Bayramov Mətləb Rəşid oğlu
Mənim yay təcrübəm.
Ailəmiz “ neftçilər ” ailəsidir. Uşaqlıqdan neftin çıxarılması, emalı haqqında
söhbətləri maraqla dinləmişəm. Hər şey mənə çox qəribə, eyni zamanda əlçatmaz
görünüb. Valideynlərim həkim olmağımı arzulasalar da maraqlarım mənim
Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi olmağıma səbəb olub. İkinci
kursda oxuyub nəzəri biliklərə yiyələnsəm də, neft quyularının qazılma üsulları,
neftin çıxarılması haqqında danışan təcrübəli mütəxəssisləri dinlədikcə hər şey
mənə çox çətin görünürdü. Fikirləşirdim ki, mən də bir vaxt öz ixtisasımı belə
dəqiq öyrənib ətrafımdakılara izah edə biləcəyəmmi.
ARDNŞ-nin gənclərə olan qayğısı, istedadlı, dərin biliklərə yiyələnmiş, daha
mükəmməl mütəxəssislərin yetişdirilməsi yolunda gördüyü işlər haqqında cox
eşitmişdim. Bu barədə socar.az/təhsil saytında oxuduqdan sonra məndə də “Yay
təcrübəsi” proqramında iştirak etmək arzusu oyandı. Sənədlərimi verdim və mən
də təcrübəçilər sırasına qəbul olundum.
Siyahıda öz adımı və “Azneft” İB-də təcrübə keçəcəyimi görüb çox
sevindim. Socar.az saytından “Azneft” İB haqqında ətraflı məlumatları və xəbərləri
oxumağa başladım.
Nəhayət , səbirsizliklə gözlədiyim gün gəlib çatdı və mən “Azneft” İB-nə
yollandım. İlk öncə İstehsalat Birliyinin rəhbər işçiləri ilə görüşdük. Onlar bizi
səmimi qarşılayıb, uğurlar arzuladılar.
Kadrlar şöbəsində də eyni səmimiyyətlə məni qəbul etdilər və təcrübə
keçmək üçün “Bibiheybətneft” NQÇİ-nə göndərdilər.
Beləliklə, ilk yay təcrübəmə dünyanın neft tarixinə düşən və 160 ildən artıq
bir dövrdə neft hasil edən “Bibiheybətneft” NQÇİ-də başladım. İdarəyə gəldiyim
ilk gündən diqqət və qayğı ilə qarşılandım. “Bibiheybətneft” NQÇİ-nin rəisi İlqar
Həmzəyevlə tanışlıq məndə xoş təəssurat oyatdı. Onun mənə və digər təcrübəçilərə
tövsiyəsi bu oldu ki, “ sizə verilən fürsətdən səmərəli istifadə edin, daha çox və
mükəmməl öyrənməyə çalışın.”
Mənimlə müvəqqəti əmək müqaviləsi bağladılar və mən neftçilərin sırasına
daxil oldum.
Mənim təcrubə keçəcəyim mədən isə 1-ci mədən oldu. Birinci mədəndə də
mən həmin diqqət və qayğını hiss etdim, sanki mən çoxdan bu kollektivin
işçisiyəm. Həmin diqqət və qayğının sayəsində birinci dəfə qarşılaşdığım
insanların arasında “yadlıq” hiss eləmədim. Bu məni daha da ürəkləndirdi və mən
sual verməkdən çəkinmədim.
Təcrübə rəhbərim, 1-ci mədənin rəisi Elxan Dadaşov və müavini Eldəniz
Səfiyev məni əvvəlcə mədənin sxemi ilə, təhlükəsizlik qaydaları ilə tanış etdilər.
Məni məlumatlandırdılar ki, işləyən zaman bilməli olduğum vacib şərtlərdən biri
texniki təhlükəsizlik qaydalarıdır və bu qaydalara əməl etmək mütləqdir.
Sonrakı günlərdə mən də onlarla mədənə gedirdim. Neftçi mütəxəssislərlə
birlikdə, çiyin – çiyinə, xüsusi geyimdə mədənə gedən yolda addımladıqca həm
həyəcan , həm də qürurverici hisslər keçirirdim. Nəhayət ki, neft çıxarılan quyunu
yaxından gördüm. Uşaqlıqda “kaçalka” kimi tanıdığımız mancanaq dəzgahını,
nasosları kitablarda deyil, işləyən vəziyyətdə gördüm.
Elxan müəllim, Eldəniz müəllim , hətta ustalar da mənə quyunun qazılması,
neftin çixması, çıxarılan neftin seperatorlara vurulması və orada sudan və qazqan
təmizləndikdən sonra emal üçün göndərilməsi proseslərini bütün incəlikləri ilə
izah edirdilər. Neftin yerin üst qatına yaxın yerləşdikdə daha asan üsulla əldə
edildiyini, dərinlıkdə yerləşən laylara çatmaq üçün quyuların necə qazıldığını və
oraya qazma borularının necə salındığını, boruların ucuna qazma baltasının necə
bağlandığını elə səbrlə, həvəslə başa salırdılar ki, mənim marağım daha da artırdı.
Onlar yataqların işlənməsi zamanı yeni avadanlıqların tətbiqi nəticəsində neft
hasilatının artdığını da qeyd etdilər.
I kursda tanış olduğum “ Nanotexnologiyaların neftçıxarmaya tətbiqi”
mövzusu məndə maraq oyatmışdı. Mənə bu mövzu ətrafında da daha genış
məlumat verərək, “Bibiheybətneft” NQÇİ-nin mədənlərində quma, parafinə, duza
qarşı nanotexnologiyaların tətbiqi və onun nəticələrindən danışdılar.
Mən yalnız quyuların necə qazılması, neftin necə çıxarılması və nəql
olunması ilə deyil “ Bibiheybətneft” NQÇİ-nin iqtisadi göstəriciləri və bütün
sahələrdə əldə etdikləri nailiyyətləri ilə də tanış olurdum. Neftçilərə göstərilən
sosial qayğının, onların istirahəti və müalicəsi üçün müxtəlif regionlara və istirahət
mərkəzlərinə göndərişlərin verildiyinin də şahidi oldum.
Təcrübədə olduğum zaman idarənin rəisi İlqar müəllim dəfələrlə mənimlə və
digər təcrübəçilərlə maraqlanıb , çətinliyimizin olub-olmadığını soruşub. İşə
marağımın nə dərəcədə olduğunu yoxlamaq üçün suallar verib. Onu qane edən
cavabı almadıqda iradını bildirib, həmin sahəyə daha diqqətlə yanaşmağı tapşırıb,
eyni zamanda izahatlar verib.
Təcrübə zamanı öyrəndim ki , neft çıxarmaqla bərabər ətraf mühitin
qorunması da vacibdir. Ona gorə də neftlə çirklənmiş ərazilər mütamadi olaraq
təmizlənir. Bundan əlavə mənə qazma üsulları, korrektorda mayelərin hərəkəti,
layın ilkin açılış forması, neftyığma məntəqəsinin iş prinsipi, mancanaq dəzgahı,
nasosların növləri və iş prinsipləri və s. barədə geniş məlumat verdilər. Eldəniz
müəllim nəinki öyrədirdi , eyni zamanda mənim hər şeyi lazım olduğu kimi başa
düşüb yadda saxlamağımı yoxlamaq üçun suallar da verirdi. Bu vaxta qədər bir
çox detalların, avadanlıqların cizgilərinə baxanda və ya hansısa detalın cizgisini
çəkəndə çətinlik çəkirdimsə, indi hər şeyi təcrübədə gördükdə sanki daha asan
qavrayıb yadda saxlamaq olurdu. Mənə göstərdikləri diqqətə, eyni zamanda
tələbkarlığa görə onlara minnətdaram.
Onların əməyinin nəticəsidir ki, mən elə dərs ilinin ilk günlərində müəllimin
verdiyi “nasosların iş prinsipi” haqında suallara daha sərbəst və əminliklə cavab
verdim. Müəllim razı qaldığını bildirəndə, “səni yaxşı öyrədiblər” deyəndə
“təcrübə müəllimlərim”i bir daha minnətdarlıqla xatırladım.
Təcrübədə olduğumuz müddətdə İnsan Resursları Departementinin, “İki
sahil” qəzetinin, “ İctimai ” televiziyanın əməkdaşları da bizimlə maraqlanırdılar .
Bizdən təcrübədən razı qalıb qalmadığımızı, irad və təkliflərimizı soruşurdular.
Arzularımızı gerçəkləşdirən bir proqrama, bizi səmimyyətlə qarşilayan,
bilmədiklərimızı bizə öyrədən, bizim simamızda öz davamçılarını görən insanlara,
əlbətdə ki, hec bir iradımızın olmadığını söyləyirdik. Fikrimcə hər şeyin
qaydasında , mənim təsəvvür etdiyimdən də yaxşı təşkil olunduğu üçün hec bir
təklifimin olmadığını söylədim. Axı “Yay təcrübəsi ” proqramının köməyi ilə biz
nəinki biliklərimizi təcrübə ilə birləşdirib, ixtisasımızın sirlərinə daha dərindən
yiyələnirik , həm də əmək haqqı alırıq. İndi mənim əmək kitabçam var və mən öz
əmək fəaliyyətimə neftçi kimi başlamısam.
Yay təcrübəm cəmi bir ay oldu. Bir ayda mən “ hər şeyi öyrəndim ” desəm
təbii ki, duz olmaz. Ancaq bu bir ay mənim özumə güvənimi artırdı. Mən də
gələcəkdə həm savadlı, həm də təcrübəli bir mütəxəssis olmağı arzulayıram.
Bu şəraiti bizə yaratdıqları üçün, həm təcrübə vaxtı, həm də təcrübədən
sonra öz diqqət və qayğılarını bizdən əsirgəmədiklərinə görə ARDNŞ-nin
rərbərliyinə, İnsan Resursları Departamentinin kollektivinə dərin təşəkkür edirəm.
Arzum növbəti illərdə də “ Yay təcrübəsi ” proqramında iştirak etmək,
yenidən “Bibiheybətneft” NQÇİ-nin mehriban kollektivinə qatılıb , onların
köməkliyi ilə biliklərimi daha da artırmaqdır. Bu isə o deməkdir ki, mən yenidən
təcrübəçi olmaq şansını qazanmaq üçün daha çox çalışmalı, daha yaxşı
oxumalıyam.