Müəllifin vəsaiti hesabına nəşr olunur
Əsəri Azərbaycan EA Tarix İnstitunun
elmi şurası çapa məsləhət görmüşdür.
Elmi redaktoru: Tarix elmləri doktoru S. M. Onullahi
Rəyçilər; tarix elmləri doktoru, elm xadimi S. B. Aşurbəyli,
Tarix elmləri doktoru K. H. Əliyev.
Abdulla Həsənalı oğlu Fazili. Ulusunu tanımayan tanrısını tanımaz.
(Atropatena e. ə. IV – e. VII əsri) – Bakı: E 1992. – 216 s.
İSBN 5-8066-0451-9
Əsər təqribən II əsri əhatə edir. III Dara Makedoniyalı İskəndər tərəfindən
məğlub edildikdən sonra Əhəməni imperiyası dağılır. Məhz həmin tarixdən
etibarən Atropatın başçılığı ilə Azərbaycanda müstəqil Atropatena dövləti yaradılır
və bu sülalə 350 ilə yaxın yaşayır.
Monoqrafiyada Azərbaycan xalqının Roma işğalçılarına qarşı apardığı
müharibə Atropatenanın tarixi coğrafiyası, iqtisadiyyatı, şəhərlərin, ticarəti və
ticarət yolları, habelə göstərilən ərazidə aparılan arxeoloji qazıntıların
nəticələrindən bəhs olunur.
Burada azərbaycanlıların dini etiqadı məsələləri də öz əksini tapmışdır.
H 0503020907 - 260 Elansız – 92
655 (07) – 92
© Fazili A. H., 1992
Redaktordan
Vətənimizin ərazisində təşəkkül tapmış ən qədim dövlətlərdən biri olan
Atropatena dövlətinin sosial-siyasi, iqtisadi və mədəni tarixi Azərbaycan
tarixşünaslığında ən zəif öyrənilmiş sahələrdən biridir. Bunun əsas səbəbi müvafiq
yazılı mənbələrin olmaması, eləcə də qədim Atropatena dövlətinin əhatə etdiyi
ərazidə məqsədyönlü arxeoloji qazıntıların demək olar ki, aparılmaması, antik və
erkən orta əsr müəlliflərinin verdiyi məlumatların sistemləşdirilib elmi təhlildən
keçirilməməsindən ibarətdir. Lakin fraqment xarakterli məlumatların və eləcə də
təsadüfi arxeoloji (Həsənlu və Təxt-e Süleyman qazıntıları istisna təşkil edir)
tapıntıların müqayisə və ümumiləşdirilməsi müəllifin müəyyən elmi nəticəyə
gəlməsinə, atropatenaşünaslıqda yeni söz deməsinə imkan vermişdir. Ərşə, Germi,
Muğan və başqa mahallarda son illərdə əldə edilmiş arxeoloji materialların
tədqiqata cəlb edilməsi müəllifin gəldiyi elmi nəticələrin sanbalını daha da
artırmışdır.
Əsərdə Atropatenanın sərhədləri, təbii-coğrafi şəraiti, dövlətin təşəkkülü,
ölkənin təsərrüfat həyatı, əhalinin məşğuliyyəti, şəhər həyatı, ticarət əlaqələri,
Roma işğalçılarına qarşı qəhrəmanlıq mübarizəsi, Zərdüştiliyin dövlətin həyatında
oynadığı rol, məzdəkilər hərəkatı və s. barədə ətraflı məlumat verilmişdir. Müəllif
ilk dəfə olaraq Atropatena hökmdarları sülaləsinin – Atropatilərin şəcərə cədvəlini
tərtib etmişdir. Bu tədqiqat əsəri müəllifin uzun və gərgin axtarışlarının
məhsuludur.
Müəllif Atropatena tarixinin bəzi problemlərinə özünün ―Azərbaycanın
qədim tarixi İran tarixçilərinin əsərlərində‖ (Bakı, 1970), ―Azərbaycanın qədim və
ilk orta əsr tarixi İran tarixşünaslığında‖ (Bakı, 1986) monoqrafiyalarında və silsilə
məqalələrində toxunmuşdur.
Oxuculara təqdim olunan bu əsər həm faktiki materialların zənginliyi,
həm də elmi təhlilin nəticələri baxımından atropatenaşünaslığa yeni bir töhfə hesab
edilə bilər. Doğrudur, müəllifin gəldiyi nəticələrin hamısı ilə razılaşmaq çətindir.
Məsələn, Atropatena əhalisinin etnik tərkibi, ölkədə mövcud olmuş teokratiya,
dövlət idarə sistemi və s. haqqında deyilən fikirlərlə razılaşmaq çətindir. Kitabda
mübahisə doğuran başqa mülahizələrə, metodoloji ardıcıllığa əməl edilməməsi
hallarına da təsadüf edilir.
Bütün bunlara baxmayaraq, böyük zəhmətin və gərgin elmi axtarışların
məhsulu olan bu kitabın geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağı
şübhəsizdir.
ÖN SÖZ
Valideynlərim ġeyx Həsənalı və Rəna
xanımın əziz xatirəsinə həsr edirəm
Zəngin təbii-coğrafi şəraitə malik olan Azərbaycan (Atropatena) ərazisi
tarixən insanın formalaşmasında dünyada ilkin məskənlərdən biri olmuşdur. Bu
ərazi cəmiyyət tarixinin müxtəlif mərhələlərini özündə nümayiş etdirən abidələr
diyarıdır; Urmu, Ərdəbil, Meşginşəhr, Mərənd, Sarab, Təbriz, Miyana, Marağa,
Zəncan, Magı, Germi və digər ərazilərdə dövrümüzə qədər gəlib çatan
mağaralardan tutmuş Həsənlu, Göytəpə, Qaratəpə, Muğan, Təxt-e Süleyman,
Mərənd, Gənctəpə və s. abidələr tarixliyi, zənginlik və əzəmətinə görə indi də
insanı heyrətə gətirir.
Hər xalqın əcdadı tərəfindən yaradılan, vaxtilə öz övladlarına yadigar
qalmış abidələr kimi, atropatenalılar da öz nəsillərinə olduqca qiymətli, zəngin
maddi-mədəniyyət nümunələri, abidələr qoyub getmişlər. Lakin yadelli işğalçıların
ardı-arası kəsilməyən hücumları nəticəsində Atropatenanın mədəni abidələri ciddi
dağıntılara məruz qalmışdır. Tarixi abidələrin qorunub saxlanılması, onun
nəsildən-nəslə çatdırılması çox mühüm dövləti əhəmiyyətə malikdir. Təəssüf ki,
İranda şahlıq rejiminin baxımsızlığı nəticəsində bir sıra mədəniyyət nişanələri
aradan getmişdir. Lakin qeyd etməliyəm ki, 1979-cu ildən etibarən İranda İran
İslam Cümhurisinin tarixi abidələrə olan qayğısı nəticəsində xalqımızın olduqca
qiymətli, tarixi və zəngin maddi mədəniyyəti, habelə abidələri dağılmaq
təhlükəsindən xilas edilməklə bərabər, onların bir qisminin bərpa edilməsinə
başlanmışdır.
Xalqımızın zəngin və mənəvi irsə malik olmasını bir sıra xarici ölkə
alimləri də inkar etmir. Lakin bəzi qərb, xüsusən İranın burjua alimləri tərəfindən
tariximizin təhrif edilməsinə yol verilir. Onlar Azərbaycan tarixini, Azərbaycan
xalqının dilini və mədəniyyətini İran tarixi və mədəniyyəti içərisində ―həll‖ etməyə
səy göstərirlər. Onlar habelə Azərbaycanın tarixi sərhədlərini belə təhrif etməkdən
çəkinmirlər. Cəmaləddin Fəqih, Cavad Məşgur, Mənucehr Mürtəzəvi, Ə. Yəzdi bu
qəbil tarixçilərdəndirlər. Məhz buna görə də əsərdə tarixi faktlara əsaslanıb,
saxtakarlara ciddi elmi cavab verməyə səy göstərilir.
İnsan cəmiyyətinin bütün dövrlərinə aid abidələr diyarı olan Atropatena
hələ keçən əsrdən etibarən dünya tədqiqatçılarının nəzər-diqqətini cəlb etmişdir.
Lakin Atropatena tarixini əhatə edən bu əsərdə ölkənin ictimai-iqtisadi tərəfindən
istənilən səviyyədə tədqiq edilməmişdir.
Atropatenanın eramızdan əvvəl IV – eramızın VII əsrlər tarixini əhatə
edən bu əsərdə ölkənin ictimai-iqtisadi və mədəni-siyasi tarixi araşdırılır.
Atropatena satraplığı iqtisadi-ictimai inkişaf səviyyəsi baxımından
Əhəmənilərin digər satraplıqlarından fərqlənirdi: daha doğrusu, Atropatena
Dostları ilə paylaş: |