1
TOFİQ BABAYEV
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutu
arxeetno@mail.ru
TÜRK-İSLAM MƏNƏVİ MƏDƏNİYYƏTİNDƏ AĞAC KULTU
Türk-islam mənəvi mədəniyyətinin zəngin xəzinəsindəki müxtəlif kultlar sırasında ağaca
inam xüsusi yer tutur. Tariximizin ən qədim zamanlarından ulu əcdadlarımız insanın yaşayış
tərzi ilə sıx bağlı olan, yaradıcı təbiətin əsas maddi nemətlərindən sayılan ağacı, xüsusilə barlı
ağacı ilahiləşdirmiş, onun şəninə ayin, etiqad, inanc və müxtəlif mərasimlər yaratmışlar. Bu
maddi nemət canlı varlıq kimi həyatın ulu başlanğıcı, yaradıcısı olan Dünya ağacı hesab
edilmişdir. Hələ ibtidai dövrdən insanların bir çox ehtiyaclarının təmin edilməsində ağac böyük
əhəmiyyət daşımışdır. Zaman keçdikcə bəzi ağaclar təkcə əvəzsiz qida olmayıb, xilasedici maddi
varlıq, bir çox dərdlərin əlacı kimi dərk edilərək müqəddəsləşdirilmiş, xalq inam və etiqadlarının,
mərasim və ayinlərinin əsas predmetinə çevrilmişdir. Etiqadlara görə barlı ağaclar, onların
meyvələri insanlara cavanlıq, ölməzlik, nəsil - soy artırmaq bəxş etmişdir.
Mənəvi mədəniyyətin mühüm problemlərindən olan Azərbaycan mifik təfəkkürünün
qaynaqları məsələsinə ayrıca əsər həsr etmiş professor Mirəli Seyidovun yazdığına görə, “... bəzi
xalqlarda, o sıradan türk xalqlarında doğum, məhsuldarlıq ilahəsi ağacla, çox vaxt isə barlı
ağacla birgə düşünülür. Belə ağaclar onların atributu kimi qəbul olunur. Ona görə ki, əski insan
barlı ağacları artıb törəməyin, dünyanı yaradan Dünya ağacının – həyat, əbədiyyət, yaranış, artım
ağacının simvolu kimi qəbul etmiş və buna görə də doğum, məhsuldarlıq ilahəsini ağacla qoşa
düşünmüşlər” (24, s.33).
Ağacın həyat verən tanrı sayılması və onun meyvəsinin insanı cavanlaşdırması bütün türk
xalqlarının, o sıradan Azərbaycan türklərinin də mifoloji təfəkküründə və folklorunda geniş
yayılmış, ona sitayişi şərtləndirmiş, onların şəninə müxtəlif mərasimlər icra edilmişdir. “Kitabi-
Dədə Qorqud”da Salur Qazanın dili ilə deyilən “Yonma ağacı - tanrıdır”, sözləri ağacın
müqəddəsliyini, onun qam-şaman mədəniyyəti ilə bağlılığını təsdiq edir (15, s.375; 7, s.12).
Görkəmli türkoloq, akademik B.A.Qordlevskiyə görə, azərbaycanlılarda ağacı müqəddəs
saymaq, ona xüsusi münasibət göstərmək adəti geniş yayılmışdır. Müəllif yazır ki,
“Azərbaycanlılar qoşa ağaca, qırx ağaca, bəzən ağaclığa, ormana tapınır və həmin ağacların bir
budağını belə sındırmağa heç kəs cürət etmir. Onlar sitayiş etdikləri ağaca and içir, ildə bir dəfə
isə qurban kəsirlər” (17, s.245).
İslamaqədərki türklərin (hunların) mənəvi dünyagörüşündə ağaca dərin ehtiram və inam
haqqında Moisey Kalankatuklunun verdiyi məlumat da maraq doğurur. Onun yazdığına görə (16,
2
s. 161) onlar qollu-budaqlı palıd ağacına etiqad edir, ona qurban olaraq at kəsir, qanını ağacın
yarpaqlarına çiləyir, kəlləsini və dərisini budaqlarından asırdılar. Palıdı bütün ağacların anası,
xilaskar, həyatverən, bütün nemətləri bəxş edən sayır, onun kəsilməsi ilə özlərinin məhv
olacaqlarına inanırdılar. Bütün türk dünyasında əsrdən-əsrə, nəsildən-nəslə ənənəvi olaraq
ötürülən bu kult ağacı həyat rəmzinə, totemə, bütün insanların ulu anasına çevirmişdi. Bu
baxımdan “Kitabi Dədə Qorqud” dastanında Təpəgözü öldürən qəhrəman Basatın “Anamın adını
soruşsan Qaba ağacdır”, sözləri ağaca olan sonsuz hörmət və ehtiramı nümayiş etdirir (15,
s.347).
Müqəddəsləşdirilmiş ağaca etiqad məqsədilə yaranmış pirlər Azərbaycanın çox yerində
olduğu kimi Naxçıvanda da ənənəvi ziyarət yeri olmuşlar. Belə ki, burada da bir çox ağaclar –
dağdağan, söyüd, fısdıq, palıd, çinar, alma, nar, tut, üzüm, zoğal, qoz və başqaları müqəddəs
sayılır və pir-ocaq hesab edilir. Ağac inamı, ağaca tapınma Naxçıvan əhalisinin mənəvi
mədəniyyətində dərin iz buraxmış, minillər boyu yaşadılmış və ona bu gün də sitayiş edirlər. El-
obada belə hesab edirlər ki, ağac ilahi qüvvələrin, müxtəlif ruhların məskənidir.
Naxçıvanda ağacla bağlı xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri, elmi icti-
maiyyətə və geniş oxucu kütləsinə çatdırılması baxımından H.Q.Qədirzadə, H.F.Səfərli, Məhər-
rəm Cəfərli, V.Baxşəliyev, A.Bağırov, R.Babayev, T.Qədirzadə, Məhsəti İsmayıl, A. Orucov
tərəfindən xeyli təqdirəlayiq işlər görülmüşdür. Lakin gərgin zəhmət bahasına topladığımız
ədəbiyyat və çöl- etnoqrafik materiallarının bolluğu bizi də həmin yöndə araşdırma aparmağa
sövq etdi. Əlimizdə olan bütün bu sirli-hikmətli deyimlər, ayin və mərasimlər, inam və etiqadlar
haqqında məlumat, onlarla bağlı uzun əsrlər boyunca formalaşmış adət-ənənələr Naxçıvan
folklor irsinin zənginliyinin göstəricisidir. Onlar canlı həyatın, xalq məişətinin bu və ya digər
tərəflərini özündə təcəssüm etdirən poetik biçimli sənət nümunələridir.
İslamaqədərki mədəniyyətimizin, tarixi yaddaşımızın bir parçası olan ağaca etiqad
müsəlman azərbaycanlıların da mənəvi dünyagörüşündə özünəməxsus yer tutmuş, ağaca olan
ilkin inam unudulmamışdır. Bu baxımdan islam dövrünün ilk çağlarından xəbər verən “Kitabi
Dədə Qorqud” dastanındakı bir neçə süjetdən ağaca olan rəğbətin nəinki azaldığı, hətta islami
dəyərlərlə birləşdirilərək, bəlkə, əvvəlkindəndə də artıq olduğu görünür. Belə ki, ağacın
müqəddəs “Məkkə ilə Mədinənin qapısı, Museyi Kəlimin əsası, Əlinin qılıncının qınıyla dəstəyi,
İmam Həsənlə Hüseynin beşiyi” adlandırılması türk mənəvi mədəniyyətinin yeni mənimsənilən
islami dəyərlərlə zənginləşdirilməsinə misaldır (7, s. 12).
Tarixi – etnoqrafik material təsdiq edir ki, uluların ənənələrindən bəhrələnən naxçıvanlı
bağbanlar yüzillik ağacın da, körpə fidanın da bir övlad kimi qayğısına qalmış, yeni meyvə
ağacları növlərinin yetişdirilməsi, qocaman ağacların yeri boş qalmasın deyə cavan qələmlərin
əkilməsi, onların böyüyüb ərsəyə çatması, yaxşılaşdırılması sahəsində böyük empirik təcrübə
3
toplamışlar. Xalq atalar sözlərində rast gəldiyimiz – “Barlı ağacın başına dolanarlar” fikri ilə
ömür sürmüş ulularımız yaşıllığa, ağaca həyat mənbəyi kimi baxmış, ağac əkməyi, ona qulluq
etməyi insanın doğuluşu və kamilliyi qədər müqəddəs saymış, “Ağacı arx qırağında ək ki,
yıxılanda el-obaya körpü olsun” “Ağaclı kəndi sel basmaz”, “Ağacı çox olan elin məzarı az
olar”, “Həyətində ağac əkənlərə təbib, loğman lazım olmaz”, “Dərdini, dərmanını ağacların
kölgəsində ara,” - demişlər.
Ağaca inamla bağlı geniş yayılmış, çox əski zamanlardan müqəddəs sayılmış ağaclardan
olan alma ağacına inamı xüsusi qeyd etmək lazımdır. Bu ağacın seçilməsi heç də təsadüfi deyil.
Adamlar inanırdılar ki, o, insan ömrünü uzatmaq, qocaları cavanlaşdırmaq, uşaqsızlara uşaq
bəxş etmək qüdrətinə malikdir. Bir sıra türk dastanlarına (“Kitabi-Dədə Qorqud”, “Manas”,
“Alpamış”, “Koroğlu”) həsr olunmuş əsərlərin müəllifi olan rus alimi V.M.Jirmunski (1891-
1971) yazırdı ki, «Sehirli nağıllarda magik mayalındırmanın əsas vasitəsi almadır. Bu almanı
övladsız padşaha (bəzən isə onun vəzirinə) səyahət zamanı (yaxud onun yuxusuna girmiş) qoca
dərviş bəxş edir və dərvişin verdiyi sehirli almanı yedikdən sonra padşah övlad sahibi olur. (11,
s.229). Nağıllarımızda, dastanlarmızda, aşıq - ozan söyləmələrində almanın dirilik, artım və
bolluq rəmzi olmasına dair istənilən qədər örnək göstərmək olar. Uluların nəzərincə alma
təbibdir, loğmandır, min dərdin min bir dərmanıdır.
Yeri gəlmişkən qeyd edək ki, tarixi mənbələrdən, ədəbiyyat və etnoqrafik materiallardan
məlum olur ki, alma kimi elə nar da eyni məqsədə xidmət edir və “çox sayda sirləri özündə
birləşdirən meyvə kimi xalq arasında “sirli sandıqça” adlandırılır” (25, s.104). “Nar qızı” adlı
Azərbaycan nağılında nardan çıxan qızın payız fəslinin sonunda ölməsi, yazda isə yeni həyat
üçün doğulması – yaşıl ağaca çevrilməsi, ağacı kəsdikdə taxta parçasının qız olması kimi fikirlər
də başlanğıcını əski miflərmizdən götürmüşdür. Təsadüfü deyil ki, nar ağacının, onun
meyvəsinin, tacaoxşar çiçəyinin rəsminin ən çox istifadə olunduğu və qorunub saxlandığı yer
Azərbaycandır. Alma ilə yanaşı nar meyvəsi də məhsuldarlıq kultu (inancı) ilə bağlı olaraq
doğum, həyat, xeyir-bərəkət rəmzi kimi dəyərləndirilir (5, s.125-132). Tədqiqatlara görə “xalq
yaradıcılığı örnəklərində, əfsanə, nağıl və dastanlarda, eləcə də klassik Şərq ədəbiyyatında şəfa
mənbəyi, cavanlaşdırma, əbədi həyat-ölməzlik, uşaqvermə və digər funksiyaları yerinə yetirən
sehirli alma” bütün türk xalqlarının, eləcə də Azərbaycan türklərinin də mifologiyası və
folklorunda tez-tez rast gələn obrazlardandır (9, s.220).
İslamaqədərki türklərin barsız olsa da, qollu-budaqlı, sıx yarpaqlı, olduqca möhkəm palıd
ağacına etiqadı digər, xüsusilə barlı ağaclara olan etiqadı heç də azaltmırdı. Naxçıvan bölgəsində
ağaca, xüsusilə barlı ağaca inam və etiqadın ən qədim izləri Gəmiqaya rəsmlərində aşkar
olunmuşdur. Tanınmış tarixçi – etnoqraf, Naxçıvan ənənəvi mədəniyyətinin görkəmli
tədqiqatçısı Hacı Qadir Qədirzadə arxeoloji, toponimik, etnoqrafik, həmçinin ilkin mənbələrə və
4
ədəbiyyat materiallarına söykənərək Gəmiqayadakı həm həyat ağacı, həm də həyat meyvəsi kimi
təsvir edilən alma ilə bağlı inamlardan geniş bəhs etmişdir. Müəllif buranın Dünya tufanının
sonrakı ikinci başlanğıcı olduğu kimi, bu meyvələrin yeni həyatvermə mərkəzini, yenidən
yaşamanı, çətinlikdən qurtarmanı simvolizə etdiyi qənaətinə gəlir (12, s.151). O, həmçinin
almanın şəfa mənbəyi, doğum və artım nişanəsi, həyat meyvəsi, sonsuzluqdan qurtarıcı,
cavanlaşdırıcı meyvə kimi müqəddəs hesab edilməsi Naxçıvan bölgəsi əhalisinin həyat və
məişətində, həmçinin folklorunda və mifik görüşlərində geniş yer tutması barədə məlumat
vermişdir. Müəllif qeyd edir ki, ulu türkün düşüncəsində cənnət nişanəsi olan alma həm də eşq,
məhəbbət, sevgi, gözəllik simvoludur, insana həyat bəxş edən nemətdir (13).
Araşdırmalar Naxçıvan bölgəsində ağaca inam və etiqadın əski izlərinın bir sıra qədim
yaşayış məskənlərindən aşkar olunmuş arxeoloji materiallarda da öz əksini tapdığını göstərir.
Əldə olunmuş bəzi maddi-mədəniyyət nümunələri üzərində yazın gəlişini əks etdirən gül-çiçək
təsvirləri, bolluq, nəsil artımıyla bağlı ağac rəsmləri, onların meyvəsinin, çiçəyinin, yarpaqlarının
əksi rəmzi ornament kimi təsviri sənət əsərlərində, xalılarda, toxuculuqda, qız-gəlinlərin
geyimlərində, bədii tikmələrdə, qab-qacaq bəzəklərində həm təbii, həm də stilizə edilmiş şəkildə
naxışlanmışdır.
Naxçıvanın bütün rayonlarında qədim inanc yerləri olan bir çox pirlər, ocaqlar,
ziyarətgahlar mövcuddur (23). Bu barədə istənilən qədər məlumat var. Lakin biz onların yalnız
birini qeyd etmək istərdik. Şərur rayonunun Havuş kəndindən şimalda Çoban piri adlı ziyarətgah
var. Pirin ətrafında olan qayalar və ağaclar müqəddəs hesab olunub ziyarətgaha çevrilmişdir.
Ziyarətçilər niyyət edərək ağaclara müxtəlif parçalar bağlayır, ağaca and içir, ildə bir qurban
kəsirlər (19, s. 69-70). Bu pirlərin bəziləri hər şeydən əvvəl, ağacların fantastik qüvvəyə malik
olması inancı, insanların islam dininə və onun müqəddəs kitabı Qurani-Kərimə inam və
etiqadları ilə bağlıdır. Əsrlərlə formalaşmış bu inam və etiqadlar insanların məişətinə və
təfəkkürünə elə daxil olmuşdu ki, hətta sovet imperiyası dövründəki bütün qadağalara
baxmayaraq onlar əhali tərəfindən ziyarət edilirdi. Bu pirlərin ətrafında bitən çoxlu sayda böyük
ağaclar müqəddəs bilindiyindən onlar da ziyarətgaha çevrilmiş, əsas inam yerlərindən olmuşdur.
Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasında qədim mağarada
Əshabi-Kəhf adlı müqəddəs ziyarətgah mövcuddur. Bu qədim mağara-ziyarətgahın cənnət
bağına çıxan yolunun ən hündür yerində bitən üzüm tənəyi və dağdağan ağacı müqəddəs sayılır
və zəvvarlar niyyətləri və diləkləri ilə bağlı həmin ağaclara sitayiş edirlər. Rəvayətə görə,
ümumdünya su basqınından sonra Ağrı dağında quruya çıxmış Nuh peyğəmbərin əkdiyi ilk ağac
məhz üzüm tənəyi olmuşdur ki, bu da yeni həyatın rəmzi kimi qavranılır.
Ağaca etiqadın islamı qəbul etmiş azərbaycanlılar tərəfindən də davam etdirilməsinə
baxmayaraq, artıq yeni dünyagörüşünün təsiri ilə onun yeni məzmun kəsb etdiyini görürük.
5
Bununla belə, türk-islam mənəvi mədəniyyətinin ən maraqlı nümunələrindən olan ağac kultuna
naxçıvanlılar tərəfindən fəal surətdə inam göstərilməsi qədim mədəniyyətimizin bu gün də
yaşadığını təsdiq edir. Bu kultun Naxçıvanda yayılma arealına və icrasına bir daha nəzər salaq.
Əski çağlardan etibarən naçar dərdlərdən (şikəst, ruhi və cismani xəstələr) əziyyət
çəkənlər, sonsuzluqdan imdad diləyən qadınlar qəlblərində niyyət tutub pirlərə, Tanrıya ibadət
etməyə gəlir, ağacın ətrafında müxtəlif ayinlər icra edib, nəzir verirdilər. Kimin nə niyyəti, diləyi
olsaydı ağaca söyləyərdilər. Ağacın budaqlarına əski parçaları bağlayıb - nəzəri olanın gözünə, -
deyərdilər. Yaxud, yerdən bir daş götürüb ağacın dibinə qoyardılar. Arzu və niyyəti hasil
olduqdan sonra yenidən ocağı ziyarət edərək, ağacın yanında mərasim qurar, qənd, noğul və
digər şirnilərdən xonça tutar, üç dəfə ağacın başına dolanar, şirni səpib üstünə su tökər və nəzir
olaraq qurban kəsərdilər.
Şərur rayonunun Havuş kəndində eyniadlı mağara vardır. Qədim insan məskəni olması
ehtimal edilən mağaranın pirə çevrilməsi əcdadlar və onların ruhlarına olan inamlarla bağlıdır.
Buradakı tək armud ağacından da pir kimi istifadə edilir. Övladı olmayan qadınlar ağacın
budağından nənni asar və arzularını diləyərdilər (19, s.155). Tədqiqatçı Məhsəti İsmayıl yazır ki,
ağac pirlərində əsasən uşaq diləmə inancı vardır. Naxçıvanın bütün bölgələrində ilin axır
çərşənbəsində, əsasən uşağı olmayan gəlinlər həmin gün pirlərdə olan ağaclardan nənni asırlar.
Nənni tərpənsə gələn il bu vaxta qədər onların uşaqları olacağına inanırdılar. Və yaxud bir qisim
pir vardır ki, burada yalnız südlü aş ehsan verilir. Məlumdur ki, qədim türk-oğuzlarda süd ağ
olduğu üçün ondan bütün qorxunc ruhlara qarşı bir vasitə kimi istifadə edir, təzə yurda düşəndə
ona süd səpir, görklü ağacın dibinə mərasimlərdə süd tökürdülər (18, s. 386-87). Ordubadda ağac
çiçəkləyəndə uşağı olmayan gəlinlər onun altına gedib salam verir, dilək tutub deyirlər: “Ey
bütün dünyanı, varlığı yaradan Allah! Mənə də pay ver”.
Naxçıvan ərazisində ənənəvi olaraq yaranmış inanca görə ziyarətgahlardan odun gətirib
yandırmaq olmaz. Xalq arasında belə bir deyim var: “Pir odunlarını gətirib evində yandıran
adamın yuvası dağılar” (14, s. 76). Pirlə bağlı inamlara görə, oradakı müqəddəs ağacın
meyvələrini dərib satmaq, qazanc götürmək, günah sayılırdı. Aparıb satdıqda həmin adamın əli
boşda qalar, xeyir görməz, xəstəlik tapar. Bir də söyləyirlər ki, belə ağacları, onların meyvələrini
imkansız adamlara, ehtiyacı olanlara, çoxuşaqlı analara aid edirlər ki, onlar da çəkinmədən
məhsulu yığa bilsin. Ağaca sitayişin əlamətləri son zamanlara qədər bir çox rayonların əhalisi
arasında yaşayırdı. Məsələn, Naxçıvan, Ordubad və bir çox şəhər və qəsəbələrin, kəndlərin
əhalisi həmişə yaşıl ağaclara, xüsusilə barlı ağaclara toxunmaz, onun qol-budağını sındırmazlar.
Bu yerlərin sakinləri həmin ağacların qol-budağını sındırmağı böyük günah, qəbahət sayırlar.
Guya bu ağaclara toxunanı Tanrı cəzalandırar (14, s. 76-79).
6
Xalq arasında şabalıd və qoz ağacları bolluq, yaşam, firavanlıq rəmzidir. Etiqada görə,
onları qırmaq, kəsmək, yandırmaq günahdır: adamı qarğıyar, işi düz gətirməz.
Bütün türk xalqları, o sıradan azərbaycanlılar çinar ağacını Tanrı, yaxud Tanrıdan
ayrılmış bir parça hesab edirdilər. Deyirlər ağacın da haqqı, ruzusu var bu dünyada. İnama görə,
öz ucalığı, möhtəşəmliyi ilə səmaya doğru uzanan qüdrətli xan çinar Allahla insanlar arasında
müqəddəs vasitəçidir, onların arzu-istəklərini Yaradana yetirən xeyirxah qüvvədir. Deyilənə
görə, bu çinarın ziyarətinə müqəddəs cümə günü gəlirdilər. El arasında çinar bir növ pir – ocaq
sayılır. Çünki azərbaycanlıların dini-mifoloji təfəkkür tarixində çinar ağacına müqəddəs,
müalicəvi qüvvəyə malik, dilək ünvanı kimi böyük inam bəslənilmişdir. Naxçıvanda bununla
bağlı belə bir deyim də formalaşmışdır: “Çinar kimi kölgəli olasan”. Burada çinarın adı
təsadüfən çəkilmir. Yəni ulularımız çinarın timsalında insanlara çoxlu qol-budaq, övlad diləmiş,
onların xeyrini – kölgəsini görməyi arzulamışlar (22, s.81).
Ədəbiyyat materiallarından məlum olur ki, Ordubad ərazisində çinar daha müqəddəs
sayılır. Şərurda isə narbənd ağacı müqəddəs hesab edilir. Naxçıvanda tut ağacına böyük inam
mövcud olmuşdur. Bu ağacı kəsmək günah sayılmışdır. Çünki inanclara görə, tut ağacını Xızır
peyğəmbər əkib. Onun bəhərindən qohum qonşulara pay verərdilər. Yaşlılar tut ağacını “çörək
ağacı” adlandırır və deyirlər ki, aclıq illərində tut çox insanları ölümdən qurtarıb, insanlar onun
yaş və quru meyvəsi, bəkməzi, doşabı ilə dolanıblar (4, s. 92).
İnanca görə ata-baba ruhları günündə - adna günü heç bir ağacı kəsməzdilər. Etnoqrafik
və ədəbiyyat materiallarına əsasən Naxçıvanda belə bir etiqada inanılıb ki, həftənin birinci günü
ağac kəsmək günah sayılır. Həmin gün kim ağac kəssə, ağacın ziyarətindən qayıdan ruhu ona
sədəmə vurar (3, s.234).
El arasında ağacların sağlam, həm də bol meyvə verməsi üçün ayrı-ayrı ovsunlardan,
çarələrdən istifadə edilmişdir. Ağac bardan qaldıqda deyirlər ki, çilləyə düşüb, qısırlaşıb.
Çilləsini kəsmək məqsədilə ilin axır çərşənbəsində meyvə ağaclarını zaminə götürmə,
ağacqorxutma ayinlərini icra edirdilər. Elə ki, Novruzun topu atıldı, meyvə ağaclarının yanına
gələr, onlarla danışardılar. Ağacları qorxutmaq məqsədilə bir nəfər əlinə balta və yaxud dəhrə
alıb özünü elə göstərirdi ki, guya ağacı kəsmək istəyir. Bu zaman elin ağsaqqalı ona yaxınlaşıb
soruşardı: - De görüm nə etmək istəyirsən, ağacı niyə kəsirsən? -Bu bar-bəhər gətirmir,
kəsəcəyəm onu, - deyə birinci şəxs cavab verərdi. Ağsaqqal məsləhət görərdi ki, gəl sən bu
ağacı kəsmə, mən onu zaminə götürürəm, bu il çox bar gətirəcək. Beləliklə, eyni qayda ilə bar
verməyən meyvə ağaclarını səksəndirib zaminə götürərdilər. Bundan sonra ayağı sayalı, əli
bərəkətli oğlan, yaxud qız uşağı ağacın kökləri üstə noğul, nabat, qovurğa tökərdi, şirin su səpib
deyərdilər “mən üzə çıxdım, sən də çıx” (20, s.35). Bütün ailə sevinər, şadlıq edərdi, bir-birlərinə
xeyir-bərəkət arzulayardılar, “barlı-bəhərli olsun, şirin olsun” - deyərdilər. Və yaxud baltanın
7
küncü ilə meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub: “Nə yatmısan, oyan, bərəkət
payını götür” – deyərdilər. Belədə həmin il ağacların bəhəri bol olurdu. Bu da öz növbəsində
təzələnməyin, yenidən doğulmağın tərkib hissəsi olub, əski etiqadların sorağıdır. Bar verməyən
ağac məhsul gətirsin, barlı - bəhrəli olsun deyə ağacı qorxutmaq və bu kimi adlarla bilinən
adətlər digər türk xalqlarında da vardır (6, s. 18).
Ordubad rayonunun Sabir kənd sakini Məmmədov İsrafil Bəhlul oğlu (1935-ci il
təvəllüdlü) bizimlə söhbət əsnasında qeyd etdi ki, babam ağacı canlı sayardı, onu ağacla danışan
görmüşəm. Bar verməyəndə gələrdi ağacın yovuqluğuna. Deyərdi: “Ağaclarım bar gətir,
ağaclarım bar gətir. Ay ağac nəvəm dil açır ey..... sən də çiçəkləsənə !”. Baxardıq ki, düyməli
tumurcuqlar səhərisi eynən al-qırmızı çiçəkdi... Naxçıvanda ağacların bar verməsi ilə bağlı icra
edilən daha bir ayin var. Hələ də qalan adətə görə, bar verməyən, yaxud məhsulu az olan ağaca
qırmızı bağlayırlar (20, s.33).
Bir də məşğuliyyəti meyvəçilik olanlar yazın əvvəllərində bağ-bağatlı kənd həyətinin bir
küncündə çır-çırpı yandırar və meyvə ağaclarını bədnəzərdən qorumaq üçün ona üzərlik atar və
oxuyardılar:
Çıxdım Savalan dağına,
Çağırdım: «Ya Əli, ya Məhəmməd!»
Dedi: «Nədir, ey fağır biçarə?»
Dedim: «Nədir bu dərdə çarə?»
Dedi: «Kol-koslu üzərrik,
Başı börklü üzərrik!»
Üzərriksən, havasan!
Yetmiş dərdə davasan!
Göstər hökmünü üzərrik.
Bir, iki, üç, dörd,
Çatlasın, partlasın
Yaman gözlər pırtlasın.
Sonra elə edərdilər ki, külək onun tüstüsünü ağaclara tərəf aparsın. Deyərlər ki, ağaclar
tüstülənməsə meyvələri çürük və içiboş çıxar. Ocaq söndükdən sonra onun külünü ağacların
üstünə səpirlər, dibinə tökürlər. Bu, o deməkdir ki, ağaclara zaval dəyməsin, sağlam olsun,
meyvəsi bol olsun. Naxçıvanda meyvə ağaclarını, bağ sahələrini “yaman gözdən”,
“bədnəzərdən” qorumaq inamı indi də yaşamaqdadır. Bunun üçün ağacın şərəfinə qurban
kəsirlər, bağ sahəsinə, ağacın başına heyvan (öküz, at, qoyun, it və s.) kəlləsi, üzərlik, həmçinin
Qurani-Kərimin müqəddəs ayələrindən birini yazdırıb asırlar. Bununla da güman edirlər ki,
onların məhsulları bol olacaq, hər cür bəladan qorunacaqdır.
8
Naxçıvan etnoqrafik materiallarının araşdırılması göstərir ki, ənənəvi toy adətlərində
alma bolluq, artım simvolu kimi mühüm yer tutmuş və sevgili seçmək üçün bu meyvədən bir
vasitə kimi istifadə edilmişdir. “Almaatdı” adlı mərasimdə oğlan öz sevgisini qıza atdığı alma ilə
bildirərmiş. Gəlingətirdi toyunda gəlin qız ər evinə daxil olduğu zaman bəy oğlan sağdış, soldışı
ilə birgə uca bir yerə - dama, eyvana qalxıb oradan gəlinin başına qırmızı alma atardı. Əgər alma
qıza dəyərdisə, bəyin yoldaşları “qoy qız bu evdə xoşbəxt olsun , çoxlu övladı olsun” – deyib
göyə atəş açardılar. İnama görə, həmin almanı yeyənə tezliklə toy qismət olardı. Onu da deyək
ki, gəlinin başına yalnız qırmızı alma atılardı. Çünki qırmızı rəngli meyvələr daha müqəddəs
sayılır. Məhz buna görə toy və şənliklərdə, bayramlarda daha çox qırmızı almaya önəm verilərdi.
Digər adətə görə, oğlan qıza alma göndərirdi. Qız almanı götürsəydi, cavanlar bir-biriylə əhd-
peyman bağlamış olardılar. Yaxud əksinə, oğlan dəsmal atdıqda, əvəzində qız dəsmala alma
qoyardısa, son olaraq sevgililərin ilahi vüsalı başa çatar, təzə ailələrin bünövrəsi qoyulardı (1,
s.6).
Keçmiş zamanlarda ərə verilən qızların cehizləri arasında bir neçə seçmə barlı ağac
qələmi (alma, nar, üzüm və s.) də olardı. Bu ən yaxşı hədiyyə sayılırdı. Belə hesab edirdilər ki,
bu ağaclar gəlinin ər evinə mehribançılıq, çoxlu nəvə-nəticə, bolluq gətirəcək. Bir də həmin
ağacların meyvələrini satmazdılar, xəstələrə, yetim-yesirə, qohum-qonşulara pay verərdilər.
Naxçıvanda toy mərasimində ağacla bağlı icra edilən daha bir ayin var. Hələ də qalan
adətə görə toy mərasimindən sonra bəylə gəlinin şərəfinə “üzəçıxdı” (buna el arasında
“duvaqqapma”, “elgördü” də deyilir) ayini icra edilir
*
. Bununla əlaqədar yaxın qohumlardan
birinin 8-12 yaşlı ata-analı oğlan uşağı əlindəki oxlovla xəlvətcə gəlinin duvağını çəkib həyətə
qaçır və övlad sahibi olsun deyə onun örtüyünü barlı bir ağacın budaqlarına atır.
Ordubadda gəlin ata evindən çıxanda başına halal çörək qoyurlarsa, ər evinin qapısından
daxil olduqda onun başına bölüm-bölüm edilmiş alma atırlar. Belə hesab edirlər ki, bununla gəlin
ər evinə həm xoşbəxtlik, həm də ruzi-bərəkət gətirəcək (21, s.26). Ordubadda alma ilə bağlı daha
bir ayin var. Ürəklərində niyyət tutanlar Ordubaddakı Göygölün sahilinə gəlir, gölə alma atırlar.
Gölə atılan almanı su fırladıb onu atan adamın yanından keçirərsə, deməli niyyəti hasil olur (8,
s. 24).
Ağacla bağlı yuxuyozmalar da vardır. İnanca görə yuxuda ağac görmək bolluğa –
bərəkətə işarədir. Yuxuda bağ-bağat görsən yaxşı əlamətdir, xeyrə çatarsan. İlin axır
çərşənbəsində yuxuda alma görmək dünyaya oğlan uşağının gələcəyinin əlaməti kimi yozulur
(10, s.84).
Beləliklə, Naxçıvanda ağacla bağlı bir sıra inam, etiqad, ayin, sınama və mərasimlər xalq
həyatının və mənəviyyatının, təbiət və cəmiyyət hadisələrinə baxış və münasibətin
*
Bəzi bölgələrdə bu ayin gəlin ər evinə çatanda icra edilir.
9
rəngarəngliyini xatırladır və bir sira məhəlli xususiyyətlərinə baxmayaraq, əsasən Aərbaycanın
digər bölgələri ilə ümumi səciyyə daşıyır.
Yaşadığımız müstəqillik dövründə siyasi-iqtisadi nailiyyətlərimizlə yanaşı ulularımızın
zaman-zaman qazandığı milli-mənəvi sərvətləri, dəyərləri qorumalı, hər yeni nəslə öyrətməli,
sevdirməliyik.
ƏDƏBİYYAT
1.
Aslanov Elçin. Azərbaycan toyu (toy mədəniyyətimizin bələdçisi). – Bakı, “Tutu”
nəşriyyatı 2003, s. 9
2.
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə c.1, - Bakı, 2004. Azərbaycan folkloru
antologiyası. Naxçıvan folkloru. c. 1, Naxçıvan, 2010:
3.
Babayev Rafiq. Obrazın funksiyasının işarələndirilməsi (Naxçıvan materialları əsasında).
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Xəbərləri (İctimai və
humanitar elmlər seriyası). 2015, №3.
4.
Babayev Tofiq. El ocaq başına yığışar (tarixi – etnoqrafik etudlər). Azərnəşr, 1998.
5.
Babayev Tofiq. Azərbaycanlıların inancı sistemindənar. Azərbaycan Milli Elmlər
Akademiyasının Xəbərləri (ictimai elmlər seriyası). – Bakı, 2017,№2.
6.
Bəydili (Məmmədov) Cəlal. Türk mifaloji sözlüyü. – B., “Elm”. 2003.
7.
Dədə Qorqud kitabı. Ensiklopedik lügət. – Bakı, 2004.
8.
El sözü – yurd yaddaşı (Toplayıb tərtib edən və çapa hazırlayan Məshəti Rüstəm qızı
İsmayıl). – Bakı, “Elm”, 2010.
9.
Əliyev Oruc. Nağıllar (bax: Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, c.1), - B., 2004.
10.
Xalq yaddaşının izləri (Toplayıb tərtib edən və çapa hazırlayan Məshəti Rüstəm qızı
İsmayıl). – B., “Elm”, 2005.
11.
Жирмунский В.М. Тюркский героический эпос (Избр.).- Ленинград, Наука, 1974.
12.
Qədirzadə H.Q. Nuh peygəmbər, Dünya tufanı və Naxçıvan. Naxçıvan, 2008.
13.
Qədirzadə H.Q. Azərbaycan türklərində alma ilə bağlı inanclara dair. Naxçıvan
Müəllimlər İnstutunun Xəbərləri. - Naxçıvan. 2005.
14.
Qədirzadə Türkan. İslamaqədərki adətlər, inamlar və mərasimlər (Naxçıvan materialları
əsasında). – Bakı, 2006.
15.
Kitabi Dədə Qorqud. / Tərtib edəni Samət Əlizadə. – Bakı, 1999.
16.
Kalankatuklu Moisey. Albaniya tarixi. – Bakı, 1993.
17.
Гордлевски В.А. Избранные сочинения, т.1, Москва, 1960.
18.
Məhsəti İsmayıl. Naxçıvandakı inanc yerlərində əski mifoloji düşüncə sistemi. Naxçıvan:
ilk yaşayış və şəhərsalma yeri kimi (20-24 iyul 2011-ci ildə keçirilmiş beynəlxalq
simpoziyumu materialları). - Naxçıvan, 2012.
19.
Naxçıvan abidələri ensiklopediyası, - Naxçıvan, 2008.
20.
Naxçıvan folkloru, I cild (Tərtib edənlər: Məhərrəm Cəfərli, rafiq babayev). – Naxçıvan,
2010.
21.
Пашаев А. Город Ордубад в XIX-начале ХХ вв. – Баку., “Элм”, 1998.
22.
Naxçıvanın hikmət xəzinəsindən (Toplayıb yazıya alanı və tərtib edənləri Adil Bağırov,
Kamilə Bağırova, Bəxtiyar Məmmədov). - Bakı, 2005.
23.
Səfərli H. F. Naxçıvan ziyarətgahları. Bakı, - 1998.
24.
Seyidov Mirəli. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., Yazıçı. 1983.
25.
Şahbazov Tahir. Azərbaycanda islamaqədərki inamlar. - Bakı, 2008.
Dostları ilə paylaş: |