Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
  1   2   3   4   5   6   7   8   9   ...   53


FRANS KAFKA  
MƏHKƏMƏ  
 
 
BİRİNCİ FƏSİL 
 
Həbs. Frau Qrubaxla, sonra da frölayn Bürstnerlə söhbət 
 
Deyəsən, kimsə Yozef K.-nı şərləmişdi, çünki elə bir pis iş tutmasa da, səhər-səhər gəlib onu 
həbs etdilər. Sahibəsi Qrubaxın hər gün saat səkkizə qalmış ona səhər yeməyi gətirən 
qulluqçusu da bu gün gəlmədi. Heç vaxt belə olmamışdı. K. bir az da gözlədi, başını 
yastıqdan qaldırmadan üzbəüz evdə yaşayan, indi də xüsusi bir maraqla onu müşahidə edən 
yaşlı qadına baxdı, sonra isə həm aclıq, həm də nəsə bir anlaşılmazlıq hiss edərək zəngi basdı. 
Elə həmin anda da qapı döyüldü və içəri bu evdə heç vaxt görmədiyi bir kişi girdi. Arıq, 
ancaq tökməbədən bir kişi idi və əynində də özünə yaraşan paltar vardı; lap səfər paltarına 
oxşayırdı, üstü cürbəcür büzmələrlə, toqqalarla, düymələrlə dolu idi, belində kəməri də vardı 
və bütün bunların nə üçün olduğu bilinməsə də, onu çox qıvraq göstərirdi. 
– Siz kimsiniz? – deyə K. çarpayısında dikəldi. 
Kişi suala fikir vermədi, sanki bununla gəlişinin təbii olduğunu göstərmək istədi və özü 
soruşdu: 
– Zəngi siz basdınız? 
– Anna mənim səhər yeməyimi gətirsin, – deyən K. əvvəlcə sakitcə, diqqətlə, təfərinclə bu 
kişinin kim olduğunu özü üçün aydınlaşdırmağa çalışdı. Ancaq kişi K.-nın baxışları altında 
çox da dayanmayıb dönüb arxasında dayanmış adama nəsə demək üçün qapını bir az araladı: 
– Deyir, Anna ona səhər yeməyi gətirsin! 
Qonşu otaqdan qısa gülüş səsi eşidildi, ancaq bu səsdən orda nə qədər adam olduğu bilinmədi. 
Düzdür, yad adam hiss etdi ki, bununla müsahibindən təzə bir şey eşitməyəcək, ancaq buna 
baxmayaraq, yenə də rəsmi tərzdə dedi: 
– Buna icazə verilmir! 
– Bu da təzə çıxdı? – deyə K. çarpayıdan duraraq tələsik şalvarını əyninə taxdı. – Hələ baxım 
görüm qonşu otaqdakılar kimlərdir və frau Qrubax bu narahatlığa nə cavab verəcək! 


Və o dəqiqə də fikirləşdi ki, gərək bunu ucadan deməyəydi, çünki bununla həmin yad adamın 
ona nəzarət etmək haqqını müəyyən mənada tanımış olurdu, ancaq həm də hiss etdi ki, daha 
bunun elə bir mənası yoxdur. 
– Bəlkə elə burda qalasınız? 
– Özünüzü təqdim etməyincə nə burda qalmaq, nə də sizinlə danışmaq istəmirəm! 
– Sizə yaxşılıq etmək istəyirdim, – deyə yad adam özü qapını onun üçün açdı. 
K.-nın istədiyindən də asta addımlarla daxil olduğu qonşu otaq ilk baxışda dünən axşam 
gördüyü otağın eyni idi. Bu, frau Qrubaxın qonaq otağıydı və ağzınacan mebellə, xalılarla, 
çini qablarla, şəkillərlə dolu olsa da, həmişəkindən geniş görünürdü. Ancaq bu genişlik o 
dəqiqə nəzərə çarpmırdı və ən çox da ona görə ki, içəridəki dəyişiklik vur-tut açıq pəncərənin 
qabağında oturub kitab oxuyan bir kişidən ibarət idi. 
Kişi başını kitabdan qaldırdı: 
– Gərək otağınızda qalaydınız.... Bəs Frans bunu sizə demədi? 
– Axı siz məndən nə istəyirsiniz? – deyə K. baxışlarını “təzə tanış”ından ayırıb Frans 
dedikləri və hələ də qapının ağzında dayanmış kişiyə tərəf döndərdi, sonra yenə əvvəlkinə 
baxdı. Açıq pəncərədən bayaqkı yaşlı qadın görünürdü. O, yalnız qocalara xas olan bir 
maraqla üzbəüz pəncərənin qarşısına gəlmişdi ki, hər şeyi yaxşı görə bilsin. 
– Mən frau Qrubaxla.... – deyə K. durduğu yerdə öz-özünə elə dartındı ki, sanki ondan xeyli 
aralıda dayanmış kişilərin əlindən çıxmaq istəyirdi. 
– Olmaz! – deyə pəncərənin qabağında oturmuş kişi dilləndi və əlindəki kitabı stolun üstünə 
ataraq ayağa qalxdı. – Heç yana gedə bilməzsiniz, çünki həbs olunubsunuz! 
– Deyəsən, elədir.... Axı nə üçün? – K. soruşdu. 
– Bunu sizə deməyə səlahiyyətimiz çatmır. Otağınıza gedib gözləyin. Artıq cinayət işi açılıb 
və vaxtı çatanda, hər şeyi biləcəksiniz. Əslində, sizinlə bu cür mehriban danışmaqla da 
səlahiyyətimi aşıram. Ancaq ümid edirəm ki, bunu Fransdan başqa heç kəs eşitmir və elə o da 
qanunu pozaraq, sizinlə xoş davranır. Əgər bundan sonra da keşikçi sarıdan bəxtiniz belə 
gətirsə, deməli, narahat olmaya bilərsiniz. 
K. oturmaq istədi və birdən gördü ki, bu boyda otaqda pəncərənin qabağındakı kreslodan 
başqa oturmağa heç nə yoxdur. 
– Özünüz də görəcəksiniz ki, dediklərimiz hamısı həqiqətdir, – Frans dilləndi və kişilərin ikisi 
də birdən ona tərəf addımladı. 
İkinci kişi boyca K.-dan hündür idi və tez-tez də əli ilə onun kürəyinə vururdu. İkisi də K.-nın 
gecə köynəyinə müştəri gözü ilə baxaraq dedilər ki, indi köhnə bir köynək geysə yaxşıdır, 
ancaq bununla belə, istər bu köynəyi, istərsə də başqa əşyalarını saxlayacaqlar, iş yaxşı 
qurtarsa, özünə qaytaracaqlar.  


– Ancaq daha yaxşı olar ki, şeylərinizi saxlama kamerasına yox, bizə verəsiniz, – dedilər, – 
çünki saxlama kamerasında tez-tez saxtakarlıq edirlər, bundan əlavə də, müəyyən vaxt 
keçəndən sonra həmin şeyləri satırlar, məhkəmənin qurtarıb-qurtarmamasına fikir vermirlər. 
Bu məhkəmələr də nə qədər uzanır, Allah bilir. Xüsusən də son vaxtlar... Belə olan halda, 
saxlama kamerası şeylərinizin əvəzinə pul verəcək, ancaq bu məbləğ cox cüzi olacaq, çünki 
alqı-satqı zamanı malın keyfiyyəti deyil, rüşvətin miqdarı əsas rol oynayır. Üstəlik də, əldən-
ələ, ildən-ilə keçən həmin məbləğ sizə çatana qədər lap azalır. 
K. bu sözlərə o qədər də fikir vermədi, çünki indi onun üçün əşyalarının taleyi deyil, düşdüyü 
vəziyyətin aydınlaşdırılması daha önəmli idi, ancaq bu adamların yanında fikrini cəmləşdirə 
bilmirdi, çünki ikinci keşikçinin – bu adamlar yəqin ki keşikçi idilər – qarnı tez-tez “ərklə” 
ona toxunurdu və K. da hər dəfə başını qaldıranda, onun iri gövdəsinə heç də yaraşmayan 
arıq, sümüyü çıxmış sifətini, əyri burnunu və bir də onun başı üzərindən yoldaşı ilə him-
cimləşən gözlərini görürdü. Axı bu adamlar kim idi? Nə danışırdılar? Hansı idarədən 
gəlmişdilər? Axı K. hüquqi bir dövlətdə yaşayırdı, hər yanda əmin-amanlıq idi, bütün 
qanunlar işləyirdi, kimin nə ixtiyarı vardı ki, onun evinə soxulaydı?! Həmişə çalışmışdı ki, hər 
şeyə fikir verməsin, pis lap pis olanda da onun pisliyinə inanmasın, hətta hər hansı bir 
təhlükənin gəldiyini hiss etsə də, əvvəlcədən ona qarşı tədbir görməsin. Ancaq indi ona elə 
gəldi ki, bunların yeri deyil. Düzdur, bütün bunların hamısını bankdakı dostlarının nə üçünsə, 
ola bilsin, bu gün otuz yaşının tamam olması münasibətilə düzüb-qoşduqları kobud bir zarafat 
kimi qəbul etmək olardı və bəlkə doğrudan da eləydi, sadəcə olaraq, keşikçilərin üzünə 
gülmək lazım idi, yəqin onlar da gülüşərdilər. Bəlkə də elə tinlərdə dolaşan avaralardandır – 
əslində, elələrinə də oxşayırdılar – ancaq, nədənsə, Frans adlanan gözətçini görən kimi hiss 
etdi ki, bu adamlardan nədəsə üstündür və onu da heç vaxt əldən vermək olmaz. Bir az da 
ondan çəkinirdi ki, sonralar ona gülələr və deyələr ki, zarafatı başa düşməyib. Düzdür, başına 
gələndən ibrət dərsi götürən deyildi, ancaq bu dəfə xatırladı ki, bir neçə xırda məsələdə
dostlarından fərqli olaraq, sonra nə olacağını fikirləşmədən qəsdlə ehtiyatsızlıq eləmişdi və 
bunun da altını çəkmişdi. İndi belə şeyə yol vermək olmazdı! Ən azı, bu dəfə heç olmazdı! 
Kimsə onun üçün komediya düzəltmişdisə, eybi yox, o da rola girər! 
Ancaq hələlik azad idi! 
– İcazənizlə, – deyərək tələsik addımlarla gözətçilərin arasından keçib otağına girdi.  
Arxadan səs gəldi: 
– Ağıllı adama oxşayır. 
İçəri girən kimi yazı stolunun siyirtmələrini dartdı: orada hər şey səliqə ilə düzülmüşdü, ancaq 
həyəcanlı olduğundan, axtardığı icazə kağızlarını o dəqiqə tapa bilmədi. Axırda velosiped 
sürmək üçün aldığı icazə vərəqi əlinə keçdi, keşikçilərin yanına dönmək istədi, ancaq 
fikirləşdi ki, bu azdır, doğum haqqında şəhadətnaməsini tapana qədər axtarmağa davam etdi. 
Qonaq otağına qayıdan anda üzbəüz qapı açıldı və frau Qrubax içəri girmək istədi. Ancaq bu, 
bircə an çəkdi, çünki K.-nı görən kimi pərt oldu, üzr istədi, tələsik döndü, qapını da arxasınca 
çox ehtiyatla çəkdi. Bununla belə, K. – “Gəlin,gəlin!”– deyə bildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə