XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri
197
XIII ƏSR ƏRUZŞÜNASI ŞƏMSƏDDİN MƏHƏMMƏD BİN QEYS
ƏR-RAZİNİN DÖVRÜ, HƏYATI VƏ ƏSƏRLƏRİ
Höccətullah QƏHRƏMANİ
AMEA Füzuli adına
Əlyazmalar İnstitutunun dissertantı
Açar sözlər: Əruz, Şəmsəddin ər-Razi
Key words: Aruz, Geys Razi
Yaxın və Orta Şərq xalqları tarixində XIII əsr daha çox monqol hücum-
ları ilə yadda qalır. XIII əsrin əvvəllərində Orta Asiyada Xarəzmşahlar
dövləti (1097-1231) mövcud idi. Bu dövlət Əlaəddin Məhəmməd bin Tekiş
Xarəzmşahın hakimiyyəti illərində (1200-1220) inkişafının- iqtisadi-siyasi,
hərbi qüdrətinin ən yüksək nöqtəsinə çatmış, Orta Asiya əyalətlərini,
torpaqlarını öz dövlətinin ərazisində birləşdirməkdən əlavə, eyni zamanda
nəinki İraqi-Əcəmi, hətta Mazandaran, Arran, Azərbaycan, Şirvan, Fars,
Kerman, Mekran, Manqışlaq, Keş, Sicistan, Hur, Qəznə, Bəymən torpaq-
larını öz dövlətinə tabe etdirərək, hətta Hindistan sərhədlərinə qədər irəlilə-
mişdi (1,82). Əlaəddin Məhəmməd bin Tekiş Xarəzmşah hətta 1217-ci ildə
uğursuzluqla nəticələnməsinə baxmayaraq, xilafətin paytaxtı Bağdada da
yürüş etmişdi. Lakin onun Çingiz xanla yola getməməsi nəticəsində Çingiz
xan təqribən 1219-cu ildən etibarən Xarəzmşahlar dövlətilə müharibəyə
başlamış və bunun yekunu olaraq Xarəzmşahlar dövləti, eyni zamanda
bütövlükdə Yaxın Şərq monqol hücumlarına məruz qalmışdı. Monqol
hücumları nəticəsində Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekiş bir-bir öz
torpaqlarını itirərək Orta Asiyadan qaçmağa məcbur olmuş və nəticədə
1220-ci ildə Xəzər dənizində yerləşən adaların birində vəfat etmişdi. Onun
vəfatından sonra hakimiyyət oğlu Cəlaləddin Manqburnıya ( 1220-1231)
keçmişdi.
Xarəzmşahlar dövlətində elm, mədəniyyət, təhsil, incəsənət yüksək
səviyyədə idi. Təsadüfi deyil ki, XII-XIII əsrlərdə yaşamış bir çox görkəmli
alimlər və şairlər ya Xarəzmşahların sarayında yaşamış və yaxud da dövlətin
Höccətullah QƏHRƏMANİ
198
başqa ərazilərində yaşayaraq, Xarəzmşahlara əsərlər ithaf etmiş, onların
mədhinə şeirlər qoşmuşlar. Xarəzmşahlar dövlətinin ictimai xadimi,
görkəmli ədib və şair olan Rəşidəddin Vətvat (vəfatı 1183) Xarəzmlə bağlı
demişdir: “Xarəzm həmişə elm adamlarının yaşadığı və müdriklər karvanı-
nın dayandığı yer olmuşdur” (2, 19). Xarəzmşahlar dövləti zamanı yaşayıb-
yaradan belə görkəmli alim və şairlərdən Rəşidəddin Vətvatın, Cəmaləddin
Məhəmməd İsfahani və onun oğlu Kəmaləddin İsmayıl İsfahaninin,
Zəhirəddin Faryabininn, şair Əsirəddin Əxsikətinin, Əbül Həsən əl-
Xarəzminin, Fəxrəddin ər-Razinin, əz-Zəməxşərinin, ən-Nəsəvinin, əs-
Səkkakinin və onlarla başqa görkəmli alimlərin adlarını çəkmək olar ki,
bunlar da bütün Şərq aləmində məşhur olmuşlar (1, 118). Bu faktlar bir daha
Xarəzmşahlar dövlətində elmin, mədəniyyətin yüksək səviyyəyə çatdığını və
dövlət xadimlərinin bu görkəmli şəxsiyyətləri himayə etmələrindən xəbər
verir.
Xarəzmşahlar sarayında yaşayıb-yaratmış alimlərdən biri də böyük
filoloq görkəmli əruzşünas Şəmsəddin Məhəmməd bin Qeys ər-Razidir. O,
əvvəlcə Xarəzmşahlardan Əlaəddin Məhəmməd bin Tekişin dövründə, sonra
isə onun oğlu Cəlaləddin Manqburnunun dövründə yaşayıb-yaratmışdır.
Qeys ər-Razinin anadan olduğu il məlum deyildir, lakin Razi nisbəsi onun
Tehranın yaxınlığındakı Rey şəhərindən olduğunu bildirir. Ümumiyyətlə
orta əsr mənbələrində , məsələn, Hacı Xəlifənin “Kəşf əz-zünun” XIX əsrdə
yaranmış Şəmsəddin Saminin “Qamusül-əlam” və digər əsərlərdə Şəms
Qeys Razi haqqında demək olar ki, məlumata rast gəlmirik. Qeys Razinin
həyat və yaradıcılığı haqqında biz yenə də ən çox məlumata onun “əl-
Möcəm fi məayiri əşar əl-Əcəm” əsərinin dibaçəsində təsadüf edirik.
Buradan məlum olur ki, Qeys Razi uzun müddət Mavərənnəhr və Xorasanda
yaşamışdır. O, təqribən hicri-qəməri 601-ci il, miladi təqvimlə 1204-cü ildən
sonra beş-altı il Buxarada, hicri- qəməri 614, miladi tarixlə 1217-ci ildə isə
Mərvdə yaşamışdır. O, ümumiyyətlə Xarəzmşah Əlaəddin Məhəmməd bin
Tekişin yaxın adamlarından olmuş, hətta 1217-ci ildə Xarəzmşah Bağdada
yürüş edərkən Qeys Razi də onunla olmuşdur. Sonralar monqollar
Xarəzmşahı təqib edərkən də Qeys Razi şahın dəstəsində olmuşdur. İraq
yürüşünün uğurla nəticələnməməsindən sonra Şəms Qeys bir neçə il İraq və
İraqi-Əcəm torpaqlarında yaşamışdır. Çingiz xanın oğlanları Sabutay və
Cəbə 1220-ci ildə Xarəmşahı təqib edərkən Xarəzmşahla monqol qoşunları
XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri
199
arasında Həmədan və İsfahan şəhərləri arasında yerləşən Fərrəzin qalası
yaxınlığında döyüşdə Qeys Razi də olmuş və həmin qarmaqarışıqlıqların
nəticəsində əsərlərini itirmişdir ki, sonradan bir qədər pul müqabilində
həmin əsərlərin bəzi səhifələrini əldə etmişdir (2,16). Ümumiyyətlə Qeys
Razi monqol hücumlarının bütün dəhşətlərini öz gözlərilə görmüş və hətta
iki dəfə monqollara əsir düşmüşdür ki, ancaq təsadüf nəticəsində onların
əlindən xilas ola bilmişdir. Hicri-qəməri tarixlə 624, miladi tarixlə isə 1226-
cı ildə Şəms Qeys Şiraza gəlmiş, burada fasr vilayətinin hakimi Səd ibn
Zəngiyə (1195-1230) sığınmış və onun vəfatından sonra onun oğlu məşhur
fars şairi Sədi Şirazinin himayəçisi olan Əbubəkr ibn Səd ibn Zənginin
(1230-1258) yanında- yaşayıb yaratmışdır.
Qeys Razi bir əsərini - “Tibyanül lüğət ət-Türki ələ lisanül Qanqlı”nı
1223-1231-ci illərdə Azərbaycanda hakimiyyət sürmüş Xarəzmşah Cəlaləd-
din Manqburnıya ithaf etmişdir. Onun 1226-cı ildə Şirazda olduğunu nəzərə
alsaq, deməli o, bu əsəri 1223-1226-cı illər arasında yazmışdır ki, Qeys
Razinin də təqribən bu illərdə Azərbaycanda yaşadığını güman etmək olar
(3, 42).
Mənbələr və Şəms Qeys ər-Razinin həyat və yaradıcılığı ilə məşğul olan
tədqiqatçılar onun qələminə aid bir neçə əsərin adını çəkirlər: “Kitabül kafi
fil əruzeyn vəl qəvafi”, “əl- Mörəb fi məayir əşarül Ərəb”, “əl- Möcəm fi
məayir əşarül Əcəm”, “Hədayiqül Əcəm” və bir də “Tibyanül lüğət ət-Türki
ələ lisanül Qanqlı”. Qeyd edək bu əsərlərdən bizim dövrümüzə yalnız “əl-
Möcəm fi məayir əşarül Əcəm” əsəri gəlib çatmışdır.
Tədqiqatçılara görə Qeys Razi “Kitabül kafi fil əruzeyn vəl qəvafi”
əsərini hələ 1217-ci ildə Mərvdə olarkən yazmağa başlamışdır. Adından
məlum olur ki, bu kitab ərəb və fars əruzlarından danışan, onların birgə
nəzəri əsaslarından bəhs edən bir əsərdir. Görünür, Fərrəzin qalası
yaxınlığında da bu əsərin əlyazmaları dağılıb və itib-batmışdır. Sonralar
Şiraza gələn Qeys Razi 1232-ci ildə bu əsəri tamamlamış, sonra isə yerli
alimlərin, fars şeirinin bilicilərinin xahişi ilə bu əsəri iki yerə bölmüş, ərəb
əruz və qafiyəsindən bəhs edən hissəni “əl- Mörəb fi məayir əşarül ərəb”,
fars əruz və qafiyəsinin nəzəri əsaslarından bəhs edən hissəni isə “əl- Möcəm
fi məayir əşarül Əcəm” adlandırmışdır. Beləliklə, Qeys Razi “əl- Möcəm fi
məayir əşarül Əcəm” əsərini təqribən 1235-ci ildə Şirazda tamamlamışdır.
Höccətullah QƏHRƏMANİ
200
Tədqiqatçıların qeydinə görə Qeys Razinin 1235-ci ildən sonrakı taleyi isə
məlum deyildir (3, 41).
Qeys Razi özü öz əsərləri haqqında da məlumat vermişdir. Belə ki, o,
“əl-Möcəm” əsərində bir yerdə “Kitabül kafi fil əruzeyn vəl qəvafi” əsərinin,
iki yerdə isə “əl- Mörəb fi məayir əşarül ərəb” əsərinin adını çəkmişdir ki, bu
qeydlərdən sonra bu əsərlərin Qeys ər-Razinin qələminə məxsus olması
barədə heç bir şübhə yeri qalmır. Eyni zamanda, bu qeydlərdən o da aydın
olur ki, bu əsərlər “əl-Möcəm”dən əvvəl yazılmış və bütöv, tam bitkin
əsərlər şəklində mövcud olmuşdur ki, Qeys Razi də “əl-Möcəm”də dönə-
dönə onlara istinad edə bilmişdir. XIX əsrdə Nəsirəddin Tusinin “Miyarül-
əşar” əsərinə Məhəmməd Sədullah Muradabadi tərəfindən yazılmış
“Mizanül əfkar fi şərhi Miyarül- əşar” əsərində adı çəkilən, bizə gəlib
çatmamış “Hədayiqül Əcəm” əsərinə gəldikdə isə Avropa şərqşünası Çarlz
Riyöyə görə bu əsər “əl-Möcəm” əsərinin qısa variantıdır (3, 41).
Tədqiqatçılar Qeys Razinin qələminə digər bir əsəri “Tibyanül lüğət ət-
Türki ələ lisanül Qanqlı” əsərini də aid edirlər. Araşdırıcılara görə bu əsər
1223-1231-ci illərdə Cənubi Azərbaycanda hakimiyyətdə olmuş Cəlaləddin
Manqburnıya ithaf olunmuş və 1223-1226-cı illər arasında yazılmışdır. Qeyd
edək ki, Qeys Razinin ərəb dilində yazılmış bu lüğəti hələ orta əsrlərdə
alimlərə məlum olmuşdur. Belə ki, İbn Mühənna XIII əsrdə yazdığı
“Hilyətül- insan və həlbətül-lisan” adlı lüğətində bu əsərə istinad etmiş,
ondan müxtəlif nümunələr sitat gətirərək bu əsərin Qeys Razi tərəfindən
Cəlaləddin Manqburnıya ithaf olunduğunu söyləmişdir (3, 37). Burada Qeys
Razinin bu əsəri haqqında tədqiqat aparan araşdırıcıların gözündən qaçan bir
faktı da qeyd etmək yerinə düşər. Belə ki, Qeys Razi “əl-Möcəm” əsərində
bu əsəri haqqında da məlumat vermiş, sadəcə olaraq onu “Kitab dər lüğəti
Türki” (Türk dili haqqında kitab) adlandırmışdır. Qeyd edək ki, adı bütöv
şəkildə “Tibyanül lüğət ət-Türki ələ lisanül qanqlı” olan, Azərbaycan dilinə
tərcümədə “Türk dilinin Qanqlı dilinə izahlı lüğəti” adlanan bu əsəri
araşdıran tədqiqatçılar, bu əsərdən çıxış edərək, Qeys Razinin Azərbaycan
dilini, Qanqlı dilini və eyni zamanda türk dillərinin bir neçə qolunu yaxşı
bildiyini söyləyirlər (3, 45).
Qeyd edək ki, “əl-Möcəm” və “ət-Tibyan” əsərlərinin hər ikisinin
müəllifinin Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin olmasına
baxmayaraq, bu müəlliflər uzun müddət ayrı-ayrı şəxslər hesab olunmuşlar.
XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri
201
Lakin görkəmli türk alimi Fuad Köprülü hələ 1928-ci ildə “Türkiyyat
məcmuəsi” jurnalında çap olunmuş məqaləsində hər iki əsərin müəllifinin bir
şəxs, yəni Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi olduğu fikrini
söyləmişdir. Beləliklə, bu gün biz “əl-Möcəm” əsərində Qeys ər-Razinin
özünün “Türk dili haqqında kitab” adlı bir əsərinə işarə etdiyini əsas
götürərək, professor Məhəmməd Fuad Köprülüzadənin doğru nəticəyə
gəldiyini bir daha təsdiq etmiş oluruq. Qeyd edək ki, Müdərris Rəzəvinin
qeydinə görə Şəms Qeys ər-Razi “əl-Möcəm”in Ayasofyada qorunan
əlyazmasında da türk dilində kitabının olduğuna işarə etmişdir.
Qeys Razinin dövrümüzə gəlib çatmış yeganə əsəri olan “Əl-Möcəm”
ilk dəfə 1909-cu ildə məşhur ingilis şərqşünası professor Edvard Braun və
görkəmli İran alimi Məhəmməd bin Əbdülvəhhab Qəzvini tərəfindən çap
olunmuşdur. Belə ki, Edvard Braun bu əsərin Britaniya Muzeyində qorunan
ən qədim və gözəl nüsxəsini çapa hazırlamış, Məhəmməd bin Əbdülvəhhab
Qəzvini isə onu redaktə etmişdir. Qeyd edək ki, naşirlər çap zamanı əsərin
Hindistanda şəxsi kitabxanada - Mövləvi Xüdabəxş Xanın kitabxanasında
qorunan, üzü hicri 1183-cü ildə, miladi tarixlə isə 1769-cu ildə köçürülmüş
nüsxəsindən və eyni zamanda, üzü hicri tarixlə 881, miladi tarixlə isə 1476-
cı ildə Ədirnədə köçürülən və İstanbulun Ayasofya kitabxanasında qorunan
nüsxəsinin müqəddiməsindən istifadə etmişlər (6).
Sonralar bu əsər İranda nəşr olunmuşdur ki, Edvard Braun və Qəzvini
çaplarından sonra görkəmli İran alimi Müdərris Rəzəvi bu əsəri daha altı
nüsxə ilə tutuşdurub nəşr etdirmişdir (4). Müdərris Rəzəvinin öz nəşrinə
yazdığı ön sözdən məlum olur ki, o, hələ gənclik illərində Məşhəddə təhsil
aldığı zaman “Astani -qüdsi-Rəzəvi” kitabxanasında oxuduğu kitablar
sırasında “əl-Möcəm”in daha bir neçə nüsxəsi ilə tanış olmuş, onları Edvard
Braun və Qəzvini çapları ilə tutuşdurmuşdur. Lakin sonralar müxtəlif
səbəblər üzündən o, bu işi başa çatdırmamışdır. Bir müddətdən sonra isə bu
işlə yenidən məşğul olmağa başlamış, Təbrizdən və İranın daha bir neçə
kitabxanasından bir neçə nüsxə əldə etmişdir. Eyni zamanda Rəzəvi
Ayasofya nüsxəsini də əldə edərək uzun zəhmətlərdən sonra bu əsərin yeni
bir nəşrini və tənqidi mətnini ortaya qoymağa nail olmuşdur. Beləliklə, bu
əsər indi orijinala daha yaxın şəkildə bütün şərqşünasların, İran poeziyası və
poetikası ilə məşğul olan alimlərin stolüstü kitabına çevrilmişdir.
Höccətullah QƏHRƏMANİ
202
Çap olunduğu gündən bu əsər daima şərqşünasların, iranşünasların
diqqət mərkəzində olmuşdur. Bu əsərlə tanış olan, onu tədqiq edən alimlərin
özləri də bu kitab haqqında olduqca yüksək fikir söyləmişlər. Məsələn, hələ
Məhəmməd bin Əbdülvəhhab Qəzvini 1909-cu ildə bu kitabın ilk çapına
yazdığı ön sözdə onu belə qiymətləndirir: “Cəsarətlə demək olar ki,
Samanilər dövründən günümüzə qədər -islamın gəlişindən sonra fars dilində
meydana çıxan ilk elmi kitablardan bəri fars dilində belə dəqiq, tam, gözəl
və elmi xarakterli əsər yaranmamışdır” (5). Müdərris Rəzəvi də “əl-
Möcəm”i yüksək qiymətləndirir: “ Gözəlliyi və zinəti bizim zəmanəmizdə
meydana çıxan hicri VII əsrdə üç elmi (əruz, qafiyə, bədi) əhatə edən
Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin “əl-Möcəm fi məayiri əşaril-
Əcəm” əsəri fars ədəbiyyatının mühüm kitablarından biridir ki, tərifi ölçüyə
gəlməz dərəcədə çoxdur (6).
Məşhur İran alimi və şairi, fars üslubiyyatının gözəl tədqiqatçılarından
biri sayılan Məliküşşüəra Bahar da bu əsəri, onun üslubunu, dilini olduqca
yüksək qiymətləndirmişdir. Belə ki, Məliküşşüəra Bahar “əl-Möcəm”in
üslubunu hətta Sədinin “Gülüstün”ı ilə bərabər tutur: “Mənim fikrimcə Şəms
Qeysin nəsri öz dövrünün ən gözəl nümunələrindən biridir. Gözəl qələmə,
incə ağıla, dərin müşahidə qabiliyyətinə və qiymətləndirmə bacarığına malik
bu adam əgər elmi əsər deyil, daha sərbəst məzmunlu əsər – məsələn tarixi
və ya bədii əsər yazsa idi o əsl inci olardı” (2, 14).
Qeyd edək ki, Avropa və Şərq şərqşünasları ilə bərabər, son illərdə rus
şərqşünasları da bu əsərlə daha yaxından maraqlanmış və hətta “Əl-
Möcəm”in qafiyə və bədi hissələrini rus dilinə tərcümə edərək 1997-ci ildə
nəfis şəkildə Moskvada çap etdirmişlər. Belə ki, əsəri rus dilinə çevirən
Natalya Çalisova da əsərə olduqca yüksək qiymət verir və öz elmi
əhəmiyyətinə görə bu əsərin təkcə şeirşünaslıq deyil, eyni zamanda dilçilik
tarixində də qiymətli yer tutduğunu söyləyir : “Şəms Qeysin əsəri təkcə
şeirşünaslıq deyil, eyni zamanda iranlıların dilçilik ənənələrini də
zənginləşdirmişdir” (2).
Qeyd edək ki, bu əsər hələ orta əsrlərdən tədqiqatçıların diqqət
mərkəzində olmuşdur. Doğrudur, Məhəmməd bin Əbdülvəhhab Qəzvini bu
əsərin 1909-cu il çapına yazdığı ön sözdə “Kəşfüz- zünun” əsərində Hacı
Xəlifənin bu əsərin adının çəkmədiyini söyləsə də, sonralar Müdərris Rəzəvi
onun səhvini düzəltmiş və Hacı Xəlifənin əsərində “əl-Möcəm”in qeyd
XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri
203
olunduğunu göstərmişdir (6). Tədqiqatçılara görə hicri IX əsrdən, miladi
tarixlə isə XV əsrdən sonra bir sıra alimlər ya bu əsərə bilavasitə müraciət
edərək ondan istifadə etmiş və yaxud da Qeys Razi və onun əsərinin adını öz
əsərlərində xatırlatmışlar. Bunlardan birincisi Şərif ləqəbli Əbdülqəhhar bin
İshaqdır ki, “Əl-Möcəm”i ixtisar edərək müxtəsər şəklə salmışdır.
2. Məşhəd alimlərindən olan, ədəbiyyata aid bir sıra əsərlərin, o
cümlədən xüsusilə, əruz, qafiyə və bədidən bəhs edən “Bədayiüs- sənaye”
əsərinin müəllifi, hicri 919, miladi tarixlə 1513-cü ildə vəfat etmiş Ataullah
Mahmud Hüseyni dəfələrlə Şəms Qeys Razinin adı çəkilən əsərindən öz
əsərində bəhs etmişdir.
3. Şeyx Məhəmməd Əli bin Əli bin əl-Qazi Məhəmməd Hamid bin
Məhəmməd Sabir əl-Faruqi əl-Hənəfi ət- Təhanəvi binirci cildi İstanbulda,
qalan cildləri isə Hindistanda çap olunan “İstilahat əl-fünun” adlı əsərində
əruz və qafiyə terminlərini Şəms Qeys Razinin “Hədayiqül- möcəm”
əsərindən istifadə edərək yazmışdır.
4. Nurəddin bin Əhməd bin Əbdülcəlil Ziyarətgahinin qafiyə risaləsi isə
təqribən “əl-Möcəm fi məayiri əşaril- Əcəm” əsərinin ikinci hissəsi olan
qafiyə bölməsinin ixtisar olunmuş variantıdır.
5. Əbdürrəhman Caminin adı məlum olmayan tələbələrindən biri isə öz
müəllimi Əbdürrəhman Caminin əsərini müxtəsər şəkildə şərh edərkən üç-
dörd mövzu ilə əlaqədr olaraq Şəms Qeys Razidən bəhs edir.
6. Ənvəri “Divanı”nın çətinliklərini şərh edən Əbülhəsən Hüseyni
Fərahani öz əsərində dəfələrlə Şəms Qeysin “Hədayiqül -Əcəm” əsərinə
müraciət etmişdir.
7. Şəms Fəxri İsfahani “Meyare-cəmali” əsərinin “Əruz” fəslində və
“Müqəddimə”sində Şəms Qeysin adını çəkmiş və ondan geniş şəkildə
istifadə etmişdir.
8. Qiyasəddin bin Cəmaləddin “Fərhənge-ğiyasül-luğat” əsərində olan
əruzdan bəhs edən “Meracül-əruz” adlı bölmədə Şəms Qeysin “Hədayiqül-
möcəm” əsərinin dəfələrlə adını çəkmiş və ondan istifadə etmişdir.
9. Cəmaləddin Hüseyn Əncu “Fərhəngi-cahangir” əsərində “əl-Möcəm”,
yaxud “Hədayiqül-möcəm” əsərindən istifadə etmiş və “Xorənge” lüğətində
Məhəmməd bin Qeysin əruzundan bəhrələnmişdir.
10. Məhəmməd bin Səd qafiyə elmindən bəhs edən “Təbsirətül-şüəra”
əsərində Şəms Qeysin adını çəkmiş və onun əsərindən xeyli istifadə etmişdir.
Höccətullah QƏHRƏMANİ
204
11. Məhəmməd Nəcmülğəni xan “Nəhcül-ədəb” əsərində istifadə etdiyi
mənbələrdən biri kimi öz ədəbiyyat siyahısına Şəms Qeysin “əl-Möcəm fi
məayir əşaril- Əcəm” əsərini daxil etmişdir.
Şəms Qeys Razinin tərtib etdiyinə görə “əl-Möcəm” əsəri iki böyük
hissədən, fənndən ibarətdir. Birinci hissə, birinci fənn əruz elmindən, ikinci
hissə, ikinci fənn isə qafiyə elmi və şeir tənqidindən bəhs edir ki, əslində bu
fənnlərin, bu hissələrin özləri də bir-neçə fəsildən ibarətdir. Belə ki, Qeys
Razi “əl-Möcəm”də birinci fənni, yəni əruz fənnini aşağıdakı fəsillərə ayırır:
1.
Əruzun mənası, rüknlərin şərhi və bu elm əhlinin bu fənndə
işlətdikləri adlar və ləqəblər haqqında.
2.
Əruzun rüknlərini təşkil edən cüzlər və vəznlər haqqında.
3.
Cüzlərin yaranmasında iştirak edən dəyişikliklər və onlardan
yaranan törəmə təfilələr haqqında.
4.
Qədim və işlənməyən bəhrlər, dairələr, beytlərin təqtisi və bəhrlərin
cüzlərinin bir-birindən ayrılması haqqında.
İkinci fənn isə “əl-Möcəm”ə görə aşağıdakı fəsillərdən tərtib olun-
muşdur:
1.
Şeirin və qafiyənin mənası, onların hüdudları və mahiyyəti
haqqında.
2.
Qafiyənin hərfləri, onların adları və mənaları haqqında.
3.
Qafiyə hərflərinin hərəkələri və onların adları haqqında.
4.
Qafiyənin hüdudları və onların təsnifi haqqında.
5.
Qafiyənin eyibləri və mənzum kəlamda xoşagəlməzliklərin təsnifi
haqqında.
6.
Şeirin gözəllikləri və nəzm və nəsrdə işlənən gözəl sənətlər
haqqında.
Beləliklə, gördüyümüz kimi Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi
özünün “əl-Möcəm” əsərində fars şeirində işlənən əruz, qafiyə və bədi elmi
haqqında bütün deyilməsi mümkün olan fikirləri ümumiləşdirmiş və
yuxarıda göstərdiyimiz başlıqlar altında əhatə etməyə çalışmışdır. Lakin
Qeys Razi “əl-Möcəm” əsərində əruz, qafiyə, bədinin izahına keçməzdən
əvvəl qısaca olaraq əruzun öyrənilməsinin əhəmiyyətindən danışılır ki, biz
də həmin fikirlərlə məqalələrimizi tamamlayırıq.
Qeys Raziyə görə nəhv mənsur kəlamın, nəsrin ölçüsü olduğu kimi, əruz
da mənzum kəlamın, şeirin ölçüsüdür, tərəzisidir. Alimin nöqteyi-nəzərinə
XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri
205
görə bu elmə ona görə əruz adı vermişlər ki, şeir əruz vasitəsilə meydana
çıxır və onun vəznli və yaxud da vəznsiz olduğu əruz vasitəsilə aydınlaşır.
Qeys Raziyə görə bəzi alimlər istedadlı şairlərin onsuz da istedadlı
olduqlarına görə əruza ehtiyacları olmadıqlarını, istedadsızların isə istedad-
sız olduqlarına görə də yenə də əruza ehtiyacları olmadıqlarını söyləyirlər.
Lakin böyük alimin fikrinə görə bu belə deyildir. İstər istedadlı, istərsə də
istedadsız olan hər bir şair əruzu bilməli, onun qayda-qanunlarından baş
çıxarmalıdır. Çünki hər bir şair beytdə, misrada, şeirdə ən adi bir hərf
qüsurunu da müəyyən etməyi bacarmalı, şeirinin vəzn baxımından düzgün
olmasını təmin etməlidir. Vəzni bilmək isə müqəddəs Qurani-Kərimi və
Peyğəmbərin (s.) hədislərini düzgün şəkildə oxumağa yardım edir. Bu
mənada, hər bir insan ən azı əruz vasitəsilə Qurani-Kərimi və Peyğəmbərin
(s.) hədislərini düz oxumağı bacarmalıdır. Buna görə də Qeys Razinin
fikrincə hər bir qələm əhli, ziyalı, şair əruzdan baş çıxarmalı, onu
öyrənməlidir.
ƏDƏBİYYAT
1. З.М.Буниятов. Государство Хорезмшахов – Ануштегинидов 1097-
1231. Издательство «Наука», Москва, 1986.
2. Н.Ю.Чалисова. Персидская поэзия на весах поэтики. Шамс ад-
дин Мухаммад ибн Кайс ар-Рази. Свод правил персидской поэзии. Мо-
сква, 1997.
3. Юсиф-Зия Ширвани. Мухаммед ибн-Кейс и его тюркоязычный
глоссарий. Ученые записки, №1, Издание АГУ, Баку,1971.
4. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir əşar
əl-Əcəm. Tehran, 1387.
5. Məhəmməd bin Əbdülvəhhab Qəzvini. Müqəddimeye mosəhheh.
Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir əşar əl-
Əcəm. Tehran, 1387.
6. Modərres Rəzəvi. Müqəddimeye mosəhheh. Şəmsəddin Məhəmməd
bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir əşar əl-Əcəm. Tehran, 1387.
Höccətullah QƏHRƏMANİ
206
RESUME
In the article its shown that Geys Razi lived in the XIII century was the
prominent aruz scholar of his period. He lived during the rule time of
Kharazm shahs and most of his works devoted to his periods rulers. Though
he wrote o lot of works. Only «Al-Mocam» passed to modern generation.
The theoretical bases of aruz and rhifme were investigated in this work.
Təqdim etdi:
f.e.d., professor T.Quliyev
Tövsiyyə etdi:
AMEA-nın M.Füzuli adına Əlyazmalar
İnstitunun Elmi Şurası, Protokol No 11,
tarix 3.11.2010
Dostları ilə paylaş: |