Hazırladı: Yunus Kazımov (AƏSMA)
5. Dövriyyə vəsaitlərinin idarə olunması
Dövriyyə vəsaitləri (aktivləri) – bir il ərzində, yaxud adi (normal) əməliyyat
dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsal, tədavül və istehlak sahələrində
iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir (kassada və bankda olan pul
vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal,
materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsidir).
Dövriyyə vəsaitləri - istehsal dövriyyə fondları ilə tədavül fondlarının cəmindən ibarətdir.
Bu nisbət 4:1-ə bərabərdir.
Bəllidir ki, beynəlxalq mühasibat standartlarına görə hər bir müəssisənin aktivləri 4
qrupdan – əsas vəsaitlər, dövriyyə vəsaitləri, kapital qoyuluşları, qeyri-maddi aktivlərdən
ibarət olur.
Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri amortizasiya edilən və
təsərrüfat prosesində istifadə olunan aktivlər – avadanlıq, bina və s.- dir.
Kapital qoyuluşları – uzunmüddətli qiymətli kağızlara, yeni əsas vəsaitlər
yaradılmasına və s. yönəldilən vəsaitlərdir.
Qeyri-maddi aktivlər – fiziki subsidiyaya malik olmayan, ancaq dəyərə malik olan
uzunmüddətli aktivlərdir.
Dövriyyə vəsaitləri – nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az
olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa və başqa vəsaitlərdir.
Normal istehsal tsikli isə istehsala yönələn vəsaitlərin yenidən nağd pula çevrilməsi
üçün lazım olan orta müddətdir.
Beləliklə, dövriyyə vəsaitlərini bir il müddətində istifadə edilən və yenidən nağd pula
çevrilən vəsaitlər kimi xarakterizə edə bilərik.
Dövriyyə vəsaitləri yaranma mənbələrindən asılı olaraq xüsusi, borc və cəlb
olunmuşlara bölünür.
Xüsusi dövriyyə vəsaitləri nizamnamə (bölünməz) kapitalına aiddir. Bundan əlavə
onlar şərti olaraq xüsusi vəsaitlərə bərabərləşdirilən mənbələr hesabına, daha doğrusu
möhkəm passivlər hesabına da yaradılır. Xüsusi dövriyyə vəsaitlərinin mənbəyi balansın
passiv tərəfində birinci bölmədə əks olunur.
Xüsusi dövriyyə vəsaitlərinin mənbəyinə – dövriyyə vəsaitlərinin artırılmasına
yönəldilmiş mənfəətdən (xalis gəlirdən) ayırmalar, həmçinin dövriyyə vəsaitlərini artıran
digər daxilolmalar, əsas vəsaitlərin ləğv edilməsindən daxil olan material qiymətlilərin
dəyəri, iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fondların vəsaitləri, dövriyyə
vəsaitlərinin tamamlanmasına yönəldilən məqsədli maliyyələşmələr və s. aiddir.
Möhkəm passivlərə təsərrüfatın dövriyyəsində fəaliyyətdə olan aşağıdakı vəsaitlər
aiddir: əmək haqqı üzrə minimum borclar, sosial sığortaya ayırmalar üzrə minimum
borclar, qarşıdakı xərclərə və ödəmələrə ehtiyatlar, təsərrüfat üsulu ilə yerinə yetirilən
əsaslı təmir üçün material ehtiyatlarının yaradılmasına ayırmalar, dövriyyə vəsaitlərinin
tamamlanması üçün müvəqqəti istifadə edilən vəsait, müvəqqəti sərbəst olan iqtisadi
həvəsləndirmə və xüsusi təyinatlı fond vəsaitləri.