İnzibati icraat haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl
olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
I Fəsil
Ümumi müddəalar
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar
1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə
bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını,
prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
1.2. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə
münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar
2.0. Bu qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna
əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan
müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş
və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr
yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə
bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya
müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul
edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın
hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya
təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda
inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi
şəxs;
2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər
hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti;
2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək
məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan
və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından
yuxarı inzibati orqana yazılı müraciəti;
2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati
orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi
və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar
tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən
fəaliyyət;
2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün
qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;
2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı
münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;
2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı
inzibati orqan tərəfindən qəbul edilən akt;
2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq
edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;
2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüququndan məhrum edən və
ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr)
qoyan akt.
Maddə 3. Qanunun tətbiq dairəsi
3.1. Bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati
orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
3.2. Bu qanun inzibati orqanların:
3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə;
3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş
müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar
müəyyən oluna bilər.
Maddə 4. Aidiyyət
4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati
icraatı həyata keçirirlər.
4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını
müstəqil şəkildə müəyyən etməyə borcludur.
4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr
müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.
Maddə 5. İnzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım
5.1. İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana
həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur.
5.2. Subordinasiya baxımından tabeçilik münasibətlərində olan inzibati orqanların
bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır.
Maddə 6. Hüquqi yardımın şərtləri