Elektron Hökümət



Yüklə 42,91 Kb.
tarix15.03.2018
ölçüsü42,91 Kb.
#32468

 

Azərbaycan “Elektron Hökümət”ə gedən yol

Müasir dövrdə İKT həm iqtisadiyyatın əsas sektorlarından biri olaraq, eyni zamanda digər sahələrin və insanın gündəlik həyatının tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan İKT sektorunun inkişafı hər bir ölkə üçün vacibdir. Son illər ərzində Azərbaycanda aparılan siyasət və məqsədyönlü fəaliyyət məhz buna xidmət edir. Ölkəmizdə aparılan uğurlu islahatlar sırasında, Prezident İlham Əliyev tərəfindən İKT sektorunun sürətlə inkişaf etdirilməsinə verdiyi diqqət və önəm sayəsində qısa müddət ərzində respublikamızın bu sahədə nailiyyətlər əldə etməsi, regionda lider ölkəyə çevrilməsi üçün bir çox işlər görülür. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin ilk beynalxalq səfəri Cenevrədə keçirilən Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə o, ölkə iqtisadiyyatının inkişafında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu, respublikamızda informasiya cəmiyyətinin qurulması ilə əlaqədar dövlət siyasətində məqsədyönlü işlərin başladığını dünya ictimayyətinə bəyan etdi. Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınsada, aparılan dövlət siyasəti və iqtisadi isalahatlar nəticəsində qeyri-neft sektoruda inkişaf etdirilməkdədir. İKT sahəsi Azərbaycanın qeyri-neft sektorunda əsas və prioritet sahələrindən biridir və ölkə hökuməti tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Hazırda bu sahə ölkəmizdə sürətlə inkişaf edir və yeni informasiya texnologiyalarının dövlət idarəçiliyi sistemində tətbiq olunur, o cümlədən əhaliyə elektron xidmətlər təklif olunur. 2005-ci il 21 oktyabr tarixində qəbul edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramının icrası Ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın(2003-2012-ci illər)” ilkin mərhələsindən irəli gələn vəzifələri həll etmişdir. Milli Strategiyanın növbəti mərhələsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 11 avqust tarixli sərəncamı ilə 2010-2012-ci illər üçün yeni “Elektron Azərbaycan” Dövlət Proqramı təsdiq edilmişdir. 2011-ci ildə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən hər bir dövlət orqanı öz fəaliyyəti istiqamətinə uyğun olaraq bütün sahələrdə elektron xidmətləri təşkil etmişdir. Proqrama əsasən bir pəncərə prinsipi ilə işləyən vahid elektron hökumət portalı (www.e-gov.az) yaradılmış və 2012-ci ilin sentyabrından internet vasitəsilə əhali və iş adamlarının istifadəsinə verilmişdir. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilmiş və internetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilmişdir.

Elektron hökumət” və üstünlükləri



Sürətlə dəyişən və inkişaf edən dünyada “elektron hökumət”, dünya dövlətlərinin fəaliyyətini gücləndirən, onların səmərəliliyni artıran əsas innovativ mexanizm kimi çıxış edir. Dövlət idarəetməsinin keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya qarşı mübarizə, dövlət qulluqçuları və vətəndaşlar arasında münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq üçün daha təsirli üsullardan biri məhz “elektron hökumət”dir. Müasir informasiya cəmiyyətinin əsas elementlərindən olan “Elektron hökumət” (ingiliscə - e-government) Dünya Bankı tərəfindən “informasiya texnologiyalarından istifadə etməklə hökumətin səmərəliliyi, qənaətcilliyi və şəffaflığı artıran və onun üzərində nəzarət imkanları verən vasitə” kimi anlaşılır. Elektron hökumət - informasiya texnologiyaları və xüsusən də internetdən istifadə etməklə, hökumətin təqdim etdiyi xidmət və məlumatların vətəndaşlar, sahibkarlar, dövlət qurumları və digər ictimai təşkilatlara ötürülməsini ehtiva edir. E-hökumətdə texnologiyalardan istifadə edilməsi hökumətin təqdim etdiyi xidmətlərin vətəndaşlara operativ çatdırılması, biznes və sənayə sahələri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, vətəndaşların informasiyaya çıxışının əldə edilməsi ilə bağlı hüquq və imkanlarının genişləndirilməsi və daha effektiv idarəetməyə xidmət edir. Bunun nəticəsi olaraq, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın artması və xərclərin azalması müşahidə olunur. Azərbaycanda “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.(e-gov.az) “E-hökumət”in əsas üstünlüyü odur ki, burada kağız sənədlərə ehtiyac olmur. Kağız sənədə ehtiyac olmadığı üçün hər hansı quruma getmək və burada saatlarla növbəyə durmağa da gərək qalmır. Evdən çıxmadan bir neçə saniyə ərzində istənilən quruma ərizə ilə müraciət etmək, arayış təqdim etmək mümkündür. “E-hökumət”in tətbiqi bürokratik maneələri aradan qaldırdığı kimi, vətəndaşlarla məmurlar arasındakı münasibətləri də şəffaf edir. Həmçinin “e-hökumət” dövlət və vətəndaş arasında yaxud ayrı-ayrı dövlət və ictimai qurumların, təşkilatların öz aralarında sürətli informasiya mübadiləsini həyata keçirməyə xidmət edir.

Vətəndaş məlumatsızlığı

Qurumların elektron xidmətlərindən istifadə etmək üçün “Elektron hökumət ” portalında qeydiyyatdan keçmək tələb olunur (vətəndaşın şəxsi kod-parolu). Bunun üçün ilk növbədə “www.e-gov.az” portalına daxil olub, qeydiyyat xanasında açılan səhifədə istifadəçi qaydaları ilə tanış olduqdan sonra qaydaları qəbul edib, “davam et” düyməsini secməlisiniz. Açılan növbəti səhifədə vətəndaşa fərdi məlumatlar təqdim olunur və qeyd olunmuş məlumatları uğurla keçdikdə “Elektron hökumət ” portalında yerləşdirilmiş elektron xidmətlərdən asanlıqla yararlana bilərsiniz. "Elektron hökumət" portalına sadələşdirilmiş daxilolma vasitəsi olan kod-parolu almaq üçün elektron qeydiyyatdan keçə bilməyən vətəndaşlar respublikamızın rayon mərkəzlərinə və Bakıda bütün poçt şöbələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə kod-parolu ala bilər. Sadə vətəndaş ola bilər bu qaydaları tam olaraq başa düşməsin və məlumatsızdır, əgər siz onlayn qaydada qeydiyyatdan keçə bilmirsinizsə şəxsiyyət vəsiqənizi götürüb, sizə ən yaxın olan poçt şöbəsinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərsiz və bundan sonra əldə etdiyiniz şəxsi-kod parol vasitəsi ilə “Elektron Hökumət” portalının xidmətlərindən asanlıqla istifadə edə bilərsiniz.

Rəsmi statistika və liderlər

Cari ilin sentyabr ayı üzrə statistik məlumatlara əsasən e-xidmətlərin istifadə sayına görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi birinci yeri tutmaqdadır. Nazirliyin 6 xidməti ən aktual xidmətlər sırasındadır.

"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" kimi elektron xidmətlər ölkədə əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasına qoyulan tələblə əlaqədar olaraq artmış, ən aktual elektron xidmətlər sırasına yüksəlmişdir. Ümumilikdə, ƏƏSMN-in təqdim etdiyi 6 xidmət üzrə 1116873 dəfə istifadə qeydə alınmışdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 43 xidməti üzrə 111986 dəfə istifadə qeydə alınmışdır. "Telefon nömrəsi üzrə axtarış", "Rabitə və Kommunal xidməti haqların internet vasitəsilə ödənilməsi", "Mobil cihazların İMEİ kodunun yoxlanılması" kimi xidmətlər ən çox istifadə olunanlar sırasındadır.

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi "Siğortaolunanın onlayn uçota alınması", "Siğortaolunanlara məlumatın verilməsi", "Siğortaedənin uçot nömrəsinin öyrənilməsi" xidmətləri ilə yanaşı 17 elektron xidmət aktual istifadə olunanlar sırasındadır. Ümumilikdə, 54992 dəfə istifadə qeydə alınmışdır.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 39 xidməti üzrə 7045 dəfə istifadə qeydə alınmış və ən çox müraciət olunan qurumlar sırasında 4-cü yeri tutur.

Nəhayət, 5-ci yerdə Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 6 xidmət üzrə 5453 dəfə istifadə qeydə alınmaqla, aktual qurumlar sırasında yer alır. Ümumilikdə, 311 elektron xidmət üzrə 1312492 dəfə istifadə qeydə alınmışdır və əvvəlki ayla müqayisədə istifadə sayı 162597 qədər artmışdır.

Yazıçımızın “Elektron Hökumət” portalı haqda fikirləri

Müsahibim, “Yeni Yazarlar və Sənətçilər Qurumu”nun sədri, yazıçı-kulturoloq, Aydın Xan Əbilov, həm yazar, həm jurnalist, həm də bir internet istifadəçisi olaraq, artıq 2 ilə yaxındır elektron hökumət portalından istifadə etdiyini bildirdi. Elektron Hökumət portalı haqqında kifayət qədər məlumatı olan Aydın Xan Əbilov, həm xidmət sahələrində, həm dövlət qurumları ilə birbaşa təmasda, sosial-məişət ödənişlərini həyata keçirmək üçün elektron hökumət portalından yararlandığını bildirdi. O, elektron hökumət portalının imkanlarından daha yaxşı istifadə etmək üçün elektron imza aldığını, eyni zamanda "Yeni Yazarlar və Sənətçilər qurumu"nun sədri olaraq elektron imza vasitəsilə müəyyən vergi, sosial müdafiə və digər qurumlara öz hesabatlarını təqdim etdiyini bildirdi. Elektron hökumət portalının müasir imkanları bu gün müsahibimi qane edir, lakin o bildirir ki, hər bir yeni təchizat kimi onunda çatışan və çatışmayan cəhətləri var. Aydın Xan müəllim bildirir ki, elektron hökumət yalnız intellektual savadlı insanlar üçün nəzərdə tutulmuyub, geniş əhali kütləsi üçün nəzərdə tutulub. ASAN xidməti misal gətirən müsahibim qeyd etdi ki, ASAN xidmət ona görə insanlar tərəfindən tez bir zamanda qəbul edildi ki, burada sadə insanların istifadəsi üçün maksimal dərəcədə asanlaşdırılmış xidmətlər var. O cümlədən bunun elektron variantınıda elektron hökumət portalında tətbiq etmək olar. “Bəzən mən özümdə müəyyən nazirliklərin təqdim etdiyi xidmətin imkanlarından yararlanmaqda çətinlik çəkirəm. Bu baxımdan portalda müəyyən funksiyalarda rahat bölümlərin olmasını məsləhət görürəm ki, bu xidmətlərdən sadə vətəndaşdan tutmuş ən ağıllı insana qədər istifadə edə bilsin.” Bütün xidmətlərin elektron variantının olmamasından şikayətlənən müsahibim düşünür ki, dövlətin digər strukturlarıda elektron hökumət portalında təmsil olunmalıdır. Burda həmçinin qeyri-hökumət təşkilatları, ali məktəblər, orta məktəblər, uşaq bağçalarınında xidmətlərinin təklif olunmasını məsləhət gördü.

EGDİ” və Azərbaycanın BMT reytinqində yeri

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqtisadi və sosial məsələlər üzrə departamenti ölkələrdə "Elektron hökumət"in inkişaf səviyyəsini ölçmək üçün "E-Government Development Index - EGDI" göstəricisindən (hakimiyyət orqanlarının informasiya texnologiyaları və rabitə texnologiyalarından əhaliyə xidmət göstərmək üçün istifadəyə görə hazırlıq və bacarığının ölçülməsi indeksi) istifadə edir.

Riyazi baxımdan "EGDI" "Elektron hökumət"in vacib amillərini qiymətləndirən üç əsas göstəricidir: onlayn xidmətlərin genişliyi və keyfiyyəti (Online Service Index, OSI), telekommunikasiya infrastrukturunun inkişaf səviyyəsi (Telecommunication Infrastructure Index, TII) və insan kapitalının həcmi (Human Capital Index, HCI).

EGDİ necə hesablanır?



EGDİ = (0.34 × onlayn xidmət indeksi) + (0.33 × telekommunikasiya indeksi) + (0.33 × insane kapitalı indeksi)

Online xidmət indeksi- Hər bir ölkənin təhsil, maliyyə, səhiyyə və s. nazirliklərin veb-saytlarının əhaliyə göstərdiyi xidmətin səviyyəsini ölçən göstəricidir.

Telekommunikasiya İndeksi 5 göstərici əsasında müəyyən olunur:

1)100 nəfərə düşən fərdi komputerlərin sayı

2)100 nəfərə düşən internet istifadəçilərinin sayı

3)100 nəfərə düşən ev telefonu istifadəçilərinin sayı

4)100 nəfərə düşən mobil rabitə abunəçilərinin sayı

5)100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı



İnsan inkişafı indeksi- təhsil, səhiyyə, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal inkişaf imkanlarını qiymətləndirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqtisadi və sosial məsələlər üzrə departamenti ölkələrin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə yeni "United Nations E-Government Survey 2014: E-Government for the Future We Want" reytinqini dərc edib. Ümumdünya siyahısında Azərbaycan “Elektron Hökumət”-in inkişaf səviyyəsinə görə 193 ölkə arasında 68-ci yeri tutaraq, əvvəlki reytinqlə müqayisədə 28 pillə irəliləyərək Çin, Türkiyə, Serbiya kimi ölkələri geridə qoyub. Azərbaycanın "EGDI" üzrə göstəricisi 0.5472 təşkil edib. Reytinqdə birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq Cənubi Koreya, Avstraliya və Sinqapur tutub. Dörd Fransa, beşinci yerdə isə Niderland qərarlaşıb. Onluğa həmçinin Yaponiya, ABŞ, Böyük Britaniya, Yeni Zelandiya və Finlandiya daxildir.

Azərbaycanın bu göstəricisi “Yüksək EGDİ” göstəricisi qrupuna aid edilir. Beləki, burada ölkələr, 4 qrup üzrə ayırılır:

1-ci qrup:Çox yüksək EGDİ göstəricisinə sahib ölkələr: EGDİ>0.75

2-ci qrup:Yüksək EGDİ göstəricisinə sahib ölkələr: 0.50

3-cü qrup:Orta EGDİ göstəricisinə sahib ölkələr: 0.25

4-cü qrup:Aşağı EDGİ göstəricisinə sahib ölkələr: EGDİ<0.25

Azərbaycanın BMT reytinqində tutduğu bu yer ölkəmiz üçün böyük uğurdur və Azərbaycan “E-Hökumət” layihəsini uğurla icra etməkdə davam edir. Elektron Hökumət sahəsində böyük təcrübəyə sahib ölkələr arasında bu yeri tutmaq və birdən birə 28 pillə irəliləmək həqiqətəndə Azərbaycan üçün böyük nəticədir.



Azərbaycanın “elektron hökumət” modeli dünyanın marağında

Albaniyanın İnnovasiya və dövlət idarəçiliyi naziri Milena Harito BakuTel-2014 sərgisi ərəfəsində Azərbaycana səfəri zamanı marağlı çıxışı ilə yadda qalıb. M. Harito, Azərbaycanın elektron hökumət, informasiya-kommunikasiya və  yüksək texnologiyalar sahəsində həyata keçirdiyi tədbirlərin Qərbdə, xüsusilə də Albaniyada böyük maraqla izlənildiyini qeyd edib. O, rəsmi Bakının uğurlu təcrübəsindən yararlanmağın Albaniya üçün faydalı olacağını bildirib.



Cari ilin iyun ayında ölkəmizdə səfərdə olan, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangində öz çıxışında Azərbaycanın elektron hökumət, elektron idarəçilik modelinin öz ölkəsində tətbiq etmək istədiklərini bildirib. Elektron hökumət sahəsində cəmi 2 illik təcrübəyə malik Azərbaycan artıq dünya ölkələri üçün nümunə ola biləcək bir modelə sahibdir.

Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhard Azərbaycanda "Elektron hökümət” quruluculuğu istiqamətində aparılan tədbirləri yüksək dəyərləndirir və bununla bağlı fikirlərini "Rabitə dünyası” qəzetinə verdiyi müsahibəsində paylaşıb: "Azərbaycan "Elektron hökumət” sahəsində artıq çox böyük nailiyyətlər əldə edib. Düşünürəm ki, bu, Azərbaycan üçün bir kompliment olaraq qeyd edilməlidir. Ölkəniz bu istiqamətdə çox müsbət inkişaf səviyyəsi nümayiş etdirir. Eyni zamanda Azərbaycan ümumilikdə İKT sahəsində dünyanın bir çox ölkələri ilə müqayisədə hazırda daha sürətlə inkişaf edir. Konkret olaraq, genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi, digər İKT xidmətləri üzrə aparılan tədbirləri qeyd etmək olar.”

Bir Azərbaycan gənci kimi “Elektron Hökumət” Portalında görmək istədiklərim

Hazırda ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyaları istifadəçilərinin sayı günbəgün artmaqdadır.  Burda əsas pay sahibliyi isə gənclərin üzərinə düşür. Düşünürəm ki, “Elektron Hökumət” portalını bir azda gənclərimizin marağ dairəsinə uyğunlaşdırmaq və bununlada portal istifadəçilərnin sayını və portala marağı artırmaq olar. Amerika təcrübəsində istifadə olunmuş bir praktikanı Azərbaycan “elektron hökumət” portalında görmək istərdim. Bu “Təhsil, təlim və vakansiyalar” xidmətinin təklif olunmasıdır.

Təhsil bölməsində, uşaq bağçalarımız, orta məktəblərimiz, ali məktəblərimiz təmsil olunmalı və təhsil ocaqlarımızın informasiya resursları valideynlər üçün açıq olmalı, təhsil ocaqlarımızla valideynlər arasında əks əlaqənin qurulması məqsədəuyğun olar. Həmçinin təhsil bölməsində “E-kitabxana” alt bölməsidə fəaliyyət göstərsə gənclərimizin xüsusi maraq dairəsinə səbəb ola bilər.

Təlim bölməsində müxtəlif könüllülük fəaliyyəti ilə bağlı elanlar, dövlət qurumları tərəfindən təşkil olunan təlim proqramları öz əksini tapa bilər. Elektron hökumət portalıda bu bölmədən istifadə edərək gənclərimiz arasında maarifləndirmə tədbirlərini apara bilər.

Vakansiyalar bölməsində Dövlət Məşğulluq Xidməti orqanlarının vakansiyaları, Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən təşkil olunan əmək yarmarkaları barədə məlumatlar, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu ilə bağlı məlumatlar, Gömrük orqanlarına, Dövlət Vergi orqanlarına və başqa dövlət orqanlarına xidmətə qəbulla bağlı məlumatlar, elektron sənəd qəbulu öz əksini tapa bilər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin «Mənim Elektron Hökumətim» mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.



Əhmədzadə Adil Rizvan oğlu

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
Yüklə 42,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə