“Qarapapaqlar”.-2014.-№ 6 (82).-S.44-46.
QARABAG XANLIĞININ BAYRAĞI
:
Bu haqda nə bilirik?
Rəşid Nurməmmədov,
Əməkdar müəllim (tarixçi)
Azərbaycanın zəngin milli dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri də xanlıqlar dövrüdür.
Xanlıqların dövlət atributlarını müəyyənləşdirən simvollar (rəmzlər) arasında taxt, tac, möhür, qılınc, pul vahidi,
bayraq, döyüş bayrağı, bunçuk və tug mühüm rol oynayırdı. Bu atributlar arasında bayraqlar mühüm yer tutur. Hər bir
bayraq həm də, mənsub olduğu dövlətin coğrafi məkanı, təmsil etdiyi xalqın etnik kökləri, milli təfəkkürünün,
dünyagörüşünün miqyası haqqında məlumat məcmuəsidir. Müasir Azərbaycan tarixşünaslığında milli dövlətçilik və
onun atributları ilə bağlı bir sıra dəyərli tədqiqat əsərləri nəşr olunsa da, hələ də bu sahədə öz həllini gözləyən bəzi
məsələlər var. Sovet hakimiyyəti illərində Azərbaycan xanlıqlarlının bayraqlarına düşməncəsinə münasibət
bəslənilməsi nəticəsində onlar itib-batıb, yaxud muzeylərin məxfi fondlarında gizlədilib. Məhz bu səbəbdən, P.
Gözəlovun “Azərbaycan xanlıqlarlının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” (rus dilində, Bakı,
2010) adlı monoqrafiyasında qeyd edildiyi kimi, təəssüf ki, Qarabağ, Naxçivan, Şamaxı, Dərbənd, Quba və digər
Azərbaycan xanlıqlarlının dövlət bayraqlarının axtarışı lazımi səviyyədə aparılmadığından indiyədək tapılmayıb. Bu
gün Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının bayrağı kimi respublika ictimaiyyətinə təqdim olunan bayraq, bir
çox mənbələrdə qeyd edildiyi kimi, 1807-ci I ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu
xana hədiyyə edilən bayraqdır. Bu bayrağın Qarabağ torpaqlarında görünməsi, onun Qarabağ xanlığının tarixi ilə nə
dərəcədə bağlı olub-olmaması məsələlərinə bir daha nəzər salaq. 1804-1813- cü illərdə baş vermiş Rusiya-İran
müharibəsinin gedişində, 14 may 1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay
müqaviləsinin yeddinci maddəsində oxuyuruq:
“İmperator əlahəzrətlərinin zati-aliləri şuşalı və qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və
mərhəmət əlaməti olaraq onu və varislərini üzərində bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun
yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə
gedəndə özü ilə aparılmalıdır”.
Müqavilədə, həmçinin, xanlığın idarəsinin irsi, böyüklüyə görə nəsildən-nəslə keçməsi və bunun çar tərəfindən
təsdiq edilməsi də nəzərdə tutulurdu. Qarabağ xanı İbrahimxəlil xan Kürəkçay müqaviləsini imzaladığı zaman varislik
və vəliəhdlik adını böyük oğlu Məhəmmədhəsən ağaya verib. Lakin Məhəmmədhəsən ağa, hələ İbrahimxəlil xanın
sağlığında, 1806-cı ıl fevralın 24-də vəfat etmişdir. Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə çar ordusunun
zabiti, mayor Lisaneviç tərəfindən qətlə yetirildikdən sonra Rusiya hərbi komandanlığı qarşısına Qarabağ xanı təyin
etmək problemi çıxdı. Xanın digər oğlanları arasında ən böyüyü Mehdiqulu ağa idi və çar hökuməti 10 sentyabr
1806-ci ildə varislik və vəliəhdlik sənədini xanlıq möhürü ilə
[səh. 44-45]
birlikdə ona verdi. Bəzi mənbələrdə qeyd
olunur ki, guya xanın böyük oğlu Cəfərqulu ağanın onsuz da Rusiyaya sədaqətli olduğunu nəzərə alan rus
komandanlığı onun qardaşı, bəzən Qacarlara olan meylini gizlətməyən Mehdiqulu xam öz tərəfinə çəkmək üçün ona
Qarabağın idarə olunması haqqında fərman təqdim edib. Sonralar Mehdiqulu xan İrana qaçdıqdan sonra Rusiya
hökuməti tərəfindən oğlu Kərim Cavanşirlə birlikdə Simbirskə sürgün edilən Cəfərqulu ağa 1827-ci ildə I Nikolaya
yazdığı məktubunda bildirirdi ki, İbrahimxəlil xan qətlə yetirildikdən sonra vəliəhdin oğlu olduğu üçün, xan taxtı ona
çatmalıymış, lakin rus komandanlığı yanlış addım ataraq Mehdiqulu xanı hakimiyyətə gətirib.
Əslində isə Cəfərqulu ağa İbrahimxəlil xanın deyil, özünün də qeyd etdiyi kimi, vəliəhd Məhəmmədhəsən xanın
oğludur və Məhəmmədhəsən xan hələ İbrahimxəlil xanın sağlığında vəfat etdiyinə görə, Kürəkçay müqaviləsinə əsasən
xanlıq ona deyil, Mehdiqulu xana çatmalı idi. Kürəkçay müqaviləsində qeyd olunan bayraq çar Rusiyası tərəfindən
1807-ci ildə Mehdiqulu xana təqdim edildi.
Bayraq (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır.
Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdu. Boz rəngli
ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki
başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və
qırmızı daşlarla bəzənib. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilib. Qalxanın üzərində ağ,
qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi - Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına
gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb.
Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb.
Rusiya imperiyası tərəfindən bayraq əta edilməsi təkcə Qarabağ xanlığı ilə məhdudlaşmamışdır.
Naxçivan Kəngərlilərinin batalyonunun 1827-ci ilə aid bayrağı istisna olmaqla, digər bütün bayraqlarda əsas
elementlər, demək olar ki, eynidir. Əslində bu, Rusiya imperiyasının əsarət altına aldığı xalqların dövlətçilik
ənənələrini məhv etmək, onları öz bayrağı altına toplamaq cəhdindən başqa bir şey deyildir. Çox təəssüf ki, bəzi
alimlərimiz I Aleksandr tərəfindən Mehdiqulu xana verilmiş bayrağı köləlik simvolu kimi qiymətləndirmək əvəzinə, bu
bayraqla tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcud olmuş bəzi dövlətlərin bayraqları arasında
“varislik əlaqələri” axtarışına çıxmışlar.
Qaynaqların verdiyi məlumata görə, Qarabağ xanlığının öz bayrağı olmuşdur. Qarabağ xanlığının bizə məlum
olan dövlət atributlarına, tarixi mənbələrə diqqətlə nəzər saldıqda, zənnimcə, Qarabağ xanlığının bayrağı hər birimizin
gözü qarşısında canlanacaqdır. İlk növbədə “Pənahabad” adlanan gümüş pulun təsvirinə nəzər salaq:
Mirzə Adıgözəl bəy “Qarabağnamə” əsərində yazırdı: “mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət
bayrağı riyasət üfuqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini
[səh. 45-46]
cəlal və dəbdəbə ilə işıqlandırdı”.
Düşünürəm ki,
bu bir cümlə Qarabağ xanlığının bayrağının mahiyyətini dərk etmək üçün açar rolunu
oynayır. Burada “dövlət günəşi” ifadəsi bayrağın üzərindəki doğan günəş təsvirinin ifadəsidir. Heraldikada “əbədi,
daimi, sonsuz həyat” rəmzi kimi, günəş geniş istifadə edilən əsas fiqurlardan biridir, adətən, doğan və ya batan günəş
təsvirlərindən istifadə edilir.
Bir qayda olaraq günəş qızılı rəngdə verilir, şüalarının sayı müxtəlif sayda olsa da, 16-dan çox olmur.
Azərbaycan Respublikasının Dövlət Gerbi üzərindəki qızılı rəngli 8 düymə də günəş şüalan kimi qəbul olunur. Bu gün
günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya
dövlət bayraqlarında görmək olar. Hesab edirəm ki, Mirzə Adıgözəl bəyin yuxarıda xatırladılan cümləsindəki “şövkət”
ifadəsi “əzəmət, qüdrət, güc” şir rəsmini ifadə edir. Dünya heraldikasında şir təsvirləri qoruyucu funksiyasını, dövlətin
hərbi gücünü də əks etdirir. Bayrağın hərbi əhəmiyyətini xüsusi vurğulayan tədqiqatçılar onun döyüş meydanında
oynadığı mühüm rolu da qeyd edirlər. Türk dünyasının təkraredilməz abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında
düşmən hücumunun qarşısını ala bilən Salur Qazanın qardaşının “Kafərin tuğilə sancağı (yəni bayrağı) qılıncladı”ğı və
“yerə saldı”ğı göstərilir. Bu isə düşmənin məğlub edilməsi demək idi. Ölkəmizin müxtəlif guşələrində, xüsusilə, Bakı
şəhərində daha tez-tez rastlaşdığımız qoruyucu sayılan şir heykəlləri qədimdə daha çox sarayların və evlərin giriş
qapılarında qoyulurdu. Bu heykəllər giriş və dəhlizin sağında, solunda sıra ilə düzülürdü. Hətta qədim şumerlər
pəncərənin üstündə də şir başlan qoyurdular ki, pis ruhlar guya oradan evə girməsinlər. Azərbaycan dövlətçilik tarixinə
nəzər saldıqda Səfəvilər dövlətinin, İrəvan xanlığının, Nadir şah Əfşarın imperiyasının dövlət rəmzlərində də günəş və
şir təsvirlərinin əsas yer tutduğunun şahidi oluruq.
Mirzə Adıgözəl bəyin ifadəsində diqqəti cəlb edən məqamlardan biri də “riyasət üfüqündən” sözləridir. Çox
şübhəsiz ki, “riyasət” ifadəsi bayrağın mərkəzində dövlətin qoruyucusu kimi mövqe tutan şir təsvirinə bir işarədir.
Pənahabad adlanan pulun üzərindəki günəşin tutduğu mövqeyə bir daha diqqət yetirildikdə, Azərbaycan tarixçisinin
geniş təfəkkür sahibi olduğu bir daha meydana çıxır.
Bu gümüş pulun üzərində qızılı rəngli düymələr də əks olunmuşdur. Pulun üzərində günəş təsviri verildiyinə
görə həmin düymələr günəşin təcəssümü ola bilməz. Yenə də köməyimizə Mirzə Adıgözəl bəy çatır. Görkəmli
tarixçinin ifadəsini bir daha xatırlayaq: ’’mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət
üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı”. “Qarabağ vilayətinin bütün
sahəsini” - zənnimcə, yalnız bu düymələr təsdiq edə bilər. Bu düymələr Qarabağ xanlığını təşkil edən mahalların sayını
göstərir. Tarixi mənbələr sübut edir ki, heraldika tarixində həmin dövrə aid ayrı-ayrı dövlətlərin ərazi vahidlərinin
sayını həmin dövlətlərin bayraqlarında əks etdirən elementlərin əks olunması faktları heç də az olmamışdır. Pulun
kənarları isə qızılı rəngli saçaqlarla haşiyələnmişdir.
Qeyd olunanlar əsasında gözlərimiz önündə Qarabağ xanlığının bayrağını canlandırsaq, bu bayraqla Səfəvilər
dövlətinin bayrağı arasında varislik əlaqəsini görmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, Qarabağ xanlığının
bayrağında şir təsvirinin istiqaməti fərqlidir və bu bayrağa düymə təsvirləri əlavə olunmuşdur. Səfəvilər dövlətinin 235
illik dövlətçilik ənənələrini, 1736-cı ildə Muğan qurultayında şah seçilən Nadir tərəfindən Səfəviləri müdafiə
etdiklərinə görə Qarabağın Cavanşir, İyirmi dörd, Otuzikilər, Kəbirli, Ziyadoğlu, Baharlı tayfalarının ciddi
cəzalandırılmasını, onların arasında Qarabağ xanlığının banisi Pənahəli xanın da olduğunu nəzərə alsaq, hər iki
dövlətin bayraqları arasındakı oxşarlığın heç də təsadüfi olmadığı qənaətinə gəlmək mümkündür.
Inanıram ki, yaxın gələcəkdə Qarabağ xanlığının bərpa edilmiş bayrağı tarixi Azərbaycan bayraqları arasında öz
layiqli yerini tutacaqdır.
[səh. 46]