“Geostrategiya”.-2014.-№ 03 (21).-S.8-14.
GEOSİYASƏT VƏ İDARƏETMƏ: YENİ BAXIŞ ZƏRURƏTİ
ƏBÜLHƏSƏN ABBASOV,
Fəlsəfə üzrə elmlər doktoru, professor
Bəşəriyyət uzunmüddətli dərin böhrandadır. Bunun nüvəsini qlobal kapitalizmin və onun əsas ideoloji
dayağı olan liberalizmin (modifikasiyalarından asılı olmayaraq!) böhranı təşkil edir. Dünyanı fəlakət astanasında
saxlayan bu böhran günbəgün artan xaos, destruksiya, deqradasiya əlamətləri ilə müşayiət olunur. Durmadan davam
edən iqtisadi, sosial-siyasi, mənəvi sarsıntılar, dünya miqyasında sosial təbəqələşmənin və inhisarçılığın
dərinləşməsi, xalqların rifah halında, maddi durumunda kəskin fərqlərin bütün hədləri keçməsi, sərvətlərin
ədalətsizcəsinə bölüşdürülməsi və insafsızcasına talan edilməsi, heç bir hüquqa, əxlaqa sığışmayan qeyri-bərabərlik,
istismar, insana və insanlığa qarşı aparılan səlib yürüşləri, mənəvi-ruhi aləmə edilən məqsədyönlü qəsdlər və faktiki
olaraq, İnsanın, onun Ruhunun çökdürülməsi, tənəzzülə və çürüməyə məruz qoyulması, etnomilli-dini
rəngarəngliklərdən, xalqların çoxçeşidliyindən məkri, qeyri-insani məqsədlər üçün sui-istifadə, siyasi-hüquqi
institutların, media şəbəkələrinin, QHT-lərin, hətta elm və incəsənətin qlobal güc mərkəzlərinin, hegemon
superelita deyilən nəsnənin xidmətçisinə çevrilməsi, idarəetmə sistemlərinin yalnız və yalnız onların maraqlarının
təmin olunması müstəvilərində qurulması, eyni zamanda, həmin bu vektor üzrə formalaşdırılan idarəetmə
fəlsəfəsinin dünya ölkələrinə, о cümlədən, postsovet “respublika”larına transfer edilməsi və bu qlobal hiylə
vasitəsilə milli dövlətləri, onların rəsmi şəxslərini, siyasi elitasını ikili basqı altında saxlaması (yəni, bir tərəfdən,
əzilən, hüquqları total surətdə pozulan xalqın - vətəndaşların artan narazılığı və nifrətindən yaranan üsyan-inqilab
qorxusu, digər tərəfdən, “başbilən”, “ürəkləri- qəlbləri insan haqlarına görə od tutub yanan” beynəlxalq
təşkilatların, onların arxasında dayanan hegemon qüvvələrin, ABŞ-ın Dövlət Departamenti, Senatı və Konqresi,
Avropa İttifaqının Parlamenti və Komissiyası kimi qurumların, Avropa Şurasının, ATƏT-in hədə və təhdidləri) -
bütün bu bədnam əlamətlər zülmləri ərşə qalxmış qlobal böhranın, bəşəri burulğanın əlamətləri olmaqla yanaşı,
maliyyə - sələmçi kapitalizmin və onun yüzilliklər boyunca gəlir- mənfəət-istismar naminə toxuduğu, biçib-tikdiyi
ideoloji konseptin mənfur məhsuludur. Oliqarxik qlobal kapitalizm bu gün о dərəcədə haqqa və ədalətə qarşı
köklənib ki, hətta “hüquqi dövlət” deyilən konsepsiya nə Con Lokkun, nə də Şarl Monteskyenin doğma
vətənlərində artıq əməlli-başlı işləmir.
Ukrayna ilə bağlı proseslərin daha da mürəkkəbləşməsi, hətta bəzi analitiklərin fikrincə (3, s7), III Dünya
müharibəsinin başlaması ehtimalının vurğulanması indiki vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bəli, qlobal
fəlakətə aparan böhrandan çıxış yolu - dünyanın yenidən formatlaşmasındadır və bu proses, deyərdim ki, artıq
başlayıb. Aydındır ki, hər bir proses enerji-yanacaq tələb etdiyi kimi, yenidən formatlaşma da “yem”, alovlanan
sobaya atmaq üçün qurbanlar tələb edir. Qurbanlar isə, belə qlobal prosesdə, - xalqlar, cəmiyyətlər, dövlətlər və
onların maddi-mənəvi sərvətləri olur. Əlbəttə ki, hər bir xalq və dövlət yox, yalnız onlar ki, korrupsiya, sosial
ədalətsizlik və qeyri-bərəbərlik, yalan-böhtan burulğanında onsuz da can verməkdədirlər və üstəlik də,
“demokratiya beşikləri”nin fitnə-fəsadına uyaraq daxildən bir-birini didib-tökməkdə, qırıb-çatmaqdadılar. Son
illərin “narıncı inqilab”ları, “qızılgül çevrilişləri”, nəhayət Liviyanı, Misiri, Suriyanı viranə qoymuş “ərəb baharı”
deyilənlərin sübutu deyilmi!? Bununla belə, hegemon mərkəzlərin dünya xalqlarına qarşı yönəlmiş fəndgirliyini,
onların məkrli “geosiyasi təfəkkür”ünün mahiyyətini dövlət və millət səviyyəsində anlamayanlar növbəti qurbanlara
çevrilməkdədir yenidən parçalanmış, mitili atılmış Ukrayna kimi! Bədbəxt ölkə! Bir tərəfdən, başda V. Yanukoviç
olmaqla oliqarxiyanın milli sərvətləri uzun müddət talaması, insanları haqsızlıq qazanında bişirməsi, vətəndaşları
korrupsiya maşınının ağzına verməsi, digər tərəfdən, xalqın artan narazılığından bəhrələnən və ABŞ-Avropa
öndərlərinin “pas”ından, “top ötürməsi”ndən cuşa gələn demokratların (zara gəlmiş oliqarxiya nümayəndələri ilə
birgə!) “qızıl onluğa” vurmaq həvəsi, eyni zamanda, faktiki olaraq oliqarxik kapitalizmin dəyirmanına su tökən
“hiylə dağarcığı” Putinin həm Ukraynaya, eləcə də Rusiyanın özünə qənim kəsilmiş siyasəti. Bütün bunlar
Ukraynanı Zbiqnev Bjezinskinin çoxdan planlaşdırdığı bataqlığa sürüklədi. Ukrayna, etiraf edək, “demokratiya”,
“insan haqları”, “liberal dəyərlər”, “avropalaşma” tipli hədəflər uğrunda uzunmüddətli və ağılsız daxili savaşa
girişməklə, ehtiyatı əldən verməklə müasir imperializmin geosiyasətinin ağır “dəyirman daş”ının altında
çabalamaqdadır. Söz yox, Putin Rusiyası da bu tələdən böyük itkilər vermədən çıxası deyil. İddiasına uyğun
iqtisadi-intellektual-mənəvi- hərbi-demoqrafik-ideoloji gücü-qüdrəti olmayan, idarəetmə fəlsəfəsində, nəzəriyyə və
praktikasında hətta son onilliklərdə ortaya bir müsbət nümunə, bəşəri sayılacaq dəyər-sərvət qoymayan, ancaq və
ancaq əlində olan təbii sərvətlər (qaz, neft və s) vasitəsilə və işğalçı tarixi ənənəsi ilə yaxın və uzaq qonşuları təhdid
edən, onlara qarşı hər cür yaramaz üsullardan istifadə edən, əvvəlindən, yəni, 90-cı illərdən üzü bəri, oliqarxik
kapitalizmin ən səmərəsiz, israfçı, korrupsiya içində batan həlqəsi olan Rusiya dünyanın yenidən formatlanmasında
geopolitik ocağa atılacaq ən böyükhəcmli resurs ola bilər. О Rusiya ki, siyasi məfkurəsi, ədəb-ərkanı, mədəniyyəti,
etibarı dünyanın bir nömrəli təlxəyi, fəndgiri olan Jirinovskinin məzmun-mahiyyət tutumuna sığışır. О Rusiya ki,
şovinizm, pafoslu vətənpərvərlik hay-həşirində alışıb-yansa da, xəyalında tutduğu Yeni İmperiyanm bel sütunu
olmalı etnos - “rus” - hər bir cəhətdən can verməkdədir. Yazıq rusun özü ki, addımbaşı etiraf edir: bu alkaşlıq, bu
pozğunluq və mənəvi korroziya bizim axırımıza çıxıb! Görünür, yenidən formatlaşma proyektini işləyənlər bu amili
də əvvəlcədən düşünüb- planlaşdırıblar.
Belə olduqda, hikkəsindən, Merkel demişkən, “ağlını itirmiş” Rusiya ilə necə davranmalı?- Ağıllı və
məsuliyyətli postsovet siyasətçilərindən olan Nazarbayev və Lukaşenko Putinlə birgə 29 may 2014-cü il tarixində
Avrasiya İqtisadi İttifaqını təsis etdilər. Ona görə yox ki, Putin Rusiyasının gələcəyi barədə nikbin fikirdədirlər,
xeyr, çox ehtimal ki, əsasən bu iki səbəbdən: birincisi, davranışında artıq “qırmızı xətti” keçmiş və günbəgün
itkiləri, yaraları artan, buna görə də daha da azğınlaşan, quduzlaşan “böyük qonşu”dan özünü qorumaq, mənasız
qurbanlar verməmək, eyni zamanda, elə indinin özündə də müəyyən iqtisadi fayda əldə etmək; ikincisi, çox da uzaq
olmayan perspektivdə dəlilər əlində məhv olan ölkənin sərvətlərindən bəhrələnmək, rusun itirdiyinə, о cümlədən,
mümkün olarsa, bəzi ərazilərinə sahib çıxmaq. Ölkələrinin sosial və tarixi zaman baxımından səciyyəvi
xüsusiyyətlərini nəzərə alsaq, onların bu addımmı düzgün milli siyasətin üzvi təzahürü kimi anlamaq və
dəyərləndirmək olar. Fikrimcə, Belarus (xüsusən!) və Qazaxıstan bu gedişlə nəticədə öz gözləntilərinə
yiyələnəcəklər.
Müasir geosiyasi davranışın tələbləri baxımından, əlbəttə, məntiqli olar ki, Azərbaycan bu İqtisadi İttifaqa
münasibətini özü üçün aydınlaşdırsın, qoşulub-qoşulmamaq barədə düşünsün, qoşularsa, konkret nə zaman və milli
maraqlara cavab verən hansı şərtlər daxilində (ilk növbədə, Qarabağ probleminin həllini nəzərə almaqla!) zəruri
addım atmaq fikrindədir. Prezident İlham Əliyevin Azərbaycan dövlətinin dünya birliyində layiqli və özünəməxsus
yer tutması üçün göstərdiyi siyasi iradəni, israrlı və qətiyyətli cəhdlərini, təşəbbüslərini ardıcıl və məmnunluqla
izləyərək düşünürəm ki, respublikamız bu məsələdə də optimal çıxış yolunu müəyyənləşdirərək öz milli maraqlarını
həyata keçirə biləcək.
Mövcud şəraitdə ən vacib vəzifələrdən biri odur ki, geopolitik müstəvidə həyata keçirilən xarici siyasət
daxildən güclü dəstək qazansın, bütövlükdə vətəndaş cəmiyyəti, ayrı-ayrı sosial qrup və təbəqələr, etno-dini-
mədəni-siyasi birliklər tərəfindən müdafiə olunsun.
Bu istiqamətdə də son illərdə xeyli işlər görülmüş və görülməkdədir. Мən əsasən korrupsiya və
rüşvətxorluğa, vəzifədən sui-istifadə hallarına qarşı mübarizəni, idarəetmədə şəffaflığın, operativliyin artırılmasını,
rəhbər kadrlar şəbəkəsində islahatların aparılmasını nəzərdə tuturam ki, son nəticədə sosial ədalətin, qanunçuluğun
təntənəsinə xidmət edir, cəmiyyət - dövlət münasibətlərini optimallaşdırır, xalqla hakimiyyət arasında üzvi birliyi
möhkəmləndirir. Yalnız xarici və daxili siyasətin bir-birini tamamlaması, canlandırıcı sinergizmdə olduqları
şəraitdə ölkəmizin milli maraqları öz təminatı üçün dayanıqlı, etibarlı zəmin qazanmış olar. Bununla belə, hələ ki,
narahatlıq doğuran bəzi problemlər var. Fikrimcə, bu problemlərin kökünü siyasi aktorların və idarəetmə sisteminin
fəaliyyətindəki xroniki xarakter almış ciddi qüsurlar təşkil edir. Konkret olaraq, söhbət istər hakim elitanı, istərsə də
müxalif düşərgəni təmsil edən şəxslər, qruplar tərəfindən özlərinin “təkcə”, “xüsusi” statuslu maraqlarını
ümummilli və dövlət maraqlarından üstün tutmasından gedir. Aydındır ki, idarəetmədə, siyasi fəaliyyətdə təkcə,
xüsusi və ümumi maraqlar uzlaşdırılmırsa, hətta bəzən “tam” hansısa “hissə”yə qurban verilirsə, dövlətə və
cəmiyyətə ciddi ziyan yetirilir.
Yalnız özü və əhatə dairəsində olan şəbəkə (klan) üçün əlləşən-çalışan, yaxud başlıca qayəsi hər cür
vasitələrlə, dövlətin ziyanına olsa belə, özünüqorumadan ibarət olan məmur düşmən qüvvələrin əlində alətə
çevrilmiş müxalifət təmsilçilərindən də betərdir. Onun özü üçün cızdığı “sərfəli yol” naminə, hər şeydən əlavə,
cəmiyyət-dövlət deyilən məkanda hiyləgərliyə, bicliyə, acgözlüyə, vicdansızlığa, hər cür xəyanətkarlığa meydan
açılır. Böyük mütəfəkkir Hegel əbəs yerə demirdi: “Dövlət mənəviyyatlı həyatdır” (5, c. 37,47). Onun bu fikirlərini
də çatdırmaq istərdim: “Dövlət о vaxt güclüdür ki, vətəndaşların xüsusi maraqları onun ümumi məqsədilə birləşir”
(5, s.24); “Dövlət - ruhun öz möhtəşəm varlığında tam reallaşmasıdır” (5, s.17); “Dövlət, azadlığı təmin edir” (5,
s.40); “Dövlətə aid suallar mədəniləşmiş idrakın predmetidir” (s.42); “Dövlət - özünü dərk edən azadlığın ağıllı
həyatıdır” (4, s.300).
Bəşər tarixinin bütün mərhələlərində cəmiyyətlərin idarə olunması məsələsi mühüm bir problem kimi qarşıya
çıxmışdır. İnsanların yaşayışını təşkil etmək, onların fəaliyyətini müəyyən istiqamətə yönəltmək və tənzimləmək
obyektiv zərurət olmuşdur. Bu problem, ölkə və dövlət başçıları ilə yanaşı, daim görkəmli mütəfəkkirləri, elm
xadimlərini düşündürmüş, müxtəlif nəzəriyyə və konsepsiyaların yazılmasına, idarəetmənin üsul və formalarının
axtarılmasına yol açmışdır. Cəmiyyətin ayrı-ayrı strukturlarını, səviyyələrini, ünsürlərini əlaqələndirən
mexanizmlər, meyarlar, qanun və normalar işlənib hazırlanmışdır.
Lakin müxtəlif dövrlərdə idarəetmənin təsir dairəsi və sahəsi eyni olmadığı kimi, idarəetmə metodologiyaları,
üsul və formaları da bir-birindən fərqlənmişdir. Məsələn, cəmiyyətdə natural təsərrüfat iqtisadiyyatı hakim olduğu
dövrdə idarəetmə, demək olar ki, ümumi fəaliyyət sahəsinə çevrilməmişdir. Əslində buna о qədər ehtiyac da
yaranmamışdır və bu dövrdə idarəetmə aparatının özü də sadə və primitiv idi. Yalnız ictimai əmək bölgüsünün
inkişafı gedişində idarəetmə insan fəaliyyətinin digər növlərindən ayrılmış və müstəqil fəaliyyət növünə
çevrilmişdir. Bununla yanaşı, cəmiyyətin mürəkkəb bir sistem kimi təkamülünə müvafiq olaraq, spesifik idarəetmə
nəzəriyyələri, metod və formaları meydana çıxmışdır. İdarəetmə yanaşmalarının, prinsip və üsullarının, vərdiş və
üslublarının formalaşması uzunmüddətli yol keçmiş, tarixi dövrlərin, ictimai-siyasi quruluşların, etnopsixoloji
məxsusluğun və milli-mədəni ənənələrin, iqtisadi sistemlərin səciyyəvi xüsusiyyətlərini özündə ifadə etmiş, elmin
və bütövlükdə ictimai şüurun təsirini üzərində daşımışdır. Öz növbəsində, idarəetmə xüsusiyyətləri sosial-siyasi
quruluşların və iqtisadi sistemlərin, ictimai münasibətlərin və ictimai psixologiyanın, ideoloji, hüquqi, etik
baxışların formalaşıb fəaliyyət göstərməsinə ciddi təsir göstərmişdir.
İdarəetmə xüsusiyyətləri ilə cəmiyyətin digər atributlar sisteminin qarşılıqlı əlaqəsi qlobal sarsıntılar, ictimai
rekonstruksiya və keçid dövrlərində daha böyük əhəmiyyət kəsb edir. Ənənəvi stabilliyini itirmiş və yeni
struktur-funksional səviyyəyə yüksəlmək uğrunda mübarizə aparan cəmiyyət küllü miqdarda mürəkkəb, adətən də
qeyri-ənənəvi problemlərlə üzləşdiyindən daha çox yeni sosial idarəetmə dünyagörüşünə ehtiyac duyur. Yeni
idarəetmə metodologiyasına, müvafiq funksiyaları yerinə yetirən idarəetmə orqanlarına, bu orqanların səmərəli
münasibətinə, zamanın və konkret tarixi şəraitin tələblərinə cavab verən qanun və normativlərin fəaliyyətinə
obyektiv zərurət yaranır.
Bu gün Azərbaycan çox məsuliyyətli tarixi bir inkişaf mərhələsini yaşayır. Cəmiyyətimiz, müasir elmi dildə
desək, yaranmış geopolitik şəraitdə mürəkkəb polibifurkasion vəziyyətə uyğun olaraq ardıcıl seçimlər etməli, çevik
və inadlı addımlar atmalıdır. O, “köhnə stabillik” halları əvəzləməli, dünyanın yenidən formaşlaşması müstəvisində,
qlobal transformasiyalar axarında qarşıya çıxan problemləri həll etməli, rasional zəminlər üzərində yeniləşərək
Yeni Dünyanın layiqli “sakini” olmalıdır. Respublikanın geosiyasi cəhətdən mühüm yer tutması, enerji mənbələrinə
və coğrafi mühitinə görə zənginliyi, etno-milli, dini-mədəni rəngarəngliyi, Ermənistanla uzunmüddətli münaqişə
vəziyyətində olması, ərazilərinin erməni qəsbkarları tərəfindən işğalı aktual problemləri daha da dərinləşdirir və
kəskinləşdirir. Bir sıra obyektiv və subyektiv, daxili və xarici səbəblər üzündən ictimai həyatın müxtəlif sahələrində
bəzi çatışmamazlıqlar özünü göstərməkdədir. İqtisadi durumda, sosial-mədəni sahədə, ictimai şüurda və fərdi
psixologiyada xoşagəlməz təzahürlər hiss olunmaqdadır. Başlıca həqiqət isə ondan ibarətdir ki, ölkə yaşayıb, öz
etibarlı perspektivini təmin etmək üçün mütləq zamanın və tarixi dövrün tələblərinə cavab verən tərzdə
yeniləşməlidir. Layiqli mövcudluq ağıllı yeniləşməsindədir. Bu, dəfələrlə sübut olunmuş bir həqiqətdir.
Lakin yeniləşmənin nədən ibarət olması, onun necə və nə cür aparılması, hansı vasitələrdən və taktiki
gedişlərdən istifadə edilməsi, kimlərlə müttəfiqlik edilməsi məsələsi özlüyündə çox problematikdir.
Problematikliyi, subyektiv amillərlə yanaşı, obyektiv səbəblər də bir daha ciddiləşdirir. Belə ki, hər bir cəmiyyət
qlobal sarsıntılar və keçid dövrlərində öz təkamülündə, obyektiv olaraq, müxtəlif reallaşma kanalları ilə üzləşir.
Necə deyərlər, «imkanlar diaqramması» qarşısında qalır. «Hansı yolu getməliyəm?» sualı üzərində düşünməyə
məcbur olur. Beləliklə, müxtəlif fəallıq və fəaliyyət istiqamətləri, cürbəcür ideya-siyasi, sosial-fəlsəfi
konsepsiyalara meylli cərəyanlar, qruplar, təşkilatlar, şəxslər meydana çıxır. Нər birinin də öz həqiqəti, öz
məramnaməsi!
Fərqli və oxşar cəhətlərindən, bütün ideya-siyasi və ictimai mövqeyindən asılı olmayaraq, hər bir cərəyan,
partiya və birlik siyasi hakimiyyət uğrunda mübarizə aparır (ayrı-ayrı istisnaları nəzərə almasaq), deməli,
cəmiyyətin idarə olunmasına iddia edirlər.
Lakin bu idarəetmənin nədən ibarət olması, onun mahiyyəti, tələb və tələbatları, daşıyıcı ideya və prinsipləri,
müvafiq meyar və qanunları, bir qayda olaraq, əksər iddiaçıların özü üçün də qaranlıq qalır. Belə durumu,
bütövlükdə, bizim cəmiyyətə də şamil etmək olar. Cəmiyyətin idarə olunmasına iddiaçıların çoxluğuna şübhə yeri
qalmadığı halda, müasir idarəetmə dünyagörüşünün və metodologiyasının məzmun- mahiyyəti haqda biliklər yetərli
deyil. Ümumiyyətlə, ictimai şüurda problemlə bağlı az-çox qaneedici təsəvvürlər, anlayışlar öz yerini çox ləng
tutur. Əslində, məsələnin zəruriliyi ictimaiyyətin diqqətinə yetərincə çatdırılmır da, hətta elmi ictimaiyyət
qarşısında, problem lazımi səviyyədə və bütün vacibliyi ilə qoyulmur.
Yeniləşən dünyanın tələblərinə cavab verən və milli səciyyə daşıyan mükəmməl elmi idarəetmə
nəzəriyyəsinə olan ehtiyac, demək olar ki, daimidir. Söhbət elə baxış və təsəvvürlər, ideya və prinsiplər, üsul və
yanaşmalar, hətta leksika və prosedurlar sistemindən gedir ki, özlüyündə məhsuldar və yaradıcı olduğu üçün ictimai
praktikanın tələblərinə və cəmiyyətin mütərəqqi perspektivlərinə cavab versin. Bir həqiqətdir ki, belə gücə- qüdrətə
malik nəzəri sistem yalnız müvafiq (adekvat) epistemologiya vasitəsilə yaradıla bilər. Belə ki, idraki silahın
(qnoseoloji və metodoloji zəminlər, aksioloji məqamlar, təfəkkür üslubu, düşüncə refleksiyası və s) özü yeni,
innovativ, yəni, müasir olmalıdır. Necə deyərlər, köhnə alətlərlə, bütün cəhdlərə baxmayaraq, müasir gəmi yox,
yalnız ağacdan qayıq düzəltmək mümkündür. Fikrimcə, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi
kursun başlıca qayəsi məhz bundan ibarətdir: güclü iqtisadiyyata və intellektə, milli-mədəni və bəşəri dəyərlərə
söykənən məhsuldar idarəetmə vasitəsilə Azərbaycanın bugününü və gələcəyini layiqincə təmin etmək, ölkənin
qabaqcıllar sırasında yerini möhkəmləndirmək, nüfuzunu və sanbalını artırmaq.
Müasir tələblərə cavab verən idarəetmə nəzəriyyəsinin adekvat epistemologiyası, fikrimcə, postneoklassik
epistemologiyadır ki, onun da nüvəsini mürəkkəblik fəlsəfəsi, təfəkkür üslubunu isə tənqidi-sinergetik təfəkkür
təşkil edir (7, s.34-47). Postneoklassik epistemologiya, mürəkkəblik fəlsəfəsi, tənqidi- sinergetik təfəkkür barədə
mən bir çox yazılarında ətraflı məlumat vermişəm. Hörmətli oxucular, məsələn, bu kitablara müraciət edə bilərlər:
“Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə” (1998), “Yeni iqtisadi təfəkkür və keçid dövrü” (2001),
“Демократия: наличная и должная” (2005), “İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə” (2006),
“Философия сложности» (2007), “Общество и государство” (2007), “Müasir fəlsəfə, elm və mədəniyyət:
postneoklassik epistemologiya” (2011), “Milli maraqlar və milli ideologiya” (2012).
Bir-birilə sıx bağlı olan və bu gün əsas tədqiqat obyekti kimi cəmiyyəti, qlobal dünyanı seçən kibernetika,
sistem yanaşma, mürəkkəb sistemlər nəzəriyyəsi, sinergetika, xaos nəzəriyyəsi, xüsusiyyətlər və fəlakətlər
nəzəriyyəsi, yenidənqurmalar nəzəriyyəsi, fluktuasiyalar və bifurkasiyalar nəzəriyyəsi, qeyri-səlis riyaziyyat və
məntiq, təkəmül hesablamalar, ehtimal hesablamalar kimi elm sahələri postneoklassik epistemologiyanın idraki
arsenalını təşkil edirlər. Ümumi bilgilər sistemində mötəbər yer tutaraq, onlar müasir elmin inkişafını təmin edir,
deməli, sosial düşüncənin və ictimai praktikanın tələbatlarını ödəyirlər. Danılmaz bir faktdır ki, bu gün cəmiyyət
mürəkkəb sistem kimi ayrı-ayrı elmlər tərəfindən təhlil olunur, onun təşkilinin və idarə olunmasının mümkün
variantları araşdırılır, sosial inkişafın müxtəlif yolları modelləşdirilir və «optimum»a doğru axtarışlarında
müəyyənlik əldə edilir. Bütün bu işlərin uğurlu gedişi və səmərəliliyi, yekunda yararlı məhsulun əldə edilməsi məhz
postneoklassik elmi düşüncə, qeyri-ənənəvi epistemologiya vasitəsilə mümkün olur.
Yeni idarəetmə nəzəriyyələrinin əsasında, tarixi təcrübənin nailiyyətləri ilə yanaşı, yeni (postneoklassik)
funksional elmi paradiqma dayanır. Bu funksional elmi paradiqmanın məntiqini, məzmununu, prinsipcə, yeni elmi
dəyərlər təşkil edir. Burada əhəmiyyət kəsb edən “köhnə” nəzəriyyə və konsepsiyalar da öz yerini və ifadəsini tapır.
Funksional paraqdiqmada riyazi elmlərin, təbiətşünaslığın və sosial idrakın nailiyyətləri, qabarıq xüsusiyyətləri,
sanki, üzvi vəhdət əldə edir, müxtəlif səpkili biliklərin simbiozu, sinergizmi baş verir. Məhz bu zəmində ayrı-ayrı
sahələrə aid mürəkkəb sistemlərin idarəetmə prinsipləri, üsul və formaları tədqiq edilir. Mürəkkəb sosial və qlobal
sistemlər də bu yönümdə öyrənilir, onların idarəolunma metodologiyası işlənib hazırlanır. Qeyd edim ki,
postneoklassik epistemoloji sistem özünəməxsus formada digər işlək epistemologiyaları da ehtiva edir. Mən D.
Sempbell, K. Popper və St. Tulminin təkamül, T. Kunun tarixi-təkamül, J. Piajenin genetik, M. Polaninin
antropoloji, C. Floltonun tematik, U. Kuaynın naturallaşdırma epistemologiyalarını, həmçinin, hipotek-deduktiv,
kumulyativ epistemologiyaları nəzərdə tuturam.
Postneoklassik epistemologiya, göstərdiyim epistemologiyaları ehtiva etsə də, onların “cəbri cəmi” deyil. O,
keyfiyyətcə yeni mahiyyətdir. Belə mahiyyət ki, birincisi, göstərilən epistemologiyalardan fərqli olan başqa
epistemologiyalar da törədə bilər, yəni, prinsipcə evristik və öz-özündə inkişaf edəndir, habelə, həm hazırda
mövcud olanlara, həm də gələcəkdə mümkün olunan “hissə”lərə münasibətdə vahid “tam”dır. İkincisi, intişar
mənbələrinə və təşəkkül cərəyanına görə o, ibtidaisindən fənlərarası səciyyədədir, başqa sözlə, universaldır.
Üçüncüsü, postneoklassik epistemologiya, təkcə universallığına deyil, həm də idraki konkretliyinə,
instrumentallığına və tolerantlığına görə daha praqmatik və məhsuldardır. Tolerantlıq dedikdə, ilk növbədə, obyekt
və subyekt, reallıq və təfəkkür arasındakı yaxından razılaşmanı, anlaşmanı nəzərdə tuturam. O, klassik və
neoklassik epistemologiyalarla müqayisədə, gerçəkliyə çox-çox yaxındır.
Yeni sosial idarəetmə epistemologiyasının strukturunda iki prinsip (özünütəşkilatlandırma və sinergizm)
xüsusi yer tutur. Şübhəsiz, özünütəşkilatlandırma və sinergizm effektləri sistemlərdə monoprinsiplər qismində
fəaliyyət göstərmirlər.
Onların mahiyyəti digər atributlarla birgə reallaşır. Burada biz superpozisiyaya qoşulma, kooperativ təsir və
əlaqə, kogerentfnallıq, fluktuasiyaların və bifurkasion (polibifurkasion) vəziyyətlərin yaranması, aktorların
funksional rollarının dəyişməsi və sairə xüsusiyyətləri nəzərə almalıyıq. Özünütəşkilatlandırma və sinergizm
effektlərini dərindən öyrənmək üçün məhz bu xüsusiyyətlərin hərtərəfli tədqiq edilməsi gərəklidir.
Bu zərurətin ödənilməsi müvafiq vəzifələri də qarşıya qoyur: mürəkkəb sistemlər nəzəriyyəsi və yeni
funksional elmi paradiqma ilə bağlı mümkün biliklərin öyrənilməsi; sosial sistemlərdə özünütəşkilatlandırmanın
tədqiqi; kooperativ mexanizmlərin və xüsusi təkamül «nöqtələrinin» sosial sistemlərin inkişafında rolunun
açıqlanması; sinergetik xassələrin sosial idarəetmədə yerinin və mahiyyətinin müəyyənləşməsi.
Pozitiv özünütəşkilatlandırma, özünüidarə və sinergetik xüsusiyyətlər, məlumdur ki, açıq sistemlərdə
reallaşır.
Bu səbəbdən Azərbaycanda açıq cəmiyyətin qərarlaşma xüsusiyyətləri, prinsip və vasitələri, demokratiyanın
legitimləşməsi və konsolidasiyası, vətəndaş cəmiyyəti və hüquqi dövlət məsələləri, ictimai proseslərin sərbəst
сərəyan və cəmiyyətdə nizam problemləri də bir vəzifə kimi daha dərindən tədqiq edilməlidir. Müasir idarəetmə
fəlsəfəsinə uyğun təfəkkür tərzinin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alsaq, müvafiq idarəetmə təfəkkür tipi
xüsusi problem kimi öyrənilməlidir. Mən bu təfəkkürü tənqidi sinergetik təfəkkür adlandırıram. Bütövlükdə
götürdükdə, problemlərin hərtərəfli, dolğun araşdırılması ümumi bir işdir və ümidvar olmaq istərdim ki, elmi
ictimaiyyətimiz onlara xüsusi diqqət yetirəcək. Vacibdir ki, müasir elmi paradiqmanın formalaşmasında müstəsna
xidmətləri olmuş görkəmli alimlərin baxışları, nəzəriyyələri dərindən öyrənilsin və gənc nəslə çatdırılsın.
Bilavasitə özünütəşkilatlandırma və sinergizm ilə əlaqədar yazılar, demək olar ki, azdır. Mövzunun ayrı-ayrı
aspektlərini işıqlandıran yazılara daha çox son onilliklərdə rast gəlirik. Müəlliflərin əksəriyyəti təbiətşünaslıq və
riyazi elmlər sahəsində çalışanlardır; sosial sistemlərin idarə olunmasında sinergizmin və özünütəşkilatlandırmanın
rolu onlar tərəfindən əsasən bir ideya kimi verilir.
Düzdür, bəziləri sinergizmin dünyagörüşü əhəmiyyətini daha geniş əhatəli verməyə çalışıblar. Bir sıra
əsərlərdə isə özünütəşkilatlandırma və sinergizm xüsusiyyətləri bilavasitə «mürəkkəblik» fenomeni kontekstində
araşdırılır. Sosial sistemlərin təkamülündə mühüm rol oynayan «xaos»larla bağlı da bir sıra diqqəti cəlb edən
əsərlər yazılmışdır. Bu əsərlərdə xaosun yeni nəzəriyyəsi verilmiş, sistemlərin qeyri-tarazlığında və yaxud
dayanıqlığında xaosun rolu açıqlanmışdır. Bütün mürəkkəb sistemlər üçün səciyyəvi olan böhranlı hallara dair də
bir neçə sanballı əsərlər yazılmışdır. Böhranların, qeyri-stabilliyin, xaos vəziyyətlərinin öyrənilməsi və idarəetmədə
qeyri-xətti metodların mənimsənilməsi, qeyri-ənənəvi metodologiyaların işlənib hazırlanması, həm müasir elmi
idrak sərhədlərinin əsaslı surətdə genişlənməsi, həm də qlobal evolyusionizmin və yaranmış indiki bəşəri böhranın,
geopolitik durumun tədqiqi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Ən başlıcası, indiki qorxulu zəmanədə bu
biliklər Azərbaycanın “idarəolunan xaos” nəzəriyyəsinin məkrli qüvvələr tərəfindən ölkəmizə qarşı
reallaşdırılmasından qorunması üçün lazımdır.
Özünütəşkil və sinergizmə diqqəti yönəldərək, heç də son həqiqətlərin yalnız bu məfhumlarda cəmləşdiyini
düşünmürəm, xüsusən də cəmiyyətlərin, geopolitik durumun yenidən formatlaşması kimi məsələlərdə!
Ümumiyyətlə, hansısa monometodologiya tərəfdarı deyiləm. Dünyanın, həyatın özü də «mono»nu qəbul etmir və
onun qanunları ilə yaşamaq istəmir, baxmayaraq ki, bu qüsurlu mövqe tarix boyu bəşəri gedişatı müşayiət etmişdir.
Bəlkə də, ona görə vaxtaşırı despotiyalar meydana çıxmış, yarışma - vuruşmaya, rəqabət amansızcasına
təkzibetməyə, qarşılıqlı məhvetmə cəhdinə çevrilmişdir. Həmrəylik, qardaşlıq şüarları altında gilyotinlər qurulmuş,
başlar kəsilmiş, çıxış yolu kimi isə hökmən bir «filrer»in, «fövqalədə insan»ın ətrafında sıx birləşmək
göstərilmişdir. Belə gedişlə də xalqlar yaşamaq naminə elə hey dahilərin gəlişini gözləmişlər. Bu yerdə canlı klassik
Lütfi Ə. Zadənin bir fikrini xatırlatmaq istərdim: «Мəncə, rəqabət deyil, kooperasiya vasitəsilə hər hansı bir
metodologiyanın üstünlüyünün təsdiqi və ya təkzibindən danışmaq olar» (6, s.3). Yaxşı metodologiyanın üstünlüyü
müxtəlif metodologiyalar koalisiyasında və ya konsorsiumunda üzə çıxır. Yaxşılıq da xeyli dərəcədə birgəyaşayış
mədəniyyətinə riayət etməklə reallaşır!
Sinergetik fəlsəfəyə əsaslanan və sağlam birgəyaşayışı təmin edən idarəetmədə insan «Mən»i öndə tutulur və
tam dolğunluğu ilə ifadə olunur. Yalnız belə halda demokratiyanın mümkünlüyündən danışmaq olar və xalq
hakimiyyətin mənbəyi kimi çıxış edə bilər. Burada başlıca cəhətlərdən biri odur ki, enerji və güc mənbəyi kimi
maddi olan yox, ideal olan (ruh, şüur, təfəkkür, intellekt) götürülür və bu mənbə cəmiyyətin əsas məhsuldar qüvvəsi
rolunu oynayır.
Maddi nemətlərin qıtlığından və yaxud tükənməsindən yaranan məhdudiyyətlər dəf olunur, milli inkişaf və
ictimai tərəqqi bilavasitə maddi sərvətlər amilinə bağlanmır, çünki intellektual istehsal və istehlak vektoru
cəmiyyətdə aparıcılıq təşkil edir, insanların yaradıcılıq qabiliyyətlərinin və onların təşəbbüskarlığının tam yeni
səviyyədə reallaşması üçün geniş imkanlar açılır. İnsan hüquq və azadlıqlarının həqiqi mənada təmin olunması da
elə ilk növbədə bundan asılıdır. Söz və fikir azadlığı eqoistik motivlərdən doğan və subyektiv istəkləri ödəyən
fenomen kimi yox, dərin ictimai məna daşıyan və tərəqqiyə xidmət edən dəyər qismində gerçəkləşir.
