Folklor institutu



Yüklə 8,44 Mb.
səhifə1/17
tarix15.07.2018
ölçüsü8,44 Mb.
#55878
  1   2   3   4   5   6   7   8   9   ...   17

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

____________________________________________




NURİDƏ ZABİT QIZI

FUNKSİONAL- SEMANTİK BAXIMDAN

OCAQLAR VƏ PİRLƏR

BAKI – 2016

ELMİ REDAKTORU: fil.ü.e.d. prof. Füzuli BAYAT

RƏYÇİLƏR: fil.ü.e.d. prof. Qəzənfər PAŞAYEV

fil.ü.e.d. Almaz HƏSƏNQIZI

Nuridə Zabit qızı. Funksional-semantik baxımdan ocaq­­lar və pirlər. Baki, Elm və təhsil, 2016, 168 səh.
Monoqrafiyada mənəvi dünyamızın təməl anlayışlarından biri olan ocaq və pirlərin funksional-semantik tərəfləri öyrənilmişdir. Azər­­bayacanın Cənubunda yerləşən Masallı bölgəsinin ocaq və pirləri haqqında söylənən mənqəbələr, dini əfsanələr, ziyarət yerlərinin şəfa­verici və sosial funksiyası və mədəniyyətimizdəki rolu monoqrafiyada əsas araşdırma predmetidir.

folklorinstitutu.com


N 3202050000 Qrifli nəşr

098 – 2016

© Folklor İnstitutu, 2016

İ Ç İ N D Ə K İ L Ə R


GİRİŞ 18

Ocaq və pirlərin öyrənilməsinin əsas istiqamətləri 18

I FƏSİL 26

OCAQ KULTUNUN YARANMASINDA ƏSAS AMİLLƏR 26

Atalar kultu baxımından ocaqlar və pirlər 26

Kəramət kontekstində övliya və seyid kultu 43

II FƏSİL 61

OCAQLARLA, PİRLƏRLƏ BAĞLI 61

MƏTNLƏRİN JANR ÖZƏLLİYİ 61

Əfsanələr 62

Folklor janrı kimi mənqəbələr 76

Ocaqlarla bağlı müştərək mənqəbə motivləri 97

III FƏSİL 116

OCAQLARIN, PİRLƏRİN, TÜRBƏLƏRİN 116

SEMANTİK FUNKSİYASI 116

Müqəddəs yerlərin sosial funksiyası 117

Ocaqların diləklə, istəklə və müalicə ilə bağlı funksiyası 119

Niyyət üçün gedilən ocaqlar, pirlər, türbələr 122

Övladı olmayanların müraciət etdiyi ocaqlar 126

İşə və ya vəzifəyə düzəlmək üçün gedilənlər 130

Qismət açmaq üçün gedilənlər 132

Şəfa məqsədi ilə gedilənlər 135

Yerimə problemi olanların getdiyi ocaqlar 140

Revmatizm və ya yel xəstəlikləri üçün gedilən ocaqlar 143

Psixoloji xəstəlikləri sağaltmaq üçün gedilən ocaqlar 145

İflic xəstəliyini və əyilmiş ağzı sağaldan ocaqlar 150

Dəri xəstəlikləri və digər problemlərlə bağlı ocaq və türbələr 153

Heyvanları sağaltmaq üçün gedilən pirlər 155

NƏTİCƏ 158

BİBLİOQRAFİYA 163



OCAQ KULTUNUN DİNİ-TƏSƏVVÜFÜ TƏMƏLİ
Bismi (İllah) Şah, Allah! Allah!


  1. Ön söz

İslam dini türklər arasında iki yolla yayıldı. Birincisi, rəs­mi yol adlandıra biləcəyimiz mədrəsələr vasitəsiylə. İkincisi, xalq sufuzmi yolu ilə. Birincilər, oxumuş, münəvvər, aydın ad­lan­dırdığımız yüksək təbəqənin nümayəndələri idi ki, azlıqda olsalar da dini qurumlar, təsisatlar və ən əsası da dini və dünyəvi hakimiyyət onların əlində idi. İkincilər, geniş xalq kütləsi, avam camaat idi ki, çoxluq təşkil etsələr də sosial-dini sahədən, ida­rəet­mədən kənarda idilər. Xalq kütləsini haqq dinə dəvət et­mək, İslamiyyətlə şərəfləndirmək, Allahın mərifəti, pey­ğəm­bərin əxlaqı, imamların fəzilətləri ilə tanış etmək vəzifə­sini di­yar-diyar, oba-oba gəzən, kəşküllü, xirqəli, səccadəli, kü­lahlı dərvişlər yerinə yetirməyə başladılar.

Təsəvvüf İslam dinini öz ənənəvi inanc və əxlaqi dəyərlər prizmasından mənimsəyən xalqların, topluluqların, konkret ola­raq türklərin Qurani-Kərim hökmünə, hədislərə söykənən kitabi İslam anlayışının təmsilçisi olan ərəblərə qarşı mistik bir etiraz kimi yarandı. Qısaca desək, türklər kəmal, cəlal və cəmal sa­hi­bi Allahı və onun dinini şiə-batini cərəyandan doğmuş təsəv­vüfün xalq varyantı olan sufizm yolu ilə tanıdılar. Türk tə­səv­vüfündə Allaha sevgi qula sevgidir, qulu bilmək Allahı bil­mək­dir fəlsəfəsinə dayanan ərənlər, İslamı mərdəsədən deyil, xal­qa doğma olan təkkədən, kitabdan deyil, söhbətdən, ibadət­dən deyil, zikirdən təbliğ və təşviq etdilər. Bu ərənlər türk dün­yasının hər yerində xalqı irşad etmək üçün təkkələr, zaviyələr, ribatlar, xanəgahlar açdılar, axın-axın gələn insanları irşad etdi­lər, ruhlarına qida verdilər, İslamın təməllərini sadə bir dillə, ay­dın bir üslubla anlatdılar. Bəzən şamanlar kimi hər kəsin gözü önündə kəramət göstərdilər, bəzən xəstələri sağaltdılar, müşkül­ləri həll etdilər, aldıqları nəzirləri fəqirlərə dağıtdılar.

Xalq da könül ərənləri adlandırdıqları bu övliyalara çox saylı kəramətlər aid etdi, onların hər sözünü Tanrı sözü, hər ba­xışını kimya bildi. Türk dünyasını bürüyən vəlilər yaşamları, əx­laqları, sadəlikləri ilə xalqın könlündə taxt qurdular. Zamanla on­ların haqqında saysız-hesabsız mənkabələr, vilayətnamələr ya­randı. Ağızdan-ağıza dolaşan bu mənkabələrin bəziləri kitab­laş­dırıldı, çoxları isə itib batdı, övliyaların yaşadıqları, dəfn olun­duqları yerlər isə kutsallaşdırıldı. Xalq bu yerlərə ocaq, pir, yatır adını verdi, dilək tutdu, üzünü ocaqlara çevirdi, başı sıxışdı ocağa getdi, xəstələndi ocaqdan şəfa umdu. Və beləliklə, əski çağın kutsal ocaqları yeni çağda kultlaşdırıldı və ocaq kultu türk mədəniyyətində yeni bir hadisə oldu. Ocqların ətrafında sözlü mədəniyyətin bütün ünsürləri – mənkabələr, türkəçarəlik, sözün sehri, əfsun, xalq memarlığı və s. yarandı. Bu qədər böyük bir tarixi, inanc təməli olan ocaqlar təəssüf ki, elmi metodlarla, ön yar­qısız, ideoloji üstqurumsuz, siyasi konjonktürsüz öyrənilmədi.

Nuridə Zabit qızının mənim rəhbərliyim altında “İnanc folk­loru kontekstində ocaqlar və pirlər” adlı öncə dissertasiya olaraq yazdığı və müdafiə etdiyi, sonra da monoqrafiya kimi ha­zırladığı bu iş, Azərbaycanda ilk dəfə olaraq elmi metodlarla ocaqları, dərvişliyi, kəramət motivlərini, ziyarət yerlərinə inan­cın səbəblərini öyrənməyə həsr edilmişdir. Nuridə Zabit qızı ocaq kultunun tarixi-mifoloji köklərini araşdırmaqla onun təməl­lərini atalar kultuna, şaman inancına qədər götürdü, mənka­bələrin şa­man memoratları ilə bənzərliyi məsələsinə toxundu, dini əfsa­nələrlə mənkabələrin fərqini üzə çıxartdı, ocaqların funksiyasını, sosial həyatdakı rolunu aydınlaşdırdı. Monoqrafi­yanı oxuyanlar bütün bunlarla daha ətraflı şəkildə tanış olacaqlar.

Milli mədəniyyət paradiqmasında ocaqların dini-təsəvvüfü mənbəyi görünən – zahir və görünməyən – batin tərəflərindən ibarətdir. Ocaq kultunun görünən (zahir) tərəfləri onların funksi­yası, övliya, seyid kəramətləri, bu kəramətlərin şaman kökənlı olmasıdırsa, görünməyən (batin) tərəfi ocaq kultunun fəlsəfi-tə­səvvüfü dayanağıdır. İrfan batin elmi, mərifətullah, can elmi, lə­dün elmi ... olduğuna görə ocaqların batin qapısı imamət fəlsə­fəsinə açılır. Oxuculara təqdim olunan bu monoqrafiya ilə ocaq­ların görünən (zahir) tərəfləri araşdırılmışdır. İndi sıra türk dün­yasında ocaq kultunun imamət fəlsəfəsinə dayanan ezoterik (ba­tini) tərəflərini öyrənməyə gəlmişdir.




  1. İmamət, Vilayət, Kəramət

Ən ateist cəmiyyətdə belə ziyarətinə ara verilməyən, kutsal­lığına inanılan, dinin varlığını qoruyub-saxlayan ocaqlı adlanan vəlilər kim idi. Və onların kəramətlərinin yayıldığı ocaqlar, pirlər hansı inanc fəlsəfəsi üzərində bərqərar olmuşdu. Bu soruların tək cavabı imamət və on iki imam inancı və yer üzünün hüccəti anlayışında gizlidir. Allahın hüccəti Sahib Zamanın naibləri olan vəlilər, imam övladları seyidlər ocaq inancının yaşamasında əsas qaynaq oldular. İslamiyyətdən öncəki ocaq inancında da görün­məyən aləmlə bizim dünyamız arasında vasitəçilik edən şaman bu kultun tək icraçısı idi. İstər İslam, istər digər səmavi dinlər, istər fəlsəfi dinlər, istər dəyişik inanclar olsun insanlık hər zaman Mütləq Varlığın, ruhlar aləminin dilini anlayan, onların əmr və göstərişlərini gətirən bir vasitəçiyə ehtiyac duymuşlar. İslam dinində bu vasitəçi Allahın qəti dəlili olan hüccətdir, yəni peyğəmbərlərdir, nübüvvətin bitməsi ilə on iki imamdır, yəni sahibüz-zamandır.

İslamiyyət ictihadla, irşadla bünyaddır ki, bunu da millətə rəhbər və öndər olan imamlar, daha sonrakı dövrlərdə əhli-beytin törəmələri olan seyidlər icra etməyə başladılar. Xalq onlara ocaqlı insanlar adını verdi və onsuz da türk mədəniy­yətində müqəddəs olan, ata-baba ruhlarımızın toplandığı ocaqlar imamət fəlsəfəsi ilə birləşdikdən sonra ortaya inanc, sığınma, şəfa tapma yeri olan pirlər, türbələr, yatırlar çıxdı. Ümumi qənaətə görə imamların Allahın hüccəti olduğu, onları tanımayanların isə hüccətsiz qala­cağı fikri mövcuddur. Necə ki, Qurani Kərimin ər-Rad surəsində 13/7 də Cənab Allahın bütün xalqlara və millətlərə bir bələdçi (hâdî) göndərdiyi yazılıdır. O halda müqəddəs kitabımıza görə yer üzünün hüccətsiz qalması imkansızdır. Allah (cc) Quranda (Fatır 24) belə deyir: “Hər millət üçün mütləq bir xəbərdaredici göndə­rilmişdir.” Allah’ın hüccətləri sonuncu peyğəmbər Hz.Məhəm­məd Mustafadan (sav) sonra imam şəklində ortaya çıxar. Çünki Hz.Məhəmməd son peyğəmbər­dir və vəhy (xəbər gətirmə) yolu bağlanmışdır. Artıq vəhy gəlməyəcəkdir. Allahın kitabına və ayəti-kəriməsinə görə bir peyğəmbərin vasiləri, sonrakı peyğəm­bər zühur edənə qədər var olmalıdır. Vasiyə olan ehtiyac bəlli bir zaman və ya hal ilə çərçivələnməz, çünki kitab və şəriət, dini ayaqda tutacaq bir hüccət olmadıqca, tək başına kifayət etməz. Hz.Məhəmməd də Vida Haccı dönüşündə İslam ümmətinə iki əmanət – kitab və Əhli-beyt – quyub gedəcəyini söyləyir və hər ikisinə sıxı sarılmalarını vəsiyyət edir. Hüccət Quranda yedi yerdə isim kimi, on dörd yerdə də feil kimi işlənmişdir.

İmamlar hz.peyğəmbərdən aldıqları əsrar elmi ilə – ki bu Lədünni elmdir, çalışmaqla, oxumaqla öyrənilməz, yalnız ehsan edilən insanlara məxsusdur, hamıya aid deyildir – Allahın əmrlə­rini yerinə yetirməklə mükəlləfdirlər. Bu gün İslam aləmində çoxlu məzhəblər, firqələr vardır ki, hamısı da Qurana istinat edir. O halda Allah Təalanın da buyurduğu kimi “Sənə kitabı endirən O’dur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Bir qismi də, mütəşabih (bənzəyən), mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar, fitnə-fəsad çıxarmaq və istədikləri kimi yozum gətirmək üçün onun mütəşa­bih, mənası aydın olmayan ayələrinə uyarlar. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir” Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran 7) O halda hansı məzhəbin haqq, doğru yolda olduğunu biləcək insan yalnız Allahın hüccətidir. Hz.peyğəmbərin də dəfələrlə açıq şəkildə işarə etdiyi kimi bunlar on iki imamlardır. Bu sadəcə İslam dini üçün xarakterik xüsusiyyət də deyildir. Allah hər yeni peyğəmbər gələnə qədər öncəki peyğəmbərin nübüvvətinin sirlərini və şə­riətini insanlara başa salan vasi göndərmişdir. Hz.Məhəmməddən sonra nübüv­vət kəsildiyindən, vəhy yolu bağlandığından Allahın hüccəti rabitə vasitəsiylə qiyamətə qədər davam edəcəkdir. Al­lahın insanlar üzərindəki hüccəti Quranı insanların həvəslərinə, ağıl və fikirlərinə görə deyil, Allahın istədiyi şəkildə yorumlan­masını saxlayacaqdır. Yoxsa onsuz da bir çox məzhəbə bölünmüş İslamın yeni-yeni firqələrə parçalanması davam edər, kimsə din, iman bilməz, hər kəs özünə uyan bir din icad edər. Ocaq kultu, vəli kəraməti əhli-müslümü birləşdirən hüccətin xalq variantı kimi doğru olanı təbliğ etməklə mükəlləfdir.

Nübüvvət və imamət insanları yaradılışın məqsədinə, mə­ramına yaxınlaşdıran Allahın mənəvi feyzi və lütfüdür və bu feyz qiyamətə qədər fasiləsiz olmalıdır, çünki bu, İslam ümmətini mütləq xətalardan qoruyacaq bir rəhmətdir. Nübüvvət Xatəmül-Ənbiya ilə bitsə də, yenə onun soyu ilə, yəni imamətlə qiyamətə qədər var olacaqdır. İslam toplumu­nun böyük bir qismi hüccəti qəbul etməzlər. O baxımdan bu gün hüccətsiz qalanların İslamı radikallaşdırmasının, terrora sürükləməsinin səbəbi də buradadır.

Bu isə bütün imamların hüccət (ərəbcədə möhkəm dəlil) olduğunu təsdiqləyən əsas faktdır. Digər bir fikrə görə hüccət hz.peyğəmbər daxil omaqla geriyə qalan 123999 peyğəmbər üçün də ortaq bir addır. Allah dərgahındakı vəlilik hüccət sahibi olmaqdır. Hətta vəlilərin bir çoxunun elmi-əsrarı bilməktə peyğəmbərlərdən üstün olduqları haqqında məlumatlar da vardır. Məsələn, ulul-əzm peyğəmbərlərdən Hz.Musa Kəlimullah elmi-əsrarı bir vəli vəya nəbi olan Hz.Xızırdan öyrənir. Hz.Musanın bir çobandan, Allah dostu yaşlı bir adamdan öyrənməsi vəluliyin üstün mövqeyindən xəbər verir. Xəlilullah olan Hz.İbrahimin yüksək dərəcəsi daha çox vəliliyinə görədir. Quran və hədislərdə bu cür örnəklər çoxdur. Peyğəmbərlik və imamət haqqında olan hədisləri məşhur İslam alimi Küleyni “Kitabül-hüccə” adı altında bir yerə toplamışdır. Daha sonralar “Kitabül-hüccə” adı ilə başqa əsərlər də yazılmışdır. Hədis qaynaqlarında Allahın yer üzünü heç bir zaman hüccətsiz qoymayacağı, dünyada iki adam qalsa belə birinin hüccət olacağı, Allahın və O’nun əmrlərinin ancaq hüccət vasitəsiylə insanlara çatdırılacağı, qiyamətə qədər gələcək hüccət sayısının yalnız on iki olacağı haqqında çoxlu rəvayətlər, hədislər var. Sonuncu imam gaimdir və hüccəti vasiləri ilə yerinə yetirir. Ona görə də əhli şiə fəlsəfəsində on iki imamın hüccət olması imamiyyənin təməl prinsipi sayılır.

Bəzi qaynaqlarda hüccət imamlardan yalnız sonuncusu­nun, on ikincisinin ləqəbidir. On birinci imam Həsən əl-Əs­gəri­nin oğlu Məhəmmədin cəfərilərə və digər şiə məzhəblərinə görə adının söylənməsi doğru olmadığı üçün ona hüccət deyilir. Əs­lin­də bu qaib, müntəzər, sahibüz-zaman kimi xatırlanan Məhəm­məd bin Həsənin qeyb olması ilə bağlıdır. Hüccət olan digər on bir imam, hüccəti sonrakılara ötürə-ötürə sonuncu qaib imamda toplamışlar. On ikinci imam özü də bir hədisdə açıq şəkildə özünü Allahın hüccəti adlandırır, çünki ölməyib diri qalan odur. Bu gün Allahın yer üzündəki hüccəti İmam-ı Zamandır. Pey­ğəm­bə­rimiz də bir hədisində buyurmuşdur: “Hər kim zamanın imamına uymazsa ərəb cahiliyyəsinin ölümü üzərə ölür.” Hətta qaynaqlara görə Hz.Əlinin dünyanın hüccətsiz qalmaması üçün dua etdiyi, hüccətin dünyadan çəkilməsi halın­da bütün insanlarla birlikdə yer üzünün batacağı, hüccətin qiya­mətdən qırx gün öncə göylərə aparılacağı və s. kimi hədis, rəva­yət və dəlillər X yü­zildən etibarən yayqınlaşmağa başlamışdır.

İmamət inancında imamlar və onların övladları olan ocaqlı insanlar Allahın yer üzündəki hüccətinin vasiləridir. Allahın hüc­cəti ocaqlı insanların göstərdikləri kəramətlərlə sabitdir. İma­mətə görə imamlar Qurani-Kərimin ezoterik şərhini verən, təfsir edənlərdir. Sufilik də ezoterik şərhdən doğmuşdur. Dolayısıyla təsəvvüfün mənəvi rəhbərləri toplumun bələdçiləri və Allahla insanlar rasında rabitə quranlardır, çünki onlar ismət, əxlaq və hikmət sahibidirlər. İlahi vəhy sonuncu peyğəmbərlə başa çat­dığından, imamlar vəhy deyil, ilahi biliklərlə, hikmətlə Allahdan əmr alırlar. Başqa cür desək Allah (cc) mesajı rabitə vasitəsiylə imama, imam da insanlara çatdırır. Çünki Allah (cc) insanları ilahi bələdçisiz, yalnız başına buraxmaz. Ona görə də ocaqlara inamın əsasında məhz imamət fəlsəfəsi durur. Seyidlər imamiy­yə fəlsəfəsini bəzən qapı qapı gəzərək, bəzən ocaqlara onları ziyarətə gələnlərə, bəzən əhalinin sıx olduğu yerlərdə anlatdılar, övladi Rəsulun fəzilətlərini göstərdilər.

Ocaqların geniş yayıldığı, seyidlərin kəramətlərinə inanıl­dığı şiə cammatı arasında imamların ilki olan Hz.Əlinin Allah mərtəbəsində Hz.Məhəmməddən (sav) sonra əhli İslamın hüc­cəti olduğu, fəzilətinin heç kimlə müqayisə edilməyəcək dərəcə­də yüksək olduğu qəbul edilmişdir. Hz.Məhəmməd kimin möv­lasıdırsa sirri-əzəl Hz.Əli də onların mövlasıdır, çünki o, ima­mətlə vilayəti özündə birləşdirmişdir. Hz.Əlinin mövlalığı, yəni vilayət məsələsi İslamda mənəvi nüfuzun kimə keçəcəyinin ən böyük dəlili Nisa surəsinin 59. ayəsidir. “Sizin vəliniz ancaq Allah, Peyğəmbəri və sizdən olan əmr sahibləridir.” Bu əmr sa­hiblərinin 12 İmam (əhli-beyt) olduğunun dəlili isə əhli sünnə və əhli beyt qaynaqlarının çoğunda mövcud olan Qədrixum hadi­səsi və Sakaleyn hədisidir. Hz.peyğəmbər Vida Haccından dö­nər­kən Qədrixum deyilən yerdə təqribən 120.000 olduğu söy­lənən səhabənin qarşısında “Sizə iki əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, o biri də mənim fitrətimdən olan əhli bey­timdir. Bu ikisi Kövsər Hovuzunun başında mənimlə bir­ləşənə qədər bir-birindən ayrılmazlar. Bu ikisinə möhkəm sarılın ki, doğru yoldan çaşmayasınız” Xütbənin bir yerində Hz.pey­ğəm­bər Hz.Əlini yanına çağıraraq biləyindən tutub havaya qaldırır: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Əliyə düş­mən olan mənə düşməndir, mənə düşmən olan isə Allaha düşmən olmuşdur.” deyir. Bu Sakaleyn hədisindən anlaşıl­dı­ğı­na görə külli kainat və dünyadakı bütün zərrələr Hz.Əlinin və so­yundan gələn imamların vilayətinə və hökmünə tabedir. İmam­lar dədələri Hz.Peyğəmbərdən aldıqları gizli bilgiləri nə­sil­dən-nəsilə ötürmüş, bu günə qədər gətirib çıxarmışlar. Bu bilgi­lərin bəziləri Hz.Əlinin “Cifr” və “Camia” kitablarında, İmam Cəfər Sadiqin ezoterik yorumlarında, imamların söhbətlərində və hədislərində qorunmuşdur. Bütün bunlar xalq təxəyyülündə folklor örtüyünə bürünmüş, ortaya imamət fəlsəfəsinin, ocaq kultunun xalq variantı çıxmışdır.

Əhli-sünnə vəl-cəmaat imaməti, qaim imam inancını, imam­ların hüccətini qəbul etməsə də ziyarət etdikləri ocaqların bir vasitə, bir araçı olduğunu qəbul edir, müraciət etdiyi müqəd­dəs şəxsin üzü suyu hörmətinə istək və tələblərini Allaha çat­dırırlar. Allahla öz aralarına hər hansı bir vəlini qoymaq, əslində imamət fəlsəfəsində hüccətin kəsilmədiyi inancının bir az kortəbii yaşantısıdır. Bir də ki, imamət fəlsəfəsi sadəcə məzhəb məsələsi də deyildir. Şiələrin imamətə önəm vermələri, imamətin gizli və aşkar şəkildə nəss və vəsiyyət ilə sübuta yetdiyinə inanmaları, imamətin Hz.Əlinin övladlarından başqasına keçə bilməyəcəyinə etiqad etmələri, imamları rəhbər olaraq qəbul etmələri, imamı Allahın hüccəti bilmələri əhli-sünnəni əks qütbə itmişdir. Əslində peyğəmbərdən aldıqları elmi-əsrarı günümüzə qədər daşıyan Əhli-beyt mənsubları məzhəb mübahisəsi mövzusu olmaqdan çox daha üstündürlər. Allahın hüccəti olan imamlar hz.peyğəmbərin soyudur, onların elminə, irfanına, fəzilətlərinə şübhə ilə yanaşmaq peyğəmbərə, peyğəmbər soyuna hörmət­sizlikdir və Sakaleyn hədisindən məlum olan peyğəmbərin vəsiy­yətinə əməl etməmək­dir. O zaman sünnilərin içində peyğəmbərin soyundan olan se­yidlərə, böyük sufilərə (Həllac Mənsur, Abdulkadir Ceylani, Yə­səvi, Əşrəfoğlu Rumi, Seyid Yəhya Şirvani, Seyid Nigari və b.), din alimlərinə nə ad vermək olar.




  1. Ocaqların İslamdan öncəki inanclarla bağlantısı

Ocaqlar türk-İslam dünyasının həm əhli-sünnə vəl-cəmaat, həm də əhli-şiələrin yaşadığı bölgələrdə geniş yayılmışdır. Tür­ki­ydə ocaq terminindən məzhəb baxımından cəfəri olan ələvi-bəktaşilər istifadə edirlər, sünnilər daha çox yatır terminini işlə­dirlər. Məzhəb fərqinə baxmayaraq ocaq (türbə, pir, yatır, mü­qəddəs yerlər) hər yerdə eyni funksiyanı yerinə yetirir və onların inanc təməlləri də eynidir. Bunun başlıca olaraq iki səbəbi vardır:

Birinci səbəb, türklərin İslamiyyəti qəbul etmələrinə bax­ma­yaraq ata-baba kultunun bir çox ünsürlərini, şaman inancını yaşatmalarıdır. Bu ortaq nöqtə ocaqların inanc fəlsəfəsində ən önəmli məsələdir.

İkincisi, imamət məsələsinin şiələrdə açıq, sünnilərdə gizli var olmasıdır.

Bu gün türk İslam coğrafiyasında ağac pirləri, dağ, qaya pirləri, mağara pirləri və s. əski atalar kultunun İslama trans­for­masiyasıdır. İslam ayrı ayrı xalqların arasında milli mənsu­biy­yətə bu və ya digər dərəcədə uyğunlaşmış və daha öncəki dini praktikalardan da çox şeyi qəbul edib öz içində əritməyə məcbur olmuşdur. Nəticədə ortaya Batı dünyasının “popular İslam” dediyi xalq İslamı çıxmışdır. Kitab İslamı yalnız mədrəsələrdə öyrədilir və yüksək dairədə tətbiq edilirdi. İslam nə qədər ocaqları, türbələri ziyarət etməyi yasaqlasa da bunun qarşısını heç bir vaxt ala bilmədi. Xalq İslamı, xalq sufizmi İslamdan öncəki fikir həyatı ilə İslamın çarpazlaşması sonunda yaran­dı. İmamət, vilayət və kəramət anlayışlarının da təməlində xalqın İslamdan öncəki düşüncə dünyası durur.

Milləti qorumaq funksiyasını yerinə yetirən ölən əcdad­ların, atalar kultunun yaranmasında rolu böyük olduğuna görə zamanla türk milləti bu qoruyucu ruhları məmnun etmək üçün onlara qurbanlar vermiş, atalar ruhunun barındığı yerləri ziyarət­gaha çevirmişdir. İnsanlar şər ruhların zərər verməsinin qarşısını almaq üçün Tanrını narahat etmək istəməmiş, bunun üçün ağac­larda, su, bulaq başlarında, mağara və dağlarda məskun olduq­larına inandıqları əcdadımız olan ata-babalara müraciət etmiş­lərdir. Ona görə də ayrılıqda nə ağac, nə mağara, nə su, nə daş və üzərindəki izlər kutsaldır, kutsal olan bu obyektlər vasitəsiylə ortaya çıxan üluhiyyətdir, İslami terminologiya ilə Tanrının təcəlla sifətləridir. Sifət İsmə, İsm Zata işarə olduğundan bütün inanclarda hər kutsal İlahi mənşəlidir. Şamanlar da bu inancı möhkəmlədib kutsamaqda mühim rol oynamışlardır. Əcdad ruh­ları olan atalar sadəcə cəmiyyətin ilk ataları deyil, həm də ölən xeyirxah şamanların ruhlarıdır. O baxımdan şamanlığın atalar kultunun yayılmasında və yayqınlaşmasında rolu böyük olmuş­dur. Buna görə də şaman inanc sisteminin övliya kultuna çev­ril­məsindən bəhs olunur. Bu isə türk mədəniyyətinin qaynağı olan xalq sufizmi şəklində təzahür edir. Vəli kəramətlərinin şaman memoratlarının, ocaqların atalar kultunun, türk övliyasının şa­manın transformasıyası olması da mədəniyyətin durmadan ye­nilənməsinə görədir. Türklər fərqli dinlər qəbul etsələr də milli kimliklərinin bir parçası olan müqəddəs yerlərə ziyarətlərini, qurban vermələrini, dilək diləmələrini hər zaman davam etdir­miş­lərdir. Türk dünyasının hər yerində ya qismən, ya da bütöv­lükdə funksiyasını, semantikasını dəyişmiş atalar kultu ilə bağlı ziyarət yerləri vardır. Sonradan onlara İslam aləmində vəlilərin yatdıqları ocaqlar deyilməyə başlandı.

Allah dostları vəlilərin kəraməti ilahi bir lütfdür. Lütf Haqqın qula layiq olmadığı təqdirdə verdiyi nemətdir, bəzən də rəhmətdir. O səbəbdəndir ki, Allahın hüccətinin vasiləri olan övliyaların kəramətləri hər zaman insanların yolunu işıqlandıran məşəl olmuş, ocaqlar xalqın inanc yerinə çevrilmiş, Haqla xalq arasında körpü rolunu yerinə yetirmiş və yetirməkdədir. Gerçək­lərin dəminə hu çəkən vəlilər, imam övladları seyidlər Haqdan aldıqları qüdrətlə səfa-nəzərlərini fiziki, mənəvi, sosial, iqtsadi və s. yardıma möhtac olanların üstündən əskiltməmişlər. Könül­ləri Haqqın sonsuz eşqiylə alışıb yanan övliyalar, seyidlər inan­mayanlara da yardım etmiş, Allahın qulunu Allahın özü üçün sevmişlər. Təmənnaları yalnız və yalnız Haqqın rızası olmuşdur.

Təsəvvüfü bir anlam qazanmış və kökləri arxaik zaman­lara qədər gedib çıxan ocaqlarla mifoloji ata-baba kultu arasında bilinəndən daha çox əlaqə vardır. Çünki türk mifologiyasında Mifoloji Ana ilə bağlı olan əlahidə od və ya ocaq kultu da vardır ki, funksiyası ailəni bəlalardan, xəstə­liklərdən qorumaq, heyvan­ların artımını və evin bərəkətini təmin etməkdir. Əski ocağın yeni ocaq anlayışının (seyidlərin, müqəddəs insanların yaşadıq­ları məkan, bəzən də türbə anlamında) formalaşmasında iştirakı şübhəsizdir, monoqrafiyanın vəzifəsi də bu əlaqəni bütün yarus­larda öyrənməkdir. Belə ki, İslamdan öncə olduğu kimi İslami­yətdən sonra da əhd edərək xəstələrə şəfa tapmaq, dərdliyə çarə etmək, övladı olmayana övlad istəmək, qismət açmaq, çətin­likdən qurtulmaq və s. üçün pirlərə, ocaqlara, türbələrə getmək bu günə qədər davam edərək gəlməkdədir. Əhdin bəlli bir qar­şılığı vardır ki, buna qurban, yaxud nəzir vermək deyilir. İslam­dan öncə var olan bu inanc müsəlman donunda eyni ilə yenidən ortaya çıxmışdır. Bir sözlə pir və ya ocaq adlandırılan bu kutsal məkanlar millətin fiziki və mənəvi keşikçiləridir. Biz bizi qoru­yan, gizli aləmlə əlaqə quran, görünməyən dünyalarla təmasa keçən qoruycuları hər zaman kutsamışıq və qiyamətə qədər də kutsayacağıq.



İslami dönəmdə haqq adamı olan övliyalar ətrafında yaranan ocaqlar türk-İslam mədəniyyətində yeni bir kult for­malaşdırmışdır. Bu kult bütöv bir mədəniyyət sistemini sintez edərək xalq sufizminin təməl prinsiplərini şəkilləndir­di. İnanc coğrafiyasında ocaqlar Orta Asiyadan Balkanlara qədər xalq yaşamının tərkib hissəsinə çevrildi. Ocaqlar dini-mistik yüklü bir hadisə olduğundan təkcə Azərbaycanda yağmur üçün, xəstələrə əlac etmək üçün, işin rast gətirməsi, xeyir-bərəkət üçün, sonsuzluğa çarə üçün və s. gedilən yerlər mahiyyətini qa­zandı. Beş barmaq, Dədə Günəş, Peyğəmbər, Mirmövsüm Ağa, Lazım Ağa, Ağa Mir Həsən Ağa, Mir Sadiq Ağa ziyarətgahları məşhur olanlardan bəziləridir. Bir zamanlar türk dünyasında aşıqlıq vergisi almaq üçün Aşıq Aydının məzarına, yağmur yağ­dırmaq üçün Burkut Ata ziyarətgahına gedilir, külək əsdirmək üçün Heydər Babaya, at sürülərini artırmaq üçün Baba Qəmbərə, qoyunları çoxaltmaq üçün Çoban Ataya, mal-qaranı artırmaq üçün Zəngi Babaya, Al qarısından qorunmaq üçün Xoca Alava müraciət edilirdi və mifoloji çağdan qalan bu Tanrıoğulları, İs­lami çağın qoruyucu ataları olan ərmişlərin bir çoxu Orta Asiya türkləri arasında hələ də əski funksiyasını sürdürməkdədir.

Millət bu dəyərlər var olduqca vardır. Təqdim olunan mo­noqrafiyada mədəniyyətin bu sahəsi araşdırılmış, ortaya yeni müddəalar qoyulmuşdur. Hər halda önəmli olan bir təspitə də diqqət çəkmək lazımdır ki, gələcəkdə bu tip tədqiqatlarda nəzər­dən qaçmasın. O da millətin kimlik bəlgəsi olan mədəniyyətin iki əsas cəhəti ilə xarakterizə edilməsidir.



  1. O kəsintisizdir, sürəklidir, heç vaxt fasiləli olmaz. Mo­noqrafiya müəllifi də ocaqların atalar kultu, şamanlıqla əlaqə­sindən danışarkən, yəqin ki, bunu nəzərdə tutur.

  2. O, dinamik olduğu üçün dəyişməyə, bir başqa formaya dönüşməyə məcburdur. Bu qanun, bəlkə də kateqo­riya mədəniy­yətin mütəhərrikliyi olub varlığını sürdürməsi üçün vacibdir. Monoqrafiya müəllifi də şaman kəramətinin övliya kəramətinə, şaman memoratlarının övliya mənkabə­lərinə, atalar kultunun vəli kultuna çevrilməsini izah edəndə istər-istəməz mədəniyyətin dinamikliyini araşdırmış olur.

Təbii ki, Nuridə Zabit qızının övliyalardan, ocaqlardan, kəramətlərdən yazdığı, hər cür siyasi və ideoloji qayğıdan uzaq olan bu əsəri mənqəbə janrını araşdırması, ziyarət yerlərinin funk­siyasını aşkarlaması baxımından ilk olduğu üçün qiymət­lidir.


  1. Son söz

İrfanımızın, hikmətimizin qaynağı olan folklorlaşmış övli­ya kəramətləri, mənkabələşən söyləmlər ilk çığırı açan öyrəncim Nuridə Zabit qızından sonra hələ çox araşdırılacaq türk-İslam coğrafiyasının tarixi-etnoqrafik, fikri-sosial, dini-inancsal mən­zə­rəsi aydınlaşacaqdır. Milli mədəniyyət ekologiyamızın nə­həng daşlarından olan ocaqlar iman olduqca, inanc yaşadıqca var olamağa davam edəcəkdir.



Ocaqların tarix qarşısında ən böyük xidməti şəəri elm­lərdən, kəlamdan, hədis şərhlərindən xəbərsiz, hətta ən sadə dini bilgilərdən məhrum xalqı eyni dəyərlər ətrafında birləş­dirərək birlik və bərabərliyi saxlamaq, iradə və iman bütün­lüyünü qorumaq olmuşdur. Qardaşlıq, hüzur və ən əsası da insanlıq vəlilərin, imam övladı seyidlərin təmənnasız yardımı sayəsində var olaraq bu günlərə gəlib çatmışdır. İmamət fəlsə­fəsinə söykənən mənəvi İslam (xalq İslamı) türk millətinin ocaq anlayışını yeni folklorik materiallarla, şəfa funksiyası ilə daha da zənginləşdirdi. Ocaqların hər yerdə olması xalqın kəmal, cəmal və cəlal sahibi Allahla rabitəsinin kəsilmədiyini, hüccətin isə Qiyamətə qədər davam edəcəyinin isbatıdır.

İmana dayalı, milli birliyi inşa etməyə xidmət edən hər bir əsər dəyərlidir, hər yazan təqdirə və tərifə layiqdir. Hazır, nazir, qadir, danə, bircə olan Cənab Allah da insana imanla xidmət edən bütün qələm sahiblərinin hər zaman yar və yardımçısı olsun. Amin!


Füzuli Bayat

Yüklə 8,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə