«Geo strategiya». 2013.№4(16). S. 34-40. ÇAr rusiyasinin iRƏvan xanliğI ƏraziSİNDƏ erməNİ DÖVLƏTİ yaratmaq siyasəTİ



Yüklə 221,31 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü221,31 Kb.
#60461


«Geo strategiya».-2013.-№4(16).-S.34-40.

ÇAR RUSİYASININ İRƏVAN XANLIĞI ƏRAZİSİNDƏ ERMƏNİ DÖVLƏTİ YARATMAQ SİYASƏTİ

GÜNTƏKİN NƏCƏFLİ 

Tarix üzrə fəlsəfə doktoru

I Pyotr (1682-1725) dövründən başlayaraq Rusiya imperiyası Cənubi Qafqazı bu diyarın ən qədim yerli

əhalisi  olan  Azərbaycan  türklərindən,  bütövlükdə  türk-müsəlman  əhalidən  “təmizləyib”  bu  torpaqlara  müxtəlif

ərazilərdən erməniləri köçürmək, Osmanlı imperiyasına və Qacarlar İranına qarşı gələcək işğalları həyata keçirmək

üçün  Şimali  Azərbaycan  torpaqlarında  “etibarlı  xristian  istinadgah  zolağına”  çevriləcək  oyuncaq  erməni  dövləti

yaratmaq  siyasəti  həyata  keçirmişdi.  Hindistanı və  Yaxın  Şərqi  işğal  etmək  arzusunda  olan  Rusiya  imperiyasına

Osmanlı, İran və Azərbaycan sərhədləri qovşağında etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi

həmin ərazidən hərbi plasdarm kimi istifadə edə bilsin. XVIII əsrin II yarısı Azərbaycanın xanlıqlar şəklində feodal

dövlətlərə  parçalanması,  vahid  mərkəzləşmiş  dövlətin  olmaması  bu  siyasətin  həyata  keçirilməsini  daha  da

asanlaşdırdı. Qeyd etdiyimiz kimi, XVIII əsrin I rübündən başlanan bu mənfur siyasət XVIII əsrin II yarısında - II

Yekaterinanın hakimiyyəti dövründə (1762-1796) daha da fəallaşdı və XIX əsrin I qərinəsində işğal olunmuş İrəvan

və Naxçıvan xanlıqlarının ərazisində qondarma “Erməni vilayəti”nin yaradılması ilə nəticələndi.

Rusiya hakim dairələri İrəvan xanlığını ələ keçirməyi asanlaşdırmaq üçün dini amildən də istifadə edirdi.

Azərbaycan  hökmdarlarının  himayəsindən  istifadə  edərək  ölkənin  qərbində  -  İrəvan  xanlığının  ərazisində

möhkəmlənmiş Qriqorian kilsəsi Avropada özünə dayaq tapmadığından üzünü Rusiyaya çevirmişdi. Asiya qitəsinə

vaxtı  ilə  Balkan  yarımadasından  köçüb  gəlmə  ermənilər,  erməni  kilsəsi  və  erməni  işbazları  hələ  I  Pyotrun

dövründən  başlayaraq  Rusiyanın  köməyi  ilə  Azərbaycan  torpaqları hesabına  özlərinə  daimi  məskənlər  və  dövlət

yaratmaq, qondarma “Böyük Ermənistan”ı dirçəltmək xülyasına düşmüşdü.

Artıq 1779-cu  ilin  sonlarında  II  Yekaterinanın sarayında  rus  qoşunlarının  Cənubi  Qafqaza  hərbi  yürüş

planı  qəbul  olundu.  Bu  plan  A.V.Suvorovun  təşəbbüsü  ilə  qəbul  olunduğu  üçün  onun  həyata  keçirilməsi  də  elə

generalın özünə həvalə olundu. Rusiya ərazilərində yaşayan imkanlı ermənilər general A.V.Suvorovun vasitəsi ilə II

Yekaterinanı  Cənubi  Qafqaza  qoşun  yeritməklə  ilk  növbədə  Azərbaycanın  tarixi  ərazilərini,  eləcədə  İrəvan

xanlığının  torpaqlarını  işğal  etməyə  sövq  edirdilər.  A.V.Suvorov  təcili  olaraq  Cənubi  Qafqaz  haqqında  ətraflı

məlumat toplamağa başladı. Bu məqsədlə o, 1780-ci il yanvarın 2-də erməni arxiyepiskopu İosif Arqutinski və İvan

Lazerev ilə görüşdü. Görüş zamanı tarixi Azərbaycan torpaqları hesabına Cənubi Qafqazda erməni dövləti yaratmaq

planı müzakirə  olundu  (bax:  15,  171).  Həmin  il  yanvarın 3-də  erməni  arxiyepiskopu  İ.Arqutinski  və  varlı erməni

taciri O.Yegizaryan “erməni əraziləri” adlandırdıqları uydurma bir xəritəni knyaz Q.A.Potyomkinə təqdim etdilər.

Onların “Böyük Ermənistanın bərpası” və “İrəvanda ayrıca erməni dövləti” yaradılması haqqında xahişlərinə knyaz

Potyomkin, “bu mümkündür, ancaq sizin patriarxınızın bir neçə yerli hakimlə birlikdə sizinkilərin xilası haqqında

məsələ qaldırması vacibdir, yalnız bundan sonra biz sizin köməyinizə gələ bilərik” cavabını verdi (19, 49).

Rusiyanın  Cənubi  Qafqaza  yürüşünü  reallaşdırması  üçün  bəhanə  lazım  idi  və  bu  bəhanə  1780-ci  il

yanvarın  11-də  Q.A.Potyomkinin  A.V.Suvorova  göndərdiyi  məxfi  təlimatında  yazıldığı  kimi:  “Xəzər  dənizi

sahillərində hakim olan xanların tez- tez təkrar olunan qaba hərəkətləri” idi və “nəhayət, imperator əlahəzrətlərini

onları özünün qalibiyyətli silahının gücü ilə ram etməsinə qərar verdirdi” [bax: 16, 26].

II  Yekaterinanın  məxfi  orderinə  əsaslanan  Q.A.Potyomkin  xüsusi  təlimatla  V.A.Suvorova  dərhal

Həştərxana  gedib  oradakı quru  qoşunlarına  komandanlığı  qəbul  etməyi  təklif  etdi.  Bundan  əlavə,  V.A.Suvorova

Rusiyaya  sadiq  xanlarla  mülayim,  itaət  göstərənlərlə  “insanpərvər”  davranmaq,  müqavimət  göstərənləri  isə

cəzalandırmaq əmr olunurdu (4, sən., № 91, s. 154-155).

1780-ci  il  yanvarında  Moskvadan  Həştərxana  yola  düşən  V.A.Suvorov  Cənubi  Qafqaz,  İran  və

Azərbaycan ərazisi, xüsusilə Qarabağ və İrəvan xanlıqlarına gedən yollar, yaşayış məntəqələri və s. haqqında ətraflı

məlumatlar  toplamağa  başladı  (16,  28).  V.A.Suvorovun  knyaz  Potyomkinə  yazmış  olduğu  1780-ci  il  15  fevral

tarixli raportuna əlavə olunmuş sənəddə Həştərxana gəlmiş Qarabağın xristian məlikləri Adəm və Usubun Qarabağ

və İrəvan xanlığında baş verən hadisələr haqqında məlumatları verilmişdi (4, sən., № 92, s. 155-156). “Erməni-rus

əlaqələri”  toplusunun  IV  cildində  nəşr  olunan  bu  sənədin  heç  bir  yerində  “erməni  məliyi”  və  ya  “Ermənistan

ərazisi”  ifadələri  işlənmədiyi  halda,  erməni  müəllifi  A.R.İoannisyan həmin  sənədi  şərh  edərkən  məlikləri  erməni,

söhbət  gedən  əraziləri  isə  “Ermənistan”  adlandırmışdır  (16,  28).  Qeyd  olunan  dövrdə  məhz  həmin  ərazilərin

sakinlərinin  erməni  olduğunu  sübuta  yetirməyə  çalışan  bu  “tarixçi”  dövrün  sənədlərini  belə  saxtalaşdırmaqdan




çəkinməmişdir.

Bu planlar elə bir vaxtda hazırlanırdı ki, həmin vaxt “Şərq məsələsi” Rusiya üçün xüsusi aktuallıq kəsb

edirdi. 1782-ci il Rusiya tarixində Krımın birləşdirilməsi uğrunda qəti tədbirlər ili- həmçinin Cənubi Qafqazda da

eyni  cür  qəti  siyasətin  başlanğıcı kimi  şərtləndi.  Artıq  çoxdan  bəri  II  Yekaterina  tərəfindən  hazırlanmaqda  olan

“Yunan  layihəsi”  məhz  bu  zaman  Bezborodkonun  məşhur  memorandumunda  özünün  bitkin  formasını  aldı  (14,

226-227; 12, 135-236).

Rusiya hökuməti Q.A.Potyomkini Qafqaz işləri üzrə baş komandan, onun yaxın qohumu P.S.Potyomkini

isə  Qafqaz  müdafiə  xəttinin  rəisi  təyin  etmişdi.  Q.A.Potyomkinin  1782-ci  il  6  sentyabr  tarixli  göstərişinə  əsasən

PS.Potyomkin hər şeydən əvvəl müxtəlif yollar və vasitələrlə gürcü çarı II İrakli və ermənilərlə əlaqələr yaratmalı

idi (bax: 17, 160).

1782-ci  il  21  dekabr  tarixində  P.S.Potyomkin  erməni  arxiyepiskopu  İ.Arqutinskiyə  “13  bənddən  ibarət

bir yazılı sorğu” verdi. P.S.Potyomkin Cənubi Qafqazdakı hərbi və siyasi durumu öyrənmək məqsədilə II İraklinin

ermənilərlə ittifaqının, Qarabağ xanlığının II İrakli ilə münasibətlərinin necə olması, Qarabağın xristian məlikləri,

Tiflisdən Ararata və İrəvana qədər, yaxud Dərbənd və Şamaxıdan Ararata və Naxçıvana qədər yolların necə olması

və s. məsələlərlə maraqlanırdı (bax: 16, sən., № 3, s.204- 207).

Rusiya  hakim  dairələrinin  “erməni  məsələsi”nə  belə  diqqət  yetirməsi  erməni  missionerlərini  daha  da

ruhlandırdı  və  onlar  bu  suallara  öz  maraqlarına  uyğun  məlumatlar  çatdırmağa  başladılar.  P.S.Potyomkinin

suallarına  dekabrın  28-də  14  bənddən  ibarət  “ətraflı”  cavab  verən  avantürist  erməni  keşişi  İ.Arqutinski  xüsusi

məqsəd  güdərək  öz  cavabında  əzəli  Azərbaycan  torpaqlarını,  şəhərlərini  erməni  torpağı  kimi  təqdim  edir,

Azərbaycan xanları haqqında yalan, böhtan, Azərbaycanın qərb torpaqlarının II İraklinin hakimiyyəti altında olması

kimi saxta məlumatlar çatdırmaqla yanaşı, İrəvan  və  Qarabağ xanlıqlarının  ərazisini  ələ  keçirmək barədə  təkliflər

verirdi  (16,  sən.,  №  4,  s.207-212).  İ.Arqutinski  cavabının  7-ci  bəndində  Tiflis  və  Dərbənd  vasitəsi  ilə  Qarabağa

gedən iki yolu təsvir edir və bildirir ki, birinci - Şamaxıdan keçən yol kəsə olsa da dağlıqdır, çətinlik törədə bilər,

ikincisi - Bakıdan  Şamaxı düzənliyi  və  Kür  sahili  ilə  Tiflisə  qədər  gedən  düz  yoldur.  Yaxşı olar  ki,  artilleriya  və

hərbi sursat Dərbənd yolu ilə göndərilsin. Erməni keşişi cavabın 8-ci bəndində israr edir ki, ilk növbədə Dərbəndi

alıb onun xanını tutmaq lazımdır, əks təqdirdə İranın içərisinə keçmək xatalıdır, vaxt itirilsə dağlı xalqlar arxadan

rus qoşunlarına qarşı təhlükə yarada bilər. ...Yerli ermənilərdən isə bələdçi kimi istifadə etmək olar (16, sən., № 4,

s.207-212).

Bundan  əlavə,  erməni  intriqaçısı  İ.Arqutinski  Üçkilsə  katalikosu  Qukasa  da  rus-erməni  müqaviləsi

imzalamağı  təklif  etmiş,  Qukas  isə  -  “Potyomkinlərin  heç  biri  ona  rəsmi  məktub  göndərməmiş,  həm  də  o  bütün

xalqın xəbəri olmadan belə bir müqaviləyə imza ata bilməz - deyə boyun qaçırmışdı” (16, 90).

P.S.Potyomkin Cənubi Qafqaza yürüşü ərəfəsində Üçkilsə katalikosluğunun da dəstəyini qazanmaq üçün

1783-cü  il  fevralın  15-də  Üçkilsə  katalikosu  Qukasa  xüsusi  məktub  göndərdi.  Məktubda  “xristianların  yeganə

havadarı”  olan  II  Yekaterinanın  onu  “Həştərxandan  Qafqaz  dağlarına  qədər  uzanan  ərazidə  yerləşən  rus

qoşunlarının  komandanı”  təyin  etdiyini  və  katalikosun  hər  hansı  bir  xahişini  yerinə  yetirməyə  hazır  olduğunu

bildirdi (4, sən., № 34, s.221). Üçkilsə katalikosu Qukas həmin ilin aprel ayında göndərdiyi cavab məktubunda “din

xadimi  olduğu  üçün  belə  işlərdən  başı  çıxmadığını”  bəhanə  edərək  generala  lazımi  informasiyalar  verməkdən

çəkindi və çox ehtiyatlı bir şəkildə ümumi sözlərlə ruslara sədaqət  və  rəğbətini  bildirməklə  kifayətləndi  (bax:  16,

66). Görünür Üçkilsə katolikosu Qukas erməni  qriqoryan  kilsəsinin  rus  provoslav  kilsəsinin  təsirinə  düşməsindən

çəkinmişdir.  Lakin,  katalikosun  cavab  məktubu  olduğu  kimi  P.S.Potyomkinə  çatdırılmadı.  Erməni  başbiləni

İ.Arqutinskinin göstərişi ilə onun yaxını generalın qulluqçusu olan tərcüməçi Mirzəbəy Vaqanov məktubu rus dilinə

çevirərəkən  katalikosun  ifadələrini  dəyişərək  “bütün  erməni  xalqının  qalibiyyətli  rus  ordusunun  yürüşünü

gözlədiyini” yazmışdı (bax: 16, 66-67). Göründüyü kimi, hətta ifrat dərəcədə millətçi, ciddi tarixi faktlardan uzaq

olan erməni müəllifi belə bu faktı gizlədə bilməmişdi.

1783-cü  ilin  yazında  Peterburqda  Xarici  İşlər  kollegiyasının  iclasının  protokolunda  Rusiyanın  Cənubi

Qafqaz  siyasəti  “Xəzər  dənizinə  yiyələnməli”  və  “gürcü  və  ermənilərlə  ittifaq  yaratmalı”  şəklində  ifadə  olunurdu

(1,  sən.,  №  580,  s.117).  Bu  münasibətlə  kollegiyanın  məxfi  sənədləri  içərisində  saxlanılan  Q.A.Potyomkinin

Bezborodkoya  yazırdığı  məktubda  Cənubi  Qafqazda  siyasi  dəyişikliklərin  həyata  keçirilməsi  haqqında  II

Yekaterinaya məlumat verilirdi (1, sən., №582, s.129-130).

1783-cü ilin mayında knyaz Q. A.Potyomkin general P.S.Potyomkinə belə bir əmr vermişdi: “Rusiyanın

Ermənistan (müəllif İrəvan xanlığının ərazisini bu ad altında təqdim etmişdir - G.N.) və Qarabağdakı tədbirləri ilə

bağlı  erməniləri  həmişə  hazır  saxlamaq  lazımdır  və  Rusiyanın  ali  himayəsi  altında  Asiyada  erməni  və  Qarabağ

ərazilərindən  ibarət  güclü  xristian  dövləti  (“alban  dövləti”  nəzərdə  tutulur  -  G.N.)  yaratmaq  üçün  erməniləri



əzizləmək lazımdır” (5, h.III, 170).

General P.S.Potyomkin iyunun 3-də Üçkilsə katalikosuna öz hərbçisi Markov vasitəsilə yenidən məktub

göndərdi.  Katalikosun  1783-cü  il  28  iyun  tarixli  cavab  məktubundan  məlum  olur  ki,  o  yenə  də  fəal  fəaliyyətdən

çəkinmiş,  rus  generalına  ümumi  sözlərlə  rəğbətini  ifadə  etmiş,  erməniləri  rusların  yürüşünə  yardım  etməyə

çağırmaqdan qəti boyun  qaçırmış və  ermənilərin  müxtəlif  hakimiyyətlər  altında  olması səbəbi  ilə  bunun  təhlükəli

olduğunu da qeyd etmişdi (bax:16, 82). Yenə də, katalikosun məktubu general Potyomkinə göndərilərkən ermənilər

tərəfindən  məktubun  məzmunu  təhrif  olunmuşdur.  Erməni  müəllifi  A.İoannisyan  bu  haqda  etiraf  edir:

“PS.Potyomkinə  təqdim  olunan  məktubda  onun  (katalikos  Qukasın-  G.N.)  “ermənilər  arasında  rusların  xeyrinə

təbliğatdan  açıq- aydın imtina  etməsi  tərcümə  olunarkən  çıxarılmış”  əvəzində  “katalikos  rusların  bütün  arzularını

yerinə yetirməyə hazırdır” kimi - təqdim olunmuşdur” (16, 82). Bunu biz demirik, erməni tarixçisi özü etiraf edir.

Üzdəniraq  erməni  tarixçiləri  tərəfindən  həmişə  olduğu  kimi,  bir  neçə  erməni  keşişinin  və  varlısının  məqsədləri

“bütün  erməni  xalqının  milli-azadlıq  mübarizəsi”  kimi  qələmə  verilir,  Rusiyaya  yarınmaq  məqsədi  ilə  “bütün

erməni xalqının Rusiyanın himayəsi altında birləşmək istəyindən” ağızdolusu danışılır, belə təhrif olunmuş faktlara

isə toxunulmur.

Rusiya  imperiyası  Cənubi  Qafqazı işğal  etmək,  xüsusilə  də  Azərbaycan  xanlıqlarını  ələ  keçirmək  və

Osmanlı dövlətinin burada nüfuzunun güclənməsinə yol verməmək üçün xristian dini amilindən, ilk növbədə gürcü

çarlarından istifadə etmək siyasəti yeridirdi.

Elə buna görə də gürcü çarı 1783-cü il iyulun 24-də (avqustun 4-də) Georgiyevsk şəhərində Rusiyanın

himayəsinə keçmək haqqında saziş imzaladı (17, 168-171).

Georgiyevsk  müqaviləsinin  bağlanmasından  sonra  Rusiya  tərəfindən  gizli  şəkildə  planlaşdırılan

Azərbaycan  torpaqlarında,  o  cümlədən  İrəvan  xanlığı  ərazisində  erməni  dövləti  yaradılması  siyasətinin  həyata

keçirilməsi üçün real addımlar atılmağa başlandı.

1783-cü il in noyabrında Çıldır valisi Süleyman paşa tərəfindən hazırlanmış bir sənəddə qeyd olunur ki,

İrəvan xanı Hüseynəli xanın vəfatından sonra (1783- cü il, 9 noyabr - red.) II İrakli Rusiya hərbçilərinin köməyi ilə

İrəvan qalasını ələ keçirmək niyyətindədir (11, 54-55).

Osmanlı  dövlətinin  Azərbaycan  xanları,  o  cümlədən  İrəvan  xanı  ilə  yaxınlaşması  nəticəsində  özünün

Cənubi  Qafqaz  siyasətinin  iflasa  uğrayacağından  ehtiyat  edən  çar  Rusiyası 1983-cü  ilin  sonlarında  bölgədə  hərbi

qüvvələrinin  sayını  artırmağa  başladı.  Tiflis  və  Kaxetiyə  yeni  hərbi  qüvvələr  göndərdi.  Burada  yerləşən  hərbi

hissələrə Rusiyadan çoxlu top və digər hərbi sursat gətirildi və daha 35 min  əsgərin  göndəriləcəyi  planlaşdırılırdı

(11, s.55).

1783-cü ilin payızında P.S.Potyomkin Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə hərbi yürüşlə

bağlı iki  plan  tərtib  etmişdi.  Hər  iki  plana  görə  rus  qoşunları yürüşə  iki  istiqamətdən  -  Dərbənd  və  Xəzər  dənizi

sahilləri ilə Ənzəliyə kimi, digəri isə Qafqaz dağları vasitəsi ilə Gürcüstana, oradan isə Qarabağa və Qaradağa, eyni

zamanda İrəvanın zəbt edilməsi ilə başa çatmalı idi (16,91).

Rusiya  hakim  dairələri  İrəvan  xanlığı  ərazisində  yaşayan  azsaylı  ermənilərlə  əlaqə  yaradılmasını  da

diqqətdən kənara qoymurdu. Xanlığın ərazisində yaşayan ermənilərlə əlaqə yaratmaq Rusiyanın agenti olan erməni

kilsə nümayəndəsi Stepan Ter-Saakyana həvalə olunmuşdu. O, 1783-cü ilin dekabr ayında general P.S.Potyomkinə

göndərdiyi məktubunda İrəvan xanı Hüseynəli  xanın vəfatı ilə əlaqədar əlverişli vəziyyətin  yarandığını, Qarabağa

yolların bağlı olduğundan məliklərlə əlaqə yarada bilmədiyini,  lakin  məliklərin  Gəncə  ətrafına  5  min  (?)  döyüşçü

çıxararaq  rus  qoşunlarmı  qarşılaya  biləcəklərini  vurğulayırdı (16,  114-115).  Görünür,  rus  qoşunlarının  yürüşünü

tezləşdirmək  niyyəti  güdən  erməni  agenti  rus  hərbiçilərini  bu  yürüşə  şirnikləndirmək  üçün  ermənilərə  xas  olan

yalanlardan - şişirdilmiş, dəyişdirilmiş faktlardan istifadə edirdi.

Yekaterina hökuməti P.S.Potyomkinin vasitəçiliyi ilə “ermənilərdən ümumxalq nümayəndəliyi adından

kömək və himayə xahişinin göndərilməsini gözləyirdi” (17, 160).

Məhz  bu  səbəbdən  bu  cür  məktubların  göndərilməsi  Rusiya  hakim  dairələri  üçün  əlverişli  idi.  Çünki,

ehtiyatla hərəkət edən Rusiya diplomatiyası öz işğalçı niyyətini ermənilərin xahişi ilə pərdələmək istəyirdi.

Rusiya  hakim  dairələrini  Cənubi  Qafqazda  ehtiyatlı siyasət  yürütməyə  vadar  edən  digər  məsələlər  də

vardı.  Bunlardan  ən  başlıcası  Azərbaycan  xanlarının  birləşib  Osmanlı  dövləti  ilə  əlaqələr  yaratmasından

ehtiyatlanması, digəri isə İranda siyasi vəziyyətin dəyişməsi idi. Artıq, 1784-cü ilin əvvəllərində İranda hakimiyyət

uğrunda mübarizə aparan Əlimurad xan İsfahanı alıb İranın Mərkəzi və Cənub vilayətlərində hakimiyyətini bərqərar

etmişdi.  Əlimurad  xan  öz  elçisini  Rusiyaya  göndərərək  əlverişli  ticarət  və  siyasi  müqavilələr  bağlamaq  yolu  ilə

özünün  Rusiya  sarayı  tərəfindən  şah  kimi  tanınmasına  can  atırdı.  Bunun  müqabilində  əvvəllər  Rusiyanın

hakimiyyəti altında olmuş əraziləri (I Pyotr dövründə rus qoşunları tərəfindən ələ keçirilmiş  Xəzərsahili vilayətlər



nəzərdə tutulur- G.N.), habelə Qaradağ, Naxçıvan və İrəvan bölgələrini Rusiyanın xeyrinə güzəştə getməyə razılıq

verirdi (8, siy.2/203, sən.32, s.127-129, 132arx; h-II, s.148).

Göründüyü kimi, özgə torpaqlarını bölməyi planlaşdıran Əlimurad xanın təklifi dərhal Q.A.Potyomkinin

marağına  səbəb  oldu.  O,  II  Yekaterinaya  təqdim  etdiyi  məruzəsində  bu  barədə  xəbər  verərək  yazırdı ki,  Mərkəzi

İranı ələ keçirən Əlimurad xan Rusiya ilə ittifaq yaratmaq arzusundadır. Bundan istifadə edərək, “onu şahlıq taxtı

ilə  həvəsləndirib  “İran  Ermənistanı”nı könüllü  alıb,  onun  əsasında  “Albaniya  quberniyası”  təşkil  etmək  olar”  (8,

siy.2, sən.37, s.63-64). Bu münasibətlə 1784-cü il mayın 31-də kansler Bezborodko Q.A.Potyomkinin xüsusi işlər

üzrə məmuru P.V.Bakuninə yazırdı:

“İndi  İran  işləri  özünün  ən  münasib  həllinə  yaxınlaşır.  Müstəqil  erməni  vilayətinin  birini  II  İrakli

çarlığının sərhəddi yaxınlığında, digərini isə Xəzər dənizi sahillərində İranla sərhəddə yaratmaq lazımdır” (16, 126).

General P.Potyomkinin hələ 1784-cü il 2 mart tarixli gizli təqdimatına  əsasən polkovnik S.Burnaşev II

İrakli  ilə  İrəvan  xanlığının  ələ  keçirilməsi  məsələsini  müzakirə  etmişdi.  Lakin,  İrakli  İrəvan  xanlığının  alınması

üçün  lazımi  ordunun  olmadığını  bildirmişdi  (21,  87).  Bu  bir  daha  İrəvan  qalasının  alınmazlığını,  xanlığın

hərbi-strateji mövqeyinin güclü olduğunu sübut edir.

1784-cü ilin yayında İrəvan xanı Qulaməli xana sui-qəsd təşkil olunur və xan qətlə yetirilir. Hakimiyyətə

xanın  12  yaşlı  oğlu  Məhəmməd  xan  Qacar  gəlir  (bax:  10,  265).  Qafqazdakı  Rusiya  canişini  Mixail  Markov

polkovnik S.Burnaşevə göndərdiyi məktubunda İrəvanda baş  verən hadisələrlə bağlı yazırdı: “...yaranmış əlverişli

şəraitdən istifadə edərək,  çar  (II İrakli  - red.)  nəyi  isə  bəhanə  gətirərək oranı (İrəvan  xanlığını - red.)  ordu  ilə  ələ

keçirməlidir” (11, 56).

İrəvan  xanlığına  bir-  başa  müdaxilə  edə  bilməyəcəyini  anlayan  Rusiya  imperiyası  Əlimurad  xanla

sövdələşməyə  üstünlük  verdi.  Əiimurad  xanla  danışıqlar  aparmaq  üçün  Rusiyanın  səlahiyyətli  nümayəndəsi

polkovnik V.S.Tamaranı İsfahana göndərmək qərara alındı.

II Yekaterinanın göstərişi ilə Q.A. Potyomkinin ona vermiş olduğu 11 sentyabr 1784-cü il tarixli xüsusi

təlimatda:  “Əlimurad  xanın  arzusundan  istifadə  edərək  onunla  ittifaq  bağlamaq  Rusiya  üçün  çox  vacib  və

əlverişlidir”-  yazılmışdır.  Rusiya  elçisi  Əlimurad  xanın  şah  elan  olunması  məsələsinə  toxunmalı,  bu  zaman  ona

dövlətin  yalnız farslardan  təşkil olunmasının zərurətini  anlatmalı idi.  Elçi  yalnız “Ermənistan  və  digər  vilayətlər”

haqqında danışmalı, Gürcüstan barədə isə danışmaq lazım deyildi, çünki bu məsələ artıq həll olunmuşdur. Bundan

əlavə qeyd olunurdu ki, “əgər ermənilər onunla (İran dövləti nəzərdə tutulur- G.N.) Osmanlı arasında sərhəd rolunu

oynayarsa onun təhlükəsizliyi təmin olunacaq” (17, 190-191; 16, 126-127).

Rəsmi  orderlə  yanaşı  polkovnik  V.S.Tamaraya  1784-cü  il  30  sentyabr  tarixli  iki  təlimat  verilmişdi.

Bezborodko  tərəfindən  tərtib  olunan  təlimatın  birincisində  “İrandan  asılı  olmayan  müstəqil  erməni  dövləti

yaradılması”  və  “Türkiyə  əleyhinə  İranla  ittifaq  yaradılması”  (8,  siy.1/194,  sən.  №  25,  s.9-12;  16,  sən.  M60,

s.282-283)  məsələsinə  xüsusi  fikir  verilirdi.  7  bənddən  ibarət  olan  ikinci  təlimatın  4-cü,  5-ci  və  7-ci  bəndinə

müvafiq  olaraq  deyilirdi:  “erməni  dövlətinin  müstəqilliyi  və  sərhədləri  bərpa  olunmalı”,  “alban  çarlığı  və  yaxud

vilayətini təşkil edəcək torpaqlar haqqında aydın qərar qəbul olunmalıdır”

(8,  siy.1/194,  sən.  №  331,  h.4.  s.  40).  Azərbaycan  torpaqları hesabına  “erməni  çarlığı”nın  yaradılması

həmçinin  İranın  öz  marağına  uyğun  idi,  çünki  o,  Türkiyə  ilə  özünün  sərhəddində  bufer  dövlətin  yaradılmasını

istəyirdi (17, 190).

Nəhayət,  1787-ci  il  avqustun  12-də  Tiflisdəki  rus  ordusunun  komandanı  Stepan  Burnaşovun  və  II

İraklinin birlikdə başçılıq etdiyi 2-3 minlik süvari qoşunu Tiflisdən çıxaraq Gəncəyə doğru hərəkətə başladı.

Dörd gündən sonra onlar Akstafa çayının yanında İraklinin oğlu şahzadə Yulonun rəhbərlik etdiyi ikinci

gürcü batalyonu ilə birləşdilər. 17-18 avqustda 2 minə qədər yeni gürcü dəstələri də gəlib çıxdı.  Qarabağın satqın

xristian məlikləri də onlara qoşuldu. Lakin, yeni Rusiya-Osmanlı savaşı (1787-1791) başladığı üçün rus qoşunları

Qafqaz  xəttinə  geri  çağrıldı və  Azərbaycan  ərazisini  tərk  etməyə  məcbur  olmuşdu  (bax:  18,  190-191).  1796-cı il

V.Zubovun  Azərbaycan  ərazisinə  yürüşü  də  II  Yekaterinanın  ölümü  ilə  yarımçıq  qaldı.  Beləliklə  XVIII  əsrin  II

yarısında  Rusiya  imperiyasının  erməni  xadimlərinin  köməyi  ilə  Xəzərsahili  vilayətləri  ələ  keçirmək,  Qarabağ,

Qaradağ, İrəvan xanlığı və digər Azərbaycan əraziləri hesabına “erməni dövləti” və “alban çarlığı”  yaratmaq planı

baş tutmadı.

Lakin,  XIX  əsrin  əvvəllərində  Cənubi  Qafqazın  tarixində  qanlı  faciələr  dövrü  başlandı.  Regionu  ələ

keçirməyə  çalışan  Rusiya  imperiyası  Azərbaycan  xanlıqlarına  qarşı  müharibələrə  başladı.  Osmanlı  dövləti  və

Qacarlar  İranı ilə  sərhəddə  yerləşən  İrəvan  xanlığının  ələ  keçirilməsi  Rusiya  imperiyasının  işğalçılıq  planlarının

mühüm tərkib hissəsi idi. 1804-1813- cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən Birinci Rusiya-İran

müharibəsi  zamanı İrəvan  xanlığı  iki  dəfə  (2  iyul-3  sentyabr  1804-cü  il;  3  oktyabr-30  noyabr  1808-ci  il)  Rusiya



qoşunlarının  güclü  hücumlarına  məruz  qaldı.  Lakin  İrəvan  xanlığı  Rusiyaya  təslim  olmadı  və  öz  müstəqilliyini

qoruyub saxlaya bildi (bax: 10, 298- 312).

İrəvan  xanlığını  işğal  etmək  niyyətindən  əl  çəkməyən  I  Nikolay  İrəvan  və  Sərdarabad  qalalarını  ələ

keçirməyin hərbi-strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya imperatoru

1826-cı il oktyabrın 21-də Yermolova yazırdı: “Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq

yolu  ilə,  ya  da  onunla  gizli  münasibətlər  qurmaqla  ələ  keçirmək  mümkündürsə,  bu  imkanı əldən  verməyin”  (20,

122).

İkinci Rusiya - İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığının işğalına xüsusi diqqət verən çar I



Nikolay  (1825-1855)  Yermolova  göndərdiyi  1826-cı il  1  avqust  tarixli  fərmanında  işğalçı generala  xüsusi  olaraq

tapşırırdı:  Təcili  olaraq  İrəvan  Sərdarı  üzərinə  yürüş  edin.  Tezliklə  sizdən  belə  cavab  gözləyirəm:  “Allahın

köməkliyi  ilə  Sərdar  daha  yoxdur  və  İrəvan  vilayəti  tamamilə  tutulub”.  Siz  və  15  min  nəfərlik  rus  ordusu  qələbə

qazanmaq üçün kifayətdir (6, 214).

İrəvan xanlığının işğalına xüsusi önəm verən Rusiya imperiyası yeni tədbirlərə əl atdı. 1827-ci il mayın

11-də knyaz-adyutant Paskeviç Tiflis hərbi qubernatoru gen.-adyutant Sipyaginə erməni batalyonu  yaratmaq  üçün

12  bənddən  ibarət  təklif  verdi.  Təklifin  ilk  bəndində  qeyd  olunur:  “...yaşı  18-30  arası  olan  könüllü  erməniləri

toplayıb mümkün olduğu qədər  tez  yürüşə  göndərməli  ki,  onlar  qoşunu İrəvana  qədər  qova  bilsinlər”  (9,  sən.  -№

4336,  s.1-5).  Paskeviçin  bu  tapşırığına  əsasən  mayın  15-də  “könüllü  ermənilərdən  117  nəfərlik  1-ci  dəstə”

yaradılıraq silahlandırmış və “Tiflisdən Üçmüədzinə doğru yürüşə çıxan qoşunla birləşməyə göndərmişdir” (9, sən.

№ 24336, s.6).

Baron Dibiçin general Paskeviçə yazdığı 2 iyun 1827-ci il tarixli cavab məktubunda erməni dəstələrinin

yaradılması haqqinda  imperatora  (I  Nikolay  (1725-1755)-  red.)  məlumat  verdiyini  və  imperatorun  bu  tədbirlərin

“indiki zaman üçün vacib olduğunu və daimi erməni dəstələrinin yaradılması üçün xüsusi sərancamının” olacağını

bildirdiyini qeyd edirdi (9, sən. №24336, s.7).

1817-ci il iyunun 17- də Tiflisdə 100 nəfərdən ibarət 2-ci erməni dəstəsi yaradılaraq, silahlandırılmış və

hər cür ləvazimatla təhciz edilmiş, Xerson qrenadyor alayının podporuçiki Akimovun komandası altında Tiflisdən

İrəvan ətrafında hərəkətdə olan qoşunlarla birləşmək üçün yola salınmışdır (9, sən. № 24336, s.9-10).

Artıq həmin il avqustun 21-də Tiflisdə 67 nəfərdən ibarət 3-cü erməni dəstəsi yaradıldı və ehtiyatda olan

kapitan Beburovun rəhbərliyi ilə lazımi ləvazimatlarla təhciz edilərək gen.-leytenant Krassovskinin dəstəsi ilə eyni

marşrut üzrə İrəvan xanlığı üzərinə yürüşə başladı (9, sən. № 4336, s.14).

Cənubi  Qafqazın  fəthinin  başa  çatdırılması  üçün  İrəvan  xanlığının  işğalını  qarşısına  məqsəd  qoyan

Rusiya imperiyasının 1827-ci ilin aprel-iyun aylarında ardıcıl olaraq gördüyü bu tədbirlər məhz İrəvan qalasının 57

gün (27 aprel-23 iyun) davam edən qəhrəman müdafiəsi işğalçı ordu tərəfindən mühasirəsi - dövrünə təsadüf edir.

3-cü erməni dəstəsinin yaradılması isə məhz Sərdarabad və İrəvan qalasının sonuncu qəhrəman müdafiəsi dövrünə

təsadüf  edir.  Bildiyimiz  kimi  İrəvan  qalası  dörd  dəfə,  Sərdarabad  qalası  isə  iki  dəfə  qəhrəmancasına  müdafiə

olunmuşdur (bax: 334-345).

Azərbaycan  vətənpərvərlərinə  başçılıq edən  İrəvan  sərdarı Hüseynqulu  xan  Qacar  və  qardaşı, Aslanlar

başı  titulunu  daşıyan  Həsən  xan  Qacar  1827-ci  ildə  Rusiya  işğalçılarına  qarşı  İrəvanı  (27  aprel  -  23  iyun;  24

sentyabr  -  1  oktyabr),  və  Sərdarabad  qalasını (16  -  17  aprel;  14-20  sentyabr)  dörd  dəfə  qəhrəmancasına  müdafiə

etdi.  Lakin  xəyanət  öz  işini  gördü.  Ermənilər  İrəvan  qalasını mühasirədə  saxlayan  Paskeviçlə  əlaqəyə  girdilər  və

azərbaycanlıların qalanın hansı hissəsində yerləşdikləri, top atəşlərini hara istiqamətləndirmək lazım olduğu barədə

işğalçılara məlumat verdilər (13, 85- 86). Lakin, işğalçı ordu böyük çətinliklə, erməni xəyanətindən istifadə edərək

oktyabrın 1-də İrəvan qalasını ələ keçirə bildi (bax: 10, 348-350).

Rusiya  müstəmləkəçiləri  İrana  və  Türkiyəyə  qalib  gəldikdən  sonra,  Türkmənçay  (1828)  və  Ədirnə

(1829)  müqavilələrinə  əsasən,  Cənubi  Qafqazda  Qacarlar  İranı və  Osmanlı  imperiyasına  qarşı  gələcək  işğalçılıq

planlarını  həyata  keçirmək  üçün  xristian  istinadgah  məntəqəsi  yaratmaq  məqsədilə  həmin  dövlətlərin  ərazisində

yaşayan  erməniləri  kütləvi  surətdə  İrəvan,  Naxçıvan,  Qarabağ  xanlıqlarının  ərazisinə  köçürdü  (2,  sən.  №  5  s.10-

11).  İrəvan  və  Naxçıvan  xanlıqlarını  işğal  etmiş  general  Paskeviç  İrandan  köçürülən  ermənilərin

istiqamətləndirilməsi  barədə  konkret  göstəriş  də  vermişdi: “köçürülən  erməniləri  İrəvan  və  Naxçıvan  əyalətlərinə

istiqamətləndirmək  lazımdır  ki,  həmin  ərazilərdə  xristian  əhalinin  sayı  mümkün  qədər  artırılsın”  (bax:  13,  129-

130).


Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı

ərazisində  demoqrafik  vəziyyəti  birdən-birə  dəyişdirə  bilmədi.  İrəvan  xanlığının  işğalını  həyata  keçirmiş  rus

generalı  Paskeviç,  hətta  ermənilərin  köçürülüb  gətirilməsindən  sonra  belə,  İrəvan  bölgəsi  əhalisinin  dörddə  üç



hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi (3, sən. № 438, s.888-491).

Rusiya  müstəmləkəçiləri,  çox  çəkmədən,  Azərbaycan  xalqının  tarixi  dövlətçilik  ənənələrini  və

müstəqillik şüurunu məhv etmək üçün inzibati-ərazi islahatları keçirməyə başladı. 1828-ci il martın 21-də imperator

I Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində İran və

Türkiyədən  köçürülməkdə  olan  ermənilər  üçün  qondarma  “Erməni  vilayəti”  yaradıldı  (7,  272-273;  3,  sən.  ,  №

437.s.487). Bununla Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha doğrusu, İrəvan və Naxçıvan xanlıqlarının

ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atıldı.

QEYDLƏR:

1. АВПРИ  (Архив  Внешней  Политики  Российской  Империи),  ф.5.  КИД  (Секретные  мнения

коллегии иностранных дел 1783-1787), он. 5/1.

2. АВПРИ, ф.343. Армянская дела, (1780- 1915 гг.) оп.461.

3. АКАК, т.VII. Тифлис, 1878.

4. Армяно-русские отношения  в  XVIII  веке.  1760-1800  гг.  (Сб.  документов).  T.IV,  ч.П.  Ереван,

1990.

5. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1802 г. СПб., 1869, 4.I-III.



6. Записки Алексея Петровича Ермолова (1816-1827), ч.П, Москва, 1868.

7. ПСЗРИ (Полное собрание законов Российской империи), Собр. второе, т.Ш. 1828, СПб., 1830.

8. РГВИА (Российский Государственный Военно- Исторический Архив), ф. 52.

9. РГВИА, ф. 846. оп.416.

10. İrəvan  xanlığı.  Rusiya  işğalı  və  ermənilərin  Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsi.  Bakı,

2009.


11. Nəcəfli G. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II yarısı). Bakı,

2002.


12. Nəcəfli G. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. Bakı, 2007.

13. Ениколопов И. Грибоедов и Восток, Ереван, 1954.

14. Жигарев С. Русская политика в восточном вопросе, т.1. Москва, 1896.

15. История армянского народа, (под.ред. М.Г.Нерсисян). Ереван, 1980.

16. Иоаннисян А.Р. Россия и армянское освободительное движение в 80-х г. XVIII века.

Ереван, 1947.

17. Маркова О.П. Россия, Закавказье и международные отношения в XVIII в. Москва, 1966.

18. Наджафли Г. Азербайджан в XVIII-XIX веках. Бишкек, 2010.

19. Нерсесян М. Из истории армяно-русских отношений, кн.1. Ереван, 1956.

20. Шербатов  М.  Генерал-фельдмаршал  князь  Паскевич.  Его  жизнь  и  деятельность,  т.П,  СПб.,

1890.

21. Григорян В.Р. Ереванское ханство в конце XVIII столетия (1780-1800). Ереван, 1958.



Açar sözlər: İrəvan xanlığı, I Pyotr, II Yekaterina, erməni-rus layihələri.

Ключевые слова: Иреванское ханство, Петром I, Екатерина II, армяно-русских проекти.

Keywords: Iravan khanate, Peter I, Catherine II, Armenian-Russian projects.

Güntekin Najafli

The Russian Empire’s policy for creating an Armenian state on the territory of the Iravan khanate



SUMMARY

Starting from the time of Peter I (1682-1 725) tsarist Russia had begun to pursue the cleansing policy of

South  Caucasus  from  the  most  ancient  indigenous  population  of  this  region  -  Azerbaijani  Turks,  to  move

Armenians leaving in different areas to this land, to create a puppet Armenian state that would become the “reliable

bulwark of Christianity” in North Azerbaijani lands in order to invade the Ottoman Empire and the Qajar Iran in the

future. Starting from the second half of the XYIII century - in the period of reigning of Catherine II (1762-1796)

this policy had become more active.

In the article basing on the primary sources is elucidated the nasty policy pursued by the Russian Empire

in order to create a “Christian state” on the territory of one of the Azerbaijani states located on the border of the



Ottoman Empire -the Iravan khanate. Taking advantage of this policy wealthy Armenians and clergymen introduced

a variety of projects to the ruling circles of Russia. Projects proposed to seize the Iravan khanate, plans to create an

Armenian state in the South Caucasus at the expense of historical lands of Azerbaijan and a wide range of issues

has been illuminated in the article.



Гюнтекин Наджафли

Политика Российской империи по созданию  армянского  государствана  территории  Иреванского

ханства

РЕЗЮМЕ

Начиная  с  периода  правления  Петра  I  (1682-1725),царская  Россия  осуществляла  политику,

направленную  на  «очищение»  Южного  Кавказа  от  древнейшего  населения  региона  -  азербайджанских

тюрков, и переселения  на  его  земли  из  других  стран  армян, создания  на  землях  Северного  Азербайджана

марионеточного  армянского  государства  как  «надежного  христианского  буфера»  для  ведения  будущих

завоевательных  войн  против  Османской  империи  и  Гаджарского  Ирана.  Эта  политика  еще  более

активизировалась со второй половины XVIII века-с периода правления Екатерины II (1762-1796).

В статье на основе первоисточников освещается коварная политика Российской империи в целях

создания «христианского государства» на территории одного из азербайджанских государств - Иреванского

ханства,  которое  граничило  с  Османской  империей.  Пользуясь  этой  политикой,  армянские  религиозные

деятели, состоятельные армянеразрабатывали и представляли правящим кругам России различные проекты.

В статье подробно рассматриваются проекты, составленные в целях завоевания Иреванского ханства, планы



создания на Южном Кавказе, за счет исторических земель Азербайджана, армянского государства и другие

вопросы.

Yüklə 221,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə