"Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaq alverinə, uşaq
fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokoluna
qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaq
alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokoluna qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2002-ci il
№ 285-IIQ
"Uşaq hüquqları haqqında" Konvensiyanın Uşaq alverinə,
uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair
FAKULTATİV PROTOKOLU
Bu Protokolun iştirakçısı olan dövlətlər,
Uşaq hüquqları haqqında Konvensiyanın məqsədlərinə nail olunmasına və onun, xüsusilə
1, 11, 21, 32, 33, 34, 35 və 36cı maddələrinin müddəalarının həyata keçirilməsinə dəstək
vermək üçün iştirakçı dövlətlərin uşağın uşaq alveri, uşaq fahişəliyi və uşaq
pornoqrafiyasından müdafiəsinə zəmanət verilməsini təmin etmək məqsədi ilə həyata keçirməli
olduqları tədbirlərə daha geniş xarakter verməyi məqsədəuyğun hesab edərək,
həmçinin, Uşaq hüquqları haqqında Konvensiyada uşağın iqtisadi istismardan və onun
sağlamlığı üçün təhlükəli ola biləcək və ya onun təhsil almasına mane ola biləcək yaxud onun
sağlamlığına və ya fiziki, əqli və mənəvi, əxlaqi və sosial inkişafına mənfi təsir göstərə biləcək
işlərin gördürülməsindən müdafiə olunması hüququnun tanındığını nəzərə alaraq,
uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası məqsədi ilə uşaqların beynəlxalq
qaçaqmalçılıq yolu ilə daşınmasının geniş və artan miqyasından ciddi narahatlıq keçirərək,
uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına birbaşa stimul yaratdığına görə
uşaqlar üçün daha təhlükəli olan, geniş yayılmış və davam etməkdə olan seks-turizm
praktikasından dərin narahatlıq keçirərək,
azyaşlı qız uşaqları da daxil olmaqla, bir sıra xüsusilə müdafiəsiz uşaq qruplarının cinsi
istismar riskinə daha çox məruz qalmalarını və cinsi cəhətdən istismar olunan uşaqlar arasında
azyaşlı qız uşaqlarının payının müqayisə olunmayacaq dərəcədə yüksək olması faktını etiraf
edərək,
İnternetdə və inkişaf etməkdə olan digər texnologiyalar çərçivəsində uşaq
pornoqrafiyasının əlçatan olmasının getdikcə artmasından narahat olaraq və İnternetdə uşaq
pornoqrafiyası ilə mübarizəyə dair Beynəlxalq Konfransa (Vyana, 1999cu il), xüsusilə onun
uşaq pornoqrafiyasının istehsalı, yayılması, ixracı, ötürülməsi, idxalı, qəsdən saxlanılmasının və
onun reklamının bütün dünyada cinayət əməli kimi tanınmasına çağıran və hökumətlərlə
İnternet sənayesi arasında daha sıx əməkdaşlıq və tərəfdaşlığın mühüm əhəmiyyətini
vurğulayan qərarına istinad edərək,
uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasının ləğv edilməsinə natamam inkişaf,
yoxsulluq, iqtisadi bərabərsizlik, qeyri-bərabərhüquqlu sosial-iqtisadi struktur, bədbəxt
ailələrin mövcudluğu, təhsilin aşağı səviyyəsi, şəhərlər və kənd yerləri arasında miqrasiya, cinsi
əlamətlərə görə ayrı-seçkilik, böyüklərin məsuliyyətsiz cinsi davranışı, ənənəvi təcrübənin
ziyanlı növləri, silahlı münaqişələr və uşaqların qaçaqmalçılıqla daşınması daxil olmaqla, bütün
belə təzahürlərə dəstək verən amilləri nəzərə alan əhatəli yanaşma tərzi seçilməsinin qəbul
edilməsinin təkan verəcəyi fikrində olaraq,
uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına olan istehlak tələbinin
azaldılması üçün ictimaiyyətin məlumatlandırılma səviyyəsinin yüksəldilməsinə səy
göstərməyi zəruri hesab edərək və eyni zamanda bütün iştirakçılar arasında qlobal tərəfdaşlıq
münasibətlərinin möhkəmləndirilməsinin və həmçinin milli səviyyədə hüquqtətbiqedici
tədbirlərin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyinə əmin olaraq,
Uşaqların müdafiəsi və dövlətlərarası övladlığa götürmə sahəsində əməkdaşlıq haqqında
Haaqa Konvensiyası, Beynəlxalq uşaq oğurluğunun mülki hüquqi aspektləri haqqında Haaqa
Konvensiyası, Valideynlərin məsuliyyəti məsələlərində və uşaqların müdafiəsi üzrə tədbirlərdə
yurisdiksiya, tətbiq olunacaq hüquq, tanıma, hüquqtətbiqetmə və əməkdaşlıq haqqında Haaqa
Konvensiyası və Beynəlxalq Əmək Təşkilatının Uşaq əməyinin ən ağır formalarının qadağan
olunması və kökünün kəsilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında 182 saylı Konvensiyası
daxil olmaqla, uşaqların müdafiəsi sahəsindəki beynəlxalq hüquqi aktları nəzərə alaraq,
Uşaq Hüquqları haqqında Konvensiyanın hər yerdə dəstəklənməsindən ruhlanaraq və
bunu uşaq hüquqlarının təşviqi və müdafiəsi işinə geniş miqyasda bağlılığın sübutu sayaraq,
1996cı il avqustun 27-31-də keçirilmiş Kommersiya məqsədi ilə uşaqların cinsi istismarına
qarşı Ümumdünya Konqresində qəbul olunmuş Uşaq alveri, uşaq fahişəliyi və uşaq
pornoqrafiyasının qarşısının alınması üzrə Fəaliyyət Proqramının, eləcə də Bəyannamə və
Fəaliyyət Planının müddəalarının və müvafiq beynəlxalq orqanların bu məsələ üzrə digər qərar
və tövsiyələrinin yerinə yetirilməsinin vacib əhəmiyyətini dərk edərək,
uşaqların müdafiəsi və ahəngdar inkişafı üçün hər bir xalqın ənənələrinin və mədəni
dəyərlərinin mühüm əhəmiyyətini lazımi şəkildə nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
İştirakçı dövlətlər, bu Protokolda nəzərdə tutulduğu kimi, uşaq alveri, uşaq fahişəliyi və
uşaq pornoqrafiyasını qadağan edəcəklər.
M a d d ə 2
Bu Protokolun məqsədləri üçün:
(a) uşaq alveri uşağın hər hansı bir şəxs yaxud şəxslər qrupu tərəfindən mükafat və ya hər
hansı digər haqq müqabilində başqa bir şəxsə yaxud şəxslər qrupuna verilməsi vasitəsi olan hər
hansı akt və ya əqd deməkdir;
(b) uşaq fahişəliyi mükafat və ya digər haqq forması müqabilində uşaqdan seksual
xarakterli fəaliyyətdə istifadə olunması deməkdir;
(c) uşaq pornoqrafiyası real və ya modelləşdirilmiş aşkar cinsi hərəkətlər edən uşağın hər
hansı vasitələrlə istənilən təsviri yaxud əsasən uşağın cinsi orqanlarının başlıca olaraq seksual
məqsədlər üçün istənilən təsviri deməkdir.
M a d d ə
3
1. Hər bir iştirakçı dövlət belə cinayətlərin milli və ya transmilli səviyyədə yaxud fərdi və ya
mütəşəkkil surətdə törədilməsindən asılı olmayaraq, heç olmazsa, aşağıdakı əməllərin və
fəaliyyət növlərinin onun kriminal və ya cinayət hüququ ilə tam şəkildə əhatə olunmasını təmin
etməlidir:
a) 2ci maddədə müəyyən edilmiş uşaq alveri kontekstində:
(i) uşağın istənilən vasitələrlə aşağıdakı məqsədlər üçün təklif edilməsi, verilməsi və ya
alınması:
a. uşağın cinsi istismarı;
b. uşaq orqanlarının mükafat müqabilində verilməsi;
c. uşaqdan məcburi işləri gördürmək üçün istifadə edilməsi;
(ii) vasitəçilik qismində, övladlığa götürmə ilə bağlı tətbiq olunan beynəlxalq hüquqi aktları
pozmaqla uşağın övladlığa götürülməsinə razılıq verməyə qeyri-qanuni vadaretmə;
b) 2ci maddədə müəyyən olunmuş uşaq fahişəliyi məqsədi ilə uşağın təklif
edilməsi, ötürülməsi yaxud verilməsi, qəbulu;
c) 2ci maddədə müəyyən olunmuş uşaq pornoqrafiyası məqsədi ilə onun paylanması:
yayılması, idxalı, ixracı, təklif edilməsi, satışı və ya yuxarıda göstərilən məqsədlər üçün
saxlanılması.
2. İştirakçı dövlətin milli qanunvericiliyinin müddəaları nəzərə alınmaqla, belə əməllərdən
hər hansı birini törətmək cəhdinə, həmçinin belə əməllərin törədilməsində yardım etməyə və ya
birgə iştiraka münasibətdə də tətbiq edilir.
3. Hər bir iştirakçı dövlət, ağırlıq dərəcəsindən asılı olaraq, belə cinayətlər üçün lazımi cəza
tədbirləri müəyyən edir.
4. Öz milli qanunvericiliyinin müddəalarını nəzərə almaqla, hər bir iştirakçı dövlət müvafiq
hallarda bu maddənin 1ci bəndində nəzərdə tutulmuş cinayətlərə görə hüquqi şəxslərin
məsuliyyətinin müəyyən olunması üçün tədbirlər görür. İştirakçı dövlətin hüquq prinsipləri
nəzərə alınmaqla, hüquqi şəxslərin bu məsuliyyəti cinayət məsuliyyəti, mülki və ya inzibati
məsuliyyət ola bilər.
5. İştirakçı dövlətlər uşağın övladlığa götürülməsinə aidiyyəti olan bütün şəxslərin tətbiq
edilən beynəlxalq hüquqi aktların müddəalarına müvafiq şəkildə hərəkət etmələrini təmin
etmək üçün bütün lazımi hüquqi və inzibati tədbirləri görürlər.
M a d d ə 4
1. Hər bir iştirakçı dövlət 3cü maddənin 1ci bəndində göstərilmiş cinayətlər onun ərazisində
və ya bu dövlətdə qeydiyyata alınmış dəniz yaxud hava gəmisinin göyərtəsində törədildiyi
zaman belə cinayətlərə münasibətdə öz yurisdiksiyasının müəyyən olunması üçün zəruri
tədbirlər görür.
2. Hər bir iştirakçı dövlət aşağıdakı hallarda 3cü maddənin 1ci bəndində göstərilmiş
cinayətlərə münasibətdə öz yurisdiksiyasının müəyyən edilməsi üçün zəruri tədbirlər görə
bilər:
(a) güman olunan cinayətkar bu dövlətin vətəndaşı və ya onım ərazisində adi yaşayış yeri
olan şəxs olduqda;
(b) zərər çəkmiş şəxs bu dövlətin vətəndaşı olduqda.
3. Hər bir iştirakçı dövlət həmçinin güman olunan cinayətkarın onun ərazisində olduğu və
cinayətin onun vətəndaşlarından biri tərəfindən törədilməsini əsas gətirərək onu digər iştirakçı
dövlətə vermədiyi hallarda, yuxarıda göstərilən cinayətlərə münasibətdə öz yurisdiksiyasının
müəyyən edilməsi üçün zəruri ola biləcək tədbirlər görür.
4. Bu Protokol dövlətdaxili hüquqa uyğun həyata keçirilən hər hansı cinayət
yurisdiksiyasını istisna etmir.
M a d d ə 5
1. 3cü maddənin 1ci bəndində göstərilmiş cinayətlər iştirakçı dövlətlər arasında mövcud
olan istənilən ekstradisiya müqaviləsinə, ekstradisiyanı nəzərdə tutan cinayətlər qismində daxil
edilmiş hesab edilir və həmçinin sonradan onlar arasında imzalanmış istənilən ekstradisiya
müqaviləsinə, bu müqavilədə müəyyən olunmuş şərtlərə uyğun olaraq ekstradisiyanı nəzərdə
tutan cinayətlər qismində daxil edilir.
2. Əgər ekstradisiyanı müqavilənin mövcudluğu ilə şərtləndirən iştirakçı dövlətə, onunla
ekstradisiya müqaviləsi olmayan digər iştirakçı dövlət tərəfindən ekstradisiya barədə müraciət
edilərsə, o belə cinayətlərə münasibətdə bu Protokolu ekstradisiya üçün hüquqi əsas kimi
qiymətləndirə bilər. Ekstradisiya müraciət edilmiş dövlətin qanunvericiliyində nəzərdə tutulan
şərtlərə uyğun həyata keçirilir.
3. Ekstradisiyanı müqavilənin mövcudluğu ilə şərtləndirməyən iştirakçı dövlətlər öz
aralarındakı münasibətlərdə belə cinayətləri, müraciət edilən dövlətin qanunvericiliyində
nəzərdə tutulmuş şərtlərə uyğun olaraq, ekstradisiyanı nəzərdə tutan cinayətlər kimi
qiymətləndirirlər.
4. Belə cinayətlər iştirakçı dövlətlər arasında ekstradisiya üçün o halda nəzərdə tutulur ki,
həmin cinayətlər yalnız onların baş verdiyi yerdə deyil, həm də
4cü maddəyə uyğun olaraq öz yurisdiksiyasını müəyyən etməli olan dövlətlərin ərazisində
baş vermiş olsun.
5. Əgər ekstradisiya haqda müraciət 3cü maddənin 1ci bəndində göstərilən cinayətlərdən
biri ilə əlaqədar edilmişdirsə və müraciət olunan iştirakçı dövlət cinayətkarın vətəndaşlığına
əsaslanaraq onu təhvil vermir və ya verməyəcəksə, bu dövlət cinayət təqibinin başlanması
məqsədi ilə işin öz səlahiyyətli orqanlarına verilməsi üçün lazımi tədbirlər görür.
M a d d ə
6
1. İştirakçı dövlətlər 3cü maddənin 1ci bəndində göstərilmiş cinayətlərə münasibətdə,
onlarda olan sübutların alınmasına yardım göstərmək də daxil olmaqla, başlanmış təhqiqat və
ya cinayət təqibi yaxud ekstradisiya prosesi ilə əlaqədar bir-birinə maksimum kömək edirlər.
2. İştirakçı dövlətlər, aralarında mövcud ola bilən qarşılıqlı hüquqi yardım haqqında
istənilən müqavilə və ya razılaşmanı rəhbər tutaraq, bu maddənin 1ci bəndindəki öhdəliklərini
yerinə yetirirlər. Belə müqavilələrin və ya razılaşmaların olmadığı təqdirdə, iştirakçı
dövlətlər öz dövlətdaxili hüquqlarına uyğun olaraq bir-birinə yardım edirlər.
M a d d ə
7
İştirakçı dövlətlər öz milli hüquqlarının müddəalarına uyğun olaraq:
(a) müvafiq hallarda aşağıdakıların alınması və müsadirə edilməsini təmin edəcək tədbirlər
görürlər:
(i) əmlak, yəni bu Protokolda nəzərdə tutulmuş cinayətlərin edilməsi üçün və ya
edilməsindən istifadə edilən vasitələr və digər alətlər; (ii) bu cür cinayətlərin edilməsi ilə əldə
olunan gəlir;
(b) digər iştirakçı dövlətin (a)(i) yarımbəndində göstərilmiş əmlak və ya gəlirlərin alınması
yaxud müsadirəsinə dair bir-birinə müraciətlərini yerinə yetirirlər;
(c) belə cinayətlərin icrası üçün istifadə olunan yerlərin müvəqqəti və ya daimi
bağlanmasına yönəldilmiş tədbirlər görürlər.
M a d d ə
8
1. İştirakçı dövlətlər, bu Protokolla qadağan edilən praktikanın qurbanı olmuş uşaqların
hüquq və maraqlarının müdafiəsi üçün, cinayət mühakimə icraatının bütün mərhələlərində,
xüsusən aşağıdakı yollarla lazımi tədbirlər görəcəklər:
(a) zərər çəkmiş uşaqların müdafiəsizliyinin etiraf edilməsi və onların xüsusi ehtiyaclarının,
o cümlədən onların şahid kimi xüsusi ehtiyaclarının tanınması prosedurlarının
uyğunlaşdırılması;
(b) zərər çəkmiş uşaqlara onların hüquqları, rolu və onların işləri üzrə məhkəmə icraatının
məzmunu, müddəti və gedişi barədə məlumat verilməsi;
(c) şəxsi maraqlarına toxunulan hallarda, zərər çəkmiş uşaqların fikirlərinin, ehtiyaclarının
və problemlərinin məhkəmə icraatı zamanı milli qanunvericiliyin
prosessual normalarına uyğun olaraq təmsil edilməsi və baxılmasının təmin edilməsi;
(d) uşaqlara məhkəmə icraatının bütün mərhələlərində lazımi dəstək verilməsi üçün xidmət
göstərilməsi;
(e) lazımi hallarda, zərər çəkmiş uşaqların şəxsi həyatının və şəxsiyyətinin qorunması və
zərər çəkmiş uşağın şəxsiyyətinin müəyyən edilməsinə gətirib çıxara biləcək məlumatın
arzuedilməz yayılmasının qarşısını almaq məqsədi ilə, milli qanunvericiliyə müvafiq tədbirlərin
görülməsi;
(f) lazımi hallarda, zərər çəkmiş uşaqların, eləcə də onların ailələrinin və onlar adından çıxış
edən şahidlərin hədə-qorxu və qisasdan müdafiəsinin təmin edilməsi;
(ç) zərər çəkmiş uşaqlara kompensasiya verilməsinə dair işlər üzrə qərarların çıxarılmasının,
sərəncam və qətnamələrin icrasının həddən artıq ləngidilməsinə yol verilməməsi.
2. İştirakçı dövlətlər zərər çəkənin həqiqi yaşına münasibətdə şübhə olduğu halda cinayət
təhqiqatının, o cümlədən zərər çəkənin yaşının müəyyənləşdirilməsi məqsədi ilə təhqiqatın
başlanmasına mane olunmamasını təmin edirlər.
3. İştirakçı dövlətlər bu Protokolda nəzərdə tutulan cinayətlərin qurbanı olmuş uşaqlarla
rəftar zamanı, cinayət mühakimə icraatı sistemində uşağın ən ümdə maraqlarının qorunmasına
birinci növbədə diqqət yetirilməsini təmin edirlər.
4. İştirakçı dövlətlər bu Protokola uyğun olaraq qadağan edilmiş cinayətlərin qurbanları
olan uşaqlarla işləyən şəxslərin lazımi hazırlıq, xüsusən hüquqi və psixoloji hazırlıq
keçmələrinin təmin edilməsiüçün tədbirlər görürlər.
5. İştirakçı dövlətlər lazımi hallarda bu cür cinayətlərin qarşısını alan fəaliyyətlə və/və ya bu
cür cinayətlərin qurbanlarının müdafiəsi və reabilitasiyası ilə məşğul olan şəxslərin və/və ya
təşkilatların təhlükəsizliyi və toxunulmazlığının təmin edilməsi üçün tədbirlər görürlər.
6. Bu maddənin heç bir müddəası ittiham olunanın ədalətli və qərəzsiz məhkəmə
araşdırması hüququna xələl gətirən və ya ona zidd olan şəkildə təfsir olunmur.
M a d d ə
9
1. İştirakçı dövlətlər bu Protokolda göstərilən cinayətlərin qarşısının alınması məqsədi ilə
qanunlar, inzibati tədbirlər, sosial strategiya və proqramlar qəbul edir və ya onları
möhkəmləndirir, tətbiq edir və təbliğ edirlər. Belə hərəkətlərə məruz qalma baxımından
xüsusən zəif olan uşaqların müdafiəsinə xüsusi fikir verilir.
2. İştirakçı dövlətlər bu Protokolda göstərilmiş cinayətlərin acı nəticələri və onların qarşısını
almaq üçün tədbirlər haqda ictimaiyyətdə, o cümlədən uşaqlar arasında bilgilərin bütün
müvafiq vasitələrdən istifadə, tədris və təlim yolu ilə genişləndirilməsinə kömək edirlər. Bu
maddədəki öhdəliklərini yerinə yetirmək üçün iştirakçı dövlətlər ictimaiyyətin və xüsusilə
uşaqların və zərər çəkmiş uşaqların bu cür informasiya-maarifləndirmə, tədris və hazırlıq
proqramlarında, o cümlədən beynəlxalq səviyyədə iştirakını təşviq edirlər.
3. İştirakçı dövlətlər bu cür cinayətlərin qurbanlarına müvafiq yardımın göstərilməsi
məqsədi ilə, o cümlədən bu qurbanların tam sosial reinteqrasiyası və
onların tam fiziki və psixoloji müalicəsi də daxil olmaqla, bütün mümkün tədbirləri
görürlər.
4. İştirakçı dövlətlər bu Protokolda göstərilmiş cinayətlərin qurbanları olan bütün uşaqların
ayrı-seçkilik olmadan, hüquqi məsuliyyət daşıyan şəxslərdən çəkdikləri zərərə görə
kompensasiya almaqüçün lazımi prosedurlardan istifadə imkanını təmin edirlər.
5. İştirakçı dövlətlər bu Protokolda göstərilmiş cinayətləri təbliğ edən materialların
istehsalının və yayılmasının təsirli şəkildə qadağan edilməsinə yönəldilmiş lazımi tədbirlər
görürlər.
M a d d ə
1 0
1. İştirakçı dövlətlər uşaq alveri, uşaq fahişəliyi, uşaq pornoqrafiyası və uşaq seks-turizmi ilə
əlaqədar əməllərin törədilməsində təqsirli olan şəxslərin qarşısının alınması, aşkar edilməsi,
təhqiqat aparılması, cinayət təqibi və cəzası məqsədi ilə çoxtərəfli, regional və ikitərəfli
razılaşmalar yolu ilə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün zəruri
tədbirləri görürlər. İştirakçı dövlətlər həmçinin öz orqanları, milli və beynəlxalq qeyri-hökumət
təşkilatları və beynəlxalq təşkilatlar arasında beynəlxalq əməkdaşlığa və əlaqələndirməyə
dəstək verirlər.
2. İştirakçı dövlətlər zərər çəkmiş uşaqların fiziki və psixoloji bərpasına, sosial reinteqrasiya
və repatriasiyasına kömək göstərməyə yönəldilmiş beynəlxalq əməkdaşlığın inkişafına dəstək
verirlər.
3. İştirakçı dövlətlər uşaq alveri, uşaq fahişəliyi, uşaq pornoqrafiyası və uşaq seks-
turizminin obyektləri qismində uşaqların köməksizliyini artıran yoxsulluq və inkişaf
səviyyəsinin aşağı olması kimi əsas səbəblərin aradan qaldırılması məqsədi ilə beynəlxalq
əməkdaşlığın möhkəmləndirilməsinə dəstək verirlər.
4. Müvafiq imkanları olan iştirakçı dövlətlər mövcud çoxtərəfli, regional, ikitərəfli və ya
digər proqramlar çərçivəsində maliyyə, texniki yaxud digər yardım göstərirlər.
M a d d ə 1 1
Bu Protokolda heç bir şey uşaqların hüquqlarının həyata keçirilməsinə daha artıq zəmin
yaradan və:
a) iştirakçı dövlətlərin qanunvericiliyində;
b) bu dövlət üçün qüvvədə olan beynəlxalq normalarda nəzərdə tutulan müddəalara
toxunmur.
M a d d ə
1 2
1. Hər bir iştirakçı dövlət həmin Protokolun bu iştirakçı dövlət üçün qüvvəyə minməsindən
sonra iki il müddətində Uşaq Hüquqları üzrə Komitəyə bu Protokolun müddəalarının həyata
keçirilməsi ilə əlaqədar özünün gördüyü tədbirlər haqqında əhatəli məlumatı əks etdirən
məruzə təqdim edir.
2. Əhatəli məruzə təqdim olunduqdan sonra hər bir iştirakçı dövlət Konvensiyanın
44cü maddəsinə uyğun olaraq Protokolun həyata keçirilməsinə aid
olan istənilən əlavə məlumatı Uşaq Hüquqları üzrə Komitəyə təqdim etdiyi məruzələrə
daxil edir. Protokolun digər iştirakçı dövlətləri beş ildən bir məruzə təqdim edirlər.
3. Uşaq Hüquqları üzrə Komitə iştirakçı dövlətlərdən bu Protokolun həyata keçirilməsinə
aid əlavə məlumat ala bilər.
M a d d ə
1 3
1. Bu Protokol Konvensiyanın iştirakçısı olan və ya onu imzalamış istənilən dövlətin
imzalanması üçün açıqdır.
2. Bu Protokol ratifikasiya olunmalıdır və Konvensiyanın iştirakçısı olan və ya onu
imzalamış istənilən dövlətin qoşulması üçün açıqdır. Təsdiqnamələr və ya qoşulma haqqında
sənədlər saxlanılmaqüçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilir.
M a d d ə
1 4
1. Bu Protokol onuncu təsdiqnamənin və ya qoşulma haqqında sənədin saxlanılmaq üçün
verilməsindən 3 ay sonra qüvvəyə minir.
2. Bu Protokol onu ratifikasiya edən və ya Protokolun qüvvəyə minməsindən sonra ona
qoşulan hər bir dövlət üçün belə dövlətin öz təsdiqnaməsini və ya qoşulma haqqında sənədini
saxlanılmağa verməsindən bir ay sonra qüvvəyə minir.
M a d d ə
1 5
1. İstənilən iştirakçı dövlət istənilən zaman Birləşmiş Millətlər Təşkilatının Baş katibinə
yazılı bildiriş göndərməklə Protokolu denonsasiya edə bilər; Baş katib bu barədə
Konvensiyanın digər iştirakçı dövlətlərini və Konvensiyanı imzalamış bütün dövlətləri
məlumatlandırır. Denonsasiya belə bildirişin Birləşmiş Millətlər Təşkilatının Baş katibi
tərəfindən alındığı tarixdən bir il keçdikdən sonra qüvvəyə minir.
2. Belə denonsasiya, iştirakçı dövləti denonsasiyanın qüvvəyə minməsi tarixinədək
törədilmiş istənilən cinayətə münasibətdə bu Protokolla nəzərdə tutulan öhdəliklərindən azad
etmir. Eyni zamanda belə denonsasiya heç bir halda onun qüvvəyə minməsi tarixinədək artıq
Komitənin müzakirəsində olan istənilən məsələnin sonrakı müzakirəsi üçün maneə törətmir.
M a d d ə
1 6
1. İstənilən iştirakçı dövlət düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə təqdim edə bilər. Sonra Baş katib düzəlişə baxılması və ona səs verilməsi məqsədi ilə
iştirakçı dövlətlərin konfransının çağırılmasına münasibət bildirilməsi xahişi ilə təklif olunmuş
düzəlişi iştirakçı dövlətlərə çatdırır. Belə məlumatın verildiyi tarixdən başlayaraq dörd ay
müddətində iştirakçı dövlətlərin ən azıüçdə biri belə konfransın çağırılmasına tərəfdar çıxarsa,
Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı çağırır. Konfransda
səsvermədə iştirak edən və iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul olunan istənilən
düzəliş təsdiq olunmaq üçün Baş Assambleyaya təqdim edilir.
2. Bu maddənin 1ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq olunmaqla və iştirakçı dövlətlərin üçdə iki
səs çoxluğu ilə qəbul edilməklə qüvvəyə minir.
3. Düzəliş qüvvəyə mindikdə, onu qəbul etmiş dövlətlər üçün məcburi olur, digər iştirakçı
dövlətlər üçün isə bu Protokolun müddəaları və onlar tərəfindən qəbul edilmiş əvvəlki
düzəlişlər məcburi olaraq qalır.
M a d d ə 1 7
1. İngilis, ərəb, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu
Protokol saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilməlidir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun təsdiq olunmuş surətlərini
Konvensiyanın iştirakçısı olan bütün dövlətlərə və Konvensiyanı imzalamış bütün dövlətlərə
göndərir.
Dostları ilə paylaş: |