Elektron ticarət Akif Musayev



Yüklə 14,85 Kb.
Pdf görüntüsü
tarix10.12.2017
ölçüsü14,85 Kb.
#14939


 

Elektron ticarət 

 

Akif Musayev 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 

Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi 

 

İnternet vasitəsilə elektron ticarətin həyata keçirilməsi dünyada gedən qloballaşma prosesinin 



əsas tərkib hissələrindən biridir. Demək olar ki, ötən əsrin sonu və yeni əsrin əvvəlləri informasiya 

texnologiyalarının inkişafı, yeni elektron vasitələrdən istifadə olunmaqla biznesin təşkili üzrə dünya 

iqtisadiyyatında gedən mühüm dəyişikliklərlə xarakterizə olunur. Son dövrlərdə də daha inkişaf 

etmiş ölkələr artıq yeni inkişaf mərhələsinə - vahid informasiya cəmiyyətinin yaradılması 

mərhələsinə daxil olmaqdadır. Sahibkarlıq fəaliyyəti sahəsində bu istiqamətdə baş verən yeni 

dəyişikliklər biznesin elektron qaydada aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini 

tapmışdır.  

Elektron ticarət dedikdə, kommersiya əməliyyatlarının elektron rabitə vasitələrindən istifadə 

olunmaqla həyata keçirməsi başa düşülür. Bu qaydada təşkil olunan ticarət əməliyyatları üzrə 

əqdlər ənənəvi məlumat daşıyıcılarından istifadə edilmədən onlayn rejimdə həyata keçirilir. Elektron 

ticarətlə bağlı mülahizələrdə də qeyd olunduğu kimi, elektron ticarətin ənənəvi ticarətdən əsas fərqi 

ondan ibarətdir ki, malların hərəkəti, yerdəyişməsi internet şəbəkəsi vasitəsilə aparılır.  

Biznes əməliyyatlarının elektron qaydada həyata keçirilməsi ötən əsrin 60-cı illərinin sonuna 

təsadüf edir. Son onillikdə isə belə əməliyyatların aparılması bank sahəsindən kənara çıxaraq digər 

sahələrdə də geniş şəkildə inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, müasir biznesdə bu cür radikal 

dəyişikliklərin həyata keçirilməsində internet şəbəkəsi əsas vasitəyə çevrilmişdir. Bunlarla yanaşı, 

dünya miqyasında elektron ticarət deyilən bir yeniliyin meydana çıxması yeni  yaranmış 

münasibətlərin tənzimlənməsinə, o cümlədən texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının 

uzlaşdırılmasına zərurət yaratmışdır. Mütəxəssislərin fikrincə, qeyd olunan məsələlərin həllinin 

zəruriliyi daha çox iki aspektdən, yəni texnologiyaların dəyişilməsindən və iqtisadi münasibətlərin 

yüksək səviyyədə qloballaşmasından irəli gəlir.  

Qeyd etmək lazımdır ki, son illərdə iqtisadi cəhətdən daha inkişaf etmiş bir sıra qabaqcıl 

ölkələrdə elektron qaydada həyata keçirilən biznesi tənzimləyən qanunvericilik aktları qəbul 

edilmişdir. ABŞ-da, Kanadada, Avstraliyada və bəzi Avropa ölkələrində bu sahəni tənzimləyən 

qanunvericilik aktlarının qəbul olunması çox da uzaq olmayan dövrlərə təsadüf edir.  

Artıq Azərbaycanda da biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi 

və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Bunlara 

«Elektron sənəd, elektron imza haqqında», «Elektron ticarət haqqında» qanunları, Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı 

müddəaların daxil edilməsini, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş 

«Azərbaycan Respublikasında milli ödəniş sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət 

Proqramı»nı və bunlardan irəli gələrək qəbul edilmiş digər müvafiq normativ hüquqi aktları 

göstərmək olar. 

Avropa İttifaqında «Elektron Avropa» adlı proqramın reallaşması İttifaq çərçivəsində elektron 

ticarətin hüquqi tənzimlənməsinə vahid yanaşmanın təmin olunmasına, İttifaqa daxil olan dövlətlərin 

vətəndaşlarının həyat tərzinə yeni informasiya texnologiyalarının geniş şəkildə daxil edilməsinə 

imkanlar yaratmışdır. Bu proqramın hüquqi tərəfi Avropa İttifaqı çərçivəsində vahid qanunvericilik 

bazasının yaradılmasını nəzərdə tutur və aşağıdakı əsas prinsiplərə söykənir: 

· daxili bazarda informasiya məhsullarının sərbəst yerdəyişməsini təmin edən prinsiplərə əməl 

olunması;  

· yeni informasiya texnologiyalarının geniş tətbiq edildiyi bir şəraitdə söz azadlığının, 

informasiya əldə etmək hüququnun, şəxsi həyatın toxunulmazlığının qorunmasının təmin edilməsi; 

· kiçik və orta biznesin innovativ inkişafına, elmi-tədqiqat işlərinə investisiyaların artırılmasına, 

əhalinin məşğulluğuna dair məsələlərin həlli; 




· insanların sağlamlığı və təhlükəsizliyi kimi ictimai maraqların və istehlakçıların hüquqlarının 

qorunmasına yönəldilən hüquq normalarının  müəyyən edilməsi. 

Elektron ticarət sahəsində normativ-hüquqi bazanın yaradılması işləri Avropa İttifaqında hələ 

1996-cı ildən başlanılmışdır. İttifaq daxilində gedən geniş müzakirələrdən sonra 1997-ci ilin aprel 

ayında Avropa Komissiyası elektron ticarət sahəsində «Avropa təşəbbüsü» ilə çıxış etdi. 2000-ci 

ildə informasiya cəmiyyəti və daxili bazarda elektron ticarətin bəzi hüquqi aspektləri barədə Direktiv 

qəbul edildi. Həmin Direktivin əsaslarını Avropa İttifaqının daxili bazarının ümumi prinsipləri, 

xidmətlərin azad təşkili və təqdim olunması, milli qanunvericiliklərin harmonizasiyası təşkil edir.  

Ümumiyyətlə, elektron ticarətlə bağlı qanunvericilik bazasının yaradılmasında əsas məqsəd bu 

sahədə fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən effektiv mexanizmin 

yaradılmasından, vahid bazar çərçivəsində xüsusi təşəbbüsün və sərbəstliyin təmin edilməsindən

«ifrat dərəcədə tənzimləmə»yə  yol verilməməsindən ibarətdir. Elektron ticarətin tətbiqi zamanı 

istehlakçıların hüquqlarının qorunması, müvafiq vergilərin tam və vaxtında ödənilməsi, ictimai 

qaydalara əməl olunması, əhalinin sağlamlığının, təhlükəsizliyinin və əxlaqi prinsiplərinin 



gözlənilməsi də ən vacib məsələlərdəndir. 

 

Yüklə 14,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə