ƏSRİMİZİn qəHRƏmanlari



Yüklə 37,57 Kb.
tarix14.04.2018
ölçüsü37,57 Kb.
#38216

www.cafarcabbarli.org

ƏSRİMİZİN QƏHRƏMANLARI
(Dörd pərdədə roman)
"Qospadin" Nəsir intelligent, müsəlman “kavaleri" həmişə qızlarla tanış olanda, bəzi məlum səbəblərə görə öz müsəlmanlığını gizlədirdi (Bir o deyil, müsəlmanlar hamısı belə edir). Nəsir nə qədər rusca danışmaq bilirdisə də, yenə hərdən çaşıb öz müsəlmanlığını bildirirdi. Odur ki, tanış olanda özünü erməni adı ilə qələmə verirdi. Bir dəfə Nəsir “Liza" adlı bir qız ilə tanış oldu. Liza nə qədər “Sən müsəlmansan!...” - deyə Nəsirə təkid etdisə, Nəsir: "Mən erməniyəm!” - deyə təkrar edib, Lizanı inandırırdı. Bir dəfə Nəsir Liza ilə bulvarda gəzişirdi, birdən nəhs kimi, bir erməni bunlara rast gəlib, erməni dilində nə isə danışmağa başladı. Liza erməninin nə dediyini soruşanda, təbii olduğu kimi, Nəsir bilmədi. Liza dübarə şübhəyə düşüb qara, yox-yox, göy gözlərini Nəsirin üstünə süzdü; Nəsir Lizaya danışmağa macal verməyib tez başladı:
Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;

Evlər dağıdan zülfi-pərişanın üçün, mən.


Çoxdandı sənin mayilü müştaqin idim mən,

Amma ki, qaçırdın niyə ahu kimi məndən?

Bir dəfə sənə söyləyirəm, yaxşı inan sən!

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;

Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Hərçənd dilim ruscada hərdəm çaşır, amma

Şəkk eyləmə müslüm deyiləm, zərrəcə əsla!..

Mən erməniyəm, erməniyəm... ümməti-İsa.

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;

Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Olsaydım əgər müslüm, olardım yekə balvan;

Heyvandır - özün yaxşı bilirsən ki müsəlman.

Mən erməniyəm, ismi-şərifim də ki: “Vartan"

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;

Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Başda "katoloq", əldə "trost", çəkmədə zəncir...

gözlərini diqqət elə, bax mənə sən bir.

Baxdıqca mənə neyçün olursan belə dilgir?

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;

Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Aldatdı bizim Lizanı bu şivəli gövtar,

Yumdu çənəsin dinmədi kaftar qızı kaftar.

Kor şeytana lənət deyib oldu Nəsirə yar,

Eylərdi Nəsir bu sözü hər bəzmdə təkrar:

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;

Evlər dağıdan zülfi-pərişanın üçün, mən.


Hə, indi keçək söhbətə. Paho... Bu yandan da müdir gözlərini ağardır ki, çərənçilik lazım deyil, “əlfəcin palaji!” Yaxşı, qoy qalsın, sonra danışaram.
***
Hə, sözümüz harada qalmışdı? Nəsir birdən gördü ki, Liza bir qədər ondan kənar dolanır. Bir dişlərini ağartdı, gördü xeyr, Liza heç məhəl qoymayır. Nəsirin bir nəfər Həsən adlı dəxi yoldaşı var idi. Lizanın üstündə Nəsir ilə dalaşmışdı və babasının goruna and içmişdi ki, Lizanı Nəsirin əlindən alsın. Erməniyə də, demə o pul verib göndərmiş imiş. Nəsir gördü ki, indi Həsən Lizaya tərəf gedir. Əndamına lərzə düşdü. Başı gicəlib gözü qaranlıq gətirdi. Amma məqsədi Həsənin peysərinə bir şapalaq salmaq idi. Mütəəssüf, cadulanmiş kimi tərpənə bilmədi. Deyəsən, yerə mıxlanmışdılar. Bütün aləm gözündən düşmüş, guya qara buludlar onu əhatə etmişdir. Guya ürəyində röya kimi keçirdi, pullarını tamamilə konfetlərə sərf etdim. Gecələr gözlərimə yuxu getmədi, bel bağı, saat, üzük aldım. Onlar cəhənnəm, yüz o qədərini də alım. Təki Liza dübarədən mənə yar olsun. Bu halda Nəsirin qulağına süruşi-ğeybi kimi xəfif bir arvad səsi gəldi. Nəsir, Liza zənn edib dərhal qollarını açdı və: “Can, Liza, gəl!” - dedikdə, gördü qabağında bir sailə müsəlman arvadı dayanmışdır. Bunu görüncə: "İtil burdan, kafirin qızı!” - deyib üzünə bir şillə vurdu ki, səsindən az qalmışdı gavi-mahi kürreyi-ərzi buraxıb daban alsın. Bu dəmdə Nəsir gördü ki, haman erməni bir yanda gəzir. Dərhal üzünü çevirib dedi:
Adə, Avanes kirvə, sənin adına lənət!

Yıxdın evimi, həftinə, həftadına lənət!


Beş aydı o gündən o pərizadı tanırdım.

Hicrində onun şəmə çu pərvanə yanırdım.

Amma ona bir söz deməyə mən utanırdım.

Öz dinimi, ayinimi məcburi danırdım.

Adə, Avanes kirvə, sənin adına lənət!

Yıxdın evimi, həftinə, həftadına lənət!


Çoxdandı məni hicr odu bimar eləmişdi,

Həsrətlə məni-qəmzədəni zar eləmişdi.

Eşq atəşi lakin məni biar eləmişdi,

Xaliq onu bir növi mənə yar eləmişdi.

Adə! Avanes kirvə, sənin adına lənət!

Yıxdın evimi, həftinə, həftadına lənət!


Liza xanımın etmiş idim adını əzbər;

"Mən erməniyəm", söylədim ol mahə mükərrər.

Liza inanıb eyləmiş idi mənə bavər,

Gəldin nə bilim, "Asma hayes, turkes, ay axper";

Şeytan balası axperinə, zadına lənət!

Yıxdın evimi, həftinə, həftadına lənət!


Gəldin bura ki: "xoskamasım hinç ozum asma";

Şeytan kimi saldın araya tezcə müəmma.

Rusca deyə bilməz deyəsən: "vot xoroşo da";

Məlun balası, indi durub tapdalaram ha!

Rədd ol buradan, it balası, adına lənət!

Yıxdın evimi, həftinə, həftadına lənət!


Verdim pulumu qənfətə, etdim dilimi şad,

Oldu mənə qismət nə isə ah, o pərizad.

Güclə əlimə salmış idim bir qədi şümşad,

Şeytan balası indi mənim dərdimə məzdad.

Adə! Avanes kirvə, sənin adına lənət!

Yıxdın evimi, həftinə, həftadına lənət!


Bir zümrilə etdin evimi, səyimi bərbad,

Şirinə məni-bikəsi qıldın yenə Fərhad.

Ey taleyi dun, dad əlindən, yenə fəryad!

Bu yolda mənə etdiyin imdadına lənət!

Dünyadakı abadına, bərbadına lənət!
Bu halda Nəsir başını qaldırıb gördü ki, aləm başqa aləmdir. Müdir əfəndi müqabilində dayanıb deyir ki, müxtəsər elə, bir para mühərrir taslaqları kimi özünü piyanisgəliyə vurma.

Mabədi qoy gələn səfərə qalsın.


***
Nəsir dərhal Həsənə yetişib:

- Filan, filan şüdə! Nə haqla mənim barişnama yavuq gedirsən?..

Həsən də:

- Əcəb eyləyirəm! - dedikdə, Nəsir şapalağı rədi-səmavi kimi Həsənin "pudra"lı üzünə endirdi. O da Nəsirin təzəcə daranmış saçlarından tutub:

- Ya vali, vali, vəxti mədəd əst!.. - davaya şüru etdilər. Sən məni vur, səni...

Cəmaət yığışdı. Hər kəs gəlib baxır: “Tfu, diki tatarin!...” - deyə yoluna düzəlir.

Yasavul gəldi; hər ikisini polisəyə sürüdülər. O dedi: təqsir Həsəndədir; bu dedi: Nəsirdədir. Xülasə, hərəsini 20 manat cərimə edib buraxdılar. Nəsir dərhal yoldaşı Mirzəbalanı çağırıb:

- Al, bu da 20 manat; gedək Həsəni xəlvətdə doyunca döyək...

Həsən də qorxudan bıçaq gətirdi. Nəsir ilə Mirzəbala, Həsənə çatıb hülqumladılar. O da tez bıçağını çıxartdı, Mirzəbala onun alnından dəmir ilə elə vurdu ki, Həsənin bıçağı əlindən düşdü; əyilib bıçağı götürdükdə, Nəsir tez yerdən qapıb, Həsənin sinəsinə sancdı. Allah rəhmət eləsin! O saat Nəsiri polisəyə, oradan da qazamata göndərdilər. Dustaqlar başına yığıldılar; səbəbini soruşdular, o da olan əhvalatı danışdı. Dustaqların xoşlarına gəlib, bir ağızdan söyləməyə başladılar:
Çox zirəklik eləyibsən kişi, vallah, malades!

Hayfını yaxşı alıbsan, bərəkallah, malades!

Daha qəm çəkmə, gülüb xürrəmü şad ol, a gədə,

Hayıf altında dolanmaq çox ayıbdır igidə:

Vurasan öz bıçağılə o çıraqban səkidə!

Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades!

Hayfını çox tez alıbsan, barəkallah, malades!
Yaraşır indi sən öl - lap qoçuluq adı sənə -

Ki, bu cür ğalıb olubsan... Həsənə.

Qoçu olmaz demək hər qorxub özündən əsənə;

Qoçuluq tək yaraşır sən kimi bir başkəsənə.

Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades!

Hayfını çox tez alıbsan, barəkallah, malades!


Yığışıbdır buraya, bax, bu qədər şəxsi-dəcəl;

Buların hamı edibdir hələ sən tək cəncəl.

Qoymayıblar ki, hərifi cumub açsın belə əl.

Hərə bir şiri-jəyan, hər biri cəlladi-əcəl.

Sən də zirəklik edibsən kişi, vallah, malades!

Hayfını yaxşı alıbsan, barəkallah, malades!


Çox adam var: hələ qorxur ki, bu viranə girə;

Burada çox-çox olur taxtabiti, həm də birə.

Nə zərər qeyrət üçün getsə də insan Sibirə...

Hamısı bir səs ilə söyləyir: "Əhsən Nəsirə!”

Yaxşı zirəklik edibsən kişi, vallah, malades!

Hayfını çox tez alıbsan, barəkallah, malades!


Hərçənd bu sözlərdən Nəsirin qoltuqları qarpız tutmayırdı; amma yenə Lizanın fikrində idi. Arvadı, uşaqlarını çoxdan unutmuşdu. Xülasə, xeyli zaman keçdi, vaxt oldu... Hə, inciməyin, başım hələ tez ayılıbdır, nə xeyr! Borclu-borclunun sağlığını istər. Mabədini sonra yazaram.





Yüklə 37,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə