MƏNİM SSENARİ MACƏRAM, YAXUD SARA XANIMI BİRİNCİ DƏFƏ EŞİDƏNDƏ
1939-cu ildə Samur çayından Dəvəçiyə doğru böyük bir kanal çəkilməyə başlanmışdı. Bütün
qəzetlər onun haqqında yazırdı. Radio «Nəhəng tikinti» adı ilə aramsız olaraq cürbəcür
informasiyalar, oçerklər verirdi.
O zaman mən «Kənddən məktublar» adlı ilk hekayələr məcmuəsinin çıxması ilə əlaqədar olaraq,
Füzuli şəhərindəki orta məktəbdə coğrafiya müəllimliyindən çıxıb Bakıya gələrək, unudulmaz
bir şəxsiyyət olan rəhmətlik yazıçımız Əli Vəliyevin köməyi ilə «Yeni yol» qəzetində işə
girmişdim.
Ədəbi dairələrdə məni tanımağa başlamışdılar. Bir gün məni Bakı kinostudiyasına dəvət edərək,
«Samur-Dəvəçi» kanalının çəkilişi haqqında bədii kinossenari yazmağı təklif elədilər. Mənim
tərəddüd etdiyimi görəndə, direktor ürək verib dedi ki: «Qorxmayın, yazarsınız.
Hekayələrinizdən görünür ki, kənd həyatını hiss edirsiniz. Gənc yazıçısıınz... Biz də kömək
edəcəyik».
Mən ssenari yazmasam da, əlimə keçən xarici kinossenariləri oxumuşdum. Özümə də çox
maraqlı görünürdü. Qərəz, razılıq verdim. Mənimlə müqavilə bağlayıb avans da verdilər. Getdim
«Samur-Dəvəçi» kanalı tikintisinə. Kanalın qərargahı Quba şəhərində idi.
O zaman Azərbaycanda KP MK-nın birinci katibi Mircəfər Bağırov idi. Onun göstərişinə görə,
son illərdə respublikanın ən böyük nailiyyətlərindən olacaq bu kanal Stalinin adını daşımalı idi.
Ona görə də, kanal xəttinə on minlərlə kolxozçu kəndlilərdən ibarət işçi, mühəndislər, texniklər,
cürbəcür maşınlar, texniki vasitələr gətirilmişdi. Neçə-neçə nazir, Mərkəzi Komitə işçisi, katiblər
tikintinin rəisinə müavin göndərilmişdi. Tikintidə bilavasitə Mərkəzi Komitənin orqanı kimi
xüsusi qəzet nəşr edilirdi. Gecələr səhərə qədər projektorlarla işıqlandırılmış sahələrdə qızğın iş
gedirdi. Briqadalar, adamlar arasında yarışlar təşkil edilirdi. Hər gün Bakıdan yeni-yeni
incəsənət dəstələri, müğənnilər, artistlər gəlib işçilər üçün konsertlər, tamaşalar verirdi. İşçilər,
mühəndislər, texniklər, meşədə, çöldə açıq havada yatırdı. Havalar isə soyumağa başlayırdı.
Gecələr Şahdağından buz kimi soyuq küləklər əsirdi.
Mən «Azərbaycan gəncləri» (o zaman «Gənc işçi» deyirdilər) qəzetinin redaktoru, gənc,
yaraşıqlı, zarafatcıl bir oğlan olan Bağır Seyidzadə və «Kommunist» qəzetinin məsul katibi
Neman adlı ləyaqətli bir oğlanla «Quba» mehmanxanasında eyni nömrədə olurduq. Mən onlarla
Bakıda tanış olmuşdum. Dediyim kimi, ikisi də gənc və xoşsifət idi.
Bağır Seyidzadə sonra Azərbaycan kinematoqrafıya naziri olmuşdu. Neman isə, heyf ki,
müharibədə həlak oldu. Gündüzlər iş üstünə gedib, hərə öz işi, öz müşahidəsi ilə məşğul olurdu.
Gecələr isə, mehmanxananın restoranında oturub alma ilə Şirvan şərabı içir, gecə-yarısına qədər
cürbəcür söhbətlər edirdik. Böyük kanal tikintisini çəkmək üçün kinostudiyadan gənc, istedadlı
operator Muxtar Dadaşovun başçılığı ilə kiçik briqada gəlmişdi. Onlar da «Quba»
mehmanxanasında bizimlə qonşu nömrədə olurdular. Gecələr onlarla bir yerdə yeyib-içir, söhbət
edirdik. Hal-hazırda Allahın köməyilə sağlam, gümrah, ömrü yüzə çatmaqda olan hörmətli
dostumuz, sənət fədaisi Əlili də Muxtarın briqadasında bizim gecə məclisimizin zarafatcıl
sevinci idi. Əlili hədsiz gülməli lətifələr bilicisi olmaqla bərabər, çox maraqlı bir istedada da
malik idi. İstədiyin əşya haqqında dərhal, necə deyərlər, ekspromt bir novella quraşdırıb deyə
bilirdi. Məsələn, deyirdin: «Təzə evlənmiş gənc oğlan gəlib qonaq otağında külqabıda bahalı
papiros kötüyü gördü». On beş-iyirmi dəqiqədən sonra Əlilinin novellası hazırdır! Doğrusunu
deyim ki, Əlilinin bu cüx bədahətən söylədiyi novellalar çox zaman maraqlı, hətta, inandırıcı da
çıxardı. Orası da qəribə idi ki, biz bütün günü qazılmaqda olan kanal boyu gəzib hər kəs öz işi ilə
məşğul olduğumuz halda, gecə mehmanxanada bu barədə söhbət eləmirdik. Elə bil ki, zahirən
coşğun həyat birdən-birə tamam unudularaq arxada qalırdı. Bir yerdə əyləşib çay içib, söhbət
etdikdə, sanki biz birdən-birə əsl canlı, cazibədar həyata daxil olub ürəyimizdə anlaşılmaz bir
sevinc, ruhi bir rahatlıq hiss edirdik. Zarafatlaşırdıq, deyirdik, gülürdük, Əlili bədahətən
novellalarını deyirdi. Elə bil ki, biz, birdən-birə əsl azadlığa çıxırdıq.
Dediyim kimi, mən burada bədii kinossenari yazmaq üçün, necə deyərlər, «bu coşğun sosialist
əməyindən, kollektiv qəhrəmanlıqdan» ilham almağa, maraqlı «əmək səhnələri»ni müşahido
edib, materiallar toplamağa gəlmişdim. Lakin gəlib bu qan-tər içində külüng vuranları, qəzetlərin
coşqun pafosla yazdığı «Fərhad kimi külüng vurub dərin qayaları çapan qəhrəmanları»
gördükdə, elə bil ki, nə isə, bədii bir süjet düşünmək həvəsim məni tərk edib gedirdi. Elə bil ki,
qəlbimə ağır, qüssəli bir tutqunluq çökürdü. Tamam qeyri-iradi olaraq fıkrim, xəyalım gəzib
tamaşa etdiyim və qəzetlərin, sovet şairlərinin təmtəraqla təsvir-tərif etdikləri «qəhrəmanlıq»
mənzərələrindən dərhal uzaqlaşıb atamgilin kəndində indi məhz ilin bu vaxtı öz xüsusi
bağlarında üzüm, ərik, alma dərən, tutdan bəhməz bişirən, dan yeri sökülər-sökülməz qalxıb
xüsusi tarlalarında cütün qulpundan yapışıb, sarı buğda əkən doğma adamları, rayon
mərkəzindən kəndə qonaq gəlib sapandla tarladakı qarğalara daş atan özümü xatırlayırdım.
Özüm özümü məcbur etdiyimə baxmayaraq, fıkrim-xəyalım bu nəhəng işin üzərində dayanmırdı
ki, dayanmırdı. Adamların vurhavur işləmələrinə diqqətlə tamaşa edərək ssenari ilə əlaqədar bir
əhvalat uydurmağa çalışdığım zaman, birdən ayılıb görürdüm ki, xəyalım yenə də kanaldan çox
uzaqlara, insanların öz əli, öz başı olan o rəngarəng azadlıq dünyasına uçub. Belə olanda,
özümün özümə acığım tuturdu: «Nə var? - deyirdim. - Özün döşü atlanan, hər şeyi qırmızı
çərçivəyə salan sovet yazıçılarını süni uydurmalarda təqsirləndirib demirdin ki, sənət əsərində
hər şey təbii olmalıdır?»
Beləliklə, mən Samur-Dəvəçi kanalında əməllicə yaradıcılıq böhranı keçirirdim. Ancaq yazmaq
lazım idi. Müqavilə bağlamışdım. Pul almışdım.
Bir gün də Bağır Seyidzadə ilə tikintidə gəzdiyim zaman xeyli aralıda cavan qız səsilə oxunan
bir «Qatar» muğamı eşitdik. Kanal boyu bir qədər irəliləyib gördük ki, tarın, kamançanın
müşayiətilə o muğamı oxuyan on səkkiz-on doqquz yaşlarında yaraşıqlı bir qızdır. Səsin
diapozonu, lirik zənginliyi ikimizə də bərk təsir etmişdi. Mən dərindən nəfəs alıb dedim:
- Bu qız yəqin qarabağlıdır.
- Nədən bildin? - deyə Bağır soruşdu.
Mən dedim:
- Əlbəttə, Azərbaycanın Şəki, Şirvan, Təbriz kimi başqa yerlərindən də gözəl xanəndələr çıxır.
Ancaq bu Qarabağ xanəndələrinin səsində, ifadə tərzində, nə isə, məhz Qarabağa məxsus elə bir
şey var ki, onları fərqləndirir. Bu səs rənglərlə, nüanslarla çox zəngindir.
Doğrudan da, bu rəng, bu nüans təəccüblü dərəcədə təsirli təravətə malikdir. Məsələn, yüz səsin
içində dərhal tanıyırsan ki, bu Xanın, ya Zülfü Adıgözəlovun səsidi, Qarabağın son dərəcə
zəngin, rəngarəng təbiətinin təsiri, məhsuludur. Arazqırağı Qarabağın yayda günəşdən od tutub
yanan Gəyən düzü, Haramı, Ağcabədi çöllərindən dünyanın ən nadir çiçəkləri ilə, qırmızı
lalələrlə əhatə olunmuş dağ yolları ilə Şuşaya və Kirs, Ziyarət, Salvartı dağlarına qalxanda,
hədsiz dərəcədə əlvan mənzərələrə rast gəlirsən. Qarabağ təbiətinin bu nağıllardakı pərilər
dünyası kimi gözəlliyi və hər gözəlliyin öz şeriyyəti sənət adamının dühasına məxsusi təsir
etməyə bilməzdi. Qarabağda Şıışanın, Kirs dağlarının, İsa bulağının, Səkili bulağının öz gözəlliyi
olduğu kimi, qızğın günəş şüaları altında ilğım çalan Ağcabədi, Haramı, Gəyən düzlərinin də öz
gözəlliyi, öz şeriyyəti var.
Biz kanal tikintisində işçilər üçün konsert zamanı o gənc qızın oxuduğu muğamlara, müasir
mahnılara qulaq asdıqda, mən Qarabağ xanəndələrinin səsindəki, sözlə ifadəsi çətin olunan incə,
zərif çalarları və onların ilahi zənginliyini təkrar hiss edirdim. Təzə zühur etmiş Sara Qədimova
adlı o gənc xanəndənin səsinin nəhayətsiz diapazonunda bu zənginlik son dərəcə təbii bir
koloritlə insanı heyran edirdi. Ona qulaq asdıqca, mənə elə gəlirdi ki, bu muğamı «misilsiz
sosialist tikintisində» yox, Şuşa dağlarında, İsa bulağında, o meşələrin dərinliklərində eşidirəm.
Yeri gəlmişkən, yazıçılıq yaddaşıının təsirilə kiçik bir əhvalat danışmaq istəyirəm. Əllinci illərin
bir yayında məni dostum Firudin Şuşinski ilə Şuşanın bazarında dayanıb söhbət edirdik. Bu
zaman otuz-otuz beş yaşlarında ortaboylu, yaraşıqlı bir oğlan asta addımlarla gəlib keçərkən
Firudinə salam verdi. Firudin onun salamını alıb:
- Gəl, İlyas müəllimlə də tanış ol, İsgəndər, - dedi. Oğlan yaxınlaşıb mənimlə görüşdü.
Firudin mənə dedi:
- Sənin çox sevdiyin «Qarabağın maralı» mahnısının müəllifi, bax, bu oğlandır! Musiqisini də,
sözlərini də özü yazıb.
Dedim:
- Sara Qədimova bayaq həmin mahnını gözəl oxuyurdu.
O, təbii bir ifadə ilə:
- Bəli, Sara o mahnını hiss edir, - dedi.
Mən dedim:
- Yəqin ona görə ki, Sara özü də o yerlərdəndi. 0:
- Ola bilər, dedi, - bəzi xanəndələr nəinki hiss etmirlər, heç sözləri də düz demirlər. Məsələn,
«bu dağlarda maral gəzər, ayaqların daşlar əzər...» əvəzinə, «əl-ayağını daşlar əzər...» deyirlər,
ya da mənim qoşduğum o «Qarabağın maralı» mahnısının adını dəyişib, «Azərbaycan maralı»
eləyirlər. Bəyəm, Qarabağ Azərbaycan deyil?!
Mən dedim:
- Sənin mahnının adını, oxuyanlar dəyişməyiblər, rəislər dəyişiblər!.. Orası da çox maraqlıdır ki,
məsələn, Qazax - Tovuz tərəfin adamları aşıq musiqisinə bənd olduğu kimi, Qarabağ camaatı da
muğam musiqisinə aşiqdir. Elə bir qarabağlı tapılmaz ki, muğamdan, az da olsa, başı çıxmasın!
Muğamı hiss eləməsin!
O böyük kanaıən çəkilişində oxuyan Saranı dinlədikcə, mənə elə qəribə, elə təravətli təsir
bağışlayırdı ki, elə bil, oxuduğu muğam bu gənc qızın öz məhəbbətidir. Öz məhəbbətinin kədərli
hekayətidir. Hərdən elə bil ki, yaşıl otlar, əlvan çiçəklər arasından keçən şəffaf bulaq suyu kimi
səssiz bir hüznlə axan, bəzən də yosunlu qayalardan tökülən şəlalə kimi çağlayan muğam bu
gənc qızın hekayətindən deyil, onun cəfalar çəkmiş, döyüşlər, müharibələr görmüş igid xalqının
uzaq keçmişlərdəki həyatı haqqında qəmli və mərdanə bir dastandan xəbər verirdi.
Gənc xanəndə qızın oxuduğu o muğamları, mahnıları eşitməyim, elə bil ki, kanal üstünə
gələndən bəri keçirdiyim anlaşılmaz yaradıcılıq böhranını birdən-birə aydınlaşdırdı. Sanki gərgin
fikirlərim, hisslərim birdən-birə azadlığa çıxaraq, istədikləri geniş, uzaq üfüqlərə yol aça bildi.
Hər şeydən əvvəl, onu başa düşdüm ki, ucuz müxbirlərin hey təriflədiyi, yeni-yeni
«qəhrəmanlar» meydana çıxartdıqları bu minlərlə günahsız zəhmət adamlarının ən ağır əməyi nə
üçün mənə gələcək ssenari müəllifi kimi təsir etmir? Mən hiss edirdim, bilirdim ki, bu adamlar
bura öz ilhamları ilə gəlməyiblər. Raykom katiblərinin əmrilə hər kolxoz sədri onları, məcbur
olaraq, maşınlara doldurub buraya göndəriblər. Onlar bu kanalın gələcəyindən öz şəxsi həyatları
üçün heç nə gözləmirdilər. Torbasına üç-dörd quru yavan çörək qoyub bura gələn kəndli onu da
bilirdi ki, gündə on altı saat beləcə yavan çörəklə əlləşib-becərdiyi kolxoz tarlaları ona
yoxsulluqdan, ehtiyacdan başqa heç nə verməyib. Bu kanalın suyu ilə əkilənlər nə verəcək?!
1920-ci ildən indiyə qədər qazandıqlarını hökumət əllərindən alıb, az-maz qalanını da yerli
kommunistlər bölüşüblər. Bu dəhşətli həqiqət onlara çoxdan məlum idi. Ona görə də, indi bu
kölə əməyinə tabe olmaqdan başqa ayrı əlacları yox idi! Kanal boyu hər yer adi vətəndaş
paltarında olan enkevede casusları ilə dolu idi. Kimin ixtiyarı var idi ki, gündəlik normanı iki-üç
dəfə artıqlamasilə doldurmasın?! Kimin ixtiyarı var idi ki, çay, xorək adı tutsun? Kimin ixtiyarı
var idi ki, nəzarətçilərdən icazəsiz beş dəqiqə işə geciksin? O adamların qaşqabağı, tutqun,
dinməz sifətləri indi də gözümün qabağındadır. Kölə əməyi dəhşətdir!
Gənc Sara isə, bizi məlahətli, şirin səsi ilə İsa bulağına, Qırxqız yaylağına çağırırdı. Kölə əməyi
ilə başı qarışan bu günahsız zəhmət adamları həyatın işıqlı, sevincli səadətindən bəhs edən bu
mahnını eşidəndə, görəsən, nə düşünürdülər?! Kimi, nəyi lənətləyirdilər? Məhkum ürəklərində
kimə qarşı qiyam edirdilər?!
Mən bu sualların cavabını təhtəlşüur hiss edirdim. Ona görə də, çox sonralar, günlərin birində
Bakı camaatının coşğun sel kimi məşhur dənizkənarı meydana axışaraq, «Azadlıq!», «İstiqlal!»
deyə qəzəblə qışqırdıqlarını eşidəndə, ürəyimdən bir fəryad qopdu: «Ey böyük Allah!
Azərbaycan türklərinin əsrlərdən bəri həsrətində olduqları bu müqəddəs arzularına çatmağına
kömək elə! Azərbaycan türklərinin müstəqil, azad dövlət qurub, onu yaşatmağa haqqı var! Bütün
türk xalqları sırasında azərbaycanlılar da qüvvətlidir! İgiddir! Ağıllıdır! O sənin yardımını
gözləyir!»
1993
Dostları ilə paylaş: |