Sevgi və Poeziya
Hamlet İsaxanlı
Aşıb-daşır eşqımız
Həyatın mənası xoşbəxtlik, xoşbəxtliyin açarı sevgidir. Sevgi həyatın təməlidir, dünya sevgi
üzərində qurulub. Sevgi hissidir insanı insan edən, onu yaşadan və gələcəyə səsləyən - böyük
ideyalar sevgisi, vətən sevgisi, yaxınlara sevgi, vurğunluq – kişi və qadın arasında əbədi var olan
məhəbbət.... Sevgi bəşəriyyətin günəşidir, insan övladı sevginin odu ilə isinir, ondan işıq alır.
Allaha, dinə və peyğəmbərlərə sevgi insanın mütləq gücə, böyük ədalətə, böyük inama ehtiyacından
doğur. Bu sevgi iman sahiblərinin ruhuna sığal çəkir, əxlaqı saflaşdırmağa xidmət edir.
Ana və ataya sevgi insanı həyata gətirib, böyüdüb tərbiyə edənlərə minnətdarlıq hissinin
təzahürüdür. Övlad valideynlərinə sığınır, tək olmadığını görür, valideynlərin hərarəti ilə isinir,
onların sevgisini görür və qarşılıq verməyə çalışır. Övlada sevgi isə valideynlərin həyat bəxş etdiyi
və öz kiçik hissəsi hesab etdiyi məxluqu qorumaq, tərbiyə edib böyütmək, onunla fəxr etmək, onun
xoşbəxt olmasına can qoymaq arzusundan doğur. Valideyn özünün həyata keçirə bilmədiklərini
övladında görmək istəyir.
Qardaş, bacı və dost sevgisi bərabər insanların bir-birinə sığınması, bir-birinə arxa durması, bir-
birinə ehtiyac duymasından bəhrələnir.
Vətən, millət, dil və mədəniyyət sevgisi insanın kimlik duyğusu ilə bağlıdır, tamın hissəsi, bütövün
parçası olmaq, bütövə sığınmaq, onun əzəmət və gözəlliyindən öz halal payını almaq kimi
duyğuların məhsuludur. Vətən sevgisi ilə valideyn sevgisi arasında böyük bənzərlik var. Ana vətən,
ana dil, ana torpaq, ata yurdu kimi ifadələr bu bənzərlikdən yaranmışdır.
Azadlıq və ədalət eşqi tarixi inkişafdan qaynaqlanır, insanı həyatın gözəlliyi və harmoniyası uğrunda
mübarizəyə səsləyir. Yaradıcılıq eşqi, yaratmaq ehtirası bəşəriyyəti irəli aparan əsas qüvvədir.
Yaradıcılıq eşqi sonsuz, müəmmalı düşüncə və sənət aləmini içindən duymaq və zənginləşdirmək
istəyindən, qurmaq və yaratmaq yanğısından güc alır, dünyanı və həyatı dərk etmək ehtirasından
qidalanır.
Bəşər tarixi bir sevgi tarixi kimi şərh oluna bilər. Dini inanc, azadlıq və torpaq sevgisi, yaradıcılıq
ehtirası və zəka macəraları tarixin təkərlərini fırladan qüvvələr arasındadır. Müharibələr etmək də
özünü sevməkdir, şöhrət tutqusudur, liderlik ehtirasıdır, bəşəriyyətin taleyini həll etmək, allahlıq
etmək ehtirasının məhsuludur və ya qrup mənafei qarşısında vəzifə borcunu yerinə yetirməkdir.
Və... haqqında ən çox yazılan, danışılan, insanoğlunu və insanqızını cuşa gətirən qeyri-adi dərəcədə
həyəcanlı və möcüzəli bir duyğu – eşq! Iki müxtəlif qütbün bir-birinə can atması, qız və oğlanın bir-
birinə vurğunluğu, qadın və kişi arasında cərəyan edən qarşısıalınmaz cazibə qüvvəsi! Qəlbləri
coşduran, ağlı çaşdıran, cismi titrədən, insanı dəli olmaq dərəcəsinə yüksəldib ona səadət bəxş edən
sevgi, məhəbbət, eşq!
Sevgisiz həyat yoxdur. Sevgidir bəşəriyyəti qoruyan, onu gözəlləşdirən qüdrət!
Aşıb-daşır eşqımız
Sevməsək ölərik biz
Ölüm allah əmridir
Sevməksə – öz işimiz.
Ürəkdə yuva qurmuş sevgini gizlin-gizlin bəsləmək, imkan düşən kimi vurğun olduğu insana bu
sevgini ürkək-ürkək hiss etdirmək, “sirri kəm-kəm faş etmək” səadəti nəsib olur sevənlərə! Böyüyə-
böyüyə qəlbi tam fəth edən, üzə çıxıb boy göstərən və qanad açan sevgi dünyanın ən canlı, daha
doğrusu, ən həyəcanlı hisslər, duyğular, gözəlliklər zirvəsidir!
Qız və oğlan, qadın və kişi arasında sevgi iki qəlbin simfoniyasıdır, öz “mən”ini başqasının “mən”i
ilə bərabərləşdirib, birləşdirib yeni ahəngə qovuşmaqdır.
Quş quşa söykənib budağa qonur
Nuru görən yoxsa, nur olmaz ki nur;
Sevgi iki könül, iki can istər
Özünü sevməklə məhəbbət olmur.
Sevməyən insanı kim sevər?!
Sevgi nə qədər dərindirsə, özünəsevgi bir o qədər gözə dəymir, arxa plandadır. Sevgidir insan
eqoizmini neytrallaşdıra bilən ən böyük güc.
Özünü sevmək yalnız başqasını ürəkdən sevməklə, həyatı sevməklə yanaşı gedəndə anlamlıdır
(“bütün insanları, o cümlədən sevgilimi və özümü sevirəm”). Lakin, bu hiss güclənib hadisələrin
axarını öz xeyrinə doğru döndərmək, tabe etmək, əmr etmək, öz zövqünü hamıya qəbul etdirmək
istəyinə keçə bilər. “Sevginin saxlanması və çevrilməsi qanunu” na görə kim özünü nə qədər çox
sevirsə, o, başqalarını o qədər az sevir. Tək özünü sevmək ruhi və əqli naqislikdir, güc sahiblərində
isə, bu, təhlükə doğuran qüvvədir.
Insanın sayılmaq və təriflənmək istəyi özünütəsdiq üsulu kimi, ümumiyyətlə qəbul edilə biləndir. Öz
bənzərsizliyini, öz istedadını kəşf etmək və onu inkişaf etdirmək baxımından özünəhörmət və bu
mənada özünü sevmək ümumbəşəri sevginin tərkib hissəsi sayıla bilər. Ağıldan alınan ləzzəti və
nəşəni heç nə əvəz edə bilmir.
Sevgi – başqalarının duyğularına hörmət etməyi, başqalarına qarşı həssas olmağı tələb edir. Sevgi
mənəviyyatın, cəngavərliyin və zərifliyin kobudluq və natarazlıq üzərində qələbəsidir, qadına
hörmətin, qadına kişi ilə bərabər münasibətin təntənəsidir.
Insan olmaq – məsuliyyətli olmaq deməkdir. Sevmək, özünü və baş- qa birini xoşbəxt etmək - budur
insan! Sevgi elm kimi, bilik kimidir – sonsuzdur və başqalarına verdikcə, başqaları ilə paylaşdıqca
azalmır, əksinə, artır! Sevgi və bilik yalnız paylaşdıqca var olur! Nəyin varsa ver, və...zənginləş!
Duyğuya hədd qoysan o, duyğu deyil!
Gözələ təzim et, önündə əyil!
Vüqara yer yoxdur eşq meydanında
Eşq səni tam istər, bunu yaxşı bil !
Sevmək - ən insani vəzifədir. Sevgi mənəviyyatın təməlidir. Sevgi alınmır və satılmır, zor tətbiq
etməklə əldə olunmur. Sevgi hisslərin azad həyatıdır.
Hörmət – insanı olduğu kimi qəbul etməkdir; qayğı, məsuliyyət və hörmət sevgi yolunu açır, onu
bəsləyib yetişdirir. Sevgidə bir-birinə qarşı qoyulan ciddi və formal tələblər sevənlərdən birini, hətta
hər ikisini yorub bezdirə bilər. Bayron demişkən “Ara verə-verə döyünər ürək/ Məhəbbət özü də
dincəlsin gərək”.
Ciddi əsası olmayan fikirləri (önyarğını) kənara qoymaq, fərqli olma hadisəsini təbii qəbul etmək
sevginin baş tutması və qorunmasına aparan yeganə doğru yoldur.
Sevilmək və sevmək insana nəşə verir, insana ruh verir. Vüsal əsəbləri oxşayır, sevgi sağlam həyatın
kökündə dayanır. Sevgi insanın sifətinə məlahət gətirir (sifətdə sevgi oxunur), gözə işıq verir.
Eşq oddur, möcüzədir
Içimizdə közərir
Eşq yanağa hərarət
Gözə parlaqlıq verir.
Sevməyi bacarmaq lazımdır, bu - qabiliyyətdir. Bəziləri “əsas bir adam tapılsın ki, məni sevsin”
deyə başlanğıcdan birtərəfli sevgi yolunu üstün tutur, öz duyğularını oyatmamış, öz könlünü
verməmiş başqasınınkını almaq istəyir. Özünü sevdirmək üçün bir namizəd tapan kimi onun xoşuna
gəlmək üçün bütün istedadını, gücünü işə salır, dəridən-qabıqdan çıxır, hər yola baş vurur - “qoy o,
məni arzu etsin, onda vurğunluq hissi yaransın”. Beləliklə, sevilmək arzusunda olan insan tora
saldığı ovunu - “sevgili”sini sevməyi təxirə salır, sonraya saxlayır, qəlbində möcüzə baş verib sevgi
odu közərməsə, “mən günahkar deyiləm, biz başqa-başqa adamlarıq” deyib sevgi yolunu yarımçıq
tərk edir və özü də yarımçıq qalır. Bütün bunlarla yanaşı eşq meydanında özünü bəyəndirmə k
çalışmalarının olması da çox təbiidir, hətta bir çox hallarda zəruridir.
Sevməyən insan yarıkor, yarıkardır, gözəlliyi görmür, dünyanın agəngini duymur, eşqin
başgicəlləndirici yüksək mərtəbələrindən aləmi seyr edə bilmir.
Kor işığı görəmməz
Kar səsə səs verəmməz
Qəlbi atəşsiz olan
Eşq mülkünə girəmməz.
Sevgidə nə əsasdır – arzu olunan, doğru-dürüst insana rast gəlmək, yoxsa sevmək istedadına malik
olmaq, sevməyi bacarmaqə ə lbəttə, göz və qəlbin seçib-sevdiyi insanla üz-üzə gəlmək və bir yerdə
olmaq çox gözəldir. Lakin, ömrü boyu öz tayını axtarıb tapmayanlar da az deyil. Uğur qazananlar,
deyəsən, sevməyi bacaranlardır, ürəyi sevgi ilə dolu olanlardır.
Sevgi səbr və gözləmək istər. Ilk məhəbbət bunu yaxşı bacarmır...
“Mən sevilirəm və xoşbəxtəm, çünki sevirəm”- bunu deyən insanın sevgilisi də xoşbəxtdir, çünki o
da sevir və sevilir; bu - əsl sevgidir.
Sevənlər-onlardır bəxtəvər
Sevməyən insanı kim sevər?!
Sevilmək insanı tək sevgilisinin gözündə deyil, öz gözündə də ucaldır.
Gerçək həyatın uzantısı və ya xəyalın məhsulu
Əsl sevgi özünü sevdiyində tapmaqdır, mümkündür ki, bir az baş itirdikdən sonra.
Eşq mülkünə ayaq basıb
Baş itirmək nə asanmış...
Dodaqların ləbi-dərya
Vədlərin quru lisanmış.
Oxa döndün, yoxa çıxdın
Bir xəyal qanadlısanmış.
Can almaqda tayın yoxdur
Qız, nə istedadlısanmış!
Şirinliyin, turşməzənlə
Sən həyatdan dadlısanmış!
Sevdiyinə səcdə etmək, onun qulu olmaq, gərək ki, fəxr etməli, öyünməli bir şey hesab olunmur.
Hərçənd ki, özünü sevdiyinə həsr etmə k böyük günah da deyil, dəlicəsinə sevən bu hissə necə
qapılmasın?! Qoy olsun - Nizami demişkən, qul olmaq lazımdırsa eşqin qulu olmaqdan yaxşısı
yoxdur.
Sentimental sevgi xəyali sevgidir, xəyalda qurulan bir obraza bəslənən sevgidir. Yanındakı insanın
həmin obraza çevrilməsi arzusu əsasən baş tutmur. Məcnun sindromu budur – Məcnun gerçək
həyatda olan Leyliyə deyil, xəyalında surətini yaratdığı Leyli adlı varlığa aşiqdir, onun məcnunudur.
Sözlərimin canı budur:
Aşiqlər hissin quludur
Istədiyin mən deyiləm
Xəyalının məhsuludur.
Insan yalnız qeyri-bərabər, şərtsiz, mütləq sevgidə özünü unutmaq, özünü qurban vermək məqamına
çata bilir. Ananın balasına sevgisi buna parlaq misaldır.
Sevgi ağlı itirmək deyil, ağlı bəsləmək, bəzəmək və gözəlləşdirməkdir. Sevgi insanı ucalda bilən,
saflaşdıra bilən, zərifləşdirə bilən, qəlbləri isindirən, adilikdən çox yüksəkdə dayanan insani
duyğudur, insan həyatının mənasıdır.
Sevgi ürəyi döyünən hər canlıya xas olan bir duyğudur. Gənclərin nəfəsi sevgi ilə gedib-gəlir, lakin
sevgi yaş bilməz; xəyal var olan hər könüldə sevgi odu var.
Sevgi - gəncliyin nəfəsi
Xəyal - eşqin fəlsəfəsi!
Sevgi gah sakit-sakit ləpələnən, gah da coşub-daşan dalğalı, fırtınalı bir dənizdir. Sevgi həm
tərəddüd və şübhələr dəryasında batıb-çıxmaq, həm də xəyal dünyasında qanad açmaqdır. Sevgi tək
gerçək həyatdan ibarət deyil, şirin xəyallarsız sevgi yoxdur. Sevgi gerçək həyatın uzantısıdır,
gerçəkliyin xəyal dünyasında davamıdır.
Bir məhəbbət yuxusu
Həyatda olmayan anı yaşatdı,
Yuxumu bürüyən çiçək qoxusu
Yaralı sevdanı yaşatdı.
Doğrusu
Röyadan ayılmaq qorxusu
Yuxuma haram qatdı,
Nə mən yatdım, nə də duyğularım yatdı –
Bu özü də bir həyatdı...
Xoşumuza gələn insanı həqiqi və xəyali aləmdə izləməyə, sevməyə başlayırıq. Zaman bu sevgini
gücləndirib, “ağıllandırıb” dostluğa da çevirə bilər, zəiflədib söndürə də bilər. Insan bəzən sevgidə
başını itirsə də, özünü başqasında tapsa da, xəyal dünyasında ilişib qalsa da, bütövlükdə sevgi həm
də insanın özünü və başqalarını dərketmə yoludur. Əxlaqi, əqli, ictimai və bioloji inkişafa təkan verə
bilən ruhi qüvvədir sevgi.
Gözəllik üstəgəl...
Sevgi səmimi birliyə, canbir-qəlbbir ittifaqa aparan körpüdür, ayrı olanları bir etmək iqtidarındadır,
tək olanı təklikdən xilas edir sevgi.
“Sevginin ictimailəşdirilməsi” bəzi filosof və ictimai xadimlərin qələmindən ayrılıb kağıza düşən
“ictimai fikirdir”. Əslində isə sevgi ictimai həyatdan aralanmaq, ayrılmaq, iki şəxsdən ibarət özəl
səadət ocağı qurmaq üçündür (ailə yaranarsa, bir qayda olaraq, sevgi evinin yeni sakinləri əmələ
gəlir...).
Iki qəlbin qovuşmasını müəyyən edən əlamətlər hansılardır? Yaranmaqda olan sevginin sevgililəri
xoşbəxt edib-etməyəcəyi necə təyin edilir?
Gözəllik üstəgəl ürəyimizə yatan xasiyyət və xarakter – bəlkə budur ikini bir edən?! Zahiri
gözəlliklə daxili aləm, bədənlə ruh bir-birinə qovuşursa insan sevir və özünü bütövün, sıx birləşmiş
ikiliyin tam yarısı, bir kökdən qidalanan qoşa budaqdan biri hesab etməyə başlayır. Platona görə
əsas iş gözəlliyi seyr etməkdir, eşq özü də gözəllikdir.
Gözəl olduğu üçünmü sevirik insanı, yoxsa sevdiyimiz üçünmü gözəl görünür insan? Bu iki fikir
arasında ziddiyyət yoxdur, əslinə qalanda onlar bir-birini tamamlayır.
Gözəllik- seyrinə dalmaq üçündür
Məhəbbət- ürəkdə qalmaq üçündür.
Həyat hərəkətdir, gəlib-gedəndir
Əməl- həyatdan bac almaq üçündür.
Gözəllik anlayışı şəxsin aldığı tərbiyənin, mühit və mədəniyyətin, nəhayət fərdi duyğuların
məcmusundan doğan dəyərdir, yüksək keyfiyyətdir. Fərdin gözəllik qavramı mühüm dərəcədə mühit
və mədəniyyətin qəbul etdiyi gözəllik qəliblərinin təsiri altında formalaşır.
Insan gözəlliyi, xüsusilə gözəl qadın modeli cəmiyyətin öz-özünə aşıladığı (və ya başqa güclü bir
cəmiyyətin bütün dünyaya aşıladığı) zövqə uyğun təyin edilir. Ictimai zövq və ya kollektiv zövq
dəyişkəndir, tarixi inkişafın məhsuludur. Qədim zamanlardan günümüzə qədər gözəllərin tərifinə,
vəsfinə həsr olunmuş poetik əsərlər, nəsr və dram əsərləri, heykəllər və rəsm əsərləri gözəlin xarici
görünüşünə, hətta xasiyyətinə münasibətin tarix boyu necə dəyişdiyini açıq-aşkar göstərir. Bu də-
yişməni təkamül adlandırmaq olmaz, bu, ancaq və ancaq dəyişkənlikdir.
Qloballaşma sanki gözəllik ölçülərindən və zövqlərdən də yan keçməyib, əksəriyyətin qəbul etdiyi
(əksəriyyətə qəbul etdirilən) gözəl tipi mövcuddur; bu tip təbiətin seçimi deyil, bu tip əslində inşa
olunur, yaradılır və ağla gələn bütün vasitələrlə təbliğ edilir.
Gözəllikdən fərqi olaraq sevgi tam təsvir oluna bilməyən, məntiqə tabe olmayan bir hadisədir;
hərənin öz sevgisi var.
Eşqdə kamillik gəzmə
Sevgi ağlın deyil, qəlbin məhsuludur (bu, əlbəttə, bioloji deyil, şairanə ifadədir); sevgi ağlı başdan
ala da bilər, püxtələşib başa ağıl da qoya bilər.
Sevgi həyatdır, həyat isə mükəmməl deyil, qovğalarla doludur; mükə mməl olmaq gerçək həyatda
deyil, xəyalda mövcud olan ideala çatmaq deməkdir. Öz nöqsanlarını görməmək, başqasının
nöqsanlarını isə böyütmək, sevgili kimi qəbul edilmiş insanı zor-xoş dəyişdirmək, onu yenidən
tərbiyə etmək istəyi bu sevginin narahat günlər, aylar, illər keçirəcəyi ehtimalından xəbər verir.
Itkisiz olmaz zəfər
Yoxdur mütləq müzəffər
Eşqdə kamillik gəzmə
Sevgi yanlışlıq sevər.
***
Can alan, naz satanlar
O tay, bu tayda çoxdur
Sevgidə nə desən var
Sevgidə qayda yoxdur.
Dava-dalaşsız sevgi yoxdur, küsmək və incimək sevgidən heç zaman əl çəkməyən, onun başına
dolanan peyklərdir. Sevgililərin qurduğu ittifaqda özünütəsdiq və ya muxtariyyət davası, sözükeçərli
olmaq və ya vəziyyətə hakim olmaq davası deyəsən heç vaxt tam kəsilmir.
Təbiət insanla ittifaq qurmur
Günəş istəyirsən, sulu qar yağır.
Yar üçün özünü lap oda da vur-
Yenə də başına tufanlar yağır.
Mühüm işlərdə, ümumiyyətlə həyatda sevgililərin hər birinin öz planı ola bilər, bu iki planı daha
geniş vahid planın tərkib hissəsinə çevirmək sülh və dostluq əldə etmənin yeganə üsuludur.
Sevgini oyun kimi qəbul edənlər də var; bu halda, təbii ki, qalib gələn, məğlub olan, geri çəkilən,
başdan çıxaran, aldadan, aldananlar olacaq...
Sevdiyimiz insan bizi sevməyə də bilər, “bu da bir həyatdı”.
Möcüzəyə bel bağlama
Hər yetən yetməz ki kama...
Hər sevdiyi qismət olmur insana
Ürəyində bəslədiyi sevgilər qalır ona...
Bu, bəlli bir insandan daha çox dünyadan küskünlüyə səbəb olur.
Nəyə ümid bəsləmək, nədə təsəlli tapmaq? Bir sevgini kama yetirməyən dünya yenə də insana sevgi
bəxş etməkdən xali deyil. Sevgi həyatı bir anda dəyişdirə bilən möcüzədir.
Ümid xəfif olsa belə, könüllərə şəfəq saçar,
Xoş əməllər bar gətirər, xoş niyyətlər çiçək açar.
Insanlara qanad verən sevgi adlı möcüzə var,
Nəhayətsiz eşq, ehtiras, duyğu çələngidi dünya.
Sevmək inanmaqdır, etibar etmək, ümid etməkdir. Inamı az olanın
sevgisi də az olar.
Sevgi zərif, həssas və kövrək duyğudur - o, nəzakət, sabitqədəmlik və ağayanalıqdan xoşlanır,
kobudluğa, yalana, eləcə də kənar müdaxilə lərə qarşı dözümsüzdür. Sevginin keşiyində durmağa,
onu möhkəmlə ndirməyə, onu başqalarından və...sevgililərin özündən qorumağa ehtiyac var. Bu
qoruma illər ötdükcə daha da etibarlı olmalıdır. Sevginin “ağılsız” olaraq uzun müddət yaşaması
mümkün olmur. Sevgi get-gedə azalarsa, qarşılıqlı cəzb etmə qüvvəsi zəifləyərsə, heyranlıq duyğusu
kütləşə bilər. Biganəlik sevginin dostu deyil.
Səni sevdim gündən-günə daha dolğun, daha incə
Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi
Səni sevdim gözəlliyə heyran olan insan kimi
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə.
Sevginin yarandığı və alışmağa başladığı dövrdə heyranlıq duyğusu altında xoşbəxt olan sevgililər
bir-birini ruhlandırmaq və razı salmaq, bir-birinə dayaq olmaq üçün hər comərdliyə, hətta qurban
getməyə həvəsli görünürlər. Onların yarıgerçək, yarıxəyali dünyası sevgi yağışı və ehtiras fırtınası
altında keçir. Özlərini bir hesab etdikdən, xüsusilə ailə qurduqdan sonra hal-qəziyyə və vəziyyət
dəyişə bilir. Yeni həyat həqiqə tinin gözü açılır; indi sevgililər birləşməyə can atan fərdlər deyil,
artıq birləşmiş, məsuliyyət altına girmiş durumda olan ikilikdir. Bu, Leyli və Məcnun, Əsli və
Kərəm, Fərhad və Şirin eşqi, ehtirası deyil (vüsala yetişsəydilər, onlar da adi ailə həyatı yaşamalı
olacaqdılar və... bu gözəl əfsanələr, dastanlar yaranmayacaqdı...). Indi qarşıda yeni, fərqli vəzifələr
durur, parlaq sözlərin yetərsizliyi aydın olur, dolanmaq, yola getmək kimi maraqsız problemlər üzə
çıxır, fədakarlıq, qayğıkeşlik, üzüyolalıq əhəmiyyət kəsb edir, ağıl hisslərlə ən azı bərabərləşir.
Sevgini yaşadan, onu uzunömürlü edən sevginin "sadəcə"liyi onun insani, özünəməxsus olmasıdır.
Mahnılarda anılmadım, dastanlarda yoxdur adım;
Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım,
Içimdəki ağrıların atəşindən kül olmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Məcnun olub dərdli eşqlə səhralara üz tutmadım,
Insanlardan uzaq düşüb ceyran-cüyür ovutmadım,
Xəyallara səcdə qılıb vüsalını unutmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Fərhad olub dəryaları məcrasından döndərmədim,
Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim...
Dünyanın naz-nemətini sənə bəxşiş göndərmədim...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Uçmağa daha çox alışmış məxluq torpaq üstündə yeriməyə həvəsli görünmür, səbəb bunun maraqsız
görünməsi və geriləmə təsəvvürü yaratmasıdır. Sevgi yağışı və ehtiras fırtınası xəfifləyir və bunu,
əvvəlki sevginin azalması əlaməti hesab edən sevgililər zaman-zaman məyusluq, pərişanlıq və
süstlük havası içinə düşürlər.
Sevmək qabiliyyəti bəzi insanlarda güclü, digərlərində zəif ola bilər. Qabiliyyət və istedad həvəs və
zəhmətlə cilalanır, tənbəllik və duyğusuzluq istedadın düşmənidir. Sevgi diqqət tələb edir, sevgi öz-
özünə yaşamır, sevənlər yaşadır onu. Zəhmət çəkilməyən sevgi qulluq edilmə yən ağac kimi
çiçəklənməz və ya xəstəlik tapar. Bir qəlbdə yanan sevgi odu digər qəlbə də işıq saçmalı, onu da
isindirməlidir.
Duyğusuzluq sevgi qıtlığından irəli gəlir; sevməyi bacarmayan insanın duyğuları donmuş, süst
düşmüş haldadır.
Çoxu nə istəyirə – Can rahatlığı!
Bəs başqaları nəə – Söz azadlığı!
Bəs sevgiə Onsuz puç deyilmi həyat?
Fəlakət deyilmi sevgi qıtlığı?
Dünya və həyat təsəvvüredilməz dərəcədə mürəkkəbdir, bəşərin vicdanında (və vicdansızlığında)
gözəllik və sevgi ilə yanaşı, təəssüf ki, faciələr və nifrət də yer tutur. Sevgi birləşdirici hissdir,
ehtirasdır, nifrət, hərislik, paxıllıq isə özünü başqasından təcrid edən zərərli ehtirasdır.
Nədir ölçü, nədir çəki dünyada?
Sevgi hökm edəydi təki dünyada...
Dünyada sevgi hökm etsəydi, yəqin ki, dünya cənnətə dönərdi.
Alovlu sevgi hisslərinin məhsulu olan gözəl sözlər əksər hallarda zamanın süzgəcindən keçmir,
sevgi binası yarımçıq qalır.
Sevgidən doğan sözlər də
Bir zaman ölə bilərmiş;
Açılmayır sirli pərdə
Dünya nə qəribə yermiş?!
Həyatda rast gəlinən sevgilərin çox cüzi hissəsi nikaha aparır. Nəşələndirən və tez yox olmayan,
qalıcı eşq nadir hadisədir. Evlilik insanları xoşbəxt də edə bilər, bədbəxt də. Xoşbəxt ailə sevgisi
vurğunluqla ağlın izdivacıdır.
Cazibə qüvvəsinin yandırıcı şirinliyi
Gözün ondan ayrılmaq istəmirsə, içində bir titrəyiş əmələ gəlibsə, xəyalın və fikrin ona bağlı qalırsa,
bu, vurğunluq əlamətidir.
Günəş aya baxmasa
Ay yerə nur saçarmı?
Qoşa qanad taxmasa
Quşlar şövqlə uçarmı?
Dünyanı eşq yaşadar
Vurğunluqdan xoş nə var?!
Kim deyər ki, sevdalar
Gəldi-gedərdi, gülüm?!
Gözlərdən qopan və ruhu alışdıran qığılcımdan başlayır sevgi, “iki kafər bir müsəlman öldürür”
(Saib Təbrizi). Sevgi dinc durmur, səslə yir, çağırır, gözlər “gəl, gəl” deyir.
Ürək çırpınanda, göz çağıranda,
Nəfəs bir olanda, dil lal olanda,
Dodaq can atanda, sifət yananda
Sol yanaq da gözəl, sağ da gözəldir!
Yaxın olmaq, oxşamaq, əzizləmək və əzizlənmək istəyi baş qaldırır sevən ürəklərdə. Coşan hiss,
həyəcan bir toxunma arzusu doğurur - əllərini əlinə almaq, saçlarını sığallamaq, saçlarını
qoxulamaq, öpmək, qucaqlamaq, qovuşmaq, bir olmaq!
Deyirəm: yaxın gəl! Sözümə baxmır
Məni can evinə yaxın buraxmır
Mən də hal əhliyəm, gözümü yumub
Öpürəm, sağ olsun, başıma qaxmır.
Müdrik filosof şəhvani hisslər haqqında ehtiyatla, aşiqin başına ağıl qoya-qoya yazır, nəsihət verir,
nəfsi ağla tabe etməyi məsləhət görür, aşiqi düz yola çağırır. Şair isə nəsihət verməkdən, başa ağıl
qoymaqdan uzaqdır; o, sevən qəlblərin, canın, cismin və ruhun ehtiras içində alışıb yandığı eşq
dastanını yazır. Ağıl eşqin qarşısında tir-tir əsir, çaş-baş qalır. ə lbəttə, eşqdə risk də var, ağıldan
uzaq düşmək yaxşı iş deyil, agılsızlığa gətirib çıxara bilər...
Şəhvani hiss mənəvi ehtiyacdan doğmasa da, o, qeyri-ixtiyari duyğu olduğu üçün böyük danlaq
hədəfi olmamalıdır.
Eşqin odunda qaynayan ehtirası qəti surətdə kobud hisslərlə qarışdırmaq olmaz, bu, müvazinəti
itirmək deyil, quruculuq ehtirasıdır – gizlinin aşkarlanması, qəfil yaxınlığın həyəcanı, marağı var
burda. Təbiətin səsindən, ruh və cismin harmoniyasından qaçmaq mümkün deyil. Bədən, ağıl və ruh
həzz alır sevgidən. Yaşamaq eşqi sevgi ilə düz mütənasibdir.
Sevgililər can eşidib, can desələr,
Duyğuların şiddətindən titrəsələr,
Könüllərə körpü salsa şən busələr
Yaşamağa nə var ki!...
Nazlı canan canımıza qəsd etsə də,
Ağlımızı başdan alıb, məst etsə də,
Eşq var olsun, dünya tamam tərs getsə də
Yaşamağa nə var ki!...
Tək bir-birini deyil, dünyanı ağuşuna almaq istəyir sevib-sevilən, bir-birini cəzb edən, biri o birinin
cazibə qüvvəsinə tab gətirməyən iki aşiq. Sevgi eşitmək və eşidilmək istəyir. Şəhvət sevgi adlı yolun
nə sonu, nə əvvəlidir, yalnız bir hissəsidir, üstəlik - bəzi filosofların gözündən iraq - sevginin təbii
və zərif tərkib hissəsidir. Onun astanasında insani həya, utancaqlıq, ürək döyüntüsü, həyəcan, cazibə
qüvvəsinin yandırıcı şirinliyi dayanır.
Qüdrətdən pay versin Füzuli, Xəyyam
Vəsfinə gücüm yox, özgədir əyyam
Gözlərim söyləyir sənə sevgimi
Neyləyim, dilimi bağlayıb həyam.
Əsl sevgidən doğan bu qovuşmanın davamı iki fərdin birləşdiyi, güc aldığı mənalı həyatdır, o
cümlədən ailə qurulmasıdır. Lakin kamına çatan insanlarda bəzən yeni ehtiras axtarışı, yenidən
başqa bir ova çıxmaq istəyi baş qaldırır. Ata, ana, övlad, qardaş, bacı sevgisindən fərqli olaraq
seçmə imkanından gen-bol qidalana bilən eşq aləmində “itmiş” və ya “gizlənmiş” tayını axtarmaq,
tapıb-itirib yenidən axtarmaq da var; sirli və mürəkkəb dünyamızda “bu da bir həyatdı”.
Əllərinlə saçlarını darama
Əvəzində bir sığal çək yarama
Məndən sonra nə istəsən sənindir
Mən sağ ikən başqa yarı arama.
Ağlına sahib dur, sevgiyə can at
Sevgi bu günü, bu anı yaşamaqdır. Sevginin təməli keçmişdə qoyulsa da, binası bu gün, bu an
hörülməkdədir. Sevgini indi hiss etmək, duymaq, görmək, indi ona qucaq açmaq lazımdır.
Ürək vurarmı qansız ?!
Eşq yaşarmı gümansız ?!
Sevgiyə sığın, ay qız,
Gəmi yoxdur limansız.
Sabahı, gələcəyi düşünən insan bəzən bu anı, bu günü yaşamağı unudur. Səbəb, yəqin ki, bu günkü
sevginin adiləşməsi, gözdən düşməsidir. Seçdiyi insanın özünü deyil, onun “mükəmməl” şəklini
arzu edən, “bu arzuya yalnız gələcəkdə çatmaq olar” deyə düşünən şəxsin bu yolla kamil sevgiyə
qovuşacağı şübhəlidir.
Sevənin qəlbi indi döyünür, o, hal-hazırda həyəcanlıdır, o, məhz indi sevgi oduna isinməkdə və ya
yanmaqdadır. Bu anın gözəlliyini yaşamaq - budur xoşbəxtliyin canı. “Hər gün bir yeni nəğmə,...”
(Müşfiq) və ya “Dayan, ey dəqiqə!” (Goethe) –budur sevənlərin şüarı.
Canımdan bezmişdim, düşmüşdüm xəstə
Göylərdən süzüldü bir səs ahəstə
Bəxtinə kor demə, sevgiyə tələs
Canan can istəsə, de: gözüm üstə!
Sevgi yolundakı maneələr çox zaman keçilə biləndir; üstəlik bunların bir qismi, məsələn qısqanclıq,
bəzən sevənin əsassız şübhələrindən qaynaqlanır. Sevib-sevilərkən insan daha yaradıcıdır. Böyük
sevgi insanın ruhunu oynadır, ona güc verir və bu, qarşıya çıxan sədləri yox etmək üçün də
kifayətdir.
Bəzən dara düşür məxluqun canı
Təki geniş olsun ruhun meydanı
Ağlına sahib dur, sevgiyə can at
Sevgi gənc saxlayır aqil insanı.
Ömür boyu öz tayını-sevgilisini tapa bilməmək bəzən duyğular dünyasında gözübağlı yaşamaqdan
və ya rastına çıxan insanlarla münasibət qura bilməməkdən irəli gəlir. Sonra bunların üzərinə ruh
düşkünlüyü əlavə olunur. Ətrafa olan hörmət və maraqdır sevgiyə gətirib çıxaran yol...
Gözümüzü tutur pərdə
Ağı qaradan seçmirik.
Eşq bizi gözləyən yerdə
Yolu düzünə keçmirik.
Sevgi insanın şövqünü artırır, onu yaşamağa çağırır. Ümidsizə ümid, yeriyənə qanad, bədənə ruh
verir sevgi! Ayrılıq və həsrətdən sonra aşiqlərin yenidən bir-birinə qovuşması sevginin zirvə
nöqtəsidir.
Sevgi ilə yaşamaq həyatdan həzz almaq deməkdir. Sevgi nəşədir, qəhqəhədir, toy-düyündür. Eyni
zamanda sevgi çılğınlıqdır, həsrət, hicran, hıçqırıq və gözyaşlarıdır, depressiya, xəyanət və ürək
dağıdır. Hiddət, qorxu, üzüntü, “qanın beyinə vurması”, özünü alçaldılmış sanmaq (aşağılanma) da
yad deyil sevgi aləminə.
Sevginin kölgəsi
Sevən hər insanda müəyyən dərəcədə qısqanclıq hissi var - az, çox və ya ifrat dərəcədə, xəfif və ya
partlayıcı gücə malik... “Qısqanclıq sevginin kölgəsidir” deyirlər. “Qısqanclıq duyğuların ən şirini
olan sevgidən qaynaqlanır və duyğuların ən acısıdır” deyirlər. Qısqanclıq onu doğuran eşqdən daha
davamlı, daha dayanıqlı ehtirasa çevrilə bilər.
Şübhə və güvənsizlikdən yaranan və hissi sarsıntılarla, insanın özü üzərində nəzarətini itirməsi ilə
müşahidə olunan, dəlilik dərəcəsinə qədər yüksələ bilən ruhi pozğunluqdur ifrat qısqanclıq.
Davranış tərzinin, xasiyyətin və içində yaşadığımız mədəni mühitin qısqanclığın doğmasında böyük
rola sahib olduğu şübhəsizdir.
Sevilmək hissinin sevmək hissindən daha üstün tutulması qısqanclığı doğuran əsas səbəblərdən
biridir. Ümumiyyətlə, qısqanclıq sevənlə rə xas olan yiyələnmə, sahiblik və mülkiyyət hissi ilə də
bağlıdır. Təbiətən vasvası olmaq da qısqanclıq hissinin kök salmasına, yetişib böyümə sinə təsir
göstərir. Qısqanclıq da sevginin özü kimi sanki “bizdən asılı olmayaraq” meydana çıxır. Lakin
qısqanclığın sevgini qoruyan üzü də var. Ilk nəzərdən paradoksal görünsə də, qısqanclıq hissi bəzən
sevgini daha canlı edə bilir, “sevib-seçdiyin insandan bərk yapış, onu qoru və daha hərarətlə sev”
deyir.
Qısqanclığın aradan qaldırılması mümkünsə, bu, yalnız sevgililərin birgə səyi nəticəsində ola bilər.
“Yaş ötdükcə qısqanclıq azalır” fikri, müəyyən əsası olsa da, mütləq deyil.
Dünəni yaşadım, dünəndə bitdi
Uşaqlıq qayğılar dinəndə bitdi
Qısqanclıq, çılğınlıq dolu səhnələr
Ömrümüz payıza dönəndə bitdi.
Sevginin canına daraşmış və qanında cərəyan edən qısqanclıq virusu ədəbiyyatın aparıcı
mövzularından biridir. Sevgidə rəqibi bildirən “əğyar” kəlməsi şərq poeziyasında ən çox işlənən
sözlərdəndir.
Bu dünyadakı cənnət
Sevənlərin əsas dini sevgidir, bu dinin Allahı, peyğəmbəri,...sevimli insandır. Bir hədisə görə
“dünya ləzzətlidir və onun ən böyük ləzzəti qadındır” deyirdi Məhəmməd peyğəmbər. Eşqin
əzəmətini, böyüklüyünü göstərmək istəyən şair tam səmimi olaraq eşqi allah, peyğəmbər, din,
cənnət, Məkkə və Mədinə səviyyəsinə qaldırır, eşqi ən müqəddəs, ən ali hiss kimi tərənnüm edir.
Sevgilisinə qovuşmağı dindən üstün tutan aşiq dinini dəyişməkdən belə çəkinmir. Sevgi, musiqi,
şərab - bunlar islam dünyasında, ərəb, fars və türkdilli poeziyada yüksək məqam tutmuş, təsirli
poetik ifadə vasitəsinə çevrilmiş, ruhu və cismi sərxoş edib oynatmaq iqtidarında olmuşlar. Sevgini,
yəni bu dünyadakı cənnəti, şair-aşiq o dünyadakı cənnətlə əvəz etmək istəmir, ondan üstün tutur.
Sevgisinə, sevgilisinə qarşı ciddi bir təhdid, təhlükə duyan aşiq bunu aradan qaldırmaq üçün hər
şeyə hazırdır, Tanrıya yalvarır, Tanrıdan Tanrıya şikayət edir, Tanrıya qarşı poetik üsyan qaldırır.
Qədərin cilvəsi müdhiş, güman yeri köndələndir
Əlləri baş sığallayan, barmaqları göz dələndir.
Qədər bumu – canan xəstə, sevgilisi şikəstədir?!
Tanrım, hanı mərhəmətinə - bax, anam namaz üstədir.
Tanrıya ağıl qoymuram, amma, vallah, olmaz bu cür...
Ya hər ikimizi güldür, ya bizi birlikdə öldür!
Bədən və ruh arasında münasibəti müxtəlif dinlər (və müxtəlif filosoflar) fərqli və özünəməxsus
şəkildə izah və şərh etmişlər, eşqdə isə bu münasibətə heç bir məhdudiyyət qoyulmur - dini
ehkamlar unudulur, bədən və ruh bir-biri ilə bəhsə girir, bir-birinə həmdəm olur, bir-birinə qovuşur.
Sevgi dindən daha qədimdir. Sevgi təbiətdən daha davamlıdır. Ulduzlar yanıb-sönür, məhv olur,
çaylar, dənizlər quruyur, kainat çox köklü dəyişmələrə məruz qalır, lakin sevgi bəşəriyyəti,
bəşəriyyət isə sevgini vücuda gətirir və yaşadır.
Günəşin də öz ömrü var
Bir gün o da bitəcək.
Başqa bir günəş gələcək
Hər dərdə o yetəcək.
Yenə otlar göyərəcək
Açılacaq gül-çiçək
Bülbül yenə gül eşqiylə ötəcək;
Bir oğlanla bir qız yenə
Çiçəklərin arasında itəcək...
Səmimiliyin cazibəsi
Sevgi poeziyası şairin istedad və qüdrətini göstərən əsas ölçülərdən biridir. Insani duyğuların ilahi
duyğularla birləşdiyi zirvədə yer alır əsl sevgi şeirləri. Şairin səmimi-qəlbdən gələn şeirləri içində
sevgiyə həsr olunanlar başda durur.
Şair dövrün ideologiyasını vəsf edən şeirlərini, qismən də patriotik hissləri nümayiş etdirən poetik
əsərlərini, təbii ki, birbaşa dinləyici, oxucu və... “böyüklər” üçün yazır, sanki sifariş qəbul etmiş
kimi çalışır (sifariş olmasa da), sanki vəzifə borcunu yerinə yetirir. Burada bir özünü göstərmə,
diqqət cəlb etmə ünsürü də var, “mən də ideoloji cəbhənin nümunəvi əskəriyəm və ya mən də
patriotam”. Bəzən ürəkdən yazılsa da, bir sıra hallarda bu şeirlərin səmimiliyi şübhə doğurur, oxucu
və dinləyicini cəlb etmək üçün lazım gələn duyğu və həyəcan daha çox pafos, səslənmə (bəzən səs-
küy və ya gurultu), təmtəraq və təntənə üzərində qurulur.
Təbiət gözəlliklərinə və ya həyat-ölüm məsələlərinə həsr olunmuş şeirlərdə şair səslənmə və
təntənəni sanki bir qədər azaldır, onları heyranlıqdan və mütəəssir olmaqdan doğan insani hisslərlə
əvəz edir, bu isə şeirin səmimiyyətini, mehribanlığını və lirik ruhunu artırır.
Sevgi hiss, həyəcanı bakirədir, şairin öz içində doğulur və orda da yaşayır, sevgili obrazından başqa
heç bir xarici təsirə məruz qalmır. Bu təbii, insani, xəyal dolu və bir qədər də ilahi duyğular özünü
oxucuya göstərmək, bəyəndirmək üçün yaranmayıb, onları ağlın və hesabın gözü yönəltmir, onların
təbliğə ehtiyacı yoxdur. Sevgi şeirləri “mən də sevirəm” fikrini xalqa və ya hökumətə bəyan etmək
üçün yazılmayıb, onlar sevginin və sevgidən od alan duyğuların ifadəsidir, buna görə də safdır,
ürəkdən gəlir.
Məhəbbətə həyat verən saf nəfəsdir
Ən ulu səs qəlbimizdən qopan səsdir
O, nə xülya, nə ötəri bir həvəsdir
O, könüldən könüllərə hopan səsdir,
Odur qüdrət, odur şəfqət,
Odur ruhun, xəyalların sərkərdəsi,
Haqqın səsi, eşqin səsi, qəlbin səsi.
Dünya ədəbiyyatı korifeylərinin, böyük şairlərin ən yaxşı, ən möhtə şəm əsərləri sevgiyə həsr
olunub və ya orada sevgi motivləri mühüm rol oynayır. Korifeylər cərgəsinə düşməmiş istedadlı
şairlər də məhz sevgi şeirləri ilə tanınıb seviliblər. Hətta xüsusi istedad sahibi olmayan bəzi şairlər
də bir neçə gözəl sevgi şeiri yazmağa müyəssər olublar; bu, görünür ki, şairin içindəki həyəcan və
ehtirasın müəyyən məqamda şahə qalxmasından, saflıq, təbiilik və səmimiliyin cazibəsindən doğur.
Eşqin tərənnümü bitmir ki, bitmir
Sevgi haqqında şairlər, yazıçılar, filosoflar, psixoloqlar, psixiatrlar, sosioloqlar, antropoloqlar,
teoloqlar, həkimlər, tarixçilər, arxeoloqlar... yazmışlar.
Şairin bir sevgi şeiri, bir misrası filosofun sevgi mövzusunda yazdığı bir elmi əsərin, bir kitabın
əsasında dayana bilər. Şairin eşq dolu misraları sevilir, əzbərlənir, sevgililərin dilində gəzir,
filosofun əsəri yalnız bəzi sonrakı filosoflara lazım gələ bilir, sevənlərdən isə uzaq qalır.
Tədqiqatçılar, filosof və digər mütəfəkkirlər sevgi haqqında yazır, təhlilər aparır, fərziyyə və
nəzəriyyələr qururlar. Şairlər isə şeirlərində sevginin özünü yaşayır, sevginin özünü danışdırırlar.
Dünya nemətləri bizə tanışdır
Sən eşqə qanad ver, ruhu danışdır.
Şair sevgi aləmini, sevgiyə xas olan həyəcanı mübaliğə, gözəl bənzətmələr və fonetik zənginliklər
vasitəsilə içdən ifadə edir, oxucunun qəlbini oxuyur və ehtizaza gətirir. Sevgi şeirləri sanki
sevənlərin ürəyindən keçənləri göstərən bir aynadır, bu aynada gözəllik, sevinc, nəşə, kədər və göz
yaşları görünür...
Bir sevgi və çarəsizlik duyğusu
Mənə həyatı anlatdı,
Həyatın çox imiş üzü ,
Qarası ağına tən,
Gecələrlə ekiz imiş gündüzü;
Qəlbimə hakim kəsilən
Gah sevinc, gah intizar, gah fəryaddı –
Bu da bir həyatdı...
Sevgi poeziyası sevginin ən incə, ən lətif, ən qızğın və şiddətli tərəflərini, eşqin hər üzünü nümayiş
etdirir, burada qadağan olunmuş üsul və mövzu yoxdur.
Sevgi duyğuları şeirə dönür, eşqə həsr olunmuş şeir sevgi duyğusu yaradır. Poeziya ruhun göylərə
ucaldığı müstəsna halları sözlə ifadə edən ahəngdar bir hünərdir, sevgi də ruhun təntənəsidir - sevgi
və poeziyanın birliyi məhz bu ruh yaxınlığında, ruh qohumluğundadır.
Sevdi, ya sevmədi yar -
Şerə dönür duyğular.
Eşqin tək özündə yox
Sözündə də nəşə var.
Sevgi mövzusunda yaradılan əsərlərin çox böyük əksəriyyəti kişilərə məxsusdur; sevimli qadının
vəsfi, onun ilahi gözəlliyi, şıltaqlığı, sadiqliyi və ya vəfasızlığı, aşiqə verdiyi sevinc və əzab
ədəbiyyatda, xüsusilə poeziyada mərkəzi yer tutur. Əlbəttə, sevgi dolu kişilər, onların eşq fəlsəfəsi,
qadınlarla sevgi macəraları da özünün rəngarəng təsvirini tapır. Sevgi kişi və qadını bir-birinə
bağlayan tellərdir. Hərçənd ki, eşqin qurbanları içində qadınlar kişilərlə müqayisədə, yəqin ki, qatqat
çoxdur.
Şair öz qəlbinin döyüntüsü, həzin musiqisi altında şeir yazır, sanki bütün sevənlərin sevincinə şərik
olur, göz yaşlarını silir, pıçıltıılarını və hıçqırıq səsini misralara köçürür, sevgi həsrətində olan və ya
sevgi qanadlarında uçan qəlbləri oxşayır.
Sevgi şeirləri şairin xasiyyət və xarakterini də güzgü kimi özündə əks etdirir. Gözəli vəsf etməklə
yanaşı şair, bəzən özü də fərqinə varmadan, öz tələb və iddialarını da bəyan edir. Bir sıra şeirlər
şairin sevgilisindən qat-qat çox özünü sevdiyini, hətta özünə vurğunluğunu nümayiş etdirir. Belə
şair öz sevgi lirikasında əsasən sevgilisini qınamaqla məşğuldur. “Üzü dönük” sevgilisinin və ya
ayrıldığı həyat yoldaşının ömrü boyu ona pərəstiş etməsini gözləyirmiş şair, bütün günahları məhz
bu pərəstişin zəifləməsində, yoxa çıxmasında görür şair. Poeziya sevgiyə xas olan ilahiliyi, incəliyi,
hiss, həyəcan və ehtirası ifadə və tərənnüm edən ən güclü yaradıcı sənətdir. Şair eşqin və xəyalın
qanadlarında uçur.
Deyirlər ki bülbül gül eşqındədir
Həyatı eşq dolu nəğməsindədir
Bunu kim kəşf edib, ya kim uydurub?
- Şairlər tayfası öz işindədir!
Əsl poetik tapıntı şairin içində yaşayan duyğulardan ani od alıb sayrışan bəzəkli, ahəngdar fikir
qəlpələridir. Şeirin binası qəlbi eşq dolu usta tərəfindən bu hissəciklərdən hörülür. Sevgi də belədir –
məlahət və gözəllikdən doğan və ruhu canlandıran bir qığılcım, parıltı, şimşək və ondan qurulan
birlik, işıqlı bir mülk.
Bəxtim gülür ara-sıra
Bir sevda qonur başıma,
Bir fikir, bir neçə misra
Hakim olur yaddaşıma.
***
Söz ilmədir, şeir naxış
Ustasına min-min alqış;
Eşq dolu zərif düşüncə
Dünyaya gendən bir baxış -
Şeirin ruhu budur məncə.
Söz sənətinin zirvəsində insan sevgisinin, insan ehtirasının poetik təsviri dayanır. Poeziya insanların
bilincaltında yatan hissləri oyatmaq iqtidarındadır, sevənlərə öz hisslərini oxumaq imkanı verir.
Həyat dramının, insan ehtirasının nəqlində, səslənməsində poeziyanın (və musiqinin) əvəzi yoxdur.
Poeziya özü də, musiqi ilə bərabər, bir ehtirasdır və o, təbii olaraq, sevginin, ehtirasın zərif təsviri və
tərənnümü üçün ən uyğun və ən gözəl vasitədir. Sevgi poeziyası lirikanın canıdır, lirikanın ali
riyaziyyatıdır.
Öz növbəsində sevgidir poeziyanın yaradıcısı, sevən qəlbin musiqisidir poeziya.
Hər sevgi bir dünyadır, sevgilər dünyası sonsuz və nəhayətsizdir.
Poeziyanın təqribən beş min illik tarixindən xəbərimiz var; dünyanın ölüb getmiş və yaşayan çox
dillərində çox saylı gözəl sevgi şeirləri, məhəbbət dastanları yazılmışdır. Bəşəriyyətin hər növ zehni,
ruhi və fiziki fəaliyyətinin tarixi olduğu kimi eşqin də tarixi var və bu tarixin əsas yazılı qaynaqları
bütün dövrlərin şair və yazıçılarının əsərlərindən ibarətdir. Lakin sevginin insanlara bəxş etdiyi
hisslərin yalnız çox cüzi hissəsi öz poetik təsvirini tapa bilib. Sevginin nə olduğunu dərk etməyə
çalışan, sevgi duyğularını qələmə alan, sevginin rəsmini yaradan və ahəngini duyan istedadlı
insanlar tarixdə çox olub, bu gün də var. Nəhayə tsiz sevgi dünyasının dərin guşələrində yaşayan
fövqəladə gözəllik ona valeh olan, onu təsvir etmək istəyən insan övladına meydan oxumaqda
davam edir.
Ürəyə düşən iz itmir ki, itmir
Eşqin tərənnümü bitmir ki, bitmir
Bəstəkar ya şair, alim ya rəssam
Ömür həsr etsə də, yetmir ki, yetmir.
Bəşəriyyət var olduqca, sevgi də, poeziya da var olacaq...
Dostları ilə paylaş: |