Mirzə Məmmədoğlu
Qədim Tiflis
(Tiflisin iç və dış toponimləri)
Redaktor:
Nəriman Əbdülrəhmanlı
Корректорлар:
Алмаз Мирзяоьлу
Анар Рафигоьлу
Mirzə Məmmədoğlu. Qədim Tiflis
Bakı, QANUN nəşriyyatı, 2017, 240 səh.
Araşdırmaçı-tərcüməçi Mirzə Məmmədoğlunun araya-ərsəyə gətirdiyi bu kitab qədim Tiflisin və
şəhərin həndəvərindəki toponimlərin işığı ilə bugünümüzü aydınlatmaq baxımından olduqca qiymətli
vəsaitdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabda həm də bir çox məşhurların şəhərə aid
xatirələri, Tiflisə aid olan bir çox əski rəsmlər və fotoşəkillər də yer alıb. Kitabın maraqla
qarşılanacağına inanırıq.
ISBN 978-9952-36-307-4
© QANUN nəşriyyatı, 2017
© Mirzə Məmmədoğlu, 2017
QƏDİM TİFLİSİN İŞIQLANAN ZÜLMƏTİ
Bu unikal kitabı «Ön söz»süz də alın açıqlığı ilə hörmətli oxuculara təqdim etmək olardı. Çünki onun
«Qədim Tiflis» adının və bu adın işığında toplanmış qosqocaman toponimlərin, saysız əski rəsm və
fotoşəkillərin özlərinin də «dil açıb», çox şeylər «söyləməsini», şəxsən mən heç bir mübaliğəyə yol
vermədən iddia edə bilərəm. Onu da iddia edə bilərəm ki, az qala hər səhifəsi mənim gözlərim
önündə yaranan bu kitaba onun müəllifi bir çox alimciklərin bir ömürlük elmi fəaliyyətlərindən daha
çox zaman sərf edib. Bu da, şübhəsiz ki, müəllifin istedad və bacarığı ilə bərabər, həm də ömrünün
əsas hissəsini qoynunda yaşadığı və yaşamaqda olduğu bu gözəl şəhərə bəslədiyi dərin sevgi və
sayğısından irəli gəlir.
Mirzə Məmmədoğlu 1957-ci ildə Tbilisi şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsini bitirib. Uzun illər jurnalistika sahəsində çalışıb. Azərbaycanın və Gürcüstanın
çeşidli mətbu orqanlarında müxtəlif səpgili yazıları ilə çıxış edib. Hazırda daha çox araşdırma və
tərcüməçilik fəaliyyəti ilə məşğul olur. Oxuculara təqdim olunan bu kitab da onun səmərəli
yaradıcılığının tərkib hissəsidir.
Müəllifin topladığı bilgilərə görə, Tiflisin yaranması Vaxtanq Qorqasalın adı ilə bağlıdır. Belə nəql
olunur ki, çar Vaxtanq Qorqasal o vaxtlar Gürcüstanın paytaxtı olan Msxeta ətrafında ova çıxıbmış.
Çarın şahini səmadakı qırqovulun arxasınca düşdüyünə görə, onlar yavaş-yavaş Msxetadan
uzaqlaşırlar. Nəhayət, qırqovulun üzərinə şığıyan şahin onu yerə saldırır. Hər iki quş gölməçəyə
düşür. Çar görür ki, quşlar qaynar gölməçədə bişmişlər. Beləcə, Qorqasal, suyu qaynar olan bulaq
aşkar edir və həmin yerdə şəhər salmağı qərara alır. Adının mənası gürcücə «isti su» anlamını verən
Tiflis şəhəri belə yaranır. Qeyd edək ki, həmin bulaqlar əsasında tikilmiş hamamlar ulu Yaradanın
möcüzəsi və töhfəsi sayıla biləcək isti sularla uzun əsrlərdir ki, fasiləsiz olaraq təmin olunur.
Dostum Mirzə Məmmədoğlunun uzun illər üzərində işlədiyi bu kitab Azərbaycan oxucusu üçün həm
də ona görə qiymətlidir ki, Tiflis bir məkan kimi, öncə gürcü, xristian maddi-mənəvi dəyərlərinin
daşıyıcısı və qoruyucusu olmaqla bərabər, həm də türk, islam, Şərq dünyagörüşünün formalaşdığı və
inkişaf etdiyi yörələrdən biridir. Bir çox saxta tarixçilərin iddia etməsinə baxmayaraq, Tiflis nəinki
Şərq və Qərb mədəniyyətlərinin toqquşduğu, islam-xristian dəyərlərinin bir-birini sıxışdırdığı
məkandır, tam əksinə, sinəsi çoxsaylı müharibələrə meydan olmasına baxmayaraq, bu qədim və
bənzərsiz şəhər əsrlər uzunu müxtəlif ideologiyaların, dinlərin, mədəniyyətlərin bir-biri ilə çulğaşıb,
tərəqqi etdiyi məkan olmuşdur. Və heç şübhəsiz, həm bu səbəbdən, həm də müəllifin sadaladığı digər
səbəblərdəndir ki, Tiflis və Tiflisətrafı toponimlərin böyük əksəriyyəti ya gürcü, ya da türk-ərəb-fars
mənşəli sözlərdən və ya söz birləşmələrindən ibarətdir. Bu baxımdan təhlil edəndə, Tiflisin
Azərbaycan ədəbi-tarixi-ictimai fikrində, mədəniyyətində, ümumi dünyagörüşündə nədən bu qədər
önəmli yer tutduğu tamamilə aydınlaşır. Hələ mən bu yerdəcə doğuşu, həyatı, yaşam və yaradıcılığı bu
əsrarəngiz şəhərlə birbaşa bağlı olan onlarla dahi Azərbaycan türkünün siyahısını təqdim etməyə o
qədər də lüzum görmürəm.
Orası da maraqlıdır ki, «Qədim Tiflis» kitabındakı toponimlərdən, az da olsa, bir qismi öz qədim ad
və ünvanını indi də qoruyub saxlamaqdadır.
Bir çox tarixi, ədəbi mənbələrdən istifadə olunmaqla, kitabda Tiflisdə və onun həndəvərində mövcud
olan iki yüzdən çox toponim, onların ehtiva etdiyi məna, hazırkı durumu, bir çox meydan, qala,
məbəd, küçə və digər ərazilərin, ayrı-ayrı tarixi şəxsiyyətlərin rəsmi və ya fotoşəkli öz əksini tapıb.
Bradaca bir faktın altını cızaraq, xüsusi olaraq qeyd etmək istəyirəm ki, «Qədim Tiflis» kitabındakı
bütün materiallar, müəllifin yozum və fantaziyası əsasında deyil, istisnasız olaraq, təsdiqlənmiş,
fəqət, uzun zaman pərakəndə şəkildə səpələnmiş fakt və mənbələrin işığında qələmə alınıb. Və
müəllifin bu kitabla qazanacağı uğur ona görə şəksizdir ki, o, öz doğma Azərbaycan türkcəsi ilə
bərabər, gürcü və rus dillərini də kamil bilir, bu dillərdə olan gərəkli kitabları və arxiv
materiallarını, həmçinin, müxtəlif tarixi rəsm və fotoşəkilləri əldə etmək üçün son quruşunu belə
əsirgəməməyi bacarır. Uzun bir sürədir ki, ədəbi-bədii yaradıcılıqla birgə, bədii və tarixi tərcümə işi
ilə də uğraşması bu işdə onun karına gəlmişdir.
Tarixçilər, etnoqraflar, coğrafiyaşünaslar, diyarşünaslar, müəllim və tələbələr üçün qiymətli mənbə
olacaq bu kitabın geniş oxucu kütləsi üçün maraqla qarşılanacağına inanaraq və Tiflisin qədimlərdən
qədim qaranlığına işıq saldığına görə, yazar qardaşım Mirzə Məmmədoğlunu təbrik edir və ona
qələm dostları adından dərin təşəkkür duyğularımı çatdıraram.
Rafiq Hümmət,
Azərbaycan Yazıçılar Birliyi
Gürcüstan bölməsinin sədri
MÜƏLLİFDƏN
Hər bir ölkənin toponomiyası bir çox cəhətdən maraqlıdır. Toponimlər qədim torpaqlara aid tarixi
gerçəkliklərin daha yaxından öyrənilməsinə imkan verir.
Toponomika (yunanca topos – yer, onyma – ad deməkdir) onomastikanın tərkib hissəsi olaraq, coğrafi
adları (toponimləri), onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Hər hansı
bir ərazidəki toponimlərin məcmusu onun toponomiyasını təşkil edir. Bir sıra toponimlərdə qədimdən
müəyyən ərazidə yaşamış xalqların dillərinə məxsus arxaizmlər, dialektlər uzun müddət qorunub
saxlanıldığından, toponimika dil tarixinin öyrənilməsində mühüm mənbə sayılır.
Toponim dilin leksik vahididir. Toponimlər tamamilə dialekt və şivələr də əlavə olmaqla dilin lüğət
tərkibindən qat-qat çoxdur.
Gürcüstanda 5000-dən çox yaşayış məntəqəsi vardır ki, onların da çoxunun ayrı-ayrılıqda hərəsinin
150-200 toponimi qeydə alınmışdır. Ümumiyyətlə, respublikada bütün mikro toponimləri təxmini
hesablasaq və bəzilərinin az, bəzilərinin çox olduğunu nəzərə alsaq, orta hesabla lap elə 50 götürsək,
hər halda yenə 250 000-dək toponim alınar. Halbuki, gürcü dilinin 8 cildlik izahlı lüğətində cəmisi
113 min söz var. Başqa xalqlarda toponimlərin sayı daha da çoxdur. Məsələn, V.A.Nikonovun
«Toponomikaya giriş» kitabında yazdığına görə, «İsveçdə 12 milyon toponim vardır».
Mən bu kitabımda dünyanın ən gözəl və qədim şəhərlərindən biri olan Tiflisin bizim üçün də maraqlı
olan toponimlərindən qismən də olsa, söhbət açacağam. Tiflis toponomiyasının əsas fondunu türk,
fars, ərəb mənşəli adlar, sözlər təşkil edir.
Tiflis mənim üçün də əzizdir, doğmadır. Çünki onun qoynunda doğulmuşam. Uşaqlığım, yeniyetmə
çağlarım başqa-başqa yerlərdə keçsə də, burda əmək fəaliyyətinə başlamışam. Burda ailə qurub bu
yaşa çatmışam.
Tiflis toponimlərinə gəldikdə isə, deyə bilərəm ki, bu mövzu məni çoxdan narahat edirdi. Hələ
Azərbaycan Dövlət Universitetində təhsil aldığım illər toponimikaya böyük həvəs göstərirdim. Odur
ki, diplom işim də o vaxtlar yaşadığım el-obanın (Marneuli rayonunun Alget kəndi) toponimləri
barədə oldu. O vaxtlar dövlət komissiyası tərəfindən işim yüksək qiymətləndirildi və bu sahədə
axtarışlarımı davam etdirməyi mənə tövsiyə etdilər.
Tiflis toponimləri üzərində işləyərkən bir-birinə zidd olan bir çox mənbələrə baş vurmaqla yanaşı,