Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 3,79 Mb.
səhifə1/39
tarix13.12.2017
ölçüsü3,79 Mb.
#15394
  1   2   3   4   5   6   7   8   9   ...   39


Bəxtiyar Tuncay


DÜNYANI SİLKƏLƏYƏN 17 GÜN




BAKI 2016

I FƏSİL
«Çənlibel» epopeyası
Yenidənqurma – Qərb kəşfiyyatının gizli planı, yoxsa ölüm ayağında olan SSRİ-ni xilas etmək üçün həyata keçirilmiş uğursuz cəhd

XX əsrin 80-ci illərində özünün dərin böhran mərhələsinin ən yüksək nöqtəsində olan keçmiş SSRİ-də əhalini məmnun edə biləcək, onu əski sosialist dəyərlərinə bağlaya biləcək, demək olar ki, heç nə qalmamışdı. Ölkədə baş alıb gedən ərzaq qıtlığı, mağazalardakı uzun növbələr, talon sisteminin tətbiqi, boş piştaxtalar insanların şüurunda əsaslı dəyişikliklər yaratmışdı. İnsanlar artıq əski qaydada yaşaya bilmir, belə yaşamaq istəmir, hökumət isə inqilabi şəraitin yaranmaması üçün yeni idarəçilik üsulları arayışı içərisində idi. Böyük dəyişikliklərə getmək, köklü islahatlar keçirmək məcburiyyəti yaranmaşdı. M. Qorbaçovun ifadə etdiyi kimi, «ölkə yenidənqurmaya hamilə idi» (8, s. 14). Amma bu ideya yenicə yarandığından sovet rəhbərliyi islahatların gerçək səbəb və məqsədləri haqqında hələ bir o qədər də dəqiq təsəvvürə malik deyildi. Bu istiqamətdə atılması lazım olan addımlar barədə əsaslandırılmış dəqiq plan da yox idi. Elə bu da həyata keçirilməsi nəzərdə tutulan «yenidənqurma»nın sonrakı taleyini müəyyən edəcəkdi.

Həmin dövrdə ölkə ziyalılarının çoxu iqtisadi islahatların vacibliyi fikrində idi və belə düşünürdülər ki, elmi-texniki tərəqqinin iqtisadiyyata tətbiqi ilə istehlak bazarında yaranmış acınacaqlı vəziyyəti düzəltmək, ölkədə ərzaq bolluğu yaratmaq olar. Sadə camaat isə vəziyyətin dəyişməsi üçün sovet rəhbərliyində yer alan və heç bir işə yaramayan qocaların enrjili gənc və perspektivli kadrlarla dəyişdirilməsinin zəruri olduğu fikrində idi. İnsanları siyasi azadlıqlar mövzusu da narahat etməyə başlayan əsas mövzulardan birinə çevrilmişdi. Lenin dərsləri, partiya iclasları, saxta qurultaylar, uzun-uzadı nitqlər əhalini cana yığmışdı. Ən əsası isə Qərb ölkələrindəki sürətli inkişafı, insanların rifah halını SSRİ-dəki durğunluq, böhran və kasıblıqla müqayisə edən insanlar artıq dünyaya başqa gözlə baxmağa başlayırdılar. Kapitalizmin tərəqqiyə apadığı, demokratiyanın hüzur və rifaha səbəb olduğu fikri sürətlə yayılmaqda idi. Tədricən belə bir fikir formalaşırdı ki, Qərb cəmiyyətinin nailiyyətlərini SSRİ-də də tətbiq etməyə ehtiyac var.

İqtisadçılar arasında isə belə bir fikir formalaşmaqda idi ki, iqtisadi inkişafa nail olmaq üçün zavod və fabriklərə, kolxoz və sovxozlara mütləq, nisbi də olsa, azadlıq verilməli, onlar nə istehsal etməyi, bunu necə etməyi, məhsulu kimə satmağı, gəlirləri necə bölüşdürməyi özləri müəyyən etməlidirlər. Yuxarıdan direktivlərlə idarə olunan iqtisadiyyat məhvə məhkumdur və onu dirçəltmək mümkün deyil. Bu fikir əslində azad bazar iqtisadiyyatının tələblərinə uyğun gələn bir baxış idi. Əslində 60-70-ci illərdə buna cəhd də edilmiş, fəqət görülməsi nəzərdə tutulan planlar bürokratik aparatın əngəlləri ilə üzləşdiyindən həyata keçirilməmiş qalmışdı.

Elm və incəsənət xadimləri, yazıçı və şairlər azad yaradıcılıq və söz azadlığı fikrini müdafiə edir, əsərlərinə görə normal qonorar istəyi ilə çıxış edir, senzuranın ləğv edilməsinin vacibliyini önə sürürdülər. Regional elitar təbəqələr də mərkəzin amirəliyindən azad olaraq, nisbi də olsa, iqtisadi və siyasi azadlıqlar əldə etmək arzusunda idilər. Kölgə iqtsadiyatının nümayəndələri isə fəaliyyətlərinin leqallaşdırılması, o cümlədən özəl mülkiyyət sahibi olmaları barədə, daha dəqiq desək, dövlət mülkiyyətinin özəlləşdirilməsi barədə fikirlər səsləndirirdilər.

Bütün bunlar «yenidənqurma»nı şərtləndirən əsas daxili amillər idi. Bundan başqa vəziyyətə təsir edən bir sıra xarici amillər də vardı ki, onları nəzərə almadan həmin dövrdə baş verənlərə obyektiv qiymət vermək, əlbəttə ki, mümkün deyil.

1980-ci illərin ortalarında bir çox Qərb analitikləri, eləcə də xüsusi xidmət orqanlarının təhlilçiləri SSRİ-nin üzləşdiyi dərin böhrandan söz açmaqla yanaşı, onun yaxın perspektivdə dağıla biləciyini zənn etmir, sadəcə «şər imperiyası» adlandırdıqları bu nəhəng ölkənin onlara lazım olan istiqamətdə hərəkət etməyə məcbur olacağından söz açırdılar (16, s. 435-440). Özünün ortodoksal baxışları ilə fərqlənən M. Qorboçovun 1985-ci ildə Sov. İKP MK-nın baş katibi seçilməsi onların bu ümidlərini möhkəmləndirməkdə idi. Bu mövzu Qərbdə aparılan dərin diskussiyaların əsas mövzusu halına gəlmişdi. Qərb Qorboçovun hakimiyyətə gəlməsindən son dərəcə mənun idi (14).

Mövzu ilə bağlı Üçtərəfli Komissiyanın sabiq üzvü, Böyük Britaniyanın keçmiş baş naziri, M. Tetçerin söylədikləri çox maraqlıdır. «Dəmir ledi» xatirələrinin birində (1992-ci ilin yanvarı) bildirmişdir ki, «Biz sovet liderinin (Y. Andropovun – B. T.) yaxın zamanlarda öləcəyi barədə məlumat aldığımızda məqsədlərimizi onun vasitəsilə gerçəkləşdirə biləcəyimiz birisinin bizim yardımımızla hakimiyyətə gətirilməsi barədə düşünməyə başladıq. Bu mənim ekspertlərimin dəyərləndirməsi idi (Mən Sovet İttifaqı barədə həmişə olduqca güclü eksprtlər qrupu formalaşdırır və lazım gəldiyində SSRi-dən lazımlı mütəxəssislərin mühacirət etməsinə yardımçı olurdum). Bu adam mütəxəssislər tərəfindən ehtiyatsız, təlqinə müsaid və özündən razı birisi kimi səciyyələndirilən M. Qorbaçov idi. Onun sovet siyasi elitasının böyük əksəriyyəti ilə yaxşı münasibətləri vardı və bu səbəbdən də onun bizim yardımımızla hakimiyyətə gətirilməsi mümkün idi» (5).

«Yenidənqurma»nın təşəbbüskarları ilk mərhələdə yalnız iqtisadi islahatlar barədə düşünür, siyasi məsələlərdə isə V. Leninin ideyalarına sadiq qalmaq kursunu üstün tuturdular. Fəqət islahatların istənilən nəticəni verməməsi, Leninsayağı «Yeni İqtisadi Siyasət» xəttinin özünü doğrultmaması, demokratik dəyişikliklərin zəruriliyini ortaya qoydu və nəticədə inqilabi dəyişikliklər kursuna start verildi. Bu kurs təkcə iqtisadiyyatın deyil, siyasi sistemin və rejimin də islahatlara tabe tutulmasını öngörməkdə idi. Açıq-aşkar məlum idi ki, ölkəni əski üsullarla idarə etmək mükün olmayacaq. Odur ki, tezliklə SSRİ-nin milli dövlət quruluşunun dəyişdirilməsi və bazar iqtisadiyyatına keçilməsi qərara alındı. «Sinfi dəyərlər» normal insani dəyərlərlə əvəz edidi, «Ümumdünya Proletar İnqilabı», «Kommunizm quruculuğu» kimi cəfəng ideyalardan imtina edildi,

M. Qorbaçovun yazdığına görə, real «yenidənqurma»nın tarixi əslində 1988-ci ildən başlayır (9). Məhz elə həmin tarix də Azərbaycanın yeni tarixinin gerçək dönüş nöqtəsi hesab edilə bilər və edilməlidir. Çünki həmin il Azərbaycanda Təkcə SSRİ-ni deyil, bütün dünyanı silkələyən və tariximizə 17 noyabr Milli Dirçəliş Günü kimi qızıl hərflərlə yazılan ümumdünya miqyaslı bir olay oldu – Meydan Hərəkatı özünün kulminasiya nöqtəsinə qalxdı, xalqımızın şüurunda onu müstəqilliyə səsləyən inqilab baş verdi.

Qorboçovun 1990-ci illərdə verdiyi bəzi açıqlamalardan, xüsusən də xarici auditoriya önündə söylədiklərindən belə aydın olur ki, o, artıq 1985-ci ildə SSRİ-nin totalitar təbiətini dərk edir və müəyyən dövrə qədər bu barədə açıq şəkildə danışmağa ehtiyat edirdi. «Yenidənqurma» xəttinin digər müəlliflərindən hesab edilən A. Yakovlev və E. Şevardnadze də müsahibələrində təqribən eyni şeyləri söyləmiş və bildirmişlər ki, onlar islahatlardan öncə artıq radikal dəyişikliklərin vacibliyini dərk etməkdə idilər.

Təbii ki, məsələyə fərqli prizmadan baxanlar da var. Onlar belə hesab edirlər ki, «Yenidənqurma» SSRİ-ni dağıtmaq üçün Qərbdə hazırlanmış xüsusi bir plan idi və yuxarıda adları çəkilən şəxslər imperializmlə işbirliyinə girərək, bu planı şüurlu şəkildə həyata keçirmişlər (11).

Bu baxımdan politologiya elmləri doktoru, professor İ. Panarinin «SSRİ-nin baş ləğvedicici M. Qorbaçov» adlı məqaləsində yazdıqları deyilənlərə ən gözəl misaldır. Qorbaçovu «xarici kəşfiyyatın agenti» adlandıran alim yazır ki, SSRİ-nin dağıdılmasında əsas rolu SSRİ rəhbərliyinə kənar qüvvələr tərəfindən gətirilmiş Stavropollu Yəhuda M. Qorbaçov oynadı. «Onun 6 illik hakimiyyəti dövründə ölkənin xarici borcu 5,5 dəfə artdı, qızıl ehtiyatları isə 11 dəfə azaldı. SSRİ birtərəfli qaydada hərbi-siyasi güzəştlərə getdi. M. Qorbaçov öz Vətəninə onun bütün tarixi ərzindəki ən böyük zərbəni vurdu. Dünyanın heç bir ölkəsində heç vaxt belə rəhbər olmayıb. Onun hakimiyyətə gəlməsinin və dağıdıcı anti-dövlət fəaliyyətininib səbəblərini araşdırmaq üçün Yəhuda üzərində İctimai Tribunalın qurulması lazımdır» (15).

Bu gün çox az adama məlumdur ki, həmin dövrdə SSRİ-də Qorbaçovunkindən fərqli digər islahatlar yolu da ciddi müzakirə edilirdi. Bu yollardan biri siyasi rejimi dəyişmədən müasir cəmiyyətə iqtisadi islahatlar yolu ilə tədrici keçid etmiş Çinin təcrübəsinin öyrənilməsinə əsaslanırdı. Bununla belə, yeni iqtisadi şəraitə uyğun yeni cəmiyyətin hansı formada və necə qurulacağı barədə yekdil fikir yox idi. Bu istiqamətdə aparılan müzakirələr heç bir nəticə vermir, hər şey dumanlı təkliflərlə məhdudlaşırdı. İşin ən maraqlı tərəfi isə budur ki, bu tip müzakirələr fövqaladə gizlilik şəraitində aparılırdı. Çox-çox sonralar baş verənlərin təhlili belə bir ehtimala səbəb oldu ki, bu gizlilik işin içində xarici xüsusi xidmət orqanlarının əlinin olması ilə bağlı imiş.

Bu gün bir çox tədqiqatçının fikrincə, söhbət SSRİ rəhbərliyinin ən yüksək eşalonlarında yer alan xarici agentlərin gizli fəaliyyətindən getməlidir. M. Qorbaçovun özünü də agent olmaqda suçlayanlar az deyil. Bu sırada A. Yakovlevin də adı tez-tez hallanmaqdadır (12, s. 4). Məsələn, Ukraynalı politoloq, Qorbaçov Fondunun sabiq əməkdaşı İ. Osadçuk KQB-sinin keçmiş sədri V. Çebrikova istinadən bildirir ki, Qorbaçovu o vaxt Amerika kəşfiyyatı SSRİ-nin BMT-dəki missiyasının rəhbərinin müavini, erməni əsilli diplomat Viktor İsraelyan vasitəsilə ələ almaq istəyib.



İ. Osadçukun fikrincə, İsraelyanın özü Amerika kəşfiyyatı tərəfindən ələ alınıbmış. «80-ci illərin ortalarında, Qorbaçov SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsində kənd təsərrüfatı üzrə katib vəzifəsini tutanda Vaşinqtonda xarici diplomatlar üçün təşkil olunmuş qəbullardan biri zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru İsraelyana yaxınlaşıb. MKİ direktoru erməni diplomatdan xahiş edib ki, onun Qorbaçovla görüşünü təşkil etsin. Lakin o vaxt İsraelyan bu xahişə əhəmiyyət verməyib. Daha sonra Cenevrədə keçirilən qəbulda o, yenidən İsraelyana yaxınlaşıb və Qorbaçovla görüş barədə xahişi təkrarlayıb. İsraelyan Moskvaya gəlib, xarici işlər naziri Andrey Qromıko ilə görüşüb. Söhbət əsnasında erməni diplomat ona MKİ direktorunun xahişini çatdırıb. Qromıko onu dinləyib, heç nə demədən 15 dəqiqə pəncərəyə baxıb və “Başqa sualın yoxdur ki” deyə erməni diplomata bildirib. V. İsraelyan XİN-in binasından çıxanda mühafizə onu saxlayıb və diplomat vəsiqəsini alıb. Onu dərhal işdən azad ediblər, İsraelyan SSRİ-nin son illərində ABŞ-a köçüb və 2005-ci ildə ölüb. BMT-də SSRİ-ni təmsil edən erməni diplomatın Amerika kəşfiyyatı ilə təmasları isə MKİ-nin SSRİ-ni dağıtmaq üçün həm də Qarabağda erməni separatizmini qızışdırmaq planlarının olduğundan xəbər verir» (1).

Politoloq daha sonra bildirir ki, «Qarabağda erməni separatizminin qızışdırılmasında o vaxt Amerikadakı erməni diasporunun da əhəmiyyətli rolu olub… 1987-ci ildə Qorbaçov Mərkəzi Komitənin birinci katibi kimi ABŞ-a səfərə yola düşəndə özü ilə KQB sədrinin müavini Kryuçkovu götürüb. O vaxt KQB-nin sədri olan Viktor Çebrikov Kryuçkovun birinci katibi ABŞ-a səfərdə müşayiət etməsinə qarşı çıxıb. Çünki Kryuçkov KQB-nin 1-ci Baş İdarəsinin rəhbəri olarkən həyata keçirdiyi bütün əməliyyatları iflasa uğradıbmış… Kryuçkov kəşfiyyatçı və rəhbər işçi kimi qabiliyyətli olmasa da, yaxşı intriqabaz idi. KQB sədrinin etirazına baxmayaraq Qorbaçov Kryuçkovu özü ilə ABŞ-a aparır. ABŞ-da Kryuçkov erməni diasporu ilə Qorbaçovun görüşünü təşkil edir. Həmin görüşdə ermənilər Qorbaçovun arvadına brilyant daşlarla bəzədilmiş boyunbağı və rəsm əsəri hədiyyə edirlər. Ardınca Qorbaçovu əhatəyə alıb ona “Qarabağın tarixi problemləri”, onun Ermənistana birləşdirilməsinin vacibliyi haqda danışırlar. Qorbaçovun ermənilərlə söhbətində Kryuçkov da iştirak edir. Birinci katib ABŞ-dan səfərdən dönəndən az sonra Çebrikovu KQB sədri vəzifəsindən azad edərək, onun yerinə Kryuçkovu təyin edir. Çebrikov isə Mərkəzi Komitə katibliyinə təyin olunur. Və tezliklə Qarabağda müharibə başlayır» (1).

İ. Osadçukun sözlərinə görə, «sonradan Çebrikov ona evində keçirdiyi ad gününün videokadrlarını göstərib. Həmin mərasimdə KQB sədri kimi Kryuçkov da iştirak edirmiş. Çebrikov ad günündə Kryuçkovdan soruşur: “KQB sədri olmaq üçün Qorbaçova neçə milyon verdin”. Ehtimal ki, ermənilərin adamı olan Kryuçkov KQB sədri olmaq üçün Qorbaçova rüşvət kimi verdiyi milyonlarla dolları da Amerikadakı varlı ermənilərdən alıbmış… Çebrikov KQB sədri vəzifəsinə özünün birinci müavini Filip Bobkovun namizədliyini irəli sürmüşdü. O, peşəkar kəşfiyyatçı, ordu generalı idi və Qarabağda münaqişənin qəti əleyhinə çıxırdı. Daha sonra münaqişə qızışanda Qorbaçov Arkadi Volskini Qarabağda yaradılan xüsusi idarəetmə komitəsinə rəhbər təyin edib… Volski Qarabağda münaqişənin qızışmasının qarşısını ala, hətta barışığa nail ola bilərdi... Lakin Qorbaçov bunda maraqlı deyildi…(1).

İ. Osadçukdan fərqli olaraq S. N. Volkova isə Qorbaçovun, həyat yoldaşı ilə birlikdə hələ 1966-cı ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ələ alındığını iddia etməkdədir. Onun fikrincə, Qorbaçovun 1984-cü ilin dekabrında İngiltərə səfəri zamanı baş verənlərin təhlili onun orada əvvəlcədən xüsusi gözlənilən şəxs olduğunu deməyə tam əsas verir. Halbuki M. Qorbaçov SSRİ Ali Sovetinin bir o qədər də önəm daşımayan nümayəndə heyətinə başçılıq edirdi. Bununla belə, M. Tetçer onu özünün şəhər kənarında yerləşən «Çekkers» adlı xüsusi iqamətgahında qəbul etdi. Bu iqamətgah xüsusi önəm daşıyan siyasi xadimlərin qəbulu üçün nəzərdə tutulmuşdu (5).

Bu məsələyə özünün «Qorbi və Meqli» adlı kitabında xüsusi diqqət ayıran L. Zamyatin yazır ki, sözügedən heyətə Ali Sovetin Energetika Komissiyasının sədri Y. Velixov, Sov İKP MK-nın İnformasiya şöbəsinin müdiri, bundan bir il öncə SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru təyin edilmiş A. Yakovlev daxil idilər. Qorbaçov görüşlərin əsas mövzusu kimi «silahsızlanma»nı seçmişdi. Halbuki, onun SSRİ Ali Soveti adından heç bir bəyanat vermək səlahiyyəti yox idi (10).

Tədqiqatçının sözlərinə görə, bu səfər Qorbaçovun bu qədər yüksək səviyyədə qəbul edildiyi ilk rəsmi səfər deyildi. Belə ki, 1983-cü ilin may ayında o Kanadaya səfər etmiş və Kanadanın baş naziri Trüdo tərəfindən də əziz qonaq kimi qəbul edilmişdi. Həmin dövrdə o, Sov İKP katibi idi və Kanadaya səfər etməsinə xüsusi ehtiyac yox idi. Fəqət o bunda israr edirdi. O dövrdəki baş katib Y. Andropov buna etiraz etsə də, sonradan həmin dövrdə SSRİ-nin Kanadadakı səfiri olan A. Yakovlevin təkidi ilə qərarından dönmüşdü. A. Yakovlev bildirir ki, onun İngiltərədə bu qədər böyük maraqla qarşılanmasında Kanada səfəri zamanı apardığı danışıqların böyük rolu olmuşdu (10).

A.Yakovlev yazır ki, «dəmir ledi» ilə görüş zamanı qeyri-adi bir hadisə baş verdi. Danışıqlar zondaj xarakteri daşıyırdı. Bu, mənim də iştirak etdiyim dar tərkibli görüşlərin birində M. Qorbaçovun Baş Hərbi Qərargahın üzərində məxfilik qrifi olan xəritəsini çıxarıb, masanın üstünə qoymasına qədər beləcə davan etdi. Xəritə orijinal idi və üzərindəki qrif bunu təsdiq edirdi. Orada Böyük Britaniyaya yönəlik raket zərbələrinin istiqamətləri, vurulması nəzərdə tutulan şəhərlərin koordinatları və s. təsvir edilmişdi. Ortaya sükut çökdü. Sükutu Qorbaçav pozdu: «Xanım baş nazir, bütün bunlara son qoymaq, özü də bunu mümkün qədər tez etmək lazımdır». «Hə» - deyə özünü itirmiş M. Tetçer cavab verdi (17).

Bu faktı M. Qorboçov da təsdiq etməkdədir. O, «Həyat və islahatlar» adlı memuarında yazır: «Mən üzərində bütün nüvə ehtiyatlarının ən incə detallarına qədər qeyd edildiyi böyük xəritəni Böyük Britaniyanın baş nazirinin önünə sərdim. Buradakı hər bir hücrənin Yer üzündəki bütün həyatı məhv edə bilməsi üçün tamamilə yetərli olduğunu söylədim: «Toplanmış nüvə ehtiyatı ilə bütün canlıları 1000 dəfə məhv etməyə yetər» (6).

S. N. Volkova həm A. Yakovlevin, həm də M. Qorbaçovun dilə gətirdikləri bu faktı SSRİ-nin hərbi sirrlərinin düşmənə ötürülməsi kimi dəyərləndirməkdədir (4). Fəqət sözügedən hadisə belə bir nəticə çıxartmaq üçün yetərli deyil. Belə ki, SSRİ-nin içindən çıxması mümkün olmayan iqtisadi böhran bataqlığının tam ortasına düşməsinin əsas səbəbi ABŞ-ın Rusiyanı sövq etdiyi «silahlanma yarışı» idi və rusların bu «yarış»a tab gətirməyə halı qalmamışdı. «Silahlanma yarış»ı, eləcə də SSRİ-nin Əfqanıstanı işğalı və üzücü müharibəyə cəlb edilmiş olması bütün iqtisadi resusrsları tükətmişdi. Buna mütləq son qoymaq lazım idi və ruslar, nəyin bahasına olursa-olsun, ən çox vəsaitin xərcləndiyi nüvə raketlərinin istehsalının azaldılmasında maraqlı idilər. Fəqət bunu birtərəfli qaydada etmək olmazdı. Qərbi «silahlanma yarışı»nın dayandırılmasının zəruriliyinə inandırmaq lazım idi.

Qeyd etmək lazımdır ki, «silahlanma yarışı» SSRİ iqtisadiyyatının əsaslarının sarsılmasına səbəb olmuşdu. Belə ki, 1980-ci illərin əvvəllərində maşınqayırma sənayesinin 60 faizini hərbi texnikanın istehsalı təşkil edir, hərbi xərclər isə Ümumi Daxili Məhsulun (ÜDM) 23 faizini «yeyirdi». 80-ci illərin sonlarında isə bu rəqəmlər müqabil olaraq 80 faiz və 28 faiz səviyyəsinə qalxmışdı (3). Və məsələ təkcə bunda deyildi. Sənayenin hərbi sifarişlərin yerinə yetirilməsinə uyğunlaşdırılması ağır sənayenin üstünlük qazanmasına, istehsalatın digər istiqamətlərinin, xüsusən də istehlak bazarına yönəlik istehsalın zəifləməsinə gətirib çıxarmışdı (4; 7). Bir sözlə, hərbi xərclərin azaldılması, iqtisadiyattın «silahlanma yarışı»nın ağır yükündən azad edilməsi qarşıda duran bir nömrəli vəzifə idi. Elə bu səbəbdən də Əfqanıstanda aparılan mənasız savaşa da son qoymaq lazım idi.

1988-ci il aprel ayının 15-dən etibarən ruslar 14 aprel 1988-ci il Cenevrə sazişinin şərtlərinə uyğun olaraq, qoşunlarını Əfqanıstandan çıxarmağa başladılar. İlk üç ay ərzində bu ölkəni 50 153 əsgər tərk etdi. Noyabrda mücahidlərin hücumlarının artırması nəticəsində proses bir qədər səngisə də, 1988-ci ilin 15 avqustundan 1989-cu ilin 15 fevralına qədər daha 50 100 nəfər hərbiçi Əfqanıstandan SSRİ ərazisinə qaytarıldı.

Sovet ittifaqının dağıdılmasında və imperiyanın çökməsində günahlandırılan, Qərb «imperializminin agenti» olduğu iddia edilən digər şəxs A. Yakovlevdir. 1982-ci ildə SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru akademik İnozemtsevin ölümündən sonra M. Qorbaçov onun yerinə bu vəzifəyə Yakovlevin namizədliyini irəli sürmüş və A. Yakovlev baş katib Y. Andropov və katiblər K. Çernenko və A. Qromıkonun dəstəyi ilə həmin İnstitutun direktoru təyin olunmuşdu. Qorbaçov onunla 1983-cü ilin 17-24 mayında Kanadaya bir həftəlik səfəri zamanı yaxından tanış olmuş və fikirlərinin üst-üstə düşdüyünü görüb bundan çox məmnun olmuşdu. O bu vəzifəyə gələr-gəlməz, Sov İKP Mərkəzi Komitəsinə məktub göndərərək SSRİ-ni düşdüyü dərin böhrandan çıxartmaq və Qərb ölkələri ilə maqayisədə açıq-aşkar hiss olunan geriləməni dayandırmaq üçün SSRİ-də xarici kapitalın iştirakı ilə yeni müəssisələrin yaradılması təklifi ilə çıxış etmiş, nəticədə Y. Andropov Sov İKP Proqramının yeni redaksiyasının hazırlanmasına göstəriş vermiş və onu bu işi görməli olan qrupun rəhbəri təyin etmişdi (18).

Şübhəsiz ki, bu qərarı Sovet rəhbərliyi birlikdə vermişdi. Burada xarici kəşfiyyatın izini axtarmaq və hər şeyi Qorboçov və Yakovlevin üzərinə yıxmaq, əlbəttə ki, doğru deyildir. Axı, həmin dövrdə ölkəyə M. Qorbaçov yox, uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Y. Andropov başçılıq edirdi. İmperiyanın yerlərdəki sadiq nökərləri olan H. Əliyev və E. Şevardnadzeni öz inanılmış kadrları kimi Moskvaya aparan, onlara yüksək vəzifələr verən də məhz o idi. Bir sözlə, baş verənlər subyektiv deyil, obyektiv səbəblərdən baş verirdi. Sovet İttifaqı dərin böhran içində idi və onu xilas etmək lazım idi. Ölkədə inqilabi şərait yetişirdi. Aşağılar əski qaydada yaşamaq istəmir, yuxarılar isə yeni qaydada idarə edə bilmirdi.

M. Qorbaçov hakimiyyətə gəldikdən sonra A. Yakovlev, Sov İKP MK-nın Təbliğat şöbəsinin müdiri, 1986-cı ildə isə MK üzvü və MK katibi vəzifələrinə yüksəlir. Bundan sonra o, Y. Liqaçovla birlikdə ideologiya və mədəniyyət məsələrini kurasiya edir. Elə həmin dövrdə Qərb dövlətləri, eləcə də Asiya-Sakit Okean bölgəsi ölkələri ilə hərtərəfli əlaqələrin vacibliyindən söz açmağa başlayır. Nabokov, Soljenitsın, Rıbakov, Pristavkina, Dudintseva kimi əvvəllər dərc olunmaları yasaq olan dessident qələm sahiblərinin əsərlərini dərc etdirir, nümayişinə qadağan qoyulmuş 30 filmin ekranlara çıxmasına imkan yaradır. Çap olunması yasaq olan rus filosoflarının əsərləri də tezliklə işıq üzü görür (18).

M. Qorbaçovun C. Buşla Malta görüşü. A. Yakovev Qorboçovun sol tərəfində əyləşəb.
Hakimiyyətin yuxarı eşalonlarında yer alması ilə ölkədə «yeni küləklər» əsdirən A. Yakovlevin xidmətləri içərisində sovet rəhbərliyi ilə Rus Pravoslav Kilsəsi arasında xoş münasibətlərin qurulmasını, Tolq Monastrının Optinaya Pustınya kilsəsinə qaytarılmasını və s. bu kimi addımları da göstərmək lazımdır. Onun 1987-ci ildə «Rust əməliyyatı» çərçivəsində sovet generalları arasında aparılan təmizləmə işində oynadığı xüsusi rolu da unutmamaq lazımdır, çünki oponentləri onun «xəyanətləri» içərisində bu məsələyə xüsusi önəm verir və bu addımı SSRİ-nin Qərb qarşısında güzəştlərinin önündə əngəl olan generalların zərərsizləşdirilməsi kimi dəyərləndirirlər. Halbuki, bu əməliyyat 1987-ci ildə baş vermiş biabırçı olaydan sonra keçirilməsi mütləq vacib olan bir əməliyyat idi (17). Söhbət nədən gedir?

Söhbət 1987-ci ilin 28 mayında – SSRİ-də Sərhədçilər gününün bayram edildiyi əlamətdar bir gündə sovet ordusunun qüdrəti, sovet sərhədlərinin sarsılmazlığı barədə mifləri yerlə bir edən hadisədən gedir. Belə ki, həmin gün ABŞ istehsalı olan «Sessna» tipli idman təyyarəsi SSRi-nin Havadan Müdafiə Qüvvələrinin gözündən yayınaraq, Moskvanın düz mərkəzində, Qırmızı meydanın yaxınlığındakı Vasilyevsk enişində yerə endi. Daha dəqiq desək, təyyarə Böyük Moskva Körpüsündə enmiş və Vasiliy Blajennıy kilsəsinə qədər gəlib çıxmışdı. Təyyarəçi təyyarədən çıxan kimi heyrətə gəlmiş və ətrafına toplaşmış yerli sakinlərə avtoqraflar paylamağa başlamışdı. 10 dəqiqə sonra onu həbs etdilər və məlum oldu ki, o Almaniya Federativ Respublikasının vətəndaşı olan Matias Rust adlı 19 yaşlı alman bir gəncdir (13).

Matiasın atası Qərbi Almaniyada «Sessna» tipli təyyarələrin satışı ilə məşğul idi və o da uşaqlıqdan bu tipli təyyarələri sürməyi öyrənmişdi. Mattias Rust sovet sərhəddini Fin körfəzi üzərində 600 metr yüksəklikdən uçaraq, saat 14.20-də keçmiş və sovet radarlarına yaxalanmamışdı. Dövrün qəzetləri baş verən hadisəni belə şərh etmişdilər: «Ölkə şokdadır! Həvəskar pilot, özü də sanki acığımıza, alman olan pilot Sərhədçilər Günü kimi bir gündə SSRİ-nin nəhəng müdafiə arsenalını biabır etdi» (13).

Bu hadisədən sonra müdafiə naziri S. Sokolov, HMM qoşunlarının baş komandanı A. Koldunov və daha 300 nəfər yüksək rütbəli zabit öz vəzifələri ilə vidalaşmalı olmuşdular. Odur ki, baş verənləri A. Yakovlevin və ya M. Qorbaçovun generallara qarşı məqsədli və qərəzli əməliyyatı kimi dəyərləndirmək doğru deyildir. Həm də ona görə doğru deyildir ki, vəzifəsindən uzaqlaşdırılan əski müdafiə naziri S. Sokolovun yerinə D. Yazov gətirildi. Bu o Yazov idi ki, Azərbaycanda və digər əski sovet respublikalarında baş qaldıran Milli Azadlıq hərəkatlarını boğmaq üçün hərbi gücdən istifadə etməkdən çəkinməmiş, 1990-cı ilin 20 yanvarında Bakı qırğınına bilavasitə rəhbərlik etmiş və SSRİ-ni dağılmaqdan qorumaq üçün tarixə «QKÇP» adı ilə düşmüş təşkilatı quranlardan biri olmuşdur.

D. Yazovun namizədliyini A. Yakovlev irəli sürmüş, M. Qorbaçov da təsdiq etmişdi. Yeri gəlmişkən qeyd edək ki, V. Kryuçkovun da SSRİ DTK-sının sədri vəzifəsinə namizədliyini irəli sürən də məhz A. Yakovlev olmuşdur (5). V. Kryuçkov da Bakıdakı yanvar faciəsinin əsas müəlliflərindən və «QKÇP»-nin yaradıcılarından biri olub. Odur ki, M. Qorboçovu və A. Yakovlevi Qərblə gizli sazişə girərək, SSRİ-ni məqsədyönlü şəkildə dağıtmaqda, bu məqsədlə «vətənpərvər» generaliteti ləğv etməkdə suçlamaq ən azı qeyri-ciddidir.

Azərbaycanda da məsələyə bu prizmadan yanaşanlar və ölkəmizdə baş vermiş möhtəşəm Milli Azadlıq Hərəkatının dəyərini heçə endirməyə çalışanlar az deyil. M. Zülfüqarlı haqlı olaraq yazır ki, «Istiqlal tarixini saxtalaşdırmağa cəhd edənlər son vaxtlar belə bir fikir irəli sururlər ki, guya SSRI - nin dağılması prosesi nəticəsində bütün müttəfiq respublikalar kimi Azərbaycan da müstəqillik əldə etmişdir. Onlar milli – azadlıq hərəkatının rolunu aşağı salmaq üçün belə bir fikri irəli sürürlər ki, bu prosesdə milli-azadlıq hərəkatına heç bir ehtiyac yox idi və onsuz da bu proses baş verəcəkdi» (2, s. 5).


Qaynaqça


  1. Məmmədov F. Qorbaçov Qarabağı ermənilərə bir boyunbağıya satıb. “Yeni Müsavat” qəzeti, 30 yanvar, 2012.

  2. Zülfüqarlı M. Istiqlal tarixini yaradanlar ( 1972 – 1992 – ci illər). Bakı, 2002. 211 s.

  3. Баханов А. Н., Горинов М. М., Дмитренко В. П. История России. XX век. М., 1996.

  4. Верт Н. История советского государства. М., 1996.

  5. Волкова C. H. Горбачёв с супругой были завербованы ЦРУ ещё в 1966. «Livejournal» (http://sofya1444.livejournal.com/460304.html).

  6. Горбачёв M. C. Жизнь и реформы (http://www.e-reading. club/book.php?book=1013462).

  7. Гайдар Е. Т. Сочинения, т. 1, 2. М., 1997.

  8. Горбачев М. С. Понять перестройку… Почему это важно сейчас. М., 2006.

  9. Горбачев М.С. Перестройка и новое мышление. Для нашей страны и для всего мира. М., 1987.

  10. Замятин Л. Горби и Мэгги. Записки посла о двух известных политиках — Михаиле Горбачеве и Маргарет Тетчер. M., 1995.

  11. Коэн С. Вопрос вопросов: почему не стало Советского Союза? М., 2007.

  12. Курс на «перестройку» и распад СССР (1985-1991 гг.).

  13. На Красной площади в Москве приземлился самолет гражданина ФРГ Матиаса Руста (http://www.calend.ru/event/5236/).

  14. Островский А.В. Кто поставил Горбачева? М., 2010.

  15. Панарин И. Н. Генеральный ликвидатор СССР М. Горбачёв. (http://www.km.ru/spetsproekty/2011/12/20/mikhail-gorbachev/ generalnyi-likvidator-sssr-ms-gorbachev).

  16. Хлобустов О. М. Неизвестный Андропов. М., 2009.

  17. Яковлев A. Омут памяти (http://www.e-reading.club/book.php? book=1031614).

  18. Яковлев, Александр Николаевич (https://ru.wikipedia.org/wiki/% D0%AF%D0%BA%D0%BE%D0%B2%D0%BB%D0%B5%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87),

Keçmiş SSRİ-də baş qaldıran milli hərəkatlar və M. Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq cəhdləri

Sov İKP-nin XIX Ümumittifaq Konfransında onun «Aşkarlıq haqqında» bəyanatını hazırlayan komissiyaya rəhbərlik edən A. Yakovlev 1988-ci ilin avqustunda Latviyaya yola düşdü və oradakı yerli hakimiyyət orqanlarının və qeyri-formal təşkilatların işini dəstəklədiyini bəyan etdi (8). Məlumat üçün bildirmək lazımdır ki, Yenidənqurmanın ilk illərində SSRİ-nin bütün bölgələrində qeyri-formal təşkilatlar qurulur və onların işinə bir o qədər də maneçilik törədilmirdi. Yenidənqurma illərində Azərbaycanda qurulan ilk belə təşkilat sonradan bir müddət Milli Azadlıq Hərəkatına öndərlik edən və 1987-ci ildən fəaliyyətə başlayan «Çənlibel» Təşkilatı olub.

Rus dilində «гластность» (qlastnost) kimi səslənən «aşkarlıq» termini rus liberalizminin lüğət fondundan götürülmüşdü. Bu kəlmə ilk dəfə Rusiya çarı II Aleksandrın hakimiyyəti dövründə işlədilmişdi. Qərb liberalizminin «söz azadlığı» anlayışına yaxın mənada işlənən bu terminin 1986-cı ildə yenidən gündəmə gətirilməsi həmin ilin 26 aprelində Ukraynanın paytaxtı Kiyevdən cəmi 100 kilometr aralıda yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü reaktorunda baş vermiş qəza ilə bağlı idi. 30 mindən artıq insanın ölümünə və onminlərlə insanın şüalanmaya məruz qalmasına səbəb olmuş bu qəzanın gizlədilməsi və nəticədə yüzminlərlə insanın həyatının təhlükə altında qalması bütün ölkədə böyük narazılıq yaratmışdı. Beləliklə, məxfiliyin xeyirdən daha çox ziyana səbəb olduğu, ən azı bu kimi halların operativ şəkildə qarşısını ala bilmək üçün aşkarlığa ehtiyac olduğu göz qabağında idi (5). Odur ki, bu mövzunun gündəmə gətirilməsinə xüsusi ehtiyac yaranmışdı.

Artıq heç nəyi gizlətmək mümkün deyildi. Aşkarlığı zəruri edən əsas səbəblərdən biri də ölkədə bir-birinin ardınca baş verən milli münaqişələr idi. Sovet rəhbərliyi onları nə qədər gizli saxlamağa çalışırdısa da, «bizi çuvalda gizlətmək» mümkün olmurdu. Baş verənlər haqqında xəbərlər «Azadlıq», «Azad Avropa», «Amerikanın səsi» kimi «düşmən» radiostansiyalar vasitəsilə dərhal bütün ölkəyə yayılır və sovet rəhbərliyinə sərf etməyən şərhlərlə müşayiət olunurdu. Aşkarlıq şəraitində isə onların baş vermə səbəblərini tamam başqa cür, özün istədiyin kimi şərh və izah etmək, ictimai rəyə öz mövqeyini aşılamaq mümkün olardı.

A. Veber «Avqust putçunun hazırlanması və süqutu» adlı məqaləsində yazır ki, 1985-ci ildə başlayan Yenidənqurmanın yan təsirlərindən biri də milli məsələnin sərt şəkildə üzə çıxması idi. Milli və muxtar respublikalarda baş qaldıran milli hərəkatlar SSRi-nin birlik və bütövlüyü üçün birbaşa təhlükə mənbəyinə çevrilmişdi. Tədqiqatçının fikrincə, bu böhran, əslində, çoxdan yetişməkdə idi. Bunun üçün zəmin bir ildə yaranmamışdı, bunun üçün bir neçə onilliklər lazım olmuşdu. Əsas səbəb isə o idi ki, SSRİ Konstitusiyasında federasiya subyektləri üçün nəzərdə tutulmuş geniş hüquq və azadlıqlara əhəmiyyət verilmir, aparılan son dərəcə güclü mərkəzləşdirmə siyasəti, eləcə də ruslaşdırma, iqtisadi bölgüdə ədalətsizliyə yol verilməsi və s. bu hüquq və azadlıqları minimuma endirilməsinə gətirib çıxarırdı. II Dünya savaşından sonra bir çox xalqın öz ata yurdlarından sürgün edilməsi isə heç bir sınıra sığmırdı. Bütün bunlar milli şüurun oyanmasına təkan verən narazılıqlara yol açmaqda idi. Millətlərin öz təbii hüquqlarını dilə gətirməsi anti-sovet təbliğatı kimi qələmə verilərək ən sərt şəkildə boğulur, bu barədə danışanlar və ya etirazını bildirənlər isə sərt repressiyalara məruz qalırdılar. Milli məsələlərin qızışmasının başqa bir səbəbi də milli respublikalar arasında sərhədlərin Moskvanın imperialist məqsədlərinə cavab verəcək şəkildə, ədalətsiz cızılması olub (3, s. 29).

Hər şey 1986-cı ilin mart-aprel aylarında Yakutiyanın paytaxtı Yakutsk şəhərində rus və yakut tələbələr arasında çıxan savaş ilə başladı. O zaman bunun qarşısını çətinlik çəkmədən almaq oldusa, elə həmin ilin dekabrında Qazaxıstanın paytaxtı Alma-Atada baş verən daha ciddi olayları yatırmaq üçün artıq hərbi qüvvədən istifadə etmək lazım gəldi. Nəticədə çox sayda qazax nümayişçi rus əsgərləri tərəfindən öldürüldü və ya yaralandı.

Alma-Atadakı nümayiş və mitinqlərə səbəb Qazaxıstanın qazax mənşəli I katibi Kunayevin rus mənşəli Kolbinlə əvəz edilməsi olmuşdu. Bu iki hadisə qarşıda gözlənilən fəlakətin ilk siptomları idi. Fəlakət isə özünü tam şəkildə 1987-ci ildən göstərməyə başladı. Ilk öncə Krım tatarları səslərini qaldırmağa başladılar. Onlar mütəşəkkil qaydada vaxtilə zorla köçürüldükləri Orta Asiya və Sibirdən öz ata yurdlarına – Krıma geri dönmələri və Krımda onlar üçün Tatar milli muxtariyyətinin yaradılması tələbi ilə mitinq və yürüşlər təşkil etməyə başladılar. Onların bu tələbinə repressiyaya məruz qalmış digər xalqlar – çeçenlər, inquşlar, qaraçaylar, kalmıklar da qoşuldular. Növbəti 1988-ci ildən etibarən isə SSRİ-nin dayaqlarını sarsıdan, Azərbaycan və Ermənistan arasında konfliktə səbəb olan Dağlıq Qarabağ hadisələri baş qaldırdı (3, s. 30).

Azərbaycan-erməni məsələsi Yenidənqurma illərində yenidən tam şiddəti ilə baş qaldırsa da, məsəlinin kökü çox-çox əvvəllərə, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalanmasından sonrakı illərə təsadüf edirdi. Məhz həmin dövrdə işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək, Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirilmişdi (2, s. 39).

1987-ci ilin oktyabrında M. Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi Ağanbekyan Fransada Daşnakstyun partiyasının üzvləri qarşısında çıxış edərək DQMV iddiasına start verdi. Burada çıxış edən Ağanbekyan deyirdi: “Mən DQMV-nin iqtisadi cəhətdən Azərbaycan SSR-dən daha çox Ermənistan SSR ilə bağlı olması və buna görə DQMV-nin Ermənistan SSR-nin tərkibinə qatılması haqqında Sov. İKP MK-ya təklif vermişəm”.

N. Ağayev yazır ki, «1988-ci ildə “Qarabağ problemi”nin ortaya atılması ilə Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəbləşdi. Bu problem imperiyanın süqutunun qarşısını almaq üçün sovet rəhbərlərinin əl atdıqları tədbirlərin tərkib hissələrindən biri kimi meydana çıxmışdı. Belə ki, dəfələrlə sınanmış vasitədən - millətlərarası münasibətləri gərginləşdirməklə xalqlar arasında toqquşmalar yaratmaqdan istifadə edən imperiya rəhbərləri bu dəfə də öz ənənələrinə sadiq qalaraq, Qazaxıstanda, Orta Asiyada, Baltikyanı Respublikalarda, Moldovada və eləcədə, Cənubi Qafqazda yaşayan millətlər, toplumlar arasında süni qarşıdurmalar yaratmaqla imperiyanın ömrünu uzatmağa cəhd edirdilər. Yenidənqurma adı altında ortaya atılan bu avantürist siyasət, demək olar ki, “Qarabağ problemi” ilə sonuclandı» (2, s. 62).

Müəllifin imperiyanın ömrünü uzatmaq üçün süni qarşıdurmalar yaradılması barədə fikri ilə razılaşmasaq da, fakt budur ki, «“Qarabağ problemi” ətrafında hər kəs, necə deyərlər, öz “kartı”nı oynayırdı. Belə ki, əgər imperiya rəhbərlərinə “Qarabağ kartı” imperiyanın ömrünün uzadılması üçün vacib idisə, bu prosesdən bir vasitə kimi istifadə edən ermənilər üçün isə öz ağalarının kölgəsində illər boyu içərisində gizlətdikləri “Böyük Ermənistan” dövləti yaratmaq xülyasını gerçəkləşdirmək üçün lazım idi. Elə bu səbəbdən də, Sovet İttifaqının partiya, dövlət orqanlarında yüksək vəzifələr tutan erməni və ermənipərəst qüvvələrin himayədarlığına, habelə dünyanın iri dövlətlərində yaşayan və iqtisadi cəhətdən olduqca güclü olan erməni lobbisinə arxalanan Dağlıq Qarabağ erməniləri sosial-iqtisadi problemləri önə çəkərək, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirildiyini elan etdilər. Ermənistan SSR Ali Sovetinin sessiyası isə DQMV-nin Ermənistana birləşdirilməsi haqda qeyri-qanuni qərar çıxartdı. Bununla da, faktiki olaraq, Ermənistan-Azərbaycan müharibəsinin başlanmasına münbit şərait yaradıldı. Bu hadisələrdən az sonra, ermənilər zorakılıqla qədim Oğuz yurdlarından—Göyçədən, Ağbabadan, Dərələyəzdən, Pəmbəkdən, hətta Qarabağın özündən minlərlə Azərbaycan türkünü qovdular» (2, s. 62-63).

Məhz bu hal Azərbaycanda ilk mitinqlərin və onların məntiqi nəticəsi kimi bütün SSRİ-nin əsaslarını sarsıdan Meydan Hərəkatının əsasını qoymuş oldu.

Həmin dövrdə milli hərəkatlar, demək olar ki, bütün keçmiş sovet respublikalarında – Baltikyanı respublikalarda, Gürcüstanda, Moldovada, Ukraynada, Orta Asiyada baş qaldırmışdı. Bu ölkələrdə müxtəlif qeyri-formal təşkilatlar, o cümlədən xalq cəbhələri yaranırdı. Xalq cəbhələrinin «Yenidənqurmaya dəstək» adı altında qurulduğunu diqqətə çatdıran A. Veber haqlı olaraq yazır ki, sonradan onların hamisi Milli İstiqlal şüarı ilə çıxış etməyə başladılar. Bu şüar ilk dəfə rəsmən Estoniyada dilə gətirildi. 1988-ci ilin noyabrında bu ölkənin Ali Soveti Estoniya SSR-in Konstitusiyasına SSRİ Konstitusiyası ilə ziddiyyət təşkil edən dəyişikliklər etdi və ölkənin suverinliyini bəyan edən deklorasiya ilə çıxış etdi (3, s. 31).



Artıq milli hərəkatların qarşısını almaq heç cür mümkün olmurdu, necə deyərlər, «cin şüşədən çıxmışdı». Odur ki, bir çox hallarda hərbi gücdən istifadə etmək lazım gəlirdi. 1989-cu ilin aprel ayının 8-dən 9-na keçən gecə Tiflisə ordu yeridildi və istiqlal şüarları səsləndirən xalqa güllə atıldı. Nəticədə 16 nəfər həyatını itirdi.

Estoniya, Gürcüstan və Azərbaycanda baş verənlər bütün ölkədə böyük rezonansa səbəb olmuşdu və milli hərəkatların fəalları artıq çəkinmədən milli istiqlal şüarları səsləndirirdilər. 1989-cu ilin may ayında Litvanın Ali Sovetinin deputatları da eston həmkarlarının yolu ilə gedərək, Suverenlik Bəyannaməsini qəbul etdilər. Eyni zamanda SSRİ Konstitusiyasının maddələrinin Yalnız Litva Ali Sovetinin təsdiq etməsindən sonra icra edilə biləcəyi barədə qanun da qəbul edildi.

Əlbəttə ki, söhbət hələlik gələcəkdə tam istiqlala yol açması öngörülən «SSRİ daxilində suverenlik»dən gedirdi ki, bu da respublikalararası münasibətlərin və ölkənin federativ əsaslarının yeni qaydada dəyişdirilməsi anlamına gəlirdi. Elə bu da SSRİ xalq deputatlarının 1989-cu ilin may-iyun aylarında keçirilən I Qurultayına öz damğasını vurdu (3, s. 31).

A.Vebrin yazdığına görə, bu qurultayda SSRİ rəhbərliyi qarşısında sərt şəkildə respublikaların suveren haqları, respublikalar arasında və onlarla mərkəz arasında münasibətlərin yeni xarakterinin müəyyən edilməsi, iqtisadi müstəqillik və hətta respublikaların SSRİ tərkibindən çıxma hüququ ilə bağlı prosedur qaydalarının tənzimlənməsi kimi məsələlər qaldırıldı. Açıq – aşkar görünürdü ki, SSRİ-nin vahid dövlət kimi mövcudiyyəti artıq şübhə altındadır (3, s. 31).

Qurultayda iki siyasi xətt bir-birinə qarşı durmuşdu. Bunlardan biri, təbii ki, SSRİ-ni vahid dövlət kimi qoruyub saxlamaq üçün əlindən gələn hər şeyi etməyə çalışan, buna nail olmaq üçün respublikalar arasında və onlarla mərkəz arasında yeni federativ əlaqələrin qurulmasına getməyə belə hazır olan Qorboçovun müdafiə etdiyi xətt, digəri isə separatizmi, yəni respublikaların SSRİ tərkibindən çıxmalarını öngörən xətt idi (4, s. 61-65).

Ortaya çıxan bütün məsələləri mütləq tənzimləmək, milli məsələni həll etmək lazım idi. Odur ki, Sov İKP özünü növbədənkənar Plenumunu (19-20 sentyabr 1989-cu il) çağırdı. Plenuma ciddi hazırlıq işi görülmüş və qəbul edilməsi gözlənilən qərarlar öncədən dərc edilərək geniş müzakirəyə çıxarılmışdı. Plenumun sənədlərində əsas məsələlər aşağıdakılar idi:

- Sovet Federasiyasını yeniləmək və onu real siyasi və iqtisadi məzmunla zənginləşdirmək;

- Bütün növ muxtariyyətlərin hüquq və imkanlarını artırmaq;

- Milli mədəniyyət və dillərin azad inkişafı;

- Vətəndaşların milli mənsubiyyətinə görə hüquqlarının pozulmasının qarşısının alınması.

Plenumda ilk dəfə yeni İttifaq Sazişinin hazırlanması və imzalanması məsələsi də gündəmə çıxarılmışdı. Lakin bunu necə etmək barədə heç bir dəqiq plan yox idi. Təsadüfi deyil ki, M. Qorbaçov belə bir planın olmadığını Siyasi Büronun 2 mart 1990-cı il tarixli iclasında etiraf etmiş və bildirmişdi: “Federasiyamızın, hər bir xalqın inkişafının hazırki reallıqlarına və ehtiyaclarına cavab verən Yeni İttifaq Sazişinin təxirə salınmadan işlənilib hazılanmasının vacib olduğunu hesab edirəm. Bu halda hər bir respublikanın səylərini və özünəməxsusluğunu nəzərə alaraq federativ əlaqələrin differensiyasını diqqətdə saxlamaq lazımdır” (7, s. 139).

M. Qorbaçovun və ümumilikdə sovet rəhbərliyinin bu fikrə tam qəti şəkildə gəlməsinin əsas səbəbi, heç şübhəsiz ki, SSRİ-də baş qaldıran milliyyətçi hərəkatlar, o cümlədən Azərbaycanda baş verən və sovet imperiyasının əsaslarını növbəti dəfə kökündən sarsıdan möhtəşəm sərhəd hərəkatı idi. Söhbət 1989-cu ilin son günü, Azərbaycanın quzeyini güneyindən ayıran tikanlı məftillərin, başqa sözlə, SSRİ-nin dövlət sərhədlərininn sökülməsindən gedir (1).



Bu hadisədən sonra Litvaya gedən, bu ölkədəki tətilləri dayandırmaq məqsədilə 1990-cı ilin 11-13 yanvar tarixlərində yerli fəallarla görüşən, hətta Litva Milli Hərəkatı «Sayudis»in ayın 11-də keçirdiyi 100 minlik mitinqində də iştirak edən M. Qorbaçov müxtəlif toplantılarda bir çox çıxışlar edir və bu çıxışlardan açıq aydın görünürdü ki, o dövrdəki sovet rəhbərliyi SSRİ-ni qoruyub saxlaya bilmək üçün milli respublikalara və muxtariyyətlərə hər cür güzəşt etməyə hazır imiş. Və ölkənin parçalanmasının qarşısını almaq üçün Qorboçov şəxsən özü yerlərə gedir və təbliğat aparmaqla məşğul olurdu. Onun Litva zavodlarının birindəki çıxışından bəzi fraqmentləri gözdən keçirək:

«Biz bu ölkədə, sözdə defferensiyanı bəyan edərək, təkamül etmişik, amma həqiqətdə isə, təəssüf ki, federasiya kimi deyil, unitar dövlət kimi inkişaf etmişik. Bu, Stalin konsepsiyasına – diktator rejiminə uyğun təkamül idi. Bununla əlaqədar ölkədə həm demoqrafiya, həm iqtisadiyyat, həm də müdafiənin və kommunikasiyanın təşkilində vahid dövlət istiqamətində dərin dəyişikliklər baş verdi. Bütün bunları istehsal qüvvələrinin mərkəzləşdirilmiş qaydada bu vahid dövlətin daxilində yerləşdirməsinə əsaslanan əmək bölgüsü müəyyənləşdirmişdi. Və respublikaların, vilayətlərin nümayəndələri yeni zavodlar üçün daha çox kapital qoyuluşu «qopartmaq» naminə bir-birilə yarışa girirdilər.


Və əgər bu gün sizə kimsə deyirsə ki, bütün bunlar mərkəzin «oyunları» idi, - mənə elə burada, bu zavodda bir yoldaş dedi ki, hazırki vəziyyətdə imperiya təfəkkürü, istehsal qüvvələrinin bölünməsi və yerləşdirilməsi adı altında burada rus təsirini artıqmaq və yerli əhalini «əritmək» və sıxışdırmaq siyasəti göz qabağındadır, - bu halda mən sizə aşağıdakı məlumatı verməliyəm.

Bu məsələ qaldırıldığında və insanların məlumatsızlığı ilə alver edildiyi məlum olduqda, mən partiyanın Mərkəzi Komitəsinə respublika, vilayət və muxtar respublikalardan, regionlardan yeni müəssisələrin tikintisi barədə daxil olmuş xahişləri ümumiləşdirmək tapşırığı verdim. İndi qarşımda tam bir cild var. O nədən xəbər verir? Ondan xəbər verir ki, inciklik və ittihamlarla müşayiət olunan yarış gedirdi, bunun üçün plenumların stenoqramlarını oxumaq kifayətdir. Kiməsə çox, kiməsə az vermişlər, kiməsə zavod vermişlər, bizəsə guya verməmişlər…

Odur ki, mərkəz «işləyirdi» və hamı birlikdə işləyirdi! Bə bu faktdır.

Bilirsinizmi, insanların tonlarla taxıl qazanmaq üçün tərk edərək Kuban və Stavropol vilayətinə getdikləri bu torpaqların (Litva torpaqlarının – B. T.) məhsuldar və zəngin edilməsi üçün İttifaq büdcəsindən nə qədər vəsait istifadə edilib?

İndi bu məqsədlə Litvadan kimsə gedirmi? Məncə, əksinədir. Axı, o zaman onları ehtiyac qovurdu. Və o dövrdə qovurdu ki, həmin dövrü kimlərsə bizə «qızıl dövr» kimi qələmə verməyə çalışırlar. Amma biz də yüzminlərlə insanın doğma ocaqlarını tərk edib mühacirətə getdiyi həmin «qızıl dövr»ün necə bir dövr olduğunu bilirik, axı.

Yox, yoldaşlar, heç nəyi bəzəmək lazım deyil. Lazım deyil. Bizə yalnız həqiqət lazımdır, həmin dövr haqqında da həmçinin. Əks təqdirdə spekulyasiya və təhriflər qəlblərdə inciklik alovu yandırar və olması ümumiyyətlə məqbul olmayan hisslər oyandırar.

Beləliklə, bizə artıq mövcud olan, tarixən yaranmış federal iqtisadi bazanın siyasi üstqurumu kimi federasiya lazımdır. Federasiyanın vacibliyini bizim əvvəlki iqtisadi inkişafımız şərtləndirir. Baxın, biz bütün Avropanın inteqrasiya etdiyini, daha möhkəm ümumi bazar istiqamətində hərəkət etdiyini deyirik. Amma, yoldaşlar, axı, - Dövlət Plan Komitəsindən olan yoldaşlar da təsdiq edər, eləcə də sizin respublikaların rəhbərləri də bilirlər, - bizdə kooperasiyanın səviyyəsi bir çox hallarda Avropa Birliyinkindən daha yüksəkdir! Bax, əmək belə bölünüb.

Təsdüfi deyil ki, sizin zavodun direktoru deyir ki, siz 200 müəssisə ilə bağlısınız, fəhlələr də məhsulların vaxtında gəlmədiyindən şikayətlənirlər. Biz hamımız bir-birimizdən asılıyıq. Vəziyyət belədir ki, bu gün Litvada bir çox müəssisələr tək sayda mövcuddur. Əgər bu gün bir müəssisə dayanırsa və ya onu dayandırırlarsa, bütün İttifaq ehtiyac hiss edir, bütün iqtisadiyyat əziyyət çəkir. Bu yaxşıdırmı, pisdirmi? Düşünürəm ki, pisdir. Bax, belə bir monopolizm yaranıb və bu pisdir.

Və ya sizin qonşunuzu – avtomobilləri sadəcə yığmaqla məşğul olan, ehtiyat hissələri isə yüzlərlə başqa müəssisələrdən göndərilən məşhur «RAF» zavodunu götürək. Belə kooperasiya, yeri gəlmişkən çağdaş dünya tendensiyalarına tam uyğundur. Eləcə də, ölkəmizi bütün dünya ilə bağlayan müdafiəni, kommunikasiyaları, limanları götürək. Məhz o (ölkə - B. T.) bu kommunikasiyyaların, limanların olması üçün vəsait yatırmışdır. Bundan sizin respublika nə qazandı? Deməliyəm ki, hər şey olmasa da, çox şey…

Ümimlikdə siz İttifaqdan ona verdiyiniz valyutaya gedən məhsullardan daha çox valyuta alırdınız… Ortaya belə sual çıxır, əgər müstəqillik deyiriksə, bundan sonra quruculuqla necə məşğul olaq? Fikrimcə, əgər biz məsələləri siyasi definisiya, hay-küyçü şüarlar səviyyəsində həll etməyə girişsək, fəlakətdən başqa bir şey olmayacaq. Yox, əgər gerçəklikləri diqqətə alsaq, gerçək siyasəti necə qurmaq barədə düşünsək, irəliyə doğru hərəkət edəcəyik. Əminəm ki, federasiyanı bu halda, respublikaları isə bu vəziyyətdə saxlamaq mümkün deyil. Biz ittifaq daxilində hər şeyi ahəngdar hala gətirməliyik ki, heç nəyi doğramayaq və hər hansı bir xalq üçün ağır sınaq yaratmayaq. Hətta Rusiya kimi böyük respublika təkbaşına bunun öhdəsindən gələ bilməz. Hərçənd ki, rusiyalılara da elə şeylər «yeridiblər» ki, orada da bənzər proseslər getməyə başlayıb. Yeri gəlmişkən buradan verilən təkansız da ötüşməyib. Rusiyalılara da belə bir cəfəng fikir aşılanır ki, - özü də alimlərin «araşdırma»larına istinadən, - guya Rusiya SSRİ-dən ayrılarsa, o dörd il ərzində dünyanın ən çiçəklənən ölkəsinə çevrilər (Sürəkli alqışlar).

Əl çalmaq lazım deyil. Yaxşısı budur qulaq asın. Ümumiyyətlə, istəməzdim ki, kütləvi şəkildə əl çalınsın. İstəyirəm ki, dərindən düşünək. Mən ona görə gəlmişəm ki, həm bu, həm də qarşı tərəfin arqumentlərini dinləyərək, dərindən fikirləşək. Yox, əgər kimsə zorla öz fikrini sırımağa çalışacaqsa, burada hansı püllerializmdən, hansı həqiqətdən, hansı hörmətdən söhbət gedə bilər…

Baxın, burada Litvaya azadlıq və müstəqillik deyirlər. Bilirsiniz, bu oyuna oxşayır. Bu gün mən Leninin heykəlinin yanında bir gənclə söhbət etdim, adı Virqiliusdur. Və o deyir: litvalılara azadlıq. Yaxşı, - cavab verirəm, - elə bundan da başlayaq. Siz azadsınız. Mən azadam. Ətrafımızdakıların hamısı azaddır. Amma, axı, bir yerdə yaşamağa məhkumuq. Nədən başlamalıyıq? Öz azadlıq və maraqlarınızı bir-birinkinə uyğunlaşdırmaqdan. Hesablaşmaqdan, hörmətdən və qarşılıqlı yardımdan. İnsanlar arasında münasibətlər belə olmalıdır, əks təqdirdə əlaqə yaratmaq mümkün olmaz. Bir ailədə belə hər şey asanlıqla başa gəlmir. Bəs, xalqlar arasında?

Budur, Litva azaddır. Belə olan halda başqaları ilə əməkdaşlıq edəcəksiniz, ya yox? Yoxsa, əlaqələri kəsəcəksiniz? (Zaldan «edəcəyik» sədaları eçidilir).

Bilirsiniz, bütün proseslər – iqtsadi, siyasi, mədəni, - sinxron və paralel gedir. Odur ki, hər bir xalqa öz potensialını tam və bütöv şəkildə gerçəkləşdirməyə imkan vermək, federasiyanı yeni real məzmunla zənginləşdirmək lazımdır. Bax, bizə bunu etmək lazımdır! Başqa yol elə qüvvələri gətirəcək ki, onları təsəvvür etmək belə çətindir. Elə isə, hansı yolla getməliyik? Artıq olanı dağıtmadan, ona yeni xarakter verəcək, yeni məzmunla zənginləşdirəcək və onu gerçək mənada bərabərhüquqlu suveren dövlətlərin birliyinə çevirəcək yollamı? Yoxsa, xalqları, bir-birinə qarşı qoymağa, taleləri, iqtisadiyyatı – hər şeyi parçalamağa başlayaq? Bu yollamı?

Qarşıdurma lazım deyil. Gəlin dialoq quraq, gəlin hər kəsin bərabərhüquqlu olduğunu, litva xalqının köklərinin bu torpaqlarda olduğunu, onun sahibi olduğunu qəbul edib, müzakirə edək. Başqa cür ola bilməz. Əgər litvalılar özlərini əzilmiş, qeyri – bərabər hüquqlu, alçaldılmış hiss edərlərsə, hamıya pis olar. Əgər hamıya pis olsa, litvalılara da pis olar. İnandırıram, elə belə də olacaq. Görürəm ki, soyuqluq artıq var. Əgər «şaxta» olarsa, dalınca parçalanma, qarşıdurma gələcək və bu yaxşı bir şeyə gətirib çıxarmayacaq. Narazı olduğumuz bu həyatı yaxşılaşdırmalıyıq və bunu da birlikdə etməliyik.

Tələsənlər isə, sizi əmin edirəm ki, sonrası barədə düşünmürlər. Tələsənlər Moskvada da var. Onlar başqa yerlərdə də var, - mən sadəcə Litva barədə danışmıram. Doğrudur, onlar bir qayda olaraq, dəyişikliklərin qızğın tərəfdarı olduqlarını və çoxdan, həsrətlə gözlənilən «möcüzə»nin mümkün qədər tez gəlməsini istədiklərini söyləyirlər. Amma möcüzə baş vermir. Biz onu hamımız birlikdə yaratmalı və qurmalıyıq.

Bəzləri bizə öz fikirlərini mütləq həqiqət kimi təqdim etməyə çalışırlar, guya artıq hər şeyi müzakirə edib qurtarıblar. Yox. Hamı axtarışdadır.

Biz yenilənmiş federasiyaya sahib olmalıyıq. Biz yenilənmiş, demokratik quruluşa, yenilənmiş cəmiyyətə sahib olmalıyıq.

Bütün bunları biz dağıtmadan, ayırmadan, lənətləmədən, bir-birinə qarşı inamsızlıq və sevməməzlik toxumu əkmədən, əksinə, əlaqəli şəkildə əməkdaşlıq edərək qurmalıyıq. Mən buna əminəm. Ayrıseçkilik, əlahiddəlik – bütün bunlar artıq artıqlamasıyla olub. Bu bizim tariximizdir. Onda hər cür şey – pis də, yaxşı da olub. Məhsuldar yol əməkdaşlıqdan keçir.

Biz yeni Konstitusiya üzərində iş prosesinə başlamışıq. Orada hər bir respublikanın suveren dövlət olduğu nəzərdə tutulur. Və onlar öz suveren haqlarından istifadə edərək, bütün federasiyalarda olduğu kimi, onların bəzisini mərkəzə verir ki, intellektual, iqtisadi, texniki, elmi, mədəni səyləri birləşdirmək mümkün olsun. Birləşdirmək birgə səylərlə daha qətiyyətlə irəli getməyin mümkün olması üçün lazımdır. Beləliklə, suverenlik və müstəqillik federasiya ilə, - əgər bu ona doğru getdiyimiz və real addımlar atmağa başladığımız əsil federasiyadırsa, - ziddiyyət təşkil etmir. Belə bir federasiya üçün qarşıdakı illərdə çox şey ediləcək.

SSRİ tərkibindən çıxmaq haqqında. Hər bir respublikanın öz müqəddəratını təyin etməsi, o cümlədən ayrılması barədə bir maddə var. Və yoldaşlar haqlı olaraq məsələ qaldırırlar ki, əvvəllər bu problem heç vaxt yaranmadığından, bu gün isə artıq yarandığı və Konstitusiyaya, konstitusion quruluşa və bütün İttifaqın maraqlarına toxunduğu üçün ayrılmanın mexanizminə də ehtiyac yaranıb.

Və kim ki, Sovet İttifaqından çıxmaq barədə son qərara gəlibsə, yeddi dəfə yox, min dəfə ölçüb biçməli, hər şeyi dərindən düşünüb-daşındıqdan sonra sonra konstitusion əsasda İttifaqa və bütün xalqlara müraciət etməlidir… Bu proses fövqaladə dərəcədə ciddidir və odur ki, Sovet İttifaqından çıxmaq barədə maddənin həyata keçirilə bilməsi üçün hərtərəfli işlənmiş mexanizm lazımdır.

Elə adamlar da var ki, bu və ya digər səbəbdən, demoqrafik və ya başqa proseslər səbəbindən bu və ya digər yerdə qalmalı olublar və nə zamansa, haradasa ayrılmaq barədə məsələ qaldırıldıqdan sonra onlar bu fikri paylaşmadıqlarını bildirərək nə etməli olduqları barədə sual verə bilərlər.

Odur ki, bu adamların taleyinin necə olacağı, «ayrılan» respublika tərəfindən belə adamları iş və əgər həmin respublikada evi varsa, yaşayış yeri ilə təmin edə biləcək vəsaitin ayırmalı olub-olmadığı barədə suala cavab verən mexanizm olmalıdır. Buradan isə ayrılmanın müddəti və ayrılma prosesinin özü barədə suallar ortaya çıxır. Bunu hansı müddət ərzində həll etmək mümükün ola bilər?

Mən sadəcə bir sualın üzərində durdum. Axı, müdafiə, kommunukasiya, əlaqələr, iqtisadiyyat və s. ilə bağlı suallar da var. Bütün bunlar mexanizmdə nəzərdə tutulmalıdır. Bu konstitusion hüququn gerçəkləşdirilməsi mexanizmi barədə qanun ilk oxunuşda müzakirə edilmək üçün Ali Sovetin komitələrinə göndəriləcək.

Mənim tam əmin olduğum şey bundan ibarətdir ki, siyasi suverenliyə, iqtisadi müstəqilliyə, mədəni inkişafa, bütün mədəni tendensiyaların qorunmasına gedən yol birdir və o, Fedrasiya şəklində birləşmiş suveren dövlətlərin konstitusiyalarından keçir. Siz federasiyanın nə olduğunu bilirsinizmi? (Zaldan «bilirik» sədaları eşidilir).

Haradan bilirsiniz, axı, siz onu hələ yaşamamısınız.

Mən federasiyanın yenilənməsi tərəfdarıyam və separatizmə qarşıyam. Bəzləri bu yanaşmanı imperiya təfəkkürünün davamı kimi şərh edirlər. Şəxsən mənim üçün bu, üzvi şəkildə qəbuledilməzdir. Mənim yanaşmam reallıqlara, hər şeydən öncə iqtisadiyyat sahəsindəki qarşılıqlı əlaqələrə əsaslanır. Onlar unitar dövlətdən federasiyaya keçid şəraitində bütün respublikaların zəngin potensialını üzə çıxarmalıdırlar.

Bu gün biz həm Mejalaytisi, həm Oleyniki, həm də şimal xalqının təmsilçisi olan Rıtxeunu oxuya bildiyimizə görə zəngin deyilikmi? Bütün bunlar reallıqlar, həyatımızın ayrılmaz hissəsinə çevrilmiş mübadilələrdir. Söhbət bütöv xalqların taleyindən getdiyi zaman siyasi oyunlar oynamaq olmaz» (6).

M. Qorbaçovun bu çıxışı bir daha sübut edir ki, onun guya bilincli şəkildə SSRİ-ni dağıtmaq istədiyi və bunu mərhələ-mərhələ həyata keçirdiyi barədə söylənilənlər uydurmadan və cəfəngiyyatdan başqa bir şey deyil. O, sovet imperiyasını qoruyub saxlamaq üçün yollar axtarırdı. Fəqət milli respublikalarda, o cümlədən Azərbaycanda gedən və hər keçən gün güclənən milli hərəkatlar onun bu səylərini heçə endirirdi. O, SSRİ-ni qoruyub saxlamaqda qərarlı idi, bunun dərin və əsaslı islahatların həyata keçirməsilə mümkün olacağına inanırdı. Respublikaların müstəqillik istəklərini isə hər an ən qəddar yollarla boğmağa hazır idi. Elə bu səbəbdən də 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya sovet qoşunlarının yeridilməsi və xalqa güllə açılması barədə əmr vermişdi.


Qaynaqça


  1. Abbaslı C. SSRİ-ni dağıdan “Sərhəd hərəkatı”nın 25 illik yubileyi keçirilib. “Yeni Müsavat” qəzeti, 27 oktyabr 2014.

  2. Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.

  3. Вебр А. В. Подготовка и провал августовского путча // Два путча и распад СССР. М., 2011, s. 29-60.

  4. Загладин В.В. Xроникa перестройки 1985–1991 гг (Qorbaçov Fondunun arxivi).

  5. «Перестройка» и распад СССР (http://xn----7sbfhivhrke5c. xn--p1ai/%D1%80%D0%B0%D1%81%D0%BF%D0%B0%D0%B4-%D1%81%D1%81%D1%81%D1%80-1985-1991/).

  6. «Правда» qəzeti, 13 yanvar, 1990.

  7. Союз можно было сохранить (http://www.gorby.ru/userfiles/union_ could_be_saved.pdf)

  8. Яковлев, Александр Николаевич (https://ru.wikipedia.org/wiki/% D0%AF%D0%BA%D0%BE%D0%B2%D0%BB%D0%B5%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87),



Yemidənqurma illərinin qeyri-formal birlikləri və «Çənlibel» təşkilatı


Keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda, eləcə də bir vaxtlar Varşava Blokuna daxil olan Şərqi Avropa ölkələırində çoxpartiyalı sistemin kökü, heç şübhəsiz ki, 1986-1988-ci illərdə kütləvi şəkildə yaranmaqda olan qeyri-formal təşkilatların formalaşması dövrünə qədər uzanır. Qərbdəki Qeyri-Hökumət Təşkilatlarının analoqu olan bu tip təşkilatların ilk dövrlərdə əsas funksiyası üzvlərin bir-biri ilə ünsiyyətinin təşkilindən ibarət idi ki, bu ünsiyyət zamanı siyasi-ictimai həyatın, demək olar ki, bütün sahələri, eləcə də iqtisadi inkişaf planları müzakirə edilirdi.

Sovet sosioloqlarının hesablamalarına görə, həmin dövrdə dövlət, hökumət, partya orqanlarından asılı olmayaraq, müstəqil şəkildə fəaliyyət göstərən siyasiləşmiş» qeyriformal təşkilatlar ölkədə mövcud olan qeyri-formal təşkilatların ümumi sayının 10 faizdən bir qədər artıq hissəsini təşkil edirdi. Bununla belə, məhz onlar SSRİ-nin son illərindəki siyasi ab-havasına həlledici təsir göstərə bilmişdilər (8, s. 26).

Vurğun Əyyub. “Çənlibel» təşkilatının ilk sədri
Yuxarıdan yaradılmayan və hətta, bir qayda olaraq, rəsmən heç bir qeydiyyatdan keçməyən belə təşkilatların yaranmasının bir çox səbəbləri vardı. R. Pixoya və A. Sokolov, haqlı olaraq yazırlar ki, bu səbəblərdən biri M. Qorbaçov başda olmaqla, Sov. İKP-nin yeni rəhbərliyi tərəfindən ortaya atılan cəmiyyətin demokratikləşməsi və aşkarlıq siyasəti idi (7, s. 177). Bu siyasət ictimai həyatın liberallaşmasına, vətəndaşların özfəaliyyətinə və təbii aktivliyinə yönəlik bir çox siyasi və hüquqi məhdudiyyətlərin aradan qaldırılmasına səbəb olmuşdu.

O. Reşetnikovun fikrincə, qeyri-formal təşkilatların yaranmasının başqa bir səbəbi də yenidənqurmanın icrasındakı problem və ziddiyyətlər idi və bütün bunlar ictimai fikirdə belə bir qənaət formalaşdırırdı ki, islahatlara mane olan qüvvələr var. Bu qənaət yenidənqurmaya aşağıdan dəstək verməyin zəruriliyi fikrini möhkəmləndirir və bu da öz növbəsində kütlələrin təşkilatlanmasına gətirib çıxarırdı. «Qeyri-formal hərəkatın güclənməsinə yenidənqurmanın dərinləşməsi ilə ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsi də təsir edirdi» (8, s. 26).

Ənvət Yusifoğlu (Börüsoy). «Çənlibel»in qurucularından və İH üzvlərindən biri
«Qeyri-formallar»ın ilk qrupu 1986-cı ilin yayında, «Həvəskar birliklər və maraqlar üzrə klublar barədə Əsasnamə» qəbul edildikdən dərhal sonra öz varlıqlarını büruzə verməyə başladılar. Rəsmi statistikaya görə, artıq 1990-cı ildə SSRİ-də onların sayı 619-a çatırdı ki, bunların da 230-dan bir qədər çox hissəsi ictimai-siyasi və vətəndaş təşəbbüsü tipli qeyri-formal təşkilatlar idi.

O. Reşetnikovun yazdığına görə, «Yenidənqurma»nın ilk illərində «qeyri-formallar» öz fəaliyyətlərini dövlətin siyasəti çərçivəsində sürdürür və ciddi müxalifət roluna iddia etmirdilər. Onların varlığının özü artıq sovet sisteminə qarşı bir çağırış idi. Aşağıların təşəbbüsü ilə yaranan özfəaliyyət təşkilatları qeyri-ixtiyari olaraq, «Yenidənqurma» siyasətini və demokratik sosializm ideyalarını dəstəkləmiş olurdular. Onların fəaliyyətində iştirak kommunistlərin sayı kifayət qədər idi. Belə hesab edilir ki, sovet rejiminə qarşı müxalif olan «qeyri-formal hərəkat»a startı patiya və dövlət elitası içərisində islahatlara qarşı çıxan qruplar vermişlər. Bu qrupların bir qismi islahatların ləng getdiyini önə sürür, liberallaşmanın sürətinin azlığından, şəxsi mülkiyyətə keçidin qarşısında duran əngəllərin aradan götürülməsi üçün heç bir iş görülməməsindən şikayət edir, digər qrup isə, əksinə, ortodoksal kommunzm mövqeyindən çıxış edərək, həyata keçirilən islahatları leninizm yolundan, başqa sözlə, kommunizm quruculuğundan sapmaq kimi dəyərləndirirdi. Nəticədə «qeyri-formal hərəkat» iki ideya istiqamətində inkişaf edirdi. Bunlardan biri siyasi rejimin yenilənməsini, şərti olaraq, Qərb ölkələrindəki liberal dəyərlərə söykənən modeli dəstəkləyən «radikallar»a və cəmiyyətin inkişafının sosialist modelini saxlanmaqla, cəmiyyətin demokratikləşməsinə tərəfdar olan «mülayimlər»ə bölünən istiqamət idi. Digər istiqaməti isə əski rejimin saxlanılmasını, inzibati amirlik sisteminin möhkəmləndirilməsini tələb edən, stalinizmə qayıtmağın tərəfdarı olan konservativ müxalifətin izlədiyi istiqamət idi (8, s. 27).

Şübhəsiz ki, O. Reşetnikovun bu bölgüsü və şərhi həqiqəti tam doğru əks etdirir. Fəqət deyilənləri daha çox Rusiyada, Belorusda və Şərqi Ukraynada fəaliyyət göstərən təşkilatlara şamil etmək mümkündür. Çünki milli respublikalarda yaranan bənzər təşkilatlar hər şeydən əvvəl və daha çox milli məsələyə üstünlük verir və fəaliyyətlərini də bilavasitə bu istiqamətdə qururdular. Bu baxımdan Yenidənqurma illərində Azərbaycanda yaradılan «Çənlibel» adlı ilk qeyri-formal təşkilat deyilənlərə ən gözəl misaldır. Onun barədə bir qədər sonra ətraflı məlumat verəcəyik. Hərçənd ki, millilik daha çox milli məktəblərdə təhsil almış vətəndaşların qurduğu təşkilatlara xas idi. Rus dilində təhsil almışlar üçünsə liberal dəyərlər, o cümlədən demokratiya, azad bazar münasibətləri və s. daha çox önəm daşıyırdı. Belələri içərisində vaxtilə Azərbaycan Xalq Cəbhəsinin qurulmasında yaxından iştirak etmiş və hətta onun təşəbbüskarı kimi çıxış etmiş Zərdüşt Əlizadə, Leyla Yunus, Arif Yunus, Hikmət Hacızadə və s. kimi şəxsləri misal göstərə bilərik. Bununla belə, ermənilərin torpaqlarımıza göz dikməsi ilə qızışmaqda olan və zamanla kəskin xarakter alan Ermənistan-Azərbaycan münaqişəsi hər kəsi bu və ya digər dərəcədə «milli» olmağa məcbur edirdi.

Fuad Ağayev. «Çənlibel»in qurucularından və İH üzvlərindən biri
O. Reşetnikov Rusiya ərazisində yaranan təşkilatları göz önündə tutaraq yazır ki, qeyri-formal təşkilatların yaranma qaynaqlarından biri kimi Sov İKP daxilindəki qarşıdurmalar və onun gələcək müstəqil siyasi təşkilatlar üçün fundament rolunda çıxış edəcək cərəyanlara ayrılması idi. Demokratik platformadan çıxış edən cərəyanın üzvləri «Demokratik yenidənqurma», «Yenidənqurma – 88», «Xalq fəaliyyəti», «Sosialist təşəbbüs» kimi təşkilatlar qurmuşdular. Bu təşkilatların üzvü olan kommunistlər 1988-ci ilin yazında klublararası partiya qrupu, bir il sonra isə Moskva Partiya Klubunu («Yenidənqurma tərəfdarı olan kommunistlər») qurdular. 1989-cu ilin sonlarından etibarən bənzər təşkilatlar bütün Rusiya ərazisində, eləcə də Belorusiya və Ukraynada - Minskdə, Tomskda, Sverdlovskda, Xarkovda və s. qurulmağa başladı (8, s. 27).

Sov. İKP tərkibində ayrıca fraksiya kimi fəaliyyət göstərən Demokratik Platforma hakimiyyətin Kommunist Partyasının monopoliyasından alınaraq Sovetlərə verilməsi, Konstitusiyanın Sov. İKP-nin rəhbər rolunu qanuniləşdirən 6-cı maddəsinin ləğvi, ictimai təşkilatlar və siyasi partiyalar haqqında qanunun qəbul edilməsi, marksizmin ehkamçı şərhlərindən imtina, totalitar rejimin fəsadlarına görə Sov. İKP-nin məsuliyyət daşıdığının etiraf edilməsi, sosialist dövlət modelindən imtina edilməsi kimi tələblərlə çıxış edirdilər. Partiya daxilində onların opponenti rolunda ortodoksal kommunustlər çıxış edirdilər. Kommunist Partiyasının «sosisl-demokratikləşməsi»nə şiddətlə qarşı çıxan bu qrup partya daxilində Marksist Platformanı təmsil edirdi və həmin siyasi cərəyan 1990-cı ilin aprelində əsaslı surətdə formalaşdı.

Marksist Platformanın qurucuları iqtisadi sahədə qeyri-dövlət mülkiyyətinin də olması fikri ilə razılaşsalar da, bunun məhdud çərçivə daxilində və sərt nəzarət altında olmasının zəruriliyini önə sürüdülər. Onlar da verginin mütərəqqi üsullarını dəstəkləyir, fəqət Demokratik Platformadan fərqli olaraq, Kommunist Partiyasının parçalanmasını istisna edirdilər (8, s. 27).

Ağası Hun. «Çənlibel»in qurucularından və İH üzvlərindən biri
Burada kiçik haşiyə açaraq qeyd etməliyik ki, bənzər qarşıdurma Azərbaycan Kommunist
Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə