Fitosanitar nəzarəti haqqında



Yüklə 137,41 Kb.
səhifə1/3
tarix14.10.2017
ölçüsü137,41 Kb.
#4741
  1   2   3



Fitosanitar nəzarəti haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu qanun Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir, bitki mühafizəsi və karantini sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir.



I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. fitosanitar nəzarəti—bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi;

1.0.2. bitki karantini—bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri nəzərdə tutan hüquqi rejim;

1.0.3. bitki mühafizəsi—bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi;

1.0.4. bitki—toxum və genetik material da daxil olmaqla, canlı bitkilər və onların hissələri;

1.0.5. bitkiçilik məhsulları—dən də daxil olmaqla, emal olunmamış bitki mənşəli materiallar, habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin məskunlaşması və yayılması riskini yarada bilən ilkin emal olunmuş bitki mənşəli məhsullar;

1.0.6. zərərli orqanizm—bitki və bitkiçilik məhsullarına zərər vuran heyvanların, bitkilərin və ya xəstəlik törədən mikroorqanizmlərin hər hansı növü, növün dəyişmiş forması, yaxud bioloji tipi (bitki xəstəlikləri, zərərvericiləri və alaq otları);

1.0.7. karantin tətbiq edilən zərərli orqanizm—ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi mübarizə obyektinə çevrilmiş, ətraf mühitə, ərazinin iqtisadiyyatına və əhalinin sağlamlığına potensial təhlükə yaradan zərərli orqanizm;

1.0.8. karantin nəzarətində olan material—zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən (xüsusilə beynəlxalq yükdaşımaları zamanı) bitki və bitkiçilik məhsulları, onların saxlanma yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt, yük;

1.0.9. bitki mühafizə vasitələri—bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması məqsədi ilə istifadə olunan pestisidlər, bioloji preparatlar, canlı faydalı orqanizmlər və texniki vasitələr;

1.0.10. pestisidlər—zərərli orqanizmlərə qarşı mübarizə məqsədi ilə istifadə edilən zəhərli kimyəvi maddələr;

1.0.11. aqrokimyəvi maddələr—torpaqların münbitliyinin artırılması, bitkilərin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımı stimulyatorları və digər maddələr;

1.0.12. fitosanitar sertifikatı—Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyasına uyğun olaraq nümunəvi forma əsasında hazırlanmış və təsdiq olunmuş bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd.

Maddə 2. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər qanunlarından və onlara uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə fitosanitar nəzarəti sahəsində müəyyən edilmiş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 3. Fitosanitar nəzarətinin əhatə dairəsi

3.0. Fitosanitar nəzarəti aşağıdakıları əhatə edir:

3.0.1. hüquqi və fiziki şəxslər tərəfindən fitosanitar nəzarəti qanunvericiliyinin tələblərinə əməl olunmasını;

3.0.2. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini;

3.0.3. bitki və bitkiçilik məhsullarının istehsalı, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar qaydalarına və normativlərinə əməl edilməsini;

3.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət edilməsini, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılmasını, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini;

3.0.5. dövlət büdcəsinin vəsaiti hesabına alınmış pestisidlərin, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;

3.0.6. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini;

3.0.7. qanunvericilikdə nəzərdə tutulan digər məsələləri.

Maddə 4. Fitosanitar nəzarətində olan karantin obyektləri

4.0. Fitosanitar nəzarətində olan karantin obyektləri aşağıdakılardır:

4.0.1. siyahısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş bütün növ bitkilər və bitkiçilik məhsulları;

4.0.2. canlı göbələklərin, bakteriyaların, virusların, nematodların, gənələrin, həşəratların və bitki xəstəlikləri törədicilərinin kolleksiyaları, onların zərər vurduğu bitki nümunələri, habelə bitki herbariləri və kolleksiyaları;

4.0.3. zərərli orqanizmlərin daşıyıcısı olan kənd təsərrüfatı maşınları və alətləri, nəqliyyat vasitələri, bütün növ qab və qablaşdırma materialları, bitki və bitkiçilik məhsullarından hazırlanmış sənaye-məişət malları və məmulatları, torf, kompost, digər üzvi gübrələr, torpaq və torpaq monolitləri və nümunələri;

4.0.4. bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanması, satışı yerləri, kənd təsərrüfatı və meşə sahələri, həyətyanı və bağ sahələri, qeyri-kənd təsərrüfatı torpaqları.



Maddə 5. Fitosanitar nəzarətinin əsas prinsipləri

5.1. Azərbaycan Respublikasında fitosanitar nəzarəti bitki mühafizəsi və karantini sahəsində beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələblərinə uyğun qurulur və aşağıdakı prinsiplərə əsaslanır:

5.1.1. əlaqələndirmə;

Bitki və bitkiçilik məhsullarının karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsinə yönəldilmiş fitosanitar tədbirlər beynəlxalq əməkdaşlıq çərçivəsində vahid metodika üzrə hazırlanmalı və tətbiq edilməlidir.

5.1.2. ekvivalentlik;

Bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı ölkədə mövcud olan fitosanitar vəziyyət və həyata keçirilən fitosanitar tədbirlər barədə xarici dövlətlərə obyektiv məlumat verilməli, həmin ölkələrdə tətbiq olunan fitosanitar tədbirlərin hüquqi qüvvəsinin bərabərliyi qəbul edilməlidir.

5.1.3. şəffaflıq;

Fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasında qəbul edilmiş normativ hüquqi aktlar, habelə onlara edilmiş dəyişikliklər və əlavələr barədə müvafiq beynəlxalq təşkilatlar məlumatlandırılmalı və həyata keçirilən fitosanitar tədbirlər üzrə informasiya mübadiləsi aparılmalıdır.

5.1.4. riskin qiymətləndirilməsi;

Azərbaycan Respublikasında həyata keçirilən fitosanitar tədbirlər elmi dəlillərə əsaslanmalı, müvafiq beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış riskin qiymətləndirilməsi texnikasını, istehsal, emal, nəzarət, ekspertiza və sınaq metodlarını nəzərə almalı, karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olması, məskunlaşması, yayılması və dövlət sərhədindən kənara çıxması riskini minimuma endirməlı, insanların, ətraf mühitin və ərazinin iqtisadiyyatının təhlükəsizliyini təmin etməlidir.

5.1.5. fitosanitar mühafizənin səviyyəsinin müəyyənləşdirilməsi;

Bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunmasını təmin etmək məqsədi ilə fitosanitar mühafizənin səviyyəsinin konsepsiyası müəyyən olunmalı, tətbiqində daimilik, sabitlik və ardıcıllıq təmin edilməli, tətbiqi qaydaları beynəlxalq standartlara uyğunlaşdırılmalı, əsassız və ya özünü doğrultmayan məhdudiyyətlərə və fərqliliyə yol verilməməlidir.

5.1.6. regional şəraitə uyğunlaşma;

Regionun fitosanitar vəziyyəti və xüsusiyyətləri qiymətləndirilərkən, bitki və bitkiçilik məhsulları idxal və ixrac edən ölkələrin coğrafi mövqeyi, ekosistemləri, epidemioloji nəzarət faktorları, habelə fitosanitar tədbirlərin səmərəliliyi, əraziyə xas olan bitki xəstəliklərinin və zərərvericilərinin mövcudluğu, yayılma səviyyəsi, məhvetmə və nəzarət proqramları nəzərə alınmalı, fitosanitar mühafizənin səviyyəsini müəyyənləşdirən konsepsiyaları tanınmalıdır.

5.2. Fitosanitar nəzarətinin digər prinsipləri bitki mühafizəsi və karantini sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtləri ilə müəyyən olunur.

II fəsil. Fitosanitar nəzarətinin təşkili

Maddə 6. Fitosanitar nəzarətinin təşkilinin istiqamətləri

6.1. Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş fitosanitar nəzarəti aşağıdakı istiqamətlər üzrə təşkil edilir:

6.1.1. ölkə ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkar etmək məqsədi ilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələr aparılması, fitosanitar ekspertizaları keçirilməsi və profilaktik tədbirlər görülməsi;

6.1.2. bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

6.1.3. fitosanitar nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsi, hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməsi, habelə zərərli orqanizmlərlə mübarizə aparılması məqsədi ilə karantin məhdudiyyətlərinin müəyyən edilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi.

6.2. Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.



Maddə 7. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri

7.0. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

7.0.1. fitosanitar nəzarəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək;

7.0.2. bitki mühafizəsi üzrə respublika və regional əhəmiyyətli texnoloji reqlamentlər və proqramlar hazırlamaq və təsdiq etmək;



7.0.3. dövlət fitosanitar nəzarəti xidmətini təşkil etmək, onun əsasnaməsini və strukturunu təsdiq etmək;

7.0.4. fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

7.0.5. dövlət fitosanitar nəzarəti xidmətinin maliyyələşdirilməsi, inzibati və maddi-texniki təchizatının yaxşılaşdırılması və bu sahəyə investisiya qoyuluşu məsələlərini həll etmək;

7.0.6. Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını təsdiq etmək;

7.0.7. dövlət fitosanitar nəzarəti xidmətinin beynəlxalq təşkilatların tələbləri və tövsiyələri əsasında formalaşdırılması, bu sahədə istifadə olunan normativ sənədlərin beynəlxalq normalara uyğunlaşdırılması üçün lazımi tədbirlər görmək;

7.0.8. dövlət fitosanitar nəzarəti xidmətinin işini digər dövlət orqanları ilə əlaqələndirmək;

7.0.9. qeyri-dövlət fitosanitar xidmətinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək.



Maddə 8. Dövlət fitosanitar nəzarəti xidməti

8.1. Dövlət fitosanitar nəzarəti xidməti bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.

8.2. Dövlət fitosanitar nəzarəti xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fitosanitar nəzarəti sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və tabeliyində olan təşkilatlar təşkil edir.

8.3. Dövlət fitosanitar nəzarəti xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxsləri baş dövlət fitosanitar müfəttişləri, baş dövlət fitosanitar müfəttişlərinin müavinləri və dövlət fitosanitar müfəttişləri hesab edilirlər.

8.4. Dövlət fitosanitar nəzarəti xidmətinin işçiləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fərqləndirici nişanı olan geyim forması və xüsusi vəsiqələr ilə təmin edilirlər.

Maddə 9. Dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələri

9.0. Dövlət fitosanitar nəzarəti xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifələri aşağıdakılardan ibarətdir:

9.0.1. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində fitosanitar vəziyyəti araşdırmaq, müayinələr, müşahidələr aparmaq, profilaktik və bitki mühafizəsi tədbirləri həyata keçirmək;

9.0.2. pestisidlərin və bioloji preparatların istehsalına dair proqramlar hazırlamaq və onların bitkiçilikdə tətbiqi və dövriyyəsi qaydalarını, bitki mühafizəsi, o cümlədən fitosanitar nəzarəti üzrə proqramların və normativ sənədlərin layihələrini hazırlayıb təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək;

9.0.3. qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq fəaliyyət sahələrində ekspertiza, tədqiqat və qiymətləndirmə işlərinin aparılmasını, fitosanitar nəzarətində olan karantin obyektlərinə baxış keçirilməsini, həmçinin nümunələr götürülüb yoxlanılmasını həyata keçirmək;

9.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərində zərərli orqanizmləri vaxtında aşkar etmək, onların təcrid edilməsi və ləğvi üçün müvafiq tədbirlər görmək;

9.0.5. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq, onların mənbələrini ləğv etmək üçün qanunvericiliklə müəyyən edilmiş karantin və digər məhdudiyyətlərin qoyulması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;

9.0.6. karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını hazırlamaq və müəyyən edilmiş ərazidə karantin rejiminin tətbiq edilməsi və götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər vermək;

9.0.7. Azərbaycan Respublikasının ərazisində bitkilərin zərərli orqanizmlərlə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək, kütləvi çoxalması və yayılması barədə məlumatlar əldə etmək, müşahidələr aparmaq, aqroekosistemlərdə fitosanitar vəziyyəti sabitləşdirmək və nəzarətdə saxlamaq üçün dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

9.0.8. karantin nəzarətində olan materialların zərərli orqanizmlərdən mühafizəsi, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin toksikoloji təsirinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, habelə keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi üçün müvafiq dövlət orqanları ilə birgə tədbirlər görmək;

9.0.9. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının və qeydiyyatının aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının hazırlanmasında iştirak etmək;

9.0.10. fitosanitar nəzarəti üçün dövlət büdcəsində müvafiq vəsaitlərin nəzərdə tutulmasına dair təkliflər vermək, ayrılmış vəsaitin səmərəli istifadəsini təmin etmək məqsədi ilə müvafiq proqramlar və xərclər smetalarını tərtib edib müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

9.0.11. Azərbaycan Respublikasının ərazisində bitki mühafizəsi və karantini tədbirlərinin elmi-praktik əsaslarla həyata keçirilməsini təmin etmək və bu sahədə kadrların hazırlanması və ixtisaslarının artırılması ilə bağlı zəruri tədbirlər görmək;

9.0.12. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək və səlahiyyətləri daxilində xarici ölkələrin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq;

9.0.13. qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Maddə 10. Dövlət fitosanitar nəzarəti xidmətinin hüquqları

10.0. Dövlət fitosanitar nəzarəti xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının aşağıdakı hüquqları vardır:

10.0.1. fitosanitar nəzarəti sahəsində dövlət nəzarətini həyata keçirmək və bu sahədə qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək;

10.0.2. qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olmaq üçün onlara müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə lazımi məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;

10.0.3. qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq bitki və bitkiçilik məhsullarının idxalı və ixracına, Azərbaycan Respublikasının ərazisində tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsi və fitosanitar sertifikatları vermək;

10.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərinə öz səlahiyyətləri daxilində rəy vermək;

10.0.5. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və satışını qadağan etmək;

10.0.6. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı, ixracı, istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxsləri uçota götürmək;

10.0.7. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən təhlükəsizlik qaydalarına riayət edilməsini, ətraf mühitin çirklənməsinə yol verilməməsini və çirklənmənin ləğv edilməsini tələb etmək, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv edilməsi haqqında qərar qəbul etmək;

10.0.8. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədi ilə hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudiyyət qoymaq, xəbərdarlıq etmək və profilaktik tədbirlər görmək;

10.0.9. qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, satışının, idxalının və ixracının qarşısının alınması üçün müvafiq tədbirlər görmək;

10.0.10. bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində pestisidlərin, digər zəhərli kimyəvi maddələrin və onların birləşmələrinin qalıq miqdarına qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirmək;

10.0.11. torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına, bitki mühafizə vasitələrinin istifadəsi reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək;

10.0.12. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə daxilində bir ərazidən digər əraziyə yayılmasının qarşısını almaq, həmin ərazidə fitosanitar tədbirləri həyata keçirmək üçün karantin postlarının qoyulması, onların sayı və yerləşməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər vermək;

10.0.13. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;

10.0.14. fitosanitar xidmətinə dair təlimat, göstəriş, tövsiyə və qaydaların, uçot, hesabat, akt və protokol formalarının, idxal icazəsi sənədlərinin, sertifikatların və digər normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək;



10.0.15. ölkə ərazisinin fitosanitar vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına hesabat vermək;

10.0.16. fitosanitar tədbirlərinə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək;

10.0.17. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

Maddə 11. Dövlət fitosanitar müfəttişlərinin səlahiyyətləri

11.1. Dövlət fitosanitar müfəttişlərinin aşağıdakı səlahiyyətləri vardır:

11.1.1. qanunvericiliklə müəyyən olunmuş qaydada bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq və fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək;

11.1.2. Azərbaycan Respublikasına gətirilən və respublikadan aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;

11.1.3. karantin nəzarətində olan materialları qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada saxlamaq, onların dövriyyədən çıxarılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi üçün tədbir görmək.

11.2. Dövlət fitosanitar müfəttişləri fitosanitar nəzarətində olan karantin obyektlərində fitosanitar nəzarəti keçirərkən öz səlahiyyətləri daxilində aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:

11.2.1. fitosanitar nəzarəti qanunvericiliyinin tələblərinin pozulmasının aradan qaldırılması;

11.2.2. fitosanitar nəzarətində olan karantin obyektlərində qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar ekspertizası və diaqnostikası aparılması;

11.2.3. aqroekosistemlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı olan obyektlərin zərərsizləşdirilməsi;

11.2.4. fitosanitar ekspertizasının nəticələri və ya laboratoriya müayinələri ilə təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanması, zərərsizləşdirilməsi, təkrar emalı, götürülməsi və ya məhv edilməsi;

11.2.5. müvafiq qaydada qeydiyyatdan keçməyən, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməsi və ya məhv edilməsi;

11.2.6. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verilməsi;

11.2.7. bitki mühafizəsi tədbirlərinin mövcud təlimat və tövsiyələrin, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda, bu tədbirlərin, həmin nöqsanlar aradan qaldırılana qədər dayandırılması;

11.2.8. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsi;

11.2.9. sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik texnikasına uyğun olmayan anbar və digər istehsal binalarının pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanması üçün istifadə olunmasına yol verilməməsi;

11.2.10. fitosanitar nəzarəti qanunvericiliyinin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi.

11.3. Dövlət fitosanitar müfəttişlərinin qərarlarının və göstərişlərinin hüquqi və fiziki şəxslər tərəfindən icra edilməsi məcburidir.

11.4. Dövlət fitosanitar müfəttişlərinin icrası məcburi olan qərarlarının və göstərişlərinin forması, onların tərtib edilməsi və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11.5. Dövlət fitosanitar müfəttişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərirlər.


Yüklə 137,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə