Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 144,26 Kb.
tarix01.02.2018
ölçüsü144,26 Kb.
#23182

Bəxtiyar Tuncay
Azərbaycan xalqının «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə rus-sovet imperializminə qarşı apardığı milli mücadilə tarixinə ötəri bir nəzər

N. Ağayev haqlı olaraq bildirir ki, «Azərbaycan Xl Qızıl Ordu tərəfindən işğal edildikdən dərhal sonra ölkəmizdə müxtəlif miqyaslı, gizli və açıq müqavimət hərəkatları müşahidə edilmişdir. Bunlardan birincisi Gəncədə rus – bolşevik işğalna qarşı polkovnik Kazım bəyin başçılığı ilə baş qaldıran və qanlar içində boğulan silahlı üsyan idi. Daha sonra isə yurdumuzun ayrı-ayrı dağlıq bölgələrində işğalçılara qarşı qaçaq hərəkatlarının baş qaldırdığı da məlumdur. Məmməd Əmin Rəsulzadənin yazdığna görə, Azərbaycann kommunust rəhbərlərindən Xanbudaqov adlı birisinin ölkəmizin Sovetlər Birliyinin tərkibindən çıxaraq müstəqil olması istiqamətində fəaliyyəti və bu şəxsin repressiyaya uğraması hadisəsi də baş vermişdir ki, bu barədə tarix kitablarnda heç bir məlumata rast gəlmirik. Eyni zamanda Azərbaycanda 1937 – ci ilə qədər Cəfər Cabbarlınn öndərlik etdiyi gizli “İstiqlaliyyət” təşkilatının varlığı və fəaliyyəti barədə də bizə Mirzə Bala Məmmədzadə məlumat verməkdədir. Yəni 70 illik işğal dövründə xalqımız əlini - əlinin üstünə qoyub boş oturmamışdır. Bu dövr ərzində bir çox gizli təşkilatlar qurulmuş və gizli təbliğat işi aparmışdır ki, onlardan bir neçəsi barədə bu kitabda məlumat verilməkdədir. 1956 – cı ildə azərbaycanlı tələbə Cahid Hilaloğlunun qız qalasının başına üçrəngli Azərbaycan bayrağını asması da belə təşkilatların fəaliyyətinin nəticəsi idi.

Sovetlər Birliyində Mixail Qorbaçovun hakimiyyətə gəlişindən və imperiyada “Aşkarlıq” və “Yenidənqurma” siyasətinə rəvac verilməsindən sonra bu tip təşkilatların leqallaşması üçün müəyyən şərait yarandı. İlk qaranquş 1987-ci ildə Bəxtiyar Tuncay, Tofiq Rəsulzadə (Rəsulov B. T.), Fuad Ağayev, Məhəmməd Hatəmi Tantəkin, Ağası Hun, Vurğun Əyyub və digər ziyalılarımızın təşəbbüsü ilə qurulan “Çənlibel” təşkilatı oldu ki, bu təşkilatın tarix səhnəsinə çıxışı ilə bu günə qədər gizli və pərakəndə şəkildə aparılan milli fəaliyyət leqallaşdı və vahid təşkilat ətrafında cəmləşdi. Bu təşkilatın təsiri ilə Bakıda və ölkənin bütün bölgələrində çox sayda bənzər təşkilatlar qurulmağa başladı. 1988-ci ildən geniş vüsət alan Milli Azadlıq Hərəkatının əksər aparıcı simaları, o cümlədən Əbülfəz Əliyev (Elçibəy), Məhəmməd Hatəmi, Nemət Pənahlı və s. bu təşkilatlarla, ilk növbədə də “Çənlibel”lə bu və ya digər dərəcədə bağlı olmuşlar.

“Çənlibel”in bətnindən doğulan milli təşkilatlar içərisində dilimiz uğrunda geniş hərəkata vüsət verən “Oğuz” təşkilatının da adını xüsusi çəkmək lazımdır. Bu tip təşkilatlarda aparılan iş sonda Qarabağ probleminin partlaq verməsi ilə böyük bir hərəkata çevrildi» (2, s. 170-171).

Bəli, Azərbaycan xalqının «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə də rus-sovet imperializminə qarşı zəngin milli mücadilə tarixi olub və həmin tarixə ən azı ötəri nəzər salmadan, prosesin daha dərinlərə gedən köklərini araşdırmadan ən yeni tariximizin təkanverici amillərini tam mənası ilə dərk etmək mümkün deyildir. Bu mücadilə tarixindən söz açarkən isə, ilk növbədə albay Cahangir bəy Kazımbəylinin adını çəkmək və onun başçılıq etdiyi Gəncə üsyanını yada salmaq lazımdır.

Daha əvvəl rus ordusunun, sonra isə Azərbaycan Cümhuriyyatinin (1918-1920) zabiti olmuş Cahangir bəy Kazımbəyli Rusiya Hərbi Hava Akademiyasını bitirmiş, I Dünya Savaşının iştirakçısı və Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya  mühacirət etmiş, albay rütbəsinədək yüksəlmişdir. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxan Cahangir bəy peşəkar hərbçi idi. Bilirdi ki, işğalçılara qarşı müqavimət silahlı yolla aparılmalıdır. O, Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyskini, altı aylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla Güney Azərbaycana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyanına  başçılıq etmişdi.

Əldə olan məlimatlardan belə aydın olur ki, «Cahangir bəy də, silahdaşları da ilk gündən Sovet hökumətinə düşmən münasibət bəsləyirdilər. Onlar "XI ordu"nun işğalçılıq məqsədilə gəldiyini yaxşı bilirdilər. Ancaq ona qarşı dərhal silahlı mübarizəyə qalxmadılar. Bunun səbəbini o dövrdə yaranmış siyasi, iqtisadi və sosial vəziyyətdə axtarmaq lazım gəlir. Bolşeviklər xalq kütlələrini yaxşı tanıyırdılar. Ona təsir etmək üsulunu bilirdilər.

Cahangir bəy xatirələrində qeyd edirdi ki, 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə artıq onlar şəhərdəki bolşevik ordusunu tərk-silah eləyib, burada hakimiyyəti ələ almışdılar. Şiddətli döyüşlərdən biri mayın 28-də oldu. Həmin vaxt həm Sovet hökuməti "XI ordu"nun zərbə qüvvəsini Gəncəyə göndərmişdi, həm də mayın 28-i Azərbaycanın istiqlalı günü idi. Camaatda bayram əhval-ruhiyyəsi var idi. Belə bir gündə bolşeviklər Gəncə üsyançılarına elə divan tutmaq istəyirdilər ki, bu, Azərbaycanın digər əraziləri üçün dərs olsun, Sovet hökumətinə qarşı mübarizəyə qalxmağın böyük faciələrə gətirib-çıxaracağını anlasınlar.

Mayın 28-də qanlı döyüş oldu. Bolşeviklər məqsədlərinə çata bilmədilər. Cahangir bəyin bu həlledici döyüşdən əvvəl bir neçə hərbçi ilə Gəncənin ətrafını gəzib, düşmənlərin hücum istiqamətini düzgün müəyyənləşdirərək əsas qüvvəni məhz o istiqamətə yönəldə bilməsi, eləcə də hərbçilər arasında aparılan söhbətlər, yerli əhalinin köməyi mayın 28-də şəhərin "XI ordu" tərəfindən tutulmasına imkan vermədi.

Ancaq vəziyyət son dərəcə ağır idi. Cahangir bəyin planları pozuldu. Qarabağa yola saldıqları zabitlər qırmızılar tərəfindən Gəncə-Yevlax yolunda saxlanılaraq qətlə yetirilmişdilər. Gürcüstandan isə səs-soraq yox idi. Həmin gecə - mayın 28-də Gəncə üsyançılarına çatan xəbər ürəkaçan deyildi: Gürcüstan Rusiya ilə müqavilə imzalamışdı (1).



Albay Cahangir bəy Kazımbəylinin əldə olan yeganə fotosu

Rus-sovet imperializminə qarşı aparılan şanlı mübarizə tariximizdə Rəsulzadənin yaratdığı, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə, Məhəmməd Həsən Baharlının daxil olduqları "Gizli Müsavat” təşkilatının da xüsusi rolu olub. Həmin təşkilatın ən fəal üzvlərindən biri olan Yurdsevər bu barədə belə yazırdı: «27 aprel axşamı Mirzə Bala ilə birlikdə Rəsulzadənin evinə gedərək məsləhət almış, yoldaşlarımızdan Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı ilə birlikdə C.Cabbarlının şəhər kənarındakı evində ilk gizli Partiya mərkəzini qurmağa qərar vermişdik» (4).

1923-cü ilə qədər komitənin sədrinin müavini vəzifəsində Əbdülvahab Yurdsevər «Azərbaycan İstiqlal Savaşından səhnələr» adlı kitabında yazır ki, partiya qurulduqdan sonra vəzifə bölgüsünə başlanılıb və komissarlar təşkil olunub: "Əmin bəyin də razılığı ilə gizli təşkilatın başına M.B.Məmmədzadə gətirildi. Müavini sifətilə Bakı Komitəsinin təşkili mənə tapşırıldı. Ümumi Mərkəzin Baş Katibliyinə isə C. Cabbarlı seçildi”. "Gizli Müsavat” təşkilatının qayəsi haqqında Yurdsevər yazırdı ki, partiyanın ən ümdə məqsədi Rəsulzadənin Rusiyadan qaçırılması idi: "Komitənin ən mühüm təşəbbüslərindən biri bu olub. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərməklə Rəsulzadə ilə əlaqə yaratdıq. Rəsulzadəyə təklif olundu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. O, oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya getdi» (4).


Əbdülvahab Yurdsevər

A.Rüstəmovun yazdığına görə, «istiqlal mücahidlərinin gizli təşkilatından bəhs edərkən yazıb ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, yəni 1920-ci il aprelin 27-dən sonra bir qrup gənc nə etmək, necə fəaliyyət göstərməklə bağlı müzakirələr üçün bir yerə yığışıblar: "Onlarla bağlı istintaq materiallarından görünür ki, ilk yığıncaq aprelin 27-də İçərişəhərdə M.B.Məmmədzadənin evində olub. Bu, 25 nəfərə qədər gəncin toplaşdığı bir yığıncaq idi. Ancaq Abdulvahab Yurdsevərin xatirələrində, xüsusən də, Türkiyədə çap olunmuş xatirələrində qeyd olunur ki, AXC süqut etdikdən sonra onlar ilk dəfə şəhər kənarında C.Cabbarlının evinə yığışıblar. Orada hansı yol tutacaqlarını müəyyənləşdirib və bölgü aparıblar”. Professor qeyd edir ki, təşkilatın məqsədi yeni quruluşla əlaqə yaradıb ona dəstək vermək və müstəqil Azərbaycana xidmət etmək olub: "Beləliklə, 30 apreldə o zaman Bakı Dövlət Dumasında, indiki şəhər İcra Hakimiyyətinin yerləşdiyi binada 300 nəfərə qədər adam toplaşaraq, hökumətə bəyanat ünvanlayıblar. Onlardan 15 nəfəri bu bəyanatı hazırlayıb. İçərilərində M. Məmmədzadə, C. Cabbarlı, Yurdsevər də olub. İstintaq materiallarına əsasən isə bəyanatı C. Cabbarlı hazırlayıb. Onların bu fəaliyyəti və niyyəti Həmid Sultanov vasitəsilə hökumətə çatdırılsa da, bəyanata heç bir cavab verilməyib. Üç aydan sonra, iyul ayında həmin tərkib yenidən toplaşıblar. Bu zaman bildiriblər ki, hökumət bunlara heç bir dəstək verməyəcək, onları qəbul etməyəcək. Beləliklə, məsələnin heç bir perspektivi olmadığını anlayıblar. Məhz bundan sonra istiqlal mücahidlərinin gizli fəaliyyəti başlayıb”. A. Rüstəmovun sözlərinə görə, Yurdsevərin sədrlik etdiyi təşkilat iyul ayında gizli fəaliyyətə başlayıb: "Gizli fəaliyyətə başlananda bir neçə sahə diqqət mərkəzində idi. Partiyanın qarşısında məqsəd qoyuldu ki, mütləq hakimiyyətə gəlsin. Yaratdıqları Solçu Müsavat Partiyasının başında Mirzəbala Məmmədzadə dayanırdı. Müavinləri isə Ə.Yurdsevər, C. Cabbarlı, Qasım Qasımzadə Zərgərli və Rəhim bəy Vəkilov idi. Onların gizli fəaliyyətlərinin əsas məqsədi hakimiyyətə sahib olmaq, insanları buna hazırlamaq idi. Bu işdə onlara kömək edən sahənin biri də mətbuat və nəşriyyat idi. Elə bu önəmli sahə də Ə.Yurdsevərə tapşırıldı”» (4).



Mirzəbala Məmmədzadə (gənclik illəri)
Təşkilatın başında duran «Mirzəbala Məmmədzadə 1898-ci ilin avqustun 13-də Bakının yaxınlığındakı Zirə kəndində, balıqçı ailəsində doğulub. Ailələri dolanışıq dalınca, iş tapmaq ümidilə Bakıya köçüb. Şəhərin Çəmbərəkənd adlanan məhəlləsində yaşayıb. Cəfər Cabbarlının əsərlərində də bu məhəllənin adı tez-tez çəkilib. Çünki Cabbarlı da bu məhəllədə yaşayıb.

Mirzəbalanı 1907-ci ildə Bakıda Yeddinci Rus-Tatar məktəbində oxumağa qoyublar. Ruslar türk dilində danışan xalqları tatar adlandırdıqlarından onların açdıqları məktəbi də, teatrı da tatar məktəbi, tatar teatrı adlandırırdı. Mirzəbala 1911-ci ildəYeddinci Rus Tatar məktəbini bitirərək ünlü maarifçi Həbib bəy Mahmudbəyovun açdığı şəxsi məktəbə daxil olub. Onun dünyagörüşünün formalaşmasında, milli şüurda böyüməsində, ərəb və fars dillərini öyrənməsində bu təhsil müəssisəsinin rolu böyükdür. Yaşıdlarından ağlı, fərasəti ilə seçilən Mirzəbala yeniyetməliyindən bədii yaradıcılıqla məşğul olub. Publisistik yazıları və şeirləri dövrü mətbatda görünməyə başlayıb. Hətta 1912-ci ildə İsabəy Aşurbəyovun “Kaspi” mətbəəsində “Nəf elm və yaxud elmin sonu” adlı kitab çap olunub» (9).

Tədqiqatçı alim Əli Şamil yazır ki, «1914-cü ildə Bakı Politexnik Texnikumunun İnşaat Memarliq şöbəsinə daxil olaraq burada rus dilində təhsil alan Mirzəbala həmin il atasını itirib. Atası vaxtsız dünyasını dəyişməsi ailəni çətin vəziyyətə salsa da o. Ruhdan düşməyib. Ailəsinə kömək etmək üçün anasının evdə bişirdiyi şirniyyatı küçələrdə satıb. Yəni məktəbdə oxuya-oxuya xırda ticarətlə məşğul olub. Bununla yanaşı o dövrün qaynar Bakısının müxtəlif fikir cəryanlarının təşkil etdiyi toplantılarda fəal iştirak edib. Cəfər Cabbarlı ilə də yeniyetməlik illərindən başlanan tanışlıqları sonradan sıx əqidə və məslək dostluğuna çevrilib.

M.B.Məmmədzadə hələ gənc yaşlarında olarkən M.Ə.Rəsulzadənin də diqqətini çəkib. Məhəmmədəmin 1915-ci ildən nəşrinə başladığı “Açıq söz” qəzetində əməktaşlığa cəlb edib. I Dünya Savaşı illərində Rusiyada baş verən qarışıqlıqdan nəinki ziyalılar, millətin önündə gedənləri, hətta yeniyetmələr və gənclər də istifadə edərək gizli təşkilatlar qurublar. Mirzabala və Cəfər Cabbarlının da üzv olduğu belə təşkilatlardan biri “Məhəmmədiyyə” adlanıb. Bu təşkilatın üzvləri milli və dini bayramların, mərasimlərin təşkilində fəal iştirak edib və orada söylədikləri şeirlər, oxuduqları mahnılar, göstərdikləri tamaşalarla milli şüuru oyandırıblar (9).



Mirzəbala Məmmədzadə (yaşlı çağları)

Tədqiqatçının sözlərinə görə, «1914-20-ci illərdə Bakıda çap olunan “Bəsirət” qəzetində də fəal iştirak edən, bir müddət qəzetdə işləyən Mirzəbala buradakı məqalələrində əsas diqqəti sünnü-şiə qarşıdurması yaratmaq istəyənlərin tənqidinə yönəldib.

Cabbarlı ilə birlikdə “İttifaqi mütəllimin” və “Qafqaz Tələbələrinin Mərkəzi Komitəsi” təşkilatlarının qurulmasında və təşkilatın idarə olunmasında fəal iştirak edib. Təşkilatların “İttifaqı mütəllim” və “Gənclər sədası” qəzetlərinə redaktorluq edib.

1918-ci ildə Tiflisə getməli olan Mirzəbala həmin ilin iyulundan əvvəlcə həftəlik, sonra isə ayda iki dəfə çıxan “Gənclər yurdu” jurnalını nəşrə başlayıb. “Müsavat” partiyasının nəzdindəki “Gənclər Cəmiyyəti”nin orqanı olan bu jurnal 35 nömrədən sonra 1918-ci ilin 15 noyabrında fəaliyyətini dayandırıb. O Tiflisdə yaşayarkən orada “İki inqilab arasında” kitabını da çap etdirib.

1918-ci ilin 7 dekabrında Azərbaycan parlamentinin açılışından sonra Mirzəbala Cabbarlı ilə birlikdə parlamentdə stenoqrafçı işləyib. 1919-cu ilin oktyabrında isə “Müsavat” partiyasının Bakı komitəsinin üzvü seçib. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ictimai-siyasi həyatda fəal iştirak etməklə yanaşı dövri mətbuatda olduqca maraqlı və kəskin məqalələrini çap etdirb. “Bakı uğrunda mübarizə” pyesinin Azərbaycan Dövlət Teatrı tamaşaya qoyub. Onun ən keşməkeşli həyatı isə bolşevik orduları 1920-ci ilin aprelin 27-də Azərabycanı işğal etdikdən sonra başlayıb.

1920-ci ilin aprelin 28-də Azərbaycan Milli İstiqlal hərəkatının lideri M. Ə. Rəsulzadənin rəhbərliyi altında işğalçılara qarşı gizli müqavimət planı hazırlanıb. Cəfər Cabbarlının evində toplanan təşkilat üzvləri M. B. Məmmədzadəni sədr, Əbdülvahab Məmmədzadəni müavini, Cəfər Cabbarlını isə katib seçib. Müqavimət komitəsinin üzvləri gizli mətbəə yaratmış və beləcə ” İstiqlal” qəzeti nəşrinə başlayıb» (9).



Cəfər Cabbarlı
Əli Şamil daha sonra yazır ki, «Azərabycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçilik, Bakının müxtəlif məktəblərdə müəllimlik edən, Sabir adına kitabxananın idarə heyətində çalışan M. B. Məmmədzadə rəsmi mətbuatla da əlaqəsini kəsməyib. “Yeni yıldız” jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirib. 1922-ci ildə isə, Bakıda “Azərbaycan türk mətbuatı” adlı kitabı işıq üzü görüb.

Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatları və onların gizli nəşrlərini axtaran Bolşeviklərin xüsusi xidmət orqanları 1923-cü ilin iyulunda “İstiqlal” qəzeti mətbəəsini müəyyənləşdirb, qəzetin mətbəə işçilərini və redaksiya heyətini həbs edib. Milli Müqavimət Komitəsinin sədri və “İstiqlal” qəzetinin redaktoru olan Mirzəbala əvvəllər tutularaq əleyhinə faktlar tapılmadığından duraxıldığına görə gizli şəraitdə daha ehtiyatla işləyib. Ona görə də yoldaşları həbs edildikər o, yenə də gizli fəaliyyətini davam etdirə bilib.

Lakin vəziyyətin çıxılmaz dalana dirəndiyini görən Mirzabala Sovet xüsusi xidmət orqanlarından məharatlə yayınaraq 1924-cü ilin mayında İranın Ənzəli şəhərinə gedə bilib. Sovet kəşfiyatı onu həbs edərək geri gətirməkdən ötrü Həştərxandan Ənzəilyə hərbi gəmi göndərib. Bundan xəbər tutan Mirzəbala bir müddət Tehranda, Təbrizdə, Sulduzda gizli fəaliyyət göstərib, “Yeni Qafqasiya” jurnalına məqalələr yazıb.

1927-ci ildə Sovet kəşfiyyatından qurtulmaq üçün İranı tərk edərək İstanbula gəlib. M. Ə. Rəsulzadənin yaxın silahdaşına çevrilərək “Azəri-türk” , “Odlu yurdu” “Azərbaycan yurd bilgisi” jurnallarında Sovet siyasətinin puçluğunu göstərən məqalələr çap etdirib.

İstanbul Universitetinin hüquq fakültəsində oxuyan M.B.Məmmədzadə azərbaycan mühacirlərinin nəşriyat işinə rəhbərlik edib. M.Ə.Rəsulzadənin 1930-cu ilin avqustun 7-də nəşr etdirdiyi həftəlik “Bildiriş” qəzetinə məqalələr yazan Mirzəbala Məhəmmədəmin Sovetlərin təziqiylə Türkiyəni tərk etməli olanda qəzetə redaktor olub. Lakin onun redaktorluğu da uzun sürməyib. Qəzet bağlanıb və M.B. Məmmədzadə də ölkədən çıxarılıb.

Avropada mühacirətdə olan M.B. Məmmədzadə qəzet və jurnallara məqalələr yazmaqla yanaşı “Milli Azərbaycan hərəkatı, Milli Azərbaycan Müsavat Xalq Firqəsinin tarixi” adlı əsərini tamamlayıb. Əsər 1938-ci ildə Berlində “Qurtuluş” jurnalının mətbəəsində nəşr olunub. II Dünya müharibəsi başlayanda Polşa faşist Almaniyası tərəfindən işğal olunduğundan M.B.Məmmədzadə buranı tərk edərək İstanbula köçüb. Burada “Türk ensiklopediyası və İslam ensiklopediyası” redaksiyasında çalışıb. 1951-ci ildə “Azərbaycan tarixində türk Albaniyası” adlı əsəri çap olunub.

1954-cü ildən 1959-cu ilədək Münhendə ABŞ-ın yaratdığı SSRİ-ni öyrənmə institutunda Qafqaz bölməsinin müdiri vəzifəsində çalışan M.B.Məmmədzadə institut tərəfindən nəşr olunan azərbaycan dilli siyasi jurnala da redaktorluq edib. Bu institutda M.B.Məmmədzadə iki il elmi şuranın sədri, iki il də sədr müavini vəzifəsini icra edib. Çoxlu elmi seminarlar və konfranslar keçirib, dünya ictimaiyyətini kommunist ideologiyasının SSRİ məkanında törətdiyi cinayətlərlə tanış edib.

1955-ci ilin martın 6-da milli istiqlal hərəkatının banisi Məhəmmədəmin Rəsulzadə dünyasını dəyişib. Bundan sonra Azərbaycan milli azadlıq hərəkatına və partiyaya M. B. Məmmədzadə rəhbərlik edib. Dörd il bu vəzifəni layiqincə yerinə yetirən M. B. Məmmədzadə 1959-cu il martın 8-də İstanbul şəhərində ürək xəstəliyindən vəfat edib.

Nə yazıq ki, vətəninin və millətinin azaldığı uğrunda çalışmış bu insanın xidmətləri lazımınca dəyərləndirilməyib. Amma türk dünyasının gəncləri onun əsərlərini sevə-sevə oxuyur, arzularını reallaşdırmaq üçün əllərindən gələni əsirgəmirlər (9).

Ə.Yurdsevərin taleyi isə M. B. Məmmədzadənin taleyindən bir qədər fərqli olub. Belə ki, «Milli fəaliyyətindən dolayı 1923-cü ildə həbs edilən Ə. Yurdsevər 3 illik sürgünə məhkum edilərək Şimali Qafqaza göndərilir. 1926-cı ildə böyük çətinliklə Bakıya qayıdır. Lakin az bir müddətdən sonra yenidən həbs olunur. 11 il həbs cəzasına məhkum olunan Yurdsevər yenidən Yaroslavl düşərgəsinə göndərilir. O, burada məxfi sənədlər əldə edərək Özbəkistanın mərkəzi olan Daşkəndə köçür. Özbək maarifçiləri tərəfindən çox hörmətlə qarşılanan Ə. Yurdsevər bir müddət qız məktəbində müəllim işləyir. Sonra İrana getmək üçün sərhədə yaxın olan Türkmənistanın mərkəzi Aşqabada köçür. Az sonra sərhədi keçərək İrana, paytaxt Tehrana gedir.

Alman, rus, ərəb və fars dillərini mükəmməl bildiyi üçün Ə.Yurdsevər Tehran hərbiyyə məktəbində alman dili müəllimi işləyir. Lakin İranda qalmaq istəməyən Yurdsevər Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən Rəsulzadə ilə əlaqə yaradır. 1936-cı ilin avqustunda həmin şəhərdə keçirilən Müsavat Partiyasının III qurultayına dəvət olunur.

Konfransda iştirak edən Ə.Yurdsevər sonrakı fəaliyyətini Polşada davam etdirir. 1939-cu ildə Polşa işğal edildikdən sonra Türkiyəyə köçür və Baş Nəşriyyat İdarəsində işləməyə başlayır. Burada Yurdsevərin əsas vəzifəsi rus dilində çap olunmuş mətbuatı izləməkdən ibarət idi. 1947-ci ilin sentyabrında Rəsulzadə Almaniyadan Ankaraya köçdüyünə görə Azərbaycan Milli Mərkəzi yenidən fəaliyyətə başlayır.

1949-cu ildən Ankarada "Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyulur. Bütün bu tədbirlərdə Ə.Yurdsevər fəal iştirak edirdi. 1950-ci ildə "Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ə.Yurdsevərin "Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” adlı kitabı çap olunur. Onun Xurşudbanu Natəvan, Cəfər Cabbarlı, Aşıq Ələsgər, Məhəmməd Hadi, Abbas Səhhət, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanlı, Məhsəti Gəncəvi kimi söz ustalarının həyat və yaradıcılığına dair araşdırmaları özünəməxsus yanaşma tərzi, ciddi mühakimələri ilə diqqəti cəlb edir.

1951-ci ildə Yurdsevərin Ankarada "Azərbaycan Kültür Dərnəyi” tərəfindən "Azərbaycan Dram Ədəbiyyatı” kitabı çapdan çıxır. 1952-ci ilin aprelindən başlayaraq "Azərbaycan Kültür Dərnəyi” Ankarada aylıq "Azərbaycan” jurnalını nəşr etdirməyə başlayır. Yurdsevər də bu jurnalda ilk saydan etibarən Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında məqalələrlə çıxış edib. Həmin ildə onun "Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ankarada "Azərbaycan şairlərindən Vaqif və Vidadinin yaradıcılığı” adlı kitabı çap olunub. Qeyd edək ki, publisist o illərdə "Azərbaycan” jurnalının baş redaktoru vəzifəsini də icra edirdi. Onun jurnalın ardıcıl 3 nömrəsində verilən "Azərbaycan dram ədiblərindən C.Cabbarlı” adlı tədqiqat əsərində müəllif Cabbarlının həyat və yaradıcılığını addım-addım izləyir, əsərlərinin mövzusunu, ideya istiqamətini dəyərləndirir.

Yurdsevər Cabbarlının sovet rejimi dövründə amansız təqiblərə, təhqirlərə, təzyiqlərə məruz qaldığını, bütün bu fiziki-mənəvi işgəncələrə rəğmən, "Sifarişlə sənət olmaz” söylədiyini, elə buna görə də intihara məcbur edildiyini göz yaşı ilə yazır. O göstərir ki, Cəfərin ölümü ilə bağlı sovetlərin yazdıqları yalan, iftira və riyakarlıqdan başqa bir şey deyildi. Yurdsevər Cabbarlını "Azərbaycan dram ədəbiyyatının tacı”, "əli-qolu sovet zəncirləri ilə sıx-sıx bağlı bir düha”, "adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə qeyd etdirmiş şair” deyə xarakterizə edirdi. İstedadlı tədqiqatçı olan Yurdsevərin Məhəmməd Hadinin həyat və yaradıcılığı barədə məqaləsi də maraqlı faktlarla zəngindir. Hadi irsini və şəxsiyyətini böyük məhəbbətlə araşdıran müəllif bu istiqlal şairinin vətən, millət sevgisilə dolu şeirlərini yüksək qiymətləndirirdi. O ədəbiyyat tarixinin tədqiqi ilə yanaşı, digər mövzularda da maraqlı məqalələr yazıb. Onun "Ergənəkon bayramı”, "Atatürk və xaricdəki türklər”, "Təbii bir müttəfiq”, "Məhkum millətlər cəbhəsi”, "Fikirdə, sözdə, işdə birlik”, "21 Mart - Qurtuluş bayramı”, "23 Aprel - Milli hakimiyyət günü”, "Demokratların qayə birliyi”, "Sovetlərin din düşmənliyi” və s. onlarla məqaləsi Yurdsevərin istedadlı tədqiqatçı, həm də sözün böyük imkanlarından bacarıqla istifadə edən mahir publisist olduğuna dəlalət edir.

1959-cu il martın 8-də M.B.Məmmədzadənin vəfatı ilə əlaqədar Azərbaycan Milli Mərkəzinə Yurdsevər rəhbərlik edib. O, uzun müddət həm siyasi, həm də mətbu sahədə çalışıb. Azərbaycan mətbuatını mühacirətdə yaşadanlardan biri olub. Ə.Yurdsevərin "Azərbaycan” jurnalında nəşr edilən "Azərbaycan istiqlal savaşından səhnələr” əsəri yalnız tarixi-publisistik əhəmiyyətinə görə deyil, həm də XX əsrdə bolşevik işğalına qarşı mücadilə tariximizi öyrənmək üçün çox ciddi və faydalı bir mənbə hesab olunur» (4).

Azərbaycan xalqının «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə rus-sovet imperializminə qarşı zəngin milli mücadilə tarixindən söz açarkən İsmixan Rəhimov, Hacı Zeynalov, Musa Abdullayev, Kamil Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev və Gülhüseyn Abdullayevin (Gülhüseyn Hüseynoğlu) 1942-ci ildə qurduqları «İldırım» adlı milliyyətçi anti-sovet təşkilatından da yan keçməmək lazımdır. İsmixan Rəhimovun xatirələrindən belə məlum olur ki, təşkilat üzvləri içərisində yeganə yazıçı Gülhüseyn Hüseynoğlu olduğundan ona xalq arasında iş aparmaq, Azərbaycanın SSRİ tərkibindən çıxaraq müstəqillik əldə etməsinin vacibliyi ideyasını yaymaq tapşırılmışdı. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna  məktub yazıb ondan dəstək istəsinlər. G. Hüseynoğlunun diktəsilə İ. Rəhimov  çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar.

İldırım” təşkilatının üzvləri
Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. 1945-ci  ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra G. Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə (İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov) güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər (3; 8).

Tanınmış romançı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin  mayında "İldırım"çılar evlərinə qayıdırlar (3; 7).

Bir il sonra, yəni 1956-cı ildə iki gənc - Çingiz Abdullayev və Cahid Hilaloğlu Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını Qız qalasının üzərində dalğalandırmaqla xalqımızın mübarizə ruhunun ölmədiyini bütüm dünyaya sübut edirlər.

Əli və Əzizə Şamillərin araşdırmalarından belə aydın olur ki, «Cahid Hilaloğlu 1928-ci ildə Ağdamda doğulub. Deyilənə görə, ailə İrandan köçübmüş. Cahid ilk vaxtlar Şirinov soyadını daşıyıb. Ailə Cahidin kiçikliyində Bakıya köçüb. Atası neft mədənlərində çalışır, Cahid də 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda Cahid sovet qoşunlarına qoşularaq, ata-anasından xəbərsiz, Arazı keçir. 13 yaşlı Cahid iki il İran Azərbaycanında qalır. Başına olmazın işlər gəlir və axırda Bakıya dönə bilir…



Çingiz Abdullayev və Cahid Hilaloğlu

Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçında doğulub. Yeniyetmə çağlarından diribaşlığı, hər şeyə şübhə ilə yanaşması, sözü üzə deməsi özünə diqqət oyadıb. Deyilənə görə, Çingizin bir qohumu Azərbaycan Cümhuriyyətinin qurulmasında iştirakı olan önəmli şəxs olub və Cümhuriyyətin işğalından sonra həmin qohum Türkiyəyə mühacirət edib. Qohumun kimliyi aydınlaşmayıb. Uşaqlıqdan evdə-ailədə gizli söhbətlər eşidən Çingiz müstəqil böyüyüb, hadisələrə ayıq gözlə baxmağı bacarıb. Vəssalam. Çingizin uşaqlığı barədə bundan artıq məlumat almaq mümkün deyil…

1947-ci ildə Cahid Bakıdakı 13 saylı orta məktəbi bitirərək, Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Təsadüf onu eynən özü kimi düşünən bir gənclə qarşılaşdırır. Bu, Çingiz Abdullayev idi. Uzun söhbətlərdən, fikir mübadiləsindən sonra gizli tələbə dərnəyi qurmağa, sovet quruluşunun eybəcərliklərini pisləyən vərəqələr yazıb divara vurmağa qərar verirlər. Bu vərəqələrdə əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar!

Vərəqələr, təbii ki, xüsusi xidmət orqanlarının nəzərindən yayınmır. Onu divara vuranları aşkarlayırlar. Çingiz 1948-ci ildə «dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq»da ittiham edilərək üç il həbsə məhkum olunur. Onu Teatr İnstitutundan da xaric edirlər. Dərnəyin başqa üzvlərini tənbeh etməklə kifayətlənirlər. Həbsdən sonra Çingizə Bakıda yaşamağa və işləməyə icazə vermirlər. Ancaq Çingiz müxtəlif yollarla Cahidlə bağlantı qurur…» (5).

Əldə olan məlumatlara görə, «1956-cı il. Gündəmdə Stalinin şəxsiyyətinə pərəstişlə bağlı kommunist idarəçilərin öz təşəbbüsüylə və gizli məktublardan qaynaqlanan şayiələr dolaşır.

Mir Cəfər Bağırovun məhkəməsi gedir. O məhkəməyə qatılmağa 2-cə saatlıq buraxılış kağızı alanlar, qorxa-qorxa da olsa, daha sonra inanılmaz məsələlərdən söz açırlar. Bir sözlə, siyasi ab-hava dəyişir və gözlərdən böyük bir sual işarəsi oxunur…

1956-cı il martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın insanın qatıldığı mitinq keçirilir  və sovet ordusu bu mitinqi vəhşicəsinə dağıdır. Nəticədə ölənlər, tutulanlar olur. Bu əhvalat gənclərin etiraz ruhunu daha da alovlandırır.

Cahidlə Çingiz xaricə getməyə, mühacirətdə olan Azərbaycan Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyə, daha sonra BMT və digər beynəlxalq təşkilatlarla bağlantı qurmağa, Azərbaycanın acınacaqlı durumunu dünyaya çatdırmağa qərar verirlər» (5).

Gənclərin İran yolunu seçdiklərini söyləyən S. İsmayıllı yazır ki, «Mədəniyyət Nazirliyinin xətti ilə sərhəd məntəqəsi olan Lerikdə işə düzəlmək və ordan xaricə keçmək baş tutmayanda, (bu barədə ötən yazıda geniş yazmışıq – S.İ.) Çingiz qeydiyyatdan çıxmaq ümidi ilə Moskvaya gedir və orada başqa yollar aramağa başlayır. Cahidlə telefon söhbətlərində aradığı yollardan da danışır və onu, lazım gələndə, Moskvaya çağıracağını bildirir.  ABŞ səfirliyi ilə bağlantı qura bilsə də, DTK (Dövlət Təhlükəsizlik Komitəsi) onun görüşlərindən xəbər tutur və o, həbs olunur. Çingiz 10 il həbs kəsilir. Bir il sonra ədliyyə nazirinə yazdığı ifşaedici məktubdan sonra onun işinə yenidən baxılır. Cəza müddəti bir il də artırılır və o, Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya,  təkadamlıq kameraya göndərilir…

1956-cı ilin mayında Çingizin taleyindən xəbərsiz Cahid Bakıda dostundan ayrı fəaliyyətə başlayır. O, Çingizin artıq xaricdə olduğunu güman edir və Bakıda qalan həmfikirlərini başına toplayaraq mayın 28-də Cümhuriyyətin yaranışını məxsusi qeyd etməyi – Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmağı qərarlaşdırır…» (5).

Tədqiqatçı daha sonra yazır: «Doğrudan da, Cahid indi kiçik uşaqların da rənglərini əzbər bildiyi o bayrağı necə düzəldə bilir? Görünür, bu milli dövlət rəmzinin hansı rənglərdən oluşması, üstündəki səkkizguşəli ulduz və aypara barədə gənclərin məlumatı olub. Çingizin yaxın qohumu Türkiyədə mühacirət həyatı sürmüşdüsə, bayrağın təsvirini Cahidə elə Çingiz də söyləyə bilərdi. Bəs bayraq necə hazırlandı? Yəqin ki, bunu heç vaxt öyrənə bilməyəcəyik. Axı istintaq işində bayrağın adı belə çəkilmir. Əli Şamil demişkən, bu inanılmaz hadisə ancaq yaddaşlarda qalıb, özü də çox möhkəm!..

1963-cü ildə sakit oturmadığını görüb Çingizi Mordvadakı xüsusi-ciddi rejimli islah-əmək düşərgəsinə, 1964-cü ildə isə Ümumittifaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna  «müayinəyə» göndərirlər. İnstitutun direktoru – DTK-nın ilk rəhbərlərindən F. E. Dzerjinskinin qızı M. F. Talsenin başçılıq etdiyi komissiya 1956-cı ildə Çingiz  Abdullayevə «anlaqlı» diaqnozu qoysa da, 9 il sonra o, «anlaqsız» hesab edilir. Beləcə, Çingiz  Yaroslavl vilayətinin Rıbinsk şəhərinə – SSRİ Daxili İşlər Nazirliyinin xüsusi tibbi-psixiatrik xəstəxanasına məcburi müalicəyə, daha sonra Sçov şəhərindəki xəstəxanaya göndərilir. 1968-ci ildə Smolensk vilayətinin  Sçov şəhər xalq  məhkəməsinin qərarıyla Çingiz Abdullayevi Bakıya 1 nömrəli Maştağa Psixiatrik Xəstəxanasına yollayırlar…

Başı çox müsibətlər çəkmiş Çingiz Vətənə döndüyünə sevinmir. Xəstəxananın baş həkimi onunla pis davranır. Üstəlik, olub-keçənlər onun səhhətinə pis təsir edir. Mədəsində və onikibarmaq bağırsağında   xora və pankreatin xəstəliklərinə tutulur…

Tibbi komissiya ona ikinci qrup əlillik verir. Ən maraqlısı, Çingiz burada onun kimi məcburi «müalicəyə» göndərilmiş məşhur dissident Nadir Ağayevlə rastlaşır. Başına gələnləri yazıb  onun  qohumlarına  göndərir.



Azərbaycanlı dessident Nadir Ağayev
14 il 4 aydan sonra – 1970-ci il avqustun 25-də onu «müalicəxana-həbsxana»dan azad edirlər.

İkinci qrup əlil olduğu üçün Çingiz Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Ancaq… burada da fikirlərini azad söyləyir, sovet hökumətini ifşa etməyə davam edir. Onu nəzarətdə saxlayır və ətrafda fikir formalaşdırmağa çalışırlar ki, Çingiz  Abdullayev ağıl pozuntusundan belə danışır…» (5).

Əldə olan məlumatlara görə, «Azadlığa çıxmaq özünü həmişə «xalqlar həbsxanası»nda hiss edən Çingiz Abdullayevə rahatlıq gətirmir. O, xaricə getmək planları qurur. Moskvaya gedir. 1982-ci il sentyabrın 15-də milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Onu səfirliyin həkimlərinə müayinə etdirirlər. İsveçrədən çağırılan iki professor da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyir. İsveçrədə və başqa xarici ölkələrdə çıxan qəzetlər onun haqqında geniş məqalələr yazırlar. 

Əli və Əzizə Şamillərin araşdırmasından aydın olur ki, Sovet tərəfi vəziyyəti nəzarət altına almaq üçün Çingiz Abdullayevə İsveçrə səfirliyindən çıxıb vizası gələnədək gözləməyi, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcəyini vəd edir. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» mehmanxanasında qalmağa razılaşır və səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun bütün xərclərini ödəyir, müalicəsinin qayğısına qalır…

Ancaq SSRİ Ali Soveti Rəyasət Heyətində Çingizin xaricə getmək məsələsi süründürməçiliyə salınır. 1984-cü il oktyabrın 14-də DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otel nömrəsinə daxil olur və Çingizi həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirir. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Çingizi gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən ayrı Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixiatrik Xəstəxanaya salırlar...

Çingiz Abdullayev Maştağadan bir də sovetlərin çöküşündən sonra çıxa bilir. O, yenidən İsveçrədən siyasi sığınacaq istəyir. Araşdırmada vurğulanır ki, 1991-ci ildə qocalıb əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. 1947-ci ildən başlanan mücadilə 1991-ci ildə – 44 ildən sonra gerçəkləşir. Araşdırma qrupu onun son sorağını 1998-ci ildə Bern şəhərindən alıb. Ondan sonra Ç.Abdullayevdən soraq verən olmayıb... Öldüsü-qaldısı bilinmir…

Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu ovaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. Əli Şamilin dediyinə görə, həmin illərdə tanınmış aşıq Mikayıl Azaflı da yazdığı şeirlərə görə yox, oğurluğa görə tutulmuşdu. Özü də, palto oğurluğuna görə! Gülünc də olsa, bir neçə aydan sonra Cahid Hilaloğlunu da palto oğurluğunda suçlayıb tuturlar. Daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlayırlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır...» (6).

Azərbaycanın dessidentlərindən danışarkən, əlbəttə ki, Əbülfəz Əliyevi (Elçibəy) də unutmamaq lazımdır. Onun və tələbələrinin başına gələnləri ən gözəl şəkildə anladanlardan biri Nəsir Ağayevdir. O, xatirələrinin birində həmin dövrün hadisələrini belə yad edir:

«1974-cü ildə Bakı Dövlət Universitetində Dövlət Təhlukəsizlik Komitəsi bir sıra həbslər keçirdi. Əbülfəz Əliyev həbs edildi. O, ermənilərə, farslara və ruslara qarşı yönəlik qatı millətçilikdə ittiham edilirdi:

“Nəsir Ağayev və digər təşkilat üzvləri, qoyulmuş qadağaya baxmayaraq, müəllimlərinin məhkəməsində iştirak etməyi özlərinə mənəvi borc hesab edirdilər. Əbülfəz Elçibəy o zaman Kommunist küçəsində (indiki İstiqlal) yerləşən Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinin qarşısında tələbələri tez-tez söhbət edər, qorxub çəkinmədən, onlara Azərbaycanın azadlığı fikrini aşılamağa çalışardı. 27-28 yaşı olan bu gənc müəllim tələbələrə qaynayıb qarışmaqla böyük nüfuz qazanmışdı. O, müəyyən çətinliyə, maddi imkansızlığa düçar olan tələbələrindən yardımını heç vaxt əsirgəməzdi. Bir dəfə müəllimlərdən Məmməd Əfəndiyev adlı birisi tələbələrə yaxınlaşaraq deyir ki, “Əbülfəzlə bu görüşlərinizdə nədən danışırsınız, bu toplantıların məqsədi nədir?”

Həmin an tələbələr arasında olan Nəsir Ağayev cavab verir:

“Heç, elə belə görüşürük, bizə lazım olan bilikləri əldə edirik, cavabını bilmədiyimiz suallara cavab tapırıq”.

Şamil müəllim ciddi görkəm alaraq onlara bildirir ki, onun, yəni Əbülfəz müəllimin fəaliyyəti onunla nəticələnəcək ki, Dövlət Təhlukəsizlik Komitəsi bir çoxlarınzı həbs edəcək və belə getsə, Universiteti bütünlüklə tikanlı məftillə əhatəyə alacaqlar.

Əbülfəz Əliyev (Elçibəy)
Əbülfəz Əliyevin məhkəməsində bir vaxt cəsarətdən, qorxmazlıqdan danışanların bir çoxu onun üzünə durdular. Əbülfəz müəllim isə onlara qarşı heç bir söz də demədi. O, tələbələrini zərbə altında qoymamaq üçün bildirdi:

“Bəli, mənə qarşı deyilənlər düzdür və mən onlara qarşı heç nə deyə bilmərəm. Mənə görə onları günahlandırmayın, bütün gunahlar məndədir”.

O zaman Əbülfəz müəllimin milli məsələyə görə həbs edilməsi böyük siyasi hadisə və demək olar ki, çoxları üçün böyük gələcəyə malik möhtəşəm məktəb idi...”

Məmməd Əlizadənin Nəsir bəyin sözlərinə istinadən yazdıqlarından belə məlum olur ki, həmin dövrdə, bütün bu mürəkkəb hadisələrin fonunda yüzlərlə mübariz ruhlu insan, xüsusilə də Nəsir Ağayev hər gün təhlukəsizlik komitəsi tərəfindən çağırılacaqları anı gözləyirdi. Fəqət, o anın nə zaman gələcəyini bilmirdilər. Həyəcanverici məqamlardan biri də o idi ki, 1978-ci ilin avqust-sentyabr aylarından etibarən Əbülfəz Əliyevin tələbələrinin məskun olduqları bütün evləri, xüsusən də Nəsir Ağayevin yaşadığı Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanındakı ev ciddi nəzarətə götürülmüşdü. Ev, demək olar ki, bir çox istiqamətdən ciddi nəzarət altında idi.

Nəsir Ağayev həmin dövrü belə xatırlayır:

“Bunu məhəlləmizə heç bir aidiyyatı olmayan adamların tez-tez görünməsindən hiss edirdim. Qonşuluqdakı 44 № - li evdə məskunlaşan hündür boylu birisinin hər səhər işə gedərkən məni müşayiət etdiyini görürdüm. Sən demə, bu şəxs mənim arxamca gələn maşınların nömrələrini, seriyalarını qeyd edir, gələn adamların siyahısını, adlarını müəyyənləşdirirmiş. Günlərin birində 44 N-li evin sakini Kəbirə Kamil qızından soruşdum:

“Kəbirə, mən hər səhər işə gedəndə sizin qapıdan bir kişi çıxıb nəzərləri ilə məni yola salır. O, kimdir?”

Kəbirə cavab verdi:

“O, qardaşım Abdullanın dostudur. Ağdamdan Bakıya iş dalınca gəlib, bizdə qalır”.

Əslində isə həmin bu şəxs mənim haqqımda hər gün müvafiq orqanlara məlumat verirdi. Artıq ciddi şəkildə bir gün həbs olunacağımı düşünməyə başlamışdım. Amma həbsimin hansı səbəbdən bu qədər uzandığını heç cür anlaya bilmirdim. Bəzən gecələr də küçədə şübhəli adamlar görünürdü. Sən demə, bizim təşkilatla qətiyyən heç bir əlaqəsi olmayan, əsgərlikdə olan Bəxtiyar adlı bir həmkəndlimiz əsgərlikdə tez-tez Buzovnada gizli təşkilatın olduğunu və mənim bu təşkilata rəhbərlik etdiyimi deyibmiş.

Hərbi hissədə olan xüsusi şöbə Bəxtiyarı istintaqa cəlb edir. Şöbənin əməkdaşları belə bir qənaətə gəlirlər ki, mən BAİB zavodu üçün kadrlar hazırlayan peşə məktəbində dərs deməklə, həm də bu zavodu nəzarətim altında saxlayıram. Əslində isə, bu zavodda işləyən 5 mindən artıq işçinin özləri bir-birinə nəzarət edirdilər. Bu zavodda raket başlıqları və digər hərbi sursatlar istehsal edilirdi. Sən demə, o vaxt Buzovna südçülük, tərəvəzlik sovxozunun direktoru olan Abdulla Səlimov oğlu Kamili yanına çağırıb ondan DTK – ya gedərək, mənim barəmdə, eləcə də başçılıq etdiyim təşkilat haqqında bildiklərini danışmasını tələb edibmiş. Kamil Səlimov da atasının təhriki ilə gizli təşkilatda aparılan danışıqlar və söhbətlər haqqında təqribən 3 vərəqlik məlumat yazaraq DTK-ya təqdim edibmiş. Artıq Fəxrəddin Zeynalov, Qəni Mövsumov, Məmmədəli Məmmədov, Vaqif Heybətov istintaqa cəlb edilmiş, onlardan izahatlar alınmışdılar. Yalnız Fəxrəddin Zeynalovdan məlumat yazmağı tələb etmişdilər. Bununla da DTK əməkdaşları izi itirməyə və onlara təşkilatımız barədə ilkin məlumatları ötürmüş şəxsi gizli saxlamağa çalışırdılar. Artıq məhəllədə, müəllimlik etdiyim məktəbdə gərginlik hiss edilirdi.

Dərs dediyim 8-ci otağın qarşı tərəfində hərbi kabinet yerləşirdi. Burada TOZ- tipli silahlar var idi. Bu silahlara el içində “Mantikres” də deyirlər. Tez-tez həmin hərbi kabinetə məndə heç bir şübhə doğurmayan orta boylu, bir qədər şişman görünən, xəz paltolu, “Jiquli” avtomobili olan (nömrəsi 12-55 idi) bir şəxs gəlib - gedirdi. Sonralar bildim ki, bu şəxs ona görə hərbi kabineti gəlib yoxlayırmş ki, mənim vasitəmlə təşkilat üzvlərinin buradakı silahların müəyyən qismini ələ keçirə biləcəklərindən ehtiyatlanırmışlar. Onu da bildim ki, hərbi kabinetə gələn bu şəxs Əzizbəyov rayon Dövlət Təhlukəsizlik Şöbəsinin rəis müavinidir.

Əbülfəz Elçibəyin məhkəməsindən sonra insanlarda cəmiyyətdəki haqsızlıqlara qarşı mübarizə ruhu formalaşmağa başlamışdı. Moskvanın Azərbaycana yad, düşmən münasibəti gəncləri daha da radikallaşdırmışdı. Günlərin birində, daha dəqiq desəm, 1978-ci ilin sentyabır ayının ortalarında o vaxt 55 saylı texniki peşə məktəbinin azad komsomol katibi işləyən Ağabala Ağayev məni 55 saylı texniki peşə məktəbinin müəllimlər otağının sağ tərəfində yerləşən metodiki kabinetə dəvət etdi.

Mən içəri daxıl olanda o içəridən qapını bağladı. Oturduq. Həddindən ziyadə gərgin və ciddi görünürdü. Bilirsən, - deyə o, mənə müraciət etdi:

“KQB (DTK) səni dindirə bilər. Nə deyə biləcəksənsə fikirləş. Artıq bir çox adamları dindiriblər. Hamısından da iltizam alıblar ki, Nəsir Ağayev haqqında burda aparılan danışıqlar və alınan izahatlar haqqında heç yerdə, heç kəsə danışa bilməzlər. Əgər bu iltizamı pozsalar, onlara qarşı cinayət işi qaldırıla bilər”.

Ağabala Ağayev həmçinin bildirdi ki, DTK-da başçılıq etdiyim gizli təşkilat və onun üzvləri barədə müfəssəl məlumat var. Təəccüblə bunları haradan bildiyini soruşdum. Cavab verməyəcəyini sanırdım, amma gözlədiyimin əksinə olaraq, cibindən diyircəkli qələmini çıxarıb ağ bir vərəqdə “Fəxrəddin Zeynalov” yazdı.

Artıq hər şey mənə məlum olmuşdu. Fəxrəddinin, əslində təşkilatımızdan xəbəri yox idi. O, tez-tez bizə gələr, toplandığımız günlərdə də bəzən bizdə olardı. Amma çox zaman ikinci mərtəbədə olar, zərurət olmasaydı aşağı düşməzdi. Nə üçün toplaşdığımız, nəyi müzakirə etdiyimizlə də heç vaxt maraqlanmazdı. Ancaq o bilirdi ki, yanıma gələnlərin əksəriyyəti müəyyən vaxtda siyasi məsələlər və təşkilati işlər üçün gəlirlər. Onun “Moskviç - 412” markalı maşını vardı. Tez-tez maşını ilə müxtəlif kəndlərə gedər, orada görüşlər keçirərdim. O, toplantılarda iştirak etməz, kimlərlə görüşdüyümü bilməzdi. Görünür, bəzi şeyləri sezə bilibmiş.

Yaxşı bilirdim ki, həyat yalnız əyləncə və oyundan ibarət deyil, onun sərt imtahanları da olur və onlardan şərəflə çıxmaq hər kişinin işi deyil, amma bu imtahanlardan üzü ağ çıxmaqdan böyük şətəf ola bilməz. Bu söhbətdən sonra başa düşdüm ki, ən ağır, ən çətin bir yükü öhdəmə götürəndə necə sevinmişdimsə, indi onun ağırlığını, əzabını çəkməyə də eyni dərəcədə hazır olmalıyam.

Bütün baş verənlərə görə heç kimi günahlandırmaq da olmazdı. Ona görə olmazdı ki, bu yolu özüm könüllü olaraq seçmişdim. Madam ki, özüm seçmişəm, təqib, təzyiqlərə də dözməliyəm, necə ki, məndən öncəkilər dözmüşdülər.

1978-ci ilin oktyabr ayının əvvəlləri idi. Müəllimlər otağından sinif jurnalını götürəndə hiss etdim ki, arxamdan kimsə mənə nəzarət edir. Cəld geri dönərək ucadan dedim:

“Aparacaqsınızsa, kişi kimi gəlin, üzümə deyin. Hər gün bu gizlanpaç oyunu kimə lazımdır? Bilirəm ki, aparacaqsız. Bunu gecikdirməyə dəyməz”.

Məni nəzərləri ilə müşayiət edən həmin şəxs tələbələrin və müəllimlərin içərisində görünməz oldu. Bir neçə gün keçdi. bir gün Nazim Məmməd oğlu Məmmədov evimizə, mənim yanıma gələrkən, Gilavar tərəfdə yaşayan qonşumuz ondan hara getdiyini soruşur və deyir:

“Nəsirin yanına gedirsənsə, getmə, o, bugün-sabahlıqdır, onu tutacaqlar”.

Bütün bunları mənə Nazim söylədi. Bir sözlə, artıq Buzovnada Təhlukəsizlik Komitəsinin bütün ciddi cəhdlərinə baxmayaraq gizli təşkilatın və mənim həbsimə dair söhbətlər böyüməkdə, yayılmaqda idi. Oktyabrın hər günü həyəcan və gərginliklə keçirdi, gecələri isə sonsuzluq qədər uzun gürünürdü. Oktyabrın 18-də səhər peşə məktəbinə gəldim. Həmişə ciddi, etik münasibətlərə çox dəqiq əməl edən müdirimiz Zöhrab Qədirov mənə yaxınlaşdı və dedi:

“Nəsir müəllim, sizi “raykom partiyaya” çağırırlar, sizi mən aparmalıyam”.

On dəqiqədən sonra mən artıq Zöhrab müəllimin “Jiquli” maşınında əyləşmişdim. Yola düşərkən əlimlə Məmmədəliyə aparıldığımı işarə etdim. Yol boyu Abbas Səhhət, Sabir və Şəhriyardan millətçi ruhlu şerlər deyirdim. Mərdəkanın girəcəyində Abbas Səhhətin şerindən iki misra məni yerimdən oynatdı. Həmin misraları xüsusi şövqlə dilə gətirdim:

“Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən Vətəni, millətimi”.

Dəqiq bilirdim ki, məni rayon Partiya Komitəsində deyil, DTK- nın yerli şöbəsində gözləyirlər. Zöhrab müəllim mənə çevrilərək, əlini dizimə qoydu:

“Nəsir müəllim, məni bağışla, səni arxadan gələn maşın mənə tapşırıb. Çalış ürəyindəkiləri açma. Ətrafındakıların hamısı heç də millətini sənin kimi sevmir. Ehtiyatlı ol”.

Söhbət kəsildi ...”

Nəsir bəyi DTK-nın dar dəhlizi ilə kiçik bir otağa gətirirlər. Dəhlizi geçərkən yaxınlıqdakı otaqda kimisə dindirildiyini və onu dindirən müstəndiqin ucadan hədələyici səsini eşidir. Bu onun, istər-istəməz, bir qədər həyacanlanmasına səbəb oldu, amma özünü ələ almağı bacardı. Nəsir bəyi gətirdikləri otaq çox cansıxıcı idi. Bu otaqda tam bir saat gözləməli oldu. Nəhayət, içəri Əzizbəyov rayon DTK-nın rəis müavini Ağabala Manafov daxil olur. Əvvəlcə Nəsir müəllimə diqqətlə baxır, sonra ciddi, zəhmli baxışlarla soruşur:

“Özünü burda necə hiss edirsən?”.

Nəsir bəy sakitcə:

“Dövlətimdə olduğu kimi”.

Sonra Manafov həyatından, təhsil illərindən və orqana necə gəlməsindən danışmağa başlayır. Mənalı baxışlarla Nəsir bəyə baxır və onun da öz həyatından, təhsil aldığı ali məktəbdən danışmasını istəyir. Nəsir Ağayev ona qısaca məlumat verməklə kifayətlənir. Bu tanışlıq xarakterli görüş iki saata yaxın davam edir. Sonra Manafov ayağa qalxıb, -bir azdan gəlirəm, deyərək otaqdan çıxdı. Otaqda tək qalan Nəsir bəy bir anın içərisində keçdiyi mübarizə dolu ömür yolunu gözləri önündən keçirir. Buraxdığı səhvləri götür-qoy edir, harada və nə dediyini yadına salmağa çalışır. Özünü necə aparmalı olduğunu, ehtimal edilən suallara verəcəyi cavabları düşünür. Özünü dialoqun sonrakı hissəsinə hazırlamağa başlayır. Ürəyində özü-özünə suallar verir, özü də onları cavablandırır. Sonra yenidən harada səhvə yol verdiyini düşünməyə başlayır:

-Mən nəyi düşünürdüm? Rüşvətsiz, korrupsiyasız Azərbaycanı. Dövlət hakimiyyətində tam milli kadrların yerləşdirilməsini və nəhayətdə azad, bütöv Azərbaycanı...

Mühakimə və düşüncələrində məntiqsizlik və səhv yox dərəcəsində idi. Səhv onun ətrafında olan insanlarda və cəmiyyətin acı reallıqlarında idi. Çünki o zamankı reallıq millətçilərin, vətənpərvərlərin, iman sahiblərinin qənimi və düşməni idi.

Birdən həyəcanlı şəkildə ayağa qalxı və tənha qaldığı otağı diqqətlə nəzərdən keçirdi. Əvvəlcə diqqətini divardan asılmış “Politiçeskaya karta mira” xəritəsinə cəmləmək istədi, xəyalı Hüseyn Cavidin əsərindəki qırxdan bir əskik yazısının 39-cu kamerada olmasını tarixin yaddaşına ismarlaması idi. Birdən cibindən qələmi çıxarıb Azərbaycanın tarixi ərazisini işarələdi və cəld arxaya çəkilib yana çevrildi.

Masanın arxa tərəfində Heydər Əliyevin ağ-qara rəngdə şəkli asılmışdı. O, general-mayor formasında idi. Ortalıqda telefondan başqa diqqəti, demək olar ki, heç nə çəkmirdi. Divarda kabinetdə olan əşyaların adları göstərilən siyahı asılmışdı. Artıq bir saatdan çox idi ki, tənha qalmışdı. Bəlkə də kənardan özünü necə apardığını müşahidə edirdilər, bunu bilmirdi. Odur ki, bayaqdan üstündə oturduğu stulu, guya yerini dəyişmək məqsədilə, döşəməyə bərk vurdu. Beləcə, otaqda olduğunu xatırlatmaq istədi. Bircə dəqiqə belə keçməmiş, içəri hündür boylu, sarışın rus qızı daxil olur:

“Çto nado?” (Nə lazımdır?)

Nəsir bəy “Heç nə” - deyərək, Azərbaycan dilində cavab verir...

Artıq 2 saata yaxın vaxt keçirdi. Nəhayət qapı açılır, Manafov içəri daxil olur və Nəsir bəyi rəisin yanına aparır. O dövrdə Əzizbəyov rayon Dövlət Təhlükəsizlik Komitəsinin rəisi Dağ Quşçu kəndindən olan Fərəc Babayev idi. Telefonla danışa-danışa nəyisə qeyd edən Fərəc müəllim və bir qədər danışdıqdan sonra telefonun dəstəyini yerinə qoyur və ayağa qalxır:

“O,...Ağayev.... Nəsir müəllim, buyurun oturun” - deyir.

Təbii ki, hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini Nəsir bəy bilə bilməzdi. Bircə onu bilirdi ki, qəlbinə və şüuruna Böyük və Bütöv Azərbaycan ideyası hakimdir və o özünü bu müqəddəs ideyanın daşıyıcısına yaraşacaq bir şəkildə, şərəf və ləyaqətlə aparmalı idi. Rəis təmkinlə soruşur:

- Yəqin bilirsiz sizi nə üçün çağırmışıq?

- Hər halda, lazım bilmisiniz ki, çağırmısız, - deyə Nəsir Ağayev cavab verir.

- Bu otaqda hansı hissləri keçirirsiz?

- Çox adi hisslər keçirirəm.

- Həyəcən və qorxu hissiniz varmı?

- Mən Dövlət Orqanında nə üçün qorxmalıyam? Axı, bu orqan Dövlətin və Millətin Təhlukəsizliyini təmin edən təşkilatdır.

- Siz doğrudanmı bura nə üçün çağırıldığınızı hələ də başa düşmürsünüz?

- Axı, sizin mənim haqqımda nə düşündüyünüzü mən haradan bilə bilərəm.

- Hər şeyi etiraf edin. Cəzanız yüngül olsun.

- Axı, mənim günahım nədədir, mən nədə günahlandırılıram?

- Vətəndaş Ağayev, siz hər şeyi gözəl bilirsiniz. Onu da bilin ki, Moskva hər həftə bizdən sizinlə əlaqədar məlumat istəyir. Yaxşı olar ki, nə özünüzü yorasınız, nə də bizi. Elə etməyin ki, yaxın yoldaşlarınızı sizinlə üzləşdirək.

Nəsir cavab verdi:

- Mən üzləşmədən çəkinmirəm və məni ittiham edənlərin üzümə durmasını istərdim.

Rəis soruşdu:

- Yaxşı, Universitetdə sizə kimlər dərs deyib? Adlarını yaz.

Onlar, şübhəsiz ki, Nəsir Ağayevdən Əbülfəz Əliyevin adını çəkməyini istəyirdilər. O isə Əbülfəz bəyin adını nə əvvəl də, nə də axırda, ona dərs demiş müəllimlərin siyahısının tam ortasında yazdı.

- Millətçiliyi hardan öyrənmisiniz? Nə üçün nərd oynayanda “Türk qanım coşdu” deyirsən və evinizdə Atatürkün portretini saxlayırsan?

- Millətçiliyi mənə tariximiz, Azərbaycanın bölünmüşlüyü, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Süleyman Rüstəm öyrədib. Türk qanım isə mənim Türk olmağımla əlaqədardır. Çünki dilimiz Türk dillərinin Oğuz qrupuna aiddir. Türk dilləri on iki budaqdan ibarətdir. Atatürkün portretinə gəldikdə isə, Leninlə Atatürk arasında yazışmalar olub. Belə çıxır ki, buna görə Lenin də məsuliyyət daşımalı idi.

8 saata yaxın aparılan sorğu-sual nəhayət bugünlük başa çatdı. Bu bir gün təkcə Nəsirə deyil, onun kimi istintaqa çəkilən yüzlərlə mübariz insana haqq yolunda olduqların bir daha təsdiqlədi, onları gerçək həqiqətin nədən ibarət olduğunu öyrətdi. Bu həqiqət inandığını və bildiyini sübuta yetirməkdir. Qorxsan, cəsarətini itirsən, biliyinə inanmasan, həqiqəti inkar etsən, yaltaq, qorxaq, xain olarsan.

18 oktyabr 1978-ci il tarixi Nəsir bəyin yadından heç vaxt çıxmayacaq. Həmin gün ilk dəfə xüsusi xidmət orqanlarına çağırılmış, dindirilmiş və özünü ləyaqətlə aparmağı bacarmışdı. Bir sözlə, imtahandan üzü ağ, alnı açıq çıxmışdı. Elə bu da onun sonrakı dindirmələr zamanı daha mətin ola bilməsi üçün zəmin hazırlamışdı. Ən əsası isə o idi ki, tutduğu yolun yeganə doğru yol olduğuna əminliyi daha da artmışdı. Bu yolu axıra qədər getmək lazım idi, bunu millətimizin, dövlətimizin nənafeyi tələb edirdi. Xosrov Ruzbeh demişkən, “yol hədəfi inkar etməməlidir”.

Nəhayət, Nəsir bəyi gətirən maşın 8-ə qalmış Mərdəkandan Buzovnaya istiqamət aldı. DTK-nın rəis müavini Manafov bildirdi:

“Nəsir müəllim, mütləq 55 saylı orta texniki peşə məktəbinə getməliyik ki, Zöhrab müəllim sizi görsün. Çünki o sizə görə çox həyəcan keçirir və siz burda dindirilərkən mənə zəng edərək bildirib ki, Nəsir müəllimi görməmiş evə getməyəcəyəm”.

Söhbət əslən Şamaxıdan olan Zöhrab Qədirovdan gedirdi. Həqiqətən də çox sərt, ciddi görkəmli Zöhrab müəllim onu gözləyirdi. O, ikinci mərtəbədən həyətə düşərək Nəsirə yaxınlaşır:

“Şükür Allaha, səni gördüm!”

O, Manafovdan əziyyət verdiyinə görə üzr istədi və təşəkkürünü bildirdi. Nəsir bəy DTK-ya yola düşərkən onu bir vasitə ilə xəbərdar edə bilmişdi.

Evlərində Nəsiri böyük iztirab və həyəcanla gözləyirdilər, evdə də, qonşuda da hər kəs narahat idi. Axı, oktyabrın 29-da onun toyu olacaqdı...

Nəsir evə daxil olanda anası Sitarə xanımla atası Zərbəli bəy intizar dolu baxışlarla, bir qədər də qorxu ilə ona baxırlar. Çox zaman evə gec gələndə aynabəndin qapısını ehmalca açıb içəri pəncələrinin üzərində girərdi ki, səs çıxmasın. Atası Zərbəli kişi yataqda olsa da həmişə oyaq olardı. Başını qaldırıb “Ay laməzhəb, yenə Sovet hökumətini yıxmaqdan gəlirsən?”- deyərdi.

Atası həyəcanlı olsa da bunu qətiyyən bürüzə vermək istəmirdi. Çünki, o bilirdi ki, onun kimilərin Sovetlər olkəsində yaşamaları, necə deyərlər, “gözlə kiprik arasındakı məsafə” kimidir. 37-ci illərdə vətəndaşlığı olmayan güneylilərin ölkədən çıxarılması, elcə də bir çox həmyerlisinin həbs, sürgün edilməsi, güllələnməsi hələ də yadından çıxmamışdı. Çıxa da bilməzdi. Belə şeylər yaddaşlara əbədi olaraq həkk olunur. O çox yaxşı bilirdi ki, eyni aqibət oğlunun da başına gələ bilər.

Zaman hər şeyi yerinə qoyur. Bu günü dünənə, sabahı isə bu günə çevirir. Millətin də taleyini, gələcəyini zaman, zamanla bir-birini əvəz edən nəsillər müəyyənləşdirir. Bu universal qanun, təbii ki, Azərbaycandan da yan keçə bilməzdi və keçməmişdi» (2, s. 34-42).


Qaynaqça


  1. Cahangir bəy Kazımbəyli. Vikipediya (https://az.wikipedia.org/ wiki/Cahangir_b%C9%99y_Kaz%C4%B1mb%C9%99yli).

  2. Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.

  3. «İldırım» təşkilatı. Vikipediya (https://az.wikipedia.org/wiki/%C4% B0ld%C4%B1r%C4%B1m_t%C9%99%C5%9Fkilat%C4%B1)

  4. İsmayıl. Azərbaycançı istiqlal fədaisi. «Şərq» qəzeti, 23 may 2014.

  5. İsmayıllı S. Sovet vaxtı Azərbaycan bayrağını Qız Qalasından asan Cahid Hilaloğlu kimdir? I hissə. «Azadlıq» radiosu (https://baxh.wordpress. com/2015/09/19/dissidentl%C9%99r-ensiklopediyasina-dus%C9%99n-2-az% C9%99rbaycanli/comment-page-1/).

  6. İsmayıllı S. Sovet vaxtı Azərbaycan bayrağını Qız Qalasından asan Cahid Hilaloğlu kimdir? II hissə. «Azadlıq» radiosu (http://www.azadliq.org/a/24987911.html).

  7. Kamal N. Alatoran (http://alatoran.org/Jurnal_2004_3/jurnal_ 2004_3_03.html).

  8. Rahimov İ. Tribute: In Defense of My Mother Tongue. «Azerbaijan İnternational». Winter 2004 (12.4).

  9. Şamil Ə. “Diaspora ədəbiyyatı 23 dekabr 2013” (http://litdiaspora. az/?p=165).

Yüklə 144,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə