Fatma Abdullazadə başıma çempionluq tacını qoydu



Yüklə 32,65 Kb.
tarix11.04.2018
ölçüsü32,65 Kb.
#37849

Fatma Abdullazadə başıma çempionluq tacını qoydu” – Mən gənc olarkən




Tarix: 31.03.2014 | Saat: 13:32:00 | E-mail | Çapa göndər







http://www.kaspi.az/photosession/hamlet-isaxanli%20(1).jpg

http://www.kaspi.az/photosession/hamlet-isaxanli%20(2).jpg

http://www.kaspi.az/photosession/hamlet-isaxanli%20(3).jpg

http://www.kaspi.az/photosession/hamlet-isaxanli%20(4).jpg

http://www.kaspi.az/photosession/hamlet-isaxanli%20(5).jpg

http://www.kaspi.az/photosession/hamlet-isaxanli%20(6).jpg

Hamlet İsaxanlı: “Tələbəlik həyatında nələr ola bilərdisə, hamısını sınaqdan çıxarmışam”

Ölkəmizdəki ilk özəl universitet – Xəzər Universitetinin təsisçisi, Amerika, Avropa və Asiyada çoxsaylı universitet və tədqiqat mərkəzlərinin dəvətli professoru, çoxsaylı beynəlxalq layihələrin rəhbəri, bir sıra elmi jurnalların redaktoru, bir çox nüfuzlu beynəlxalq təşkilatların idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvü, yeni yaradılmış “Avrasiya Akademiyası”nın təsisçilərindən biri, poeziya və bədii-publisistik yazı sahəsindəki uğurlarına görə “Yusif Məmmədəliyev”, “Qızıl Qələm” və digər mükafatlar laureatı, tərcüməçi, Azərbaycanda və bir çox dillərə çevrilib xarici ölkələrdə nəşr olunmuş elmi əsərlərin, şeirlər və bədii-publisistik kitabların müəllifi, elm və mədəniyyət tarixi üzrə sanballı əsərlər müəllifi, fizika-riyaziyyat elmləri doktoru, professor, ictimai xadim... Hamlet İsaxanlının (rəsmi soyadı “İsayev” – L.M.) titullarını, fəaliyyət sahələrini, gördüyü işləri saymaqla qurtaran deyil. Ən əsası isə bu qədər uğurlu karyerası olmasına, Azərbaycanla yanaşı, dünyada da tanınmasına baxmayaraq, müasir dünyada çoxlarına yad olan sadəliyi və səmimiliyi adama xüsusi zövq verir. Hamlet İsaxanlı həm də maraqlı həmsöhbətdir. Orta məktəb, tələbəlik, gənclik illərindən o qədər maraqla danışdı ki, saat yarımlıq söhbətin necə başa çatdığını bilmədik... 

6-cı sinif məsələsini həll edən 1-ci sinif şagirdi

Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani rayonu – L.M.) Kosalı kəndində dünyaya göz açan həmsöhbətimiz altı qardaş arasında ən böyüyü olub. Babası Qaçaq İsaxan Sovet hökuməti ilə yola getmədiyindən ailə repressiyaya məruz qalıb. Buna görə atasını, əmi və bibilərini uşaqkən sürgün ediblər. Sürgündən qayıdandan sonra xeyli çətinlikləri olub. Kişiləri sürgün etdiklərinə görə ailəni və balaca Hamleti uzun müddət nənəsi saxlayıb. Atası orta məktəbdə riyaziyyat müəllimi, anası evdar qadın olub.

Balaca vaxtı xəyalpərvər olan Hamlet yaşıdlarından fərqli olaraq, məktəbə altı yaşında gedir. Amma məktəbə getməsini riyaziyyat müəllimi olan atası əvvəlcə ciddi qəbul etmir. Belə ki, bir yaş ondan böyük olan qohumu və dostu Elmixanla həmişə bir yerdə oynadıqlarından dostu məktəbə gedəndə Hamlet də yanına düşüb onunla dərsə gedirmiş. Atası məktəbdə işlədiyindən 6 yaşlı uşağın dərsdə oturmasına müəllimi etiraz etmir. Oxuyub yazmağı bildiyindən Hamlet də sinifdəki uşaqlarla ayaqlaşır. Rübün sonunda müəllim Hamletin rüblüyünü atasına aparır ki, qol çəksin. Atası məəttəl qalır ki, axı, onun oğlu məktəbə getmir. Müəllim Hamletin bütün qiymətlərinin “5” olduğunu deyir. Həddən artıq qayda-qanuna riayət etməyi sevən atası oğlunun vaxtından əvvəl məktəbə getməsinə etiraz edir, sonra zəifləyəcəyini bildirir. Müəllim güclə də olsa, atasını yola gətirir və Hamlet dərslərinə davam edir. Birinci sinifi başa vurmamış ailələrində baş verən faciə, əmisinin 26 yaşında vəfat etməsi ailədə qarmaqarışıqlığın yaranmasına səbəb olur. Bu zaman müsahibimizin bibisi balaca Hamleti götürüb Ermənistanın İlməzli kəndinə aparır ki, ailənin başı qarışıq olduğundan uşaq ayaq altında qalmasın: “Mən İlməzlidə birinci sinifin davamını oxudum. Birinci sinfi bitirəndə atam gəldi. Məktəbdə müəlimlərimə, direktora təşəkkür etdi və ikinci sinfi oxumaq üçün məni Gürcüstana aparacağını dedi. Direktor yaxşı oxuduğumu və birbaşa üçüncü sinfə keçirildiyimi bildirib. Atama mənimlə bağlı bir əhvalat da danışıb. İlməzli dağlıq kənd olduğundan qar yağanda balaca uşağın evə tək getməsi mümkün deyildi. Buna görə mən bibimin altıncı sinifdə oxuyan qızlığını gözləmək üçün onların sinfində oturardım ki, evə onunla birgə qayıdım. Mən sinifdə oturanda hesab dərsi keçirlərmiş. Müəllim bir misal vermiş, bir qədər izah etmiş və kimin həll edə biləcəyini soruşubmuş. Əlimi qaldırmışam. Müəllim gülüb nə istədiyimi soruşub. Amma mən yazı taxtası önünə çıxıb məsələni həll etmişəmmiş. Deməli, müəllim qaydanı başa salanda mən başa düşübmüşəm”. Direktor nə qədər cəhd etsə də, atası Hamletin orada qalmasına razı olmur və bildirir ki, kəndlərində yaşına uyğun ikinci sinifdə davam edəcək. 



“Yaşıma uyğun olmayan kitabları da oxuyurdum”

Ailələrində oxumaq mədəniyyəti olduğunu deyən H.İsaxanlı atasının həmişə oxumağın vacibliyini təbliğ etdiyini bildirdi. Riyaziyyatı çox yaxşı qavrayan müsahibimiz ədəbiyyatı da hədsiz dərəcədə sevirmiş. Gündəlik rejiminə gəlincə, məktəbdən evə gələn kimi çörəyini yeyib sabahkı dərslərini hazırlayırmış. Dərsləri hazır olanda isə bədii kitab oxumaq vaxtı çatarmış. Bu minvalla qısa zamanda məktəbin kitabxanasındakı kitabları oxuyub qurtarır və müəllimlərinə, tanışlarına oxumaq üçün ona kitab gətirmələrini xahiş edir. Sonra öyrənir ki, Bakıdakı kitab mağazalarına kitab sifariş edə bilər. Beləliklə, Bakıdakı 2 kitab mağazasının müştərisinə çevrilir (o zaman “Kniqa-poçtoy” adlı kitab göndərən xidmət varmış - H.İ.). Atası bir tərəfdən oğlunun bədii kitab oxumasını bəyənsə də, digər tərəfdən ona möhkəm-möhkəm tapşırır ki, bu işə çox aludə olmasın, yoxsa dərslərində geri qalar. Amma H.İsaxanlı bədii kitab oxumağa necə aludə olursa, yaşına uyğun olan və olmayan kitabları da mütaliə edir. Beşinci sinfin qış tətilində ədəbiyyat müəllimi tapşırır ki, tətildə oxuduqları kitabların təhlilini yazıb gətirsinlər. Hamlet də iki 12 vərəqli dəftərdə oxuduğu kitabların təhlilini yazır. 5-ci sinif şagirdinin oxuduğu kitablar içərisində Teodor Drayzerin “Dahi” romanının olması müəllimin qəzəbinə səbəb olur. “Dahi”də açıq-saçıq səhnələr olduğundan müəllim qaşqabaqlı halda Hamletə yaxınlaşıb deyir ki, “oxudum, yaxşı yazmısan, amma sənə “Dahi”ni kim verib?”. Hamlet mağazadan aldığını və kitabı çox bəyəndiyini deyir. Müəllim də “bu, sənin yaşına uyğun deyil”, deyib üzünü çevirib gedir. 11 yaşlı Hamlet öz-özünə fikirləşir ki, “Dahi”dəki hər şeyi başa düşübsə, niyə yaşına uyğun deyil? H.İsaxanlı deyir ki, uşaq olduğuna görə bir-iki şeyi başa düşməyə bilərdi, amma, ümumilikdə qadının, kişinin, sevginin nə olduğunu bilirmiş. 

Jurnalist, kimyaçı, tarixçi, yoxsa riyaziyyatçı?

Həmsöhbətimiz artıq yuxarı siniflərdə bədii ədəbiyyatı rus dilində mütaliə etməyə başlayır. Məktəbdə fransız dili keçdiklərindən hətta bu dildə də qısa hekayə kitabları oxuyur. Riyaziyyat və ədəbiyyatla bərabər kimya, biologiya, tarixi də çox sevir. Buna görə çaş-baş qalır. Ondan kim olmaq istədiyini soruşanda bir dəfə tarixçi, bir dəfə ədəbiyyatçı, başqa bir vaxt jurnalist, yaxud kimyaçı, riyaziyyatçı olmaq istədiyini deyir. Oğlunun hərdəm-xəyal olmasından çəkinən atası onun riyazıyyatçı olması üçün əlindən gələni edir. Amma təbii ki, bunu zor gücünə deyil, siyasətlə həyata keçirir: “Mən altıncı sinifdə oxuyanda atam indiki Azərbaycan Pedaqoji Universitetdə qiyabi təhsil alırdı. Müəllimlik məktəbini Tiflisdə bitirmişdi, Azərbaycanda da oxumaq istəyirdi. Qış tətilində onların sessiyası olurdu. Məni də özü ilə Bakıya gətirdi. Bakı Dövlət Universitetinin professoru, qohumumuz Əliyar Qarabağlı ilə tanış etmək üçün məni onun evinə apardı. Atam söhbət əsanasında Əliyar müəllimə dedi ki, “bu uşaq riyaziyyatı çox yaxşı bilir, başı çox yaxşı işləyir. İstəyirəm riyaziyyatçı olsun. Amma hərdən deyir ki, ədəbiyyatçı, jurnalist olacam. Gətirmişəm ki, siz də fikrinizi bildirəsiniz”. Əliyar müəllim mənə dedi ki, “ay bala, riyaziyyat gül kimi sənətdir, böyük elmdir. Mən riyaziyyatçılara həsədlə baxıram. Əgər başın yaxşı işləyirsə, riyaziyyatçı ol, ədəbiyyatı sevirsənsə, yenə sev, sənə heç kim mane olmayacaq. Ədəbiyyatçı kimi sənə deyim ki, riyaziyyatı qoyub ədəbiyyatı seçmək ağıllı fikir deyil. Hekayə, şeir, dram əsəri yazdığını eşitmişəm. Yazmağına yaz, amma şair, yazıçı olmaq üçün ədəbiyyat fakültəsində oxumaq lazım deyil, əksinə, ədəbiyyat fakültəsinə girməmək lazımdır”. 

H.İsaxanlının sözlərinə görə, atası arada belə şeylər təşkil edirmiş ki, oğlu fikrini qarışdırmasın. Amma bununla belə zor gücünə heç nə etmirdi. Hətta Bakıdan qayıdanda oğlunun yazışdığı iki kitab mağazasından onun üçün bir çemodan bədii kitab da alır. Beləliklə, H.İsaxanlı məktəbi qızıl medalla bitirərək riyaziyyatı seçir. İmtahana gələrkən gördükləri onu təəccübləndirir. Həmişə kənddə ən yaxşı oxuyan şagird burada çox güclü uşaqların olduğunu görür. Amma sənədlərini riyaziyyata verən 400 nəfər, onların da içərisində 70 medalçı içərisində “5” alaraq 50 nəfər tələbədən biri olmağı bacarır: “Mən düşünürdüm ki, riyaziyyatı çox yaxşı bilirəm, zövq ala-ala dərsimi hazırlayıb sonra bədii ədəbiyyat oxuyacam. Amma qrup yoldaşlarım da çox güclü idi. Mən də fərqlənmək, riyaziyyatın incəliklərinə varmaq istəyirdim. Bunun üçün qeyri-adi dərəcədə riyaziyyatı çox oxumalı idim və oxudum. Eyni zamanda ədəbiyyata, tarixə və fəlsəfəyə olan sevgim daha da artdı”.



Gənclik illərində yazılan sevgi şeirləri

Dərslərini oxumaqla kifayətlənməyən yeniyetmə Hamlet şeirlər yazmağa da davam edir. Deyir ki, gənclik illərində yazdığı şeirlər əsasən sevgiyə aid olub. Tələbə vaxtı qələmə aldığı “Külək və qız” adlı şeiri isə sonralar Manananın ifasında mahnı kimi səslənib. H.İsaxanlı bu şeiri yazmağının tarixçəsini də bizimlə bölüşdü: “İndiki Mərkəzi Univermağın qarşısında həmişə külək olurdu. Mən də o tərəflərdə kirayədə qalırdım. Bir dəfə oradan keçəndə gördüm ki, möhkəm külək əsir və bir qız addım belə ata bilmir. Əli ilə univermağın binasının divarından tutub dayanır. Külək vıyıldayıb paltarının ətəyini qaldırır. Qız bir əli ilə divardan, digər əli ilə ətəyini tutur ki, külək qaldırmasın. Külək köynəyini belə yellədirdi. Çox gözəl mənzərə idi. Qızın üzünə baxdım, qız əziyyət çəkmir, üzündə bir təbəssüm vardı. Onda “Külək və qız” adlı şeir yarandı. Şeir belə başlayır:

Külək oxşar yanağını, 


Öpər ürkək dodağını,
Yellədəndə köynəyini,
Qaldıranda ətəyini, 
Külək dəmdən fəğan eylər, 
Tamaşaya çıxar göylər”. 

Həmsöhbətimiz tələbəlik illərində bədii yaradıcılıqla az məşğul olmuş, hərdənbir yazmış, ancaq çap etdirmək haqqında düşünməmişdir. Şahmatı da çox sevirmiş və bu, indiyədək davam edir. Bir dəfə şahmat üzrə oyunlarda Bakı Dövlət Universitetinin çempionu olur. İndi Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri olan Fatma Abdullazadə universitetin fəalı kimi o vaxt çempionun başına tac qoyur. Dərslərini əla oxumaqla yanaşı, H.İsaxanlı universitetin futbol komandasında da oynamağa vaxt tapırmış. Dediyinə görə, tələbəlik həyatında nələr ola bilərdisə, hamısını sınaqdan keçirib. 



Lidskinin çözə bilmədiyi məsələni həll etdim

Daha sonra qazandığı uğurlara görə Moskva Dövlət Universitetinin professoru A.Q. Kostyuçenko onu aspirantura pilləsini Moskvada oxumağa dəvət edir. Bakıda imtahan verərək Moskva Dövlət Universitetinə qəbul olur. Kənddən Bakı Dövlət Universitetinə qəbula gələrkən keçirdiyi hissləri Moskva Dövlət Universitetinə ilk gəlişində də yaşayır: “Moskva Dövlət Universitetində ilk dəfə qədəm basanda elmi seminar gedirdi. Danışırdılar, amma mən heç bir şey başa düşmürdüm. Yaşıdlarım isə hər şeyi anlayırdılar. Çox çaşmışdım, necə yəni, o qədər kitab oxumuşdum, Bakıda yaşıdlarım arasında xeyli fərqlənirdim, amma mən burada az başa düşürəm. Sonradan mənə aydın oldu ki, onlar birinci kursdan Moskva Dövlət Universitetində oxuyublar və qulaqları bütün terminləri eşidib. Haradasa iki-üç aya qulaqlarım o terminlərə öyrəşdi və başa düşdüm ki, qorxulu bir şey yoxdur, burada oxuya biləcəm. Beləliklə, dissertasiyamı da qrup yoldaşlarımdan daha tez, 24 yaşımda bitirdim və tezliklə müdafiə etdim”. 

Aspiranturada oxuduğu müddətdə müsahibimiz çox çətin bir məsələnin həllini tapmağa nail olur: “Məsələni həll edəndə elmi rəhbərim mənə dedi ki, yazımı “Funksional analiz və onun tətbiqləri” adlı jurnala verim. Bu jurnal çox məşhur idi və ildə dörd nömrəsi çıxırdı. O zaman sovet jurnalları məqaləyə görə qonorar vermirdi, amma Amerikada bütün yaxşı elmi məqalələr tərcümə olunur və buna görə müəllifə pul ödəyirdilər. Xüsusi çekləri bizə verib deyirdilər ki, bu filan məbləğdə dolların əvəzidir. Mən o çeki götürüb Moskva mağazasına getdim. Yadıma düşür ki, nə alırdım – palto, dublyonka, yoldaşıma, uşaqlara hədiyyə və s. - pul tükənmirdi ki, tükənmirdi. Aspiranturada oxuduğum iki il yarımdan sonra rəhbərim dedi ki, sən qurtardın. Riyaziyyata aid bütün imtahanları, həmçinin kvant mexanikası üzrə imtahan verib Moskva Dövlət Universiteti ilə vidalaşdım”. 



H.İsaxanlının dissertasiyasını xaricə rəyə göndərirlər: “Görkəmli Sovet riyaziyyatçısı, Lenin mükafatı laureatı V.B.Lidskiy adında məşhur bir riyaziyyatçı var idi. Mən Lidskiyin başladığı, müəyyən nəticə aldığı, amma tam çözə bilmədiyi bir məsələni həll etmişdim. Rəy üçün dissertasiyamı Lidskiyə göndərdilər. Sonradan o mənə dedi ki, jurnaldakı məqaləmi də ona göndəriblərmiş. Lidskiyin sözlərinə görə, məqaləmdən zövq alıb. O böyük riyaziyyatçı göndərdiyi rəydə yazmışdı ki, bu oğlanın dissertasiyası namizədlik dissertasiyasına olan tələblərdən qat-qat üstündür, doktor ola bilər. Buna görə görkəmli riyaziyyatçı Zahid Xəlilovun sədrliyi ilə Elmi Şurada məsləhətləşmə edib məsələ qoydular ki, mənə birbaşa elmlər doktoru adı verilə bilər. Qayda belə idi ki, hamı bu fikrə müsbət rəy verməli idi. Bircə nəfər “yox” desə, bu ad verilməyəcəkdi. Bir nəfər “yox” dedi. Sonra Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru Zahid Xəlilov məni yanına çağırıb dedi ki, belə şeyləri vecinə alma. Dedim, narahat olmuram, onsuz da elmlər doktoru oldum-olmadım mən riyaziyyatı sevirəm. Və vaxtı çatanda tamam başqa və yeni bir mövzu üzrə doktorluq işimi Moskvada müdafiə etdim”.

Lalə MUSAQIZI 

Yüklə 32,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə