Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 80,59 Kb.
tarix14.01.2018
ölçüsü80,59 Kb.
#20790

Bəxtiyar Tuncay
Nemət Pənahlının «Əbədiyyət yolunun yolçusu» kitabında gizlənmiş

gizli tariximizin gözəgörünməz gizlinləri

Eynən M. H. Tantəkinin «Acı həqiqətlər»i (3) kimi memurar xarakteri daşıyan «Əbədiyyət yolunun yolçusu» kitabı da müəllifinin keşməkeşli həyat yolundan, iştirakçısı və şahidi olduğu tarixi hadisələrdən söz açır. O hələ dərc edilməyib və Nemət Pənahlının şəxsi arxivində qorunur.

Ciddi korrektə və redaktəyə ehtiyacı olan «Əbədiyyət yolunun yolçusu» kitabı (4) Azərbaycan Milli Azadlıq Hərəkatının tarixinin öyrənilməsində əsas qaynaqlardan biri kimi qəbul edilə bilər və edilməlidir. Bu kitaba istinad etmədən, oradakı zəngin faktoloji materialdan istifadə etmədən ən yeni tariximizə tam obyektiv qiymət vermək mümkün deyildir. Bir sözlə, sözügedən əsər bu baxımdan Ə. Tahirzadənin «Meydan hərəkatı: 4 il, 4 ay»ı (5), eləcə də M. H. Tantəkinin «Acı həqiqətlər» ilə bir sırada dayanır və tarixi qaynaq kimi çox böyük önəm daşıyır.

Kitabdan belə məlum olur ki, Nemət Əhəd oğlu Pənahlı 17 noyabr 1962-ci il tarixində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına bağlı Şərur rayonunun Danzıx kəndində, rus-sovet rejimi tərəfindən repressiyaya məruz qalmış dindar bir ailədə dünyaya göz açıb. Uşaqlıqdan rus imperializminə və sovet rejiminə nifrət mühitində böyüyüb. Bu işdə atasının rolu böyük olub.

N. Pənahlı xatirələrində yazır : «…Nənəm də, atam da sovet rejimindən, 1918-ci il erməni-müsəlman qırğınından, ailəmizin sürgün edilməsindən, müharibədən, məruz qaldıqları aclıq və səfalətdən danışarkən ağlayardılar. Atam danışında həmişə yana-yana danışar və «Allah sovet hökumətinə lənət eləsin!» - deyərdi» (4, s. 1).

Belə aydın olur ki, cocuqluq illərindən poeziyanı sevən Nemət Pənahlı ilk şerlərini də həmin illərdə yazmışdır. Ən çox Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Aşıq Ələsgər, Abbas Tufanqarlı, Qurbani və başqa şairlərin şerlərini oxumağı sevərdi (4, s. 4, 9, 15).

Yeniyetməlik illərində Naxçıvan şəhərində fəaliyyət göstərən gizli təşkilatın üzvləri ilə tanış olan və həmin təşkilata daxil olan Nemət bəy 1980-ci ilədək, yəni əsgəri xidmətə çağırılana qədər bu təşkilatda fəaliyyət göstərir, onun tapşırıqlarını canla-başla yerinə yetirir: «… Xəstəxanada vətəndən, millətdən, şerdən, sənətdən o qədər yana-yana danışırdım ki, bir gün bizim palataya gəlib-gedən Mahirə xanımın rəfiqələrindən biri mənə söz verdi ki, sağalıb xəstəxanadan çıxandan sonra məni mənim kimi düşünən adamlarla tanış edəcək. Verdiyi sözə həqiqətən də əməl elədi və mənim Əsgərlə tanış olmağıma kömək etdi.

Əsgərlə tanış olduqdan sonra yeni bir mühitə düşdüm. Əsgərin atası bazarın yanındakı çayxanada işləyirdi. Biz Əsgərlə hər həftə o çayxanada görüşürdük. Yaxın tanışlıqdan sonra o mənə mühüm bir sirr açdı. Məlum oldu ki, Naxçıvanda çox gizli bir təşkilat fəaliyyət göstərir. Bu təşkilatın üzvü olan adamların məqsədi Azərbaycanı SSRİ-dən ayırıb Güneylə birləşdirmək və vahid Azərbaycan dövləti yaratmaqdır. Sevincimdən göyə-yerə sığmırdım. Demək ki, Azərbaycanda məndən başqa da sovet imperiyasının zülm və istismarını görənlər, hətta ona qarşı gizli mübarizə aparanlar var imiş. Sonra mənə Şərurda şair İnqilab Orxanla görüşməyi məsləhət bildilər və bərk-bərk tapşırdılar ki, həddən artıq ehtiyatlı olum və təşkilat barədə kimsəyə bircə kəlmə də deməyim. Eyni zamanda, rayonda, kəndimizdə gizli özəklər yaratmağımı da tapşırdılar. Bizim kənddə də təşkilatın üzvlərininı olduğunu dedilər. Lazım olduqda özləri səni tapacaqlar.

Sonralar öyrəndim ki, həmkəndlilərimdən Hüseyn müəllim və Mehman həmin təşkilatın gizli üzvləri imiş. Beləcə, siyasi fəaliyyətə başlamış oldum» (4, s. 66-67).

Kitabdan belə aydın olur ki, N. Pənahlı əsgəri xidmətini Ukraynanın İvano-Frankovck və Lvov şəhərlərində keçirib. Əsgərlikdən geri döndükdən sonra bir müddət Naxçıvanda qalıb və daha sonra Bakı şəhərinə gəlib. Bakıda Leytenat Şmidt adına zavodda fəhlə işləməyə və zavodun fəhlə yataqxanasında yaşamağa başlayıb. Şerə olan sevgisi onu Bakıda fəaliyyət göstərən şer dərnəkləri ilə əlaqə qurmağa, onların məşğələlərində iştirak etməyə sövq edir. Burada milli düşüncəli şairlərlə tanış olur. Amma onların mövqeyi - vətəndən, millətdən danışmalarına, şerlər yazmalarına rəğmən, bu yöndə heç bir əməli iş görməmələri Nemət bəyi qane etmir. Və, nəhayət, Bakıda açıq şəkildə fəaliyyət göstərən «Çənlibel» adlı milliyyətçi bir təşkilatın yarandığını (aprel 1988) öyrənir və ilk gündən həmin təşkilatın məşğələlərinə getməyə başlayır. Qısa bir zamanda təşkilatın İdarə Heyətinin üzvü seçilir (4, s. 95-97, ).



Azərbaycan Milli Azadlıq Hərəkatının beşiyi olan qədim Bakı şəhəri
Nemət bəyin yazdığına görə, Türk milliyyətçiliyini təbliğ edən və əsas məqsədi Azərbaycanın rus işğalından qurtularaq istiqlal qazanması olan «Çənlibel»də radikal milliyyətçilər – Məhəmməd Hatəmi Tantəkin və Bəxtiyar Tucay, eləcə də milli demokratik görüşləri ilə fərqlənən Xudu Məmmədov, Aydın Məmmədov, Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı, Firudin Cəlilov (Ağasıoğlu), Vurğun Əyyubov və başqa ziyalılarla yaxından tanış olur. Bu şəxslərlə tanışlığı onun siyasi düşüncələrinin daha da təkmilləşməsinə səbəb olur (4, s. 107-109).

Həmin dövrdə «Çənlibel» təşkilatının və onun üzvlərinin, o cümlədən alovlu inqilabçı şair Xəlil Rza Ulutürk tərəfindən Azərbaycan fəhlələrinin lideri elan edilən Nemət Pənahlının fəaliyyəti kommunist partiyasının rəhbərliyini ciddi əndişələndirməyə başlayır. Təsadüfi deyil ki, 1988-ci ilin əvvəllərində Azərbaycan Kommunist Partiyasının I katibi təyin edilən Əbdürrəhman Vəzirov hakimiyyətinin elə ikinci günü Nemət bəyin çalışdığı zavoda gəlir, orada çalışan fəhlələrlə görüşür və ertəsi gün onları öz iqamətgahına dəvət edir. Görüşdən sonra Nemət Pənahlı ilə ayrıca görüşür. Vəzirov ondan «Çənlibel»dən uzaqlaşmasını istəyir, fəqət istəyinə nail olmur.

Kitabda Nemət bəyin «Çənlibel» təşkilatının fəaliyyəti ilə bağlı bir çox qiymətli xatirələri yer alır. Məsələn o, «Çənlibelin üçüncü məşğələsində Sabir Rüstəmxanlının «Qan yaddaşı» kitabının müzakirə edildiyini xatırlayaraq yazır: «Müzakirə elə bir axara düşdü ki, şairin bütün yaradıcılığı müzakirə obyektinə çevrildi. Sabirin Azərbaycan dili haqqında fikirlərindən söz açılanda, mən də danışdım, onun fikirlərini tənqid etdim. Çünki o, Quzey Azərbaycanla Güney Azərbaycanı müqayisə edərək bu nəticəyə gəlmişdi ki, guya şimalda dilimiz çiçəklənmə dövrünü keçirir, guya Şimali Azərbaycan öz müstəqilliyinə, azadlığına nail olub. O 15 qardaşın (respublikanın B. T.) on beş səsinin biridir. Əlbəttə, mən bu iddia ilə barışa bilməzdim. Hansı çiçəklənmədən söhbət gedə bilərdi? Bütün rəsmi idarələrdə yazışmalar rus dilində aparılırdı. İşə girərkən ərizənin rusca yazılmasını tələb edirdilər…

O, yığıncaqdan sonra «Çənlibel»ə qarşı təzyiqlər oldu. Növbəti yığıncaq ərəfəsində klubun açarını bizə vermədilər. Bir dəfə yığıncaq zamanı öncə mikrofonu, sonra işıqları söndürdülər, daha sonra afişanı çap etmədilər və s.» (4, s. 122).

N. Pənahlının yazdığına görə, təşkilatın fəaliyyətində xoşa gələn ən müsbət cəhət gerçəkliyimizdəki neqativ cəhətlərin dərindən təhlili idi. Yalnız bu cür təhlillər milləti arzu olunan yola yönəldə bilərdi. Rüşvətxorluq, korrupsiya, ekologiya, elmdə ayrı-ayrı baxışların monopilizasiyası haqqındakı söhbətləri bütün xalqın eşitməsini istəyirdim. Bu kimi söhbətlərə xalqın böyük ehtiyacı vardı

Kitabın ən maraqlı hissələrindən biri də M. Hatəminin «Çənlibel»ə sədrliyin Nemətə həvalə etmək istəməsi barədki hissədir: «Məhəmməd Hatəmi çalışırdı ki, birliyə sədrliyi mən edim. Amma mən qətiyyən razı deyildim. Bunun doğru olmadığı barədə arqumentlərimi dinləmək istəmirdi. Hətta, məndən incimişdi də» (4, s. 122). Müəllifin sözlərinə görə, səbəb isə o idi ki, demək olar, hamıdan şübhələnirdi. Hamı onun gözünə «KQB agenti» kimi görünürdü. «Onun bu mövqeyi məni çox narahat edirdi. Ona dedim ki, «Çənlibel» elmi-ədəbi birlikdir. Mənimsə ali təhsilim yoxdur. Belə bir mötəbər təşkilatın başında fəhlənin durması söz-söhbətə səbəb olar, düşmən dəyirmanına su tökməkdən başqa heç nəyə yaramaz» (4, s. 122).

«Əbədiyyət yolunun yolçusu» kitabının bir hissəsi də müəllifin işlədiyi zavoddakı inqilabi fəaliyyətini əks etdirir. Bu mövzu o qədər önəmlidir ki, onun üzərində bir qədər geniş durmağa ehtiyac var. Çünki Azərbaycan Milli Azadlıq Hərəkatında fəhlələrin rolu ziyalıların və tələbələrin rolundan qətiyyən az olmayıb.

1988-ci ilin fevralında Elmlər Akademiyasının önündə alimlərin və fəhlələrin birgə iştirakı ilə keçirilməsi nəzərdə tutlan nümayiş-mitinqin baş tutmamasından, özünün isə polis tərəfindən saxlanılmasından söz açan N. Pənahlı yazır: «…Elə ki, qüvvələr toplaşmağa başladı, polis işçiləri və mülki geyimli şəxslər bizə hədə-qorxu gəlməyə, dağılışmağımızı tələb etməyə başladılar. Fəalların bir neçəsi müxtəlif qrupların içərisində şüarlar səsləndirməyə başladılar. Səhv etmirəmsə, onlardan biri Elçin Səlcuq idi.

Məhəmməd Hatəmi, Şamil Saleh, Sabir Yanardağ və digər «Çənlibel»çilər bağın içində mitinqə hazır vəziyyətdə gözləyirdilər» (4, s. 114).

Həmin gün təşkil olunması planlaşdırılan mitinqin əlaqələndiricisi olan Nemət Pənahlı, milislərə öz kəskin etirazını bildirərək, Dağlıq Qarabağda ermənilərin törətdiyi təxribatları dilə gətirir, lakin bu heç bir işə yaramır, nümyişçilərə qarşı zor tətbiq edilsə də, göstərilən müqavimət sayəsində heç kəsi tutub saxlamaq mümkün olmur. Amma mitinqə cəhd də baş tutmur. Sonradan məlum olur ki, həmin gün mitinqə gəlməli olan və Şmidt adına maşınqayırma zavodunun yataqxanasında toplaşan fəhlələrin yataqxanadan çıxması əngəllənibmiş. Belə olmasa idi, təbii ki, hər şey başqa cür ola bilərdi: «…Ertəsi gün, iş paltarımı yenicə geyinmişdim ki, növbə rəisi bildirdi: sex rəisi səni çağırır. Rəisin kabinetinə girəndə orada mülki geyimli bir şəxsin məni gözlədiyini gördüm. O dedi ki, onunla birlikdə rayon prokurorluğuna getməliyəm. Soruşdum: «Nə məsələdir?», bilmədiyini, orada hər şeyin aydın olacağını söylədi. Ona qoşuldum, maşınına minib prokurorluğa getdim. Bu xəbər ildırım sürəti ilə bütün zavoda yayıldı və fəhlələr arasında ciddi gərginliyə səbəb oldu» (4, s. 114-115).

N. Pənahlının sözlərinə görə, orada onun rayon prokuroru ilə söhbəti olur. Prokuror ilk andan səsinin tonunu qaldıraraq hədə-qorxu gəlməyə başlayır:

-Elə bilmə ki, sənin əməllərindən xəbərimiz yoxdur, zavodda çıxartdığın hoqqaları, «Çənlibel»dəki fəaliyyətini bilmirik. İndiyə qədər sənə yazığımız gəlirdi. Fikirləşirdik ki, cavan oğlandır, yazıqdır. Ancaq indi sənə qəti surətdə bildiririk, ikicə nəfərlə söhbət etdiyini bilsək, səni yox edəcəyik.

Prokuror onu «Qanunsuz mitinqlərin, nümayişlərin keçirilməsi ilə bağlı SSRİ Ali Sovetinin Fərmanı» ilə tanış edir. Və ona xəbərdarlıq edir (4, s. 115).

N. Pənahlı yazır: «Mən onun heç gözləmədiyi halda, ona mənimlə danışdığından daha sərt şəkildə cavab verib dedim ki, indiyə qədər nümayiş və mitinqlər barədə düşünməmiş və siz düşündüyünüz qədər də aktiv olmamışam. Anna bunadan sonra, söz verirəm ki, bu yolda əlimdən gələn hər şeyi edəcəyəm. Siz də nə bacarırsınızsa, edin.

Mübahisəmiz təxminən saat dördün yarısınadək çəkdi. Prokuror gah məni dilə tutmağa, gah da hədə qorxu-gəlməyə çalışdı» (4, s. 115).

Saat dördün yarısında prokurorluqdan ayrılıb zavoda gəldiyini söyləyə N. Pənahlının sözlərinə görə, fəhlələr onun geri döndüyünü eşidən kimi hər tərəfdən axışıb yanına gəldilər və dedilər ki, hakimiyyət onları sakitləşdirmək üçün Bəxtiyar Vahabzadəni zavoda göndərməyə qərar verib. Uşaqları qorxutmamaq üçün gəlinən hədə-qorxuları gizlədən Nemət bəy onları həmişəkindən daha mübariz olmağa çağırır: «…Aradan bir neçə dəqiqə keçmədi ki, zavodun qarşısında pəncərəsi pərdəli maşınlar dayandı. Maşınlardan raykom katibi Rəfail Allahverdiyev və başqa adamlar ilə birlikdə hörmətli şairimiz Bəxtiyar Vahabzadə, Şiməmməd Hüseynov və tarixçi alim Süleyman Əliyarov düşdülər.



Şirməmməd Hüseynov
Bəxtiyar Vahabzadəni dinləmək üçün, demək olar ki, bütün zavod kollektivi toplanmışdı. Ancaq iclası mənim işlədiyim 12-ci sexdə keçirdilər. İynə atsaydın yerə düşməzdi. Zal ağzına qədər dolmuşdu. Hətta dəhlizdə dayanıb Bəxtiyar Vahabzadənin çıxışını gözləyirdilər.

Mən özümə, təbii ki, ön sırada yer tutmuşdum. Rəfayıl Allahverdiyev iclası açıq elan edib qonaqları təqdim etdi, ünvanlarına xoş sözlər söylədi. Dedi ki, Bəxtiyar Vahabzadə Dağlıq Qarabağ məsələsindən danışacaq və suallarınızı cavablandıracaq.

Ayağa qalxıb özümü təqdim etdim: Demaqoq Nemət Pənahov.

Hamı güldü. Mən isə Bəxtiyar Vahabzadədən soruşdum:

-Bəxtiyar müəllin, iclası necə aparmaq istəyirsiniz, rəhbərliyin tapşırdığı kimi, yoxsa kollektivin istədiyi kimi?

O dedi:


-Oğul, ayıbdır, bu nə sözdür, əlbəttə ki, sizin istədiyiniz kimi! Ata-oğul kimi! Bu gün aşkarlıqdır, demokratiyadır.

Dedim:


-Amma unutmayın ki, mənim aşkarlığımın həddi-hüdudu yoxdur.

Bəxtiyar müəllim Qarabağın tarixindən, ermənilərlə bizim dostluq əlaqələrimizdən danışdı. Əlavə etdi ki, özü tarixçi olmadığı üçün özü ilə tarixçu Süleyman Əliyarovu da gətirib. Gətirib ki, tarixlə bağlı suallar ona verilsin.

Zavodun ən fəal fəhlələrindən biri olan Firat sual verərək, onun Azərbaycan xalqının düşdüyü acınacaqlı vəziyyətə, tariximizin saxtalaşdırılmasına, Azərbaycanın iki yerə parçalanmasına, ana dilimizin sıxışdırılmasına, Azərbaycan xalqına qarşı törədilmiş repressiyalara qarşı münasibətini soruşdu.

Süleyman Əliyarov (Əliyarlı)
Firatın bu sualdan çox, çıxışa bənzəyən sualı Bəxtiyar Vahabzadəni coşdurdu. O, Stalin dövründən başlayaraq, Azərbaycan xalqının başına gətirilən faciələrdən yana-yana danışdı. Stalin dövründən danışaraq, o dövrün nə qədər dəhşətli bir dövr olduğunu nəzərimizə çatdırdı və başına gəlmiş bir hadisəni danışdı. Onun sözlərinə görə, günlərin birində dostu Qamboyla söhbətdə Stalinin əleyhinə bəzi fikirlər səsləndiriblərmiş, Qamboy getdikdən sonra qorxusundan gecə səhərə qədər yata bilməyibmiş. Fikirləşibmiş ki, birdən Qamboy onu satar və gəlib onu həbs edərlər.

Səhər tezdən Bəxtiyar Vahabzadə Qamboy gilə gedir ki, ondan onu satmamasını xahiş etsin. Qapıda onu qarşılayan Qamboy göz yaşı tökməyə və eyni şeyi ondan xahiş etməyə başlayıb.

Bəxtiyar müəllim bu acı xatirəni danışıb kövrəldi və dedi ki, o zaman cavan oğlan idi, çörəyini qələmlə qazanırdı. Sonra əlavə etdi ki, Allaha şükür, indi demokratiyadır, aşkarlıqdır, kim nə istəyirsə, onu da azad şəkildə danışa bilir. Xalqımız böyük inkişaf yolu keçib. İndi cüzi poblemlər var. Ancaq dövlət rəhbərliyi onları həll etmək üçün var gücü ilə çalışır.

Somra o üzünü Firata tutdu:

-Nə istəyirsən? İnstitut-filan bitirmisənmi?

Firat:


Yox, sadə bir fəhləyəm.

Bəxtiyar Vahabzadə:

-30-40 il öncə sənin təfəkkür səviyyəndə olan azərbaycanlı şair və ya filosof var idim?

Şair sualına özü də cavab verdi:

-Əlbəttə ki, yox. Bəs, bu nəyin nəticəsidir, oğul?

Bəxtiyar Vahabzadənin sözlərindən belə çıxırdı ki, Kommunist Partiyası bizə böyük azadlıq verib və onun sayəsində çox böyük inkişaf yolu keçmişik, azad xalqlar sırasına daxil olmuşuq.

Firat susub qalmışdı. Artıq dözə bilmirdim. Prokurorluqda eşitdiyim hədə-qorxuların acısı da hələ canımdan çıxmamışdı. Dedim:

-Bəxtiyar müəllim, o suala mən cavab verim…

Çingiz Aytmatovun «Manqurt»nu misal çəkdim və zavodun direktoru Kazımovu göstərərək dedim ki, bizim manqurtumuz budur və onun kimilərdir…

Dedim:


-Bəxtiyar müəllim, indi mən sizə sual verirəm. Südün üzünü dəfələrlə yığsan, altında nə qalar?

Dedi:


-Aydın məsələdir, sözünü de.

-Bəxtiyar müəllim, bu, Azərbaycan xalqının faciəsidir ki, sizin bu gün burada mədh etdiyiniz kommunist partiyası 3 milyon yarımlıq xalqın içindən 72 min Hüseyn Cavid başı kəsdi. Azərbaycan xalqının evi o vaxt yıxıldı ki, Allaha qovuşmağa səsləyən Nəsimi qələmi çörək qazanmaq üşün alətə çevrildi. Stalin, Mircəfər Bağırov getdi. Xahiş edirəm ki, bugünkü stalinlərdən, bağırovlardan danışasınız. Bu gün mənə iki nəfərlə danışmağı belə qadağan edən şərəfsiz rayon prokurorundan danışın! Bu zalda ana dilimizdə danışmağı qadağan edən, böyrümüzdə əyləşən Kazimirovlardan, Rəfail Allahverdiyevlərdən danışın! Bu gün Dağlıq Qarabağda, Göyçədə, Zəngəzurda başımıza açılan oyunlardan danışın!..



Rəfail Allahverdiyev
Çıxışımın bu yerində partkom ayağa qalxıb sözümü kəsmək istədi. Bütün zal etiraz etdi:

-Qoy, Nemət danışsın!!!

Bəxtiyar müəllim də partkoma təpindi:

-Dəymə, qoy danışsın.

Çıxışım təxminən saat yarım çəkdi. Az qala hönkürə-hönkürə danışırdım.

Bəxtiyar Vahabzadə ayağa qalxdı və dedi:

-Mənə demişdilər ki, ehtiyatlı olun, orada Nemət var! Mən təsvvürümə gətirə bilməzim ki, hətta Akademiyada belə bir adamla qarşılaşa bilim. Oğul, sənin başın özününkü deyil. Mən burada hamının içində söz verirəm ki, səni mən özüm imtahansız-filansız universitetə qəbul elətdirəcəyəm. Yəqin ki, indiyə qədər səni heç kəs tanımayıb. Rəfail Allahverdiyev də yaxşı yoldaşdır, görürəm, heç sizin direktorunuz da pis adama oxşamır. Ancaq burada iclasın ana dilində aparılmaması həqiqətən də böyük qüsurdur. Mən əminəm ki, sənin bu çıxışından sonra nə raykom katibinin, nə prokurorun, nə də müdriyyətin səninlə işi olmayacaq.

Dedim:


-Təşəkkür edirəm, amma mənim universitetə girmək fikrim yoxdur.

Bəxtiyar Vahabzadə öncə düşündü ki, naz edirəm, amma fikrimin qəti olduğunu görüb dedi:

-Bilirəm, yəqin ki, universitetə sənəd vermisən, kəsilmisən, səndən savadsızların girdiyini görüb iyrənmisən.

Mən yenə rədd etdim. Bəxtiyar müəllim bu dəfə təkidlə soruşdu:

-Axı, niyə oxumaq istəmirsən? Bəs, sən nə istəyirsən?

Dedim:


-İcazə ver söyləyim niyə istəmirəm.

Bir əfsanədə deyilir ki, əjdaha bi mahalın suyunun qarşısını kəsir, o mahallın gözəllərini almaq və xalqı talamaq qarşılığında ora az-az su buraxır. Mahalın igidləri əjdahanı öldürmək, eli xilas etmək üçün onun yanına gedir, amma heç kəs geri qayıtmır. Bir gün mənim kimi axmağın biri də bu fikrə düşür. Atası nə qədər «getmə» - deyə nəsihət edirsə, bu yolda elin adlı-sanlı igidlərinin getdiyini, amma geri dönmədiyini xatırladırsa, «sən bu işi bacarmazsan» deyirsə, xeyri olmur. Oğul deyir:

-Ata, ya gedib əjdahanı öldürəcək, xalqı bu bəladan xilas edəcəyəm, ya da öləcəyəm.

Ata çarəsiz qalıb izn verir, amma oğluna tapşırır ki, orada nə görsə, əl vurmasın. Bu dəliqanlı mağaraya girib əjdaha ilə vuruşur və onu öldürür, sonra başlayır mağaranı gəzməyə. Görür ki, dünyada nə istəsən, burada var: ləl, cəvahirat və s. İstəyir götürsün, amma atasının sözü yadına düşür. Özünü saxlayır. Axırda bir qılınca rast gəlir. Özünü heç cür saxlaya bilmir. Əl atır qılıncı götürməyə, görür ki, özü əjdahaya çevrilir, tez əlini çəkir.

Bəxtiyar müəllim, çünki mən əjdaha olmaq istəmirəm.

Bu sözümdən sonra Şirməmməd Hüseynov söz aldı və dedi:

-İndi əjdaha bizik, yoxsa sənsən? Atını minib belədən belə də çapırsan, elədən elə də. Qarşında nə xalq şairi danışa bilmədi, akademik danışa bilmir, dövlət nümayəndələri danışa bilmir. Sən xalqa lazımsan, oğlum, daşı ətəyindən tök. Bəxtiyar müəllimin təklifini qəbul et.

Mən cavab vermədim.

Sonra Rəfail Allahverdiyev danışdı, sonda isə bütün kollektivin qarşısında üzünü mənə tutub dedi:

-Bağışla Nemət, sənin haqqında mənə o qədər səhv məlumat veriblər ki, səni tanıya bilməmişəm və haqqında səhv fikrə düşmüşəm.

Bununla da görüş başa çatdı. Görüşdən sonra Bəxtiyar Vahabzadə də, Şirməmməd Hüseynov da məni bağırlarına basıb öpdülər, telefon nömrələrini verdilər. Rəfail müəllim də mənimlə görüşdü. O da mənə həm ev və iş telefonunu verdi. Və dedi ki, əgər məni qəbul etsən, səninlə görüşmək istəyirəm» (4, s. 116-120).

Nemət Pənahlının kitabından bu uzunluqda sitat verməkdə, onun üzərində xüsusi durmaqda məqsəd həmin dövrdə fəhlə kollektivlərində baş verənlər haqqında müəyyən təsəvvür yaratmaq və Azərbaycan Milli Azadlıq Hərəkatında fəhlələrin oynadığı əvəzsiz rolu xüsusi vurğulamaqdır. Bu rol M. H. Tantəkinin «Acı həqiqətlər»ində də öz əksini bir neçə dəfə tapıb. Məsələn; «Bünyad Sərdarov və bəzi başqa zavodlarda fəhlələrin erməniləri zavodlardan qovması bu ayda (iyun 1988 – B. T.) baş vermişdir. Ardınca bəzi rayonlarda xalq erməniləri Azərbaycandan çıxartmağa başladı və bu aksiya 1990-cı il 13-14 yanvar Bakı olayına qədər davam etdi. Türklərin Ermənistandan çıxarılmasına cavab olaraq, 1989-cu ilin axırlarında və 1990-cı ilin yanvarında ermənilərin Bakıdan çıxarılmasının başında rəhbərlik etdiyim Milli Qurtuluş Partiyası getmişdir. Bundan məqsədim ermənilərin Bakını erməni şəhəri kimi görmək xülyasına son qoymaq olmuşdur» (3).

M. H. Tantəkin «Acı həqiqətlər» kitabında 13 iyun mitinqindən sonrakı hadisələr barədə yazır: «Qafqazdakı, özəlliklə Bakı və Azərbaycandakı nümayiş, mitinq, tətil hərəkatı onunla sonuclandı ki, SSRİ Ali Soveti Rəyasət Heyəti 28 iyul 1988-ci il tarixində bu fərmanı çıxartdı: "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında". Ardınca Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 22 avqust 1988-də "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə məsuliyyət haqqında" fərmanını qəbul etdi. Fərmanlar dövləti, imperiyanı səbatsızlıqdan, iqtisadi zərbədən qorumaq məqsədini güdürdü. Yaratdığım komissiya ətrafımdakı bəzi gəncləri tərəflərinə çəkmək yolu ilə, 14.11.1988 tarixinə qədər Bakıda nümayişlərin, mitinqlərin təşkilinə, keçirilməsinə mane olmuşdur. Dövlət bu işdə komissiyaya əlindən gələn yardımı etmişdir» (3).

Nemət Pənahlının «Əbədiyyət yolunun yolçusu» kitabı Hatəminin haqqında söz açdığı bu müddət ərzində, eləcə də ondan sonra baş vermiş tarixi prossesləri öyrənmək baxımından öyrənmək baxımından da çox dəyərli qaynaqdır.

Yeri gəlmişkən qeyd etməliyəm ki, Azərbaycanda Əbülfəz Elçibəyə həsr edilmiş çox sayda kitab dərc edilib. Və bu kitabların, demək olar ki, hamısında onun 1975-ci ildən Azərbaycan Xalq Cəbhəsinin yarandığı dövrə qədərki siyasi fəaliyyəti barədə dolğun məlumata rast gəlinmir, sadəcə onun həmin dövrdə Azərbaycan Milli Azadlıq hərəkatının liderlərindən biri olduğu söylənilir. Eyni halı Vikipediyada da görürük: «…1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır.  1976-cı ilin dekabrında AMEA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək)…» (2).

Sonra onun Seyid nəslindən olması, yəni soyunun Həzrət Hüseyndən gəlməsi və bu nəslin nümayəndələri, eləcə də onun elmi fəaliyyəti barədə məlumat verilir və ondan da sonra deyilir:

Elçibəyin seyid nəslindən oldğunu təsdiqləyən şəcərənaməsi
«…Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci  ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci  ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub» (2). 

Eyni halla «Elçibəy 1 il (1992-1993)» adlı kitabda da rastlaşırıq (1, s. 3-4, 5-6). Üstəlik də orada söylənilənlərlə Vikipediyada söylənilənlər nöqtə-vergülünə qədər bir-birini təkrarlayır.

Nemət Pənahlının kitabı, eynən Məhəmməd Hatəmi Tanatəkinin kitabı kimi, Elçibəyin həmin dövrdəki fəaliyyətinə işıq salmaq baxımından da maraqlı faktlarla zəngindir.


Qaynaqça


  1. Elçibəy 1 il (1992-1993). Bütöv Azərbaycan Birliyi, Bakı, 2010.

  2. Əbülfəz Elçibəy. Vikipediya (https://az.wikipedia.org/wiki/%C6%8Fb% C3%BClf%C9%99z_El%C3%A7ib%C9%99y).

  3. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  4. Pənahlı N. Əbədiyyət yolunun yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  5. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/doc/61649371 /Meydan-gundeliyi).

        
Yüklə 80,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə