Elektron hökumət vətəndaşların mənafeyinə hesablanan bir sistemdir Elektron hökumətin inkişafı ilə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılması mümkün olacaq



Yüklə 23,23 Kb.
tarix04.11.2017
ölçüsü23,23 Kb.
#8581

Elektron hökumət vətəndaşların mənafeyinə hesablanan bir sistemdir

Elektron hökumətin inkişafı ilə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılması mümkün olacaq

«Əmək fəaliyyətinə 20 yaşımda, hələ Azərbaycan Politexnik İnstitutunda təhsil alarkən başlamışam. Tikinti sahəsində fəhləlikdən baş mühəndisliyə qədər bir əmək yolu keçmişəm. Ağır iş şəraitində işlədiyim üçün 57 yaşımda təqaüdə çıxmalı idim. Lazım olan sənədləri toplayıb 2006-cı ildə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə müraciət edəndə bildirdilər ki, bu güzəşt ləğv olunub. Təxminən üç il get-gəldən sonra təqaüdə çıxa bildim. Bəzi məmurların qanunvericiliyi yaxşı bilməməsi və subyektiv münasibətlər uzun illər bizim üçün problemə çevrildi. Amma artıq respublikamızda yaradılan elektron hökumət nəticəsində bu problemlər arxada qalıb». Bunu bizimlə söhbətində 66 yaşlı Vahid Kazımov deyir.

V.Kazımov kimi bir çox vətəndaşlar öz pensiya hüququnu reallaşdırmaq üçün illərlə vaxt sərf etməli olurdu. Amma indi vətəndaş öz evindən çıxmadan «Elektron hökumət» portalına (www.e-gov.az) daxil olaraq nə zaman təqaüdə çıxacağını və təqaüdünün miqdarını hesablaya bilər.

Elektron idarəetmə dövlətlə vətəndaşların birgə, qarşılıqlı səyi nəticəsində formalaşıb

Hakimiyyət strukturlarının şəffaf işləməsinə xidmət edən elektron hökumət dünyanın əksər ölkələrində fəaliyyət göstərir. Elektron hökumət hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan internet səhifələrində yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil kommunal idarəsinə qədər olan idarələrin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elektron hökumət qurularkən cəmiyyətdən gələn təklif və iradlar, dəyişiklik və modifikasiyalar ətraflı şəkildə təhlil edilib müvafiq addımlar atılanda daha səmərəli işləyir. Azərbaycanda da elektron idarəetmə dövlətlə vətəndaşların birgə, qarşılıqlı səyi nəticəsində formalaşıb. Dövlət hökumətin elektronlaşdırılmasında vətəndaş cəmiyyətinin baxışlarını nəzərə alaraq əməli işdə tətbiq etməkdədir. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində xeyli işlər görülür. Layihə çərçivəsində yaradılan yeni mexanizm hökumətlə yanaşı, vətəndaş, biznes sektorunun da xeyrinədir və vətəndaşın canını dövlət qurumlarının qapısına ayaq döyməkdən, məmurlarla canlı təmasdan xilas edəcək. Azərbaycanda elektron hökumətin qurulması işi tam başa çatdıqdan sonra bir çox problemlərimizi ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompyuter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll edəcəyik.



Elektron xidmətlərin göstərilməsində maraqlı olan dövlət qurumları

Respublikamızda indiyədək 446 elektron xidmət təsdiq olunub. Bunlardan 296-sı «Elektron hökumət» portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda dövlət qurumlarının saytlarında isə 475 elektron xidmət göstərilir. Ümumilikdə isə «Elektron hökumət» portalı vasitəsi ilə 373 elektron xidmət göstərilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təqdim etdiyi son məlumata görə, statistik uçotun aparıldığı 2012-ci ilin dekabrından bu il sentyabrın 30-dək «Elektron hökumət» portalına 2 645 769 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin sayı isə 935 230 nəfər olub. Həmin şəxslər 2 645 769 dəfə portala baxaraq 5 064 756 elektron xidmətdən istifadə ediblər.

Hazırda respublikamızda elektron xidmətləri ən çox tətbiq edən (43 xidmət) dövlət qurumu Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası də bu sahədə kifayət qədər nailiyyət əldə ediblər. Bu dövlət qurumlarının əksəriyyəti bunu hansısa layihələr yazıb büdcədən vəsait almaqla yox, öz daxili imkanları hesabına ediblər.

Son statistikaya görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Elektron hökumət» portalında (www.e-gov.az) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayına görə birinci yerdə qərarlaşıb. Belə ki, bu dövlət qurumunun göstərdiyi 6 elektron xidmətdən 1 116 873 nəfər istifadə edib.

Təqdim edilən elektron xidmətlərdən istifadə edənlərin sayına görə ikinci yeri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tutur. Bu qurumun təqdim etdiyi 43 elektron xidmətdən ay ərzində 111 997 nəfər yararlanıb.

Ən çox elektron xidmətlərindən istifadə olunan dövlət qurumlarından üçüncüsü Dövlət Sosial Müdafiə Fondudur. Fondun «Elektron hökumət» portalı (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi 17 xidmətdən 54 996 nəfər istifadə edib.

Amma bəzi dövlət orqanlarının saytlarında göstərilən elektron xidmətlərin «Elektron hökumət» portalına inteqrasiya edilməməsi bu xidmətlərdən bir pəncərə sistemi ilə istifadəni çətinləşdirir. Bir sıra dövlət qurumları isə nəinki «Elektron hökumət» portalında, heç öz saytlarında da normal elektron xidmət göstərə bilmir. Buna görə də dövlət qurumları arasında informasiya bərabərsizliyi var.

Əhalinin elektron xidmətlərdən daha çox istifadə edəcəyi qurumlardan biri Daxili İşlər Nazirliyi olsa da, göstərilən xidmətin səviyyəsi qaneedici deyil. Vətəndaşların daha çox ehtiyac duyduğu sürücülük vəsiqəsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanlarının verilməsi, vətəndaşların şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportlarının dəyişdirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu kimi aktual xidmətlər hələ də elektron formada göstərmir.

Respublikamızda dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı keçirilən tenderlərdə hər il milyon manatlarla dövlət vəsait udulur. Amma hələ də həmin «açıq» tenderləri ictimaiyyətin izləməsi mümkünsüzdür və Satınalmalar üzrə Dövlət Agentliyi «Elektron hökumət» portalında təmsil olunmur.

Faydalı elektron xidmət olanda ondan istifadə də yüksək olur

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bəzi dövlət qurumlarının elektron hökumətə keçidindəki problemlərdən narazıdır: «Əsas problemlərdən biri onların daxili imkanlarının olmaması, büdcədən bu istiqamətdə vəsait ala bilmələridir. Qurum rəhbərlərinin elektron hökumətə etinasız münasibəti də burada rol oynayır. Yaxın zamanlarda 2014-2016-cı illəri əhatə edən elektron hökumətin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi gözlənilir. Hazırda Maliyyə Nazirliyində ilişib qalan proqram təsdiq olunsa, işlər sürətlənərdi».

«Elektron xidmətlər ona görə tətbiq olunur ki, ondan istifadə edən vətəndaşlara faydalı olsun. Həmçinin, rüşvət, korrupsiya halları aradan qalxaraq şəffaflıq təmin olunsun. Digər tərəfdən dövlət qurumları daha çox ictimai-sosial əhəmiyyət kəsb edən məsələlərlə bağlı xidmətləri elektron təklif etməlidir. Hazırda elektron hökumətdən az istifadə edilməsinin bir səbəbi də göstərilən xidmətlərin bir çoxunun ictimai əhəmiyyətinin yetərincə olmamasıdır. Faydalı elektron xidmət olanda ondan istifadə də yüksək olur. Məsələn, əgər avtomobillərə dövlət qeydiyyat nişanının verilməsi xidməti də elektron olsa, istifadə edənlər çox olacaq. Həmçinin, televiziyalarda vətəndaşların bu xidmətlərlə bağlı məlumatlandırılmasına dair veriliş və sosial reklamlar yayımlanmalıdır»-, deyə O.Gündüz vurğuladı.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə deyir ki, elektron hökumət vətəndaşların mənafeyinə hesablanan bir sistemdir: «Sadə vətəndaşlara rahatlıq gətirən bu sistem informasiya cəmiyyətinə keçidin təmin edilməsi, şəffaf və demokratik virtual məkanın yaradılması, bürokratizm və rüşvətxorluğa qarşı mübarizədə çox səmərəli effekt verə bilər. Elektron hökumətin inkişafı ilə gələcəkdə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılması mümkün olacaq. Buna görə də dövlət qurumlarının tədricən bütün xidmətlərinin elektron hökumətə keçirilməsinə daha ciddi yanaşmaq lazımdır».



«Geniş zolaqlı internetdən istifadə ilə bağlı problemlər həllini tapmalıdır»

İqtisadçı Rövşən Ağayev isə deyir ki, ilk öncə elektron xidmətlərdən istifadə mexanizmləri sadələşdirilməlidir: «Həmçinin, internet və televiziyalar vasitəsi ilə əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Elektron hökumətin istifadəsi üçün areal nəzərə alınmalı, regionlarda daha çox insanın genişzolaqlı internetə çıxışı təmin edilməlidir».

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev də elektron xidmətlərin əhali üçün böyük faydaları olduğunu bildirir: «Amma bu faydaları əhaliyə çatdırmaq və elektron xidmətlərdən istifadəni daha genişləndirmək üçün öncə geniş maarifləndirmə işləri aparılmalıdır. Bir çox insanların hələ də elektron xidmətlər barədə məlumatı yoxdur. Bu məlumatlandırma həm sosial şəbəkə, həm televiziya və həm də çap mətbuatı ilə aparılmalıdır. Həmçinin, genişzolaqlı internetdən istifadə ilə bağlı problemlər həllini tapmalıdır».

İ.Əliyevin sözlərinə görə, elektron xidmətlərdən istifadə faizləri hər ay 10-20 faiz artır: «Elektron hökumət» portalına inteqrasiya olunan xidmətlərin əksəriyyəti müraciətlərin və sənədlərin qəbulu ilə bağlıdır. Dövlət qurumlarında elektron xidmətlər təklif edildən sonra nazirlik onları «Elektron hökumət» portalına inteqrasiya edir. Amma bu gün ayrı-ayrı dövlət orqanları bu xidmətləri formalaşdırmayıbsa, onların inteqrasiyasından danışa bilmərik. Hazırda «ASAN xidmət»lə birgə dövlət orqanlarında bu xidmətlərin hazırlanması və əhaliyə təqdim olunması istiqamətində iş aparılır».



Yaşadığımız dövrdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı ölkələrin inkişaf səviyyəsini müəyyən edən mühüm amillərdən biridir. Demokratik inkişaf yolunu başlıca prioritet istiqamət kimi seçən ölkələr üçün bu sahənin inkişafı daha zəruridir. İnformasiya mübadiləsi internet vasitəsi ilə elektron şəkildə aparıldığından, elektron hökumətdə fəaliyyət daha çevik, effektiv, şəffaf olmaqla yanaşı xərclər də azalır. Vətəndaş hökumət üzərində ictimai nəzarəti də bu yolla daha effektiv şəkildə həyata keçirir. Elektron hökumətin vətəndaş üçün bir üstünlüyü də odur ki, vətəndaş internet vasitəsi ilə xidmətlərdən istifadə edir, bürokratik əngəllər aradan qalxır və artıq saatlarla növbə gözləmir. Buna görə də dövlət qurumlarının əhaliyə göstərdiyi elektron xidmətlərin sayı artırılmalı, elektron hökumətin cəmiyyət üçün faydaları barədə daha çox maarifləndirmə işləri aparılmalıdır ki, ondan istifadə edənlərin sayı da artsın.

Xalid VAHİDOĞLU

Yazı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin “Azərbaycanda “Elektron hökumət” - mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirdiyi publisistik məqalə və video süjet müsabiqəsinə təqdim olunur
Yüklə 23,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə