Elşad Xaqan Satiralar,qəzəllər və müxtəlif şe`rlər



Yüklə 254,66 Kb.
tarix25.06.2018
ölçüsü254,66 Kb.
#51414

d:\foto\sarvan\elshad xaqan\elsad xaqan\298786_220113001450509_732098748_n.jpg

Elşad Xaqan

Satiralar,qəzəllər

və müxtəlif şe`rlər

Qəzəllər

1

*************************************************

Dərgahdə ən ali bir adəmdi Muhəmməd,
Çünki səbəbi-xilqəti-aləmdi Muhəmməd.

Nurundan Onun xəlq olunub hamı nəbilər,
Haq nurudu ,Peyğəmbəri-Xatəmdi Muhəmməd.

Alim və kərim Tanrının ən sevdiyi bəndə,
Elmin şəhəri adlanır,əkrəmdi Muhəmməd.

Hər kəs ki,Əlini sevə gər canü könüldən,
Yalnız ona aşiq,ona məhrəmdi Muhəmməd.

Var yanğısı qəlbimdə elə eşqin,ey Elşad,
Tək çarədi bu yarəyə,məlhəmdi Muhəmməd.

2

**********************************

Şəhri-elmin qapısı,xilqətə movladır Əli,
Mülki-imanə ağa,şiri-Təaladır Əli.

Sevsə hər kimsə onu,Xaliqi-Sübhanı sevər,
Nuri-peyğəmbərimizdən ki təcəlladır Əi.

Eləyib qibtə onun qüvvətinə ləşkəri-dəhr,
Həmi əxlaqidə,gör bir,necə zibadır Əli.

Dini-islamə çıxıb ləşkəri-kafər qarşı,
Zülfüqarın gücünə dinimiz inşadır,Əli.

Atəşi-eşqi yanar sineyi-möminlərdə,
Dəhrə istəkli olan şuxi-dilaradır Əli.

Elşad acizdi qıla vəsfini ol mövlanın,
Gər yazıb bir neçə qətrə,dəxi dəryadır Əli.

3

*************************************************

Ucalıb ərşə bu gün Zeynəbimin əfğanı,
Vəsli-cananə yetib Kərbübəla sultanı.

Külək ah çəkdi,bulud etdi rəvan göz yaşın,
Gər yəzidin,niyəsə,sızlamadı vicdanı.

Yetirib qətlə peyəmbər nəvəsin,vay olsun!
Bu həmin dəstədi ki,nizələyib Qur`anı.

Burda cananı üşün aşiqi can tapşırdı,
Buradır Kərbübəla,əhdü vəfa meydanı.

Az qalıbdır çıxa gün,yer də səma tək aldır,
Boyayıb hər tərəfi ibni-Əlinin qanı.

Həqq şəhidlik ona əmr etdi,o hüccətsə,dedi:
-Gərək,aşiq edə dildarı üçün ehsanı.

O,şəhidlər ağası,ibni-Əlidir,Elşad,
Zalıma düşmən olub,zülmə edib üsyanı.



4

**********************************




Ey aşiqi-həq,vəslə amadə,Hüseynim vay!
Ey təşnə verən canın səhradə,Hüseynim vay!

Möminlər üçün mövla,Zəhra gözünün nuri,
Ey ibni-Şəhi-Mərdan,şəhzadə Hüseynim vay!

Şövq ilə verib canın,vəsl içrə tapan rahət,
Ey cövr çəkən zalım dünyadə,Hüseynim vay!

Hər gün bizə Aşura,həm Kərbübəla hər yer,
Eşqinlə gələr aşiq fəryadə: " Hüseynim vay! "

Miskin ,qara bir quldur,Xaqan sənə nokərdi,
Həm dəhrdə şahım,həm üqbadə,Hüseynim vay!

5

****************************************

Tutasan bir yol əgər dini-Xudadan qeyri,
Bir xeyir gözləmə aləmdə fənadan qeyri.

Bağlanıb durma bu dünyaya,könül,qovğadır,
Bir nəbi çəkmədi dünyada cəfadan qeyri.

İmtəhandır bu cahan,gəlsə bəla hər yandan,
Bəndə oldur ki,deməz həmdü sənadan qeyri.

İntizarın nə qədər çəksə də istəklisinin,
Eyləməz aşiq olan mehrü vəfadan qeyri.

Tut Əlinin ətəyin,həşr günü,ey Xaqan,
Yoxdur ümmid yerin Ali-Əbadan qeyri.

6

******************************


Sığmayan aləmlərə xeyli günahim var mənim,
Rəhmi çox cümlə günahımdan İlahim var mənim!

Cahiləm,dünyapərəstəm, üç gün işrətdən yana
Daima qəmlər verən nəfsim,tamahim var mənim.

Hər nə qəm yetmiş mənə,yersiz qürurumdan yetib,
Həq bilir,yerdən göyə qəmlər siyahim var mənim.

Ah çəkdim,etmədim tövbə,günahimdən həzər,
Ah kim,dərk etmədim,neyçün,bəs ,ahim var mənim!

İndi sərgərdan qalıb,Elşad günahından qaçır,
Hər günahimdən,Xuda,sən tək pənahim var mənim!

7

**************************

Günü gündən çoxalan şöhrəti var Xəlqimizin,
Xəlqlər içrə böyük hörməti var xəlqimizin.

Hər dəm insanlıq ilə ad elədik aləmdə,
Çünki əxlaqı kimi zinəti var xəlqimizin.

Hələ bir zalıma biz qəddimizi əyməmişik,
Zülmə üsyan eləmək adəti var xəlqimizin.

O gün olsun yenə fəxr ilə deyək hər yerdə :
-Qarabağ adlı gözəl cənnəti var xəlqimizin !

Qəm yemə,ismivi,ölsən,yaşadar,ey Xaqan,
Qəzələ,şe`rə böyük rəğbəti var xəlqimizin.

8

****************************

Aşiqi,sandı,fəğan eyləyəcəkdir,baxarıq !
O gül öz könlünü qan eyləyəcəkdir,baxarıq !

Ey könül ,səbr elə bir müddət, ona yalvarma,
Yarəvə çarə zaman eyləyəcəkdir, baxarıq !

Sanır, ay hüsnünü gördükdə pərişan olacam,
Qarə zülfün yenə yan eyləyəcəkdir, baxarıq !

Məni öz saxta qürurunla dəyişdin,getdin.
Kim bu sövdadə ziyan eyləyəcəkdir,baxarıq ?!

İndi biganə nəzər saldığın Elşad Xaqan
Yenə qəlbində məkan eyləyəcəkdir,baxarıq !

9

****************************


Dərdimi dəf` eləməkçün nə gözəl fürsət imiş,

Bir də ver,saqi,şərab əhli-qəmə şərbət imiş.

Məst aşiq,dedilər,xeyli cəsarətli olar,
Məst gəldim sənə,bildim bunu,boş söhbət imiş.

Gözü yollarda qalıb aşiqivin günlərdir,
Ay cəmalın,demə,biganələrə qismət imiş.

Yaxşı ağlatdı məni,halıma biganə gülə,
Bu da nazəndə gözəllərdə əcəb adət imiş.

Sən Xudadan diləmə cahi-cəlal,ey Xaqan,
Ki, bu dünyadə fəqir olmaq özü sərvət imiş.

10

*******************************

Jalə tək al yanağından tər axıb fəsli-bahar,
Ancaq hüsnünlə öyünmə,gözəlim,güldə də var.

Lazım olmaz,tuta meyxanə yolun,məst gözün,
Əqlini başdan alar,aşiq olar məstü xumar.

Nə gözəlsən ki,sənə kölgə belə aşiqdir,
İşi arxanca sürünmək olub hər gün ,ey yar!

Vermək üçün sənə mehrin yerə gün göydən enər,
Əyilər səcdəyə ay hüsnün önündə,dildar!

Səni vəsf eylədi Elşad qəzəlində,ey dost,
Fikri əxlaqıva aşiqliyin etmək izhar!

11

***********************


Vardı qəlbimdə məhəbbət sənə əvvəlki kimi,
Çəkirəm,sevgilim,həsrət sənə əvvəlki kimi.

O qara zülf xəyalıyla keçirdim gecələr,
Bağlıyam,ey gözəl afət,sənə əvvəlki kimi.

Niyə narazı olam,naz elə ki,eşq budur,
Ola minnət mənə,şöhrət sənə əvvəlki kimi.

Hər zaman türfə gözəllər bu təbiət yetirir,
Yoxdu bir gül ola nisbət sənə,əvvəlki kimi.

Əhdü ilqarı qoru,yüz bu qədər cövr eləsən,
Göstərim mən də dəyanət sənə əvvəlki kimi.

Döndü məndən üzün,ey gül,yenə,əğyar işidir,
Şər xəbər çatdırıb,əlbət,sənə əvvəlki kimi.

Necə,əvvəlkisən əhdində,mənim sultanım,
Vardı Xaqanda sədaqət sənə əvvəlki kimi.

12

******************************



Nə qəm çəkim ki,əgər sən tək əhli-nazım ola,
Qəmim min olsa da,hal əhli sərvnazım ola ?!

Yolunda mən sənin olmaz bəlaya səbr etdim,
Bir an usanmadım.Olmuşmu, e`tirazım ola ?!

Nigarım olmasa gər, mən bu canı neyləyirəm ?!
Təki, yolunda o yarın bu can güdazım ola!

Mənim də vəsfi üçün bu vətən gözəllərinin
Həm azca təb`im ola, həm bir az məcazım ola!

Vəfasıza, gəl, ey Elşad, bu canı etmə fəda,
Vəfalı dilbər üçün saxla, bəlkə, lazım ola !



13

******************************



Tanrıdan istədiyim nazənin afətdir bu,
Sinə mərmər kimi,bel incə,qiyamətdir bu.

Saqidir,meydi,mənəm,bir də gözəl cananım,
Yoxdu bir kimsənə,zövqümcə ziyafətdir bu.

Ay ilə gün ötüşürsə gecə-gündüz,yox əcəb,
Səni seyr etmək üçün adi rəqabətdir bu.

Döndərib gülşənə bu sinəmi hər qəmzən oxu,
Olum ol qəmzəyə qurban,nə kəramətdir bu?!

Çox öyünmə,yanağın lalədi,zalım olma,
Gələr ömrün payızı,fani təravətdir bu.

Vəslə yetməkliyin,ey yar-dedim-sirri nədir?
Dedi:- Həsrətlə sədaqətdən ibarətdir bu.

Lalə tək qan axıdan sinəmizin dağın o gül
Sorsa ,Elşad,de ki,hicrandan əlamətdir bu.

14

*****************************



Məclisi-eyşə ki,yarım götürüb badə,gələr,
Elə bil,baği-behişt içrə pərizadə gələr.

Qəsdi istəklimin,ey dil,çox ola,bir candır,
Təki,gəlsin,yeri var,hər nə təmənnadə gələr.

Bunca ah çəkməyimin hicrin olubdur səbəbi,
Necə,bülbül gülünü görməsə,fəryadə gələr.

Sübhdən şamə kimi hüsnü gələr xatirimə,
Gecədən sübhə kimi surəti röyadə gələr.

Nazü qəmzəylə gəzən çoxdu gözəllər,Xaqan,
Varam öz sevgilimə,sadə gedər,sadə gələr.

15

******************************



Sevgilim,aşiqini şad eləsən,yaxşı olar,
Dili-viranını abad eləsən,yaxşı olar.

Məni səndən eləməkdir bu rəqibin fikri,
Məni dilşad,onu naşad eləsən,yaxşı olar.

Mən vüsal xəstəsiyəm,dərdə əlacım səndə,
Ey təbibim,mənə imdad eləsən,yaxşı olar.

Nazəninlər çoxu cövr əhli olub tarixdə,
Əhdü ilqarın ilə ad eləsən,yaxşı olar.

Can evim ruhuma hicrində sənin zindandır,
Yetirib vəslinə azad eləsən,yaxşı olar.

İntizarın çəkir aşiq ay üzün günlərdir,
Fürsət olduqca,onu yad eləsən,yaxşı olar.

Eşq fəndin sənə tədris eləyib Xaqani*,
Sən də tətbiqini,Elşad,eləsən,yaxşı olar.

*Ustadım Xaqani Əmini

16

************************

Mey ola,xəlvət ola,laləyanaq afət ola,
Yalvaram,naz eləyə,xoşdu,əgər qismət ola!

Fani dünyada mənim başqa təmənnam yoxdur,
Bir vəfadar ilə ta məşhərədək işrət ola!

Can deyib,can eşidək,şən keçə beş günlük ömür,
Nə bir inciklik ola,ah,nə bir həsrət ola!

Bu yazıq canım ola qəmzələrin qurbanı,
Təki,sən istəyəsən,səndə bu cür niyyət ola!

Baxıb əğyar mənə etdi təmənna vəslin,
Sən mənim canımı al ki,ona da ibrət ola!

Can verib,kam alasan,Elşad,əcəb sövdadır,
Yar ola,bir mən olam,gözdən uzaq,xəlvət ola!



17

***********************

Nə zaman ki,gözəlim,gül üzüvü yad elərəm,
Xəstə bülbül kimi yüz naləvü fəryad elərəm.

Qəm deyil,vəslivə yetməzsəm əgər,ey şəm`im,
Nolar?!Hicranıva yansam da,yenə ad elərəm.

Bağrı daşdır onun,əfğanım ona kar etməz,
Yar bir dadıma yetməz,nə qədər dad elərəm.

Cümlə dərd əhli bilib dərdimi təskin tapdı,
...İndi dərd əhlinə dərdimlə mən imdad elərəm.

Dedim:-Ey yar,bu can oldu əsir hicrində,
Yetirib vəslə -dedi- vəqt olar,azad elərəm!

Hüsni-Şirini görən ah ilə min dağ çapar,
Ol səbəb,yar demiş : -Aləmi Fərhad elərəm!

"Məni öldürdü qəmin"- yarə xəbər göndərdim,
Dedi : - Səbr eyləsin Elşad,ola ki,şad elərəm!



18

************************

Bir gül eşqində bu biçarə könül qan oldu,
Mənə yar olmadı,biganəyə canan oldu.

Baxdım heyrətlə onun hüsnünün ayinəsinə,
Gördü heyranlığımı,yar özü heyran oldu.

Özgə kam aldı,gülüm,bəxtimə hicran düşdü,
Məni xar etdi bu sevda,işim əfğan oldu.

Kim ipək saçlara,ay hüsnünə mehrin saldı,
Günü xoş keçmədi,əhvalı pərişan oldu.

Artırar izzətini səbr ilə ,Elşad,bəndə,
Necə ki,Misrdə şəh Yusifi-Kən`an oldu.

19

****************************



Eşq əhli üçün ətrivi verməz,çiçək olsun!
Bu hüsndə olmaz sənə bənzər,mələk olsun!

Bədxah olasan,sevgilim,insanlığa ziddir,
İnsanda,gərəkdir ki,xoş arzu,dilək olsun!

Pərvanəlik etdinsə təmənna,könül,hərgah,
Eşq atəşinə yanmağa tabın,gərək,olsun!

Yarın sözün,ey dil,çalış,əğyarə danışma!
Söz saxlamaz ağzında o,məndən demək olsun!

Bir qəmzəyə min can alana könlüvü verdin,
Elşad,nə deyim mən?!Sənə Allah kömək olsun!

20

******************************



Ol yar gedib qeyrilə həmxanədir indi,
Əvvəl mənə canan idi,biganədir indi.

Məstanəliyim eyb sanan kəs səni gördü,
Qəflətdən ayıldı,yeri meyxanədir indi.

Qəddim büküb,əzdin məni,pis günlərə saldın,
Fikrin,de görüm,ey üzü ziba,nədir indi ?!

Sən gül tək ömür bağına varınla bəzəkdin,
Sənsiz,elə bil,qəlb evi viranədir indi.

Bir Leyli ki zülfündə əsir olmuşam,Elşad,
Məcnunu mənəm əsrin,ol əfsanədir indi.

21


Satiralar və
müxtəlif şe`rlər


22

***************************

Həyat



Bə`zən olur müşkülümüz,
Keçir hərdən xoş günümüz,
Həyatımız,sanki,dəniz,
Sakit olur,dalğalanır.


Çox qəlizdi həyat,qəliz !
Oğulsan ,ömr eylə təmiz !
Qoyur hərə bir cürə iz,
Yaxşı,ya pis xatırlanır.

İşləyir,tər tökür biri,


Səfasını çəkir biri,
Biri ağac əkir,biri
Kölgəsində daldalanır.


Əyri olma,düz dur-otur,
Ömrü başa şərəflə vur,
Elşad Xaqan,kişi odur,
Sağkən rəhmət,ad qazanır !






23

*************************



DEYİL

Şərəfsizlik adət edən,
Hörmətsizə hörmət edən,
Şeytanlığı sən`ət edən
Haqqa tərəf gələn deyil !


Meyli şərə salan ki var,
Ə`fi kimi çalan ki var,
Zatı xarab olan ki var,
Dirəşmə ,düzələn deyil !


Nökər,ağa, hər kim ola,
Əgər dərdə məhkum ola,
Qəlbə kədər hakim ola,
Bir yol üzün gülən deyil !


Köməksizə ,var nə gücün,
Eylə kömək,Haqqı düşün,
Hər işi gör savab üçün,
Çox da qədir bilən deyil !


Elşad Xaqan,söylə düzü,
Olar vəkil Haqqın özü,
İlan,məsəl var ,ulduzu
Görməyincə,ölən deyil !


24

*****************************


Bə`zi hacılar

Yaxşı reklam idi bu həcci ziyarət, ay həci !
İndi hörmətlə çəkir adıvı millət, ay həci !

Keyf elə,ömr qısa,dərd kalan,can suludur,
Sonra qalmaz kef üçün cismdə taqət ,ay həci !

Heç ərinmə,heç utanma, əşi ,keç,başda otur,
Harda olsa mey olan şanlı ziyafət, ay həci !

Al, həci pivəsin iç ,bir həci nazəndə ilə
Sübhədək keyf elə,qur məclisi-işrət ,ay həci !

Tövbə eylərsən,hələ vaxtıva var,azdı yaşın!
Nə şəriət, nə itaət ,nə ibadət, ay həci ?!

"SMS"-dən döşə,verlişdə manıs "cırsın özün" :
- Sənə alqış! Sənə URRA! Sənə rəğbət, ay həci !

Bizə hərdən ilişir, zəhlə tökür, vermə fikir!
Kimdir Elşad,ona kimsə edə diqqət, ay həci ?!



25


***************************


Ölmək istəmirəm !

İstər qoca ,istər cavan,
Əcəl,kimə verdin aman ?!
Doymamışam bu dünyadan,
Hələ ölmək istəmirəm !

Yaşayır,ta ki,hər bəndə,
Tab gətirir ruh bədəndə,
Yorularam bir gün mən də ,
Hələ ölmək istəmirəm !

Fanidir ,hər kəs gedəcək,
Yaranan bir gün öləcək,
Mənimçün də vaxt gələcək,
Hələ ölmək istəmirəm !

Ölüm acı dadır ,axı !
Vahimə yaradır, axı !
Gözüm arxadadır, axı!
Hələ ölmək istəmirəm !

Əbədidir Allah ,təkdi !
Əgər əcəl hücum çəkdi,
Axmaq arzu,şit istəkdi :
“Hələ ölmək istəmirəm ! “

İstəyirdim hərdən, ölüm,
Sanki, düşdü,göydən ölüm,
Kim ölmək istər,"mən ölüm" ?!
Hələ ölmək istəmirəm !



26


***********************



Sadəcə,gəl, sevək ....

Nöqsan çox olsa da ,sevgilim ,məndə,
Səhvə yol verirsən,olur ki,sən də,
Yox fani dünyada kamil bir bəndə,
Sadəcə,gəl,sevək bir-birimizi.

Çalışaq,bu dəfə hər ikimiz də
Sındıraq qüruru öz içimizdə,
Gəl,nöqsan gəzməyək bir-birimizdə,
Sadəcə,gəl,sevək bir-birimizi.

İnciklik,qoy,qalsın dünənimizdə,
Çox gəncik,bir ömür var önümüzdə,
Yaxşı günümüzdə,pis günümüzdə,
Sadəcə,gəl,sevək bir-birimizi.


27

*****************************************

KİŞİLƏR

Gəl,kişilərdən danışım,
Xeyli bəla çəkdi başım.
Mərd ola dostum,tanışım,
Neyləyirəm varım ola?!

Var kişi,bir cüt dişi var,
Ancaq halalnan işi var.
Al-ver edən çox kişi var,
Mənliyini satdı pula.

Üzdə kişi hər kişidi,
Yaxşı kişi ər kişidi,
Əhli-riya şər kişidi,
Yolda qoyar,çıxma yola.

Fürsət hər an düşməz ələ,
Elşad,əcəl var,tez elə,
Bir qala tik ki söz ilə,
Tarix ola,yadda qala!



28


****************************************

MƏDDAH

Mədh elə,könlün diləyir hər kimi,
Mə`muru,ya rüşvət alan hakimi,
Batili haq,haqqı da batil kim,
Çox sağ ol,əntiqə yazırsan,"qədeş" !

Yoxdur icazə,yolumuz bağlanıb,
Düz danışan varsa,dili dağlanıb,
Biclik edib,dövlətə yaltaqlanıb,
Sən qonarar-zad da alırsan,"qədeş".
Çox sağ ol,əntiqə yazırsan,"qədeş" !

Sən ki,müsəlman idin,olmaz belə!
Hansı kitabda yazılıbdır elə?!
Allahı inkar eləyib,heykələ 
Tə`zim edirsən,utanırsan,"qədeş"?!
Çox sağ ol,əntiqə yazırsan,"qədeş" !

Vardı sənə dəstək olan çox adam,
Sən kimi yaltaq,ikiüz,həm avam,
Qorxmayaraq Tanrıdan,azdın tamam,
Bəndəçilik daşın atırsan,"qədeş" !
Çox sağ ol,əntiqə yazırsan,"qədeş" !

Gəl,verim,istərsən əgər,məsləhət,
Düz yola dön,eyləmisən bir qələt!
Yaltaq olanlar nə balıqdır,nə ət,
Bəs,özüvü sən nə sanırsan,"qədeş" ?!
Çox sağ ol,əntiqə yazırsan,"qədeş" !

29

******************************************

Əsgər məktubu



Balanın qiymətin tək ana bilər,
Balasız o,çətin, danışıb-gülər,
Başımın üstündən yağır güllələr,
Sən sinəni dağlama,gəl ,ay ana!

Oğlun yazır məktubu səngərindən,
Düşməz adın bir an belə dilindən,
Gəlsə əcəl,alsa məni əlindən,
Mənimçün yas saxlama,gəl ,ay ana!

Açdı fələk başıma min bir oyun,
Ağlamayın,qəm-kədərə sədd qoyun,
Etməlisən oğul toyun,qız toyun,
Qarə yaylıq bağlama,gəl, ay ana!

Yoxluğum atama,qoyma,bilinə,
Dindir onu,şəkər qatıb dilinə,
Qurban olsun yüz əsgər bir telinə,
Sən mənimçün ağlama,gəl, ay ana!

30


**********************************

Dəyişibdir

Yatma,a kişi,çün daha dövran dəyişibdir,
Sən gördüyün ol Azəribaycan dəyişibdir.

Əsgər apararlar səni,ol gözdə-qulaqda,
Gizlən bacarırsan nə qədər,tində-bucaqda,
Axmaqdı,-"Vətən!!!"-söylədi kim getdi qabaqda,
Bayquş ulayır indi Laçında,Qarabağda,
Əvvəllər idi cənnəti-rizvan,dəyişibdir.
Yatma,a kişi,çün daha dövran dəyişibdir.

Gəl,sən də qoşul,bizlər ilə ömr elə cəmdə,
Keyf eyləginən,gəzməginən dərddə və qəmdə,
Əşşi,qoruyan ismət,abır kimdi bu dəmdə,
Qızlar dəyişib oğlan olubdur,kişi,həm də
Qız cildinə girmiş,neçə oğlan dəyişibdir.
Yatma,a kişi,çün daha dövran dəyişibdir.

Məğlub çıxacaq Elşad ədalət savaşından,
Vursun,nəyə lazım,hər ötən şillə başından,
İşlət başıvı,qalma geri dost-tanışından,
Bəlkə,verə ənam sənə,puldan,ya maşından,
Yaz,tərif elə rəhbəri,dastan dəyişibdir.
Yatma,a kişi,çün daha dövran dəyişibdir,
Sən gördüyün ol Azəribaycan dəyişibdir.

31


********************************

MOLLA ƏMİ (bə`ziləri)

Nə gözəl,keçsən axund məscidə gər!
Qutu qoy,nəzr eləyən var o qədər,
Yığılan pul hələlik bəs eləyər.
Nə şəriət, nə Quran,molla əmi?!

Şam'adək tab eləmir mədən əgər,
İkradan bol nuş elə sübhi-səhər,
İftarın vaxtı çatıb,süfrəni sər!
Nə iqamə,nə azan molla əmi?!
Nə şəriət, nə Quran,molla əmi?!

Aha,səs salma,ölən var,deyəsən!
Gedəsən yağlı plovdan yeyəsən.
Sən yetim fikri nəcür cəmləyəsən?!
Buğlanır yağlı qazan molla əmi.
Nə şəriət, nə Quran,molla əmi?!

Düz olan düzdə qalıbdır,ay ağa,
Bəxt açıb,cadu elə,get qabağa,
Fars dilində yaz "anekdot" varağa.
Əşi,kimdir baş açan,molla əmi?!
Nə şəriət, nə Quran,molla əmi?!

Elə yatmış ki,çətin,xalq oyana,
Dəli derlər oyanıb,səs salana.
Kim gəlibdir o tərəfdən bu yana,
Nə sual-sorğu,mizan,molla əmi?!
Nə şəriət, nə Quran,molla əmi?!

32

*************************

Nə üçün gəlmişdin,niyə gedirsən?!

Mənə sədaqətdən nağıl söyləyən!
"Sənsiz yaşamaram,ölərəm"- deyən!
Nə oldu,gedirsən?!Həyatıma sən
Nə üçün gəlmişdin,niyə gedirsən?!

Həyatda çox şeyi sənlə öyrəndim,
Sevib,sevilməyi sənlə öyrəndim,
Necə ki gülməyi sənlə öyrəndim,
Mənə ağlamağı sən öyrədirsən.
Nə üçün gəlmişdin,niyə gedirsən?!

Tanıya bilmirəm,çox dəyişmisən.
Mən könül verdiyim həmən kəsmisən?!
Bir zaman sən mənə çox öyrəşmisən,
İndi mənsizliyə vərdiş edirsən.
Nə üçün gəlmişdin,niyə gedirsən?!

"Mənlə birgə danış,gül"- deməmişdim,
"Mənimlə sevgini böl"-deməmişdim,
Mən ki-"həyatıma gəl"- deməmişdim.
Gəlib,məhəbbəti əsirgəyirsən.
Nə üçün gəlmişdin,niyə gedirsən?!


33

****************************************

Məni Allah polisimdən qorusun!

Bəlkə də,kimlər üçünsə dəliyəm,
Haqqı car etməyə öyrəncəliyəm,
Vay o gündən ki,duram,haqqı deyəm,
Məni Allah polisimdən qorusun!

Var olan hər kəsənin vərdişi var,
Hərənin bir peşəsi,bir işi var,
Ölkədə "şilləvuran" çox "kişi" var,
Bu polis var məni kimdən qorusun?!
Məni Allah polisimdən qorusun!

Tanrıdan üz çevirib alim də,
Yox ədalətdən əsər hakimdə,
Həkimə yoxdu inam heç kimdə,
Mə`murumdan və həkimdən qorusun,
Həm də Allah polisimdən qorusun!

Vay o gündən,azacıq məşhur olam,
Örtə nəfsim gözümü,məğrur olam,
Dəyişə dövri-zaman mə`mur olam,
Onda Allahım özümdən qorusun!
Hələ ancaq polisimdən qorusun!

34

******************************************



YƏHUDİ SİYASƏTİ

Yıxmağın İslamı deyil,heç,çətin:
Sal araya sünnü-şiyə söhbətin,
Bir-birinin,qoy,didə millət ətin,
Çünki müsəlman hamı çaş-başdılar.

Böylə olubdur neçə yüz il bəri:
Çap elə bir saxta Quran təfsiri,
Təhqir elə Allahı,Peyğəmbəri,
Qanmayacaqdır bu başı daşlılar.

Üzdə müsəlman elədik casusu,
Sahibi-iman elədik casusu,
Müctehid e`lan elədik casusu,
Hökm də verdik,hamısı çaşdılar.

Bə`zisi "Ya Mehdi" deyib,qışqırar,
Az bir adam üstümüzə qaldırar,
Olma narahat ki,həmindir bular,
Hüccətini yolda qoyub,qaçdılar.








35


***************************

Vəhabinin "vəsfi"

Normal adam idi bu axmaq Qara,
Getdi,qoşuldu şələsaqqallara,
Dün gecə gördüm,yox idi bir ara,
Qorxdum,ay Allah,lap,ödüm partladı.

Ağlını başdan aparıb din bunun,
Dönməyi,müşkül,ola mümkün bunun,
Qorxar,əgər görsə üzün cin bunun,
Sanki,dünən öldü,bu gün xortladı.
Qorxdum,ay Allah,lap,ödüm partladı.

Qurdalasan tarixi gər,bunların
Dində tapammazsan,atam,oxşarın,
Kəsdi,gödəltdi balağın şalvarın,
Saqqal uzatdı,bığını artladı.
Qorxdum,ay Allah,lap,ödüm partladı.

-Əl götürüb fitnəvü şərdən,əxi,
Xaliqi sal,yadına hərdən,əxi,
Dini bu cür salma nəzərdən,əxi-
Söylədim,hirsləndi,durub mırtladı.
Qorxdum,ay Allah,lap,ödüm partladı.
36

*****************************************


Xeyirxah

Adını yalandan xeyirxah qoyan
Bu xalqı heç avam,efel bilməsin,
Biz belə görmüşük dədə-babadan,
Sağ əlin verdiyin sol əl bilməsin.

Beşinə-üçünə azca pul verib,
Helə bir,reklam da eyləyəcəkdir.
Bu millət beş nəfər,üç nəfər deyil,
Bəs,yerdə qalanı nə yeyəcəkdir?!

Maaş qəpik-quruş artsa,on faiz,
Sevinmək də olmur,artım olanda,
Bu yandan ərzağın qiyməti artır ,
Hesablasan,millət qalır ziyanda.

"Ölkə demokratik,vətəndaş azad,
Hamının,her kəsin haqqı qorunur."
Qulağa xoş gələn sözlərdir,ancaq
Baxanda,bunun tam tərsi görünür.

37

***************************************


Məmurun vətəndaşa cavabı

Batabatdır,qırılır Azəribaycan,mənə nə?!
Kimdəsə yoxdu çörək almağa imkan,mənə nə?!

Öl,əgər yoxdu pulun,yum gözüvü dövrana,get,
Nə verərlər sənə,lap,eylə qiyam,meydana get,
Boyasın orda polis üz-gözüvü al qana,get,
Ona qalsa,bu saat istənilən ünvana get,
Ac yatır,ac oyanır,körpə verir can,mənə nə?!
Batabatdır,qırılır Azəribaycan,mənə nə?!

Az məni dəng eləyib,kabnetimə "naqlı" soxul !!!
Kimsə verdi vətən uğrunda fəda bir cüt oğul,
Tanrının gər qəzəbindən,a balam,qorxmadı qul,
Şəhidin dəfni üçün,kimsə,tələb eylədi pul,
Lap,özəlləşmiş,əşi,fəxri xiyaban,mənə nə?!
Batabatdır,qırılır Azəribaycan,mənə nə?!

Talayan milləti gündən-günə artır,nə edim?!
Millətin zilləti gündən-günə artır,nə edim?!
Zillətin dəhşəti gündən-günə artır,nə edim?!
Ərzağın qiyməti gündən-günə artır,nə edim?!
Milli məclis belə vermiş,kişi,fərman,mənə nə?!
Batabatdır,qırılır Azəribaycan,mənə nə?!

Kim ədavət eləmişsə,uduzub,dövlət ilə,
Beş manat pul qazanırsan zor ilə,zəhmət ilə,
Dinc olar baş-qulağın,sürsən ömür qəflət ilə,
Var cinayət törədən,rüşvət ilə,"hörmət" ilə,
Sürür azadə həyat,həm də firavan,mənə nə?!
Batabatdır,qırılır Azəribaycan,mənə nə?!
Kimdəsə yoxdu çörək almağa imkan,mənə nə?!

38


***************************************


Həkimin bəraəti

Baş həkim gəldiyi gündən elə bir tas qoydu,
Almayım xəstələrimdən,axı,rüşvət,nə edim?!

Baş həkim qoydu "zakon" ki,"bu qədər gəlməlidir",
Dedi : - kim işləyəcək,hörmətimi etməlidir.
"Rüşvət alma!"-deyən ey kəs!Dediyin gülməlidir,
Etməyim mən ona ,həddim nədi,hörmət?!Nə edim?!
Almayım xəstələrimdən,axı,rüşvət,nə edim?!

Kaş,düşəydi başıma tibbə gələn gün bir daş,
Həkim olmaqdan isə,al-ver edəydim,ey kaş,
İşləyən bircə mənəm ailədə ,ay qardaş,
Geymək istər,yemək istər,axı,külfət,nə edim?
Almayım xəstələrimdən,axı,rüşvət,nə edim?!

"RÜŞVƏTƏ YOX"-nə gözəl sözdü,kişi,söhbətə bax,
Bir güzar eylə bazr,ya dükana,qiymətə bax,
Bir də gəl biz tərəfə,yeddi nəfər külfətə bax,
Uşağım,bəs,yeməsin meyvə,təzə ət ?! Nə edim?!
Almayım xəstələrimdən,axı,rüşvət,nə edim?!

Bu yaxınlarda,atam tərk eləyib dünyanı,
Səncə,molla oxuyar 100 manata Quranı?!
Həkiməm,mən ananassız verəməm ehsanı,
Nə deyər şənimə,bəs,el-oba,millət,nə edim?!
Almayım xəstələrimdən,axı,rüşvət,nə edim?!

Oxusun,kimsə,mənə lənəti,mən neyləyirəm,
Kişiyəmsə,götürəm minnəti,mən neyliyirəm,
Tox ola qarnım əgər,rüşvəti mən neyləyirəm,
Az məvacib ödəyirsə mənə dövlət,nə edim?!
Almayım xəstələrimdən,axı,rüşvət,nə edim?!


39


***************************

Özün bilərsən !

Sevdalı baxışla baxdın ən əvvəl,
Nə bilim,tələymiş,hiylə,yalanmış.
Mehriban,gülərüz,şirindil gözəl,
Sonradan gördüm ki,əfi ilanmış.

Mən sənə sevgimdən,nə ki,danışdım,
Sən gülüb,gizlincə,məsxərə etdin,
Mən sənin yolunda yandım,alışdım,
Sən geri baxmadan,özgəylə getdin.

Yenə də səninlə gəldik üz-üzə,
Sən istehza ilə,mən ürkək baxdım,
Qıymadın salama,bir kəlmə sözə,
Kor qalsın,necə ki,kor olub bəxtim!

Mən səni sevirəm,sən sevməsən də,
Bir tək ümid qalıb,bəlkə,dönərsən,
Tapdalayıb,əzsən,hər neyləsən də,
Sənindir bu ürək,özün bilərsən.


40


*******************************

Tale...Qismət...


Toxundu üzümə ilıq nəfəsin,
Danışmaq istədin,titrədi səsin,
Əmrə asi oldu ürək,neyləsin?!
Beləcə başladı,bax.bu hekayət,
Bu da bir taledir,bu da bir qismət.

Ancaq özümüzü aqil sanardıq,
Yoxdu sevənlərdə ağıl,sanardıq,
Əvvəl naşı idik,nağıl sanardıq,
Ta ki,başımıza gəldi məhəbbət,
Bu da bir taledir,bu da bir qismət.

Xəyallar,arzular,gənclik həvəsi..,
Sərin yaz gecəsi,mehin əsməsi...,
Necə maraqlıydı dənizin səsi...!
İndi o çağlarçün çəkirik hərət,
Bu da bir taledir,bu da bir qismət.

Gedərkən,arxada qaldı gözümüz,
Səndə o hisslərdən qaldımı bir iz?
Neyçün belə asan ayrıldıq ki biz?!
Sevmədik ürəkdən bir-birin,əlbət.
Buda bir taledir, bu da bir qismət.


41

*********************************

Olar


Çox nazlanma,olum gözün qurbanı,
Su olmalı,biri əgər köz olar.
Tez inciyib,pozma əhdi,peymanı,
İki sevən arasında söz olar.

Əhli-eşqəm,incimərəm nazından,
Olmalidir,gözəllərdə naz olar,
Mən dözərəm,sən özün,ən azından,
Qorxmursan bəs məhəbbətim azalar?

Bir sehridir,gülüşündə kərəm var,
Sən güləndə güllər açar,yaz olar,
Üzün günəş,hilal qaşın Zülfüqar,
Yusifsurət desəm,sənə az olar.




42

*********************************************

Bizə nə ?!

Əli haqlı ,Vəli haqsız ,əşi,boş ver! Bizə nə?!
Dur uzaq ,et tamaşa ,ay kişi ,boş ver! Bizə nə?!

"Haqq!","Ədalət!" çığırıb ,yorma özün ,faydası yox,
Adət etmə belə pis vərdişi ,boş ver! Bizə nə?!

Bu tərəqqi ,ya tənəzzüldümü ,avropalaşıb,
Dişi erkək olub ,erkək dişi ,boş ver! Bizə nə?!

Qonşu əppəksiz ölüb ,kimsəsi yox basdırsın,
Həftədir iylənib artıq leşi ,boş ver! Bizə nə?!

Vardır alim ,ölür aclıqdan ,onun ağzında
Salamat cəmisi yox bir dişi ,boş ver! Bizə nə?!

Şəhərə başçı gəlib tazə ,gedək ,bir baş əyək,
Nəçidir ,ya kim olub keçmişi ,boş ver! Bizə nə?!

Gic edibdir əcəl Elşadı ,yazır hər kəsdən,
Yetimin qatmağa baş yox işi ,boş ver! Bizə nə?!


43


Yüklə 254,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə