Ərşad Namazalı



Yüklə 192,95 Kb.
səhifə1/3
tarix01.02.2018
ölçüsü192,95 Kb.
#22959
  1   2   3


Ərşad Namazalı






H O R A D İ Z

SƏNİ
UNUTMADIM...

Müəllim” nəşriyyatı


Bakı – 2012


Redaktor: Məhəmməd Məhərrəmov


Ərşad Namazalı. HORADİZ, SƏNİ UNUTMADIM...

“Müəllim” nəşriyyatı, Bakı: 2012, 410 s.

Kitabda Füzuli rayonun Horadiz kəndinin toponomiyası haqqında bəhs edərək, onun yerləşdiyi relyefi, şəraiti, yeri-yurdu, dağı, dərələri, dəmyə torpaq sahələri, pambıq və üzüm sahələri haqda, sahəsi, abidələri, yaşayış məhəllələri, çayları, sərin kəhrizləri və bulaqları, məscidləri, məktəbləri, İmam Piri və ocaqları haqda, tanınmış və görkəmli elm xadimləri, seçilmiş deputatları, Sosialist Əməyi Qəhrəmanları və Qəhrəman Analar haqda, müstəqillik dövründə “Həccə”, “Kərbala”-ya və “Məhşət”-ə ziyarətə gedənlər haqda məlumat vermişdir.

Müəllif Qarabağımızın və ətraf rayonların nankor erməni qoşunları tərəfindən işğalı, başımıza gətirilən ağrı-acılı müsibətlərdən xəbər verməklə bərabər, Horadiz kəndimizdən olan Qarabağ şəhidləri, girov düşənlər və əlillər haqda məlumatları toplayıb, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab, həm də gələcək nəsillərə yer-yurd adlarının yaddaşdan silinməməsi, unudulmaması haqda bir töhvədir. Bu kitab müəllifin üçüncü kitabıdır.





N

2411144 – 2012

9952 - 413



© Ə.Namazalı, 2012


ƏRŞAD NAMAZALI

Müəllif haqqında

Ərşad Namazalı (Ərsad Mösü oğlu Məhərrəmov) – 1940-cı il aprelin 21-də Horadiz kəndində mexanizator ailəsində anadan ol­muşdur. 1960-66-cı illər Kür-Araz Su Tukuntisinin 9 saylı Tikin­­ti Quraşdırma İdarəsində sürücü işləmişdir.

1966-2002-ci illər Bakı şəhər Nəqliyyət Departamentində sürücü, briqadir, həmkarlar təşkilatın müavini və Əmək Şurasının sədri vəzifələrində çalışmışdır.

Əmək fəaliyyəti zamanı yüksək nəticələr əldə etdiyinə görə, 1978-ci ildə “Əmək Şöhrəti” ordeni almış, 1985-ci ildə SSRİ Dövlət Mükafatı laureatına layiq görülmüş, 1985-ci ildə “Əmək Veteranı” medalını almışdır. X və XI – Beşilliklərin “Əmək Zərbəçisi” döş nişanlarına və 1975-85-ci illər “Sosializm yarışının qalibi” döş nişanlarına layiq görülmüşdür.

Ərşad Mösü oğlu Məhərrəmovun briqadir kimi iş təcrübəsini işıqlandıran plakatlar, 1984-85-86-cı illərdə çap edilərək bütün nəqliyyat müəssisələrinə yayılmışdır.

Müxtəlif illərdə qabaqcıl əmək fəaliyyəti zamanı Azərbaycan Nəqliyyat Nazirliyi, Həmkarlar İttifaqı, Bakı şəhərı Nəqliyyat De­par­tamentin və eləcə də 2 saylı Avtobus parkın rəhbərliyi tərəfin­dən 20 dəfə fəxri fərmanlarla, 4 dəfə diplomlarla və pul mükafa­t­larına layiq görülmüşdür.

Azərbaycanda çıxan “Kommunist”,” Vışka”, “Bakinskiy ra­bo­çiy”,“Bakı”, “Baku”, “Xalq qəzeti”, və“Magistral” qəzetlə­rində onun haqqında oçerklər, məqalələr yazılmışdır.

Bütün bunlardan əlavə Ərşad Namazalı ədəbi yaradıcıllıqlada məşğul olaraq “Namazalılar” -2005-ci ildə və “Torpaq həsrəti” – 2007-ci ildə kitablarının müəllifidir.

2002-ci ildən əmək təqaüdçüsüdür.

Redaktor

Kitab haqqında rəy

Kiçik Qafqazın cənub-şərqində, dağlar ətəyində yerləşən, füsünkar təbiətli və soyuq bulaqları, kəhrizləri ilə məhşur olan Füzuli rayonunun Horadiz kəndi haqqında Ərşad Namazalının (Ərşad Mösü oğlu Məhərrəmov) yazdığı üçüncü kitabı “Horadiz, səni unutmadım”-ı oxuyarkən çox kövrəldim, eyni zamanda məm­nun oldum. Kövrəlməyimin əsas səbəbi məlumdur, çünki uşaqlıq illərimdə boya-başa çatdığım, heç vaxt yaddaşımdan silinməyən, lakin əsirlikdə inildəyən Horadiz kəndimizin məhəllələri, əzizlə­rimin dəfn olduğu qəbirstanı, Qarabağ müharibəsində şəhid olanları və girov düşənləri yad etmək mənim üçün həddindən artıq ağırdır.

Ərşad Namazalı Horadiz kəndinin ərazisində olan ata-baba­larımızın bizlərə gətirib çıxardığı yer adlarının, çayların, bulaqların, kəhrizlərin, dağ və təpələrin, dərə və düzlərin, tarla və bağların, çəmən və çöllərin, məscidlərin və İmam Pirinin, Ocaq və ziyarət­gahların adlarını toplayaraq bizlərə çatdırmağı özünə vacib hesab etmişdir.

Müəllif ata-babalarımızın dilindən eşitdiyi Horadiz kəndinin tarixini, onun gözəlliklərini, yerləşdiyi ərazini və şəraitini, torpaq­larımızın məkanı və mövqeyini, bağlarını, sularını və dərələrini, tayfa və məhəllələrini, yer adlarını yerli-yerində yazması, onun müşahidə qabiliyyətinin, məntiqi təfəkkürünün inkişafında, özünü dərk etməsində, hadisə və proseslərdən düzgün əqli nəticə çıxar­masında mühüm rol oynayır.

O, oxuculara və həmkəndlilərinə kənd haqqında məlumatları bütün təfərrüatı ilə, sadə və aydın dildə çatdırılmasını təmin et­mişdir.

Yüz illər bundan əvvəl deyilmiş yer adları bizim ağsaqqalların dilində müxtəlif dövrlərdə yaşamış, onların dilində işlənə-işlənə, qoruna-qoruna parlaq bir inciyə dönmüş, əsrlərin sərt sınaqlarından çıxmış, söz-söhbətlərində, şifahi bir şəkildə nəsildən-nəsilə keçərək, öz adını saxlayaraq bizlərə gəlib çıxmışdır.

Ərşad Namazalı, mən deyərdim ki, belə bir məsuliyyətli işin öhdəsindən çox məharət və bacarıqla gəlib. Bu kitabda o, Horadiz kəndi haqqında məlumat xarakterli bilgilərlə bərabər, kəndimizin tanınmış akademikləri, professorları, alimləri, dəyərli ziyalıları, görkəmli şəxsiyyətləri ilə bərabər, Qarabağ müharibəsində şəhid olmuş və girov düşmüş, həm də əlil olan övladları haqqında oxu­culara bir daha məlumatlar vermişdir.

Kəndin tarixi ilə bağlı olan bu kitabda ermənilərin işğalına qədər (3 sentyabr 1993-cü il) vaxtı ilə bu kənddə yaşamış tayfala­rın, nəsillərin, eləcə də kənd ilə bağlı dağ, dərə, düz, təpə, çay, qobu, bulaq, kəhriz və sairə adların mənsubiyyəti barədə izahlı şərhlər verməsi çox məqsədə uyğundur.

Müəllif Horadiz kəndinin toponimini toplayarkən, onun xüsu­siyyətini, düzgün və dolğun məlumatlarını öyrənmək üçün müxtəlif insanlarla, ziyalılarla, ağsaqqallarla görüşüb və məsləhətləşmişdir. Çünki bu cür böyük, dəyərli və ulu insanların dilində, söhbət­lərin­də, fikirlərində, bəzən tarixi təcrübənin sınağından çıxmış, ölçülü-biçili həqiqətlər də faydalı olur. Bir mənada onların gözünü keçmi­şi­mizə körpü olmaqla, tarixin bəzi dərin və qaranlıq səhifələrinə işıq saçmadadır.

Hər hansı bir coğrafi obyektə müxtəlif səbəblərdən müəyyən ad verilir; iqliminə, rənginə, relyefinə, xarici görünüşünə, bitki və heyvanat aləminə və sairəyə görə müəllif məhz bu adların düzgün izahını verməyə çalışmışdır.

Horadiz kəndinın toponimi və görkəmli şəxsləri haqqında yazmaq, seçmək və toplu halda oxucuya çatdırmaq xeyirxah iş olduğu kimi, həm də çətindir.

Bu iş müəllifdən dərin mənalı fikri tutmağı, ona lazımınca qiymət verməyi, elmin müxtəlif sahələrində görkəmli şəxsiyyət­lərini tanış etməyi, səbr və təmkinlə axtarışlar aparmağı tələb edir.

Ərşad Namazalının yazdığı bu kitabı “Horadiz kəndinin ensiklopediyası” adlandırsaq heç də səhv etmərik. Mənim fikrimcə, kitabda daha böyük diqqəti cəlb edən ən mühüm cəhətlərdən biri kəndimizdə tarix boyu adlandırılan məhəllələr və orada yurd-yuva salıb yaşayan tayfalar barədə dolğun və düzgün məlumatların verilməsidir.

Mən tam əminəm ki, həmyerlimiz Ərşad Namazalının gərgin əməyi nəticəsində ərsəyə gətirilmiş bu kitab hər bir vətən həsrətində olan horadizlilərin “Stolüstü kitab”-ı olmaqla yanaşı, gələcək nəsillərə - bədnam qonşularımızın öz xarici havadarlarının birbaşa köməyilə xalqımızın başına gətirilən müsibətlər, əzəli Azərbaycan torpağı olan İrəvan, Zəngəzur, Göyçə, Basarkeçər, Dərbənd mahalı­nı itirə-itirə, indidə Qarabağımızın ağır və çətin halına gəldiyimiz bu dövrdə toponimik araşdırma və tədqiqatların toplanıb öyrənil-məsi, çapı, toponimik lüğəti, eləcədə coğrafi terminlərin, lüğətinin tərtib edilməsi müəllifin qarşısında duran əsəs vacib məsələlər­dəndir. Kitabın gələcək nəsillərimiz üçün əvəzedilməz vəsait kimi dəyərli mənbədir və torpaqlarımızın, həm də insanlarımızın başına gətirilən bu müsibətləri çatdırmaqda müstəsna əməyi vardır.

Ə.Namazalının yazdığı “Horadiz, səni unutmadım” kitabı əsasən dörd hissədən ibarətdir:

I – hissədə Horadiz kəndimizin tarixi, adının yaranması, iqtisadiyyatı və torpaqlarımızın itirilməsi haqda bəzi qaranlıq olan vacib hadisələri araşdırır və məlumat verilir.

II – hissədə Horadiz kəndimizin yer adları, çaylar, bulaqlar və kəhrizləri, dərələri, bağları, üzüm və taxıl əkin sahələri, tayfa və məhəllələri, İmam piri, ocaqlar və məscidlər, məktəblər, mədəniyyət və məişət binaları, kənd icra nümayəndəliyi və kənd idarə binaları, kənd xəstəxanası və ambulatoriya haqda məlumatlar yazılmaqla bərabər, onların harda yerləşdiyi haqda dəqiq xəbər verilir.

III – hissədə isə Horadiz kəndimizdən Qarabağ müharibəsi şəhidləri, girov düşənlər və əlillər, kəndimizin Sosialist Əməyi Qəhrəmanları, Azərbaycan SSR-in Ali Sovetinə müxtəlif illərdə seçilmiş deputatlar, kəndimizin Respublika, Füzuli rayonu və xarici dövlətlər səviyyəsində tanınmış şəxsləri, eyni zamanda

“Qəhrəman analar”, həmçinin kəndimizdən “ Həcc”, “Kərbala” və “Məşhəti” ziyarətində olanlar haqda məlumatlar verilmişdir.

IV – hissədə isə Horadiz kəndimizin erməni işğalı zamanı 3 sentyabr 1993-cü ildə girovluqda qalmış evlər və onların sahibləri, hansı məhəllədə yerləşdiyi dəqiq verilmişdir.

Bütün bunları oxuduqca ümid edirəm ki, Ərşad Namazalının yazdığı bu kitab geniş oxucuların marağına səbəb olacaq və əminəm ki, həmyerliləri onu sevə-sevə oxuduqca hərə öz elini, yurdunu, evlərini və əsirlikdə qalan doğma Horadiz kəndimizdə keçirdiyi o əziz günlərini xatırlayacaq.

Bu kitab həm indiki nəsilə, həm də gələcək nəsillərə lazımınca bilgilər verəcək və dəyərli məlumatlar öyrədəcəkdir.

Belə hesab edirəm ki, həmyerlilərimiz bu kitabı böyük ruh yüksəkliyi ilə qəbul edəcək və ona sərf etdiyi vaxta heç vaxt təəssüflənməyəcəklər.

Əziz həmyerlilərim, inanıram ki, Sizi düşündürən müxtəlif suallara bu kitabda cavab tapacaqsınız.



İNŞALLAH!

Bəhlul Surxay oğlu Cəfərov

Azərbaycan Dövlət Pedoğoji Universitetinin

dosenti, coğrafiya elmiləri namizədi

Əziz oxucum

Ululardan bizə nə qalıbsa, onlar bizlərə əzizdir, toxunulmazdır. Bu yadigarlar qanı-qanımızdan, canı-canımızdan olanlara böyük sayğıdır, eyni zamanda tarixdən gələn səslər sevgi dolu bağlılıqdır.

Yer adları tariximizin yaddaş kitabıdır. Bu kitabın yarpaqların­da bir elin, bir oymağın keçmişi, kökü, sevinc dolu yaşantısı, günü-güzaranı yaşayır. Yer adlarını öyrəndikcə elimizin yüzilliklər arxa­sında qalmış keçmişi sanki göz önündə canlanır.

İnsanın tapdığı adlar, gördüyü, duyduğu aləmin hər məqamı onun üçün əziz və unudulmazdır.

Kəndimizdə yer adları ulularımızdan bizə qalan bir əmanətdir, onu qoruyub saxlamaq və onu yaşatmaq bizim hamımızın ən ümdə borcumuzdur.

Horadiz kəndini keçmişlə bağlayan və keçmişdən gələn yollarını işıqlandırmaqda yer-yurd adlarının əvəzi varmı? Ulu babalarımızın keçmişi, təkcə qədim yazarlarda, kitabələrdə, uca tikintilərdə qalmaqla bərabər, yaşayış məskənlərinin, çayların, bulaqların, kəhrizlərin, bağların, çəmənlərin, örüşlərin, dərələrin, yamacların, cığırların adında babalarımızın nəfəsi qalıb, nəsillərin təpəri qalıb, qanlı-qadalı illərin izi qalıb, ala gözlü, qara gözlü gözəllərin gözü qalıb, nağıllar qalıb, söz –söhbətləri qalıb yer adları ilə bağlı.

Ulularımızın, oğula, qıza ad verdiyi kimi, yaşadığımız yerə, çaylağına, bulağına, bağ-bağatına, bərlı-bərəkətli torpağına ad verərək yaşatmışlar.

İndi Horadiz kəndimizi mən ancaq yuxularımda görürəm:- ...Göz işlədikcə yol uzanır. Ağappaq yol. Bu yola elə bil heç insan ayağı dəyməyib. Bu yol Horadizdən qopub harasa uzanır, uzaq bir məmləkətə gedir. Bu yolu indi görürəm ki, göylə yerin birləşdiyi, həmdəm olduğu bir məchulluğa uzanır. Bu yolla hey Horadizə gedirəm.



Horadiz məni bağrına çəkdikcə özü uzaqda qalır, özü məndən uzaqlaşır. Ağlayıram, gözlərimdən yaş gəlmir, gülürəm, gülə bil­mirəm. Heç yeriyə də bilmirəm. Gücüm də yoxdur...

Bir də görürəm ki, Horadizdə bir otağın içindəyəm. Bu ev elə bil məsciddir, ancaq yorğan-döşək də var. Taxçada qab-qacaq var. Bir tərəfdən samavarın səsi gəlir. Nənəqız nənəm də buradadır.

Döşəkçədə oturub təsbeh çevirir və məni görcək içini çəkib deyir:- Ay insafsızlar!.. Neçə illərdir ki, yolunuzu gözləyirik, heç bizim qəbrimizi ziyarətə gəlmirsiniz, ancaq siz hamınız qaçıb yurdumuzu boş qoymusunuz! Sonra bikef halda oğlu Fərzalı dayı­mı soruşur. Dalınca kiçik dayım Həsəni soruşur. Arxasınca ah çəkib qızları Səkinə və Şöhlət xalalarımı xəbər alır və axırda da nəvəsi kiçik qardaşım Əhədi soruşur. Ardınca heç kimi soruşmur. Deyir ay bala, sən hara, bura hara, necə gəlib bura çıxmısan? Əllərin niyə soyuqdur, ver əlini salım qoynuma qızdırım. Sən birinci sinifə gedəndə yolda donduğun vaxt olduğu kimi yadın­damı? Lap donub barmaqların.

Üzümə baxıb deyir:-Sizlərdən olduqca çox narazı­yıq, çünki bir quruca da olsa bizləri yad etmir­siniz. Ata-baba­larınız, qohum-əqrabalarınız hamısı yanım­dadır – nə vaxt qayı­dacaqsınız yurdunuza, axı yolunuzu gözləyirik!..

Gözü yollarda qalan babalarımızın, nənələrimizin, atalarımızın, analarımızın, bacılarımızın və qardaşlarımızın ruhu – gözləyirsiniz, tezliklə gələrik gözləyin!.. Oğul, döyüşkən oğul gözləyirsiniz? Gözləyin! Toy gözləyirsiniz? Nəvə gözləyirsiniz? Gözləyin!

Gözləyin, görək bu dünyanın başımıza ələdiyi kül nə vaxt tükənəcək. Gözləyək görək ürəklər nə vaxt yumşalıb hərəkətə gələcək. Bu axıdılan qanlar nə vaxt kəsiləcək.

Torpaqlarimız üğrunda şəhid olan balalar, ruhunuz şad olsun!

Ruhunuz neyləsin? Torpaqlarımız neçə illərdir ki, düşmən əsir­liyindədir, ancaq baxıb-baxıb, için-için təəssüf keçiririk, gözləyirik və səbr edirik.

Göyərçin uçmayan göylərindən, bül-bül ötməyən bağlarından, tüstü çıxmayan bacalarından, insan yaşamayan evlərindən, göz yaşı axıdan bulaq və kəhrizlərindən, azan səsi gəlməyən məscidlərindən, it hənirtisi gəlməyən, qoyun-quzu və inək mələşməsi gəlməyən – Horadizdən indi barıt iyi gəlir!..

Horadiz bağlarında həmişəlik payızdır. Ağaclar qış gəlməmiş saralıb-solub, yarpaqlar xəzəl olub yerə döşənib. Bir belə sükuta, bir belə ağrıya yarpaqmı dözər? Bir belə göz yaşına, bir belə adamların ah-naləsinə ağacmı dözər?

Dünyanın sirli-sehrli möcüzəsi çoxdur. Onlardan birincisi Allahın yaratdığı insandır. Dünyanın içində dünyadır insan. Hələ neçə-neçə yüzilliklər keçəcək, insan övladı neçə-neçə müəmmanın sirrini açacaq, ancaq öz sirrindən, sehrindən xəbərsiz qalacaq. Bunun özü də təbiidir.

Müəmmalar fövqündə durur bəşər övladı öz insanlığı ilə. İnsan dünyada yaşadıqca özünü kəşf edir. Çünki, ətrafdakı bütün hadisələr, başımıza gətirilən ağrı-acılar, doğma torpağımızdan köçürmələr, çoxlu itgilər və şəhidlər, bəzi müəm­malar ancaq öz təsdiqini insanda tapır.

Beləcə, insan daxili dünyası ilə ətrafda, ətraf aləm isə öz sirli göstərmələri ilə insanda yaşayır. Biz bu aləmə nə qədər yaxınıqsa, bir o qədər də uzağıq ondan. Bu görünməz, dilsiz “ünsiyyəti” bərpa etmək üçün bizdə möcüzəli dün­yayla əlaqə var və həmişə də olub. Sadəcə özümüzü o yerə qoyma­mışıq, yaxına buraxmaq istəməmişik bu inamı. Amma qəlbimizdə bu inamı yaşatmışıq.

Deyilənlərin təsdiqini görəndə inanmışıq, söylənilənlər qarşımıza çıxanda inanmışıq. Lakin təsdiqində ehtiyat­lanmışıq. Ehtiyatlanmışıq ki, millətpərəst deyərlər, fanatik damğası vurarlar.

Yadımdadır, rəhmətlik molla Oruc deyərdi ki, vaxt gələcək bizim bu etdiklərimiz, tikdiyimiz evlər, bəslədiyimiz bu bağlar, məscidlər, məktəblər, idarələr hamısı tar-mar olacaq!

Sən demə, deyilənlərin hamısı olacaq imiş. Ataların dediyi kimi “olacağa çarə yoxdur”. Nədir bu olacaq? Bu kitabı oxusanız dəqiq məlumat alarsınız.



Müəllif

HORADİZİM
Yazdım ki, mən qoy itməsin,

Adı qalsın, hər bir kəsin.

İstər yerin, istər səsin,

Sorağıydı Horadizim!

Dayağıydı Horadizim!

***


Xatirəmdə qalanda var,

Silinən də, yanan da var.

Ayrılıqda qalan da var,

Hamısını Horadizim!

Deyəmmədim Horadizim!

***


Rəhmət deyib ölüsünə,

Baş əyirəm dirisinə.

Kövrəldikcə yanır sinə,

Qaldı darda Horadizim!

Yandı bağrım, Horadizim!

***


Sənə göy üzü qurbandır,

Göyün ulduzu qurbandır.

Ərşad de, quzu qurbandır,

İmam Pirə, Horadizim!

Kəndimizə Horadizim!

***
HORADİZ KƏNDİ HAQQINDA


Horadiz Azərbaycanın Kiçik Qafqaz dağlarının cənub-sərq ətəklərində, Füzuli rayonu ərazisində Qozlu çayın sağ-sol sahillə­rin­də yerləşən tarixi bir kənddir.

Doğru deyirlər ki, ömür beşikdən başlayır. Geniş yolların kökü, xırda cığırlardan başlayır, deyənlər yanılmırlar. Hər birimiz kiçik evlərin astanasından Böyük Vətən dünyasına düşürük. Yollar bizi Böyük Dünyaya apardıqca, balaca “Vətən” dünyası unudulmur və heç bir vaxt yaddan çıxmır.

Bəli, doğulduğumuz ocağı duymadan, sevmədən, öyrənmədən Böyük Vətənimizi, yurdumuzu duya, sevə, öyrənə bilmərik.

Haralardasa Vətəndən, yaxşı yer olub-olmamasının Vətən sev­gisinə qətiyyən dəxli yoxdur. Vətənin, xalqının, doğulduğu yurdun tarixini, keçmişini bilmək, öyrənmək hər bir Vətən övladı üçün həm borc, həm də şərəfdir.

Vətən də, millət də, dövlət də torpaqdan başlanır. Ağacın gücünü haradan aldığı məlumdur. İnsan və tarix araşdırılmalıdır, ən azı ona görə ki, onun kökü müxtəlif istiqamətlərə gedib çıxır. Hər şeyin aydınlaşması üçün “köklər”-ə baxmaq lazımdır.

Biz bir millət olaraq əgər yurdumuzun, torpaqlarımızın, vətənimizin tarixini yaxşı öyrənməsək, bilməsək onda gələcəkdə də başımıza çox faciələr, bəlalar gələ bilər. Bilməyəndə isə susuruq. Susanda da düşmənlərimiz üstümüzə ayaq açırlar, torpaqlarımıza sahib olurlar, vətəndaşlarımızı öldürürlər və əsir götürürlər, öz doğma evindən, obasından didərgin salırlar.

Bax elə bu səbəbdən hər birimiz tariximizi, yurdumuzun hər daşını, torpağını, yerini, məkanını mükəmməl öyrənməliyik və gələcək nəsilə çatdırmalıyıq!

Horadiz kəndimizin adının yaranması haqqında elmi əsaslarla müxtəlif rəvayətlər və yozmalar irəli sürürlər.

Mən qeyd etməliyəm ki, Araz çayının hər iki sahilində qonşu yaşayış məskənləri “Aslandüz”“Horadüz”kəndləri var. Belə hesab edirəm ki, bunların daha yaxın oxşarlıqları var. Bunlar təqribən eyni vaxtda yarandıqları üçün ulularımız Araz çayının sağ dağ ətəyində yerləşdiyinə ğörə Aslandüz və nisbətən sol tərəf düzənlikdə yerləşdiyinə görə bizim kəndə Qaradüz adı vermişlər. “qara” sözünün (türk toponimində) “böyük”“düz” sözü ilə birləşməsi “Qaradüz” adlanır, bu da tədricən asimlasiyaya uğrayaraq indiki “Horadiz” adının alındığı bildirilir.

Digər variantı aşağıdakı kimidir: - Horadiz kəndi faktiki olaraq Qozlu çayın güney və quzey təpəlikləri arasında yerləşdiyindən (təpəliklər arasında düz) yəni, “Aradüz” ilə tanınmış və sonradan Horadiz kimi adlandırılmışdır.

Ərəb tarixçilərin verdiyi məlumata görə XVI əsrin əvvəllərində Qarabağ ərazisində 3 yaşayış yerinin adı qeyd edilmişdir. Bunlardan Qozlu çay və Qozlu çay üstündə 2 yer Dizak və Həzzə yaşayış məskəni qeyd edilmişdir. Sonralar Dizak – Hadrut kimi, Həzzə isə Horadiz kimi adlandırılmışdır. Bu fikirlərə əsasən Horadiz kəndinin qədimiliyinə şübhə yoxdur.

1727-ci ilə aid olan “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” adlı tarixi sənəddə Dizaq(Hadrut) əyalətində olan kəndlər sırasında Horadis (Horadiz) kəndimizin adı qeyd edilmlşdir.

Qeyd:- Dizaq qəsəbəsi 1939-cu ildən dəyişdirilərək Hadrut rayonu adlandırılmışdır. Oykonim İran dillərindəki ha(ara), du (iki) və rud(çay) komponetlərindən düzəlib, “iki çayın arası” məna­sın­dadır.

Məlumdur ki, xalqın, elin-obanın, kəndin tarixi kimi, sözün də tarixi var. Bu mənada düşünürəm ki, tarixi-toponimik araşdırmalar keçmiş və ötənlər haqqında olsada, keçmiş üçün yox, bu gün üçündür. Bu günü dərk etmək və sabahlara yol açmaq üçündür. Onu da unutmamalıyıq ki, həqiqətlər bütün kitablardan böyük və ucadır.

Bəzən elə olur ki, kiçik bir sübut, balaca bir dəlil, adi bir fakt xalqın tarixinin bütöv bir qaranlıq dövrünü işıqlandırır.

Aydındır ki, yazıya düşməyən adlar yavaş-yavaş tarix səhnə­sin­dən silinir, itib-batır. Lakin yazıya düşən coğrafi adlar isə çox yaşa­yır və tarixdən silinmir.

Əvvəllər Horadiz kəndi haqqında bir neçə kitablarda XIX-əsrdə Qara­bağın böyük kəndlərindən Horadiz olduğunu və bu ərazidə ən böyük bazar haqda yazmışlar.

XVI əsrə aid olan arxiv materiallarına görə indiki Horadiz kəndi ərazisində yaşayış məntəqəsi mövcud olmuşdur. Bunu arxeloji və etnoqrafik tədqiqatlar sübut edir. Son orta əsrlərə aid olan türk tarixi mənbələrində kəndin adı Horadis kimi göstəril­mişdir.

Tədqiqatlar bunu da deməyə əsas verir ki, həmişə bu ərazilər oturaq əkinçi-maldar tayfalarına məxsus olmuşdur.

Bunlardan başqa 1919-cu ildə 139 yaşında vəfat etmiş Kərbə­layi Pirəli kişinin dediyinə görə 1739-40 cı illər İran hökmdarı Nadir Şah Qarabağa qoşun yeridərkən, kəndin əksər adamları Ər­gü-nəş dağına qaçıb gizlənərək qurtulmuşlar.

Hər iki məlumatdan görünür ki, Horadiz kəndi XVI əsrdə böyük yaşayış məskəni kimi formalaşmışdır.

Yadigarlılar tayfasından olan ağsaqqal kişi Fərman Yadigarov deyirdi ki, “Mən və Həsən Molla Möhsün oğlu Məmmədov 1980-cı ildə Horadiz kəndinin indiki qəbirstanlığındakı baş daşı yazılarını öyrənərkən məlum oldu ki, həmin qəbirlərin 350-500 il tarixi var.

Ərəbistan Xilafəti tərəfindən İslam dininin qəbul edilməsi üçün 10-cu İmamımız Əli Riza Əbülhəsən ibn Musa Kazımı(826-881) yaxın sərqə 878-ci ildə göndərilmişdir. İmam Rza İranda 3 il ərzində bütün şəhərlərində olmuş, islam dininin yayılmasında və qəbul edilməsində onun böyük əməyi olmuşdur. Lakin onun əleyhdarları düşmənçiliklə onu 55 yaşında ikən zəhərləmişlər. Onun qəbri İranın Məşhədi şəhərindədir və ziyarətə çevrilmişdir. Ölümündən sonra İmam Rzanın ailəsini təqib edildiyinə görə bir neçə üzvü şimali Azərbaycanda sığınacaq tapmışlar. Onun ailə üzvülərinin qəbri Bakının Nardaran və Bilgəh kəndlərində ziyarət­gaha çevrilmişdir. O cümlədən onun qız nəvəsi bizim Horadiz kəndimizdə rəhmətə gedib və indiki İmam Pirində dəfn edilib. Allah hamısına rəhmət eləsin! Bu fakt sübut edir ki, IX əsrdə Imam Piri yanında yaşayış var imiş.

Tarixi məlumatları əldə əsas tutaraq və Horadiz qəbirlərindəki daş kitabələri nəzərə alaraq, (bax; Horadiz kənd qəbirstanlığı) belə fikir yürütmək olar ki, Horadiz kəndinin yaranmasının 1100 illik yaşı var. Onu dəqiq arxeoloji qazıntıların cavabı verə bilər.

Bizim kənd əvvəllər “İmam Piri”- nin yanındakı yaşayış məs­kənində neçə yüz illər yaşadıqları məlum deyil. Ata-babalarımızın dediyinə görə təbii fəlakətdən sonra ulularımız “İmam Piri”- nin yanındakı öz yurdlarını tərk edərək, indiki Qarağan təpəyə gələrək özləri üçün yaşayış yeri seçmişlər. “İmam Piri”-nin yanından Qarağan təpəyə gələnlər: Yadigarlılar, Namazalılar, Toppuzlular və Təhmirazlılar olmuşlar.

Qalan tayfalar isə Beyləqana və Dəvəçi rayonlarına köçmüşlər.



1. Nümunə: - 1960-cı ildə bizim pambıq əkilən sahədə, Orucov Aslan kişinin briqadasında, Horadiz stansiyasından 2 km. məsafədə yerləşən böyük Kurqan (hündür tökmə torpaq) var idi. Kolxoz idarə heyyətinin qərarı ilə pambıq sahəsini genişləndirmək məqsədilə o kurqanı buldozer və traktorlarla dağıtdılar. Deyilənə görə orada qədimi kişi və qadın məzarları, qiymətli əşyalar, iri saxsı qablar, küplər, döyüş alətləri tapılsada onları araşdırmaq üçün Elmlər Akademiyasına verməyiblər, əksinə sındırıb dağıdıblar. O vaxt həmən kurqandan qədimi silah aləti olan 80 sm. qılıncı və 30 sm. uzunluğu olan xəncəri qəlibə (keçəyə) bükülmüş halda atam bizim evə gətirmişdi. silahlar salamat olsa da dəstəkləri çürümüşdü.

Yüklə 192,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə