Els-müstəqil Araşdırmalar Mərkəzi



Yüklə 24,05 Kb.
tarix14.02.2018
ölçüsü24,05 Kb.
#27042

ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi www.els.az
Tel.: (012) 440 53 03; Faks: (012) 440 53 03; Mob.: (055) 655 04 58logo els.jpg

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu

20 sentyabr 2012 İradə Yaqubova

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq internet portalı resurslarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Mənəvi Sərvətimiz” adlı Uşaq İnternet Portalını yaratmışdır. Layihə çərçivəsində böyüyən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi üçün zəruri olan məlumat bazası yaradılmışdır. Bu günə www.meneviservetimiz.az (əlavə ünvan www. educult.az) ünvanında yerləşən Portalın Azərbaycan, rus və ingilis dillərində səhifələri tərtib edilmişdir. Burada Azərbaycanla bağlı tarixi, coğrafi, sosial-iqtisadi, institusional və digər məlumatlar, uşaq və gənclərə aid qanunvericilik bazası, “Asudə vaxtın təşkili” bölməsində uşaqların mədəni inkişafı üçün yaradılmış şərait, ölkəmizdə fəaliyyətdə olan uşaq yaradıcılıq kollektivləri barəsində hərtərəfli informasiyanın yerləşdirilməsinin məqsədi cəmiyyət üzvlərini, xüsusən də valideynləri uşaqların mədəni inkişafı üçün mövcud imkanlar barədə məlumatlandırmaqdır.



“Musiqi əsərləri” bölməsində mahnılar, rəqslər, opera və operettalar, simfonik, instrumental və vokal əsərlər qruplarında Azərbaycan bəstəkarlarının əsərləri ilə bərabər dünya musiqi inciləri də yer almışdır. Böyüyən nəslin mədəni tərbiyələndirilməsi sahəsində bu günə mövcud problemlərdən biri kimi notların olmamasını nəzərə alaraq Portalda uşaq mahnılarının səslənməsi, yüklənilməsi ilə bərabər notlar və mətnlər də yerləşdirilmişdir. Olk dəfə olaraq Azərbaycan Respublikasının Dövlət Himni uşaqların ifasında səsləndirilmişdir. “Ədəbi əsərlər” bölməsində atalar sözü, klassik və çağdaş dövrlərə aid Azərbaycan və dünya yazarlarının nəsr və poeziya nümunələri yerləşdirilmişdir. Burada Azərbaycan dilində nağıllar, hekayələr və şeirlər bazası, “İlk qələmlər” bölməsində isə ədəbiyyat sahəsində ilk addımlar edənlər üçün yazılarını təqdim etmək imkanı yaradılmışdır. Rus və ingilis səhifələrində isə Azərbaycan yazarlarının əsərlərinin tərcümələri yerləşdirilmişdir. “Faydalı linklər” bölməsində kitabxanalar, muzeylər, teatrlar və rəsm qalereyası, “Nəşrlər” bölməsində isə incəsənət sahəsində nəşr olunmuş ədəbiyyat barədə məlumatlar yerləşdirilmişdir. Eyni zamanda statik məlumatlarla bərabər burada ölkəmizin mədəni həyatında, xüsusən də uşaqlarla bağlı baş verən hadisələr, tədbirlər, nailiyyətlər əksini tapacaq, həmçinin bu sahədə dünyada baş verənlər izlənilir. Beləliklə, bu gün uşaqlar, valideynlər, uşaqlarla işləyən peşəkarlar və hər bir vətəndaşa maraqlı və faydalı olan Portal fəaliyyətinə başlamışdır. Beləliklə, bu gün uşaqlar, valideynlər, uşaqlarla işləyən peşəkarlara və hər bir vətəndaşa maraqlı və faydalı olan və uşaqlarımızın mədəni hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına xidmət edən Portal fəaliyyətə başlamışdır. Eyni zamanda ELS “Mənəvi sərvətimiz” silsilə görüşlərə cari ilin iyul ayının 19-da gənclərin şair Vahid Əzizlə görüşü ilə start vermişdir.

Bugünkü uşaqların sabah ölkəmizi idarə edən, cəmiyyətimizin fəal üzvü olanlar, gələcək nəsli yetişdirən olacağını nəzərə alaraq "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ilin yanvar ayından “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəyə ictimai əsaslarla başlamışdır. Layihə çərçivəsində gənc nəslin vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması üçün ilkin olan mədəni tərbiyələndirilməsi sahəsində yaradılmış şərait, mövcud vəziyyət və problemlər araşdırılmış, monitorinqlər və rəy sorğuları keçirilmiş, alınan nəticələr əsasında təkliflər hazırlanmışdır. Araşdırmalar 4 Dəyirmi Masada aidiyyətli dövlət qurumları və ictimaiyyətin iştirakı ilə müzakirə edilmişdir, ölkə Prezidentinə təkliflərlə 3 müraciət edilmişdir ki, burada yetişən nəslin mədəni inkişafına yönəlmiş qanunların qəbulu, Dövlət Uşaq televiziya kanalının açılması, Müstəqil təşəbbüslərə Dövlət Dəstəyi Fondunun yaradılması və digərləri olmuşdur. Araşdırmaların mövzuları kimi uşaqların mədəni inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən musiqi əsərləri (xüsusilə də, uşaq mahnıları), ölkə telekanallarında yayımlanan uşaq verilişləri, internetin imkanları və digərləri olmuşlar.

Mərkəz mövcud qanunvericilikdə uşaqlara dair müəyyən boşluqların olduğunu nəzərə alaraq təkliflər irəli sürmüşdür. Bunlardan biri 2011-ci ilin aprelin 02-də ölkə Prezidentinə uşaqların və yeniyetmələrin mədəni və mənəvi tərbiyələndirilməsinə yönəldilmiş “Uşaq Siyasətinə dair Milli Strategiya”nın işlənilməsi və geniş ictimai müzakirəsi və bu məqsədlə müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçilərni cəlb etməklə Koordinasiya Şurası və ya İşçi Qrupun yaradılması təklifi olmuşdur.

Növbəti mərhələdə bilik mənbəyi olan, dünyagörüşünü genişləndirən, ünsiyyət bacarığını aşılayan, söz ehtiyatını artıran və sair imkanlara malik kitab mütaliəsi ilə bağlı araşdırmalar aparılmışdır. Monitorinqlər uşaqlar üçün ədəbiyyatın çox az yerdə satıldığını, satış yerlərinin kitab mağazaları və bəzi iri marketlərin olduğu, kitabların əsasən 500 nüsxədə buraxıldığını göstərdi. Belə olduğu halda satışda olan çap məhsulları oxucular ordusunun artmasına təsir göstərmək iqtidarında deyil.

Kitabla təmasda bu gün həmçinin dövlət kitabxanalarında da mümkündür. Bu gün Azərbaycanda 3883 kitabxana fəaliyyət göstərir ki, bunların 102-si uşaq kitabxanasıdır. Eyni zamanda ölkəmizdə mövcud olan 4516 orta təhsil məktəbinin kitabxanalarını da nəzərə alınmalıdır. Kitabxanalar zəngin kitab fonduna malikdirlər. Burada kitab bayramları, oxucularla görüşlər və sair tədbirlər keçirir ki, bu da kitabın təbliğinə xidmət edir. Lakin rəsmi statistikaya əsasən kütləvi kitabxanaların oxucularının sayı 2000-ci ildən 2011-ci ilə 12,4% azalmışdır. Maraqlısı odur ki, azalma əsasən şəhər oxucularının hesabına baş verir. Belə ki, səhər yerlərində oxucuların sayı 24,8%, kənd yerlərində isə 9,6% azalmışdır.

Ümumiyyətlə, bu gün kitaba, bədii ədəbiyyata gənclər arasında münasibət necədir? ELS Bakı və Sumqayıt şəhərlərinin 8 ali təhsil ocağının 221 tələbələri arasında bədii ədəbiyyatın mütaliəsi və kitabxanalardan istifadə ilə bağlı rəy sorğusunu keçirmişdir. Tələbələr ona görə seçilmişdir ki, onlar digər həmyaşlarına nisbətən kitabla daha çox təmasda olan və təhsil səviyyələrini artırmaq niyyətində olanlardır. Bədii əsərin seçimi zamanı rəyi soruşulanların 21,6%-i – məhəbbət romanları, 17,5%-i – macəra, detektiv, 14,3%-i – tarixi, 13,4%-i – müasir həyat haqqında, 7,6%-i – nağıllar, 7,4%-i – fantastika, fentezi, 6,1%-i – yumor, 5,6%-i – poeziya, 3,2%-i – idman, 2,5%-i – yaşıdları haqqında mövzulara üstünlük vermişlər. Yalnız 0,8% respondent onlar üçün fərqi olmadığını demişlər. Bədii ədəbiyyatın hansı formatına üstünlük vermələrinə gəldikdə çap formatını 79,6%, İnternetdən oxumağı isə 20,4% qeyd etmişlər.

Kitabsevərlər bədii ədəbiyyatın insana dünyagörüşünü artırmaq, məlumatlandırmaq (38,3%), söz ehtiyatlarını və nitq imkanlarını zənginləşdirmək (36,4%), digərləri ilə ünsiyyət qurmaq bacarığına və həyat təcrübəsinə yiyələnmək (11,2%), kamilləşmək və zehni inkişaf etmək (9,3%) və digər imkanları (4,8) bəxş etdiyini vurğulamışlar.

Lakin mütaliəyə gəldikdə tələbələrin 10,6%-i tez-tez, 32,8%-i hərdən bir bədii əsərlər oxuduğlarını, 56,6%-i isə ümumiyyətlə bu növ ədəbiyyatı oxumadıqlarını demişlər. Kitabla arabir təmasda olanlar bunu asudə vaxtın məhdudluğu ilə izah etmişlər. Bədii əsərlərə öz həyatlarında yer verməyənlər isə vaxtın azlığı (56,8%), mütaliədən xoşlarının gəlməməsi və ümumiyyətlə maraqlarının olmaması (33,8%), buna ehtiyac duymadıqlarını (9,4%) kimi səbəbləri qeyd etmişlər. Mütaliəyə ehtiyac duymayanlar əsasən bədii əsərlərdə göstərilənlərin real həyatdan xeyli fərqləndiyi və oxucunu səhv yönəldən bir amil olduğunu və buna görə də hər bir insanın öz düşüncəsinə görə hərəkət etməsi qənaətində olmuşlar. Onlar bədii ədəbiyyata yalnız peşə fəaliyyətlərində lazım olduqda müraciət edəcəklərini bildirmişlər. Maraqlısı odur ki, oxumağı sevməyənlərin 67,8%-i uşaqlıqda valideynlərinin onlara nağıl danışmalarını və ya kitab almalrını yaddlarına sala bilməmişlər. Beləliklə nəticəyə gəlmək olar ki, uşaqlıqda mütaliəyə həvəs vərdişi yaranmadığından böyüyəndə də nəsr və poeziyaya ehtiyac yaranmır.



Mütaliəyə marağın azalması və bunun acı fəsadlarını çəkən dar dünyagörüşlü, ünsiyyət qurmaqda və fikrini bildirməkdə çətinlik çəkən gənc nəslin araya çıxması bu gün dünyanda qlobal problemə çevrilmişdir. Belə gənclər daha tez təsir altına düşür, öz potensialını tam aça bilmirlər, ünsiyyət qurmağı və konsensusa gəlməyi bacarmırlar. Bu isə öz növbəsində güclü vətəndaş cəmiyyətinin formalaşmasına mənfi təsir göstərərək dövlətin inkişaf potensialını zəiflədir.

Beləliklə, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi gənc nəslin vətəndaş cəmiyyətinin kamil və layiqli üzvləri kimi yetkinləşməsində mədəniyyətin müstəsna rolunu qeyd edərək bu gün uşaqlarımızın mədəni-mənəvi tərbiyələndirilməsində ciddi dönüşün yaradılmasında dövlət qayğısının gücləndirilməsi və vətəndaş cəmiyyətinin xüsusən də ictimai təkilatların bu prosesə fəal qatılmasını zəruri hesab edir.
Yüklə 24,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə