Azərbaycan Milli Elmlər Akademiyası
Mərkəzi Elmi Kitabxana (MEK)
H E S A B A T 2016
MEK 2016-cı ildə bir sıra sahələrdə birinciliyə imza atdı.
2016-cı ildə MEK Azərbaycanda İLK DƏFƏ olaraq:
Vahid İdarəetmə Sistemini hazırladı və onun tətbiqinə başladı,
Milli Rəqəmsal Yaddaş layihəsini işlək vəziyyətə gətirdi,
Vikipediyaya məqalələrin daxil edilməsi üzrə AMEA qurumlarına və
kənar təşkilatlara sistemli təlimlər keçdi,
Azərbaycanda 17 ən qədim kitabı mühafizə edən və mütəxəssislərin
istifadəsinə verən kitabxana kimi tanındı,
Qanunvericiliyə, o cümlədən “Nəşriyyat haqqında Qanun”a islahat
yönümlü təkliflər verdi,
İlk dəfə elektron resursun istifadəsinə icazə verən müəllif hüquqları
müqaviləsini tətbiq etdi,
Türk dilində mənbələrin ən böyük e-siyahısını (94000) yaradıb
mütəxəssislərin istifadəsinə verən kitabxana kimi tanındı.
Hesabatın sənədləşdirilməsi: Hesabat MEK-in AMEA vitse-prezidenti akademik
İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş 29 dekabr 2016-ci il tarixli ümumi
iclasında müzakirə edilmişdir. MEK İdarə Heyətinin 13 yanvar 2017-ci il tarixli
iclasında düzəlişlərlə təsdiq edilmiş (protokol əlavə olunur), AMEA RH Elm və
Təhsil şöbəsinə çap və elektron formatda təqdim olunmuşdur.
Təşkilatın kateqoriyası: AMEA Rəyasət Heyəti nəzdindəki təşkilat.
Hazırkı hesabat ənənəvi olaraq kitab (1.391.445) və oxucu sayı (2816 rəsmi
elektron qeydiyyatdan keçmiş) üzərində yox, kitabxananın 2016-2019-cu illər üçün
İdarə Heyəti tərəfindən müəyyən edilmiş məramı və strateji hədəfləri üzərində
qurulmuşdur.Hesabata siyahılar, rəqəmlər və faktlar əlavə olunur.
Mərkəzi Elmi Kitabxananın İdarə Heyəti tərəfindən 2016 – 2019-cu illər üçün
təsdiq edilmiş məramı, iş prinsipləri və əsas hədəfləri:
MEK-in MƏRAMI
Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan
Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni
nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında
istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün
informasiya təminatının yaxşılaşdırılması, Azərbaycanın milli-tarixi irsini təşkil
edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanılıb
saxlanılması, eləcə də dünya tarixi və mədəniyyətinin istifadəçilərə təqdim
olunması yolu ilə dövlət və milli maraqlara uyğun oxucu icmasını
formalaşdırmaq və akademik icmanın mərkəzinə çevrilməkdir.
MEK-in İŞ PRİNSİPLƏRİ
1.MEK AMEA-nın bir hissəsidir, AMEA-ya uyğun olaraq formalaşır və
formalaşdırır. MEK bütün kitabxanaların inkişaf prosesində keçməli olduğu üç
mərhələdən birinci (kitab fondlarının, oxucu sayının və yerləşdiyi məkanın
sahəsinin artırılması) və ikinci (oxucuların diqqət mərkəzinə gətirə biləcəyi xüsusi
xidmətlər, müxtəlif meyarlar əsasında sənəd toplularının formalaşması və s.) başa
vurmuş və üçüncü (akademik oxucu icmasının formalaşdırılması) mərhələyə
daxil olmuşdur.
2.İnformasiya və xidmətlər bütün əhali qrupları üçün açıq və əlçatandır. MEK
18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları üçün açıqdır. MEK akademik
ictimaiyyət də daxil olmaqla fəaliyyətini mandatına uyğun olaraq bütün kitabxana
istifadəçiləri ilə interaktiv qarşılıqlı anlaşma əsasında həyata keçirir, oxucuların
tələblərinə və ehtiyaclarına köklənmiş müasir şəkildə AMEA Rəyasət Heyətindən
başlayaraq tələbə istifadəçilərə qədər bütün sorğuları dərhal araşdırıb cavablandırır.
3.Şəffaflıq və hesabatlılıq. Kitabxanaya çap və ya elektron formatda daxil olan
hər bir sənəd (kitab, jurnal, marka, xəritə, əlyazma və s.) dərhal aktlaşdırılır, MEK
saytında yerləşdirilir. MEK barəsində bütün məlumatlar saytda, sosial şəbəkələrdə,
sosial kanallarda açılmış səhifədə və mediada əks olunur.
4.Peşəkarlıq və operativlik. İstifadəçilərə daha operativ və yüksək keyfiyyətli
xidmətin təmin edilməsi məqsədilə MEK əməkdaşları informasiya təminatının
müasir metodlarını və istiqamətlərini daim araşdırır, eyni zamanda peşəkarlıqlarını
həm fərdi, həm də ümumi komanda şəklində mütəmadi olaraq artırırlar.
5.Qənaətçillik. MEK dövlət büdcəsinin hətta mühafizə olunan büdcə xətlərini də
qənaətlə işlədir. Mühafizə olunmayan xətlər üzərində isə (tədbirlərin keçirilməsi,
kitabların alınması və s.) xərclər minimal dərəcəyə çatdırılır və mövcud resurslar
səfərbər olunur.
STRATEJİ HƏDƏFLƏR (2016-2019)
1.
VİS (Vahid İdarəetmə Sistemi) platformasının bütün komponentlərinin (kitab,
oxucu, yazışma, sənədləşmə, maliyyə, insan resursları) tam hazırlanıb istifadəyə
verilməsi.
2.
Milli Rəqəmsal Yaddaşın qeydiyyat, rəqəmsallaşdırma və qorunub saxlanılma
proseslərinin işlək səviyyəyə gətirilməsi.