Journal of Azerbaijani Studies
391
“AZƏRBAYCAN YURD BİLGİSİ” JURNALINDA
AZƏRBAYCAN-AVROPA ƏDƏBİ ƏLAQƏLƏRİ MƏSƏLƏSİ
Altuntac MƏMMƏDOVA
1
(Azərbaycan Milli Elmlər Akademiyası)
GİRİŞ
Azərbaycan mühacirət ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən
biri, dünya miqyasında tanınan məşhur türkoloq Əhməd Cəfəroğlunun çoxşaxəli
elmi-nəzəri və publisistik fəaliyyətində təsisçisi və baş redaktoru olduğu
“Azərbaycan yurd bilgisi” (AYB) jurnalı xüsusi yer tutur. Təsadüfi deyil ki,
alimin zəngin irsinin tədqiqatçıları AYB-ni türk dünyasının dil, ədəbiyyat,
mədəniyyət məsələlərinin dərin araşdırıcısı olması etibarilə yüksək
qiymətləndirir, onun bu gün də böyük əhəmiyyətini qeyd edirlər. Azərbaycan
mühacirət mətbuatının tədqiqatçılarından olan A. Tahirli yazır: “Əhməd
Cəfəroğlunun ədəbi-elmi-nəzəri irsi onun bir türkoloq kimi adını əbədiləşdirir.
Lakin bu böyük qələm sahibini Azərbaycan tarixində yaşadacaq daha bir şah
əsəri var: “Azərbaycan yurd bilgisi” (AYB) jurnalı” (10, 105). Ə. Cəfəroğlu
haqqında Azərbaycan mətbuatında ilk yazının müəllifi olan V. Quliyevin də
jurnala verdiyi qiymət əlamətdardır: “Tam əsasla 30-cu illərin “Azərbaycan
ensiklopediyası” adlandırıla biləcək bu jurnalda Azərbaycan xalqının dili, tarixi,
etnik mənşəyi, qonşu mədəniyyətlərlə qarşılıqlı əlaqəsi, türk dünyasındakı yeri
və rolu, musiqisi, folkloru, etnoqrafiyası və s. ilə bağlı onlarla maraqlı faktlarla
zəngin məqalələr dərc edilmişdir. Heç şübhəsiz ki, Əhməd Cəfəroğlu özünə
dünya şöhrəti qazandıran əsərləri yazmasaydı belə, təkcə “Azərbaycan yurd
bilgisi”nin nəşri onun adının elmi-ədəbi dairələrdə əbədi yaşaması və gələcək
nəsillərin onu minnətdarlıqla yad etməsi üçün kifayət idi” (9, 5).
1932-34-cü illərdə 36, 1954-cü ilin fevral ayında isə daha bir nömrəsi çap
olunmuş jurnalın 1984-ci ildə İstanbulda bütün nömrələrinin yenidən
fotofaksimilə şəklində nəşr olunması onun aktuallığına, dəyərini saxladığına
dəlalət edir.
AYB-nin 1-ci nömrəsində “Bir neçə söz” sərlövhəli müqəddimədə Ə.
Cəfəroğlu jurnalın yaranma səbəbini izah edərək yazırdı: “Son on il ərzində
müxtəlif sahələrdə Azərbaycanın tədqiqinə ciddi təşəbbüs edilməsi qismən
yaxşı nəticələr vermişsə də, mədəniyyətimizin bir çox cəhətləri hələ də
naməlum olaraq qalmaqdadır. Yəni, tikilmək istənilən böyük binanın təməli
hələ boşluqlarla doludur. Məhz bu binanın təməlindəki böyük boşluqlar
AZƏRBAYCAN YURD BİLGİSİ-nin (fərqlənmə Ə. Cəfəroğlunundur – A. M.)
yaranmasına səbəb olmuşdur” (1, 3). AYB-nin bu əsas qayəsi ilə yanaşı “elmi
1
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı
392
Altuntac Məmmədova
münasibətin millətlər arasında gündən-günə sıxlaşması və biri digərini bu vəsilə
ilə daha artıq tanıya bilməsi” (1, 3) zərurətini qeyd edən Ə. Cəfəroğlu jurnal
vasitəsilə həm Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında
bilgilərin Avropa ictimaiyyətinə çatdırılmasını, həm də Avropada Azərbaycana
aid aparılan müvafiq tədqiqatların AYB vasitəsilə intişarını nəzərdə tuturdu. Və
xüsusi olaraq qeyd etməliyik ki, jurnalda bu mövzuda dərc olunan yazıların
əsas müəllifi də Ə. Cəfəroğlu özü idi.
Jurnalın bir neçə nömrəsi çapdan çıxandan sonra bu qayəsi baxımından onu
məmnun edən hadisə baş vermişdi. “Fransa Musiqi Cəmiyyəti”nin məcmuəsi
olan “Revuede Musicologie” (“Musiqişünaslıq jurnalı”) oxucularına Türkiyədə
AYB adlı jurnalın nəşrə başlaması, Azərbaycan musiqisinə, aşıq ədəbiyyatına
aid məqalələr dərc etməsi haqqında məlumat vermişdi. “Bir təşəkkür”
sərlövhəli kiçik yazıda Ə. Cəfəroğlu “Revuede Musicologie”də çıxan məlumatı
şərh edərək yazırdı: “Müştərək elm yolunun yolçusu bulunan məsləkdaşımıza
göstərdiyi bu münasibətə görə təşəkkür edirik. Düşünürük ki, məcmuənin
sonrakı nömrələrində də bizim yazılara aid məlumatlara rast gələcəyik” (2, 56).
AYB-də Azərbaycan-Avropa ədəbi əlaqələrinin işıqlandırılması bir neçə
istiqamətdə aparılırdı. Jurnalda Avropa ölkələrinin mətbuatında Azərbaycan
dili, ədəbiyyatı və mədəniyyətinə aid dərc olunmuş yazılar tədqiqat xarakterli
məqalələrdə araşdırılır, Avropa alimlərinin bu mövzuda əsərləri, onların
haqqında məqalələr dərc olunur, “Təhlil və tənqidlər” guşəsində müvafiq
əsərlərə rəy və resenziyalar yazılırdı.
1. Ədəbi əlaqələrə aid materiallar
Avropada Azərbaycan dili və ədəbiyyatına aid yazılanların tədqiqinə dair
məqalələr sırasında ilk növbədə Ə. Cəfəroğlunun AYB-nin dörd nömrəsində
dərc olunmuş irihəcmli “Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri” adlı
fundamental əsərini misal göstərmək olar.
Ə. Cəfəröğlu bu mükəmməl əsərində İbn Mühənnadan (XIII əsr) başlayaraq
XX əsrin iyirminci illərinədək olan dövrdə Şərq və Qərb, həmçinin rus səyyah
və tədqiqatçılarının (Ə. Cəfəroğlu onları da Qərbə aid etmişdir) Azərbaycan dili
və qismən də ədəbiyyatı haqqında yazdıqlarını təhlil etmiş, müsbət və mənfi
cəhətlərini göstərməklə elmi qiymətini vermişdir.
Ə. Cəfəroğlu tədqiqatını Azərbaycan dilinin adı ilı bağlı zəruri bir izahla
başlayaraq yazır: “Avropa elm tədqiqatında bu türk dili sahəsi əvvəllər öz adı
ilə anıldığı halda, bir əsrlik Rusiya hakimiyyəti dövründə rus üləmasının da
təşviqi ilə Rusiya türklərinin mühüm kütləsinə izafə edilən “tatar dili”
camıəsinə idxal edilmiş və istər-istəməz bugünkü Qafqaz Azəri türkcəsi özünün
eyni olan İran Azərbaycanı türkcəsindən tamamilə ayırd edilmişdir” (5, 16).
Qərb səyyah və tədqiqatçılarından Adam Oleari (Adam Oleari), D. F. M.
Maqqio (D. F. M. Maggio), Laybnits (Leipniç), L. H. Panduro (L. H. Panduro),
“Azərbaycan yurd bilgisi” jurnalında Azərbaycan-Avropa ədəbi əlaqələri...
393
İ. Kr. Adelunq (İ. Chr. Adelung), F. Adelunq (F. Adelung), Palmbald
(Palmbald), Hammer (Hammer), Klaprot (Klaproth), Radlov (Radloff; Ə.
Cəfəroğlu Radlovu alman alimi hesab edirdi), Vamberi (Vambery), Karl Foy
(Karl Foy), H. Ritter (H. Ritter), Banq-Kaup (Bang-Kaup), Jan Deni (Jan
Deny), O. Çatskaya və N. K. Dimitriyevin Azərbaycan dili və ədəbiyyatına aid
yazdıqlarını araşdıran Ə. Cəfəroğlu qeyd edir ki, ilk Qərb səyyahı Afanasi
Nikitindən sonra XVII əsr Avropa səyyahlarına qədər iki yüz il ərzində Azəri
ləhcəsinə kimsə təmas etməmişdir. XVII əsrin 30-cu illərində Azərbaycanın
milli adət-ənənəsinə, etnoqrafiyasına, lisanına təmas edən Adam Oleari
olmuşdur. Alimin qənaətinə görə, Olearinin təsbit etdiyi təbir və istilahların
əksəriyyəti türkcə olmadığına və Qafqaz Azərbaycanında artıq işlənmədiyinə
görə yalnız lüğəvi əhəmiyyətə malikdir. Ancaq Olearinin topladığı coğrafi
xüsusi isimlərin “çox qiymətli” olduğunu yazırdı.
Ə. Cəfəroğlu Maqqionun tədqiqatını yüksək qiymətləndirərək göstərir ki,
“Əsl Qafqaz Azəri ləhcəsinə təmas edən XVII əsr səyyahlarından italyan D. F.
M. Maqqio olmuşdur” (5, 21). Maqqio Qafqaz səfəri zamanı Azərbaycanda
yox, Gürcüstanda olmuşdu. Ancaq yazdığı qrammatika kitabı iki hissədən ibarət
idi; birinci hissədə gürcü dilindən, ikinci hissədə isə “Liber secundus,
complectens Arabum et Turcarum orthographiam et turcicae linguae
institutionrs” (“Ərəb və türk orfoqrafiyaları ilə və türk dili təsisatları ilə
tamamlanmış ikinci kitab”) başlığı altında Qafqaz türkcəsindən bəhs edirdi ki,
bu da Gürcüstanda yaşayan azərbaycanlıların dili idi. Kitab ilk dəfə Romada
“De propaganda fide”də (“Dəqiq təbliğat”) nəşr olunmuşdu. İkinci dəfə isə
1670-ci ildə “Syntagma linguarum orientalium, quae in Geirgiae regionibus
audiuntur, auctore D. F. M. Maggio” (“Gürcüstan regionunda danışılan Şərq
dillərinin sintaqması, müəllif D. F. M. Maqqio”)
adı ilə çap edilmişdi.
Maqqiodan sonra XIX əsrə qədər Azəri ləhcəsi tədqiqatının yeni bir
durğunluq dövrü keçirdiyini qeyd edən Ə Cəfəroğlu yazırdı: “XIX əsrin
başlanğıcından etibarən müstəqil bir araşdırma mövzusunu təşkil edən Azəri
ləhcəsindən bir əsr əvvəl Avropa mühitində filosof Laybnitslə başlanan yeni
lisan tədqiqatı məktəbinin təsiri ilə bəhs olunmuşdu. Lisan tədqiqatlarının dəqiq
elmlər kimi təsis edilməsi lazım gəldiyi fikrini təməlləşdirən Laybnits
müşahidə
sahəsi olan canlı lisanlar araştırmasına başlayınca, Avropa Lisan Tədqiqatı
sahəsinə türk ləhcələri də daxil edilmiş oldu. Filosofun özü təklif etdiyi yeni
müqayisə sistemi vasitəsilə Avropa dillərini aralarındakı yaxınlıq əsasında
təsnif etdiyi kimi, macar, türk, fin və monqol dilləri arasındakı yaxınlığı da
tədqiqləri ilə meydana çıxarmağa müvəffəq oldu” (6, 16).
Ə. Cəfəroğlu tədqiqatını davam etdirərək göstərir ki, 1786-1787-ci illərdə
“Linguarum toti us orbis vocabularia comparativa, Augustissimae, cura
collecta” (“Bütün dünya dillərinin müqayisəli lüğəti, Avqist tərəfindən
toplanmışdır”) adı ilə nəşr edilib 200 dili ehtiva edən lüğətə məhdud sayda olsa
da, Azəri ləhcəsinə aid kəlmələr daxil edilmişdi. Həmin lüğətin ikinci
təkmilləşdirilmiş nəşri 1791-ci ildə dörd cilddə çap olunmuşdu. L. H.
394
Altuntac Məmmədova
Panduronun 1784-cü ildə nəşr edilmiş “Catalogo delle lingue, conosciute e
notizia della loro affinita e diversita” (“Dillərin kataloqu, onların incəlikləri və
müxtəlifliyi haqqında qeydlər”)
adlı əsəri də bu qəbildən idi və məhdud sayda
Azəri sözləri verilmişdi. Bu əski dilçilik məktəbinin sonuncu əsəri – İ. Kr.
Adelunqun 1806-cı ildə Berlində çap olunmuş “Mithridates oder allgemeine
Sprachkunde mit dem Vater Unserals Sprachprobe in beynahe funthundert
Sprachen und Mundarten” (“Mithridates” və ya ”ata” sözünün təxminən 500 dil
və şivədə işlənməsi ilə bağlı ümumi dilçilik”) adlı tədqiqatı əvvəlkilərdən
onunla fərqlənirdi ki, burada hər bir dilə aid lüqətdən əlavə qrammatik məlumat
da verilmişdi.
Ə. Cəfəroğlu tədqiqatının bu yerində Azərbaycan dilinin adının tarixən necə
təhriflərə məruz qaldığını oxucunun diqqətinə çatdırır. Həm İ. Kr. Adelunqun
əsərində, həm də qardaşı oğlu F. Adelunqun tədqiqatında türk ləhcələri təsnifatı
bəhsində Azəri ləhcəsindən “Tourkmans” (türkmanlar) qövmləri adı altında
bəhs edilirdi. İran Azəri ləhcəsi isə birincidə “Afschars” (Əfşarlar), ikincidə isə
“Afschars, en Perse” (“Əfşarlar və farslar”)
adı ilə təqdim olunurdu. Hər
ikisində də müştərək olaraq, “Schirwan” (Şirvan) adı altında Qafqaz Azəri
ləhcəsini nəzərdə tuturdular. Palmbald Asiya türk qövmlərinin ləhcələrini təsnif
edərkən Azəri ləhcəsini ümumiyətlə diqqətə almamış (“Geographisce und
Statistische Ephemeriden”, 1827. Band XXI, s.225-240 – “Coğrafi və statistik
gündəliklər”, cild XXI ),
Hammer isə, Ə. Cəfəroğlunun yazdığı kimi, “tamamilə
sələflərindən ayrılmış (“Bibliotheca italiana” (“Italyan kitabxanası”) Decembre,
1825, s. 364-365), nə Azəri ləhcəsini və nə də Şimali Qafqaz türklərini nəzəri-
diqqətə almamış və özünün türk ləhcələri təsnifində Qafqaza aid olmaq üzrə
ancaq “Dağıstan” kimi məchul təbir altında Qafqaz türkcəsindən bəhs
eyləmişdir” (6, 17). Klaprot
“Asia
polуglotta”sına ( “Asiya poliqlotu”) əlavə
edilmiş atlasda, həmçinin 1832-ci ildə Parisdə çap etdirdiyi “Voyage au
Caucase et en Jeorgie” adlı digər əsərində Azəri ləhcəsindən “Qızılbaş ləhcəsi”
kimi bəhs edir.
Tədqiqatını davam etdirən Ə. Cəfəroğlu qeyd edir ki, “Qərbdə təqribən XIX
əsrin sonlarına doğru azərbaycan ləhcəsi də elm mövzusu olmağa başladı. İlk
olaraq alman alimlərindən Radlovun 1893-cü ildə Sankt-Peterburqda çıxmağa
başlayan məşhur dördcildlik “Versuch einer Wörterbuches der Türk Dialekte”
(“Türk dialektləri lüğəti”) adlı lüğətində, Azəri ləhcəsnə aid digər lüğətlərində
bu ləhcənin tədqiqinin zəminini hazırlamış oldu” (7, 36). Alim Radlovun
lüğətinə aid belə izahat verir ki, buradakı mindən artıq söz ümumi “Azəri” adı
altında verilmişsə də, onun qənaətincə, əslində, onlar yalnız İran Azəri ləhcəsini
ehtiva edə bilmişdir.Qeyd edir ki, “ o zamanlarda Azərbaycan təbirinin ancaq
İranın bu əyalətinə aid edildiyi nəzəri-diqqətə alınarsa, artıq bunda tərəddüdə
məhəl qalmaz” (7, 36).
Vamberinin 1901-ci ildə Laydendə (Leiden) “Alt Osmanische Sprachstudi-
en, mit einem Azerbaicanischen texte” (“Azərbaycan mətni əsasında qədim Os-
man dilləri haqqında”) adlı
əsərinə əlavə etdiyi mətni Avropada transkripsiyası
“Azərbaycan yurd bilgisi” jurnalında Azərbaycan-Avropa ədəbi əlaqələri...
395
verilmiş ilk Azəri ləhcəsi nümunəsi hesab edən Ə. Cəfəroğlu, eyni zamanda,
mətnin harada, nə zaman, hansı azərbaycanlının dilindən təsbit edildiyinin
göstərilməməsini müəllifə irad tutur. Foyun 1903-1904-cü illərdə Berlin
Universitetinin Şərq İnstitutunun məcmuəsində çap olunmuş “Azerbaicanische
dien mit einer Charakteristik des Südtürkisehen” (“Cənub türkcəsinin təhlili
əsasında Azərbaycan dili haqqında”) adlı tədqiqatını “çox qiymətli” əsər
adlandıran alim qeyd edir ki, müəllif həm Qafqaz, həm də İran Azəri ləhcəsini
əhatə etdiyinə və Azəri ləhcəsini də bütün Cəhub türkcəsi kimi Göytürkcə ilə
sıx əlaqədə olduğunu gəstərdiyinə görə tədqiqatı “şayani-diqqətdir”. Ə.
Cəfəroğlu H. Ritterin 1921-ci ildə “İslam” məcmuəsinin XI cildində (Der İslam.
Bd. XI, 1921) nəşr olunmuş “Azerbaidschanische Texte zur nordpersischen
Volkskunde” (“Şimali iranşünaslığa dair Azərbaycan mətnləri”) adlı əsərini də
yüksək qiymətləndirərək qeyd edir ki, Şimali İran Azəri şivəsinə aid təsbit
etdiyi mətn böyük əhəmiyyətə malikdir. Banq haqqında yazır ki, onun bu
ləhcəyə təmas edən müstəqil bir tədqiqatı olmasa da, elmi dəyərlərini daim
mühafizə edəcək əsərlərində Azəri sözlərindən və qrammatik şəkillərindən bəhs
etmişdir. Jan Deninin ”Grammaire de la langue Turqe” (“Türk dilinin
qrammatikası”, Paris, 1921) əsərindən bəhs edən alim yazır ki, Azəri ləhcəsinin
tədqiqində çox doğru görüşləri vardır. O. Çatskayanın “Gəncə şivəsini təsvirə
çalışan” “Quatraine populaires de l’Azerbaycan” (“Azərbaycan xalq bayatıları”)
adlı əsərini və əsərə müqəddimə kimi yazılmış Dimitriyevin bu şivəyə aid
fonetik tədqiqatını (“Journal Asiatique” – ”Asiya jurnalı”, 1928) səthi
olmalarına baxmayaraq, yuxarıda göstərilən əsərləri tamamlamağa yararlı bir
araşdırma adlandırır (Ə. Cəfəroğlunun bu tədqiqatlara yazdığı ayrıca rəydən
aşağıda bəhs edəcəyik).
Böyük alim bu dəyərli tədqiqatını, yəqin ki, daxili bir qürur hissi keçirərək,
öz əsərinə isnadla bitirir: ”Son on ilə doğru Azəri ləhcəsinə dair Qərbdə vücuda
gətirilən tədqiqatlar arasında birisi də mənə aiddir. 1930 cu ildə həm ayrıca ki-
tabça kimi, həm də Berlin Şərq İnstitutunun məcmuəsində çap olunmuş “75
Azerbaycanişe Lieder “Bayatı” in der Mundart von Gence nebst einer
sprachlichen Erkla erung” (“Gəncə şivəsində 75 azəri bayatısı və lisana aid bir
müqəddimə”) adlı tədqiqatımda mən ana şivəm olan Gəncə şivəsinin fonetik
xüsusiyyətlərini təsbit etdim” (7, 37).
Azərbaycan xalqı, Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti haqqında
Qərb müəlliflərinin tədqiqatlarına dair AJB-də dərc olunmuş digər icmalın mü-
əllifi alman professoru Q. Yeşkedir (G. Yaeschke). Q. Yeşke “Azərbaycan haq-
qında almanca nəşrlər” adlı məqaləsində alman dilində Azərbaycan tarixi və
mədəniyyətinə aid ədəbiyyatın olmadığını və bu tələbatın müəyyən qədər Hilal
Münşinin “Die Republik Aserbeidschan” (“Azərbaycan respublikası”) kitabı ilə
ödənildiyini qeyd edəndən sonra Fridrix Bodenştedtdən (Friedrich Bodenstedt)
başlayaraq Adolf Berje (Adolf Berge), R, Erkert (R. Erckert), Karl Foy, M.
Rikkli (M. Rickli), A. Virt (A. Wirth), Georq Buşan (Georg Buschan), A. Bihan
(A. Byhan) və O. Q. Vezendonkun (O. G. Wesendonk)
tədqiqatlarının şərhinə
396
Altuntac Məmmədova
keçir. F. Bodenştedtin “Mirzə Şəfinin şeirlərini almancaya tərcümə etməsilə
şöhrət qazandığını” (“Mirzə Şəfinin şərqiləri”, Berlin, 1851) qeyd edəndən son-
ra onun Berlində 1855-ci ildə iki dəfə çap olunmuş “Die Völker des Kaukasus
und ihre Freiheitskaempfe gegen die Russen” (“Qafqaz xalqları və onların Rusi-
yaya qarşı azadlıq mübarizələri”)
kitabında Qafqaz türklərinə həsr etdiyi fəsil-
dən bəhs edir. Göstərir ki, “Bu əsərində müəllif Qafqazdakı səyahətləri zamanı
etdiyi müşahidələr nəticəsində topladığı faktlara istinadən təsbit edir ki, ruslar
tərəfindən hamısına əbləhcəsinə “tatar” ismi verilən Qafqaz türkləri danışdıqları
dilin adına yalnız “türkcə” deyirlər. Müəllif, eyni zamanda, qeyd edir ki, Qafqaz
türklərinin lisanı ilə İstanbul türkcəsi arasında həm qrammatik, həm də lüğət
tərkibi etibarilə heyrət ediləcək dərəcədə böyük bir yaxınlıq və bənzəmə var-
dır.” (11, 27).
Q. Yeşke Adolf Berjenin 1868-ci ildə Leypsiqdə nəşr olunmuş “Dichtungen
transkaukasischer Saenger des 18, und19. Jahrhunderts in Azerbaidschanischer
Mundart” (“XVIII-XIX əsrlər Cənubi Qafqaz nəğməkarlarının Azərbaycan
şivəsindəki şeirləri”) adlı kitabından, bu kitaba yazdığı müqəddimədən bəhs
edir, nəşrin Azərbaycan-Almaniya ədəbi əlaqələrinin təşəkkülü baxımından
böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırır.
Q. Yeşke R. Erkkertin 1887-ci ildə Leypsiqdə nəşr olunmuş “Der Kaukasus
und seine Völker” (“Qafqaz və onun xalqları”) adlı tədqiqatından bəhs edər-
kən, onun bu fikirlərini xüsusilə diqqətə çatdırır ki, azərilər kübar və olduqca
xarakterli adamlardır, sədaqət və etimad kimi məziyyətlərdə üstündürlər,
Azərbaycanda danışılan türkcə məntiq və mükəmməlliyə malik olduğunu bəyan
edir və bu türkcəyə “tatarca” və yaxud daha da dərin həqarət əlaməti olaraq
“turko-tatarca” ismi verilməsi böyük bir yanlışlıqdır.
Ə. Cəfəroğlu kimi Q. Yeşke də Karl Foyun Berlində iki dəfə (1903, 1904)
çap olunmuş
“Azerbaicanische studien mit einer Charakteristik des Südtürkise-
hen”
(“Cənub türkcəsinin təhlili əsasında Azərbaycan dili haqqında”) adlı əsəri-
ni yüksək qiymətləndirərək yazır ki, Vamberi və Radlovun açdığı cığırdan sonra
Avropa alimlərindən məhz Foy birinci olaraq Azəri türklərinin dili haqqında
sistematik bir əsər qələmə almışdır. Foy bilxassə Göytürkcənin (əsl türkcənin)
bügünkü cənubi türklərin ləhcələri ilə olduqca sıx bir rabitədə olduğunu qeyd
edir. Foy, eyni zamanda, təsbit edir ki, azərbaycanlılar öz lisanlarına “türkü”
adını verirlər. Q. Yeşke nəzərə çatdırır ki, Foy yazılarında, həmçinin, azərbay-
canlıların ədəbiyyatından da bəhs etmiş və bu nəticəyə gəlmişdir ki, Avropada-
kı yanlış fikrin ziddinə olaraq bu ədəbiyyat son dərəcə geniş və mükəmməldir.
M. Rikkli, A. Virt, Georq Buşan,
A. Bihan və O.
Q. Vezendonkun
tədqiqat-
ları üzərində də dayanan Q. Yeşke də icmalını əslində Ə. Cəfəroğlunun əsərinə
istinadla bitirərək, onun “75 Azerbaycanişe Lieder “Bayatı” in der Mundart von
Gence nebst einer sprachlichen Erklaerung” (“Gəncə şivəsində 75 azəri bayatısı
və lisana aid bir müqəddimə”) adlı əsərini dərin elmi tədqiqat kimi qiymətlən-
dirir və əlavə edir ki, müəllifinin gəncəli olması bu əsərin dəyərini daha da yük-
səldir.
“Azərbaycan yurd bilgisi” jurnalında Azərbaycan-Avropa ədəbi əlaqələri...
397
Sonda Q. Yeşke mötəbər tədqiqatçı hesab eləmədiyi Kiyev yəhudisi Leo
Noissimbaumun (Leo Noussimbaum) “Əssəd Bəy” adı altında 1930-1931-ci
illərdə buraxdığı “şayani-təəssüf” olan “Oel und Blut im Orient” (“ Şərqdə neft
və qan”) və “Der Kaukasus. Seine Berge, Völker und Gesschichte” (“Qafqaz.
Onun dağları, xalqları və tarixi”) kitablarında Azərbaycan xalqının tarixi və
mədəniyyətinə aid iftiralarına cavab verərək qeyd edir ki, Noissimbaum
“əsərlərində o qədər vəhşi bir fantaziya büruzə vermişdir ki, sadəcə bundan
dolayı bu adam mötəbər bir müəllif olaraq hesab edilməz. Nə yaxşı ki, həm
nüfuz sahibi olan bir çox alman ziyalısı və həm də alman mətbuatı bu əsərləri
dərin nifrətlə qarşıladı. Almaniyada baş verən milli inqilabın sevindirici bir
cəhəti də budur ki, belə rəzil əsərlər üçün bu gün intişar olunmaq imkanı artıq
qalmamışdır” (11, 31).
Həm Ə. Cəfəroğlunun, həm də Q. Yeşkenin tədqiqat xarakterli bu icmalları
bu gün də elmi əhəmiyyətini itirməmişdir.
Ə. Cəfəroğlunun Banq-Kaup haqqında yazdığı məqalə onun türk xalqları ilə
ədəbi əlaqələrin yaradlcıları olan insanlara necə hörmət və məhəbbətlə
yanaşdığını göstərir. Ə. Cəfəroğlu 1926-cı ildə Berlin Şərq İnstitutunun Türk
Seminarında iki ay Banqın tələbəsi olmuşdu və məqaləsində omu fəxrlə “ustad”
adlandıraraq yazırdı: “Özünəməxsus müqayisəli türk ləhcələri araştırması
məktəbi quran və bu sahədə türkiyyatın bəlkə ən böyük tədqiqatçı ustadı olan
Banq... bütün türk ləhcələrini bir ölçüdə tutan, bir gözlə görən və nəhayət bir
qəlblə sevən yeganə türkoloqdur. O, araştırmalarında türk dili ləhcələrinin
hamısına birdən təmas edərdi; zahirən tədqiq etdiyi mövzu ilə heç bir əlaqəsi
olmadığı zənn edilən bir ləhcəni o qədər əzizləyər və ruhuna nüfuz edərdi ki,
nəticədə, ustadın kəckin zəkası sayəsində ləhcələr arasındakı bağlar meydana
çıxmış olurdu. Elmi qədər qəlbi də türk aşiqi idi...Bir dəfə mənə “siz türklər
dünyanın ən gözəl və ən zəngin dilinə maliksiniz” söyləməkdən özünü saxlaya
bilməmişdi” (4, 9). Məqalədə Banqın
“Avesta” haqqındakı dəyərli əsərindən, 13
il ərzində yorulmadan və usanmadan Göytürkcəni tədqiq etməsindən, əski türk
say sisteminin həqiqi sistemini meydana qoymasından və s. tədqiqatlarından
bəhs edilir.
Məqaləyə əlavə edilmiş biblioqrafiyada Banqın türk dillərinə aid 50 əsərinin
adı verilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, böyük türkoloq alim bu
əsərlərində Azərbaycan dilinin də fonetik və qramatik xüsusiyyətlərindən bəhs
etmişdi.
2. “Təhlil və tənqidlər” guşəsi
AYB-nin “Təhlil və tənqidlər” guşəsində çap etdiyi yazılarında Ə. Cəfəroğlu
həm təqdir, həm də tənqid edəndə təəssübkeş azərbaycanlı kimi çıxış edirdi.
Jurnalın 6-7-ci nömrəsində (bəzən iki nömrəsi birləşdirilmiş halda buraxılırdı)
Hilal Münşinin “Die Republik Aserbeidschan” (Berlin, 1930, 64 s.) kitabı haq-
398
Altuntac Məmmədova
qında yazırdı: “Azərbaycan cümhuriyyətinin təşəkkülündən bu günə qədər Av-
ropa dillərində bu mövzuya doğrudan-doğruya təmas edən əsərin yox dərəcəsin-
də olduğunu söyləsək, mübaliğə etməmiş olarıq. Hilal Münşi bəy bu nüvə əsəri
ilə, ilk olaraq, Almaniya mühitinə Azərbaycanı tanıtmağa çalışmışdır. Əsər
Azərbaycan tarixi və həyatının hər bir nöqtəsinə təmas etmiş və bilxaccə Azər-
baycanı Avropa mühitinə olduqca çirkin bir şəkildə tanıtmaq istəyən, “Min bir
gecə”ni andıran “Öl und Blut im Orient” əsərinin müəllifi – əslən yəhudi, is-
mən türk olan Əssəd bəyin xətalarını həqiqi vaqiələrlə təshihə çalışmışdır... Hi-
lal bəy Azərbaycanın fikir həyatında rolları olduqca böyük olan Azəri mətbuat,
teatr xadimlərini bir-bir tədqiqata cəlb etmişdir... İlk vücuda gətirdiyi bu əsər
hamı üçün anlaşılan olduğundan alman mühitini Azərbaycan həyatı ilə tanış edə
biləcək bir mahiyyətdədir. Bu nöqtədən “Die Republik Aserbeidschan”ın arzu
edilən məqsədə varmış olması təqdirə layiqdir” (3, 53).
“Təhlil və tənqidlər” güşəsində dərc edilmiş yazılarda diqqəti cəlb edən bir
cəhət də budur ki, Ə. Cəfəroğlu AYB-nin nəşrindən əvvəlki illərdə yazılmasına
baxmayaraq, Azərbaycanın və azərbaycanlıların heysiyyətinə toxunan, elmi
yanlışlığa yol verən hər hansı bir məqaləyə cavab verməyi, gec də olsa, zəruri
sayırdı. O. Çatskayanın bir əsəri (O. Chatskaya. “Quatraine populaires de
l’Azerbaidjan. Avec introduction de N. K. Dimitriyev.” “Journal Asiatique”. T.
CCXII. № 2. Avril-Juin. Paris 1928, s.228-265 – O. Çatskaya. “Azərbaycan ba-
yatıları. Ön sözü N. K. Dimitriyevindir” “Asiya jurnalı”, c. CCXII, №2, aprel-
iyun, Paris, 1928, s.228-265) və bu əsərə müqəddimə kimi yazılmış Dimitriye-
vin tədqiqatı haqqında dərc etdiyi rəyi misal göstərmək olar. Ə. Cəfəroğlu yazır-
dı: “Təxminən bir əsrdən bəri Şərqi və o cümlədən türkləri tədqiq edən “Journal
Asiatique” (“Asiya jurnalı”) kimi elmi və ciddi bir məcmuədə “Chansons popu-
laairesTatares” – “Tatar xalq şərqiləri” sərlövhəsi altında Azəri türklərini “tatar”
deyə tanıtmaq, çox təəssüf ki, əski rus təbirini xatırlatmaqdadır. Anadolu qar-
daşlarından ayırmaq üçün ruslar tərəfindən zorla azərilər mühitinə idxal edilən
bu təbir artıq bir daha tələffüz edilməmək üzrə türk mühitindən tamamilə qalx-
mış və alim adlanan madam Çatskayaların və Dimitriyevlərin bunu xatırlatma-
larına ehtiyac qalmamışdır” (8, 48).
Bu da əlamətdardır ki, yalnız doğma xalqının nüfuzuna aid iradını bildirən-
dən sonra elmi şərhə keçir. Qeyd edir ki, Çatskayanın məqaləsi Gəncə ləhcəsini
təsvir edən 76 bayatıdan ibarətdir. Sırf şəxsi tələffüzlər əsasında transkripsiyası
verilmiş bu bayatılardan bir qismi Gəncə mahalına, bir qismi də şəhərin özünə
aiddir. Bu üzdən eyni sözün tələffüzü biri digərindən fərqli olaraq yazılmışdır
ki, bu da bir dərəcəyə qədər fonetik nöqteyi-nəzərindən bəzi şübhələr doğurma-
mış deyildir. Müəllifin Azəri ləhcəsinə nə dərəcədə bələd olduğunu bilməyirik.
Ancaq tədqiqatı istifadəyə yararlıdır. Dimitriyevin tədqiqatına verdiyi qiymət
isə belədir ki, o, Gəncə ləhcəsinin əsas nöqtələrini fonetik cəhətdən aydınlaşdır-
mağa çalışmışsa da, fəqət səthidir.
“Azərbaycan yurd bilgisi” jurnalında Azərbaycan-Avropa ədəbi əlaqələri...
399
“Təhlil və tənqidlər” guşəsində dərc olunmuş digər yazılarda da Azərbaycan
dilinə və ədəbiyyatına, mədəniyyətinə aid məqalə və tədqiqatlara bu cür obyek-
tiv elmi münasibət göstərilməsi səciyyəvidir.
AYB-də dərc olunmuş yuxarıdakı materialların şərhindən belə nəticəyə gəl-
mək olar ki, Azərbaycan-Avropa ədəbi əlaqələri məsələsi jurnalın daim diqqət
yetirdiyi mövzulardan olmuş və onun fəaliyyətinin əsas istiqamətlərindən birini
təşkil etmişdir.
ƏDƏBİYYAT
1.
Caferoğlu A. İ. Birkaç söz // Azerbaycan yurt bilgisi, 1932, № 1, s. 3-4
2.
Caferoğlu A. İ. Bir teşekkür // Azerbaycan yurt bilgisi, 1932, № 8-9, s. 56
3.
Caferoğlu A. İ. Hilal Münşi: Die Republik Aserbeidshan // Azerbaycan yurt bilgisi, 1932, № 6-7, s. 53
4.
Caferoğlu A. İ. Profesör Bang-Kaup // Azerbaycan yurt bilgisi, 1934, № 33-34, s. 9-15
5.
Caferoğlu A. İ. Şarkta ve Qarpta Azeri lehcesi tetkikleri-I // Azerbaycan yurt bilgisi, 1934, № 27, s. 16-22
6.
Caferoğlu A. İ. Şarkta ve Qarpta Azeri lehcesi tetkikleri-II // Azerbaycan yurt bilgisi, 1934, № 28, s. 16-
21
7.
Caferoğlu A. İ. Şarkta ve Qarpta Azeri lehcesi tetkikleri-IV //Azerbaycan yurt bilgisi, 1934, № 30, s. 33-
38
8.
Caferoğlu A. İ. O. Chatskaya: Quatraine populaires de L’Azerbaidjan // Azerbaycan yurt bilgisi, 1932, №
11, s. 48
9.
Quliyev V. M. Gedənlərin qayıtması. Ş. A. Həsənovanın “Mühacirət irsimizdən səhifələr” (Bakı:
Maarif, 1995, 152 s.) kitabına yazdığı müqəddimə.
10.
Tahirli A. H. Azərbaycan mühacirət mətbuatı: 2 hissədə, I hissə, Bakı: Qapp-poliqraf, 2002,158 s.
11.
Yaeschke G. Azerbaycan hakkında almanca neşriyattan // Azerbaycan yurt bilgisi, 1934, № 25, s. 27-31
Summary
THE PROBLEM OF LITERARY RELATIONS BETWEEN
AZERBAIJAN AND EUROPE IN “AZERBAIJAN YURD BILGISI”
(“LEARNING ABOUT AZERBAIJAN”)
Altuntaj MAMMADOVA
(Azerbaijan National Academy of Sciences)
The role of the journal “Azerbaijan Yurd Bilgisi” (“Learning about Azerbaijan”), which was
published in 1932-1934 in Turkey, in the development of the literary relations between Azerbai-
jan and Europe is dealt in the article. The founder and the editor-in-chief of the journal was A.
Jafaroglu, a great representative of the Azerbaijan literary criticism of migration, a famous
world-wide turkologist of the 20th century. Various articles on this subject (most of which were
written by A. Jafaroglu) are researched and their importance are shown. The Author comes to the
conclusion that the articles published in “Azerbaijan Yurd Bilgisi” have still not lost their
importance.
Key words: Turkologist Ahmed Jafaroglu; The journal of “Azerbaijan Yurd Bilgisi” (“Lear-
ning about Azerbaijan”); The Azerbaijan language; The Azerbaijan Literature; Literary relations
between Azerbaijan and Europe.
Dostları ilə paylaş: |