Mürəkkəblik haqqında təsəvvürlərin dəyişməsində iki fənnin xüsusi rolu olmuşdur. Bunlardan birincisi
qeyri-tarazlıq vəziyyətlərinin fizikası, ikincisi - dinamik sistemlərin müasir nəzəriyyəsidir. Birincidə ən gözlənilməz
nəticələrdən biri tarazlıq vəziyyətindən güclü uzaqlaşma şəraitində yeni fundamental xassələrin kəşfi, ikincidə isə,
aparıcı ideya qeyri-dayanıqlığın sistemlərin təkamülündə mühüm yer tutması ilə bağlı idi. Bu iki zəmin bir sıra
gözlənilməz qanunauyğunluqların, irimiqyaslı fluktuasiyaların, bifurkasiya silsilələrinin, qeyri-xətti determinasiya
əlaqələrinin, dinamik xaos hallarının və s. tam yeni səviyyədən dərk olunmasına yol açdı (2). Hələ XIX əsrdə,
Furye və Klauzisin əsərlərindən başlayaraq, maraq doğurmuş dissipativ sistemlər barədə təsəvvürlər sıçrayışlı
qaydada yeniləşdi, belçikalı alim İlya Priqojin geridönməz proseslərin sirlərinə varan dissipativ sistemlər
nəzəriyyəsini irəli sürdü. Ənənəvi təsəvvürlərin sərhədlərini ciddi surətdə genişləndirən, hətta çox anlarda klassik
elmi prinsipləri şübhə altına alan bu nəzəriyyənin nəticələri elə İ. Priqojinin özü və başqaları tərəfindən qeyri-fiziki
obyektlərə də şamil olunmağa başladı. Alman fiziki German Hakenin sinergetikası ilə birgə dissipativ sistemlər
nəzəriyyəsi bioloji və sosiohumanitar obyektlərin tədqiqində idraki fəzanı xeyli yeniləndirdi. Artıq riyazi elmlər
sahəsində əsaslı dərəcədə işlənilmiş bifurkasiya nəzəriyyəsi bu idraki fəzanın təsiri altında sosial və bioloji
sistemlərin tədqiqi nöqteyi-nəzərindən tam yeni dəyər qazanmağa başladı. Biososial sistemlərin təkamülündə
obyektiv olaraq yaranan xüsusi «nöqtələr», böhranlı vəziyyətlər bifurkasiya nəzəriyyəsi prizmasından tədqiqat
predmetinə çevrildilər; simmetriya və asimmetriya, dayanıqlıq, nizam və korrelyasiya, ehtimal və təsadüf, hətta
zaman və məkan məsələləri yenidən nəzərdən keçirildi. Tədqiqat dalğası kritik halların, sistemlərin
təşkilatlanmasında və davranışında təkamülü parametrlərin mahiyyətinə dair yeni biliklərin formalaşmasını
stimullaşdırdı, kritik hadisələrin müasir nəzəriyyəsi meydana çıxdı, xaosların roluna dair baxışlardan uzaqlaşma baş
verdi, ehtimal nəzəriyyəsinin müxtəlif təbiətli mürəkkəb sistemlərin mövcudluğu və fəaliyyəti ilə əlaqədar
hüdudları genişləndi, lazerlər və bərk cisimlər fizikasından, kimya və meteorologiyadan tutmuş bioloji, ekoloji,
psixoloji inkişaf modelləri də daxil qeyri-xətti mürəkkəb proseslərin dinamikasının daha dolğun izahı məqsədilə
fəlakətlər nəzəriyyəsi təşəkkül tapıb formalaşdı.
Bir sözlə, yeni elmi dünyagörüşünə nəfəs və qida verən fundamental əsaslar, nəzəriyyə və ideyalar bazisi
yarandı ki, yeni funksional elmi paradiqmanın qərarlaşması obyektiv zərurət xarakteri aldı. Həqiqət naminə
deməliyəm ki, bu obyektiv zərurət yalnız təbiət elmlərinin və riyaziyyatın inkişafı ilə şərtlənmir. Funksional
(postneoklassik) elmi paradiqmanın qərarlaşmasında sosiohumanitar elmlərin də rolu əhəmiyyətli olmuşdur.
Xüsusən XX əsrin ikinci onilliyindən başlayaraq görkəmli sosioloq, psixoloq, filosof və politoloqların yaradıcılıq
istiqaməti, necə deyərlər, «sinergetik anlama» tuşlanmışdır. İnsan fenomeninin açıqlanmasında, eəmiyyətin
təhlilində, sosial və psixoloji proseslərin şərhində bu və ya digər formada sinergizmə yönüm özünü göstərirdi.
Cəmiyyət və insanın şərhində sinergetik anlama doğru gedişatda L.Dyüqi, C.P. Sartr, B.Kroçe, N.Losskiy,
İ. Şmalhauzen, K. Popper, E.Fromm, A.Adler, H. Markuze, Y. Habermas, V. Frankl, Ü. Bakli, A.Şeroziya, E.
Dyürkheym, V. Vemadski kimi alimlərin adını çəkmək olar. Ümumən, müasir funksional elmi paradiqmanın və
təfəkkür tərzinin formalaşmasında texnokratik biliklər sisteminin təsiri daha önəmli olmuşdur. Texnokratik biliklər
sistemi, yeni paradiqmanın qərarlaşmasını müəyyən etməklə yanaşı, sosial idrakın özünü köklü yeniləşmə zərurəti
qarşısında qoymuşdur. Söhbət heç də bəsit mənada sosial idrakın və sosiohumanitar fənlərin «fizikalizasiya»sından
getmir. Məsələnin məğzi kəşf olunmuş yeni ümumelmi qanunauyğunluqların, universal prinsip və anlayışların
sosial idrakda, cəmiyyətşünaslıqda və insanşünaslıqda qərarlaşmasındadır. Bir sözlə, söhbət ümumelmi
epistemologiyadan və vahid elmi dünyagörüşündən gedir.
Sadəcə, bir çox universal xarakterli qanunauyğunluqlar və prinsiplər ilkin etiraflarını fiziki-kimyəvi və riyazi
fənlər sahəsində tapıblar. Həqiqətən də, mürəkkəb sistemlərdə mikroskopik elementlərin qeyri-xətti əlaqəsi
nəticəsində müxtəlif makroskopik hadisələrin yaranma prosesinin və bir sıra digər halların izahı ilkin olaraq
fiziki-kimyəvi və riyazi elmlər tərəfindən daha dəqiqliklə verilib, müəyyən yeni prinsiplər əsaslandırılmış qaydada
irəli sürülüb.
Ümumiyyətlə, tarix boyu sosiohumanitar elmlər öz üzərlərində fiziki nəzəriyyələrin, texniki-riyazi,
fiziki-kimyəvi biliklərin təsirini hiss ediblər. Mexanikanın hökmranlığı dövründə Tomas Hobbs dövləti maşına
(«Leviafan») bənzədirdi ki, bu maşının ünsürləri rolunda vətəndaşlar çıxış edirdi. Lametri insan qəlbini avtomatı
fəaliyyətə gətirən qüvvəyə oxşadırdı. Adam Smit bazar mexanizmini Nyutonun ümumdünya cazibə qüvvəsinə
bənzər «görünməz qüvvə» ilə izah edirdi.
Əsrlər boyu bütün elm sahələrində səbəbiyyət məsələsi klassik mexanikanın deterministikası prizmasından
şərh olunurdu ki, burada da Qaliley-Laplas determinasiya əlaqələri aparıcılıq təşkil edirdi. Klassik mexanikada
səbəbiyyət Nyutonun və yaxud Hamiltonun hərəkət tənlikləri mənasında deterministikdir, sistemlər isə bir qayda
olaraq konservativdirlər. Bəzən, haqlı olaraq, konservativ sistemlərə inteqrallaşan sistemlər də deyirlər. Bunun da
başlıca mənası ondadır ki, sistemin ilkin verilmiş göstəricilərindən çıxış edərək onun gələcək hərəkətini, yəni,
vəziyyətini əvvəlcədən hesablamaq (öncəgörmək) mümkündür. Konservativ (inteqrallaşan) sistemlər zamana
nəzərən dönümlülüklə (yəni simmetriya, yaxud invariantlıqla) və enerjinin saxlanılması ilə xarakterizə olunurlar.
Səma mexanikasından tutmuş biososial obyektlərə qədər məhz bu təsəvvürlər hakim baxışlar toplusunu. mülahizə
əsaslarını təşkil edirdi.
Təbiətin özü nəhəng konservativ deterministik sistem kimi öyrənilirdi ki, ilkin (başlanğıc) şərtlər dəqiq
məlum olduğu halda həm keçmiş zamanda, həm də gələcəkdə hadisələr müəyyənliyini əldə etmək mümkün idi
(«Laplas demonu»).
Anri Puankare ilkin şəxslərdən idi ki, bu fövqəladə mümkünlüyü şübhə altına alır (1, s.21). O, anlayırki, hətta
səma mexanikası, saat mexanizmi kimi, bütünlüklə «hesablanan» sistem deyil. Planetlərin, ulduzların və səma
cisimlərinin səbəb-nəticə əlaqələri о mənada qeyri-xətti və inteqrallaşmadan uzaqdır ki, bu qarşılıqlı əlaqə
nəticəsində xaotik trayektoriyalar yarana bilər («üç cisim məsələsi»ndə olduğu kimi). Puankarenin kəşfindən
təxminən altmış il sonra istedadlı riyaziyyatçılar A.N. Kolmoqorov (1954), V.İ Arnold (1963) və Y.K. Mozer
sonralar KAM- teorem adlanan teoremi isbat edirlər: klassik mexanikanın keçidlər fəzasında trayektoriyalar nə
müntəzəm, nə də tam qeyri-müntəzəmdir və başlanğıc vəziyyətlərin seçiminə çox həssasdırlar; kiçik fluktuasiyalar
da xaotik rejimlər doğura bilər («kəpənək effekti»).
Beləliklə, müasir elmi anlamın və nəzəriyyələrin mərkəzi bir sütunu formalaşırdı: qeyri-tarazlıq şəraitlərinin
axtarışı və qeyri-xətti dinamikanın sirlərinə varmaq; konservativ sistemlər «məntiqindən» kənara çıxmaq və
geridönməməzlik, ehtimali, emercent xüsusiyyətləri ilə, qeyri-dizyünktiv səbəbiyyət əlaqələrilə şərtlənən dissipativ
(açıq) sistemlər «məntiqinə» yiyələnmək.
Yeni paradiqmanın mərkəzi daşıyıcılarından olan bu sütunun qərarlaşmasında İ. Priqojinin, İ. Stengersin, G.
Hakenin və digər tədqiqatçıların (Mesaroviç М., Takaxara Y., Nikolis Q., Feygenbaum М., Forrester С., Eygen М.,
Ebelinq V. və başqaları) rolu danılmazdır.
Funksional paradiqmada mühüm yer tutan daşıyıcılardan biri də kvant mexanikasının irəli sürdüyü
qeyri-müəyyənlik prinsipi olmuşdur. V. Heyzenberq tərəfindən formula edilmiş bu prinsip, N. Borun tamamlıq
prinsipi ilə birgə, hazırda müasir elmin tədqiqat obyekti olan müxtəlif təbiətli sistemlərin öyrənilməsində universal
vasitədir. Нər iki prinsip (neoklassik töhfələr olsalar da!) postneoklassik elmdə - sosial, iqtisadi, ekoloji, bioloji,
qlobal proseslərin tədqiqində, proqnozlaşmasında müstəsna əhəmiyyət kəsb edirlər.
V. Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, hansı dəqiqliklə impulsu (deməli, həm də sürəti)
müəyyənləşdirmək mümkün olursa, bir о qədər do koordinatın müəyyənləşdirilməsində qeyri-dəqiqlik alınır.
Mikroobyektlərin ziddiyyətli, konuskulyar-dalğa (dualizmi) təbiəti səbəbindən eyni vaxtda koordinatının və
impulsunun dürüst müəyyən edilməsinin mümkün olmadığı aşkarlanır. Mikroelementin koordinatının
qeyri-müəyyənliyi nə qədər azdırsa, onun impulsunun qeyri-müəyyənliyi bir о qədər çox olur və əksinə.
Buna bənzər nisbət müəyyən zaman anında zərrəciyin enerjisinin təyinində də mövcuddur. V. Heyzenberqin
qeyri-müəyyənlik prinsipi ilə N. Borun tamamlıq prinsipi, mahiyyətcə, bir-birini doğuran qanunauyğunluqlardır (1,
s.22-23).
Bu prinsiplərin tətbiqi yalnız nəzəri baxımdan əhəmiyyətli deyil, artıq çoxdan onlar öz praktiki dəyərlərini
sübut ediblər. Məsələn, Core Soros dəfələrlə öz əsərlərində qeyri-müəyyənlik prinsipinin müasir sosial- siyasi və
iqtisadi fəaliyyətdə rolunu qeyd edib. «Maliyyənin alkimyası» kitabında özünün investisiyalar nəzəriyyəsini verən
C. Soros, başlıca zəminlərdən biri kimi məhz qeyri-müəyyənlik prinsipini götürüb. Müəllimi olmuş Karl Popperin
fəlsəfi baxışlarından, ilk növbədə, onun açıq cəmiyyət konsepsiyasından bəhrələnən C. Soros, mürəkkəb sistemlər
nəzəriyyəsindən irəli gələn ideyaları inkişaf etdirir və qeyri-müəyyənlik prinsipinin mahiyyətini dərindən anlayaraq,
orijinal refleksivilik nəzəriyyəsini yaradır (8). Bu nəzəriyyə inkişaf edən iqtisadi sistemin, bazar münasibətlərinin
dərk olunması üçün böyük faydaya malikdir. Soros klassik iqtisadi nəzəriyyəni fundamental tərzdə yenidən
baxışdan keçirir, qeyri-müəyyənliyin xüsusi elementlərini dövriyyəyə daxil edir, bazar iştirakçılarının
məqsəd-niyyətləri ilə onların fəaliyyətlərinin real nəticələri arasında yaranan fərqlənməni aşkarlayır və onun
mahiyyətini göstərir. Onun fikrincə, bu fərqlənmə ümumilikdə tarixi proseslərin və, xüsusi halda, maliyyə
bazarlarının dərk olunması üçün bir açardır.
Ümumən qəbul olunmuş nöqteyi-nəzərə görə, maliyyə bazarları tarazlıq vəziyyətində olurlar. Bu baxış,
Sorosa görə, Nyutonun fizikasından qidalanan səhv analogiyaya əsaslanır. O, tam başqa mövqedən çıxış edir -
maliyyə bazarlarının qeyri-tarazlıq vəziyyətində olmasından. Maliyyə bazarlarının qeyri-tarazlığı iştirakçıların
təsəvvürləri və hadisələrin real gedişi arasında baş verən fərqlənmə ilə xarakterizə olunur. Bəzən bu fərqlənməni
nəzərə almamaq olar, lakin elə hallarla rastlaşırıq ki, onu nəzərə almadan hadisələri anlamaq mümkün deyil.
Hadisələrdə iştirakçılar hərəkət etdikdə, tədqiqat predmeti artıq faktlarla məhdudlaşmır, o, həm də iştirakçıların
nəyi və necə qavramasını ehtiva edir. Səbəb-nəticə əlaqələri birbaşa faktdan fakta doğru aparmır, bağlılıq faktdan
qavrayışa və qavrayışdan fakta keçməklə reallaşır. Bu, dəfolunmaz çətinliklər yaratmazdı, əgər faktlarla qavrayışlar
arasında hansısa uyğunluq, yaxud ekvivalentlik olardısa. Təəssüf ki, bu, mümkün deyil, çünki iştirakçıların
qavrayışı faktlarla yox, situasiya ilə nisbətdə olur, о isə, onların şəxsi qavrayışlarından asılıdır və beləliklə, fakt
kimi şərh oluna bilməz.
“İqtisadi nəzəriyyə, rasional davranış haqqında güman daxil etməklə, bu sualdan yan keçmək istəyir. Hesab
olunur ki, insanlar mümkün alternativlərdən ən yaxşısını seçərək hərəkət edirlər. Ancaq altemativlərin qavranılması
ilə faktlar arasındakı fərqlər nədənsə nəzərə alınmır. Nəticədə eleqant nəzəri konstruksiya ortaya çıxır ki, təbiət
elmlərini xatırladır, ancaq reallığı əks etdirmir.
O, iştirakçıların kamil bilik əsasında davrandıqları ideal dünyaya aiddir və nəzəri tarazlığa gətirib çıxarır,
burada isə resursların bölgüsü optimal olur. O, real dünyayla yalnız zəif münasibətdə olur. Real dünyada insanlar
qeyri-kamil anlam əsasında davranırlar, tarazlıq isə əlçatmazdır»” (8, s.20).
Yalnız dövrün tələblərinə, gerçəkliyə adekvat olan təfəkkür vasitəsilə insan mövcud olanı dərk etməklə
yanaşı, “nə baş verə bilər?” sualı ətrafında düşünə bilər. Nəyin necə yaranması, əvvəlcədən məlum olmayan hansı
hadisənin baş verməsi məsələsi pandeterminizm və mütləq müəyyənlik prinsiplərinin imkanları daxilində həll
olunmur, daha doğrusu - qeyri-mümkündür. Müxtəlif təbiətli qlobal, sosial, siyasi, iqtisadi sistemlərin təkamülünü
bu prinsiplərdən çox, digər qanunauyğunluqlar, ehtimali, emercent, qeyri-müəyyənlik effektləri xarakterizə edir.
Ümumiyyətlə, о hadisələri dəyişikliklər adlandırmaq olar ki, onların baş verməsini mövcud biliklər əsasında
əvvəlcədən dəqiqliklə söyləmək mümkün deyil. Dəyişikliklərə, həqiqi yeniliklərə yol alternativlərdən keçir.
Dəyişiklik «imkanlar diaqramması» təsiri altında baş verir, sistemlər isə öz mövcudluqları naminə ardıcıl olaraq
seçim qarşısında qalırlar. Və heç də seçim məsələsi ənənəvi səbəbiyyət prinsipi əsasında həyata keçmir. Klassik
deterministika burada gücsüzdür.
Gördüyümüz kimi, müasir dünya yeni elmi təsəvvürlər, baxışlar və nəzəriyyələr dalğasının təsiri altında
yaşayır. Bu gün yeni, inqilabi mahiyyətli elmi təsəvvürlər artıq riyazi-fiziki, kimyəvi fənlərin hüdudlarını aşaraq
ictimai həyatın digər sahələrində özlərini göstərməkdədir.
Belə olduqda, sosiohumanitar elmlərdə idraki fəzanın yeniləşməsi zərurətini dərk etmək о qədər də çətin
deyil. Azərbaycanda sosial idrakın müasirləşməsi, funksional elmi paradiqmaya müvafiqliyi elmi ictimaiyyətimiz
qarşısında mühüm bir məsələ kimi dayanır. Bu da, ən azı, zəruri anlayışların və prinsiplərin sosiohumanitar,
politoloji və iqtisadi elmlər sahəsində, təfəkkürdə qərarlaşmasını tələb edir. Bu gün mürəkkəb polibufurkasion
vəziyyətdə ölüm-dirim mübarizəsi aparan, yeni struktur-funksional səviyyəyə yüksəlmək üçün çalışan cəmiyyətimiz
özü bu sifarişi veribdir. Sadəcə, verilmiş sifarişə müvafiq olaraq geniş əhatəli, ciddi, sistemli tədbirlər görülməlidir.
İnsana və cəmiyyətə məxsus məhsuldar fəaliyyət nəzəri əsassız olmur. Нər bir insani, ictimai fəaliyyətin
əsasında ideya, fikir, mülahizə, əqlinəticə, təfəkkür dayanır. Kortəbii davranış, ideya-nəzəri əsası olmayan fəaliyyət
insana yox, başqa canlılara xasdır. İnsan fəaliyyəti - fikrin övladıdır. İndiki sosial-siyasi, iqtisadi, beynəlxalq
vəziyyəti, ictimai prosesləri və dünyanın inkişaf dialektikasını təhlil edib anlamaq üçün, cəmiyyətə və dövlətə ziyan
verə biləcək hadisələrin qarşısını almaq və işləri düzgün məcraya yönəltmək məqsədilə müasir sosial idraka, müasir
təfəkkür tərzinə yiyələnmək vacibdir. Müasir fizikanın problemlərini klassik fizikanın riyazi aparatı, məntiqi və
prinsipləri çərçivəsində həll etmək mümkün olmadığı kimi, müasir cəmiyyəti, sosial-siyasi həyatı, geopolitik
durumu yalnız köhnə idraki vasitələrə, ənənəvi təfəkkürə, üsul və vərdişlərə arxalanmaqla təhlil edib mənimsəmək
qeyri-mümkündiir. Azərbaycanın hüquqi dövlət, vətəndaş cəmiyyəti və sərbəst bazar iqtisadiyyatı istiqamətində
inkişafı açıq cəmiyyət tələblərini ödəməklə mümkündür.
Onun reallaşmasında isə özünüidarə, özünütənzimləmə, özünütəşkilatlandırma, tolerantlıq və sinergizm
effektləri mühüm əhəmiyyət kəsb edir. Bu effektlərin ödənilməsi müasir elmi paradiqmadan kənarda mümkün deyil.
Müasir idarəetmə nəzəriyyəsinin məğzini, J.-J.
Russonun fikrincə desək, «insan olmaq elmi» təşkil etməlidir. Belə olduqda, özünütəşkil və sinergizm
effektləri pozitiv məna daşıyar, milli maraqlara xidmət edər, deməli, xalq mənafeyi ifadə olunar və həqiqi
demokratiya reallaşar. Demokratiya - xalqın, bütün sosial qrupların mənafelərinə xidmət edən sinergizmdir, elə bir
birgəyaşayış mədəniyyətidir ki, fərdin özünütəsdiqinə şərait olur və şəxsiyyətin ləyaqətinə hörmət edilir. Dövləti
idarəetmənin ali məqsədi şəxsiyyətin şərəf və ləyaqətinin qorunmasından, onun həyatının mühafizəsindən,
vətəndaşların əminamanlıqda yaşamasını təmin etməkdən ibarətdir. İdarəetmə humanistik, mənəvi-mədəni tutuma
malik olmalıdır!
ƏDƏBİYYAT:
1. Abbasov Ə.F. İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə. Bakı: “MBM”. 2006.
2. Аббасов А.Ф. Философия сложности. Баку: «МВМ». 2007.
3. Adıgözəlov Каmal. Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru // “Yeni Azərbaycan”
qəzeti. 04 iyun 2014-cü il.
4. Гегель Г.В.Ф. Философия права. М.: Мысль, 1990.
5. Гегель Г.В.Ф. Философия истории. M.-JL, 1035.
6. Əliyev R.Ə., Əliyev R.R. Soft Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Bakı: Çaşıoğlu, 2004.
7. Müasir fəlsəfə, elm və mədəniyyət: postneoklassik epistemologiya. Bakı: “Təknur”. 2011.
8. Сорос Дж. Алхимия финансов. Рынок: как читать его мысли. Москва: ИНФРА-М. 1999.
Dostları ilə paylaş: |