Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,93 Mb.
səhifə1/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
  1   2   3   4   5   6   7   8   9   ...   32

ƏL-MURACİAT
(MƏKTUBLAR)

İMAMƏT - VİLAYƏT - XİLAFƏT

ƏLLAMƏ

SEYYİD ƏBDÜL-HÜSEYN ŞƏRƏFÜDDİN MUSƏVİ



Kitabın adı:................................................................Əl-Muraciat

Müəllif:...................Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvi

Nəşr edən:............................................................................Şəhriyar

Çap növbəsi:.............................................................................İkinci

Çap tarixi:.....................................................................................2007

Tiraj:.............................................................................................3000
نام کتاب:..................................................................المراجعات

مولف:......................................علامه سید عبدالحسین شرف الدین

ناشر:............................................................................شهریار

تاریخ چاپ:.....................................................................1386

نوبت چاپ:.........................................................................دوم

تیراژ............................................................................3000

964-5934-48-6


EY KİTABIM!

Müəllif dolğun mənalı şeri ilə kitaba xitabən deyir:

Ey mənim kitabım, yer üzündə seyr et və istədiyin yerə ayaq bas! Qoy oxucuların həmişə səni sevərək oxusunlar. Səndə məni qorxudan nə bir yalan, nə də heysiyyətinə nöqsan gətirəcək bihudə, dəlilsiz bir məsələ yoxdur.”

KİTABIN MƏŞHUR MÜƏLLİFİNİ TANIYAQ


Hər şəxsiyyət onda olan müəyyən tipik xüsusiyyətlərlə xarakterizə olunur. Başqasının şərhi-halını yazan şəxs isə onun bu kimi keyfiyyətlərini və elmi səviyyəsini göstərməklə şəxsiyyətini oxucuya tanıtdırır. Əgər onun əsərləri şəxsiyyətini aydınlaşdırırsa, artıq tərcümeyi-halını yazmaq maraqsız olar və o vaxt maraqlı ola bilər ki, onun haqqında bir sıra yeni, deyilməmiş maraqlı incəliklər verilsin.

“Əl-Müraciat” kitabı, demək olar, o yazıçı və böyük alimin tərcümeyi-halı və xasiyyətnaməsini əks etdirə bilən bir kitabdır. Bu kitab oxucuya İslam tarixi ilə bağlı müxtəlif bəhslərə aid geniş məlumat verməklə yanaşı müəllifin, fəsahət, bəlağət, qələmin səlisliyi, mübahisə vaxtı alicənablıq və ehtiramı gözləmək, diqqət, mübahisədə mətanət, xitab olunan və bəhs edən şəxsə tam ehtiram, mübahisələrin tənzimi və başqa xarakterik cəhətlərini aşılayır. Hər halda müəllifin başqa kitablarını da oxumaqla yuxarıda deyilənləri daha yaxşı duyacaqsınız.

Etiraf edirəm ki, bu böyük alimin şəxsiyyətində aradıqlarımı bu neçə səhifədə yazmaq çətindir. Çünki onun dünya görüşü, əxlaqı və insani dəyərləri bir dərya qədər geniş, kitabları, xüsusən bu kitabı ruhun dərinliklərinə vəsf olunmaz nur saçır.

* * *

HƏYATI


Bu böyük alimin adı Seyyid Əbdül-Hüseyn Şərəfüddindir. Adı necə də şəxsiyyətinə münasibdir – Əbdül-Hüseyn. Çünki bütün ömrünü İslama, müsəlmanlara və onların düşmənləri ilə mübarizəyə sərf etmişdir. Şərəfüddindir, çünki dinə xüsusi şərəf gətirmişdir. Belə nümunəvi insanlara İslam aləmində az rast gəlinir.

Atası Şərif Yusif ibn Şərif Cavad ibn Şərif İsmayıl, anası Zəhra, Seyyid Hadi ibn Seyyid Məhəmməd Əlinin qızıdır ki, hər ikisi “Şərəfüddin” sülaləsinin böyüklərindən birinə mənsubdur.

O, 1290-cı hicri-qəməri (1869) ilində Kazimeyn şəhərində, elm və bilik üçün lazımı vasitələrin olduğu bir ailədə doğulmuş və mövcud imkan onun ixtiyarına bir müsəlman, bir İslam təbliğatçısı və aliminə lazım təminat və şəraiti ərməğan vermişdir. Nəcəf-Əşrəfdə məşhur alimlərin hüzurunda fiqh (şəriət əhkamları elmi) və üsul elmlərini öyrənmiş, habelə mərhum Seyyid Kazim Təbatəbai, Axund Xorasani, Fəthullah İsfahani, Şeyx Məhəmməd Taha Nəcəfi və Şeyx Həsən Kərbəlayidən lazımınca bəhrələnmişdir.

Bu böyük alim ilə fiqh və üsul elmini öyrənən başqa tələbələr arasındakı fərq bundan ibarət idi ki, o, yalnız elm öyrənməklə kifayətlənməmiş, dövrün ictimai-siyasi vəziyyətindən, İslam ümmətində baş verən hadisələrdən də xəbərsiz olmamışdır. Müsəlmanların çətinliklərinə şərik olmaq, onların aradan qaldırılması barədə daim düşünmək (bu kitab özü bir nümunədir), müəllifi narahat etdiyi məsələlərdən olmuş və özü müqəddimədə bu həqiqətə toxunmuşdur: “Şiə və sünni ixtilafları elə cavanlığımdan məni kədərləndirirdi və həmişə bir çarə ardınca idim.”


CƏBƏL-AMİLƏ SƏFƏRİ


Seyyid Şərəfüddin Livanın cənubunda yerləşən Cəbəl-Amilə gələrkən onun 32 yaşı var idi və orada alimlər, böyük şəxsiyyətlər və camaat tərəfindən çox səmimiyyətlə qarşılanmışdı. Çox çəkməmiş Cəbəl-Amilin əhalisi başa düşürlər ki, artıq öz həqiqi rəhbərini tapmışlar. Elə buna görə də camaat ona qarşı hüsni-rəğbət göstərərək, islahat işlərində onunla həmkarlıq etməyə hazır olduqlarını elan edir və Şərəfüddin öz islahat işlərinə və zalımlarla mübarizəyə başlayır: dini möhkəmləndirmək, “əmr be məruf”, “nəhy əz münkər” (yaxşılığa əmr etmə, pislikdən çəkindirmə), ruhanilər və xalq qarşısında təvazökarlıq, hakim rejim ilə mübarizə kimi işlərin əsasını qoyur.

Bu yolda təsirli, məzmunlu xitab və məruzələri ona böyük dayaq olur. Sözü də qələmi kimi hamını cəlb edir və aydın bəyanı ilə bir çox dəyərli ideyalarını damarlarda axan qan tək müsəlmanların canına yeridə bilir.

Ehtiyaclı-ehtiyacsız Şərəfüddinin sorağına gəlir, onun da qapısı hamının üzünə həmişə açıq – bir dəstə daxil olar, o biri dəstə çıxar, bir sözlə, onun evi ehtiyacların, kədər və müsibətlərin aradan qaldırılma mərkəzi, millətin pənahgahına çevrilir. Apardığı islahat işləri və mübarizəsi, xitab və məruzəsi, cəlbedici bəyanı, üzlərə qapısının açıq olması, xalqın müşküllərini yoluna qoyması, camaat ilə həmrəyliyi həqiqətdə onu millətin kamil bir rəhbərinə döndərir.

MÜSTƏMLƏKƏÇİLİKLƏ MÜBARİZƏ


Şərəfüddin fəaliyyət göstərdiyi məntəqələrdə yalnız yerli müstəkbirlər və İslamın müxalifləri ilə deyil, müstəmləkəçiliklə də var gücü ilə mübarizə aparırmış. O cümlədən, Fransa müstəmləkəçiliyi əleyhinə və azadlıq uğrunda mübarizələrini göstərmək olar. Elə bu mübarizələr və müsəlmanları azadlıq uğrunda qiyama dəvəti Fransanı çətinliyə saldı və nəhayət, çıxış yolunu bu böyük alimin sui-qəsdində gördü. Buna görə də İbn Həllacı məcbur etdilər ki, evinə hücum edib onu öldürsün. Lakin Seyyidin köməkçiləri olmadığına baxmayaraq, bu gözlənilməz hücum nəticəsiz qaldı və görkəmli alimə zərər dəymədi.

Bu xəbərin yayılması ilə xalq ayağa qalxdı və istismar tərəfindən bu işi (sui-qəsd) öhdəsinə götürmüş kəsləri əzməyi o cənabdan tələb etdilər. Lakin, Şərəfüddin özünə xass nəcibliklə camaatı sakitliyə dəvət etdi. Bir-birinin ardınca meydana çıxan çətin hadisələr onu ailəsi və bir sıra mübarizlər ilə birlikdə Dəməşqə getməyə məcbur etdi. Fransa ordusu Seyyidin yolu üstündə pusqu qursa da məqsədinə nail olmadığı üçün onun Şəxurdakı evini yandırdı və Surdakı böyük mənzilini qarət etdilər. Ən dəhşətli hadisə bundan ibarət idi ki, o məşhur alimin çox nəfis və qiymətli kitabxanasını yandırdılar. Bu yanğında onun hələ əlyazma halında olan 19 cild kitabı da külə çevrildi.

Tez bir zamanda Dəməşqin alim və ziyalıları o böyük şəxsin ətrafına toplaşır və öz nitqləri ilə camaatı qarşılarındakı vəzifələri ilə tanış edir. O, bir çox nüfuzlu adamlarla birgə Fransa müstəmləkəçiliyinə qarşı müsəlmanların ictimai məsələləri barəsində danışıqlar aparır və nəhayət, müstəmləkəçiliyə qarşı ciddi toqquşmadan savayı bir yolun olmadığı qərarına gəlirlər. Toqquşmalar nəticəsində Fransa müvəffəqiyyət qazanaraq hərəkatın başçılarını tutub sürgünə göndərir. O cümlədən Şərəfüddini və hərəkatın digər başçılarını Fələstinə sürgün edir.

Fələstində bir neçə ay qaldıqdan sonra möhtərəm yazıçı Misirə gedir. Onun elmi, məzhəbi, ictimai-siyasi şəxsiyyəti tezliklə Misirin böyük alimləri, siyasətçiləri və ziyalılarını hər tərəfdən ona sarı çəkib gətirir.

Əlbəttə, bu o böyük alimin Misirə ilk gəlişi deyildi. Misir onu səkkiz il əvvəl tanıyırdı. Çünki o, 1908-ci (1329-cu hicri) ilin axırlarında o ölkəyə qədəm qoymuş və 1909-cu (1330 hicri) ili də orada qalmış və elə o zaman Misirin alim və elm xadimləri ilə elmi məclis və mübahisələri olmuşdu. Onun Əl-Əzhər universitetinin rektoru Şeyx Səlim Büşri arasındakı məktublaşmaları Əl-Müraciat kitabı şəklində müsəlmanlar üçün bir hədiyyə oldu.

O, 1917-ci (1338-ci hicri) ilin axırlarında Misirdən Fələstinə, Cəbəl-Amilə yaxın olan Ələm adlı bir kəndə mühacirət etdi. Qohumları, yaxın adamları, ailəsi, bütün yoldaşları və dostları onun yanına axışdılar. Ələmdəki evi də, Cəbəl-Amildə olduğu kimi, camaatın pənahgahına çevrildi və hər tərəfdən ora üz gətirdilər.

Fransa dövləti bir sıra müzakirələrdən sonra imam1Şərəfüddinin və başqa sürgün olunanların Cəbəl-Amilə qayıtmaları ilə razılaşdı və mübarizlərin heç birisinin təqib olunmayacağına söz verdi. Mərhum Şərəfüddin də arxayın olub Cəbəl-Amilə qayıtmağı qərara aldı. Lakin, yolda Beyrutda dayandı və elan etdi ki, mübarizlərin hamısı vətənə qayıtmayınca, o da Cəbəl-Amilə gəlməyəcək. Bütün sürgün olunmuş mübarizlər qayıtdıqdan sonra, o da vətənə yola düşdü.

Camaatın onu qayıtdığı gün necə qarşılamasını və onların şüarlarını təsvir etməkdə qələm və bəyan acizdir. Dəniz dalğasına bənzər insan dalğası uzaqdan Cəbəl-Amilə tərəf hərəkətdə idi. Şairlər şerlərilə, özləri və cəmiyyətin hisslərini şerə çəkmişdilər. Nəhayət, Seyyid öz əziz vətəninə daxil oldu. Sübhdən axşama qədər küçə və dalanlar cəmiyyətlə dolu idi. Natiqlər və şairlər camaatın hisslərini ifadə edirdilər. Əgər bütün o şer və dastanlar toplanarsa, elə özü Cəbəl-Amil üçün böyük tarixi, fikri və siyasi bir sənədə çevrilə bilər.


İSLAM DÜNYASINDAKI MÖVQEYİ


İslam dünyasının dahi şəxsiyyətləri sırasında bir çoxlarının adı ilə bərabər Seyyid Şərəfüddinin də yeri xüsusi olaraq parlayır. Bütün İslam aləmi onu tanıyır və onun hörmətini saxlayır. O elə bir şəxsdir ki, hansı əsəri bir evə daxil olsa, oxuyanın “afərin”i ilə qarşılanır və onu öz müridlərinə çevirir.

Həqiqətən o, bütün ömrünü dinə, İslama və insanlara xidmət işinə həsr etmiş misilsiz şəxsiyyətdir.


ONUN YARADICILIQ HƏYATI


Kitabın müəllifi haqqında dediklərimizə əsasən, siyasi və ictimai çətinliklər üzündən o, çox da mütaliə, təlif, tədqiq və s. kimi işlərlə məşğul ola bilməmişdir. Lakin, bütün bunlara baxmayaraq, bərəkətli həyatı dairəsində mütaliə və kitab yazmaq üçün də, vaxt ayırmışdı. O, hər gün bir neçə saat öz kitabxanasına gedər, bütün çətinlikləri unudar, mütaliə və tədqiqat aparardı. Bu yararlı saatlarından tədqiq və mütaliə əhli üçün qiymətli kitablar yadigar qoymuşdur. Belə adamların kənarından yalnız bir şəxsiyyət kimi ötüb keçmək olmaz.

Bu böyük mütəfəkkirin dərin yazılarını oxuyarkən adama elə gəlir ki, onun mütaliə və tədqiqatdan savayı başqa bir işi yox imiş, halbuki o, böyük çətinliklərlə əlbəyaxa idi. Bundan əlavə o, yalnız bir neçə kitab deyil, çoxlu kitablar yazmışdır ki, insanı təəccübləndirir. Təəccüb doğuran başqa cəhət bundan ibarətdir ki, onun kitablarından bir fəsil oxuduqda mövzuların, samballılığı və tədqiqin dərinliyi adamı valeh etməyə bilmir. Sanki o, bütün işlərində yalnız əbədi bir əsər qoymaq fikrində olmuşdur.


ƏSƏRLƏRİ


1. «المراجعات» 2. « الفصول المهمة في تأليف الأمة» 3. «أجوبة مسائل موسي جار الله» 4. « الكلمة الغراء في تفضيل الزهراء» 5. «المجالس الفاخرة في ماتم العترة الطاهرة» 6. « ابو هريرة» 7. «بغية الراغبين» 8. «فلسفة الميثاق والولاية» 9. «ثبت الاثبات في سلسلة الرواة» 10. «مسائل خلافية» 11. «رسالة حول الرؤية» 12. «كتاب الي المجمع العلمي العربي بدمشق» 13. «الاجتهاد في مقابل النص»

1. “Əl-Muraciat”. Onu tərifləməyə ehtiyac yoxdur. Ərəb dilində dəfələrlə çap olunmuş bu kitab ingilis, ordu, fars, rus, türk dilinə də tərcümə edilmişdir.

2. “Əl-füsulul-muhimmə fi təlifil-ummə”. Onun qiymətli kitablarından biridir. Şiə və sünni arasında olan ixtilaflı məsələlər haqqında əqli və təhlili bəhsləri əhatə edir. 1327-ci hicri-qəməri ilində yazmış və ikinci dəfə əlavələrlə 1347-ci ildə çap olunmuşdur.

3. “Əcvibətu məsaili Musa Carullah”. Az həcmli və dolğun məzmunlu bir kitabdır. Adından məlum olduğu kimi, Musa Carullahın dediklərinə cavabdır.

Musa Carullah yazdığı bir kitabında şiə alimlərinin qarşısına iyirmi şübhəli məsələ qoymuş və belə fikirləşmişdir ki, şiə alimləri bu suallara cavab verə bilməyəcək. O suallardan bir neçəsi bunlardır: “Şiə, səhabələrin bəzilərini kafir hesab edir və onları lənətləyir; Quranın təhrif olunmasına inanır; cihadı haram sayır; müvəqqəti izdivac məsələsi və s.” Mərhum Şərəfüddin həmin kitabda bütün bu suallara maraqlı, qane edici və məntiqli cavablar vermiş və heç bir şəkk-şübhəyə yer qoymamışdır. Kitabın əvvəlindəki müqəddimə mübahisə edənləri vəhdətə dəvət edir və sonunda isə sual edən şəxsin şiə kitabları haqqında məlumatı olmaması sübuta yetirilir.

Bu kitab 1355-ci hicri-qəməri tarixdə Seyda şəhərində “İrfan” mətbəəsində çap olunmuşdur.

4. “Əl-Kəlimətul-qərra fi təfziliz-Zəhra (ə)”. Bu kitab “Füsulul-mühimmə” nin ikinci çapı ilə birlikdə nəşr olunmuşdur.

5. “Əl-məcalisül-faxirə fi matəmil-itrətit-tahirə”. Bu kitabda həzrət İmam Hüseynə (ə) saxlanılan yas mərasiminin fəlsəfəsi və “Təf” (Kərbəla) şəhidlərinin şəhadətə çatmasının sirri dəqiq surətdə izah olunmuşdur.

6. “Əbu Hüreyrə”. Bu kitab Əbu Hüreyrənin tərcümeyi-halını, yaşadığı dövrü, əlaqələrini, hədislərini, “Sihahi-Sittə”nin və onun hədislərini təhlil və saf-çürük edir.

7. “Büğyətür-rağibin”. Bu kitab onun ailəsinə məxsus olub Şərəfüddinin, görkəmli şəxslərin və ustadlarının şəcərə tarixini əks etdirir. Əslində, bu kitabda şəcərənin bütün şəxslərinin yaşadığı dövr araşdırılmışdır.

8. “Fəlsəfətül-misaq vəl-vilayə”. Öz mövzusuna aid nümunəvi bir risalədir.

9. “Səbtül-əsbat fi silsilətür-rüvat”. Bu kitab İslamın bütün məzhəblərindən başlayaraq İmamlara və Peyğəmbərə (s) qədər ustadların silsilə ilə şərhini yazmış və onların kitablarını xatırlatmışdır.

10. “Məsailun-xilafiyyə”. Bu kitabda beş məzhəb arasındakı bir sıra ixtilaflı fiqhi məsələlər araşdırılmışdır.

11. “Risalətün-hovlər-rivayə”. Öz mövzusuna aid bir risalədir.

12. “Kitabu iləl-məcməil elmiyyil-ərəbi bi-Diməşq”. Bu kitab Dəməşq Universitetinin rəisinin imamiyyə məzhəbinə mənsub etdiyi mövzu haqqında bəhsləri əhatə edir.

13. “Əl-ictihadu fi muqabilin-nəss”. Həzrət Peyğəmbərin (s) hədisləri qarşısında sünni rəhbərlərinin ictihadından 100 nümunə.


MƏHV OLUNMUŞ QİYMƏTLİ KİTABLARI


Bu böyük alimin başqa kitabları dediyimiz kimi, düşmənin əlinə keçərək, kitabxanası ilə birgə yandırılmışdır ki, “Əl-kəlimətul-ğərra”nın haşiyəsində yazdığı kimi, aşağıdakılardan ibarət idi:

1. «شرح التبصرة» “Şərhut-təbsirə”.

2. «حاشية استصحاب» “Haşiyətu-istishab”.

3. «رسالة في منجزات المريض....» “Risalətun fi münəccəzatil-məriz”.

4. «سبيل المؤمنين» “Səbilul-muminin”.

5. «النصوص الجلية» “Ən nüsusul-cəliyyə”.

6. «تنزيل الآيات الباهرة» “Tənzilul-ayatil-bahirə”.

7. «تحفة المحدثين فيما اخرج عنه الستة من المضعفين» “Tuhfətül-muhəddisin fihə uxrucə ənhus-sittətü minəl muzəfin”.

8. «تحفة الاصحاب في حكم اهل الكتاب» “Tuhfətul-əshab fi hokmi əhlil-kitab”.

9. «الذريعة» “Əz-Zəriə”.

10. «الـمجالس الفاخرة» “Əl-məcalisul-faxirə”.

11. «مؤلفوالشيعة في صدراللإسلام» “Muəllifuş-şiə fi sədril-İslam”. Bu kitabın bəzi fəsilləri İrfan jurnalının birinci və ikinci nömrəsində çap olmuşdur.

12. «بغية الفائز في نقل الجنائز» “Büğyətul-faiz fi nəqlil-cənaiz”. Bu kitabın çox hissələrini İrfan jurnalı çap etmişdir.

13. «بغية السائل عن لثم الأيدي و الأنامل» “Büğyətüs-sail ən ləsmil-əydi vəl-ənamil”.

14. «زكات الأخلاق» “Zəkatul-əxlaq”. Onun bəzi fəsillərini İrfan jurnalı çap etmişdir.

15. «الفوائد والفرائد» “Əl-fəvaidu vəl-fəraid”.

16. «حاشية علي الصحيح البخاري» “Səhih-Buxariyə haşiyə”.

17. «حاشية علي الصحيح المسلم» “Səhih-Müslimə haşiyə”.



18. «الأساليب البديعة في رجحان مآتم الشيعة» “Əl-əsalibul-bədiə fi rüchani məatimiş-şiə”.

Sadalanmış kitablarına əsasən, bu böyük şəxsiyyət ərəb ədəbiyyatı, məntiq, tarix, hədis, təfsir, rical, üsul və kəlam elmləri haqqında geniş məlumata malik olmuşdur.

* * *

ƏXLAQİ SƏCİYYƏLƏRİ


Qeyd etmək lazımdır ki, Şərəfüddin bir alim olmaqdan əlavə əxlaqi gözəlliklərinə xass xüsusiyyətlərə malik və rəzalətdən uzaq olub, alicənab, yumşaq xasiyyətli, geniş ürəkli, nüfuzlu bir şəxs idi. Hətta onu tanımayanlar belə istər-istəməz ona hörmət etməyə məcbur olurdu. Haqq uğrunda heç bir güzəştə getməzdi, yalnız haqqın tərəfini saxlayardı. Təvazökar bir insan olub, vücudunda daim insaf hökmranlıq edirdi. Buna görə də yoxsul və dövlətli, qohum və yadlar arasında heç bir fərq qoymaz, yalnız haqqı qoruyardı. Adamlara olan məhəbbəti haqqı yerinə yetirməyə mane olmurdu. O, təqvada, nəfs və qəlbin təmizliyində, haqq söz deməkdə qabaqcıl idi. Sadəlövh olmayıb uzaqgörən və iti huşa malik bir şəxs idi. Şücaətli olmaqla yanaşı, camaatın artıq sözlərinə qulaq asmaqdan, onlara diqqət yetirməkdən də yorulmaz və hirslənməzdi.

SƏFƏRLƏRİ


1328-ci hicri-qəməri (1907) ildə Mədinəyə səfər etmiş və Peyğəmbəri-əkrəm (s) və imamların Mədinədəki müqəddəs “Bəqi” qəbiristanlığındakı qəbirlərini ziyarət etdi. O, 1329-cu ildə qeyd olunduğu kimi, Misirə getdi. Əlinizdəki bu kitab həmin səfərin məhsuludur. Çünki orada müəllif Misir alimləri, xüsusən Əl-Əzhər universitetinin rektoru Şeyx Səlim Büşri Maliki ilə bəhsləri nəticəsində bu qiymətli kitab meydana çıxmışdır.

1338-ci hicri ilində onun həmin dini-siyasi mühacirəti baş verdi ki, Dəməşqə, Fələstinə və Misirə səfərləri ilə nəticələndi və bütün bu ölkələrdə müsəlmanlara dini və elmi faydaları dəydi.

1340-cı ildə dəniz yolu ilə Məkkənin ziyarətinə nail olmuş və bu səfəri Ərəbistanın əmiri şah Hüseynin vaxtına təsadüf etmişdi. Onunla birlikdə bir dəstə dostları da həccə getmişdi. Həmin il həcc mərasimində çoxlu züvvar və müxtəlif İslam ölkələrindən çoxlu alimlər iştirak edirdi. Hörmətli müəllif isə onların hamısından daha səciyyəvi, daha yüksək mövqeyə malik idi. Bu birinci dəfə idi ki, bir şiə alimi Məscidül-Həramda namazda müsəlmanlara imam və pişnamaz dururdu.

Bəli, hörmətli Şərəfüddin Məscidül-Həramda ilk şiə alimi kimi bütün camaata pişnamaz olub, bu həcc o zaman müsəlmanların dillər əzbəri oldu. Şah Hüseyn onu çox ehtiramla qarşıladı və hətta o il Kəbəni də birgə yudular.

O, 1355-ci ildə imamları ziyarət etmək üçün İraqa gəldi və camaat tərəfindən çox böyük ehtiramla qarşılandı. Belə ki, Nəcəf, Kərbəla, Kazimeyn və Samirra şəhərlərində alimlər və bir sıra başqa böyük şəxsiyyətlər səmimiyyətlə onun pişvazına çıxdılar.

O, İraqdan sonra İrana səfər etdi və həzrət imam Rzanın (ə) ziyarətinə nail oldu. Bu səfərdə İranın Qum, Tehran və başqa şəhərlərini gəzib dolanarkən dövrün alimlərinin diqqətindən yayınmadı.

* * *

MÜQƏDDİMƏ VƏ İTHAF

BU KİTAB NƏ ÜÇÜN VƏ NECƏ YAZILDI?


“Bunlar bu gün yazılan səhifələr, yeni fikirlər deyil, iyirmi beş il bundan əvvəlin yazılarıdır. Bu gün parladığı kimi, elə o günlərdə mətbuatda parlamalı idi. Lakin bir sıra çətinliklər və böyük maneələr yolunun üstündə yaratdılar. Buna görə də müvəqqəti gözlərdən gizləndi. Lakin zamanın qəflətindən istifadə etməyə çalışırdı, pərakəndəliyini toplamaq və nöqsanlarını təkmilləşdirmək üçün, fürsət axtarırdı. Çünki hadisələr onun nəşrini təxirə saldığı kimi, sahmanını da pozmuşdu.

Bu haqda bir kitab yazmaq fikri çox-çox əvvəldən yaranmış və uzun bir keçmişi vardır. Bu fikir lap cavanlıq dövrünün əvvəlinə qayıdır ki, buludlar arasındakı şimşək kimi parlayıb, qanımı cuşa gətirdi. Həmişə diqqətimi bu yola yönəltmişdim ki, müsəlmanların arasında mövcud şər və pisliyin kökünü kəsim, həyata yeni nəzərlə baxaraq, bu pərdəni onların gözü qarşısından çəkim ki, riayəti hamıya vacib olan əsl dinə qayıtsınlar, sonra hamı Allahın ipindən yapışaraq, haqqın bayrağı altında elm və əməl səmtinə tələssin və din qardaşları bir-birinə dayaq olsunlar...”




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə