BAKI 2022
Fakültə:Mexanika
-riyaziyyat
Qrup:Rm-116
Tələbə: Soltanov Raidə
Mövzu: Təhsildə İKT
-nin rolu .
Distant təhsil
Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və
kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək
bacarığına çox böyük önəm verilir. Hamı razılaşar ki, İKT savadı olmayan şəxsin bu
gün dövlət və ya özəl sektorlarda perspektivli iş tapması yalnız təsadüf nəticəsində
mümkündür. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta
məktəbdən başlayır. İbtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması,
şagirdlərə ənənəvi dərslərlə yanaşı ilkin informatik biliklərin öyrədilməsi,
məktəblilərin kompyuterlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların
savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynaya bilər.
Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında
təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il
tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci
illər)” ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində
ölkə başçısı tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə
İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni
təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil
sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya
qoyub.
Artıq təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar əsas hədəflər
müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin xeyli hissəsi həyata keçirilmişdir.
Əlamətdar hadisələrdən biri odur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
2010-cu ili ölkəmizdə “Təhsildə İKT ili” elan edib və bu kampaniya çərçivəsində
konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar,
müsabiqələr həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu işlərdə müxtəlif fondlar,
şirkətlər, firmalar da yaxından iştirak edirlər. Məktəblərin İKT avadanlığı, o
cümlədən kompyuter, noutbuk, interaktiv lövhələr ilə təchizatı isə hazırda uğurla
davam etdirilir.
Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli
məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Bu gün
pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsil
sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür. Bu səbəbdən
müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya
sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca
aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur
məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan,
şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq
etmək tələb olunur.
Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin
sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli
sadələşdirir, onu dinamik və çevik edir. “Müəllim - şagird - dərslik” tədris modelinə
kompyuterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil
etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir.
Kompyuterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur.
Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompyuter tədris
proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak
aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda,
müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.
Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən
birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı
səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində
kompyuterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar.
“Ağıllı” lövhə, həmçinin kompyuterə qoşulan mikroskop, skaner, pəqəmli
fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə
qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm
əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi
proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki
vasitələrin işləmə prinsiplərini “möcüzəli” ekranda izləyə bilərlər. Bu isə şagirdlərin
nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə
tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq,
tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.
“Ağıllı” lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun
üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları,
modelləri kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar.
Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan
uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin
elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin
materialı tam qavrayana kimi təkrar-təkrar kompyuterdə izləyə bilərlər.
İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki,
interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir.
Müəllim, əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını
qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən
rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün
tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər
bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru
olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Bəzən olur ki, adi
dərslərdə suala səhv cavab verən şagird digər uşaqların yanında müəllimin ona etdiyi
məzəmmətə ağrılı reaksiya verir və sıxıntı hissləri keçirir. İnteraktiv rejimdə isə
müəllim şagirdin etdiyi səhvləri bütün sinifə deyil, onun özünə fərdi qaydada
göstərməklə səhvlərin nədən ibarət olduğunu və onları necə düzəltməyi çox aydın
başa sala bilər. Belə tədris uşağın özünə inamını artırmaqla bərabər, həm də onda
olan psixoloji maneələri və fənn qarşısındakı qorxunu yox edir. Məlumdur ki,
birdən-birə ev şəraitindən məktəb mühitinə düşən uşaqların ilk vaxtlar yüksək
emosiya dərəcələri ciddi təhsil prosesləri çərçivəsində boğulur. İnteraktiv dərslər
belə emosiyaların boşalmasına xidmət etməklə təhsilin motivasiyasını daha da
yüksəldir. 1-4-cü sinif şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə malik
olduğunu nəzərə alsaq, onlar üçün keçilən dərslərdə uşaqların görmə, eşitmə
duyğularını, emosiya və təsəvvürlərini cəlb edən metodların istifadə edilməsi
olduqca əhəmiyyətə malikdir. Dərslərin məhz interaktiv rejimdə deyilməsi bu işdə
çox faydalı olur. İnformatikanın əsaslarının ibtidai siniflərdə təlimi artıq 3 və 4-cü
siniflərdə şagirdlərə mətn redaktorlarında elementar işləri görmək, İnternet
şəbəkəsində axtarışlar aparmaq, Power Point proqramında sadə prezentasiyalar
yaratmaq imkanı verir.
Bunlardan əlavə, müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif
hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə
qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilər. Uşaqların sinifdə statusuna
uyğun onları qruplara ayırmaqla kompyuterdə optimal iş rejimi də qurmaq olar.
Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə
qruplaşdırma xüsusi effekt verir. Kompyuter qarşısında təhsil alan şagird materialın
verilmə və mənimsəmə sürətini özünə rahat formada müəyyənləşdirə bilər. Öz sürət
rejimində uşağın işləməsi yaxşı nəticə verir, onun özünə inamı artır, bu isə təlimə
əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin
hamısı kompyuter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv
iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub
saxlaya bilirlər.
Təhsildə İKT-nin bir faydalı cəhəti də var ki, istedadlı pedaqoqlar kompyuter
vasitəsilə öz tədris işlərini və yaradıcılıq fəaliyyətlərinin nəticələrini
individuallaşdıra bilirlər. Müəllim standart dərsliklərdə olmayan, özü tərəfindən
düşünülmüş maraqlı məsələ və tapşırıqları kompyuterdə prezentasiya şəklində
hazırlaya bilər. Pedaqoji praktikada toplanmış təcrübələr əsasında hazırlanmış belə
materiallar digər müəllimlər üçün də çox faydalıdır. Yeri gəlmişkən, bu yaxınlarda
Təhsil Nazirliyinin həyata keçirdiyi “Elektron təhsil” respublika müsabiqəsi də
göstərdi ki, istedadlı müəllimlərin hazırladıqları elektron layihələr, dərsliklər,
internet resursları olduqca maraqlı və dəyərlidirlər. http://musabiqe.edu.az/ saytında
yerləşdirilmiş bu layihələrin çoxundan tədris zamanı əlavə elektron dərslik kimi
istifadə etmək olar.
Təhsil sisteminin informasiyalaşdırılmasında əsas vəzifələrdən biri də ölkə
miqyasında müəllimlərin, şagirdlərin, valideynlərin və təhsillə maraqlanan hər bir
kəsin mənafeyinə xidmət edən, özündə təhsil-tərbiyə proseslərinin müxtəlif
aspektləri barədə məlumatları cəmləşdirən vahid təhsil şəbəkəsinin yaradılması və
təhsil müəssisələri arasında operativ informasiya mübadiləsinin təmin edilməsidir.
Bu istiqamətdə hər məktəbin internet saytının yaradılması, həmin saytda məktəb,
pedaqoji heyət, oxuyanlar haqqında ətraflı məlumatların yerləşdirilməsi, müəllim,
uşaq və valideynlər üçün xüsusi forumların təşkil edilməsi, forumlarda təhsilin
aktual problemləri, yeniliklər, təzə kitablar və s. haqqında müzakirələrin aparılması
mühüm əhəmiyyətə malikdir. Məktəbin internet saytında dərs planlarının,
cədvəllərinin, məktəbdə keçiriləcək tədbirlər barədə məlumatların və soraq
xarakterli informasiyaların yerləşdirilməsi də məqsədəuyğundur. Vahid təhsil
şəbəkəsinin ümumdünya informasiya məkanına inteqrasiya etdirilməsi isə müəllim
və şagirdlərin təhsil üçün faydalı olan dünya internet resurslarına daxil olmasına,
virtual kitabxanalardan, fayl arxivlərindən, verilənlər bazasından istifadə etməsinə
və xarici təhsil müəssisələri ilə yaxından əlaqə saxlamasına əlverişli şərait
yaradacaqdır. Valideynlər təhsil şəbəkəsindən öz uşaqlarının davamiyyəti və
müvəffəqiyyəti barədə də operativ informasiya ala biləcəklər.
Bütün bunlardan əlavə, İKT istifadə etməklə təhsildə idarəetməni də xeyli
təkmilləşdirmək mümkündür. Administrasiya sistemində tez-tez təkrar olunan
əməliyyatları müəyyənləşdirməklə onları avtomatlaşdırmaq olar. Məktəbin
informasiya bazasında toplanmış məlumatları analiz etməklə, rəhbərlik tədrisin
hansı səviyyədə getdiyini, dərs proseslərinin necə keçdiyini izləyə bilər və
çatışmazlıq aşkar etdikdə operativ tədbirlər görməklə onları aradan qaldıra bilər.
Göründüyü kimi İKT-nin təhsil sisteminə səmərəli tətbiq etməklə tədris prosesinə
tamamilə yeni ruh, yeni nəfəs vermək, uşaqlar üçün çox cəlbedici, onların
maraqlarına hesablanmış sadə və keyfiyyətli yeni təhsil modelini qurmaq olar.
Lakin, bütün bunlara nail olmaq göründüyü qədər də asan məsələ deyildir. Bir faktı
nəzərə almaq lazımdır ki, bu gün texnoloji avadanlığın sürətlə köhnəlməsi prosesi
gedir. Əgər, əvvəllər məktəblərin yalnız kompyuterlə və internetlə təchiz olunması
nəzərdə tutulurdusa, bu gün isə artıq söhbət noutbukların, interaktiv lövhələrin
alınmasından, simsiz rabitə sistemlərinin qurulmasından gedir. Dünya standartlarına
uyğun müasir növ İKT vasitələrinin alınması isə, təbii ki, böyük maliyyə vəsaiti tələb
edir.
Bir məsələni də qeyd etmək lazımdır ki, təhsil müəssisələrində mövcud olan
texnologiyadan, o cümlədən kompyuter və internetdən səmərəli istifadə olunmaması
elektron təhsil quruculuğuna ləngidici təsir göstərir. İKT-nin sağlamlığa zərər
vurması, uşaqlarda kompyuter asılılığının əmələ gələ bilməsi barədə cəmiyyətdə
mənfi fikirlərin olması, elektron təhsildə bir sıra müəllimlərin öz avtoritetlərinin
aşağı düşəcəyindən qorxması, yaşlı müəllim heyətinin kompyuterdə işləməyə az
meyilli olması da neqativ amillərdəndir.
Bunlardan əlavə, bəzən məktəblilərin, xüsusən yuxarı sinif şagirdlərinin
kompyuterdən istifadə qaydalarını müəllimlərdən daha yaxşı bilməsi dərs zamanı
uşaqların əylənməsinə yol aça bilər. Artıq belə problem MDB məktəblərində ortaya
çıxır. Məlum olub ki, bəzi məktəblərdə interaktiv rejimdə aparılan tədrislərdə
şagirdlər dərslə deyil, bir-birlərinə mesaj göndərməklə, çatlaşmaqla və ya oyun
oynamaqla məşğul olurlar. İnformatik savadı aşağı olan müəllimlərin isə şagirdlərin
belə “hiylələrindən” xəbəri olmayır. Ona görə də bu gün pedaqoqların Microsoft
Windows XP əməliyyat sistemi, MS Office paketi, multimedia, qrafika, dizayn
proqramları ilə yaxından tanış olması, interaktiv lövhədə işləmək və internetdən
səmərəli istifadə etmək qaydalarını yaxşı bilməsi artıq zamanın tələbidir.
Kompyuterin bütün incəliklərinə dərindən bələd olmaq üçün pedaqoqlar
dərsdənkənar əlavə vaxt və xeyli enerji sərf etməlidir. Ona görə də onların əməyini
hər hansı bir formada stimullaşdıran sistemin olması da məqsədəuyğun olardı.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə
gedən yol kimi dəyərləndirirlər. Digər sahələrdə olduğu kimi, İKT sahəsində də
regionda liderlik edən Azərbaycan bu yolla uğurla irəliləyir. Artıq alimlərin
proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların
əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün
respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni
zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya
toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması balalarımızın
gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol
oynaya bilər.
Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya
mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya
mühitini formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından istifadə
etməklə aşağıdakıları təmin etməlidir:
•
Təhsilin keyfiyyətinin artırılması;
•
Yeni informasiya mədəniyyətinin formalaşdırılması;
•
Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi;
•
Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil
məkanına inteqrasiyasının təmin edilməsi.
Göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı mühüm vəzifələrin kompleks
şəkildə həll olunması zəruri şərtlərdəndir:
•
Vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli
təhsil və informasiya sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat,
metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir;
•
İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edil-
məsi. Milli elektron dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi,
ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki vasitələrin
hazırlanması. Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informasiya
texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;
•
Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq
sisteminin və resurs mərkəzinin yaradılması;
•
Təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin
yaradılması. Onlara tədris prosesində ən yeni informasiya texnologiyalarından
istifadə etmək bacarığının aşılanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT
bacarıqlarına yiyələnmək imkanının yaradılması;
•
Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet/İntranet şəbəkəsi ilə
təmin olunması;
•
İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid standart
kimi tətbiq olunması;
•
Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya
texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;
•
Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid infor-
masiya infrastrukturunun yaradılması;
•
İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların
aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali
proqramlardan istifadə olunmasına keçid.
Dostları ilə paylaş: |