyğun sertifikatlaşdırılmış bitkilərdən alınan səpin və əkin materiallarından istifadə olunması;  

7.0.7. bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki, fiziki və bioloji 

üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə olunması. 

 

Maddə 8. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər 

8.1. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər aşağıdakılardır:  

8.1.1. ekoloji təmiz heyvandarlıq məhsulları istehsalı və ilkin emalında ekoloji cəhətdən zərərsiz texnologiyalardan 

istifadə olunması; 

8.1.2. heyvanların çoxalmasında təbii üsullardan istifadənin genişləndirilməsi, xəstəliklərin qarşısının alınmasında 

tətbiqinə icazə verilən baytarlıq preparatlarından istifadə edilməsi; 

8.1.3. ekoloji təmiz kənd təsərrüfatında xəstəliklərə davamlı, yerli şəraitə uyğunlaşdırılmış yüksək məhsuldar heyvan 

cinslərindən istifadə olunması; 

8.1.4. biomüxtəlifliyin zənginləşdirilməsi və ekoloji təmiz kənd təsərrüfatında heyvandarlıqla bitkiçiliyin qarşılıqlı 

fəaliyyətinin tənzimlənməsi; 

8.1.5. heyvanların yemləndirilməsində ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal edilən yemlərdən istifadə 

olunması;  

8.1.6. yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını alan 

sintetik maddələrin yem istehsalında və yemləmə məqsədilə istifadəsinə yol verilməməsi; 

8.1.7. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində heyvanların profilaktikası və müalicəsində, heyvandarlıq 

məhsullarının emalında və dövriyyəsində tətbiqinə icazə verilən baytarlıq preparatları və digər vasitələrdən istifadə 

edilməsi. 

8.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə müvafiq 

baytarlıq-sanitariya qaydalarına əməl etməklə aşağıdakı hallarda yol verilir: 

8.2.1. subyektin genişləndirilməsi üçün nəsil dəyişdirildikdə və ya subyekt yeni heyvan cinsi üzrə ixtisaslaşdırıldıqda;  

8.2.2. təbii fəlakət və ya heyvanların kütləvi qırğını zamanı sürünün (naxırın) baş sayının bərpası həyata keçirildikdə; 

8.2.3. heyvanların çoxaldılması üçün törədicilərin dəyişdirilməsinə ehtiyac olduqda. 

 

Maddə 9. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları 

9.1. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalına könüllü 

keçən və ya həmin məhsulların dövriyyəsi ilə məşğul olan və bu barədə müvafiq sənəd (sertifikat) almış hüquqi və 

fiziki şəxslərdən təşkil olunur. 

9.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri iri sənaye mərkəzləri daxilində, zərərli tullantıları olan sənaye obyektləri 

və mərkəzi nəqliyyat yolları yaxınlığında yerləşməməli, bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün 

ekoloji təmiz torpağa, suya, sağlam mal-qaraya və əlverişli əkinçilik şəraitinə malik olmalıdır. 

9.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili aşağıdakı qaydada həyata keçirilir: 

9.3.1. ekoloji təmiz kənd təsərrüfatı subyekti kimi fəaliyyət göstərmək istəyən hər hansı bir subyekt bu barədə ekoloji 

müşahidə orqanına müraciət etməlidir;  

9.3.2. ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün tələblərini yerinə yetirmək üçün öz üzərinə qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada öhdəliklər götürməli və müvafiq tələblərə əməl etməlidir; 

9.3.3. ekoloji müşahidə orqanı tərəfindən təsərrüfatda araşdırmalar, təhlillər və müşahidələr aparmasına lazımi şərait 

yaratmalı və bu orqanın tövsiyələrini yerinə yetirməlidir. 

9.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsal edən subyektlərdə eyni vaxtda ekoloji təmiz və 

ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalına bir qayda olaraq yol verilmir. Eyni vaxtda ekoloji təmiz və 

ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.  

9.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti statusu almış təsərrüfatlar istehsalı genişləndirmək və fəaliyyətin 

səmərəliliyini təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz aralarında, müvafiq emal və 




satış subyektləri ilə kooperasiya əlaqələri yarada və müvafiq cəmiyyətlərdə və assosiasiyalarda birləşə bilərlər.  

 

Maddə 10. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü  

10.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının müəyyən müddət ərzində ekoloji təmiz 

kənd təsərrüfatına keçirilməsini və balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.  

10.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq standartlara uyğun olaraq istehsal vahidləri 

üzrə aşağıdakı kimi müəyyən edilir:  

10.2.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il;  

10.2.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il; 

10.2.3. yem bitkiləri və otlaqlar üçün - 2 il; 

10.2.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il; 

10.2.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə; 

10.2.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay; 

10.2.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10 həftə; 

10.2.8. arı ailələri üçün - 1 il. 

10.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı 

arasında müvafiq müqavilə bağlandıqdan sonra başlanır. 

10.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən istehsal prosesləri üzərində ekoloji 

müşahidə üzrə akkreditasiya olunmuş orqan tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və 

istehsal metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir. 

10.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji 

tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan 

məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid 

dövrünün məhsulu" kimi markalanmalıdır. 

10.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydaları, habelə ekoloji təmiz kənd 

təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilir.  

 

 

III fəsil 



Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidələr və sertifikatlaşdırma 

 

Maddə 11. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin tanınması  

11.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə və sonrakı fəaliyyətində bütün ekoloji standartlara, normativlərə 

və tələblərə əməl edən kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan 

sahibkarlara ekoloji müşahidə orqanının məlumatları və sertifikatlaşdırma orqanının təklifi əsasında ekoloji təmiz kənd 

təsərrüfatı subyekti olmasını təsdiq edən müvafiq sənəd (sertifikat) verilir.  

11.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə müvafiq sənəd (sertifikat) onların təqdim etdiyi aşağıdakı 

məlumatlar əsasında verilir: 

11.2.1. subyektin adı və ünvanı; 

11.2.2. fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin yerləşdiyi ərazi; 

11.2.3. fəaliyyətin xarakteri və məhsulun növləri; 

11.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qanunvericiliyin tələblərinə riayət edilməsi barədə subyektin 

öhdəliyi; 

11.2.5. ekoloji təmiz kənd təsərrüfatı subyekti ilə işləyən ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya 

olunmuş orqanların adı; 

11.2.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal edilən məhsulların ekoloji tələblərə uyğun 

olması barədə ekoloji müşahidə və sertifikatlaşdırma orqanlarının rəsmi təklifləri. 

11.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi qaydası müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

 

Maddə 12. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar 

12.1. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə orqanlar dövlət və ya xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən 

ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət 

göstərirlər.  

12.2. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar aşağıdakı tələblərə cavab 

verməlidirlər: 

12.2.1. kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava, pestisidlər, bioloji preparatlar və 

aqrokimyəvi maddələrin, dərman vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz 

olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı; 

12.2.2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji təmiz kənd təsərrüfatı 

məhsullarının istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə məşğul olmamalı. 

12.3. Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydaları və akkreditasiya olunmuş 

orqanların funksiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

Maddə 13. Ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma 

13.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun 

istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji 

müşahidə üzrə akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.  

13.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması 




və satışı ilə məşğul olan subyektlərə sertifikatlar bu sahədə müəyyən olunmuş milli standartların tələblərinə əməl 

edildiyi hallarda verilir. 

13.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması qaydaları və sertifikatların nümunəvi 

formaları beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir.  

13.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının, toxumluq səpin və əkin materiallarının kodlarına onların 

bu məhsula aid olduğunu göstərən işarə və ya rəqəmlər əlavə edilir.  

13.5. Ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarından keçmiş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq 

məhsullarına aşağıdakı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı vurulur: 

13.5.1. ekoloji təmiz kənd təsərrüfatında nəzərdə tutulmuş metodlarla istehsal və emal olunduqda, qablaşdırıldıqda 

və markalandıqda; 

13.5.2. bütün istehsal, emal və dövriyyə mərhələlərində ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarına məruz 

qaldıqda. 

13.6. Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji 

təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir.  

 

Maddə 14. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları 

14.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları insanların həyatı, sağlamlığı, əmlakı və ətraf 

mühit üçün təhlükəsizlik tələblərinə görə ənənəvi kənd təsərrüfatı məhsullarına nisbətən daha ciddi və məcburi 

tələblərə, norma və qaydalara cavab verməlidir.  

14.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları müvafiq icra hakimiyyəti orqanları tərəfindən 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanır və təsdiq edilir. 

14.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları hazırlanarkən müvafiq məhsullar üzrə 

beynəlxalq standartların tələbləri nəzərə alınmalıdır.  

14.4. Müvafiq icra hakimiyyəti orqanları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları barədə 

müxtəlif vasitələrlə istehlakçıları tam və səhih informasiya ilə təmin edir, bu sahədə maarifləndirmə işləri aparır, 

ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin siyahısını mətbuatda dərc etdirməklə ictimaiyyəti məlumatlandırır.  

 

 

IV fəsil 



Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi 

 

Maddə 15. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının marketinqi və satışı 

15.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı məhsulun istehsalçıdan istehlakçıya doğru hərəkəti 

üzrə müvafiq funksiyanı yerinə yetirən səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsi ilə həyata 

keçirilir.  

15.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarında səmərəli marketinq strategiyasının 

formalaşmasının əsasını istehsalın həcmi və əmtəəlik səviyyəsi, məhsulların tez xarab olması xüsusiyyəti, satış 

bazarlarının yerləşmə məsafəsi, daşınma, saxlanma, satışın təşkili xərclərinin səviyyəsi və s. məlumatlar təşkil edir. 

15.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji cəhətdən təmiz olduğunu təsdiq edən sertifikata 

malik olan hüquqi və ya fiziki şəxs, həmin məhsulları ekoloji təmiz məhsul kimi sata bilər. 

15.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan hər bir şəxs onların ənənəvi 

üsullarla istehsal edilmiş məhsullarla qarışmamasına və məhsulların spesifikliyinin qorunmasına məsuliyyət daşıyır. 

15.5. Azərbaycan Respublikasında keyfiyyəti və təhlükəsizliyi milli standartların tələblərinə cavab verən, mənşəyi və 

keyfiyyəti barədə sertifikatları olan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıla bilər.  

15.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi milli və beynəlxalq standartların tələbləri nəzərə 

alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. 

 

Maddə 16. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması 

16.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları "EKO-keçid" və "EKO" sözləri göstərilməklə müvafiq 

sertifikatlaşdırma orqanı tərəfindən markalanır.  

16.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərində keçid dövrü başa çatana kimi istehsal edilən məhsullara "EKO-

keçid" markası vurulur.  

16.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında istifadə olunan rənglər və ölçülər 

ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir. 

16.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsullar ekoloji təmiz kənd 

təsərrüfatı və ərzaq məhsulları kimi markalanır və etiketi üzərində "EKO" sözü göstərilir.  

16.5. Yerli və idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bu məhsulların standartlarına uyğun 

emal edildikdə alınan məhsul ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi markalanır.  

16.6. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan başqa kənd 

təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq 

məhsulu hesab edilmir və ümumi qaydada markalanır.  

16.7. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması müvafiq normativ hüquqi aktlara uyğun 

həyata keçirilir. Etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı 

məlumatlar əks olunmalıdır: 

16.7.1. istehsal və emal müəssisənin adı, ünvanı və milli əmtəə nişanı;  

16.7.2. ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı; 

16.7.3. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu; 

16.7.4. məhsulun saxlanma şəraiti; 

16.7.5. məhsulun istehsal tarixi və yararlılıq müddəti; 



16.7.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağasına 

dair göstəriş. 

16.8. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına qoyulan tələblərə cavab 

verməsini özündə əks etdirən məlumatlar göstərilməli, müvafiq qanunvericiliyə uyğun hazırlanmış milli əmtəə nişanı 

olmalıdır. 

16.9. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji 

təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya 

olunmuş orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməlidir. 

16.10. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən olunur. 

 

Maddə 17. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması 

17.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması qaydaları müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

17.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları saxlanma yerlərində (anbarlarda, soyuducularda) ənənəvi 

üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmamalı və icazə verilməyən maddələrlə çirkləndirilməməlidir. 

17.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanmasında qanunvericiliklə 

nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər. 

17.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması müddətində məhsulun keyfiyyətinə mənfi təsir 

göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol verilmir.  

17.5. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün 

məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və 

sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin bir 

nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji müşahidə və sertifikatlaşdırma üzrə 

akkreditasiya olunmuş orqanlarda saxlanılır.  

17.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və 

avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, habelə ekoloji 

müşahidə aparılmasına imkan verməlidir.  

 

Maddə 18. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı  

18.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.  

18.2. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalını və ixracını belə 

məhsulların dövriyyəsi ilə məşğul olmağını təsdiq edən müvafiq sənəd (sertifikat) almış sahibkarlıq subyektləri həyata 

keçirirlər.  

18.3. Azərbaycan Respublikasına satış məqsədilə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları aşağıdakı 

tələblərə cavab verdikdə idxal oluna bilər: 

18.3.1. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyəti bu sahədə qüvvədə olan milli və 

beynəlxalq standartların tələblərinə uyğun olduqda; 

18.3.2. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının beynəlxalq sertifikatının orijinalı birinci 

alıcıya qədər məhsulu müşayiət etdikdə; 

18.3.3. idxal edilən məhsulun ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal olunduğunu təsdiq edən 

sənədləri olduqda;  

18.3.4. idxal edilən məhsulun uyğunluq, keyfiyyət və fitosanitar sertifikatları olduqda. 

18.4. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində 

onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə 

haqqında məlumatlar göstərilməlidir.  

 

 



V fəsil 

Ekoloji təmiz kənd təsərrüfatının maliyyə və elmi təminatı, beynəlxalq əməkdaşlıq və 

qanunvericiliyin pozulmasına görə məsuliyyət 

 

Maddə 19. Ekoloji təmiz kənd təsərrüfatının maliyyə təminatı  

19.1. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafının maliyyə təminatı investisiyalar, 

kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən bu fəaliyyətdən əldə edilən vəsaitlər və digər mənbələr hesabına 

formalaşır. 

19.2. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 

19.3. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihəsinə investisiyaların cəlb edilməsinə, dünyada geniş yayılmış 

yüksək məhsuldar bitki sortlarının və heyvan cinslərinin idxal edilməsinə, elmi nailiyyətlərin və mütərəqqi 

texnologiyaların ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühit yaradılır.  

 

Maddə 20. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı 

20.1. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının əsas məqsədi xəstəliklərə, zərərvericilərə davamlı və yerli 

şəraitə uyğunlaşmış yüksək məhsuldar bitki sortlarının və heyvan cinslərinin geniş yayılmasını təmin etmək, 

torpaqların münbitliyinin bərpası və artırılması, üzvi gübrə və kompostların hazırlanması texnologiyalarının elmi 

əsaslarını müəyyən etmək və ekoloji təmiz kənd təsərrüfatının inkişafına zəmin yaratmaqdır.  

20.2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı aşağıdakı istiqamətlərdə aparılır: 



20.2.1. ekoloji təmiz kənd təsərrüfatı üzrə mütəxəssislərin və ixtisaslı kadrların hazırlanması; 

20.2.2. kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi kursların, seminarların və konfransların təşkili, 

xarici ölkələrdə keçirilən belə tədbirlərdə fermerlərin və mütəxəssislərin iştirakı; 

20.2.3. elmi-tədqiqat işlərinin aparılması; 

20.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili və maarifləndirilməsi işinin təşkili, informasiya 

yayımının genişləndirilməsi; 

20.2.5. ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi, jurnalların və kitabların nəşr edilməsi; 

20.2.6. bu sahədə əldə edilən elmi nailiyyətlərin istehsala tətbiqinin təmin edilməsi, sərgilər və yarmarkaların təşkili. 

20.3. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən 

qaydada hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.  

 

Maddə 21. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq 

21.1. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu 

beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq 

normaları əsasında həyata keçirilir. 

21.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ekoloji təmiz kənd təsərrüfatı sahəsində 

müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin 

qaydaları tətbiq olunur. 

 

Maddə 22. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət  

Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 

Maddə 23. Mübahisələrin həlli 

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, markalanması, saxlanması, daşınması və satışı 

ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll olunur.  

 

İlham Əliyev, 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 13 iyun 2008-ci il

 

Yüklə 102,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə