Elçin Cabbarov



Yüklə 21,21 Kb.
tarix08.10.2017
ölçüsü21,21 Kb.
#3854

Əhmədov Nizaməddin Vahid oğlunun “İslam hüququnun əsas mənbələri (Hanəfi hüquq məktəbi üzrə) 21.00.01 – Dinşünaslıq indeksi ilə İlahiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsinin alınması üçün təqdim edilmiş dissertasiyasına AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutunun baş elmi işçisi fəlsəfə elmləri doktoru Aydın Arif oğlu Əlizadənin verdiyi opponent
RƏYİ
İddiaçının opponent rəyimin alınması üçün mənə yetərli qədər maraqlı və aktual bir dissertasiya işi təqdim etmişdir.İslam hüququ və özəllklə də hənəfi hüquq məktəbinə həsr olunmuş bu dissertasiya, texniki cəhətlər üzrə AAKın standartlarına tam cavar verir.

Müəllif bu gün Azərbaycanda dini bilgilərin çatışmamazlığının doldurulması üçün xeyirli bir iş ortalığa çəxartmışdır. Hənəfi hüquq məktəbi İslamınən əski məzhəblərindən biridir. ənənəvi olaraq bu məzhəb İslam dünyasının çox yerlərində yayılmışdır. Azərbaycanda da onun ardıcılları vardır. Buna görə də gənc Azərbaycan araşdırmaçısının bu yönümdə iş görməsi bəyənilməlidir. İşin elə aktuallığı da budur.

Dissertasiyanın strukturu giris, üç fəsil, nəticə və ədəbiyyat siyahısını içəriləyir.

Araşdırmanın üstün cəhətləri çoxdur, ancaq mən, opponent olaraq işin mənim fikrimcə çatışmayan cəhətlərindən danışmaq istərdim. İddiaçı bunları qəbul edə ya bunlarla razılaşmaya bilər. Bu da onun hüququdur. Beləliklə, məncə bu cəhətlər aşağıdakılardan ibarətdir:



  1. “Mündərəcat” bölümündə 1-ci fəsilin adı çox ümumidir. “İslam hüququ” düzgün seçilmiş ad deyil, çünki bu ada bütün müsəlman irsiyyəti girməlidir. Bunu etmak isə da dissertasiya tutumunda mümkün deyildir. Bu fəsil məncə “İslam hüququnun nəzəri əsasları” adlanmalı idi. Belə olanda isə ayrıca “İslam hüququnun qaynaqları” fəslinə birləşməli və dissertasiya 3 deyil, 2 fəsilli olmalı idi. Yəni dissertasiyanın 1 və 3 fəsilləri eyni problemə həsr olunmuşdur.



  2. Müəllif, dissertasiyanın aktuallığını anlatmağa çalışarkən (səh. 4), demək olar, əm maraqlı məsələnin üstündən səthi keçmişdir. Bunu aktuallığı sonuclayan cümlə göstərməkdədir: “İslam hüququ bir sıra cəhətdən müasir hüquq təlimlərinə örnək ola bilər”.
    Ancaq məni çox maraqlandıran: “Hansı hüquq təlimlərinə?” sorusuna dissertasiya boyu cavab verilməmişdir.




  1. “Mövzunun işlənilməsi” fəslində (səh. 6) yazılmışdır: “İslam hüququnun əsas mənbələri (Hənəfi hüquq məktəbi üzrə)... postsovet məkanında öyrənilməmiş bir mövzu olaraq qalmaqdadır”. Bu fikir işin yeniliyində də bir daha söylənmişdir.
    Ancaq gerçəklikdə, postsovet məkanında bu yönümdə ortalığa qoyulan işlər bu dissertasiyadan öncə görülmüşdür. Örnək üçün, bu barədə bilgilər ensiklopediyalarda (Ханафитский мазхаб / Исламский энциклопедический словарь. М.: Ансар, 2007) verilmişdir. Ayrıca Hənəfi məzhəbi üzrə araşdırma işlərinə gəldikdə isə, bu böyük tutumlu kitabı göstərmək olar: Рустам Батыр. Абу-Ханифа. Жизнь и наследие. Часть 1. Н. Новгород: Медина, 2007, 228 с. http://www.ozon.ru/context/detail/id/3736768).
    Bu mövzu üzrə dissertasiyalar da müdafiə olunub (Обидов Д. С. Ханафитская правовая школа и ее значение в суннитском направлении исламского права: мавераннахрское течение. Душанбе, 2008, 228 c. http://www.lib.ua-ru.net/diss/cont/288069.html).




  1. “Dissertasiyanın mənbəşünaslıq əsasları” fəslində müəllif Bakıda yerləşən AMEA Əlyazmalar institutunda saxlanılan ədəbiyyatdan istifadə etdiyini yazmışdır. Bunu doğrulamaq üçün o, (223; 224) nömrəli əlyazmaları örnək kimi gətirmişdir.
    Ancaq, dissertasiyanın ədəbiyyat sırası 195 nömrəli kitabla bitir. Burada müəllifin hansı əlyazmalardan istifadə etdiyi bilinmir.




  1. Şübhə doğurmayan yenilik “Hənəfi hüquq məktəbinin azərbaycanlı nümayəndələri” adlanan 2-ci fəslin 3-cü paraqrafında vardır. Bu da gənc iddiaçı üçün yetərlidir. Ancaq maraqlısı budur ki, bunu o “Dissertasiyanın elmi yenili” fəslində göstərməmişdir. Orada əslində yenilik olmayan iddialar irəli sürülmüşdür, bunu da mən 3-nömrəli abzasda göstərdim.




  1. Dissertasiya müəllifi “Azərbaycan orta əsrlərdə...”, “Azərbaycanda tarix boyunca...”, Azərbaycan... hüquq məktəblərinin geniş vüsət tapdığı ölkələrdən sayılır” və s. (səh 52-53) kimi cümlələrə rast gəlinir. Ancaq bu tarixi xronologiyaya uyuşmur. Azərbaycan Güney Qafqazda bir ölkə kimi yalnız 1918 ildə yaranıb. İranın quzeyində tarixi Azərbaycan bölgələri ölkə deyil, coğrafi yer kimi başa düşülür. Örnək üçün dissertasiyada Azərbaycan alimi kimi adı çəkilən Seyid Yəhya Bakuvi (səh. 52) özünü belə adlandıra bilməzdi. Buna görə də, bu cümlələr “Çagdaş Azərbaycan respublikası və İranın quzeyində yerləşən coğrafi Azərbaycan bölgələrində yaşayan alimlər” kimi anlamlarda işlənməli idi.




  1. Ədəbiyyat siyahısında ərəbcə olan kitabların Azərbaycan dilinə tərcüməsi verilməmişdir. Mən artıq çox dissertasiyalarda bunu gördüyüm üçün AAK qarşısında bu problemi səsləndirmək istəyirəm. Məsələ burasındadır ki, bu kimi dissertasiyaların müdafiəsində təkcə şərqşünaslarla ilahiyyatçılar deyil, başqa sahələrin biliciləri də iştirak edir. Onlar isə heç də ərəb dilini bilməyi borclu deyillər. Həmdə ərəb dilinin çağdaş dünyada ingilis dili kimi gücü və yayım arealı o qədər çox da deyil ki, hamı onu bilsin. Bu bir bölgə dilidir. Belə olanda isə ədəbiyyata istinadların yoxlanılması mümkün olmur. Belə çıxır ki, şura üzvləri anlamadıqları şeyə səs verirlər. Fikrimcə bu problem tezliklə aradan qaldırılmalıdır. Təklif edirəm dissertasiyalardakı bütün ərəb-fars dilli ədəbiyyat siyahıları Azərbaycan dilinə tərcümədə verilsin. Orjinal dilləri isə saxlamaq yalnız mötərzədə olar. Bunu etməmək də mümkündür, vacib deyil, iddiaçıların öz istəklərindən ola verilə bilər.




  1. Tədqiqatın “Nəticələri” bölümündə müəllif belə fikir səsləndirmişdir: “İslam hüquq mənbələri ilə yaxından maraqlanan hər bir şəxsə aydın olur ki, bu mənbələr insan həyatını hərtərəfli şəkildə, yəni həm maddi, həm də mənəvi cəhətdən əhatə edir”. Ancaq bu fikir heç bir faktiki örnəklərlə bütün dissertasiya boyu sübuta yetirilməmişdir. Elədir, İslam sivilizasiyasının müsbət cəhətləri çox olmuşdur. Ancaq, onun hələ ilk çağlarından (Raşidi xəlifələrdən başlayaraq) bu günə kimi olan böhranlarını, onlarla, bəlkə də yüzlərlə, axınlara parçalanması, ifrat məzhəbçiliyin bu günə kimi sürməsi, çox vaxtı birmənalı olmayan tarixi və başqa faktlar da göz önündədir. İddiaçının işində bu neqativ faktların da açıqlanıb araşdırmasını görmədim.
    Həmdə “hər bir şəxs” sözləri məncə artıqdır, çünki kimsə üçün bu mənbələrlə tanışlıqdan sora belə olmaya da bilər.



  1. Daha bir “Nəticədə” olan problem, Azərbaycanla bağlı olan paraqrafdan nəticələrin çıxarılmamasıdır. Deyildiyi kimi, bu yeqanə şübhəsiz yenilik olduğu durumda müəllif ondan heç bir nəticə çıxarmamışdır. Başqa fikirləri biz türk, rus, ərəb, ingilis və s. dillərdə çox rast gələ bilərik, ancaq Azərbaycan bölümü üzrə əsasən öz alimlərimizdən bilgilər alırıq.




  1. Dissertasiyanın əhəmiyyətini azaldan faktorlardan biri də onun çağdaş zamana deyil, keçmişə yönəlməsidir. Buna görə də “Tədqiqatın məqsəd və vəzifələri” bölümündəki 2 nömrəli başlıq yerinə yetirilməmiş qalır. Orada deyilir: “Dissertasiyanın müəllifi... göstərməyə çalışmışdır ki, İslam hüquq elminin müsbət potensialı nəyinki tükənməmişdir, əksinə, onun bir sıra prinsip və müddəaları çağdaş dövrün müxtəlif problemlərini aradan qaldıra bilər”. Problem də elə budur ki, çağdaşlığın konkret olaraq hansı problemlərini çözmək olar sorusuna dissertasiyada cavab verilməmişdir.




  1. Dissertasiyanın bəzi yerlərində qrammatik səhflərə də rast gəlinir. Ancaq, onların o qədər də əhəmiyyətli saymadığım üçün bunların üstündən keçirəm. Onlardan Yalnız bir prinsipial saydığım məqam üzərində dayanmaq istərdim. Dissertasiya boyu “İslam” sözünün baş hərfi, kiçik, “Hənəfi məzhəbi” sözlərinin isə baş hərfi böyük verilmişdir. Məncə tərsinə olmalıdır.

Bununla belə, yuxarıda sadalanan iradlar dissertasiyanın əhəmiyyətini kiçiltmir. Sadəcə iddiaçının gələcək işlərində yardımçı olması üçün açıqlanmışdır. Buna görə də hesab edirəm ki, Əhmədov Nizaməddin Vahid oğlu 21.00.01 – Dinşünaslıq indeksi ilə İlahiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almağa layiqdir.



f. e. d. A.A. Əlizadə.
Yüklə 21,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə