AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM
NAZİRLİYİ
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
Xalq artisti Rəşid Behbudovun anadan
olmasının 95 illik yubileyi münasibətilə
Dünya, mənə nəyin qaldı
(metodik vəsait)
B A K I- 2010
I. Həyat və yaradıcılığı
Tələsin, insanlar, şadlıq görməyə,
Qəm-qüssə görməyə gecikin bir az.
Tələsin, insanlar, deyib-gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az...
Azərbaycan mədəniyyətini və incəsənətini dünya arenasına çıxarmaqda
misilsiz xidmətləri olan, milli musiqimizin gücü və Tanrının bəxş etdiyi ecazkar
səsinin sehri ilə milyonların, milyardların qəlbini ovsunlayan bənzərsiz sənətkar
Rəşid Behbudovun bu il 95 illik yubileyi qeyd olunur. Unudulmaz sənətkarın
cismani yoxluğundan bizi 21 illik zaman kəsiyi ayırsa da, planetin, demək olar ki,
bütün guşələrinə səpələnmiş, sayı-hesabı bilinməyən rəşidsevərləri həmin ilahi səs,
təkrarsız avaz bir an da olsun tərk etmir, yalqız qoymur. Sənətin, sənətkarın
böyüklüyü, əlçatmazlığı da bundadır.
14 dekabr 1915-ci ildə Məcid kişinin evində bir körpə dünyaya gəldi. Adını
Rəşid qoydular. “Xoş taleyini Tanrı yazsın” dedilər. O zaman bir kimsənin ağlına
da gəlməzdi ki, qədim Tiflisin köhnə məhəlləsində əslində Azərbaycanın sənət
korifeyi doğuldu. Bunu qarşıdan gələn illər təsdiqləməli idi. O, qaraqaş, gözəl
oğlan uşağı gələcəkdə milyonlarla insanı öz səsinin sehrinə salan Rəşid Behbudov
idi. Rəşid Behbudovun gözəl və məlahətli səsi var idi. Gözəl səs Allah vergisidir.
Xoşbəxtlikdən Rəşid Tanrının bu bəxşişinə layiq görülmüşdü. Amma İlahidən
gələn bu varidatı Rəşid Behbudov məhz öz zəhməti, düşüncəsi, ən başlıcası,
məsuliyyəti ilə daha da ustalıqla qorudu, onu eşidənlərə yüksək zövqlə,
mədəniyyət və cazibədarlıqla təqdim etdi. Bəlkə də elə bu qabiliyyəti, məharəti,
böyüklüyü, Rəşidə bənzərsizlik və əbədiyaşarlıq bağışladı. Bu gün Rəşidin yeri
görünür…
Rəşid Behbudov ifaçılıq fəaliyyətinə başlayanda cəmi 15 yaşı vardı. Sözün
əsl mənasında, qeyri-adi, gözəl və zəngin çalarlı səsə malik olan Rəşid Behbudov
nəinki Azərbaycana, eləcə də keçmiş sovet məkanına məxsus ifaçılıq məktəbinin
çox görkəmli nümayəndələrindən biri olmuşdur. Rəşid Behbudovdan sonra ikinci
elə bir sənətkarımız yoxdur ki, dünyada 50-dən artıq xalqın mahnısını həmin
xalqın dilində ifa etsin. Böyük müğənninin səsinin ahəngində, nəfəsində qəribə bir
həzinlik, məlahət vardı. Bu səsin cazibəsi, əfsunu elə güclü idi ki, bu gün də Rəşid
Behbudovun yeri göynəyir və görünür. Böyük sənətkarlıqdan öncə unudulmaz
Rəşid Behbudov Azərbaycanı, onun təbii gözəlliklərini, insanlarını bütün varlığı ilə
sevən vətəndaş idi. Anasından və Vətənindən eyni dərəcədə doya bilməyən, doğma
torpağın hər qarışına baş əyməkdən yorulmayan Rəşid Behbudov bu sevgisini öz
mahnılarında çox qüdrətlə ifadə edirdi. İndi də həmin nəğmələri eşidəndə qəribə
hisslər keçirirsən. Yurdumuz haqqında oxuduğu mahnılarda çəkdiyi Azərbaycan
harayı adamın varlığından bir üşütmə keçirirdi. Sanki bu səsin qüdrəti adamın
ayağını torpağa bağlayaraq ruhunu göylərə aparırdı. Vətən istəyini səsin vasitəsilə
bu cür dərinliklə bildirmək hər müğənniyə müyəssər deyildi. Bu, ancaq Rəşid
Behbudova xas ilan nadir bir istedadın sayəsində baş verirdi.
Ustadı təkcə öz Vətənində sevmirdilər! Çoxları bunu indi də etiraf edir ki,
vaxtilə dünya Azərbaycanı iki nemətinə-bir neftə, bir də Rəşidin səsinə görə
tanıyırdı. Məmləkətlər, ölkələr dolaşmışdı onun səsi. Rəşid Behbudov keçmiş
SSRİ-nin bütün respublikalarında, eləcə də Albaniya, Bolqarıstan, ərəb ölkələri,
Hindistan, Çin, Finlandiya, İran, İraq, Türkiyə, Çili, Argentina və s. ölkələrdə
dəfələrlə qastrol səfərlərində olmuşdu. O, yerlərə səsini aparan, nəğmələrini
ərməğan edən Rəşid Vətənə ürəyi dolu sevgilərlə qayıdırdı. O, ayrılıqda da
Azərbaycandan oxuyurdu, Vətənə dönəndə də.
Azərbaycan milli kinosunun inkişafında da Rəşid Behbudovun zəhməti çox
olub. 1945-ci ildə “Arşın mal alan” filmində oynadığı Əsgər obrazı çox uğurlu və
maraqlı alındı. Təkcə elə bu filmin ona gətirdiyi geniş şöhrət bir ömrə bəs edəcək
əsl sənət müvəffəqiyyəti idi. “Bəxtiyar” filmində Bəxtiyar obrazı da sanki
müğənninin elə öz bioqrafiyası idi. Azman sənətçimizin Azərbaycan opera
səhnəsində bir sıra möhtəşəm tamaşalarda ifa etdiyi partiyalar vokal sənətimizin
tarixində əhəmiyyətli yer tutmuşdur. Üzeyir Hacıbəyovun “Arşın mal
alan”(Əsgər), Fikrət Əmirovun “Sevil” (Balaş) operalarında Rəşidin ifasındakı
partiyalar həmişə yüksək qiymətləndirilmişdir.
Müxtəlif musiqi kollektivlərində, teatrlarda, ansambıllarda çalışan xalq
artisti Rəşid Behbudov 1966-cı ildə Dövlət Mahnı Teatrını yaratdı. Bununla da o,
Azərbaycan musiqi və estrada sənətinin müxtəlif janrlarını birləşdirərək
incəsənətimizin yeni, original və pozulmaz səhifələrini yazdı. Dahi sənətçimizdən
yadigar və nişanə qalan həmin Mahnı Teatrı bu gün böyük müğənninin adını
daşıyır və yaşadır. Rəşid Behbudov elə böyük ürək sahibi idi ki, həmişə özündən
sonra gələnləri düşünürdü. İndi onun yaratdığı bu sənət məbədində məhz Rəşid
məktəbinin davamçıları fəaliyyət göstərirlər.
1989-cu il iyunun 9-da ölkənin musiqi mədəniyyətinə ağır itki üz verdi.
Görkəmli müğənni, ictimai xadim, xalq artisri, Sosialist Əməyi Qəhrəmanı, keçmiş
SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Rəşid Məcid oğlu Behbudov 74
yaşında Moskva şəhərində vəfat etdi.
II. Yubiley tədbirlərinin keçirilməsi.
Oxuyur Rəşid Behbudov. Az sonra bu ecazkar səsin kəməndinə dolanıb
bircə özünü görürsən, özünlə baş-başa qalırsan. Bu səsi illər uzunu canlı
dinləmişik. Həmişə də şirinliyi, saflığı, duruluğu ilə seçilib. Rəşid Behbudov
səhnədə, ekran qarşısında gözümüz görə-görə yaşa dolsa da, səsi qocalmadı. Elə
saf, elə duru çağlayırdı ki, sanki bir ovuc bulaq suyudur. Dünyasını dəyişməsindən
21 il ötməsinə baxmayaraq, biz yenə eyni məhəbbətlə, eyni sevgi ilə Rəşid
Behbudovun lent yazılarını dinləyir, onu sıralarımızda yaşayırmış kimi görürük.
Rəşid Behbudova olan sevginin, ehtiramın nəticəsi olaraq onu bir daha
yada salmaq üçün respublikamızın hər bir yerində sənətkarın yubileyi bağlı
tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Yubiley tədbirlərinin keçirilməsi ilə
əlaqədar olaraq respublikamızın hər bir təhsil, mədəniyyət ocaqlarında Rəşid
Behbudovun yaradıcılığı ilə bağlı bir sıra tədbirlər planı hazırlanmışdır ki, belə
tədbirlərin siyahısı genişdir. Xalq artisti Rəşid Behbudovun yubileyinin geniş
şəkildə qeyd olunması ilə əlaqədar olaraq F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında da tədbirlər planı hazırlanmışdır. Belə tədbirlərdən kitab
sərgilərini, şeir müsabiqələrini, oxucu konfranslarını, səhərcikləri, xatirə gecələrini,
ədəbi-bədii gecələri nümunə gətirmək olar. İlk öncə kitabxanada xalq artisti Rəşid
Behbudovun yubileyi ilə bağlı sərginin keçirilməsi vacibdir. Sərgidə Rəşid
Behbudovun şəkilləri ilə yanaşı onun bir çox illərdə verdiyi konsertlərin afişaları
da nümayiş olunur. Həmçinin sərgidə görkəmli insanların Rəşid Behbudov
haqqında söylədikləri sitatlar da öz əksini tapmalıdır. Sərgi müxtəlif başlıqlar
altında keçirilə bilər. Məsələn: “Oxuyur Rəşid Behbudov”, “Rəşid Behbudov-95”,
“Rəşid sənəti əbədiyaşardır”, “Yer üzünü dolaşan səs”, “Dünyaya və zamana
sığışmayan səs”, “Səni tərənnüm edirəm, Azərbaycanım!” və s. İndi isə sərginin
nümunəsini veririk.
1.
Başlıq: “Rəşid sənəti əbədiyaşardır”
2.
Şəkillərinin nümayişi.
3.
Görkəmli insanların nəğməkar haqqında söylədikləri sitatlar.
4.
Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.
5.
Kitablarının nümayişi.
6.
Rəşid Behbudov haqqında vidolentin nümayişi.
7.
Şeir parçası.
Oxu, Rəşid!
Qışda dağlar açsın çiçək,
Oxu! Olaq elə həzin,
Elə kövrək,
Yaz buludu kimi dolaq,
İsti yağan yağış olaq.
Sitatlar:
1.
Rəşid Behbudov nadir bir insandır, nadir şəxsiyyətdir. Azərbaycan
mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır.
Heydər Əliyev
Ulu öndər
2.
Sevimli sənətkarımızın Azərbaycan şəlalələrinin şırıltısı kimi könül aşan
ecazkar səsinin xoş sədası hələ bundan sonra da neçə-neçə ürəkləri fəth
edəcəkdir.
Lütfiyar İmanov
Xalq artist
3.
Böyük müğənninin yüksək professional və orijinal sənətkarlığı bu gün də ən
müxtəlif zövqlü saysız-hesabsız tamaşaçının diqqətini cəlb edir. Bəli,
Azərbaycan incəsənətinə beynəlxalq miqyasda böyük hörmət və nüfuz
qazandırmış Rəşid Behbudovun qüdrətli sənəti onu dünya xalqlarının
sevimlisinə çevirmişdir.
Elmira Abbasova
Professor
4.
Eşq olsun ürəyində xalqını gəzdirən, əməllərində xalqının ruhunu yaşadan
Vətən oğullarına! Belə oğullar hər yeni nəsillə birgə yenidən doğulur, ömrü
xalqın ömrünə qarışır, yaşı da şərtiləşir.
Bəxtiyar Vahabzadə
Xalq
şairi
5.
Əsl müğənni və sənətkar ömrü yaşamış, öz yaradıcılığı ilə mədəniyyət
tariximizin parlaq şəxsiyyətlərindən olan, görkəmli səhnə ustası və ictimai
xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə zəngin bir irs qoyub
getmişdir.
Polad Bülbüloğlu
Xalq
aristi
6.
Xalqımızın zəngin musiqi ənənələrinə əsaslanan, vokal sənətimizi
novatorcasına inkişaf etdirib yeni mərhələyə qaldıran Rəşid Behbudov
_______1_______
______2_______
_______ 3________
_______4_______
_______ 5_________
_______ 6_______
_______7_________
xalqlar dostluğunu, bəşəri məhəbbəti tərənnüm edə-edə sənət aləmində
qocaman çinar timsalına dönmüşdü.
Tofiq Quliyev
Xalq
artisti
Kitabxanada Rəşid Behbudov yaradıcılığı ilə bağlı silsilə tədbirlərdən biri də
oxucularla aparılan söhbətdir. Söhbətə kitabxanaçı belə başlaya bilər:
“Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal
məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz
təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə də təbii və dolğun,
necə də səmimidir! Çətin dolanan ailəyə kömək etmək üçün 12 yaşından işləməyə
başlayan Rəşid Behbudov görün özü haqqında necə danışır: “Boyca balaca, amma
çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib
qazanların ərpini təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu.
Istidən az qala boğulurdum. Ailədə uşaqların ən kiçiyi idim, anamın işə getməsi
hamıdan çox məni narahat edər, yamac aşağı anamın dalınca qaçar, ağlayar, sonra
saatlarla pəncərə qabağında oturub onun gəlişini gözləyərdim. O, xörək bişirəndə
deyərdi:”Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən,
evlənəcəyin qız hər şeyi biləcək, ya yox?”. Rəşid Behbudov 1933-cü ildə
Dəmiryolu Texnikumuna daxil olur. Təhsil aldığı müddətdə tələbə özfəaliyyət
orkestirində çalışır. Həmçinin hərbi xidməti zamanı da ordu ansamblında solistlik
edir. Tez-tez cəbhədə konsertlər verir. Onun səsindəki məlahət insanları sevgiyə,
saflığa, şəfqətə çağırır. Beləliklə, R.Behbudov Bakıda qalmaq qərarına gəlir. 1945-
ci ildə Rza Təhmasib R.Behbudovu “Arşın mal alan” filminə dəvət edir. Filmdəki
arşınmalçı rolu ona çox böyük şöhrət gətirir. “Arşın mal alan” filmindəki Əsgər
rolu R.Behbudovun ilk rolu olmuşdur. Və bu rol onun ilk rolu olmağına
baxmayaraq, R.Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini
göstərir. Sonralar R.Behbudov müsahibələrində qeyd edirdi ki, “Məni, hara
gedirdimsə “Arşın mal alan” filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar.
“Arşın mal alan” Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bu
kino dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin
arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl “vizit vərəqəm idi”. 1946-cı
ildə bu filmə dövlət mükafatı verilir. Beləliklə, “Arşın mal alan” filmi
R.Behbudova dünya şöhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır”.
Azərbaycan musiqisinin görkəmli xadimi, xalq artisti Rəşid Behbudovun
yubileyi ilə bağlı Bülbül adına orta ixtisas musiqi məktəbində də uşaqlarla böyük
bir tədbir keçirilsə yaxşı olar. Tədbirdə iştirak edən qonaqlar ilk öncə R.Behbudov
yaradıcılığından söhbət açırlar, sonra musiqi məktəbinin şagirdləri R.Behbudovun
musiqilərindən ifa edirlər.
Kitabxanada keçirilən tədbirlərdən biri də ekskursiyadır. Kitabxanaçı
kitabxanaya gələn oxucuları R.Behbudovun adını daşıyan Dövlət Mahnı Teatrına
ekskursiyaya dəvət edə bilər. Mahnı Teatrına gələn uşaqları teatrın kollektivi
yubilyarın yaradıcılığı ilə bir daha yaxından tanış edəcək. Uşaqlar orda
öyrənəcəklər ki, artıq 45 ilə yaxın bir ömür yaşayan Dövlət Mahnı Teatrı o
zamankı SSRİ məkanında analoqu olmayan bir sənət ocağı idi. R.Behbudov Mahnı
Teatrını yaradarkən oxuduğu mahnıları böyük uğurla ifa etmişdi. Hələ o, vaxt
Dövlət Mahnı Teatrında hazırlanmış və bu gün də şirin bir xatirəyə dönən “Səni
tərənnüm edirəm, doğma Azərbaycanım!” proqramı ilə dünyanın bir çox
ölkələrinə qastrol səfərinə çıxdı. Böyük sənətkar canı qədər sevdiyi yurdunu
dünyaya tanıtmaqla bərabər, onun musiqi sənətinin gücünü və qüdrətini də hər
qitədə, hər kəsə göstərdi. O, Avropadan tutmuş Afrikaya qədər, Şərqdən tutmuş
Qərbə qədər bütün dünyanı gəzdi. R.Behbudov müsahibələrinin birində belə
deyirdi: “Mən səhnəyə el nəğmələriylə gəlmişəm. Azərbaycan xalqının toyunun,
şənliyinin bəzəyi olan, yorğunluğunu çıxaran, işini avand eləyən mahnılarla
gəlmişəm. Sonra həmin mahnılarla birgə dünyanı dolaşmışam. Harada olmuşamsa,
orada Azərbaycan mahnılarının əks-sədasını qoyub gəlmişəm”.
Qeyd etdiyimiz kimi, 2010-cu il, əslində “Rəşid Behbudov ilidir” desək
yanılmarıq. Bu il dünya şöhrətli müğənni Rəşid Behbudovun 95 illik yubileyi qeyd
olunur. Bu münasibətlə kitabxanada keçirilən tədbirlərdən biri də ədəbi-bədii
gecədir. Tədbirə kitabxanaçı bir çox qonaqlarla yanaşı müğənninin həyat yoldaşı
Ceyran xanım və qızı Rəşidə xanımı dəvət edə bilər. Həmçinin tədbirdə görkəmli
mədəniyyət xadimləri ilə yanaşı müğənnilər də iştirak edə bilər.
“Xoş gördük, Azərbaycan”! adlı ədəbi-bədii gecənin ssenarisini veririk. Səhnə
Rəşid Behbudovun portreti, ona həsr olunmuş foto sərgi və gül dəstələri ilə
bəzədilir. Tədbir Rəşid Behbudovun həyat və yaradıcılığı ilə bağlı vidolentin
nümayiş olunması ilə açılır.
Səhnə arxasında bu sözlər eşidilir: R.Behbudov təbəssümlə bizə baxır.
Azərbaycanın nəğməkar oğlu səhnədə görünən kimi, onu gurultulu alqışlarla
alqışlayırlar. Rəşidin məlahətli səsi dalğa-dalğa qəlblərə yayılır. O, danışır, ancaq
elə bil nəğmə deyir. Xalq şairi Səməd Vurğunun sözləri ilə sevimli nəğməkarımız
doğma Azərbaycana sanki layla çalır.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Demək doğma Vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!
(Aparıcılar səhnəyə daxil olurlar.)
I aparıcı: Dərin ifa səmimiyyəti, gözəl vokal ustalığı, orijinal
artistizmi ilə geniş dinləyici auditoriyasının çoxdan bəri
sevimlisinə çevrilmiş
Rəşid Behbudov müasir
Azərbaycan profesional ifaçılıq sənətinin ən qüdrətli
nümayəndəsidir. Böyük müğənni təkcə respublikamızın
deyil, bütün ölkəmizin fəxr etdiyi sənətkarlardandır. O,
dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmuş,
Azərbaycan vokal ifaçılığı salnaməsinə parlaq səhifələr
yazmışdır. Olduğu hər bir yerdə onun vizit vərəqi
“Azərbaycan”, “Bakı” sözləri doğma yurdumuzu
tərənnüm edən mahnılardır.
II aparıcı:
Qeyd etdiyimiz kimi R.Behbudov mahnıları ilə
Azərbaycanımızı dünyaya tanıtmış əvəzsiz sənətkarlardan
biridir. Onun mahnılarını saymaqla qurtaran deyil. Bu
mahnılar Azərbaycanda da, saysız-hesabsız xarici
ölkələrdə də eyni maraqla dinlənilir. Onun baş rolda
çəkildiyi “Arşın mal alan” filmi dünyanın 60-dək
ölkəsində sevilə-sevilə baxılıb. “1001-ci qastrol”,
“Bəxtiyar” filmlərində də R.Behbudovun ürəklərə nüfuz
edən mahnıları və bir də aktyor kimi yaratdığı rolların
şirinliyi qalıb bizlərə. Bu filmdəki mahnılar sonralar dillər
əzbəri olmuş, görkəmli müğənnilərimiz onları dönə-dönə
ifa etmişlər.
(Oxucular Rəşid Behbudovun “Bəxtiyar” kinofilmindən
“Bakı” mahnısını səsləndirirlər.)
Bakı,əziz şəhər, mehriban diyar,
Sinəndə boy atıb oldum bəxtiyar.
Səndə ilk eşqimin yadigarı var.
Nəqərat:
Sən mənim söhbətim,
Şərəfim, şöhrətim,
Tükənməz dövlətim,
Əzizimsən, gözəl Bakı.
Ürəyim səninlə edir iftixar,
Xəzərin qoynunda saldın buruqlar.
Qəlbimdə qəlbinin hərəkəti var.
Nəqərat:
Baxdıqca doymuram gözəlliyindən,
Şirin nəğmə qədər sevimlisən sən.
Hər yerdə, hər yanda deyəcəyəm mən:
Nəqərat:
II aparıcı: Rəşid Behbudov Azərbaycan xalq mahnılarına qayğıkeş
münasibət bəsləyir, onu yeni çalarlarla zənginləşdirir.
R.Behbudov öz təkraredilməz səsi, xarici görünüşü, artistlik
istedadı ilə böyük musiqiçi və gözəl müğənni idi. O, həmçinin
Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada
mahnılarının yaradıcısı olmuşdur. R.Behbudov özünəməxsus
ustalığı ilə həm müasir estrada mahnılarını çox gözəl ifa edirdi,
həm də Azərbaycan xalq musiqisindən gözəl mahnıları götürüb
onları müasirləşdirirdi və müasir estrada səviyyəsinə qaldırırdı.
Azərbaycanın xalq mahnıları, musiqi folkloru, müasir estrada
mahnılarının müasir şəkildə sintezini yarada bilən də məhz
Rəşid Behbudov olmuşdur. R.Behbudov müğənni kimi,
musiqiçi kimi çoxşaxəli bir insan idi. O, ilbəil öz üzərində
işləyərək yaradıcılığını daim inkişaf etdirir, daim
zənginləşdirirdi.
(Oxucular Oqtay Şamilin “Arşınmalçı” şeirini söyləyirlər)
Oxucu: Körpələr yatdılar doğma səsində,
Könüllər açıldı yaz nəfəsində.
Səsini nur kimi içdik, ay ustad
Nəğmənlə kökləndik, açdıq qol-qanad.
Uzaq
ölkələrə düşəndə qonaq,
Sənin şöhrətindən ilk aldıq soraq.
Sən bizə tanışsan, eşit dedilər,
“Bakı”...”Neft”...bir də ki...”Rəşid” dedilər!
Sevindik dünyada Rəşidimiz var,
Həmişə cavandır, daim ixtiyar.
Çağlayan-çağıran bulaqdı, bulaq
Nə qədər nəğmə var o, oxuyacaq!
Dolaşdın cahanı sən arşın-arşın,
Hər ürək ünvanın , sənin tanışın.
Boxçanda
hamının dərdi, əlacı,
Həmişə əziz ol, ay arşınmalçı...
I aparıcı: R.Behbudov
müxtəlif yanır və üslublarda yazılmış
bəstəkar mahnı və romanslarından, klassik vokal
nümunələri və opera ariyalarından başqa, Azərbaycan
xalq mahnılarının da misilsiz ifaçısı idi. Xalq musiqisi
xəzinəsinə qəlbən bağlılıq ona dövrünün görkəmli
xanəndəsi olmuş atası Məcid Behbudovdan irsən
keçmişdi. Öz ifaçılığında klassik xanəndəlik sənətinin
kanonlarına formal olaraq riayət etməsə də, qədim xalq
mahnılarını müasir ifaçılıq üslubunda təsvir edərək,
onların musiqi dilinin ən dərin qatlarında gizlənmiş
incəlikləri, məna çalarlarını üzə çıxararaq bu mahnılara
yeni ruh, yeni nəfəs, yeni həyat verirdi. İstər xalq, istərsə
də bəstəkar mahnılarının populyarlaşmasında Rəşid
Behbudovun xidmətləri əvəzsizdir. O, bu əsərləri sadəcə
ifa etmirdi, ona öz möhürünü vururdu. Sənətçinin böyük
şövq və məhəbbətlə oxuduğu “Ana”(musiqisi Cahangir
Cahangirovun, sözləri İslam Səfərlinin) mahnısı nə qədər
təsirli və unudulmazdır. Bu çırpıntının titrək sədaları
adamın varlığını səs adlı bir xilqətin gücü qarşısında ram
edir. Duyursan ki, əslində dilə gələn kövrək bir ürəkdir.
Gözümün nuru, canım ana,
Böyütdün
sən məni, yana-yana,
Saçının ağına, qarasına qurbanam,
Könlünün
o
həzin laylasına qurbanam!
Onun ifasında “Aman ovçu”, “Ağacda leylək”, “Gözəlim
sənsən”, “Küçələrə su səpmişəm”, “Ay nənə”, “Ləbu-
ləb”, “Evləri var xana-xana”, “Ay laçın” kimi xalq
mahnılarının hər biri insan qəlbinin ən həzin duyğularını
əks etdirən sehrli bir avaz kimi səslənirdi.
II aparıcı: Rəşid Behbudov canı, qanı, bütün varlığı ilə xalqına,
Vətəninə bağlı sənətkar idi. O, dünyanın ən məşhur
teatrlarının səhnələrində, konsert salonlarında Azərbaycan
musiqisini sevə-sevə, sevdirə-sevdirə təbliğ və tərənnüm
etmiş, hər dəfə də “anşlaq”la, sürəkli tamaşaçı alqışları ilə
qarşılanmışdır. Planetin, demək olar ki, hər guşəsində, ən
böyük şəhərlərin küçələrini Azərbaycan xəritəsinin
fonunda qollarını qartal kimi açıb pərvazlanmaq istəyən
Rəşidin afişaları bəzəyirdi. Rəşid Behbudov milli köklərə
nə qədər bağlı vətənpərvər sənətkar olsa da, bir o qədər
beynəlmiləlçi idi. Görəsən, tarixdə ayrı-ayrı xalqların
dillərində Rəşid qədər mahnılar ifa edən ikinci bir
müğənni olmuşdurmu? Onun repertuarında dünyanın 70-
dən çox xalqının dillərində mahnılar olmuşdur. Özü də
elə oxumuşdur ki, həmin xalqların tamaşaçıları özləri
onun ifasına valeh olmuşlar. Görkəmli sənətkar həmçinin
kino aktyoru kimi 4 bədii filmdə “Arşın mal alan”(1945),
“Doğma xalqıma”(1954), “Bəxtiyar”(1955), və “1001-ci
qastrol”(1974) filmlərində baş rollarda çəkilmiş və böyük
uğur qazanmışdır. Bundan başqa o, 30-dək sənədli filmdə
və kinojurnallarda da çəkilmişdir. Hələ gənclik illərində
Rəşid Behbudovun yaratdığı kino obrazları yalnız onun
səsinə görə deyil, həm də yüksək ifaçılıq bacarığına görə
neçə-neçə konorejissorun diqqətini cəlb etmişdi. Bu rollar
kino sənətimizin şanlı səhifələrinə çevrilmişdir.
I aparıcı: R.Behbudov
Azərbaycan musiqisində yeni bir dövr
yaratdı. O, harada olursa, olsun Azərbaycanı vəsv edirdi.
Repertuarı da doğma Azərbaycan, onun əsrarəngiz
gözəlliyi haqqında xalq və müəllif mahnıları ilə zəngin
idi. “Azərbaycan”, “Qalalıyam”, “Ləbu-ləb”, “Lalələr”,
“Qızıl üzük”, “Sevgilim”, “Ey Vətən” və “Bakı”
haqqında onlarla mahnıları bu gün də sevilə-sevilə
dinlənilir.
(Musiqi məktəbinin şagirdlərinin ifasında Mirvarid Dilbazinin “Oxu Rəşid” adlı
şeirini dinləyirik.)
I
oxucu:
Oxu,
Rəşid!
Qışda dağlar açsın çiçək,
Oxu!
Olaq
elə həzin,
Elə kövrək,
Yaz
buludu
kimi
dolaq,
İsti yağan yağış olaq.
Elə keçək özümüzdən,
Könlümüzün
çəməninə
Şeh çilənsin gözümüzdən...
II
oxucu:
Xəyal xəyala calansın,
Ürəyimiz havalansın,
Sönmüş ocaqda od yansın,
Kül altında “qor” közərsin,
Xəyalımız Gül bağlarında gül dərsin.
Oxu! şimşək kimi çaxaq,
Həsrət bəndlərini yıxaq,
Ürəkdə sellər çağlasın,
Yarpaq
tökmüş könlümüzün
Gülləri qönçə bağlasın...
Bülbüllər gəlsin bu bağa.
Oxu, Ələsgər di ilə,
Səni yetirən torpağa,
Səni böyüdən bu xalqa
Olsun canımız sadağa.
I aparıcı: Rəşid Behbudov saysız-hesabsız beynəlxalq, ümumittifaq
və respublika dövlət mükafatlarına və fəxri adlara layiq
görülmüş, ən mötəbər beynəlxalq festivalların qalibi
olmuşdur. İctimai xadim R.Behbudov Azərbaycan Dövlət
Mükafatları laureatı, Lenin Ordeni, Qırmızı Əmək
Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş,
1959-cu ildə “SSRİ xalq artisti” olmuş, 1980-cı ildə isə
“Sosialist Əməyi Qəhrəmanı”adına layiq görülmüşdür.
Onu da qeyd etmək lazımdır ki, Rəşid Behbudov Sovetlər
Birliyində yaşayan müğənnilər arasında bu ada layiq
görülmüş ilk sənətkardır. R.Behbudov həmçinin
“Dağıstan xalq artisti”, “Gürcüstan əməkdar incəsənət
xadimi” fəxri adlarını da almışdı.
Rəşid Behbudovun həyatda ən böyük mükafatı isə doğma
xalqının ona olan tükənməz və əbədi məhəbbətidir.
(Oxucular Həmid Abbasın “Sənət meydanının Rəşidi getdi” şeirini
söyləyirlər.)
Bakıdan uzaqda, isti yay günü,
Həsrətə dözmədi, üşüdü getdi.
Bu
xəbər sarsıtdı, göynətdi bizi,
Sənət meydanının Rəşidi getdi.
Susdu
bağçamızın, susdu bülbülü,
Bir
də “arşınmalçı” gəzməzmi eli?
Səsində Xəzəri, mavi Göy gölü.
Ölkədən-ölkəyə daşıdı getdi.
Sərhəd tanımadı sözü, nəfəsi,
Gözəl mahnılardır elə töhfəsi.
Yüz
illər keçsə də dəyişməz səsi
Əbədi bir ömür yaşadı, getdi.
II aparıcı:
1989-cu il iyunun 9-da ölkənin musiqi mədəniyyətinə
ağır itki üz verdi. Görkəmli müğənni, ictimai xadim,
Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və
Azərbaycan Dövlət mükafatları laureatı Rəşid Məcid oğlu
Behbudov 74 yaşında Moskva şəhərində vəfat etdi.
R.Behbudovun itkisi böyük və əvəzsiz itki oldu.
Müğənninin vəfatı xəbəri Rəşid Behbudovun parlaq
istedadını, ilhamlı, parlaq sənətini əziz tutan hər bir
adamın qəlbində dərin kədər hissi doğurdu. Bəli, sən bizi
bağışla, böyük ustad. Hər dəfə ekranlarda pencəyini
çiynində tutaraq bağrı dağlı lalələrin arasında onların
boyunu oxşayır, gözəlliyini, məhzunluğunu dilə
gətirirdin.
Nə vaxtdır Rəşidin
gözü
yoldadır,
Bir
qonaq
gələsiz
bizə lalələr!
Bu gün Rəşidin səsi bizimlədir, cismi torpağa tapşırılıb.
Sevimli sənətkarımızın Azərbaycan şəlalərinin şırıltısı
kimi könül açan ecazkar səsinin xoş sədası hələ bundan
sonra da neçə-neçə ürəkləri fəth edəcəkdir.
Tədbirin sonunda İctimaiyyət nümayəndələri ilə yanaşı kitabxanaçılar da SSRİ
Xalq artisti , Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun məzarını ziyarət
etmiş, qəbirüstü abidənin önünə əkil və gül-dəstələri qoymuşdular.
S O N
Ədəbiyyat siyahısı
Internetdə:
www.google.az
Dövri mətbuatda:
1. Abbasov İ. Dünyaya və zamana sığmayan səs // Xalq qəzeti.- 2005.-
14 dekabr.- S.5.
2. Abbaslı.T. Səslər səsi // Mədəniyyət. - 2005. - 17 dekabr.- S.4.
3. Ağasiyev. M. Həmişəyaşar // Qobustan.- 2010.- N 2. - S.24-27.
4. Dilbazi. M.(1912-2002). Oxu, Rəşid // Seçilmiş əsərləri. - B.: Lider, 2004.-
S.110-111.
5. Xəlilzadə. F. O səsin qüdrəti // Azərbaycan.- 2005.- 14 dekabr.- S.6.
6. Qarayev. T. Ürəyimizdən keçən insanlar // Vəfa.- 2006.- №1-2.- S.38-39.
7. Rəşid Behbudov - 90 : Mədəniyyət naziri Polad Bülbüloğlunun çıxışı //
Mədəniyyət.- 2005.- 17 dekabr.- S.2.
8. Rəşid Behbudovun 90 illiyinə həsr edilmiş yubiley gecəsi // Xalq qəzeti.- 2005.-
15 dekabr. - S.7.
Tərtib edən: Könül Səmədzadə – F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının Elmi-metodika şöbəsinin baş kitabxanaçısı.
Redaktor: Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
direktoru
Dostları ilə paylaş: |