BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elmlər seriyası
2014
UOT 94(470); “16/18”
XVIII ƏSRDƏ RUSİYANIN BEYNƏLXALQ
VƏZİYYƏTİ VƏ XARİCİ SİYASƏTİNDƏ CƏNUB İSTİQAMƏTİ
M.P.OSMANLI
Bakı Dövlət Universiteti
meharet.osmanli@mail.ru
Məqalədə Rusiyanın XVIII əsrdə Avropa ölkələri ilə münasibətləri, Avropada baş verən
ümumavropa münaqişələrində iştirakı, Osmanlı dövləti ilə qarşılıqlı əlaqələrini beynəlxalq
aspektdə inkişafı öyrənilmişdir. Həmçinin Rusiyanın beynəlxalq sistemdəki yerinin hansı
proseslərlə şərtləndiyi göstərilmişdir. Bu məqalədə öyrənilən digər bir məsələ XVIII əsrdə
Rusiyanın xarici siyasətinin cənub istiqamətidir. Cənub siyasəti XVIII əsrdə isti dənizlərə çıxış
əldə etmək, Krıma sahib olmaq, Qafqaz və Balkanlarda möhkəmlənmək məqsədinə xidmət
edirdi. Burada rusların bu siyasətinin Osmanlı dövlətinin maraqları ilə hansı səviyyədə
toqquşduğu və bu problemin hansı yollarla həll edildiyi araşdırılmışdır.
Açar sözlər: Rusiya, siyasət, vəziyyət, Cənub, istiqamət
Vestfal müqaviləsindən Fransa burjua inqilabına qədər olan dövrdə Av-
ro
pada beynəlxalq münasibətlər sistemi kifayət qədər sabit idi. Hər hansı bir
dövlətin digər dövlət üzərində hegemonluğuna son qoyulmuşdu. XVIII əsrdə
baş vermiş müharibələr qüvvələr arasındakı mövcud tarazlıqda yalnız qismən
dəyişikliklər yaradırdı. Bu cür dəyişikliklər Prussiyanın güclənməsi və Polşa-
nın bölüşdürülməsi, müstəmləkələr və dənizlər uğrunda İngiltərə və Fransa
arasındakı mübarizənin birincinin xeyrinə həll olması ilə əlaqədar baş verirdi.
Beynəlxalq münasibətlər sistemində Rusiya da mühüm yer tutmağa çalışırdı.
XVII əsrin sonlarından etibarən Rusiya beynəlxalq münasibətlərdə daha
fəal iştirak etməyə başladı. 1697-ci ildə Osmanlı dövləti əleyhinə Avstriya,
Venesiya və bir neçə alman dövlətindən ibarət yaradılmış Müqəddəs liqaya
rəsmən daxil oldu. Liqanı yeni iştirakçılar cəlb etməklə möhkəmləndirmək
istəyən rus diplomatiyası o dövr üçün yenilik olan bir tədbir həyata keçirdi:
1697-1698-
ci illərdə Avropaya “Böyük səfirlik” göndərdi. I Pyotrun da tərki-
bin
də olduğu bu səfirlik ilk dəfə idi ki, öz gözləri ilə Avropadakı siyasi vəziy-
yətlə tanış olurdu.
Şimal müharibəsində əldə edilən qələbə Rusiyanı Avropanın güclü döv-
lətləri sırasına daxil etdi. Bundan sonra o, beynəlxalq münasibətlərin inkişafına
90
daha fəal təsir göstərməyə başladı. Onun bu və ya digər alyansa daxil olması
qüvvələrin ciddi şəkildə artmasına gətirib çıxarırdı ki, bu da öz növbəsində,
ittifaqlar sisteminin transformasiyasına və Avropada tarazlığın bərpasına təkan
verirdi
. Sonrakı illərdə rus diplomatiyası müxtəlif konqreslərdə bilavasitə
iştirak edərək bir çox hallarda Avropada sabitliyin saxlanmasına kömək edirdi.
Belə ki, Rusiya XVIII əsrin ilk 30 ilində Avropa bir-biri ilə mübarizə aparan iki
düşərgəyə - Vyana (Avstriya və İspaniya) və Hannover (İngiltərə, Fransa və
Prussiya)
bloklarına bölünəndə Avropada ümumi sabitliyin bərpası naminə
1728-1731-
ci illərdə Suassonda keçirilən konqresin fəal iştirakçısı oldu.
XVIII əsrdə Rusiyanın beynəlxalq münasibətlərin inkişafına təsiri daha
aydın özünü göstərməyə başladı. Öz tarixlərinin çətin dövrlərində Avropa
dövlətləri kömək və vasitəçilik üçün Rusiyaya müraciət edirdilər. Məsələn,
İspaniya (1701-1714), Polşa (1733-1735), Avstriya (1740-1748) irsi uğrunda
müharibələr kimi ümumavropa münaqişələrində Rusiyanın mövqeyi daha
təsirli, bəzən isə hətta həlledici olurdu.
Rusiya 1757-
ci ildən Avstriya, İsveç və Fransa ilə birlikdə Prussiyaya
qarşı Yeddiillik müharibədə iştirak etdi. Rus ordusu 1757-ci ildə Prussiya ordu-
sunu Qross-
Eqersdorf kəndi yaxınlığında məğlub etdi. 1758-ci ildə Keniqsberq
ələ keçirildi və Çorndorf yaxınlığında II Fridrixin əsas qüvvələri darmadağın
edildi. 1760-
cı ildə Berlin tutuldu. Prussiya fəlakətin astanasında idi. Lakin
hakimiyyətə gələn III Pyotr müharibəni dayandırdı və Rusiyanın ələ keçirdiyi
bütün torpaqları geri qaytardı [1,123].
II Yekaterina hakimiyyətə gəldikdən sonra Avropa dövlətlərinin maraq-
larından asılı olmayaraq, milli maraqları nəzərə alıb öz sisteminə uyğun hərə-
kət etmək fikrində idi. I Pyotrdan sonra o da özünün Avropada münsif olaca-
ğını elan etmişdi. Onun diplomatiyasının devizi belə idi: “Bütün dövlətlərlə
dost olmaq lazımdır ki, zəifin tərəfində olmaq imkanını həmişə öz əlində
saxlayasan”, “özünün hər iki əlini sərbəst saxlayasan və heç kimin quyruğun-
dan tutub getməyəsən”. II Yekaterina Polşa, şərq və alman məsələlərinin
həllində məhz bu prinsiplərə əsaslanırdı [2].
Rusiyanın Şərqi Avropada üstünlük əldə etmək uğrunda mübarizəsi Reç-
Pospolitanın Prussiya, Avstriya və Rusiya arasında bölüşdürülməsi ilə ayrılmaz
əlaqəli idi. Rusiyanın Polşada mövqeyi hələ Şimal müharibəsi dövründən
kifayət qədər möhkəm idi. Lakin buradakı anarxiya və özbaşınalıq digər
Avropa dövlətlərinin, xüsusən də Prussiya və Avstriyanın onun daxili işlərinə
qarışmasına şərait yaradırdı. Fransa da Rusiyanın Avropada təsirinin zəifləmə-
si
nə çalışırdı. Bunun üçün isə Rusiyanın qərb sərhədlərində ona düşmən olan
dövlətlərdən maneə səddi yaratmaq istəyirdi.
Polşa məsələsi III Avqustun 1763-cü ildə vəfatından sonra daha da
kəskinləşdi. Belə ki, hər bir maraqlı tərəf hakimiyyətə öz əlaltısını gətirməyə
çalışırdı. Prussiya bu məsələdə müvəqqəti olaraq, Rusiya ilə ittifaq qurmaq
istəyirdi. Bununla o, Polşadan Baltik sahillərinin qoparılmasına, beləliklə də
qərbi Polşa torpaqlarının şərqi Prussiyaya birləşdirilməsinə Rusiyanın razılığını
91
almaq ümidində idi. Prussiya çoxdan bəri bu torpaqlara göz dikmişdi. Hələ I
Pyotrun dövründə üç dəfə Polşanın bölüşdürülməsini təklif etmişdi. Bununla da
Rusiya Belorusiya və Ukrayna torpaqlarını ələ keçirə bilərdi. Lakin çar bundan
imtina etmişdi [3, 575]. Rusiyanın Prussiya ilə yaxınlaşması 1764-cü ildə
imzalanmış ittifaq barədə saziş ilə rəsmiləşdi. Müqavilənin gizli maddələrində
Osmanlı dövləti ilə müharibə olacağı təqdirdə Prussiya tərəfindən Rusiyaya
maliyyə yardımı ediləcəyi, İsveçdə vahid fəaliyyət, Polşa konstitutsiyasında hər
hansısa bir dəyişikliyin olmasına imkan verməmək nəzərdə tutulurdu. Bu
müqavilə Fransa və Avstriyanın rəhbərlik etdiyi şərq baryerinə qarşı Rusiyanın
Prussiya, İngiltərə, eləcə də İsveç, Danimarka və Reç-Pospolitanın iştirakı ilə
yaratdığı şimal sistemi üçün əsas oldu. Prussiyanın Polşa işlərinə daxil olması-
na icazə verən Rusiya, digər tərəfdən Reç-Pospolitada siyasi təsirini saxladı və
Avropada nüfuzunu möhkəmləndirməyə davam etdi [4, 331]. Bu 1768-ci ildə
Osmanlı dövləti ilə başlamış müharibə ilə əlaqədar olaraq vacib idi.
Rusiyanın nüfuzunun Avropada artması Prussiya və Avstriyanı narahat
edirdi. Bu iki dövlət qitədə arzuolunan tarazlığı saxlamaq üçün Rusiyanın
Polşada təsirini zəiflətmək məqsədilə razılığa gəlmişdilər. II Fridrix və II İosif
II Yekaterinaya Türkiyə ilə müharibəni başa çatdırması və rus ordusunu Dunay
knyazlıqlarından çıxartması əvəzində Reç-Pospolitanın şərq rayonlarını tut-
mağı təklif edirdilər. Təbii ki, onlar da Polşa torpaqlarından öz paylarını almalı
idilər. Belə bir demarş Avropa dövlətləri koalisiyasının Rusiyaya qarşı çıxacağı
hədəsi ilə də möhkəmləndirilirdi. Bu “dostcasına” xəbərdarlıq boş sözlər de-
yildi. 1771-
ci ilin yayında yaradılmış Avstriya-Türkiyə müdafiə ittifaqı II
Yeka
terinanı güzəştə getməyə və Polşanın bölüşdürülməsinə razılıq verməyə
məcbur etdi. Lakin imperatriça Reç-Pospolitanın siyasi müstəqilliyinin
tamamilə məhv olmasını istəmirdi və buna görə də, onun ərazisinin həddindən
artıq kiçildilməsini məqsədəuyğun hesab etmirdi.
Polşanın birinci bölüşdürülməsi 1772-ci ilin iyul ayında Rusiya, Avstriya
və Prussiya arasında üç ikitərəfli akt ilə təsdiqləndi. Rusiyaya Reç-Pospolitanın
şərq əyalətləri (Şərqi Belorusiya), Avstriyaya Kiçik Polşa və Qalisiya, Prus-
siyaya isə qədim Polşa torpaqları olan Qdansk, Pomorye və Böyük Polşa
torpaqları keçdi. Xüsusi bir manifestlə tərəfləri Polşanı bölüşdürməyə məcbur
edən səbəblər elan edilirdi. Avropanın gözündə belə bir işğala könüllülük
görün
tüsü vermək üçün bildirilirdi ki, guya Polşa seymi özü bölüşdürülmə
ideyasını dəstəkləyib. Belə görünürdü ki, bütün maraqlı tərəflər üçün bu
ziddiyyətlərin həllində daha məqbul variantdır. Əslində isə şimal ittifaqı iflas
etdi ki, bu da Avropada Rusiyanın təsirinin zəifləməsinə, Prussiya və Avstri-
y
anın isə mövqeyinin güclənməsinə gətirib çıxardı.
Lakin 1778-1779-
cu illərdə bavar irsi uğrunda Avstriya-Prussiya müha-
ribəsi dövründə Rusiyanın Avropa səhnəsində rolu yenidən artdı. 1779-cu ildə
Teşen konqresində döyüşən tərəflər arasında münaqişənin yoluna qoyulma-
sında vasitəçi kimi çıxış edən II Yekaterina Avropada tarazlığı bərpa edən sülh
şərtlərini diktə etdi. Uzlaşdırılmış sülh alman xalqının Müqəddəs imperiyasının
92
quruluşunun dəyişməzliyini təsdiq etdi. Bavariya öz müstəqilliyini saxladı.
Rusiya bu
müqavilə ilə Avropada müəyyən olunmuş siyasi statusun qarantı
oldu. Bu isə 1648-ci il Vestfal sülhünü təsdiqlədi və Rusiyaya alman dövlətləri
arasındakı mübahisələrdə münsif olmaq hüququ verdi. Bundan sonra imperat-
riçanın Avropada və xüsusilə də, Almaniyada nüfuzu müstəsna dərəcədə artmış
oldu.
Polşada sonrakı hadisələr konstitutsiyanın qəbulu və geniş demokratik
hərəkat ilə bağlı idi. Bu, II Yekaterinaya müstəqilliyin müdafiəsi bəhanəsi ilə
Polşaya qoşun çıxartmağa əsas verdi [5, 188].
1792-ci ilin dek
abrında Polşanın yenidən bölüşdürülməsinin təşəbbüskarı
yenə də Prussiya oldu. Peterburq 1791-ci il mayın 3-də qəbul olunmuş polyak
konstitutsiyasında yakobinlərin təsirini gördü və Prussiyanın tələbləri ilə
razılaşmalı oldu. Fransa kralı XVI Lüdoviqin edamı isə bu prosesi sürətləndir-
di. 1793-
ci ilin yanvarında Rusiya və Prussiya Avstriyanın xəbəri olmadan
Polşanın ikinci bölüşdürülməsi barədə razılığa gəldilər. Müqaviləyə görə
Prussiya Polşanın bütün həyati əhəmiyyətli torpaqlarını (Qdansk, Torun, Varta
və Visla çayları arasındakı Polşa torpaqları) aldı. Rusiyaya isə Belorusiya və
Sağsahili Ukraynası keçdi. Beləliklə, Ukrayna və Belorusiya torpaqlarının
1654-
cü ildən başlayan Rusiyaya birləşdirilməsi prosesi başa çatdı. Bu dəfə də
Polşa seymi müqaviləni ratifikasiya etdi [6]. Bu vaxtdan etibarən Polşa kralı
Stanislavın hakimiyyəti uydurma bir hakimiyyətə çevrildi. Formal olaraq,
müstəqil Polşa kimi qalan ərazilərin taleyi də əvvəlcədən həll olunmuşdu.
Ölkədə Tadeuş Kostyuşkonun qiyamı rus və pruss qoşunları tərəfindən
yatırıldı. Bu da yenidən Polşanın bölüşdürülməsi məsələsini qaldırmaq üçün
Prussiya və Avstriyaya bəhanə oldu. II Yekaterina da bu dövlətlərin Rusiyaya
qarşı hər hansısa bir düşmənçilik fəaliyyətindən ehtiyat edərək bununla razı-
laşdı. Lakin Rusiyanın bufer ölkə kimi formal olaraq müstəqil olan Polşanın
varlığına ehtiyacı vardı. 1795-ci ilin oktyabrında baş verən üçüncü və sonuncu
bölüşdürülmə nəticəsində Qərbi Belorusiya, Litva, Kurlandiya Rusiyaya, Qərbi
Ukrayna və Krakov Avstriyaya keçdi. Varşava ilə birlikdə 48 min km
2
əraziyə
sahib olan Prussiya isə daha çox xeyir əldə etmiş oldu [7, 547]. Bu dəfə heç
rəsmiyyət də nəzərə alınmadı. Seym çağırılmadı. Reç-Pospolita öz varlığını
itirdi. Xüsusi Peterburq konvensiyası 1797-ci yanvarın 26-da bundan sonra
Polşa krallığı adının işlədilməməsinə qərar verdi [8, 358].
Reç-
Pospolitanın bölüşdürülməsindən danışarkən qeyd etmək lazımdır
ki, bu ümumavropa miqyasında baş verən bir hadisə idi. Hər halda bu işə bütün
Avropa cəlb olunmuşdu. Çoxəsirlik tarixə və mədəniyyətə sahib olan böyük bir
Avropa dövlətinin tarix səhnəsindən silinməsi nəticəsində qitədə beynəlxalq
münasibətlərin quruluşu dəyişdi. Polşanın bölüşdürülməsi son nəticədə XIX
əsrdə Avropada müstəqil siyasi qüvvələrin diqqət mərkəzində duracaq və hər
iki dünya müharibəsinin səbəblərindən biri olacaq polşa məsələsinin meydana
gəlməsinə səbəb oldu.
Fransa burjua inqilabı da rus diplomatiyasının cəlb olunduğu bir silsilə
93
ziddiyyətlər əmələ gətirdi. İlk əvvəl II Yekaterina Parisdə baş verənlərə elə də
ciddi əhəmiyyət vermirdi. Hesab edirdi ki, bu sadəcə bir xalq çıxışıdır və
günahkar yalnız kral özüdür. Lakin 1791-ci ildə Fransa kralının qaçışı və sonra
həbs olunması vəziyyəti dəyişdi. İmperatriça ilk antifransız koalisiyasının
yaradılmasının və legitizm prinsipinin qurulmasının qatı tərəfdarı kimi çıxış
etdi. Avropa dövlətlərinin mövqeyi ilə həmfikir olan Rusiya bununla Avstriya
və Prussiyanın diqqətini Polşa məsələlərindən yayındırmağa çalışırdı. I Pavel
hakimiyyətə gəldikdən sonra isə Fransa ilə sülhün tərəfdarı kimi çıxış etdi və
hətta Direktoriya ilə II Yekaterina dövründə kəsilmiş diplomatik münasibətlə-
rin bərpası haqqında danışıqlara başladı. Lakin Napoleonun Aralıq dənizi
sahillərindəki işğallarından sonra rus imperatoru da ümumi təhlükəsizlik üçün
fransızların sakitləşdirilməsinin vacibliyini anladı. 1798-ci ildə məhz I Pavelin
dəstəyi ilə yeni antifransız koalisiyası yaradıldı. Koalisiyanın üzvləri İngiltərə,
Avstriya, Türkiyə və Rusiya oldu. Müttəfiqlərin razılığına əsasən 1798-ci ilin
payızında Rusiya Uşakovun komandanlığı altındakı Qara dəniz eskadrasını
Aralıq dənizinə göndərdi. Bu eskadra İon adalarını, Korfu qalasını ələ keçirdi.
1799-
cu ildə rus dənizçiləri Neapol və Romaya daxil oldular [9, 110].
Quruda isə müttəfiq qoşunları Suvorovun komandanlığı altında hərəkət
edirdilər. 1799-cu ilin yazında avstriya və rus ordusu İtaliya yürüşünü başa
çatdırdı. Milan və Türini fransızlardan azad etdi. Lakin tezliklə müttəfiqlər
arasında münasibətlər gərginləşdi. Avstriya Rusiyanın nüfuzunun İtaliyada
möhkəmlənməsindən ehtiyat edərək onun ordusunun İsveçrəyə göndərilməsinə
nail oldu. Suvorovun dəstəsi Alp dağlarını keçərək Sen-Qotard və Şeytan
burnunda düşməni məğlub etdi. Bununla da Rusiyanın müharibədə iştirakı başa
çatdı [10].
I Pavelin siyasətindəki dəyişikliyin bir səbəbi müttəfiqlər arasındakı
ziddiyyətlər idisə, digər səbəbi Fransadakı çevriliş idi. Hakimiyyətə Napoleon
Bonapart keçdi və öz qüvvəsi ilə inqilabın öhdəsindən gəldi. Rusiya Fransa ilə
yaxınlaşmağa başladı. Onun bu siyasəti rus zadəganlarının bir hissəsini ona
qarşı qaldırdı və imperatorun qətli üçün bəhanə oldu. I Pavelin 1801-ci ildə
öldürülməsi Rusiya tarixində yeni bir səhifə açmış oldu.
XVIII əsrdə Rusiyanın beynəlxalq sistemdə yeri beş əsas proses ilə
müəyyənləşmişdi:
1.
Qüdrətli Asiya dövlətlərinin siyasi gücsüzlüyünün aşkara çıxması.
Rusi
yanın sistemli şəkildə Asiyanın şərq və cənub sərhədlərinə tətbiq etdiyi
təzyiqlər bu dövlətlərin süqutu prosesini labüd edən daxili prosesləri reallaşdırdı.
2.
Asiyada əldə edilən təhlükəsizlik Rusiyaya bütün gücünü qərb məsə-
lələrinə yönəltməyə imkan verdi. Nəticədə, XVIII əsrin əvvəllərində İsveç,
son
larında Osmanlı cinahı dəf edildi, Polşa məsələsi dağıdıldı.
3.
Şərq baryeri dövlətləri ilə mübarizədə rus hökuməti XVIII əsrdə iki
şərqi alman dövləti – Avstriya və Prussiya ilə yaxınlaşdı. Rusiya Avropada
başqa dəstək tapa bilmədi. Ona görə də ən yaxşı halda Avstriya və Prussiyanı
bir-
birinə qarşı qoya bildi və son nəticədə başa düşdü ki, onun şərq baryeri ilə
94
mübarizəsinin bəhrəsi ona yox, Avstriya və Prussiyaya qaldı. Pribaltikada isveç
irsindən Prussiya, Balkanlarda türk irsindən Avstriya, polşa irsindən hər ikisi
istifadə etdilər. Nəticədə, bu iki dövlət Avropa diplomatiyasında Rusiyaya
qarşı sipər oldular.
4.
Bütün XVIII əsr ərzində yalnız Yeddiillik müharibə dövrü istisna ol-
maqla, rus-
fransız münasibətləri durmadan pisləşdi. Fransa tarixçisi Rambo bu
münasibətləri aşağıdakı kimi dövrləşdirir. 1654-cü ilədək Rusiya bizim üçün
əhəmiyyətsizdir; 1654-1726-cı illərdə bizim üçün nisbətən fərqlidir, çünki
şərqdəki müttəfiqlərimizə hücum edir; 1726-1756-cı illərdə o, nəinki müttəfiq-
lərimizin düşmənidir, həm də bizim düşmənimizdir (Avstriya Habsburqların
müttəfiqidir); 1756-1775-ci illərdə Yeddiillik müharibədə Prussiyaya qarşı
bizimlə müttəfiq olsa da, Avropada qüvvələr tarazlığı üçün təhlükə yaradır;
1775-1789-
cu illərdə Fransa sanki başa düşür ki, Rusiya köhnə sistemin dağıl-
ma
sın başa çatdırıb, yeni sistemin əhəmiyyətli elementi olacaq. Rusiyanın
1788-1790-
cı illərdə şərq baryerinə endirdiyi son məhvedici zərbələr həm də
Fran
sanın Şərqi Avropadakı siyasətinin məhvi demək idi.
5.
XVIII əsrin sonlarında Fransanın çiyinləri üstündə duran beynəlxalq
sistem zəiflədiyindən İngiltərə önə çıxmağa başladı. O, Rusiyaya qarşı yeni bir
baryer nəzərdə tuturdu ki, bu da Prussiya və Avstriyadan ibarət olmalı idi.
Köhnə baryerdən isə yalnız Türkiyə bura daxil ediləcəkdi. Çünki Qara dənizə
çıxışı bağlayırdı. Lakin ingilislər hesab edirdilər ki, Rusiyanın Avropada
təsirinin artmasını dayandırmaq üçün əsas vasitə yeni bir baryerin yaradılması
deyil, XVIII əsrdə Asiyada Rusiya üçün yaranmış əlverişli şəraitin məhv
edilməsidir [11, 223].
Osmanlı imperiyası da dünya ölkələri sistemində və eləcə də Rusiya ilə
münasibətlərində özünəməxsus yer tuturdu. İmperiya belə demək olarsa, üçlü
təbiətə malik idi. Bizans imperiyasının varisi kimi o, həm qərbə, həm də şərqə
qarşı dururdu və tarixən Rusiyaya daha yaxın idi. Balkan yarımadasının,
xüsusən də Moldaviya və Valaxiyanın, eləcə də Dardanelin, yəni Rusiyanın
Avrop
aya qarşı yaratdığı şərq baryerinin üzvü idi. Nəhayət, müsəlman dünyası
və türk xalqları ilə sıx əlaqələri səbəbindən Çingiz xanın birbaşa və bilavasitə
varisləri olan xalqların qərb dünyası ilə sərhədində dayanırdı. XVIII əsrdə
Osmanlı imperiyası Asiyanın Avropadakı mücəssəməsi idi [12, 276].
Əgər nəzərə alsaq ki, XVIII əsrin əvvəllərində Şərqi Avropa baryeri özü-
nün Şimal-İsveç halqasından məhrum oldu və maneə yalnız Türkiyədən asılı
qalmışdı, onda başa düşmək olar ki, nəyə görə şərq məsələsi, yəni türk məsə-
ləsi XVIII əsrin sonlarında ümumdünya beynəlxalq siyasətinin mərkəzində
dururdu.
Vahid rus dövlətinin yaradılması prosesi başladığı vaxtdan etibarən Rusi-
ya
nın xarici siyasətində cənub istiqaməti xüsusilə fərqlənməyə başladı. Bu
siya
sət əsrlər boyu öz mahiyyətini dəyişsə də, həmişə diqqət mərkəzində
olmuşdur. Belə ki, əvvəllər cənub istiqamətində aparılan siyasət cənubdan
gələn təhlükənin dəf edilməsinə yönəldilmiş, daha sonra isə isti dənizlərə çıxış
95
əldə etmək, Krıma sahib olmaq, Qafqaz və Balkanlarda möhkəmlənmək məq-
sədinə xidmət etmişdir [13].
XVII-
XVIII əsrin qovşağında Rusiyanın xarici siyasətində cənub
istiqaməti daha çox ön plana çıxdı. Bu dəyişikliyin səbəblərindən biri hakim
sinfin sosial-
iqtisadi və daxili siyasətinin inkişafı idi. Çünki bu dövrdə eyni
vaxtda həm feodalizm, həm də kapitalizm münasibətləri inkişaf edirdi. Kəndli-
lərin istismarı hesabına kənd təsərrüfatı məhsulları xeyli artmışdı. Manufak-
tura
ların hesabına isə xırda əmtəə istehsalı genişlənmişdi. Bütün bunlar daxili
və xarici ticarətin yüksəlişinə səbəb olmuşdu. Bu isə öz növbəsində kənd təsər-
rü
fatı məhsullarının daşınmasında, eləcə də cənub sərhədlərinin müdafiəsində
Qara dənizə çıxış və Krım yarımadasına sahib olmaq məsələlərinin xüsusi əhə-
miyyət kəsb etməsinə gətirib çıxarmışdı.
Rusiyanın cənub istiqamətindəki siyasətinin XVIII əsrdə fəallaşmasının
səbəblərindən biri də bu dövrdə Osmanlı dövlətində getdikcə özünü göstərmə-
yə başlayan tənəzzül idi. Belə ki, Türkiyənin əvvəlki qüdrətini qismən
itirməsindən istifadə etməyə çalışan Rusiya Qara dənizə çıxış əldə etmək və
Krıma sahib olmaq niyyətini həyata keçirməyə başladı [14, 93].
Qara dənizə çıxış əldə etmək uğrunda atılmış ilk addım 1695-1696-cı
illərin Azov yürüşləri oldu. Bir neçə uğursuz yürüşdən sonra, nəhayət 1696-cı
ildə Azov qalası ruslar tərəfindən alındı. Don çayının mənsəbində yerləşən
Azov qalasının ələ keçirilməsi dənizə çıxış üçün imkan verirdi ki, bu da Azov-
Qara dəniz hövzəsində Portanın tək hökmranlığını məhdudlaşdırırdı. Lakin I
Pyotr müha
ribəni daha da genişləndirmək üçün Türkiyə əleyhinə Avropa
dövlətlərindən ibarət koalisiya yarada bilmədi. Nəticədə Rusiya Osmanlı
dövləti ilə 1700-cü ildə İstanbul müqaviləsini imzalamalı oldu. Müqaviləyə
görə Azov qalası Rusiyaya keçdi. Lakin Rusiya onu uzun müddət əlində
saxlaya bilmədi. I Pyotrun 1711-ci il Prut səfəri uğursuzluqla nəticələndikdən
sonra qalanı Türkiyəyə qaytarmalı oldu. Bundan sonra Rusiya Qara dənizlə
bağlı planlarını bir müddət təxirə saldı [15, 26].
Rusiyanın Qara dənizdən və Xəzər dənizindən keçən mühüm ticarət
yollarını tutmaq və Prut müqaviləsinə görə itirdiyi əraziləri geri qaytarmaq
məqsədi 1736-1739-cu illəri əhatə edən növbəti rus-türk müharibəsinə səbəb
oldu. Bu müharibə nəticəsində 1739-cu ildə imzalanmış Belqrad müqaviləsinə
görə Azov qalası Rusiyaya keçsə də, o, qalanı möhkəmləndirmək və Azov
dənizində donanmaya sahib olmaq hüququ əldə edə bilmədi.
XVIII əsrin ikinci yarısında Rusiyanın xarici siyasətində cənub istiqamə-
ti, xüsusilə Qara dəniz problemi daha inadkar xarakter aldı. II Yekaterinanın
hələ I Pyotrun dövründə qarşıya qoyulmuş mühüm strateji məqsədi həyata ke-
çirmək cəhdi Türkiyə ilə iki böyük müharibənin baş verməsinə gətirib çıxardı.
1768-1774-
cü illər müharibəsi nəticəsində rus gəmilərinə Qara dənizdə
ilk dəfə olaraq üzmək ixtiyarı verildi, rus ticarət gəmiləri boğazlardan sərbəst
keçmək hüququ aldı. Bununla da, Rusiya Qara dəniz dövlətinə çevrildi. Bu
müqavilə rusları Qara dənizə gətirərək onlara Qafqaza və Kubana sərbəst çıxış
96
verdi. Krımın işğalı üçün əlverişli şərait yaratdı.
Rusiya Qara dəniz sahillərində möhkəmləndi və burada hərbi donanma
yara
daraq, qalalar tikərək özünün cənub sərhədlərinin təhlükəsizliyini təmin
etmək imkanı qazandı. Eyni zamanda ölkənin xarici ticarəti üçün də perspek-
tiv
lər açıldı. Dnepr, Don, Kerç kimi vacib çayların mənsəbinə sahib olan rus
tacirləri digər ölkələrlə öz ticarət əlaqələrini genişləndirdi. Bütün bunlar, eləcə
də boğazların rus ticarət gəmiləri üçün açılması Rusiyanın cənub sərhədlərinin
inkişafını təmin etdi.
Bu mü
qavilə Qara dəniz problemini qismən həll etmiş oldu və Rusiyanın
qarşısına yeni tələblər qoydu - Bosfor və Dardanel boğazlarının rus hərbi
gəmiləri üçün açılması. Bundan sonra Rusiya məhz bu məqsədinin həyata
keçməsi üçün səy göstərməyə başladı.
Kiçik Qayn
arca müqaviləsinə əsasən Krım müstəqil elan edilsə də o, öz
istiqlaliyyətini müdafiə edə bilmirdi. Türkiyənin yardımından məhrum olan
xanlıq daxilən zəifləmişdi. Bundan istifadə edən II Yekaterina 1783-cü ildə
Krımın Rusiyaya birləşdirilməsi haqqında fərman verdi. Krımın birləşdirilməsi
Rusiya üçün çox böyük əhəmiyyət kəsb edirdi. Əbəs yerə Avstriya kralı II
İosifin qardaşı Leopold Toskanski Rusiyanın Krım yarımadasından İstanbulun
taleyi üçün təhlükə yaratdığını deməmişdi [16, 408]. Osmanlı dövlətinin buna
etirazı növbəti müharibə üçün bəhanə oldu. 1787-1791-ci illərdə baş vermiş
müharibənin sonunda imzalanmış Yassı müqaviləsinə görə isə Rusiya geniş
ərazilər ələ keçirdi, Şimali Qara dəniz ətrafı ərazilərdə möhkəmləndi, həmçinin
Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ aldı. Bu bir tərəfdən
ölkənin müdafiə qabiliyyətini artırdı, digər tərəfdən isə Qara dəniz limanları
vasitəsi ilə rus məhsullarının daşınmasına imkan yaratdı. Rusiyanın Aralıq
dənizi ölkələri ilə əlaqələri genişləndi.
Rusiyanın xarici siyasətindəki cənub istiqamətində digər bir məsələ Qaf-
qaz idi. Burada da onun əsas rəqibi Osmanlı dövləti oldu. Rusiya İsveçlə apar-
dığı Şimal müharibəsini uğurla başa çatdırdıqdan sonra Qafqaz öz nüfuz
dairəsinə daxil etmək üçün tədbirlər görməyə başladı. Bu isə öz növbəsində
həm Şimali, həm də Cənubi Qafqazda Rusiya və Osmanlı dövləti arasında
dəfələrlə müharibə şəraitinin yaranmasına səbəb olurdu. XVIII əsrin birinci
yarısında Rusiya Qafqazda elə bir ciddi nailiyyət əldə edə bilməmişdi. Lakin
əsrin ikinci yarısında vəziyyət dəyişdi. Rusiya ilə Osmanlı dövləti arasında
1768-1774-
cü illərdə baş vermiş müharibə nəticəsində imzalanmış Kiçik Qay-
narca müqaviləsinə əsasən Böyük və Kiçik Kabarda üzərində Rusiya himayə-
çiliyi elan olundu. Bu aktla hüquqi
cəhətdən Kabardanın Rusiyaya birləşdiril-
məsi başa çatdı. 1774-cü ildə osetinlər, 1781-ci ildə isə çeçen-inquşlar Rusi-
yanın tərkibinə daxil edildilər. Birinci rus-türk müharibəsindəki qələbələrindən
sonra Qara dənizin şimal sərhədlərində və Şimali Qafqazda xeyli möhkəm-
lənən Rusiya Gürcüstanın da işğalına dair öz planlarını həyata keçirməyə
başladı. 1783-cü ildə Georgiyevsk qalasında Rusiya ilə Kartli-Kaxetiya çarlığı
arasında traktat imzalandı. Bu müqavilə ilə Şərqi Gürcüstan Rusiyanın
97
himayəsini qəbul etdi. Türkiyə isə ikinci rus-türk müharibəsindən sonra bunu
tanımalı oldu [17].
Beləliklə, Rusiya XVIII əsrin sonlarında xarici siyasətindəki cənub
istiqaməti ilə bağlı qarşısına qoyduğu məsələlərin bir qismini həll etmiş oldu.
Belə ki, uğrunda uzun illər boyu mübarizə apardığı Qara dənizə çıxış əldə etdi.
Boğazlardan özünün ticarət və hərbi gəmilərini keçirmək hüququ qazandı.
Ölkəsinin iqtisadi cəhətdən güclənməsi üçün mühüm əhəmiyyət kəsb edən
Şimali Qara dəniz sahillərində, Şimali Qafqazda möhkəmləndi.
ƏDƏBİYYAT
1.
Анисимов Е.В. Россия в середине XVIII в. М.: Мысль, 1988, 237 с.
2.
Виноградов В.Н. Дипломатия Екатерины Великой // www.vivosvoco.ru
3.
Соловьев С.М. История России с древнейших времен. М.: Мысль, 1965, 670 с.
4.
История дипломатии. М.: АСТ, 2009, 943 с.
5.
История внешней политики России в XVIII веке. М.: Наука, 1998, 548 с
6.
Николаев В. Польский вопрос // www.zavtra.ru
7.
Стегний А.С. Разделы Польши и дипломатия Екатерины II 1772-1795. М.: Меж. от-
нош. 2002, 673 с.
8.
Ключевский В.О. Курс русской истории. М.: Вече, 2004, 448 с.
9.
Россия в XVIII-XX веках. Москва: Университет, 2000, 254 с.
10.
Измозик В.С. Империя в XVIII веке // www.naukomania.ru
11.
Поршнев Б.Ф. К вопросу о месте России в системе европейских государств в XV-
XVIII
веках. М.: Моск. Университет, 1948, 275 с.
12.
Haluk Gürsel Tarih boyunca türk-
rus ilişkileri. İstanbul: Ak Yayınları, 1968, 837 s.
13.
Мзареулов А.М. Южное направление во внешней политике России //www.viperson.ru
14.
Троицкий С.М. Россия в XVIII веке. М.: Наука, 1982, 254 с.
15.
Орешкова С.Ф. Русско-турецкие отношения в начале XVIII в. М.: Наука, 1972, 205 с.
16.
Брикнер А.Г. История Екатерины // М.: СВАРОГ и К., 2000, 618 с.
17.
Назаров М.В. Георгиевский трактат // www.rusidea.org
МЕЖДУНАРОДНОЕ ПОЛОЖЕНИЕ
РОССИИ В ХВЫЫЫ ВЕКЕ И ЮЖНОЕ НАПРАВЛЕНИЕ
ВО ВНЕШНЕЙ ПОЛИТИКЕ
М.П.ОСМАНЛЫ
РЕЗЮМЕ
В статье изучаются развитие основных аспектов международных отношений
России со странами Европы, а также её участие в общеевропейских конфликтах и вза-
имные связи с Османской империей. Также показаны, какие процессы обусловили место
России в системе международных отношений. Следующий вопрос данной статьи явля-
ется Южное направление во внешней политике России ХВЫЫЫ веке. Южное направление
в политике ХВЫЫЫ века служила целью выхода к теплым морям, захватить Крым и укре-
пить свое влияние на Кавказе и на Балканах. Здесь также исследуются вопросы, связан-
ные столкновением интересов России и Османской империи в этих регионах.
Ключевые слова: Россия, политика, положение, Юг, направление
98
EXTERNAL SITUATION OF RUSSIA AND THE SOUTHERN
DIRECTION IN ITS FOREIGN POLICY IN THE XVIII CENTURY
M.P.OSMANLI
SUMMARY
The relations of Russia with the European countries in the XVIII century, its participa-
tion in the European conflicts occurring in Europe, development of the mutual relations with
Ottoman State in external aspect are studied in the article. The processes conditioning the posi-
tion of Russia in the international system are specified as well. Further, the article studies the
southern direction of Russian foreign policy in the XVIII century. The southern policy served
the purpose of accessing to the hot seas, possessing the Crimea, and strengthening in the
Caucasus and the Balkans.
The ways of the solution of the clash of interests of Russia and the Ottoman Empire in
these regions are illustrated as well.
Key words: Russia, policy, situation, South, direction
99
Dostları ilə paylaş: |