“Elm və həyat”. 2006.№1 S. 15-18. Parlaq və BƏNZƏRSİz alim rafiq ƏLİyev



Yüklə 205,67 Kb.
Pdf görüntüsü
tarix08.08.2018
ölçüsü205,67 Kb.
#61610


“Elm və həyat”.-2006.-№1-2.-S.15-18.

PARLAQ VƏ BƏNZƏRSİZ ALİM

Rafiq ƏLİYEV, 

АМЕA-nıп müxbir üzvü, professor

Aristotel,  Eynşteyn,  Nyuton,  Viner  kimi  elm  korifeyləri  pleyadasında  müasir  dövrün  görkəmli  alimi,

həmyerlimiz professor Lütfi Zadə layiqli yer tutur.

Onun  sonralar  şöhrətləndirəcəyi  torpaqda  ilk  addımları  1921-ci  ilin  fevralında  həyata  göz  açdığı  Bakı

şəhərindən  başlamışdır.  O,  üç  il  16  saylı məktəbdə  oxuduqdan  sonra  ailəsi  ilə  birlikdə  İrana  mühacirət  etmişdir.

Lütfi Zadə 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə müvəffəqiyyətlə bitirmiş və həmin

il təhsilini davam etdirmək üçün ABŞ-a köçmüşdür. Massaçusets Texnoloji İnstitutu və Kolumbiya Universitetində

magistr dərəcəsi, sonra elmlər doktoru admı almışdır.

1959-cu  ilə  qədər  o,  Kolumbiya  Universitetində  professor  vəzifəsində  işləmiş,  sonra  isə  1963-cü  ildən

Kaliforniya  Ştatının  Berkli  Universitetində  "Elektrik  mühəndisliyi  və  kompüter  elmləri"  kafedrasına  rəhbərlik

etmişdir. Burada qeyd etmək yerinə düşər ki, Lütfi Zadənin böyük elmi xidmətlərini nəzərə alaraq, onu hal-hazırda

da elmi yaradıcılıqla məşğul olduğu, bütün dünyada tanınmış bu elm-təhsil mərkəzinin ömürlük professoru və "Soft

Computing" İnstitutunun direktoru seçmişlər.

Bu dahi şəxsiyyəti xarakterizə edən əsas xüsusiyyətlər - onun böyük istedadı, standart olmayan təfəkkürü,

problemə  unikal  yanaşma  qabiliyyəti,  ənənəvi  təsəvvür  və  çərçivələri  şübhə  və  təxəyyülü  ilə  aşması,  tədqiqatda

latent  (gizli)  məqamları aşkar  etməyə  imkan  verən,  çılğın  tədqiqatçı  intuisiyasıdır.  Məhz  bu  keyfiyyətlər  titanik

işgüzarlıqla birlikdə ona nəinki humanitar və təbiət  elmlərinə böyük təsir edən, hətta qərarların qəbul edilməsi və

idarəetmə  nəzəriyyəsi  sahəsində  fundamental  təsəvvürləri  kökündən  dəyişdirən  inqilabi  nəzəriyyələr  yaratmağa

imkan verdi.

Əgər  Lütfi  Zadənin  elmi  kredosunu  onun  təklif  etdiyi  terminlərlə  formalaşdırmağa  çalışsaq,  onda  onu

aşağıdakı lakonik formada təsvir etmək olar: real dünyanın qeyri-müəyyənliklərini aşkara çıxarmaq və onları elmi,

texniki və sosial mühitin çoxüzlü prizmasında əks etdirmək.

Lütfi  Zadənin  ilk  elmi  işləri  stoxostik  (təsadüfi)  qeyri-müəyyənlik  şəraitində  fəaliyyət  göstərən  idarəetmə

sistemlərində optimal süzgəcləmə məsələlərinin həlli ilə bağlı idi. Elmi ədəbiyyatda bu tədqiqatların nəticələri çətin

proqnozlaşdırılan  sistemlərin  qurulması  üçün  mütəxəssislərin  qəbul  etdiyi  əsas  kimi  götürülən  Zadə-Raqqazini

tənliyi kimi məşhurdur. Bu tədqiqatlar məşhur Viner məsələsini əsaslı genişləndirməyə imkan verdi.

Şəxsi  görüşlərimizdə  Lütfi  Zadə  onunla  Kolumbiya  Universitetində  əməkdaşlıq  edən  Raqqazinini  xüsusi

hörmətlə yada saldığının şahidiyəm.

Professor Lütfi Zadənin dünya idarəetmə elminə ən əsaslı töhfəsi diskret və rəqəmli idarəetmə, informasiya

və  kommunikasiya  sistemlərinin  qurulmasının  əsas  nəzəriyyəsi  olan  və  Z-çevirməsi  kimi  tanınan  nəzəriyyəsidir

(Z-müəllifin soy adının birinci hərfidir).

Geniş oxucu auditoriyasına aydın olması üçün qeyd edək ki, müasir rəqəmli sistemlərin təhlil və tədqiqində

Zadənin  Z-çevrilməsinin  əhəmiyyəti  riyaziyyatda  və  texnikada  Laplas  çevrilməsi  ilə  müqayisə  oluna  bilər.  Bu

nəzəriyyənin layiqli davamçıları onun amerikalı şagirdi E. Curi və sovet alimi U. Z. Çıpkindir.

L.  Zadənin  şübhəsiz  ki,  ən  böyük  elmi  xidmətlərindən  biri  də  onun  təklif  etdiyi,  idarəetmə  məsələsinə

müasir  elmi  baxışda  avtomatik  sistemlərin  analiz  və  sintezini,  həmçinin  dinamik  sistemlərin  idarəolunma  və

müşahidəolunma  xassələrini  aşkar  etməyə  imkan  verən  vəziyyətlər  fəzası üsuludur.  Məlum  olduğu  kimi,  klassik

idarəetmə  nəzəriyyəsi  idarə  olunan  obyektlərin  giriş  və  çıxış  koordinatlarının  müşahidə  olunmasına  əsaslanır.

Ancaq,  real  şəraitdə  müşahidə  aparmaq  mümkün  olmadıqda,  Lütfi  Zadə  idarəetmə  sisteminin  və  obyektin

koordinatlarını vəziyyətlər vektoru ilə  qiymətləndirməyi  təklif  etmişdir.  Belə  yanaşma müasir  sənaye  obyektlərini

və kosmik aparatların idarəetmə məsələlərində çox səmərəlidir.  Bu  yanaşmada  təbii  olaraq  belə  bir  sual  meydana

çıxdı: bütün obyektlər idarə olunan və müşahidə olunandırmı?  Alim buna mənfi cavab verir və dinamik sistemlər

üçün bu şərtlərin ödənilməsinin təyin edilmə üsulunu təklif edir, onun şagirdi məşhur Amerika alimi Kalman isə bu

şərtləri riyazi formalaşdırmışdır. Bu gün dünyanın aparıcı universitetlərində idarəetmə elmi Zadə tərəfindən təklif ,

edilmiş bu nəzəriyyə əsasında öyrənilir və dünyanın ciddi elmi-tədqiqat mərkəzləri, məsələn, ABŞ-ın Milli Kosmik

Agentliyi kimi elmi mərkəz kosmik aparatların idarəetmə sistemlərinin mürəkkəb layihələndirmə məsələlərinin həlli

zamanı bu nəzəriyyədən istifadə edir.

Professor  L.  Zadənin  elmi  nailiyyətlərinin  tacı  olan  qeyri-səlis  məntiq  nəzəriyyəsi  onu  elmin  əlçatmaz

şöhrət zirvəsinə qaldırmış, dünyada layiqli qiymətini almışdır.

Yüz  illərlə  qərarlaşmış  elmi  dünyagörüşün  əksinə  olaraq,  o,  əvvəlcə  bir  fərziyyə  irəli  sürmüş,  sonra  isə

sübut  etmişdir  ki,  təbiət  və  cəmiyyətdə  baş  verən  mürəkkəb  prosesləri,  xüsusən  də  müxtəlif  kataklizmləri,

Aristotelin binar məntiqinə əsaslanan klassik riyaziyyat çərçivəsində öyrənmək mümkün deyil.

O,  özünün  orijinal,  ancaq  əvvəlcə  "ortodokslar  tərəfindən  qəbul  edilməyən  ideyalarını  inkişaf  etdirərək

göstərmişdir ki, bu və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə -1 (doğru) və 0 (yanlış) ilə deyil,




bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Beləliklə, binar - ikilik  məntiq  və  çoxluqlar

nəzəriyyəsinə  əsaslanan  riyaziyyat,  qeyri-səlis  məntiq  və  qeyri-səlis  çoxluqlar  nəzəriyyəsi  (Zadə  nəzəriyyəsi)

sayəsində genişlənərək, yeni məzmun kəsb etdi. Bununla da, riyaziyyatın klassik (mücərrəd) və qeyri-səlis (gerçək,

çoxçalarlı,  müasir)  riyaziyyata  diferensiasiyası  baş  verib.  Konseptual  əsaslarda  belə  ciddi  tədqiqatlar,  təbii  ki,

elmdə, texnikada və hətta incəsənətdə də inqilabi dəyişikliklərə gətirib çıxardı.

Qeyri-səlis  çoxluqlar  nəzəriyyəsi  praktiki  olaraq  bütün  təbiət  elmlərinə,  tibbə,  ictimai  elmlərə,

sosiologiyaya, konfliktologiyaya "implantasiya" olundu.

Bu  gün  dünyanın  qabaqcıl universitetlərinin  kitabxanaları qeyri-səlis  fizika,  qeyri-səlis  kimya,  qeyri-səlis

iqtisadiyyat, qeyri-səlis idarəetmə və s. üzrə dərsliklər və monoqrafiyalarla zənginləşir.

Çox  da  uzaq  olmayan  tarixi  keçmişdən  şahidik  ki,  kvant  mexanikası  və  statistik  fizika  sahələrində

qeyri-müəyyənlik  amilini  nəzərə  alan  ehtimal  ölçüsünün  daxil  edilməsi  elmdə  keyfiyyət,  mərhələ  dəyişikliyinə

gətirib çıxardı. Qeyri-müəyyənliyin ehtimal nəzəriyyəsinə bağlı bu ölçüsünün əsasında artıq sizə tanış olan Aristotel

məntiqi - binar məntiq durur.

Praktiki  elmi  tədqiqatlarda  qeyri-müəyyənliyin  qeyri-səlis  ölçüsünün  daxil  edilməsi  təbiətdə,  cəmiyyətdə,

mikro  və  makro  aləmdə  baş  verən  proseslərə  adekvat  olan  qeyri-müəyyənliyin  nəzərə  alınmasını  mümkün  etdi.

Məhz  buna  görə  də,  qeyri-səlis  məntiq  və  qeyri-səlis  çoxluqlar  nəzəriyyəsi  nəinki  dialektik  təsdiqini  tapmış  yeni

elmi istiqamətin yaranmasının səbəbi oldu, hətta daha geniş mənada idrak nəzəriyyəsinin növbəti pilləsi olan yeni

fəlsəfi dünyagörüşün yaranması və başa düşülməsinə səbəb oldu. Cəsarətlə demək olar ki, özünün əhatə dərinliyinə,

yayılma genişliyinə, şüurlara təsir miqyasına görə qeyri-səlis çoxluqlar nəzəriyyəsi dini məfkurəyə yaxınlaşır.

İndi  dünyanın  müxtəlif  ölkələrində  qeyri-səlis  məntiqə  həsr  olunmuş  40-dan  çox  elmi  jurnal  dərc  olunur.

Hər il müntəzəm olaraq bu sahədə aparılan tədqiqatlar və əldə edilən nəticələrə həsr edilən onlarla elmi konfranslar,

simpoziumlar  keçirilir.  Son  onilliklər,  qeyri-səlis  məntiq  əsasında  işləyən  həm  yüksək  texnologiyaya  əsaslanan

sənaye  məhsullarının  buraxılışı,  həm  də  geniş  məişət-istehlak  avadanlıqlarının  istehsalı  sahəsində  layihələrin

intensiv  realizə  olunması  ilə  xarakterizə  olunur.  Yaponiyanın,  ABŞ-ın  Almaniyanın,  Böyük  Britaniyanın,

Fransanın,  Kanadanın,  Çinin  və  başqa  inkişaf  etmiş  ölkələrin  yüzlərlə  firmaları belə  məhsulların  buraxılışı  üzrə

ixtisaslaşmışdır.

Ancaq  yaradıcı  fantaziya,  ümumiyyətlə  elmin,  o  cümlədən  idarəetmə  nəzəriyyəsinin  problemlərinin  çox

dəqiq  və  dərindən  başa  düşülməsi  inkişafa  apara  bilər.  Zadə,  özünün  ən  böyük  elmi  fantaziyasından  birini

gerçəkləşdirir  -  "Soft  Computing"  nəzəriyyəsi  adlanan  yeni  nəzəriyyənin  əsas  postulatlarını  formalaşdırır  və  süni

intellektin qlobal metodologiyasının təməli olan eyniadlı texnologiyanın qurulma prinsiplərini işləyib hazırlayır. Bu

nəzəriyyə  özündə  qeyri-səlis  məntiqi,  süni  neyron  şəbəkələrini,  genetik  alqoritmləri,  xaos  nəzəriyyəsini,  müxtəlif

hesablama paradiqmlərinin intellektual kombinasiyasını, o cümlədən ehtimallı məntiqi nəticə çıxarmanı əhatə edir.

Hal-hazırda bu nəzəriyyədən bank işində, texniki və iqtisadi sistemlərdə çox geniş istifadə olunur.

Bir  məqalə  çərçivəsində  hətta  tezis,  eskiz  şəklində  belə,  bu  gün  insan  intellektinin  bir  çox  sahələrində  ən

geniş  tətbiqini  tapmış  belə  çoxsaylı ideyalar  və  nəzəriyyələr  generatorunun  və  belə  nəhəngin  elmi  yaradıcılığını

işıqlandırmaq çox ağır məsələdir.

Ancaq biz onun axırıncı işlərinə toxunmaya bilmərik. Hal-hazırda onu rəqəmlərə deyil, sözlərə istinad edən

hesablama nəzəriyyəsinin işlənib hazırlanması düşündürür.

Belə hesablama texnologiyasında informasiya qranulyası kimi rəqəm və kodlardan deyil, söz və cümlələrlə

ifadə  olunur.  Belə  kompüterlərin  ən  adekvat  modeli  informasiyanı  təəssüratlar  əsasında  emal  edən  və  təxmini

məntiqi çıxarış qabiliyyətinə malik olan insan beynidir.

Bu yazının sonunda, biz, L. Zadənin həmkarları - nəinki onun çoxsaylı əsərləri ilə kifayət qədər yaxşı tanış

olan,  həm  də  son  illərdə  onunla  əməkdaşlıq  edənlər,  sizinlə  elm  dünyasının  əfsanəsi,  yaşayan  (Şükür  Allaha!)

klassiki ilə ünsiyyətdən aldığımız təəssüratların bəzi cizgilərini bölüşmək istəyirik.

O,  bəstəboylu,  zəif  bədənli,  ancaq  eyni  zamanda  çox  səliqəli  və  ciddidir.  O  saat  onun  xeyirxahlığı,

həmsöhbətinə qarşı yüksək diqqət və hörməti, qəribə təvazökarlığı - öz şəxsiyyətinin böyüklüyünə heç bir eyham -

bunlar  adamı  heyrətləndirir.  Ünsiyyətin  birinci  dəqiqələrində  Siz  onun  yüksək  ziyalılığının  və  cazibəsinin  əsiri

olursunuz.  Onunla  baxışlarınız  qarşılaşanda  başa  düşürsünüz  ki,  onun  gözlərində  dərin  ağıl  güzgüdəki  kimi  əks

olunur. Siz qeyri-iradi onun güclü intellektual cazibəsinin təsiri altına düşürsünüz.

Qərbin  məşhur  elmi  ədəbiyyatlarında  böyük  alimləri  şərti  olaraq  iki  kateqoriyaya  bölürlər:  Romantik

alimlər  və  klassik  alimlər.  Birincilər  ideyalar  generatoru  olmaqla  həyatı boyu  bir  sıra  orijinal  nəzəriyyələr  təklif

edirlər. Belə ki, onların hər biri 3-5 məqalə və ya kitab nəşr etdirirlər. Başqa sözlə, elm binasının əsasını qoyurlar.

Sonra bütün dünyanın minlərlə alimi bu binanı  tikib qurtarır.  İkincilər isə bu binaların  memarlarıdırlar və  bu  elm

binasını çox möhkəm və əsaslı tikirlər. Heç bir şübhə olmadan deyə bilərik ki, L. Zadə romantik alimdir. Təsəvvür

edin: Bir ömürdə - 5 fundamental nəzəriyyə.

Bütün  dövrlərdə  nəsillər  öz  fikir  titanlarını  minnətdarlıqla  xatırlayıb  və  xatırlayır.  Məsələn,  Almaniyada

Maks  Plank  institutu  məşhur  alman  fizikinin  adını əbədiləşdirmişdir.  ABŞ-da  Xolkin  institutu  var.  Belə  misallar

çoxdur.  Ancaq  biz  elə  bir  ikinci  alim  tanımırıq  ki,  sağlığında  həm  onun  adını,  həm  də  onun  işləyib  hazırladığı

nəzəriyyənin  adını  daşıyan  elmi  mərkəz  yaradılsın.  Bu  yaxınlarda  Berkli  şəhərində  (Koliforniya  Ştatı,  ABŞ)

informasiya texnologiyası üzrə institut yaradılıb -"Institute Zadeh - ZİFT. Həqiqətən, bəşəriyyət qarşısında dahinin




xidmətinə layiqli qiymətdir.

L.Zadə  ilə  ünsiyyətdə  olanda  biz  belə  bir  böyük  alimi  yetişdirən  torpaqdan  olduğumuz  üçün  iftixar  hissi

keçiririk.  İstər-istəməz  ümumi  tarixi  və  genetik  köklər  vasitəsilə  onun  fenomeni  ilə  şəriklik  qüruru  yaşayırsan.

Demək lazımdır ki, Azərbaycandan uzun müddət ауrı olmağına baxmayaraq, o, öz vətəninə incə məhəbbəti qoruyub

saxlayıb, onun elmi əlaqələri son illər nəzərə çarpacaq dərəcədə genişlənib və möhkəmlənib.

Xüsusilə  onu  qeyd  edək  ki,  o,  nəinki  böyük  bir  ruh  yüksəkliyi  ilə  Soft  Computing  və  qeyri-səlis  məntiq

müntəzəm  Beynəlxalq  Konfransların  keçirilməsi  təşəbbüsünü  qəbul  etdi,  hətta  dünyanın  müxtəlif  şəhərlərində

bizim rəhbərliyimiz və bilavasitə iştirakımız ilə keçirilən bu forumlarda həmişə iştirak edir.

Çox  məşğul  olması  və  gərgin  iş  rejiminə  baxmayaraq  O,  öz  həmyerliləri  ilə  görüşməyə  və  diskussiya

aparmağa, çıxış etməyə vaxt tapır, qiymətli məsləhətlər və tövsiyələr verir.

Bizə hələ indiyə qədər də Almaniyada keçirilən qeyri-səlis məntiq üzrə IV konfransmı (ICAFS-2000) unuda

bilmirik.  Bu  görüşdə  Azərbaycandan  olan  iştirakçılarla  Lütfi  Zadənin  görüşü  elmin  qələbəsinin  unudulmaz

bayramına çevrilmişdir. Ölkəmizdə alimin işlərini nəinki izləyirlər, həmçinin onun ideyalarını və işləyib hazırladığı

nəzəriyyələri  müvəffəqiyyətlə  inkişaf  etdirirlər.  Bu  məqalənin  müəllifinin  təşəbbüsü  ilə  Azərbaycan  alimləri  -

Zadənin elmi yaradıcılığının pərəstişkarları "Zadə irsi və süni intellekt" Assosiasiyasını yaratmışlar. Bu Assosiasiya

Zadə elmi irsini öyrənir, onu təbliğ edir, elmi seminarlar aparır, bununla Azərbaycan alimlərini Zadəyə, Zadəni isə

öz Vətəninə, Azərbaycana yaxınlaşdırır.

4 fevralda professor L. Zadənin 85 yaşı oldu. Böyük alimin yubileyinə Almaniyanın Zigen şəhərində 13-14

sentyabrda keçirilməsi qərarlaşmış İCAFS-2006 qeyri-səlis məntiq üzrə VII Beynəlxalq Konfrans həsr olunacaqdır.

Biz  bu  hadisəni  təntənə  ilə  qeyd  edəcəyik,  hörmət  və  dərin  ehtiramımızı  bildirərək  ustadı  şəxsən  təbrik  etmək

şərəfinə nail olacağıq.

L. Zadə, bütün ömrü elmi fədakarlığa nümunə olan parlaq və bənzərsiz alimdir.



Lütfi ZADƏ — 85

Dünya elminə töhfələr verən, həmyerlimiz Lütfi Zadənin bu il 85 yaşı tamam olub. Yubiley münasibətilə

"Elm və həyat" jurnalının kollektivi zəmanəmizin böyük aliminə təbrik məktubu göndərib.

Yubiley  ərəfəsində  dünyanın  demək  olar  ki,  bütün  ölkələrindən  saysız-hesabsız  məktublar  alan  Lütfi

Zadə kollektivin təbrikini cavabsız qoymayıb. Dünyaya göz açdığı doğma Vətənindən gələn təbriklərə həssaslıqla

yanaşan alimin cavab məktubunu oxucularımıza təqdim edirik.

Dear M.Akhundova:

I deeply appreciate your birthday greetings and the kind words in Russian. Please convey my sincere thanks

to the staff of "Science and Life". Baku and my friends in Baku occupy a very warm spot in my heart.

With my warmest regards.



Sincerely, Lotfı Zadeh

Tərcüməsi:

Əziz M.Axundova!

Mən sizin yubileyimlə bağlı rus dilində yazdığımız təbriklərinizi və xoş sözləri çox qiymətləndirirəm. Xahiş

edirəm,  mənim  səmimi  təşəkkürümü  "Elm  və  həyat"  jurnalının  əməkdaşlarına  çatdırasınız.  Bakı  və  Bakıdakı

dostlarımın mənim qəlbimdə xüsusi yeri var.



Ən xoş arzularla, hörmətlə Lütfi Zadə

Lotfı A. Zadeh

Professor in the Graduate School, Computer Science Division

Department of Electrical Engineering and Computer Sciences

University of California

Berkeley, CA 94720-1776



Director, Berkeley Initiative in Soft Computing (BISC)

Yüklə 205,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə