Femina boşanmanin qurbani uşaqlar olur



Yüklə 114 Kb.
tarix18.07.2018
ölçüsü114 Kb.
#56431

Femina


BOŞANMANIN QURBANI UŞAQLAR OLUR

Professor Ağabəy Sultanovun sözlərinə görə, yarımçıq ailələrdə böyüyən uşaqlarda depressiyaya, özünəqəsdə və narkomaniyaya meyl güclü olur

NAİLƏ, GÜLDİYAR

İnsanlar görüşür, aşiq olur, bir-birlərini daha yaxından tanımağa başlayır, ailə qurur və valideyn olurlar. Bu mərhələlər bir qədər uzun görünsə də, bütün cütlüklərin onu keçməsi qaçılmazdır. Bəzənsə məhəbbətin bitdiyini (bəlkə o heç ümumiyyətlə olmamışdı) qət edən tərəflər ayrılmaq qərarına gəlirlər. Əlbəttə, bəziləri həyatlarında nəyisə dəyişməyə adət etmədiklərindən və ya tənbəllikdən birlikdə yaşamaqda davam edirlər. Lakin əksər hallarda ailədəki ciddi anlaşılmazlıqlar boşanmalarla nəticələnir.


Bundan sonra cütlüklər onlar üçün təhqiredici olan məişət bölgüsü kimi acınacaqlı bir problem qarşısında qalırlar. Mütəxəssislər bunu boşanan ailələrin üzləşdiyi ciddi problem hesab edirlər ki, bu da ailədə böyüyən uşağın gələcək həyatının ana xəttini özündə əks etdirir. Yəni baş verən boşanmadan sonra o, atasız və ya anasız böyüməlidir. Bu gün boşanmaların sayı artdığından ailələrin də belə problemlə üzləşdiyini yəqin edib bu mövzuya toxunmaq qərarına gəldik. Ola bilsin ki, sizin də yaxınlarınız arasında bu çətinliyi yaşayanlar var və onlar tez-tez övladları ilə bağlı problemlərlə üzləşirlər.
Əsasən valideynin yanlış mövqeyi uşağın psixoloji zədə alması ilə nəticələnir ki, bu da gələcək həyatı boyu onu müşayiət edir. Belə hallarda hər iki valideynini sevən uşağın özünü zərərçəkmiş hesab etməməsi üçün necə davranmalı? Bu və digər sualları respublikanın baş psixiatrı, professor Ağabəy Sultanov cavablandırır.
Onun sözlərinə görə, ailə cəmiyyət üçün lazımlı şəxsiyyətin inkişaf etdiyi mikromühitdir. Uşağın sağlamlığı, karyeraya gedən yolu, bütövlükdə onun gələcəyi ailədən asılıdır: "Dahi Freyd təsdiq edir ki, insanın formalaşmasında genlər böyük rol oynayır. Sovet dövründə irsi amil inkar olunurdu. Hesab edilirdi ki, hər şey tərbiyə və sosial mühitdən asılıdır. Lakin son illərin tədqiqatları göstərir ki, sosial mühit və irsi amil şəxsiyyətin formalaşmasında bərabər rola malikdirlər".
A.Sultanov təəssüf edir ki, bu gün Azərbaycanda ailələrin dağılması halları çoxalıb. Baxmayaraq ki əvvəllər sıcaq mühiti özündə əks etdirən ailə müqəddəs hesab edilirdi. "Təəssüf ki, bu gün bir çox adətlər rəsmi boşanmaların fonunda görünməz olub. Elə ailələr də var ki, rəsmi boşanmasalar da, birlikdə yaşamırlar. Bu ailələrdə məhəbbət artıq bitib", - deyən professor hesab edir ki, məhz sevginin olmaması müasir ailələrin bünövrəsini laxladır.
Çox nadir hallarda insanlar ailənin sevginin olmaması üzündən dağılmasını etiraf edirlər. Əksər hallarda onlar boşanmanın səbəbini əzazil qayınana, maliyyə çətinliyi və ya xəyanət kimi amillərlə izah edirlər: "Bizdə nikah barəsində danışarkən çox nadir hallarda "sevgi" sözünü işlədirlər. Fikir vermisinizsə, bizdə heç vaxt demirlər ki, ailə sevgi üzərində qurulub. Daha çox "uğurlu ailə" terminini işlədirlər. Boşanan zaman da heç kəs demir ki, bir-birini sevmədiyi üçün ayrılıb. Burada da başqa, kənar amillər axtarılır. Bunu etiraf etməyə heç kəsin cəsarəti çatmır".
Professor qeyd edir ki, boşanma zamanı cütlüklərə dəyən psixoloji zərəri təsəvvür etmək çox çətindir. Əlbəttə, boşanma nə qadını, nə də kişini sevindirə bilməz: "Çox vaxt insanlar nifrətlə ayrılır, bir-birlərini təhqir edir, son zərbəni ən ağrılı yerdən vurmaq istəyirlər".
A.Sultanovun sözlərinə görə, bugünkü ailə münaqişələrinin əsas motivi maliyyə problemi ilə bağlıdır. Müsahibim bu gün maddiyyatın ön plana keçdiyindən təəssüflənərək qeyd edir ki, məhz bu amil ailələrin dağılmasına gətirib çıxarır: "Əksər analar evsiz, maşınsız oğlanın onlara münasib olmaması barədə fikirləri ilə qızlarına təsir edir. Amma bəzi ailələr maddi tərəfə deyil, oğlanın tərbiyəli ailədən olmasına, spirtli içkiyə, narkotik maddə qəbuluna aludə olmamasına üstünlük verirlər. Təəssüf ki, bu tərbiyədə də "sevgi" kəlməsinə rast gəlmirik".
Müsahibim hesab edir ki, gənc ailələrin dağılmasında digər bir səbəb gənclərin valideynləri ilə birlikdə yaşaması faktıdır. Belə ki, həyat yoldaşı ilə birgə valideynlərinin evində yaşayan gənc qız ərinə tabesizliyini nümayiş etdirmək şansını qaçırmır və ya əksinə: gənc ər həyat yoldaşının ona tabe olmasını, ailədə səs hüququnun ona məxsus olduğunu valideynləri qarşısında nümayiş etdirir. Psixoloq hesab edir ki, belə hallarda tərəflərin bir-birlərini sevməsi faktı danılmazdır. Lakin mövcud vəziyyətdə münaqişələr də qaçılmazdır.
"Ailədə baş verən bütün münaqişələrdə zərərçəkən tərəf uşaqlardır", - deyən A.Sultanova görə, boşanmış valideynlər gec-tez öz həyatlarını qursalar da, uşaqlar öz problemləri ilə baş-başa qalırlar. Belə yarımçıq ailələrdə böyüyən uşaqlar mənəvi cəhətdən yaralı olur və həmişə nəyəsə ehtiyac duyurlar. Professor deyir ki, atasız böyüyən uşaqda paxıllıq hissi güclü olur. Xüsusən də sinif yoldaşlarının məktəbə ataları tərəfindən gətirildiyini görəndə bu hiss daha güclü şəkildə baş qaldırır.
A.Sultanov uşağa "Kimi daha çox istəyirsən - atanı, yoxsa ananı?" sualının verilməsinin qəti əleyhinədir. O hesab edir ki, sualı cavablandıran uşağın "hər ikisini" deməsi ətrafın onu ikiüzlülükdə günahlandırmaq fikri ilə müşahidə edilə bilər. "Amma əslində, uşağı bu cavabına görə günahlandırmaq düzgün deyil. Çünki o, həqiqəti söyləyir. O ona əziz olan insanları bir-birindən necə ayıra bilər?! Ata da, ana da uşaq üçün əzizdir". Professor hesab edir ki, uşağın tərbiyəsində həm atanın, həm də ananın özünəməxsus funksiyası olmalıdır. Uşaq yalnız kişi və yalnız qadın tərbiyəsi almamalıdır. "Atanın dəstəyi ailədə böyüyən uşağa ətrafdakılara münasibətdə özünəəminlik aşılayır. Ailədə ata modeli daim olmalıdır. Ana uşağa hərarət və nəzakət verirsə, ata onun üçün əminlik və dəstək mənbəyidir. Oğlan uşağının "mən atama oxşayıram" fikrini söyləyərkən keçirdiyi hissləri heç nə ilə əvəz etmək mümkün deyil".
Müsahibimin sözlərinə görə, belə ailələrdə böyüyən qızların vəziyyəti bir qədər fərqli olur. Belə yarımçıq ailələrdə böyüyən qızlar kaprizləri, ağlağanlığı ilə yadda qalır. Onlar kişi cinsinə qarşı təsəvvürünü itirmiş olur və əksər hallarda analarını ikinci dəfə ailə qurmağa məcbur edirlər. Ana növbəti dəfə ailə həyatı qurduqdan az müddət sonra məhz bu qızlar yeni atanın başlıca rəqibinə çevrilirlər.
Oğlanlar isə analarına qarşı münasibətdə özlərini centlmensayağı aparır, ona təkliyini hiss etdirməməyə çalışır. Baxmayaraq ki ananın ikinci dəfə nikaha girməsinin əleyhdarları da məhz onlar olurlar. Professorun sözlərinə görə, belə uşaqlar şüurlu şəkildə atası olan həmyaşıdları ilə ünsiyyətdən qaçırlar. Əksər hallarda onlar ətrafın üzünə qapalı olan daxili dünyalarında məskən tapırlar və bu qapanma bəzi hallarda autizm xəstəliyi ilə müşayiət edilir.
A.Sultanov boşanmış ailələrə məsləhət görür ki, uşaqları bir-birlərinə qarşı istiqamətləndirməsinlər. O hesab edir ki, hər şeyi zaman həll edəcək və vaxt keçdikcə onlar ədalətin harada olduğunu özləri aşkar edəcək, söylənilən yalanları bağışlamayacaqlar. "Unutmayın ki, uşaqlar ən ədalətli hakimlərdir", - deyə professor bildirir.
Belə hadisələrin hansı sonluqla bitdiyini nümayiş etdirmək üçün professor ona yaxın insanlardan birinin tarixçəsini danışdı: "Gənclər ailə qurdular və əksər hallarda olduğu kimi, sonda ayrılmaq qərarına gəldilər. Mən əsas diqqəti boşanmaya yönəltmək istəməzdim. Çünki belə halda günahkar axtarmaq çətindir. Bu nikahdan hər ikisinin çox sevdiyi oğlan uşağı dünyaya gəldi. Boşanma zamanı tərəflərin bir-birləri haqqında pis fikirlər söyləməsinə baxmayaraq, ata keçmiş zövcəsinə maddi yardım göstərir. Lakin qadın və onun valideynləri hər dəfə müxtəlif bəhanələr gətirməklə nə atanın, nə də onun ailəsinin uşaqla görüşməsinə imkan verir. Çoxları atasına deyir ki, uşaq böyüyüb mütləq onu tapacaq. Bəs bu halda nənə və babalar nə etsinlər? Uşaqla nadir görüşlərin birində nəvə nənəsinə qarşı kobudluq edir, yaşlı qadını təhqir edir. Sizcə, digərinə yaxşı olmaq üçün doğma nənəyə qarşı belə münasibət normaldırmı?".
Professor hesab edir ki, əgər ətrafdakıların təsiri olmasa, uşaq bu və ya digər şəxsə qarşı elə aqressiv ola bilməz. A.Sultanov boşanmış, lakin uşaqları olan ailələrə müraciət edərək: "Uşağınızın psixikasını qoruyun", - dedi. "Düzdür, siz artıq ər-arvad deyilsiniz. Lakin siz bir uşağın valideynlərisiniz. Münasibətləri qoruyub-saxlamaqla onun bütün uğurları zamanı yanında ola bilərsiniz", - deyə söyləyən psixiatr hesab edir ki, uşağa ata ilə görüşməsi üçün qoyulan qadağa sonradan faciə ilə nəticələnə bilər. "Yarımçıq ailələrin uşaqları kin və nifrət ruhunda tərbiyə alır. Belə uşaqlarda depressiyaya, özünəqəsdə və narkomaniyaya meyl güclü olur", - deyə professor vurğuladı.
Valideynlərə müraciət edən A.Sultanov öz kinini uşağa "yeritməməyi" məsləhət görür. Deyir ki, hətta nağıllarda da xeyir şərə qalib gəlir: "Öz aranızda çox şeyləri müzakirə edə bilərsiniz. Amma uşağın iştirakı ilə apardığınız söhbətlərdə bir-biriniz haqqında pis fikir söyləməyin. Ola bilməz ki, yaşadığınız günlərin hamısı bir-birindən dözülməz olub. Yaxşı anları xatırlayın və o sevgi xatirinə uşağı ata və ana yanında böyümədən təcrid etməyin. Axı siz bu körpəni sevirsiniz".






"BİZİM PRİNSİPİMİZ TƏRƏFLƏRİ RAZI SALMAQDIR"

Hakim Solmaz Əsgərova hesab edir ki, yalnız səbrlə problemin həll yolunu tapmaq olar

Nailə İSMAYILOVA, Güldiyar ƏSƏDOVA



Öz aralarında anlaşmayan insanların məhkəmə zalında görüşməsi qaçılmaz haldır. Amma burada tərəfləri düşündürən əsas məsələ işə baxacaq hakimin çıxaracağı qərarın ədalətliliyidir. Müsahibimiz - İqtisad Məhkəməsinin hakimi Solmaz Əsgərova belə dolaşıq məqamlara aydınlıq gətirərək çıxardığı qərarların ədalətliliyi barədə əminliklə danışır. O hesab edir ki, bu, hakimlərin həqiqət tərəfdarı olması istəyindən irəli gəlir. Elə müsahibimizin də bu pilləyə - hakim pilləsinə qalxmasının səbəbini yuxarıda qeyd etdiyimiz faktlarda axtarmaq lazımdır.
Orta məktəbi bitirdikdən sonra D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsinə daxil olub. Sonralar ixtisası üzrə müxtəlif idarə və nazirliklərdə çalışıb və günlərin bir günü uşaqlıq arzusu onda yenidən tələbə olmaq istəyini oyadıb. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1993-cü ilin mart ayına kimi sənaye müəssisələrində kadrlar və hüquq şöbəsinin rəisi vəzifəsində çalışıb. Mart ayından isə Azərbaycan Respublikası Ali Arbitraj, sonradan isə Azərbaycan Respublikası İqtisad Məhkəməsində məsləhətçi işləyib. 2000-ci ildə keçirilən hakim seçkilərinə qatılaraq qələbə qazanan Solmaz Əsgərova ixtisasına müvafiq olaraq İqtisad Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
S.Əsgərovanın çalışdığı məhkəmə, adından da göründüyü kimi, əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi münasibətləri nizama salır. Müsahibim deyir ki, bu məhkəmə öz spesifikliyi ilə digərlərindən seçilir. Yəni burada yalnız hüquq sahəsini bilməklə kifayətlənmək qeyri-mümkündür. Proses iqtisadi münasibətləri araşdırdığından hakimin iqtisadi biliyə malik olması zəruridir. Ümumi söhbətləri zamanı digər məhkəmələrdə çalışan həmkarları da onların işinin ağırlığını təsdiq edirlər: "İqtisadiyyatın dinamik inkişafını tənzimləmək üçün müntəzəm olaraq yeni fərman və qərarlar imzalanır. Biz də işi apararkən həmin qanunları izləməli və öz işimizə tətbiq etməliyik".
Aparılan məhkəmə proseslərinə gəlincə, S.Əsgərova araşdırmaların bir qədər vaxt apardığını deyir. Digər proses isə adi məhkəmələrdə olduğu kimi - şahidlər, ekspert rəylərini dinləməklə aparılır. Qərarların verilməsinə gəlincə, müsahibim deyir: "Bilirsiniz ki, bizim məhkəmələr üçpilləlidir. Biz apellyasiya instansiyası məhkəməsi kimi münasibətlərə mahiyyəti üzrə yenidən baxır və faktları araşdırdıqdan sonra qərar çıxarırıq". Çıxarılan qərarların ədalətliliyinə gəlincə, S.Əsgərova tam səmimi və əminliklə "Bəli" deyir. Çünki çıxarılan qətnamələrə sonrakı instansiya kimi kassasiya instansiyasi məhkəməsində (Azərbaycan Respublikası Ali Məhkəməsində) və daha sonrakı mərhələ olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılır. Bu isə hakimlərdən hər hansı bir iş üzrə qərar qəbul edərkən daha diqqətli, qanuni, ən əsası isə ədalətli və obyektiv olmağı tələb edir.
İqtisad Məhkəməsində gender balansının qorunmasına gəlincə, müsahibim məhkəmə qətnamələrinə şamil edilən ədalətlilik prinsipinin burada da qorunub-saxlanıldığını söylədi. Qeyd etdi ki, məhkəmənin sədri daxil olmaqla burada təmsil olunan 11 hakim arasında gender balansı nəzərə alınıb. Daha doğrusu, onlardan 5-i qadın, 6-sı isə kişidir.
İş prosesində əks cins nümayəndələrinin ona qısqanclıqla yanaşması halları ilə üzləşməyən hakim Azərbaycan cəmiyyətində qadının karyera qazanmasında çətinliklərin olması faktını inkar etmir və bunu milli mentalitetlə əlaqələndirir. Bu gün cəmiyyətdə balansın qorunduğunu vurğulayan S.Əsgərova deyir: "Əksər qadınların özləri cəmiyyətdə o qədər də fəal mövqe tutmaqda maraqlı deyillər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Apellyasiya Məhkəməsinin sədri qadın olduğu halda, qadınlara qarşı diskriminasiyadan necə danışmaq olar? Qadınların çoxu ailəsi, uşaqları ilə məşğul olmağa özləri üstünlük verir".
Amma müsahibimin həyat yolu sadaladığı qadınlarınkından bir qədər fərqlənib. Elə bu səbəbdən də ailə həyatını gec qurduğunu söyləyir. O deyir ki, buna görə heç vaxt peşmançılıq çəkməyib. Bəs görəsən, həmişə son söz deyən hakim ailədə bu məsələni necə tənzimləyir? İş prosesindən fərqli olaraq müsahibim ailədə fərqli mövqedədir. Deyir ki, şəxsi həyatda hərənin öz yeri var: "Düzdür, elə qadınlar var ki, hökmlü olmaq xarakterlərindən gələn bir şeydir. Yəni burada onun hakim olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Amma mən bu məsələdə ailə ilə peşəni qarışdırmamağa üstünlük verirəm. Çünki hərənin öz yeri var".
Qadınla kişinin ailədəki yerinin necə müəyyənləşməsinə gəlincə, Solmaz xanım hesab edir ki, ailə başçısı kimi son qərarı vermək kişinin öhdəsinə düşür. Bəs çıxarılan qərar tərəflərdən birini razı salmasa necə? "Yəqin, o da çalışar ki, mənim lehinə olacağım qərarı çıxarsın. Əgər xoşuma gəlməyən məqam olarsa, təbii ki, kəskin fikir söyləmədən münasibətimi bildirərəm. Ümumiyyətlə, hesab edirəm ki, bəzi məqamlarda qadınlar güzəştə getməyi bacarmalıdır".
Söhbət əsnasında İqtisad Məhkəməsinin hakimindən aparılan məhkəmə işində qadın və kişilərin çoxluq təşkil etdiyi barədə soruşduq. Ümumiyyətlə, öyrənmək istədik ki, belə məqamlarda "qadın həmryəliyi" ifadəsi nə qədər keçərli olur. Müsahibim qeyd etdi ki, ümumiyyətlə, müraciət edənlər arasında qadınlar azlıq təşkil edirlər - cəmi 30 faiz: "Çalışırıq ki, cinsindən asılı olmayaraq, ədalətli qərarın çıxarılmasına nail olaq. Amma bəzi məqamlarda qadının vəziyyəti nəzərə alınır. Deyim ki, bu hallar istisna təşkil edir. Çünki məhkəmə prosesinə qatılan qadın bu və ya digər müəssisə və ya təşkilatın təmsilçisi olur. Belə olan halda kiməsə güzəştə getmək qeyri-mümkündür".
Solmaz Əsgərova bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan qadın hüquqları mövzusuna da münasibət bildirdi. Bu istiqamətdə iş aparan təşkilatların fəaliyyətini qiymətləndirən hakimin fikrincə, "qadın hüquqlarının qorunmasına ehtiyac var". Çünki bəzən ətraf mühitin onları başa düşməməsi bu və ya digər hüquqların pozulması ilə nəticələnir. Buna baxmayaraq müsahibim qadın və kişi arasında bilərəkdən fərqlərin qoyulmasının əleyhinədir. O hesab edir ki, qadınlar da kişilər kimi cəmiyyətin istənilən təbəqəsində təmsil olunmaq hüququna malikdirlər.
"Bu gün məhkəmə sistemində çalışan qadınların sayı kifayət qədərdir. Hesab edirəm ki, onların apardıqları iş də, çıxardıqları qərarlar da ədalətlidir", - deyən S.Əsgərova qərar çıxararkən qadınların emosionallığa qapılması ilə bağlı söylənilən fikirləri qəbul etmir. O hesab edir ki, ədalətin harda olduğunu qadınlar daha tez müəyyən edə bilirlər.
"Bizim belə bir prinsipimiz var - tərəfləri razı salmaq", - deyən müsahibim aparılan işlərin 30 - 40 faizində barışa nail olduqlarını bildirir: "Əks təqdirdə qarşı tərəfi başa salırıq ki, tutduğu mövqe hüquqi cəhətdən doğru deyil. Mən qeyd etmək istəyirəm ki, çıxarılan qərar xeyirlərinə olmasa belə, onlar bizdən razı gedirlər". S.Əsgərova hesab edir ki hər bir problemin həll yolu var. Sadəcə, səbirli və özünəinamlı olub onu tapmaq lazımdır.






İŞGÜZAR QADIN UŞAQLA NECƏ DAVRANMALIDIR?

Psixoloqların məsləhəti sizi qeyri-müəyyənlikdən qurtara bilər

Durmadan dəyişən zaman biz qadınlar qarşısında kəskin tələblər qoyur.


Əksər hallarda ailə və karyera arasında seçim etməli olursan. Bu da körpəsini dayə və ya nənənin tərbiyəsinə həvalə edən qadınlar üçün xüsusən ağrılıdır. Çünki işgüzar ana bir sıra ənənəvi psixoloji tələyə düşməkdən ehtiyat edir.
Uşaq qarşısında daimi günah hissi
Bir çoxlarının fikrincə, bütün ömrünü uşağına həsr edən qadın əsl ana sayıla bilər. Bəllidir ki, bu qaydaya əməl edə bilməyən qadınlar özlərini günahkar hiss edirlər. Ona görə də uşaqla keçirilən vaxt ümumi söhbətlərə deyil, uşağın şıltaqlıqlarına dözməyə, arzularını yerinə yetirməyə, bir sözlə, "günahın yuyulmasına" həsr olunur. Bəllidir ki, belə tərbiyə eqoist və ana obrazını istəklərini icra edən şəxsə bənzədən bir uşaq formalaşması ilə nəticələnir. Son nəticədə sizin qayğınız da onu bezdirir.
Buna görə də mütəxəssislər hesab edirlər ki, həddən artıq qayğı da qayğısızlıq qədər pis nəticələrə gətirib çıxarır. Belə halda uşağa seçim imkanı verilməsi məqsədəuyğundur. Tutaq ki, o, "Makdonalds"a getmək istəyir və ya videokaset kolleksiyasını daha biri ilə zənginləşdirmək istəyir. Bundan əlavə, siz uşağınıza birlikdə gəzinti təklif edə və fürsətdən istifadə edib onunla ürəkdən söhbətləşə bilərsiniz. Əgər siz uşağınız qarşısında özünüzü günahkar hesab edirsinizsə, ilk öncə biorobot deyil, insan olduğunuzu düşünün. Unutmayın ki, hər boş dəqiqənizi uşağa həsr etmək, öz şəxsi həyatınızı yaşamamanız deməkdir. Lakin uşaqlar, xüsusən də yeniyetmələr valideynlərinin əsl insan həyatı yaşadığını gördükdə özlərini xoşbəxt hesab edirlər.
Daimi nəzarət
Əlbəttə, dayə və ya tərbiyəçinin uşaqla necə rəftar etməsinə nəzarət edilməlidir. Lakin uşaqla ünsiyyət yalnız bu nəzarətə həsr olunmamalıdır. İşgüzar qadınların daha çox müraciət etdikləri başqa bir metod: uşağın axşam saatlarını daha maraqlı etmək üçün inkişafedici oyunlar, kitablar, ingilis dili və s. istifadə edilir. Daha doğrusu, bu yolla da ana tərbiyəçilərin uşağa verə bilmədiklərinin əvəzini ödəmək istəyir. Yaddan çıxarmaq lazım deyil ki, sizin bu hərəkətiniz uşaqda da mənfi izlər buraxa bilər. O belə bir qənaətə gələ bilər ki, kifayət qədər qabiliyyətli deyil, məhz bu üzdən də onunla belə çox məşğul olurlar. Bununla da çox qısa müddətdə adınızı günahkarlar siyahısında görürsünüz. Əmin ola bilərsiniz ki, sonsuz oyunlar belə uşağı yorur. Psixoloqlar məsləhət görürlər ki, belə hallarda dayə və tərbiyəçinin öz işini məsuliyyətlə həyata keçirdiyinə əmin olmaq kifayətdir. Uşağı məcbur etməyin, qoy o özü lazım bildiyi şeyləri sizə danışsın.
Əsassız qısqanclıq
Vaxtının çox hissəsini dayə ilə keçirən uşaq, sözsüz ki, ona da bağlanır. Sizin üçün uşağınızın onu necə yola saldığını, necə sevinclə qarşıladığını və tez-tez dayəsini xatırladığını müşahidə etmək ağırdır. Burada bir qədər ehtiyatlı olun. Onda siz uşaqla boş vaxtınızı səmərəli keçirməyə deyil, dayədən yaxşı olmağa çalışacaqsınız.
Digər tərəfdən anlayırsınız ki, qısqanclıq heç kəsə ruhi rahatlıq gətirmir. Uşaq da sizin zəif nöqtənizi hiss edəcək və sizdən nəyi almaq istədiyi məqamda məhz dayəsinin adını çəkəcək. Bu qısqanclıq sizdə dayəni tez-tez dəyişmək üçün bəraət qazandırılmayacaq vərdişlər də aşılaya bilər. Bu, bir daha alınmış vaxtdır ki, o onsuz da sizdə kifayət qədər deyil. Digər tərəfdən dayələr özləri belə ailə ilə işləməkdə maraqlı olmayacaqlar.
Siz nəyə əsasən hesab edirsiniz ki, uşağınız dayəsini sizdən çox istəyir? Bəlkə siz uşağınızın başqa insanlara verdiyi məhəbbətini qazanmaq istəyirsiniz? Razılaşın ki, məhz bunu uşağınız sizə verə bilmir. İşgüzar qadınların tez-tez üzləşdiyi belə problemlərdən qaçması üçün mütəxəssislərin məsləhətlərini diqqətinizə çatdırırıq.
İlk növbədə çalışın ki, uşağınıza yalnız sizin verə biləcəyiniz saat və dəqiqələri həsr edin. Əsası odur ki, uşaq sizin onu sevdiyinizi, inandığınızı və onu anladığınızı dərk etsin. Bunun üçünsə uşağı dinləməyi bacarmaq lazımdır. Fikirlərini yayındırmayın və öz reaksiyanızı da gizlətməyin. Yalnız bundan sonra bu və ya digər situasiyada necə hərəkət etməli olması barədə ona məsləhətlər verə bilərsiniz. Məsləhətlərinizi ona qəbul etdirməyə çalışmayın, yoxsa uşaq yaşadıqlarını sizinlə bölüşməkdən imtina edəcək. Özünüzü onun yerinə qoyun. Hesab edin ki, yaxınlarınızdan biri sizi sonadək dinləmədən "Belə narahat olmağa dəyməz. Bu da problemdir" deyir.
Yalnız siz uşağı dünyaya sizin gözünüzlə baxmağı öyrədə bilərsiniz. Ona öz maraqlarınızı, əyləncələrinizi göstərin. Elə edin ki, sizinlə keçirdiyi saatlar ona xoş olsun. Psixoloqlar hesab edirlər ki, uşağı əzizləmək qaçılmazdır. Zaman-zaman sizinlə çox oturmasına, vacib günlərdə məktəbdən qalmasına icazə verin, xoşladığı oyuncağı alın. Uşağın bunu borc kimi qiymətləndirməməsi üçün hadisələrin müntəzəmliliyinə çalışmayın. Ən əsası - unutmayın ki, ən ideal ailələrdə belə valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşanır. Özünüzü buna hazırlayın. Sizin məşğuliyyətiniz burada heç nəyi həll etmir. Çalışın zamanında problemi həll etməyə və barışmağa vaxt tapasınız.
Sonda tanınmış pedaqoq Yanuş Korçakın 10 məşhur kəlamını diqqətinizə çatdırırıq. Bunlar uşağını sülh və harmoniyada böyütmək istəyən bütün analar üçün maraqlı olacaq.
1. Uşağınızın sizin arzuladığınız kimi olacağını gözləməyin. Sizin kimi deyil, özü kimi olmasına kömək edin.
2. Etdiklərinizin əvəzini uşaqdan istəməyin. Siz ona həyat vermisiniz, buna görə o sizə necə minnətdarlıq edə bilər? O bir başqasına, bir başqası da başqa birisinə həyat verəcək. Həyatın qanunu belədir.
3. Acığınızı uşağınızdan çıxmayın. Atalar demişkən, nə tökərsən aşına, o da çıxar qaşığına.
4. Problemləri həddən artıq şişirtməyin. Əmin olun ki, mövcud şərait uşağınızı da sizi qədər narahat edir. Ola bilsin ki, onun narahatlığı sizinkindən də çoxdur, çünki o, kifayət qədər təcrübəli deyil.
5. Uşağı alçaltmayın.
6. İnsan həyatının ən vacib məqamı uşaqlarla olan görüşdür. Onlara diqqət ayırın, çünki uşağın simasında kimi qarşılayacağınızı əvvəldən yəqin edə bilməzsiniz.
7. Uşağınız üçün nəyisə edə bilmədiyinizdən təəssüflənməyin. O zaman təəssüflənin ki, imkanınız olduğu halda bunu etmirsiniz.
8. Uşaq həyatınızı alt-üst edəcək tiran deyil. O, təbiətin sizə bəxş etdiyi və qorumağı tövsiyə etdiyi nemətdir.
9. Özgə uşaqlarını sevməyi bacarın. Öz uşağınızın xətrinə dəyə biləcək addımları onun üzərində tətbiq etməyin.
10. İstedadsız, uğursuz, böyük və ya kiçik olmasından asılı olmayaraq uşaqlarınızı sevin. Onlarla ünsiyyətdə olmaqdan zövq alın. Çünki övlad qarşılamaq arzusunda olduğunuz bayramdır.






CAVABDEHLİKDƏN QORXMAYIN

Güclü olduğunuzu sübut edin



Əziz oxucular, həmişəki kimi, sizi maraqlandıran sualları "Femina" əlavəsinin "Poçt" rubrikasına aylu@azeronline.com ünvanına yollaya bilərsiniz.
Sizin suallarınızı Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin psixoloqu Gülarə Hüseynbalayeva cavablandırır
***
"Femina"ya tez-tez yaxınları tərəfindən zor tətbiqinə məruz qalanlar müraciət edirlər.
Qadınlar çox zaman kişilər tərəfindən təzyiqə məruz qalırlır. Onlar qadınları ailə qurarkən işdən çıxmağa, evdən bayıra çıxmamağa sövq edirlər. Bəzi hallarda daha neqativ hallara əl atırlar: onları döyür, təhqir edir, zorlayırlar. Bu kimi hallarda qadınlar psixoloji zədələrə məruz qalırlar: qorxu, həyəcan, günah hissləri keçirir, özlərini müdafiəolunmaz hesab edir, özünü qiymətləndirə bilməmə kimi hisslər baş qaldırır. Onlar sosial vəziyyətlərdən qaçır, onlara heç vaxt, heç kim kömək edə bilməyəcəyini fikirləşir, yeni adamlarla rastlaşdıqda qorxu hissi keçirir və depressiyaya yuvarlanırlar. Bu zaman həmin qadınlarda aşağıdakı simptomlar müşahidə edilir: baş ağrısı, yuxusuzluq, qeyri-düzgün qidalanma, ürəkbulanma, arıqlama və s. Bütün bunlar qadınlarda həyata soyuq münasibət yaradır, laqeydlik hisslərini artırır.
Bu kimi hallar baş verdikdə qadınlara aşağıdakılara əməl etmək məsləhət görülür:
- özünüzü günahkar bilməyin, bu sizin günahınız deyil;
- başınıza gələnləri danışa bilmirsinizsə, bir vərəqə yazın. Ətraflı düşünün;
- kimə inanırsınızsa, ona danışın, ürəyinizi boşaldın;
- qərar qəbul etməyə tələsməyin;
- əgər hər hansı bir qərar qəbul etmisinizsə, bu barədə müvafiq şəxslərlə məsləhətləşin;
- özünüz haqqında fikirləşin. Əks halda daha pis emosional və fiziki hallara rast gələ bilərsiniz. Dincəlin, yaxşı yeyin, idmanla məşğul olun, dostlarınız və ailənizlə daha çox vaxt keçirin.
***
Qızların gələcək həyat yoldaşının seçimində tərəddüd etmələri ilə bağlı da müraciətlər daxil olur. Qadınlar əks cinslə münasibətlərə girməkdən qorxurlar. Bunun nəticəsində əks cinsdə çatışmayan cəhətlər axtarırlar. Onların daha çox qısqanc, çirkin, bacarıqsız, qeyri-mədəni və bu kimi olduğunu qeyd edirlər. Əks cinsin bu cür təhlillərə məruz qalması ondan irəli gəlir ki, qadınlar ailə quran rəfiqələrinin problemlərlə üzləşdiyini, həyatda xoşbəxt olmadığını, onların da taleyinin bu cür olacağını fikirləşirlər.
Qadınlarda ailə qurmağa qarşı qorxu hissləri yaranır. Buna görə onlar tez-tez seçdikləri şəxsi dəyişməyə çalışırlar. Şəxsi dəyişdikcə onlarda kişilərə qarşı nifrət hissləri baş qaldırır, onlar həyata soyuq münasibət bəsləyirlər. Bir növ onlarda kişilərə qarşı laqeydlik yaranır. Bütün bunların arxasında keçmişdə aldıqları psixoloji zədə də dura bilər. Bu kimi vəziyyətlərin qarşısını almaq üçün qızlar ilk növbədə həyatda mövqelərini, nə istədiklərini müəyyən etməlidirlər. Onlar yekun qərar verməmişdən qabaq ətraflı hər şeyi fikirləşməli və təhlil etməlidirlər. Bundan sonra qərar verməlidirlər. Qadınlar düşünməlidirlər ki, həyatda ideal yoxdur. Kişilərdə olduğu kimi, qadınlarda da mənfi cəhətlər ola bilər. Onların gözünə görünməyən mənfi cəhətləri əks cins görür, eşidir.
Əks cinslə münasibətlərə girdikdə qadınlar bir az inamlı, seçimin düzgün olduğuna əmin olmalı və bunun həmişəlik olduğunu fikirləşməlidirlər.
Cavabdehlikdən qorxu hissi. Tapşırıqların düzgün yerinə yetirilməməsindən qorxaraq rədd cavabı verirlər.
Qadınılarımız çox vaxt cavabdehlik hisslərindən qorxurlar. Kişilərin hər yerdə daha düzgün işlədiyini, onların tapşırıqları səhvsiz etdiklərini, problem çıxdıqda tezliklə onların qarşısını ala biləcəyini, heç bir zaman çıxılmaz vəziyyətdə qalmayacağını düşünürlər. Özlərini bir növ məsuliyyətli işdən kənarlaşdırır, cavabdehliyi boyunlarından atırlar, gələcəkdə heç bir şey əldə etmədikdə qadın olduqlarına görə peşman olurlar. Amma alimlərin söylədiklərinə görə, qadından güclü şəxsiyyət yoxdur.
Nə vaxt ki biz nədənsə qaçırıq, qorxu hissi daha çox artır və möhkəmlənir. Qaranlıq bir dairə əmələ gələrək bizim üçün tor düzəldir. Bu tordan qurtarmaq istəyiriksə, gərək ilk addımı ataq. Onda qorxu tədricən azalmağa başlayacaq. Bu addımı atmaq asan olmayacaq. Siz gərək cavabdehliyin sizi nə üçün qorxutduğunu fikirləşəsiniz. Bəlkə də siz yüksəkdə olmaqdan qorxursunuz? Bəlkə yaxınlarınız sizi buna vadar ediblər? Bəlkə həmişə sizin əvəzinizə qərar qəbul ediblər? Ancaq inanın ki, bütün insanlar səhv edə bilərlər. Həyatda səhv etdikcə öyrənirsən.
Hər hansı bir işi gördükdə mütləq qarşıya cüzi də olsa problem çıxacaq. Bunlardan qorxmayaraq irəliyə inamla addımlamaq lazımdır. İnsanlar səhvlər üzərində möhkəmlənir, həyatda nəyəsə nail olurlar.
Cavabdehlikdən qorxmayın. İrəliyə doğru addımlayın. Qadınların güclü varlıq olduğunu sübut edin.
***
"Femina"ya ata və ana arasında baş verən mübahisələrin uşaqlara təsiri, onların özlərini tənha hiss etməsi, yeri gəldikdə uşaqlarla kobud rəftar və s. hallarla bağlı da müraciət edirlər.
Valideynlər çox vaxt evdə mübahisələr törətdikdə övladlarını fikirləşmirlər. Onların nə kimi əzab çəkdiyini, hansı hisslər keçirdiyini, həyatlarında baş verən dəyişiklikləri hiss etmirlər. Bir az diqqətli olsalar, görərlər ki, evdə olan uşaqlar artıq psixoloji zədə alıblar. Onlar öz yaşıdları ilə, ətrafdakılarla ünsiyyətə girə bilmirlər. Problemlərini valideynlərinə söyləyə bilmir, iç dünyasına qapanaraq özlərini həyatdan təcrid edirlər.
Belə ailələrdə böyüyən uşaqlarda qorxu hissi böyük olur. Hər bir qışqırığa, hər bir jestə onlar reaksiya verirlər. Valideynlər öz hirslərini həmin uşaqlara tökərək onları cəzalandıracaqları ilə (allahla, məktəblə, türmə, internat ilə və s.) hədələyirlər.
Belə valideynlər çox vaxt uşaqlarla qulluqçu kimi rəftar edərək onları cəzalandırır, qorxudur, məcbur edirlər. Həmçinin çox vaxt valideynlər öz uşaqlarını yaşıdları, böyüklər, qohumları ilə əlaqəyə girməkdən çəkindirir, bütövlükdə onları təcrid edirlər. Çox vaxt uşaqlardan informasiya mənbəyi kimi də istifadə edirlər. Onlar uşağı qorxudaraq digər valideyn haqqında məlumat toplayırlar. Çox vaxt valideynlər uşaqlara gündəlik pul verməyərək özlərindən asılı vəziyyətə salırlar.
Əlbəttə, bütün bunlar uşaqlara pis təsir edir, onların psixikasını zədələyir. Gələcəkdə normal insan kimi cəmiyyətdə iştirak etməyə qadir olmurlar. Onların əsas problemləri tənhalıq, yaşıdları ilə ünsiyyətə girə bilməməsi, özlərinə qapalılığıdır.
İlk növbədə belə hallarda valideynlər aşağıdakıları etməlidirlər:
- inam və hörmət göstərməli. Öz uşaqlarınız qarşısında etiraf edin ki, onların dostu, fikri, məşğuliyyəti, əsasən öz hissləri olmalıdır. Müstəqilliyini artırın. Öz sirlərinin olmasına icazə verin. Öz övladlarınıza inanın;
- onlarla söhbət edin, özlərini təhlükəsiz və azad hiss etmələrindən ötrü əlinizdən gələni edin. Öz inamınızı doğrultmağa çalışın;
- özünüzə fikir verin. Asudə vaxt ayırın, sağlamlığınıza fikir verin, dost münasibətlər qurun;
- məhəbbətinizi uşaqlarınıza çatdırmağa çalışın. Uşaqlarınızı məhəbbətlə əhatə edin;
- fiziki təhlükəsizliyi təmin edin. Onları qida, paltarla təmin edin, şəxsi gigiyena və düzgün qidalanmanı öyrədin;
- nizam-intizamla təmin edin. Nizam-intizamdan ancaq istiqamətləndirmə kimi istifadə edin, cəzalandırma kimi yox;
- uşaqların fikrini bəyənməyə çalışın. İmkan verin uşaqlar sizinlə razılaşmasınlar, yeni bacarıqlar öyrətməyə çalışın, onlara səhv buraxmağa icazə verin.
Belə bir vəziyyətə düşmüş şəxslərə isə məsləhət: fikir etməyin, hər şey sizin əlinizdədir. Belə hallar baş verir. Valideynlərinlə səmimi söhbət et. Onlara öz problemlərin haqqında danış. Onları nədəsə günahlandırma. Həyatın haqqında danış. Çalış öz problemində başqasını günahkar bilməyəsən. İdmana, musiqiyə, kitab oxumağa vaxt ayır. Artıq enerjini bu istiqamətlərə sərf et. Yeni dostlar axtar. Əhatə dairəni artır! ÿ






ÖZ HÜQUQLARINIZI BILIN

Hörmətli oxucular, siz həmişəki kimi "Öz hüquqlarınızı bilin" rubrikasına sizi maraqlandıran sualları (aylu@azeronline.com) elektron poçt ünvanına yollaya bilərsiniz. Sizin suallarınıza Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin hüquqşünası Pərviz İsgəndərov cavablandıracaq.


Valideynlərin hansı aliment öhdəlikləri var?
Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AR AM) 75-ci maddəsində öz əksini tapmışdır. Valideynlər öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malikdirlər. Onlar uşaqlarının tərbiyəsinə, sağlamlığına və psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur.
1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3. və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.
Uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı AR AM-in 78-ci maddəsinə əsasən məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni tamamda həm sabit pul məbləğində, həm də qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
* Əlillərin hüquqları necə həyata keçirilir?
Əlillərin sosial müdafiəsi ilə bağlı münasibətlər 1992-ci il 25 avqust tarixindən qüvvədə olan "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının xüsusi qanunu ilə tənzimlənir.
Bu qanunun 8-ci maddəsinə görə, əlillərin hüquq, azadlıq və mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunla müəyyənləşdirilmiş başqa qaydada dövlət orqanları tərəfindən həyata keçirilir.
Şəxsin əlil sayılması əsasları hansılardır?
Şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirilir. Nəticə üzrə müvafiq rəy çıxarılır, həmin rəydə əlilliyin müəyyən edilməsi və onun dərəcəsi göstərilir. Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini təsdiq edən rəsmi sənəd sayılır. Əlilə yaşadığı rayon (şəhər) əhalinin sosial müdafiəsi orqanı tərəfindən əlilliyə aid vəsiqə verilir. Hər bir vətəndaş onun əlil sayılıb-sayılmaması haqqında həkim-əmək ekspert komissiyasının qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya rayon (şəhər) məhkəməsinə şikayət edə bilər.
* Qanun üzrə vərəsələr kim ola bilər?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
- birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
- övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar;
- bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası olan paydan bərabər miras alırlar;
- sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər;
- övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur;
- ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar;
- üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın;
- dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər;
- beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
* İşəgötürən tərəfindən əmək müqaviləsi hansı əsaslarla ləğv edilə bilər?
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
ğ) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
q) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
Qeyd. Bu maddənin "c" bəndində "səlahiyyətli orqan" dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, habelə müəssisənin direktorlar şurası, elm və təhsil müəssisələrinin elmi şurası başa düşülməlidir. İşçilərin attestasiyası Əmək Məcəlləsinin 65-ci madəsi ilə müəyyən edilmiş qaydada keçirilir.






MƏQSƏD GENDER və İKT SAHƏSİNDƏ MİLLİ STRATEGİYANI İNKİŞAF ETDİRMƏKDİR

AGİM yalnız qadınların deyil, eyni zamanda, rəqəmli texnologiyanın yayılması üçün şərait yaradır

GÜLDİYAR, NAİLƏ

Azərbaycan Gender İnformasiya Mərkəzi (AGİM) 2002-ci ildə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə "Qadın Proqramları Şəbəkəsi" çərçivəsində yaradılıb. Proqramın koordinatoru Gülnarə Məmmədova beynəlxalq qadın informasiya şəbəkəsinə daxil olmaq üçün planlı strateji qərar qəbul edib. Onun sözlərinə görə, proqram yalnız informasiya xarakteri daşımayıb. Proqamın məqsədi qadın birliklərinin təşkilati şəbəkədə çalışmaq üçün ehtiyaclarını ödəməyə istiqamətlənib. Layihənin icraçısı adına iddialı olan yüzlərcə namizəd arasından yalnız ümumi maraqları ifadə etmək qabiliyyətinə malik olanlar layiq görülüblər və nəticədə koalisiya Müasir Sosial Proseslərin Tədqiqat Mərkəzi "AREAT", Yaradıcı Qadınlar Assosiasiyası, Azərbaycan Təşkilati və Texniki İnkişaf Assosiasiyası, "Şəms" Mingəçevir Gənc Qadınlar Mərkəzi, "ORIENT" Xudat Gənclər Proqramının İnkişaf Mərkəzini özündə birləşdirməyə nail oldu.


G.Məmmədova qeyd edir ki, Azərbaycan Gender İnformasiya Mərkəzinin yaratdığı bu koalisiya hələ ki postsovet məkanında yeganədir. O, REWIND NET - qadın informasiyalarına dair Avropa elektron resursları və sənədlər toplumunun milli komponentlərini özündə əks etdirir.
G.Məmmədovanın sözlərinə görə, milli səviyyədə gerçəkləşdirilən layihənin məqsədi milli portalın yaradılması, həmçinin gender və informasiya texnologiyaları sahəsində milli strategiyanın inkişaf etdirilməsidir. Onu da qeyd edək ki, yuxarıda adı çəkilən qadın proqramı yalnız qadınların inkişafını deyil, eyni zamanda, ölkədə müasir texnologiyanın son yeniliklərindən olan rəqəmli texnologiyanın yayılması üçün şərait yaradır.
Mərkəzin direktoru qeyd etdi ki, fəlsəfə elmləri namizədi Yelena Qasımova qadın qeyri-hökumət təşkilatlarının hərəkatı və siyasi gender sahəsi üzrə ixtisaslaşıb. Onun sözlərinə görə, ölkədə elektron qadın hərəkatı çox çevik inkişaf edir və bu, informasiya məkanında elektron KİV-in yaranması, gender əlaqələrində dialoqların ortaya çıxması, məlumat ötürülməsində sürətin kəskin artması, "gender" məfhumunun yayılmasında müsbət rol oynayır. Müsahibim hesab edir ki, bütün bunlar gender balansının imkan və şərtlərinin, həmçinin faktların dəyişilməsi barədə fikir söyləməyə əsas verir.
Yalnız informasiya ictimaiyyəti həqiqi bərabərliklə təmin edir. Çünki virtual dünyada sənin bioloji və sosial mənsubiyyətin heç bir əhəmiyyət kəsb etmir. Burada ətrafı yalnız sənin malik olduğun informasiyanın çəkisi maraqlandırır.
Layihənin həyata keçirildiyi ilk illərdə bütün səylər beynəlxalq şəbəkəyə qatılmaq istiqamətinə cəlb edilmişdi. G.Məmmədova deyir ki, məhz həmin müddətdə paytaxtda, eləcə də bölgələrdə fəaliyyət göstərən qadın təşkilatları ilə əlaqənin qurulması, virtual və ənənəvi kitabxananın yaradılması, QHT-lər haqqında məlumat bazası və respublikada ilk qadın veb-səhifəsi üçün materialların toplanması həyata keçirilib. Qeyd edək ki, hazırda sözügedən saytda 6000-dən artıq material cəmləşib. AGİM iri istinad şəbəkələrindən olan Subscribe.ru vasitəsilə gender problemlərinə həsr edilmiş məqalə, analitik materiallar əsasında mərkəzin mütəxəssisləri tərəfindən araşdırma aparır.
Mərkəzin informasiya texnologiyaları üzrə meneceri Solmaz İsgəndərovanın sözlərinə görə, saytın istifadəyə verilməsindən bu günədək keçən müddət ərzində ziyarətçilərin sayı 3000-i aşıb. Daimi elektron abunəçilərin sayı isə 250 nəfərdən artıqdır. Bununla da mərkəzin maddi-texniki və biblioqrafik bazası yaradılıb. İstifadəçilər arasında həm Azərbaycan daxilində, həm də ölkənin hüdudlarından kənarda işgüzar əlaqələr qurulub.
Şəbəkənin bölgələrdəki fəaliyyəti könüllülər tərəfindən dəstəklənir. Cari ildə könüllülərin sırasında Masallıdakı "Qadın məclisi"nin, Zaqataladakı "Qadınlar bərabər iqtisadi hüquqlar uğrunda", Qəbələdəki "Çuxur-Qəbələ" və həmçinin Ağdamın "Sərhacılı" təşkilatlarının adları çəkilir.
Gender İnformasiya Mərkəzi gender sahəsində olduğu kimi, informasiya texnologiyaları istiqamətində də ciddi tədqiqatlar aparır. Mərkəzin əməkdaşları irihəcmli "Genderin aktual informasiya resursları" və "Avropa Qadın Tezaurus" adlı iki məcmu hazırlayıb. Qeyd edək ki, adları çəkilən toplumda 356-dan artıq milli, sosial-psixoloji və siyasi terminlər də öz əksini tapıb. Çoxlu sayda Azərbaycan terminlərinin izahlı şəkildə təqdimatı sözügedən nəşrin təkcə axtarış xarakterli deyil, həmçinin biblioqrafik göstəricilərini özündə əks etdirir.
Qeyd edək ki, Azərbaycan Gender İnformasiya Mərkəzi 2002-ci ildən 1325-ci sülhməramlı qadın koalisiyasının informasiya provayderi və həmçinin Cənubi Qafqazı əhatə edən "Qadınların sülh çağırışı" jurnalının nəşr edilməsinin fəal iştirakçısıdır. Hazırda mərkəz ilk virtual qadın muzeyinin yaradılması istiqamətində iş aparır. Əminik ki, tezliklə bu muzeyin qeyri-adi eksponatları haqqında da danışacağıq.

Yüklə 114 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə