F. Dostoyevski Hiss və intellekt



Yüklə 309,29 Kb.
tarix26.09.2017
ölçüsü309,29 Kb.
#1788



5-1. RASİONALLIQ VƏ ESTETİKLİK

Dünyanı gözəllik xilas edəcəkdir.

F.Dostoyevski




Hiss və intellekt

Ənənəvi olaraq Şərq düşüncə tərzində hissin, Qərb düşüncə tərzində isə intellektin aparıcı rol oynadığı ön plana çəkilir.

Adi danışıq dilində intellekt “ağıl” anlayışına uyğun gəlir. Bu anlayış elmi istilah kimi qəbul edilmə­di­yindən onun dəqiq əhatə dairəsi müəyyənləşdirilməmiş­dir və yerindən asılı olaraq müxtəlif mənalarda iş­lədilir.

Fəlsəfi ədəbiyyatda “intellekt“ anlayışı müxtəlif dövr­lərdə müx­təlif mənalar daşımışdır. Qədim yunan fəlsə­fəsində (Platon və Aristotel) intellekt insanı bütün digər varlıqlardan fərqləndirən əsas xüsüsiyyət, ilahi başlanğıcın əlaməti kimi qiymətləndirilir. Əgər duyğu, qavrayış bir sıra digər canlı orqanizmlər üçün də sə­ciy­yə­vidirsə, intellekt yalnız insana məxsusdur. Həm də intel­lekt adi düşüncədən, elementar abstraksiya qabi­liyyətindən yüksəkdə du­rur. Platona görə insan şeylərin əsasında daya­nan anlayışları dərk etməklə ideyalar alə­minə yaxınlaşa bilər ki, bu da intellektual qa­­biliyyət adlanır. Yəni in­tellekt şeylərin hissi qavrayışından asılı olmadan – fövqəlhissi surətdə dərk olunmasıdır.

Kant və Hegel isə intellekt anlayışını adi müha­kimə qabiliy­yə­ti, abstrakt-analitik düşüncə tərzi mənasında işlətmiş, onu zəka ilə müqayisədə təfəkkürün nisbətən aşağı pilləsi kimi başa düş­müşlər. Buraya yalnız formal məntiq prinsipləri, 2+2=4 qətiyyəti aid edilir.

Bu mənada intellekt hiss və duyğu ilə bilavasitə heç bir əla­qəsi olmayan, yalnız özlüyündə qəti şəkildə müəyyən olan məntiq qanunlarının formal tətbiqini əhatə edən və deməli, mahiyyəti üzə çıxarmağa imkan ver­məyən idrak tərzi kimi çıxış edir. Belə idraki qa­biliyyət insanı heyvandan fərqləndirmək üçün kifayət etsə də, onu “düşünən ma­şın”lardan fərqləndirmir, onun fərdiyyətini, təkrarlan­mazlığını, özünəməx­sus­lu­ğunu ifadə etmir. Zira məntiqi formalar hamı üçün eyni­dir.


İntellekt, ağıl anlayışları haqda biz yuxarıda söh­bət etdik. Fəhm və zəka anlayışlarına gəldikdə isə, on­ların Azərbaycan dilin­də işlədilməsi və geniş yayılması (başqa dillərdə bu sözlərin qarşı­lı­ğı­nı tapmaq çox çə­tindir) xalqımızın qədim fəlsəfi fikir ənənələri ilə bağlıdır. Məsələn, ağıl və fəhmin müqayisə edilməsi, qarşılaşdı­rıl­ma­sı bizim el fəlsəfəsi üçün həmişə sə­ciyyəvi mövzu­lardan biri ol­muş­dur. Bu və ya digər nağılda, lətifədə və s. kah ağıla, kah fəhmə üstünlük ve­rilmiş, onların hər biri­nin özünəməxsus üstünlükləri gös­tərilmişdir. Biz bu an­layışların elmi analoqlarını müqayisə et­dik­də də əmin ola bilərik ki, bütün fəlsəfə tarixi boyu rasional fi­kir­lə hiss arasında, intellektlə emosiya arasında, məntiqi tə­fəkkürlə intuisiya arasın­dakı münasibət məsələsi diqqət mərkəzində olmuş, böyük diskussiyalar doğurmuşdur. Hissi fəaliyyətin (primitiv duy­ğu) rolunu əsas tutan cərəyan fəl­səfə ta­rixində sensualizm (başlıca nümayəndələri F.Bekon, Lokk, Berkli, Yum, Didro və s.), ağlın, ra­sional idrakın rolunu üstün tutan cərayən isə rasionalizm (Pla­ton, Aristo­tel, Dekart, Spinoza, Leybnis, Kant və s.) kimi məlum­dur. Hər iki cərayən məsələyə birtərəfli yanaşdıığı üçün idra­kın həqiqi elmi mənzərəsini yarada bilməmişdir. Məsələ­nin düzgün həlli hissi olanla rasional olanın vəhdətdə götürülməsini tələb edir.

Elə məsələlər var ki, onu sövq-təbii surətdə, vərdiş və ya fəhm hesabına həll etmək mümkün deyil; burada məntiqi mühaki­mə intelekt tələb olunur; riyaziyyat məsələləri. abst­rakt elmi kon­struk­siyalar və s. bu qabildəndir.

Elə məsələlər də var ki, onları ağılla, intelektlə dərk etmək ol­maz. Bunlar iki qrupa bölünür:

1. Emosional hadisələr (gözəllik, məhəbbət, hörmət, şöhrət və s.); onları yalnız duymaq mümkündür. Bu sahədə hər cür əqli mü­ha­kimə isə mütləq təhrifə gətirib çıxarır. On­lar haqqında ümu­mi­ləşmiş fikir də ağıl yox, yalnız zəka vasitəsi ilə mümkündür.



  1. Mürəkkəb (işlədilən intelektual aparatdan daha mürək­kəb hadisələr nəzərdə tutulur) hadisələr; məsələn kon­kret həyat ha­disələri. Onlar dəyişkən və təkrarlanmaz ol­duqlarından xüsusi təd­qiqata nə elmi tələbat, nə də imkan var. Belə məsələləri fəhmlə və ya hissin hökmü ilə həll et­mək lazım gəlir. Ağıl nə qədər güclü ol­sa da burada aciz­dir. “Ağıllı düşünənə qədər dəli vurub payını gö­türür” müdrikliyi də buradan yaranıb.

İnsanda fəhm qabiliyyəti əsasən irsiyyətlə bağlı olsa da, onun for­­­malaşmasında praktikanın, həyat təcrübəsinin çox böyük rolu var.

Həm abstrakt-məntiqi, həm konkret həyati, həm də emo­sio­nal-estetik xarakterli informasiaların ümumiləşdi­rilməsi, gerçək­li­yin ən ümumi mənzərəsinin yaradılması üçün idrak pillələrindən bu və ya digəri ayrılıqda kifayət deyildir. Bunun üçün primitiv duy­ğu və intellekt pillələ­rindən başqa, fəhm, estetik qiymətlən­dir­mə və s. idrak mə­qamlarından da istifadə edilməsi zəruridir. Dia­lek­­tik id­rak metodunun əsasında məhs abstraktla konkretin vəh­də­ti şərti durur. Abstrakt konstruksiyalar intellekt vasitəsilə yara­dıl­­dığı kimi təkcə intellekt vasitəsilə də dərk edilə bilir. Abstrakt olan intellektsiz, konkret olan isə fəh­msiz, emosiyasız dərk edilə bilməz.

Zəka – hiss və ağlın, fəhm və intellektin vəhdətidir. Müəyyən bir məsələnin öyrənilməsində abstrakt təfəkkür, formal məntiq qaydaları ilə yanaşı, müəyyən bir sövq-təbii hiss, fəhm (fəlsəfi dildə desək “qeyri-şüuri” idrak ) də iştirak edir.

“Qeyri-şüuri” anlayışı heç də hərfi mənada başa düşül­mə­mə­li­dir. Bu anlayışın məzmunu ilə adı arasında bir paradoksallıq var­dır. Belə ki, “qeyri-şüuri” əslində insan şüurunun ən ali təzahürü, ən yüksək pilləsidir.

“Qeyri-şüuri” idrak fəaliyyti olduqça böyük miqyaslı, mü­rək­kəb bir psixi-fizioloji prosesin nəticəsidir ki, onun ideal kon­struk­siyasını, modelini qurmaq, onun gedi­şini izləyə bilmək müa­sir im­kan­lar daxilində deyil. Biz yalnız bu fəaliyyət sayəsində alı­nan in­for­masiya ilə, yeni məlumatla tanış oluruq, bütün naməlum idraki əməliyyat isə “qeyri-şüuri”, “sövq-təbii” anlayışlar ilə ifadə olu­nur. Beynin sövq-təbii “intellektual” fəaliyyətinin nəti­cəsi artıq intellekt yox, yeni keyfiyyətli hadisə kimi tə­zahür edir ki, bunu da xarakterindən asılı olaraq emosiya, hiss, fəhm adlandırırlar.

Duyğunun, hissin ikinci, yüksək mənası adi danışıq dilində və ədəbiyyatda da geniş yayılmışdır. Məsələn, S.Vurğun “dünən bir duyğusuz soruşdu məndən”, – deyərkən “duyğu” anlayışı bila­va­sitə inikas momenti kimi deyil, yüksək “intellektual” (əgər belə de­­mək mümkündürsə) duyğu mənasında işlədilir. Yaxud hissin ikimənalılığına uyğun olaraq həssaslıq sözü də iki mənada işlədilir. Həssaslıq – duyğu üzvlərinin yaxşı inkişafı; iti görmə, yaxşı eşitmə, iy­bilmə qabiliyyəti və s. kimi və həssaslıq – situa­siyanı qeyri-şüuri olaraq düzgün qiymətləndirmək, sövq-tə­bii olaraq ən optimal çıxış yolu tapmaq və s. kimi.

“Qeyri-şüuri” anlayışı həm estetik, emosional hadisə­ləri, həm də elmi idrakın bir məqamı olan intuisiyanı əhatə edir. Azər­bay­can­ca adi danışıq dilində emosiya və intui­siya terminlərinə hiss (ikin­ci, “intellektual” hiss mənasında) və fəhm sözləri uyğun gəlir. Bun­lar idrakın keyfiyyətcə fərqli sahələri olsa da təbiətləri etibarilə bizə bəlli olmadıqlarından hər ikisi “qeyri-şüuri” adı altında ümu­mi­ləşdirilir.

“Qeyri-şüuri” fəaliyyət heç də həmişə mümkün olmur. Bu­nun üçün xüsusi şərait lazımdır, fikrin tam sərbəst bu­raxılması, be­yi­nin “öz-özünə”, tam müstəqil fəaliyyətinə imkan yaradılması la­zım­dır. Nəyi isə müşahidə edirsən, müxtəlif situasiyalarda olursan və birdən indiki məqamda üzərində fikirləşmədiyin, lakin nə vaxt­sa səni narahat et­miş bir məsələ yada düşür, axtarılan sualın ca­va­bı gözlə­nilmədən tapılmış olur... Bu baxımdan, məntiqlə həll oluna bilməyən çətin bir məsələnin həllini tapmaq üçün eyni məntiqi çər­çi­və daxilində uzun-uzadı düşünməkdənsə, həmin məsələni unut­maq, tamam başqa sahələrdə müşahidələr aparmaq daha faydalı ola bilər.

Belə bir fakt da maraqlıdır ki, ayıq vəziyyətdə (ağılın, intel­lek­tin istiqamətlənmiş fəaliyyəti) həll oluna bilməyən bir sıra prob­lem­lər yarıyuxulu vəziyyətdə asan­lıqla həll olunur; bu vəziyyətdə göz­lənilməz kəşflərin sayı daha çoxdur.

Tədqiqat göstərir ki, insan yatarkən beyinin fəaliyyəti nəinki dayanmır, əksinə, onun ən intensiv fəaliyyət dövrü bu vaxta düşür. İnsan kənardan heç bir informasiya alma­dığı və məntiqi təfəkkü­rün fəaliyyəti dayandığı bir vaxtda beyində müstəqil, sərbəst fəa­liy­yət üçün imkan yaranır; gündüz alınmış informasiya bir növ qab­qarılır, yerbəyer edilir. Bu zaman bütün passiv hafizə tutumu işə düşür (yuxu hadisəsi də bununla izah olunur), yeni məlumatlar nə vaxtsa görmüş, eşitmiş və öyrənmiş olduğu, lakin sonralar unut­­duğu (tam unutma mümkün deyil – məlumat passiv hala keç­mək­lə beyində həmişə qalır) məlumatlar, biliklər küllüsü içərisində yerləşdirilir. “Birdən-birə yada düşmək”, “ağlına gəlmək” və s. məhz belə passiv yerləşdirmə prose­sində olur; nə vaxtsa axtarı­lar­kən hələ çatışmayan bir de­talın əlavə olunması sayəsində tam kon­struk­siya yaranır, o vaxt yarımçıq qalmış model tamamlanır və s. Ya­xud da gördüyün yeni bir mənzərə, duyduğun yeni ahəng, struk­tur və s. axtarı­lan məsələ ilə qeyri-şüuri surətdə analogiya ya­ra­dılmasına (assosiasiya) gətirir ki, bu da yeni “mənzərə”nin daha mükəmməl olan strukturunun başqa bir modeldə isti­fadə edilmə­sinə imkan yaradır...



Bədii təfəkkür və süni intellekt

Bədii təfəkkür isə hamı üçün eyni olan məntiqi for­malardan kənara çıxır. Deməli, bədii yaradıcılıq ma­şın üçün əlçatmaz ol­ma­lı­dır. Bəs son vaxtlarda maşın­ların mahnı bəstələməsi, şer qoşması faktları bu fik­rin əley­hinə deyilmi? Xeyir. Bu faktlar yalnız onu göstərir ki, sən demə musiqi, şer və s. təkcə bədii tə­fəkkür yox, in­tel­­lekt vasitəsilə də yazıla bilərmiş. Əslində bu heç də süni in­tellek­tin açdığı yeni imkan olmayıb, təbii intellektin də imkanları daxi­lin­də olan bir hadi­sədir; incəsənət ta­ri­xində rasional idrak mər­hələsində (rasional üslubda) şer yazılması və s. bu kimi faktlara həmişə rast gəlmək mümkündür.

Etiraf etmək lazımdır ki, xüsusi şairlik istedadı, təbi olma­yan, lakin şairlik iddiasında olan adamlar (onlar yəqin ki, “şair­lərin” böyük əksəriyyətini təşkil edirlər) yalnız intellekt pilləsində şer ya­zırlar. Yəni qabaqcadan məlum olan müəyyən fikir və ya məqsəd müəyyən şer növünün forma tələblərinə (heca, vəzn, qafiyə və s.) uyğun şəkildə şərh edilir. Bunun üçün hətta fikri əvvəlcə nəsr­­lə yazıb, sonradan heca və qa­fiyə qəlibinə salmaq müm-kün­dür. Belə şerlərdə, əgər müəllif tapmaca üsülündan is­tifadə et­mir­sə, fikir ay­dın və anlaşıqlıdır. Lakin belə şer oxucuda nə hey­rət, nə ülvi hiss yarada bilər. On­ları yalnız başa düşmək mümkündür. Bu zaman informasiya emo­sional, estetik yolla deyil, rasional yolla ötürülmüş olur.

Bax, maşın da şeri eyni prinsiplərlə yazır. Həm də bu sahədə maşının imkanları daha böyükdür. “Estetik təsir” yaratmaq üçün maşın “intellektual şair”lə müqayi­sədə daha mürəkkəb və ahəng­dar quruluş tapmaq imkanına ma­likdir. Çünki süni intellektin müəy­yən istiqamətdəki fəa­liyyətini qeyri-məhdud olaraq geniş­lən­dirmək mümkündür ki, bu, təbii intellekt üçün mümkün deyil.

Deməli, maşının şer yazması və musiqi bəstələməsi onun elə intellektual fəaliyyətinin nəticəsidir və bu qa­biliyyəti yeni mahiy­yətli bir hadisə (bədii təfəkkür) ilə qarışdırmaq olmaz.

Marksizm fəlsəfəsində intellekt bir termin kimi işlədilmir, la­kin bu və ya digər münasibətlə intellekt an­layışından istifadə edi­lər­kən o, təfəkkürün sinonimi kimi başa düşülür. Müasir elmi ədə­biy­yatda intellekt an­layışına təzədən qayıdılması və onun məzmun və əhatə dai­rəsinin dəqiqləşdirilməsinə ehtiyac yaranması süni in­tellektin kəşfi ilə əlaqədardır. Bu halda intellekt sözü əsasən Kant və Hegel terminalogiyasına uyğun mənada işlə­dilir. Belə ki, müasir imkanlar çərçivə­sində maşın ən yaxşı halda yalnız abstrakt tə­fək­kür qabiliyyətinə malik ola bilər. Obrazlı düşüncə, bədii təfəkkür onun üçün yad­dır, əlçatmazdır. Buna uyğun olaraq ümumiyyətlə in­tellekt anlayışının əhatə dairə­sini məhdudlaşdırmaq, onu bütöv­lük­də təfəkkürlə deyil, yalnız məntiqi təfəkkürlə müqayisə etmək lazım gəlir.

Hiss, emosiya qabiliyyətinə malik olmamaq maşının id­rak qa­biliyyətinin insan idrakı ilə müqayisədə başlıca məhdudiyyətidir. Zi­ra onun bütün idrak qabiliyyəti yalnız intellekt pilləsindən iba­rət­dir. Düzdür, müasir dövrdə ro­botların ən yeni nəsli – inteqral robotlar “duyğu üzvləri” ilə də təchiz olunur, süni görmə, eşitmə və s. imkanlara malik olur və bu baxımdan onların idrakı intellekt­lə ya­naşı primitiv duyğu mərhələsini də əhatə edir. Lakin yüksək duy­ğu qabiliyyəti inteqral robotlar üçün də əlçatmaz­dır.

Süni intellektin ümumiyyətlə insan idrakından deyil, onun in­tellekt pilləsindən, yəni təbii intellektdən fər­qinə gəldikdə isə on­lar arasında oxşar cəhət­lər çoxdur. Fərq əsasən forma və kəmiyyət xa­rakteristi­kalarında tə­zahür edir.

Təbii intellektlə müqayisədə süni intellektin məh­dud cə­hətlə­rin­dən biri budur ki, onun vahid, universal tex­niki daşıyıcısını dü­zəlt­mək mümkün deyil. Yalnız ayrı-ayrı in­tellektual funksiyaları icra edən xüsüsi ma­şınlar düzəlt­mək mümkündür. Yəni hər bir ki­ber­netik ma­şın növü düzəl­dilərkən o, qabaqcadan düşünülmüş bir fəaliyyət istiqamə­tinə uyğunlaşdırılır və yalnız həmin “tədqiqat sa­hə­sində çalışa bilir”. Başqa “tədqiqat sahə­ləri” üçün isə başqa tip ma­­şınlar düzəldilir və s. Düzdür, maşınların müəyyən nisbi müs­tə­qil­liyi, seçki imkanı da olur. Məsələn, şərai­tin və vəzifənin dəyiş­mə­­si ilə əlaqə­dar bir proqram başqa proqramla əvəz edilə bilər. La­­kin maşının texniki kon­struksiya imkanları həmişə müəyyən məh­­dudiyyət qoyur və ta­mam başqa xarakterli intellektual funk­si­ya­­ların icrası üçün istifadə edildikdə təkcə pro­qramı deyil, maşının qu­­ruluşunu da dəyişmək, yəni əs­lində başqa tip maşına müraciət et­mək lazım gəlir. Tə­bii intellekt isə universal­dır, yəni tamam müx­tə­­lif key­fiyyətli intellektual əmə­liyyatların icrası eyni bir insan bey­ni üçün prinsipcə im­kan daxilindədir. İnsanların müxtəlif tədqiqat sa­hələ­rində ixtisaslaşması isə praktik səbəblərlə bağlıdır və heç də be­yinin prinsipial məhdu­diyyətindən, qeyri-univer­sallığından irəli gəlmir.

İkincisi, kibernetik maşın və insan beyninin intel­lektual fəa­liy­yətinin nəticələri eyni olsa da (birincidə nəticə informasiya di­lin­də, ikincidə təbii dillə verilir; lakin qarşılıqlı keçid, “tərcümə” hə­mi­şə mümkündür), bu nəticələrin alınma üsulları müxtəlifdir. Hər iki halda prosesin formal mexanizmi belədir ki, müəyyən əmə­liy­yat­­lar vasitəsilə ilkin informasiya toplusundan yeni infor­masiya alı­nır. Lakin insanda bu proses psixi-fizio­loji, fiziki-texniki yolla ge­dir. Birinci sistem daha mürəkkəb hərəkət formasına uyğundur və burada mexaniki de­terminasiya im­kanı yoxdur. İkincidə isə ya birqiymətli de­terminasiya, ya da heç olmazsa məsələnin sonlu həlli prin­sipcə həmişə mümkündür.

Süni intellekt müəyyən cəhətlərinə görə təbii intel­lektlə mü­qa­yisədə bir sıra üstünlüklərə də malikdir. Bu, ilk növbədə ki­ber­ne­tik maşının müəyyən rasional əmə­liyyatları təbii intellektlə mü­qa­yisədə çox böyük sürətlə yerinə yetirmək imkanında özünü gös­tə­rir. Sürətin böyük-lüyü sayəsində süni intellekt keyfiyyətcə fərqli ye­­ni əla­mətlər əldə edir. Təbii intellekt üçün qeyri-mümkünlük də­rə­cəsində çətin olan bir sıra əqli əməliyyatlar maşın tə­rəfindən asan­lıqla yerinə yetirilir. Bu qabiliyyətinə görə kibernetik maşın həm elmdə, həm də bir sıra praktik fəa­liyyət sahələrində misilsiz əhəmiyyət kəsb etmişdir.

Maşın həm də bütün əməliyyatları yorulmaq bilmədən, mün­tə­zəm və “səliqəli” şəkildə icra edir ki, bu baxımdan ən soyuqqanlı və təmkinli insan da onunla müqayisə oluna bilməz.

Süni intellektin ən mühüm üstünlüklərindən biri də onun ver­diyi məlumutların şərh üçün yararlığıdır. Çünki burada maşın di­li ilə onun rasional məlumatları ara­sında tam birqiymətli uyğun­luq vardır və hər cür məlumat tərəddüdsüz və qeyd-şərtsiz olaraq “ma­şın di­linə”, oradan da elmi dilə “tərcümə” edilə bilər. İn­san isə bir çox məlumatları emosiyalarla, obrazlı şə­kildə və ya “qeyri-şüu­ri” yolla aldığından onları rasio­nal şəkildə şərh et­mək heç də həmi­şə mümkün olmur. Hətta adi intellektual fəaliyyətin nəticələrini tə­bii dil vasitəsilə şərh etmək də çox vaxt çətin olur, çünki bu halda di­lin özü rasional­lıq tələblərinə cavab vermir. Təbii dillə şərh pro­sesi yalnız o halda normal gedir ki, ya müvafiq elmi dil qəti şəkildə for­­malaşmış ol­sun, ya da riyazi dildən istifadə etmək mümkün olsun.

Nəhayət, intellektual inkişafın perspektivləri ən çox süni in­tel­lekt sahəsindədir, daha doğrusu, ondan is­ti­fadə edilməsi sayə­sin­də mümkündür. Belə ki, insan in­tel­lektinin təbii inkişafı çox ləng bir proses ol­duğu halda (məsələn, antik dövrün adamları ilə indiki adam­lar ara­sında intellektual fərq çox azdır; Lui de-Broy­lun fik­rincə isə, belə fərq ümumiyyətlə yoxdur), süni intellekt böyük addımlarla inkişaf edir. O bir sıra sa­hələrdə təbii intellekti artıq keçmişdir, bəzi sahə­lərdə də keçmək əz­mindədir. Çünki ona mə­nəvi qida verən təbii mənbə insa­nın təkcə intellekti deyil (belə olsa, təbii intellekt hə­mişə üstün olmalı idi), həm də fəhmi, zəkasıdır.

Lakin bütün bu üstünlüklərinə baxmayaraq, süni intel­lekt müstəqil şəkildə, təbii intellektlə əlaqəsi olmadan heç bir fayda verə bilməz. Ayrıca götürülmüş bir hadisə və ya hadisələr sinfi üçün maşın, robot intellektual sistem rolunu oynaya bilirsə də, bu cür müxtəlif intellektual sis­temləri və onların nəticələ­rini öz arala­rın­da əlaqələn­dirmədən gerçəkliyin az-çox dərəcədə tam mənzə­rə­sini ya­ratmaq mümkün deyil; belə bir əlaqələndirmə və ümumiləş­dirmə üçün yenə də təbii in­tellektə ehtiyac var. Yəni son nəticədə təbii (universal) intellektin köməyi olmadan süni (diferensial) intel­lekt ciddi fayda verə bilməz. Onun başlıca funksiyası tə­bii intel­lek­ti bu və ya digər konkret istiqamətdə tamam­la­maq, həmin isti­qa­mət­də güclən­dirici vasitə kimi çıxış etməkdir.

Əgər tarixi ardıcıllıqla yanaşsaq insanın forma­laşması pro­se­sin­də ilk ciddi addım onun istehsal vasi­tə­lərindən istifadə etməklə öz fiziki imkanlarını ar­tır­ması olub. İkinci addım müxtəlif eks­pe­ri­men­tal-tex­niki vasitələrlə (mikroskop, teleskop, lokator və s.) öz duy­ğu qa­biliyyətini tamamlaması, üçüncü addım isə ki­bernetik ma­­şın­lar sayəsində öz intellektual qabiliyyə­tini müəyyən is­tiqamət­də artırmaq olmuşdur.

Bu üç “addım” bir növ insandan ayrılıb öz aralarında bir­ləşməklə inteqral robotları təşkil edir. O, müəyyən məh­dud şərait­də müəyyən funksiyaları müstəqil surətdə icra edə bilir. Bu, böyük nailiyyətdir. Lakin nis­bətdə götürdükdə robot dəmirdən olsa da zəif və miskin­dir. Həmin texniki vasitələrlə silahlanmış insan isə güclü və əzəmətlidir.
İdrakın ayrılmaz tərkib hissələrindən bu və ya digə­rinin ön plana çəkilməsi, onun rolunun həddən artıq qiy­mətləndirilməsi hallarından biri də intellektualizm cə­rəyanında təzahür edir. Belə ki, müasir dövrdə elmin icti­mai həyatda rolunun artması, elmi-texniki inqilabın bütün fəaliyyət sahələrinə güclü təsir göstərməsi elmi idrakın digər idrak növlərinə nəzərən üstün olması illüziyasını doğurur. Guya elmi-texniki inqilab müasir dövrü səciyyələn­dirən əsas hadisə olduğundan bütün fəaliyyət sahələrində müasirlik ruhu elmlə, texnika ilə, onların müxtəlif nai­liyyətləri ilə bağlılıq dərəcə­sinə görə ölçülməlidir. Bu baxımdan, incəsənət də istisna təşkil etməməli, müasir elmi-texniki inkişaf səviyyəsi ilə səsləşməlidir. Lakin bu səsləşmənin, bir qədər primitiv başa düşülməsi aşağı­dakı iki istiqamətin, meylin inkişafına təkan vermiş­dir.

Birinci istiqamət özünü bədii yaradıcılıqda elmi id­rak metod­la­rından, xüsusən məntiqi təfəkkürdən – intel­lektdən istifadə et­mək təşəbbüsündə göstərir. Bu meylin spesifikası onun əsas nüma­yən­dələrindən biri olan V.Bryusovun fikrində çox gözəl ifadə olu­nur: “Belə əsərlə­rin müəllifləri daha çox dərəcədə təsəvvürlərdən deyil, an­layışlardan istifadə edir, öz nəticələrinə xalis məntiqi yolla gə­lir, emosiyadan daha çox mühakiməyə müraciət edir­lər.”1 Tə­səv­vür pilləsindən yüksəkdə dayanmaq, intellektin gücündən is­ti­fadə etmək yaxşıdır. Lakin təkcə intellekt vasitəsilə yaradılan “bə­dii əsər”, “sənət əsəri” sonsuz zə­nginliyə malik “qeyri-şüuri” idrak fəaliyyətinin verdiyi imkanlardan məhrum olur və sonlu, məhdud bir mənəvi alə­min ifadəsi olmaqla heç bir ülvi hiss yarada bilmir. Bu baxımdan robotların yaratdığı “sənət əsərləri” belə əsər­lərdən nəinki geri qalmır, hətta, yuxarıda artıq izah etdiy­imiz kimi, prin­sip­cə daha böyük perspektivlərə malikdir.

Müasir dövrdə bədii yaradıcılıq bayrağı altında yara­dılan, əs­lin­də isə bədii xarakter daşımayan əsərlər iki böyük qrupa bölünə bilər:


  1. Primitiv duyğu – qavrayış və təsəvvür mərhələsində yara­dı­lan əsərlər. Belə əsərlər incəsənətin inkişafına mənfi təsir göstərir, onu cılızlaşdırır.

  2. İntellektual səpkidə yazılan əsərlər. Onlar bədii əsər sayıla bilməz, lakin kütlələrdə elmi idrak qabiliyyə­tinin yaranması və in­ki­şafına, onların məlumatlarının genişlənməsinə xidmət etmək ba­xı­mından təqdirəlayiq ha­disədir. Bu sahədə elmi idrakın nai­liy­yət­lə­rindən və süni intellektin köməkliyindən istifadə etmək mümkün olduğuna görə, onun böyük perspektivləri vardır.

Əsil bədii yaradıcılıq da öz növbəsində iki qismə ay­rıla bilər: İntellektəqədərki, lakin yüksək duyğuya əsasla­nan idrak pilləsində yaradılan əsərlər (buraya ən çox lirik əsərlər və sentimental ruhlu epik əsərlər aiddir) və intel­lekti ehtiva edən, lakin ondan yüksəkdə dayanan, intellektlə emosiyanın vəhdətini təşkil edən zəka pillə­sində yaradı­lan əsərlər (buraya ən çox fəlsəfi qayəli bədii əsərlər da­xildir). Bir sözlə, bədii yaradıcılıq iki müxtəlif idrak pilləsində mümkündür: xalis emosional pillə və zəka pil­ləsi. Xalis intellekt isə bədii yaradıcılıq üçün bir növ “qadağan olunmuş zona”dır.

İntellektualizmdə ikinci meylə görə incəsənətin möv­zusu, ini­kas obyekti dəyişilməli, burada ilk növbədə elm və texnikanın nai­liy­yətləri öz əksini tapmalıdır. Bu hadi­sələrin incəsənətdə inikası doğ­rudan da vacibdir, lakin məsələyə primitiv münasibət zamanı unu­dulur ki, bu inikas heç də traktorun və ya kosmik raketin lirik plan­da şərhi, müəyyən elmi nəzəriyyənin və ya elmi-texniki fəaliy­yə­tin “bədii” təsviri formasında olmamalıdır. Zira elmi müd­dəa­la­rın şərhi üçün ən əlverişli dil elə elmin öz di­lidir, onun bədii dilə “tər­cümə olunmağa” ehtiyacı yoxdur və bu təşəbbüs mü­vəf­fə­qiy­yət­sizliyə məhkumdur.

Müasir hadisələri qələmə almaq üçün onların zahiri görünüş və ya mexanizmlərini şərh etmək deyil, onların ictimai mahiyyət­lə­rini açmaq və buna müvafiq bədii forma­lar tapmaq tələb olunur. S.Vur­ğunun “Muğan” poemasında yeni texnikanın ictimai funksi­ya­sının poetik təsviri, N.Hikmətin “Kəllə” əsərində doktor Dalba­ne­zonun taleyi timsalında mövcud cəmiyyətin elmin inkişafına zidd mahiyyətinin açılması və s. buna ən parlaq misallar­dır. Bu əsər­lərdə heç bir saxta intellektualizm meyli yox­dur; onlar öz bə­dii­liyində qalmaqla müasir ictimai pro­blemləri əks etdirirlər. Əsə­rin qəhrəmanları isə ilk növ­bədə öz hiss və həyəcanları ilə, mənə­viy­yatı ilə ön plana çəkilən insanlardır. Zira intellektin rolu nə qə­dər ar­tırsa artsın, insanın mahiyyəti, onun böyüklük və əzəməti in­tel­lektdən sonrakı mərhələdə, yüksək hiss və zəka mərhə­ləsində tə­za­hür edir. Əsil insanlar dünyasını robotlar və robotsayağı adam­lar dünyasından fərqləndirən də məhz his­sdir, emosiyadır, zəkadır.

İntellektual və estetik

məqamların vəhdət şərtləri

Texniki tərəqqi ən çox intellektual aspektin intensivləşməsinə və obyektiv mühitin özü tərəfindən də məhz bu istiqamətdə təsirin güclənməsinə gətirir ki, bu da daxili mənəvi tarazlığı birtərəfli ola­raq poza bilər. Ümumiyyətlə, müxtəlif təsir istiqamətləri koordina­si­ya olunmadıqda, qarşılıqlı surətdə əlaqələndirilmədikdə, habelə sin­tetik təsir amillərinin diferensial təsiri nəzərə alınmadıqda bir is­ti­qamətdə intensivliyin artması başqa istiqamətlərə mənfi təsir gös­tərə bilər və şəxsiyyətin inkişafında ahəngdarlıq pozula bilər.

Məhz ahəngdar inkişafın təmin olunması naminə insanın in­ki­şafına olan müxtəlif təsir istiqamətləri vahid mövqedən öyrənil­mə­li və müxtəlif tipik situasiyalar üçün koordinasiya olunmalıdır. Bu baxımdan, estetik aspektin xüsusi mövqeyini nəzərə almağın bö­yük əhəmiyyəti vardır.

İnsan mənəvi varlığı yalnız estetik hiss sayəsində vahid, bü­töv bir proses olur. Estetik hiss sintetik funksiyaya malikdir. İnsa­nın fiziki inkişafı, onun əxlaqi-mənəvi keyfiyyətləri, habelə intel­lek­tual inkişaf səviyyəsi bir-biri ilə hər halda müəyyən əlaqəyə ma­lik olsalar da, bir-birini yalnız dolayısı ilə şərtləndirir, bütöv bir ha­di­sənin ayrılmaz tərkib hissələri kimi çıxış etmirlər.

Bu tərəflər arasında qırılmaz daxili əlaqəni, bütövlüyü, ümu­mi ahəngi yalnız estetik hiss yaradır. Bu, ən çox estetikliyin öz tə­biə­tindən irəli gəlir; zira estetik hiss insanın dünyaya, dünyanın ümu­mi ahənginə qovuşması, insanın öz bütövlüyünü, dünya ilə vəh­dətini hiss etməsidir.

Estetikliyin ikili cəhəti – inkişaf aspektlərindən biri olmaqla ya­naşı, sintetik funksiya daşıması şəxsiyyətin inkişafındakı ahəng­dar­lığın, hərtərəfliliyin təmin edilməsində mühüm amildir. Təsa­dü­fi deyil ki, bir çox tədqiqatçılar insanın inkişafında ən mühüm amil ki­mi əməyi qeyd edərkən onu estetik tələbatla eynitərtibli hadisə kimi götürürlər. Geniş mənada estetik hissin sintetik təbiətini Hegel də qeyd edir: "Mən əminəm ki, bütün ideyaları əhatə edən ali zəka məqamı estetik şüurdur. Həqiqət və fayda doğma tellərlə ancaq gözəllikdə birləşir. Estetik hissə malik olmadan hər hansı sahədə mənəvi cəhətdən inkişaf etmək mümkün deyil".1

Estetikliyin universal funksiyası, onun insanın digər inkişaf aspektlərinə göstərdiyi təsirdə daha konkret şəkildə ortaya çıxır. Məsələn, insanın əxlaqi-mənəvi keyfiyyətlərinin təkcə rasional deyil, həm də emosional en kəsiyində tərbiyə olunması üçün ən əsas vasitə məhz estetik hissin təsirindən istifadə etməkdir. Müasir dövrü səciyyələndirən cəhətlərdən biri – əxlaqa da çox vaxt intel­lek­tual vasitələrlə, başqa sözlə, rasional en kəsiyində təsir gös­tər­mə­yə çalışmaqdır. Bu zaman əxlaqın ictimai funksiyası ilə, möv­cud cəmiyyətdə hakim əxlaq normalarının mənimsənilməsi ilə ya­na­şı, əxlaqın fərdi xarakterinin nəzərə alınmasına, onun insanın emo­sional-psixoloji halı ilə əlaqəsinə, fikirlərin instinkt və emosi­ya­lara çevrilməsi zərurətinə də diqqət verilməlidir.

Estetiklik dar mənada xüsusi professional fəaliyyətlə, ən çox incəsənətlə bağlı olduğu halda, geniş mənada insanın bütün fəaliy­yət sahələrində təzahür edir və özünüdərketmənin başlıca göstəri­ci­si kimi çıxış edir. İntellektual inqilab şəraitində hər iki estetik as­pektin roluna ehtiyac artır. Bir tərəfdən, insanın inkişafında daxili tarazlığı təmin etmək, onun rasional fəaliyyət tərzinin birtərəfliliyə aparmaq meylini kompensasiya etmək üçün dar mənada estetik hiss ayrıca bir aspekt kimi inkişaf etdirilməlidir. Digər tərəfdən, in­sa­nın texniki subyektin bir parçasına çevrilməsi təhlükəsinin qar­şı­sı­nı almaq üçün, onun dünya ilə bütöv, müstəqil bir tərəf kimi qar­şı­lıqlı təsirini, təmasını təmin etmək üçün geniş miqyasda estetik hissdən istifadə olunmalıdır.

İnsanın estetik hissinin formalaşması, onun mənəviyyatının ahəngdarlığının təmin olunması prosesində əsas yollardan biri in­cə­­sənət vasitəsilə təsirdir. Texniki tərəqqi dövründə şəxsiyyətin ro­lu­nu öyrənmək üçün isə ilk növbədə incəsənət və texnika ara­sın­da­kı əlaqəni ümumi şəkildə nəzərdən keçirmək lazım gəlir.

İncəsənət və texnika arasındakı əlaqə qədim tarixə malik ol­maq­la bərabər, çox dərin köklərə də malikdir. Biz heç də təkcə bu­na istinad etmək istəmirik ki, qədim yunan dilində incəsənət və tex­nika sözlərinin kökü (texne) də eyni olmuşdur və bu, yəqin ki, müəy­­yən ümumi cəhətlərlə bağlıdır. Əsas məsələ burasındadır ki, in­cə­­sənət heç də təkcə ideya-mənəvi hadisə olmayıb, heç də təkcə in­sanın mənəvi fəaliyyətinin ifadəsi, nəticəsi olmayıb, həm də sintetik hadisədir, yəni həm də müəyyən fiziki və sosial fəaliyyət tələb edir. Belə ki, maddi təcəssüm mərhələsi olmadan sənətkar ide­yası xalqa çatdırıla bilməz. Sənətkar təxəyyülünün məhsulu olan əsər, onun ideya modeli kütləyə çatdırılmaq üçün mütləq mad­diləşdirilməlidir. Bəzi incəsənət növləri və nümunələri üçün bu proses bilavasitə, yəni yalnız insanın öz fiziki imkanları vasitəsilə həyata keçirilir, bəzi növlər simvolik ötürücü vasitələrinə istinad edir, bəzi növlər isə xüsusi maddi fəaliyyətlə - sənət alətlərinin kö­mə­yi ilə həyata keçir. (Sonuncu variantda sənət alətlərinin yaxşı ha­zır­lanması və onlardan istifadə edilməsi, məhz bu məqsədə xidmət edən yeni texnika sahələrinin yaradılması, habelə müvafiq istehsal sahələrinin genişləndirilməsi bilavasitə incəsənət əsərinin keyfiyyətinə təsir edir. Sənətdə istifadə olunan texnika isə ümumiy­yətlə texniki inkişaf səviyyəsi ilə şərtlənir.)

Texnikanın son nailiyyətlərindən istifadə edilməsi sayəsində müəllif ideyasının çatdırılmasının maddi vasitələri təkmilləşdirilir ki, bu da əsərin bədii təsir gücündə öz əksini tapmış olur. Məsələn, təsviri sənətdə, heykəltəraşlıqda, arxitekturada və s. əsərin daha yax­şı çatdırılmasına xidmət edən materialların və texniki vasitə­lə­rin hazırlanması və istifadə olunmasında müasir elm və texnikanın rolu böyükdür. Teatr sənətində səhnənin effektli və operativ su­rət­də qurulmasında, dinamikasında, tərtibatında, qrimlərin keyfiy­yə­tin­də və s. müasir elm və texnikanın bu və ya digər nailiyyətindən is­ti­fadə olunur. Kino çəkilişində filmin texniki tərtibatı xüsusi pro­fes­sional texniki keyfiyyətlərlə yanaşı, çəkilişdə istifadə olunan mü­va­fiq texniki aparaturanın mükəmməlliyi baxımından bütöv­lük­də texniki inkişaf səviyyəsi ilə də şərtlənir. Bu isə öz növbəsində müəllif fikrinin çatdırılmasında və deməli, tamaşaçıya olan istiqa­mət­lənmiş təsir, estetik və etik tərbiyənin effektivliyində öz əksini tap­mış olur. Müasir kino sənətində tamaşaçıya olan emosional-este­tik təsir əsərin ideyası, ssenarinin məzmunu ilə yanaşı, bir tərəf­dən, rejissor və aktyor işindən və deməli, xüsusi - professional tex­nikadan, digər tərəfdən də, çəkilişdə istifadə olunan texniki va­si­tələrin səviyyəsindən asılıdır. Habelə filmə nə qədər adamın ta­ma­şa etməsi və deməli, nə qədər adamın hərtərəfli inkişaf üçün im­puls alması da xeyli dərəcədə maddi-texniki amillərdən asılıdır.

Bir sözlə, yeni texnikanın tətbiq olunması, elmi-texniki inqi­la­bın son nailiyyətlərinin istifadə edilməsi ayrı-ayrı incəsənət növ­lə­rinin geniş xalq kütlələrinə çatdırılması işinin mühüm tərkib ünsürüdür.

İncəsənətin kütləviləşməsi sahəsində elm və texnikadan istifa­də edilməsi, məhz bu məqsədə xidmət edən yeni texniki sahələrin yaradılması, müvafiq istehsal sahələrinin genişləndirilməsi və son dövrlərdə bu istiqamətdə bir sıra nailiyyətlər (rəngli filmlər, stero­film­lər, rəngli televiziya, və s.-in kütləviləşdirilməsi) əldə olun­ma­sı­na imkan vermişdir.

Bu mövzuya həsr olunmuş əsərlərdə, bir qayda olaraq, bədii fəaliyyətin, incəsənətin elmi fəaliyyətə, elmi işin effektivliyinə təsiri mə­sələsinə geniş yer verilir. Elm adamının, elmi-texniki işçinin ahəngdar inkişafı məsələsinə isə çox az toxunulur. Digər tərəfdən də, elmi işin özündən alınan emosional-estetik təsir hadisəsini və ra­­sional fəaliyyətin incəsənətlə, sənət əsərinin bədii təsiri ilə ta­mam­lanmasını müqayisə etmək də maraqlı və çox az öyrənilmiş sahədir.

Elmi və elmi-texniki yaradıcılıq prosesində, axtarışlarda, kəş­fə aparan yolun labirintlərində alimin keçirdiyi hisslər, emosio­nal­lıq, ahəng elmi işin nəticələrində, hazır düsturlarda öz əksini tapa bil­mir. Düzdür, elmi nəticələrin şərhində, riyazi ifadəsində müəy­yən simmetriya, lakoniklik, ahəng vardır. Lakin elmi yaradıcılıqda bundan fərqli olaraq dinamik gözəllik, bilavasitə fəaliyyətdən, əmək­dən alınan estetik həzz, yaradıcılıq sevinci vardır ki, bunları tək­rar etmək (burada tam təkrar mümkün deyil, hər bir yaradıcılıq yolu, özünəməxsus, unikal, təkrarlanmaz xüsusiyyətlərə malikdir) üçün həmin yolu ikinci dəfə, tam müstəqil surətdə keçmək, yeni axtarışlar aparmaq lazımdır. Artıq tapılmış olanları öyrənmək isə yal­nız məntiqi ardıcıllığın izlənməsidir, bir növ emosional, sub­yek­tiv, individual momentlərdən təmizlənmiş xalis rasional, ümumi yo­lun keçilməsidir. Rasional yol, demək olar ki, heç bir fərdi cə­hət­lə səciyyələnməyən, hamı tərəfindən eynilə təkrar olunan yol­dur. Bu cür yol əsasən elmi kəşflər artıq təsdiq olunduqdan, yaşa­maq hüququ qazandıqdan sonra dərsliklərdə şərh olunur. Ona gö­rə də dərslikdən öyrənmək, xüsusən yalnız yekunların şərhindən iba­rət olan informatik materialı öyrənmək, əgər bu öyrənmə pro­se­si fərdi fantaziya ilə, assosiativ təfəkkürlə müşayiət olunmursa, yal­nız yadda saxlamaqla məhdudlaşırsa, emosional təsirdən məh­rum olan, quru, yorucu, yeknəsəq işdir. Bu zaman insanın bilik dünyasına nə isə təzə komponentlər əlavə olunsa da, onun mənəvi aləmi, intellektual və emosional dünyası bütövlükdə işə düşmür, passiv qalır. Yaradıcılıq prosesində isə, bütün mənəvi aləm fəaliy­yət­də olur, insan öz bütövlüyünü hiss edir, özünü bir tam kimi real­laşdırır ki, bu da geniş mənada estetik hissin təzahürünə ekvi­va­lentdir və şəxsiyyətin ahəngdar inkişafı üçün, onun mənəvi-əx­la­qa, intellektual, habelə fiziki keyfiyyətlərinin vəhdət halında fəaliy­yət­də olması üçün imkan yaradır. Lakin elmi yaradıcılıq zamanı təza­hür edən estetiklik elm adamının fərdi, intim dünyasına qarşı bi­ganədir, intim hisslərin təzahürünə, özünü reallaşdırmasına im­kan yaratmır. Halbuki, hər bir elmi işçi, alim ümumiyyətlə insan ol­maqdan başqa, həm də fərddir və dar mənada estetik ehtiyacı var­dır. Buna görə də, incəsənətlə, ən çox lirik sənət əsərləri ilə kon­takt elm adamları üçün zəruridir.

Digər tərəfdən də, elm adamlarının çox az qismi yaradıcı əmək­lə məşğul olur; əksəriyyət hesablama tipli, empirik-yardımçı xa­rakterli işlə məşğul olur ki, bunun da həm geniş, həm də dar mə­na­da estetik hisslə əlaqəsi zəifdir. Buna görə də, müasir dövrdə dar ix­tisas sahələrində ixtisaslaşmış elmi və elmi-texniki işçilərin pro­fe­sio­nal fəaliyyətdən ayrıldıqdan sonra istiqamətlənmiş estetik tə­si­rə, sənət əsərləri ilə, təbii gözəlliklə kontakta böyük ehtiyacları var­dır. Ümumiyyətlə, elmi-texniki inqilabın təsiri nəticəsində istə­ni­­lən fəaliyyət sahəsində ixtisaslaşma diferensiasiyaya uğradıqca asu­­də həyatın emosional aspektini zənginləşdirmək zərurəti də ar­tır. Deməli, hərtərəfli və ahəngdar inkişaf üçün asudə vaxtın rolu da artmış olur.

Bilavasitə incəsənət sahəsində çalışan, bədii yaradıcılıqla məş­ğul olan adamların hərtərəfli inkişafı və burada estetik aspek­tin tutduğu yerin öyrənilməsi də spesifik problemdir. İlk baxışda elə görünə bilər ki, sənət adamları iş müddətində onsuz də bədii ya­radıcılıqla məşğul olduqlarından sonrakı vaxtda onların daha çox dərəcədə intellektual fəaliyyətə, mənəvi aləmlərinin rasional as­pektdə zənginləşdirilməsinə entiyacları vardır. Lakin sənət adam­­larının heç də hamısı bədii yaradıcılıqla məşğul olmur; yara­dı­cı sənətkarların incəsənət sahəsində çalışan adamlar arasında nisbi payı çox azdır. Əksəriyyət yardımçı xarakterli işlə məşğul olur ki, burada fəaliyyət sahəsindən asılı olmadan yenə də rasional kom­ponent emosional komponentə nəzərən üstünlük təşkil edir. Buna görə də, onların məhz asudə vaxtlarında gerçəkliklə emo­sio­nal-estetik kontaktda olmalarına böyük ehtiyac vardır. İş vaxtında bu çür adamlar sənət əsərləri ilə bütövlükdə tanış ola bil­mir, onun bu və ya digər lokal hissəsi ilə təmasda olurlar. Estetik həzz isə yalnız əsər bütövlükdə mənimsənilərkən alına bilər. Bədii əsərin ideya təsiri iştirakçı yox, tamaşaçıya ünvanlanmışdır.

Digər tərəfdən də, bilavasitə yaradıcı fəaliyyətlə məşğul olan sənətkarların da fəal istirahəti rasional fəaliyyətlə, elmi və ya elmi-texniki fəaliyyətlə deyil, məhz təbiətlə, bədii ədəbiyyatla, musiqi və digər sənət əsərləri ilə tanışlıq tələb edir.

Belə düşünmək düz olmazdı ki, guya əgər elm adamları öz mənəvi bütövlüyünü musiqi hesabına, bədii ədəbiyyat, poeziya hesabına təmin edirlərsə, əksinə, sənət adamları da elmi informa­si­ya sayəsində daxili bütövlük əldə edə bilərlər. Xeyr, elmi informa­si­ya həmişə məhdud, lokal xarakter daşıyır (bütövlük məziyyəti ayrı-ayrı elmi biliklərə deyil, yalnız ümumelmi nəzəriyyələrə və fəl­sə­fi ümumiləşdirmələrə xasdır) və daxili aləmin bütövlüyünü təmin etmək üçün heç nə verə bilməz. Yuxarıda artıq qeyd etdiyimiz ki­mi, yalnız estetik hiss ahənkdarlığın, daxili vəhdətin təmin olun­ma­sına yönəlmişdir. Gözəlliklə təmas, incəsənət isə bu baxımdan ən qiymətli vasitədir, çünki onlar estetik hiss yaratmaqla daxili ahəngdarlığın formalaşmasına xidmət edirlər. Nils Borun fikrincə, incəsənətin insanı zənginləşdirmək siqləti sistematik təhlil üçün əl­çat­maz olan ahənk və harmoniyaları çatdıra bilməsi ilə bağlıdır. Asu­də vaxtda məhz təbii gözəlliyə, incəsənətə, ahəngdar sistemlərə müraciət ixtisasdan asılı olmadan daxili vəhdətin təmin olunması üçün zəruri şərtdir.

Şəxsiyyətin ahəngdar inkişafında estetik aspekt nəinki elmin və texnikanın inkişaf səviyyəsindən asılı olmadan öz əhəmiyyətini saxlayır, əksinə, elmi-texniki səviyyə yüksəldikcə estetikliyə olan ehtiyac da artır və onun təmin olunması yeni şəraitdə yeni metod və axtarışlar tələb edir.

Lakin sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi elm­dir. Bu həqiqəti dərk etməyənlər tərəqqidən geri qalmağa məh­kum­­durlar. Xudu Məmmədovun haqlı olaraq qeyd etdiyi kimi, elm və incəsənət qöşa qanaddır. Bu qanadlardan birindən məhrum olanda uçmaq mümkün deyil.

Elm və sənət arasında kəskin uyğunsuzluq yarandığı bir vaxt­da, gəncliyin ideya-siyasi, mənəvi və intellektual tərbiyəsi sa­hə­sində nə kimi sistemli tədbirlər görülür? Bəlkə bizə heç elmi-fəl­sə­fi fikir lazım deyil? Kim isə düşünə bilər ki, bizə tək sənət də bəs­dir. Hətta, bunu tarixi keçmişimiz və milli ənənələrimiz ilə əsas­lan­dır­mağa çalışar. Və bu zaman, əksinə, bu günümüzün tariximizə necə təsir etdiyini və onu necə təhrif etdiyini nəzərə almamış olar.

Məsələ burasındadır ki, hər xalq öz tarixinə də bugünku inki­şaf səviyyəsindən, üstün tutduğu meyardan çıxış edərək qiymət ve­rir. Biz isə bu gün şair xalq olduğumuzdan (hələ bu, şükranədir, bə­ziləri fəxrlə yazırlar ki, biz rəqs edən xalqıq) öz keçmişimizdən də seçib məhz bu cəhəti önə çəkirik.

Mədəniyyət tariximiz doğrudanmı yalnız şer və musiqidən ibarətdir, yoxsa biz keçmişimizə elə bucaq altında və elə prizma­dan baxırıq ki, yalnız şairləri görə bilirik? Görəsən, neçə Nəsi­rəd­din Tusi bu prizmadan keçmək şərəfinə layiq bilinməyib? Görəsən, gənclərimiz bəzən, hətta, yüzüncü dərəcəli bir şairi də tanıdığı hal­da Bəhmənyar, Sührəverdi və Şəbüstəri kimi nəhəngləri niyə tanı­mır­lar? Əsərlərini öyrənmək və hikmətlərindən bəhrələnmək səviy­yə­sində olmasalar da, elmi-fəlsəfi fikrin inkişafındakı böyük xid­mət­ləri ilə niyə fəxr etmirlər?



Əgər ədəbiyyat və incəsənət, elm və fəlsəfə ilə qarşılıqlı təsir və tamamlanma şəraitində inkişaf etməsə, çox da uzağa gedə bil­məz. Əgər elmi-fəlsəfi fikir o dərəcədə nüfuzdan düşübsə ki, mət­bu­at, televiziya, nəşriyyatlar qapısını onun üzünə bağlamağı üstün tu­tur, onda heç olmazsa, belə nüfuz sahibi olan sənət adamları bir­lə­şib bu ahəng pozğunluğuna qarşı çıxmalı, elmin taleyinə acıma­sa­lar da, sənətin aqibətini nəzərə alıb, uzaqgörənlik göstərmə­li­dir­lər. Zira, elmi-fəlsəfi fikir kasadlığı vaxtında aradan qaldırılmasa, gec-tez bədii yaradıcılıq sahəsinə də öz təsirini göstərəcəkdir.

1 В.Брюсов. Избр. соч. в 2 томах, т. 2, М., 1955, стр. 367.

1 Гегель. Работы разных лет. Т.1, М., 1970, стр. 212.



Yüklə 309,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə