Elektron hökumətdən istifadə olunmasında geniş əhali kütləsinin bilik və bacarıqlarının artırılması



Yüklə 25,73 Kb.
tarix22.05.2018
ölçüsü25,73 Kb.
#45598

Elektron hökumətdən istifadə olunmasında geniş əhali kütləsinin bilik və bacarıqlarının artırılması

(Elektron hökumət sistemi tərəfindən 17.08.2013-cü il tarixdə verilmiş istifadəçi adı: sha.nad123)

Şamil Mövsümov

shamil.movsumov@yandex.ru

(Məqalədə elektron hökumətdən istifadə olunmasında geniş əhali kütləsinin bilik və bacarıqlarının artırılması məqsədi ilə müxtəlif tədbilərin həyata keçirilməsi təklif olunmuşdur)

Elektron hökumət - vətəndaşların müxtəlif dövlət strukturlarının göstərdiyi müxtəlif fəaliyyət növlərinin mövcud durumu haqqında məlumatın əldə olunmasına, bu qurumlara müraciət edərək onların fəaliyyətlərindən yararlanmasına şərait yaradan elektron şəbəkədən ibarətdir [1].

Azәrbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 fevral 2013-cü il tarixli fәrmanı ilə “Elektron hökumәt” portalı haqqında təsdiq edilmiş əsasnaməyə görə, portal dövlәt orqanlarının elektron xidmәtlәrinin mәrkәzlәşdirilmiş qaydada tәqdim olunmasına, istifadәçilәrin və eləcədə iştirakçıların onlardan istifadәsinә, dövlәt orqanlarının portala qoşulmuş informasiya sistemlәr vә ehtiyatlarından (mәlumat bazaları, mәlumat-axtarış sistemlәri, reyestrlәr vә digәr informasiya resursları) müvafiq sәnәdlәr barәdә qanunla müәyyәn edilmiş qaydada informasiya әldә edilmәsinә xidmәt edir [2]. "Hökumət-hökumət", "Hökumət-biznes", ”Hökumət-vətəndaş” və ”biznes-vətəndaş” münasibətlərinin effektiv olaraq həyata keçirilməsi üçün portalın istifadәçilәri - fiziki vә hüquqi şәxslәr, müxtəlif dövlәt qurumlarıdır.

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrәli Qәrarı ilә tәsdiq olunmuş e-xidmәtlәr üzrә "E-xidmәtlәr portalı"nda yerlәşdirilmiş dövlət qurumlarının (nazirliklərin, komitələrin, fondun, komissiyaların, xidmətlərin, agentliklərin, administrasiyaların, idarənin və səhmdar cəmiyyətlərin) [2] internet saytlarının ( Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətindən başqa) analizi göstərir ki, həmin dövlət qurumlarına vətəndaşların müraciəti zamanı müxtəlif xarakterli sənədlərin (texniki, vergi, sosial, iqtisqdi, ekoloji, hüquqi, inzibati və s.) alınması zamanı yaranan çətinliklərin və problemlərin həll olunması istiqamətində lazımi tədbirlər görülməmişdir. Belə ki, dövlət qurumlarının internet saytlarının bir çoxunda rəhbərliyin və məsuliyyətli işçilərin elektron ünvanları (Maliyyə, Vergilər, İqtisadi inkişaf, Kənd təsərrüfatı, Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər, Rabitə və Informasiya Texnologiyaları və Nəqliyyat Nazirliklərindən, eləcədə Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən, Dövlət Gömrük Komitəsindən, Dövlət Statistika Komitəsidən, Diasporla İş üzrə Dövlət Komitəsindən, Dövlət Sosial Müdafiə Fondundan, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan, Müəllif Hüquqları Agentliyindən, Milli Arxiv İdarəsindən başqa) və rəhbərliklə birbaşa elektron əlaqə ( İqtisadi İnkişaf Nazirliyindən, Vergilər Nazirliyindən və Dövlət Gömrük Komitəsindən başqa) mövcud deyildir. Buna görədə digər qurumların internet saytlarında rəhbərliyin və digər məsuliyyətli işçilərin elektron ünvanları göstərilməklə, rəhbərliklə birbaşa elektron əlaqənin (daha yaxşı olardı ki, video- əlaqənin) yaradılması təmin olunmalıdır. Bütün bu tədbirlər elektron hökumətə qoşulan dövlət qurumlarının vətəndaşlara elektron xidmət göstərməsi zamanı yaranan çətinliklərin və əngəllərin operativ surətdə həll olunmasına və vətəndaşlarla elektron əlaqələrin genişləndirilməsinə şərait yaratmış olardı.

"Elektron hökumət" portalına daxil olanlar haqda statistik məlumatlar görə [3], 2012-ci ilin dekabrından 2013-cü ilin iyun ayının 1- nə qədər portala 223819 daxilolma qeydə alınmış və portala müraciət edənlərin ümumi sayı isə 141188 nəfər olmuşdur. Bu dövr ərzində portala müraciət edənlərin 63,7% yeni istifadəçilər, 36,3% isə təkrar müraciət edənlər təşkil etmişdir.

01.01.2013 - 30.04.2013 tarixlәrindә “qeydiyyat tәlәb olunan” xidmәtlәrdәn istifadә etmiş istifadәçilәrin yaş hәdlәri üzrә xidmәtlәrdәn ümumi istifadә aktivliyi göstərir ki [4], 23-37 yaş həddində olan istifadəçilərin aktivliyi digər yaş həddində (19 - 22 və 38 - 75) olan iştifadəçilərin aktivliyindən yüksəkdir.

Bu faktlar bir daha onu göstərir ki, son zamanlar əhalinin müxtəlif təbəqələrinin müasir kompüterlərlə güzəştli şərtlərlə əldə etməsinə (məsələn “Xalq kompüteri” layihəsi və s.) və bölgələrdə İKT-nin tətbiqinin genişləndirilməsinə şərait yaradan müxtəlif layihələrin həyata keçirilməsinə baxmayaraq, vətəndaşların “Elektron hökumәt” portalından istifadəsini genişləndirmək məqsədi ilə, onların bilik və bacarıqlarının artırılması üçün maarifləndirmənin, təşviqat və təbliğatın genişləndirilməsi sahəsində əməli tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsinə ehtiyac vardır.

İlk növbədə Azәrbaycan Respublikasının Rabitә vә İnformasiya Texnologiyaları Nazirliyi vә Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinin tәrәfindәn hazırlanan "2013-2015-ci illәrdә "Elektron hökumәt"in inkişafı Dövlәt Proqramı" layihәsində vətəndaşların maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılması məqsədi tədbirlərə geniş yer verilməlidir.

Vətəndaş və dövlət qurumları münasibətlərində yeni səhifə olan elektron bülletenlərində və eləcədə elektron portalda istifadə olunan xüsusi terminlərin (İKT, biznes, bank, vergi və s. terminlərinin) izahı verilməli, bülletenlərin elektron variantının vətəndaşların - xüsusi ilə elektron portalda qeydiyyatdan keçənlərin arasında onların fərdi elektron ünvanları vasitəsi ilə paylanmasına şərait yaradılmalıdır.

"Azәrbaycanda "elektron hökumәt" üçün tәlim mәrkәzinin yaradılması" layihәsi üzrә təlim mərkəzlərinin sayı iki dəfə artırılaraq (hər iqtisadi regionda 3 təlim mərkəzi olmaqla) onların sayı 30 çatdırılmalıdır. Bu təlim mərkəzlərində xüsusi ilə 38-75 yaş həddinə daxil olan əhali kütləsinin geniş təbəqəsinin kompüter bilik və bacarıqlarının artırılmasının, elektron portaldan istifadə olunması sahəsində maarifləndirilməsinin həyata keçirilməsi məqsədi ilə təlim kurslarının və treninqlərin keçirilməsi, onların kompüterdən və elektron portaldan daha səmərəli istifadə olunmasında praktik bilik vә bacarıqlarının artırılmasına xidmət etmiş olardı.

“Elektron hökumәt” portalında və yaxud ayrıca internet saytda “Elektron TV” (E-TV) yaradılmalı, burada vətəndaşların portaldan istifadə edərkən dövlət qurumlarından müxtəlif elektron xidmətlər göstərilməsi zamanı yarana biləcək sualların on-layn rejimində cavablandırılmasına şərait yaradılmalı, portalda yaranmış yeniliklər (yeni elektron xidmətlər) haqqında məlumatların vətəndaşlara operativ çatdırılması məqsədi ilə canlı verilişlərin yayımlanması təmin olunmalıdır.

Respublikada fəaliyyət göstərən KİV-lərdə “Elektron hökumәt” ilə əlaqədar maarifləndirmə, təbliğat və təşviqat kompaniyasının aparılmasını genişləndirmək məqsədi ilə müxtəlif təyinatlı TV və radio verilişlərin hazırlanması və yayımlanması, reqionlarda yerli QHT-lərin potensialından istifadə etməklə ictimaiyyətin müxtəlif qrupları üçün TV-şouların hazırlanması və yayımlanması, mütəxəssislərin və müstəqil ekspertlərin iştirakı ilə dəyirmi masaların, görüşlərin həyata keçirilməsi təmin olunmalıdır.

Bu il - İKT ilidir və bu il çərçivəsində həyata keçiriləcək tədbirlər vətəndaşların elektron portaldan daha səmərəli istifadə etməsinə şərait yaratmaqla, onlara müasir standartlara cavab verən elektron xidmətlərin sayının artırılmasını və daha cox vətəndaşın həmin xidmətlərdən yararlanmasını gerçəkləşdirməlidir.



Ə d ə b i y y a t

  1. Elektron Hökumәt. http://www.mincom.gov.az/layiheler/elektron-hokumet

  2. Elektron Hökumәt Portalı (www.e-gov.az). Bülleten № 03 / mart 2013

  3. Elektron Hökumәt Portalı (www.e-gov.az). Bülleten № 06 / iyun 2013

  4. Elektron Hökumәt Portalı (www.e-gov.az). Bülleten № 05 / may 2013

  5. Elektron Hökumәt Portalı (www.e-gov.az). Bülleten № 07 / iyul 2013

  6. Elektron Hökumәt Portalı (www.e-gov.az). Bülleten № 04 / aprel 2013



Yüklə 25,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə