İslam Səfərli
Səməni
Havada sazaq var, havada şaxta,
mənsə düşünürəm ilk bahar haqda.
Anamın qoyduğu bir göy səməni
Bahardan yazmağa çağırır məni.
Baxıram, baxıram göy səməniyə,
Dönür nəzərimdə yaşıl zəmiyə.
... Odur, dan sökülür, nur səpələnir,
Gözümdə zəmidir, hey ləpələnir...
Sevgilim toplayır əlvan gül-çiçək,
Çiçəkdən-çiçəyə qonur kəpənək.
Gülür kol dibində bənövşə, nərgiz,
Baharla qol-qola yeriyirik biz.
Deyirəm, bizimlə gül, gəz, baharım!
Baxıb xumarlanır gülgəz baharım...
Bu vaxt sərt küləyin boz qanadları
Geniş pəncərəmə sovurur qarı –
Duyuram, xəyalmış aparan məni,
Qarşımda bir kağız, bir göy səməni.
Səfərli İ. Səməni : şeir // Seçilmiş əsərləri. – Bakı : Lider. – S.201-202.