Görkəmli alim işığlı ziyalı



Yüklə 0,66 Mb.
səhifə1/7
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3430
  1   2   3   4   5   6   7


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________

ASİF HACIYEV

DƏDƏ QORQUD KİTABI”NIN ŞƏRHLİ OXUNUŞU


I KİTAB
(MÜQƏDDİMƏ ÜZRƏ)
BAKI – 2014

ЕLMİ REDAKTORU: Tofiq HACIYEV,

AMEA-nın müxbir üzvü,

Türk Dil Qurumunun həqiqi üzvü,

filologiya üzrə elmlər doktoru, professor,

Əməkdar elm xadimi

RƏYÇİLƏR: Əzizxan TANRIVERDİ

filologiya üzrə elmlər doktoru, professor,



Əziz ƏLƏKBƏRLİ

filologiya üzrə fəlsəfə doktoru, dosent



Asif Hacıyev. “Dədə Qorqud Kitabı”nın şərhli oxunuşu, I kitab (Müqəddimə üzrə), Bakı, Elm və təhsil, 2014, 112 səh.

“Dədə Qorqud kitabı”nın mövcud variantda şərhli oxunuşu bu monumental abidənin Drezden nüsxəsindəki yazılışına istinadən həyata keçirilməklə müxtəlif nəşrlərdə fərqli şəkildə transkripsiya edilib mübahisə obyektinə çevrilən söz, ifadə və mətn parçalarının əslinə uyğun açıqlanması məqsədi daşıyır.

folklorinstitutu.com
Q 4603000000 Qrifli nəşr

N-098-2014



© Folklor İnstitutu, 2014

QƏDİM OĞUZ EPOSUNUN

AZƏRBAYCAN VARİANTI



Müasir türk xalqlarının əksərinin etnogenezisində əriməklə öz var­lığı­na son qoyan qədim oğuz etnosu­ yaşadığı tarixi epoxanı bədii sözün gücü ilə əbə­di­ləşdir­məyə nail olmuşdur. Atalar sözü, məsəl, rəva­yət, əf­sanə və dastan şəklində ya­zıya kö­­çü­rülərək daha çox oğuznamə adı al­tın­da təqdim olunan folklor nü­mu­nə­lərində ulu Tanrıya, torpağa, təbiətə, ataya, anaya, qadına, oğula, qıza, ümu­mi­likdə, ər­liyi, ər­­dəmliyi ilə se­çilən insana bənzərsiz bir sevginin şahidi oluruq ki, bu da oğuz ru­hu­nun əzəməti, möhtəşəmliyi haqqında ətraflı bilgilər almağa imkan­­ yara­dır. Cüzi bir hissəsi dövrümüzə gəlib çatmış bu mədəni irsin ən yenilməz abidəsi titul səhifə­sin­də ərəbcə “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan” ya­zıl­mış oğuznamə­lər toplusudur. Nəsildən nəslə sözlə ötürü­lən bu boy­la­rın ilk yara­dıcısı – düzüb-qoşa­nı Dədə Qorqud olsa da, artıq dövrünü başa vur­muş Oğuz zama­nı­nın qəhrə­man­­lıq salnaməsi, görünür, ulu əcdadlarının ruhunu yaşatmaqda olan hansısa bir xanın qurduğu məc­lisdə sinəsi hikmət dolu ozanın dili ilə üçtel­li qolça qopu­zun sə­daları al­tın­da söylənilir. Epos kimi yaranma, forma­laşma, ilk dəfə yazıya alınma və sonradan üzü köçürülmə dövrləri­nin müəyyən element­lərini özündə əks etdirən bu abi­dənin elm aləminə bəlli olan son ikiyüzüllük tədqiq tarixi göstərir ki, boylar­da oğuz etnosunun Orta Asiya dövrü əfsanə­ləş­miş, Qafqaz-Azərbaycan dövrü isə ger­çək bir qat şəklində təsvir olun­muş­dur. Elə buna görə də boyların məzmununda da­ha qədim tarixi izləri gö­rən əksər araşdırıcılar V.V.Bar­toldun “...Qorqudun adı ilə bağlı bu epik silsilə, çətin ki, Qafqaz mühitindən kənarda yaradıla bilərdi” (138, 126) fikrini birmənalı şəkildə qəbul etmiş və konkretləşdirmişlər. A.Y.Ya­ku­bov­ski­yə görə, eposun mətnində oğuzların Sır-dərya və Amu-dərya cay­la­rı höv­zə­sin­də yaşa­dıqları daha qədim, hətta XI əsrdən əvvəlki çağların həyat tər­zi­nin heyrət­edici qa­lıq­larını görmək mümkün olsa da, coğrafi ad sisteminə, siyası mühi­tinə və mədə­ni əhatəsinə görə onun son formalaşması Zaqafqaziya hüdudları ilə bağlıdır (138, 128). M.Ergin yalnız dil və üslub baxımından deyil, ərazi baxımından da onu Azər­bay­can sahəsinin əsəri sayır (101, IIc, 352). X.Koroğlu “Qorqud kitabı”nın da­ha qədim oğuz eposu əsasında bir neçə əsr sonra yeni tor­paq­­lara kö­çə­rək Azərbaycan türkü etnik adını alan oğuzlar tərəfindən formalaş­dı­ğını irəli sürür (141, 20). Dil, tarixi, coğrafi, dini və antropoloji göstəricilər ba­xımın­dan əsəri “Azərbaycan oğuz­na­məsi” adlandıran T.Hacıyev belə bir ümumiləşdirmə apar­mağı lazım bilir: “Şüb­hə­siz, dastan konkret bir za­man kəsiyində yaranmadığı kimi, onu mütləq coğrafi koor­dinata yer­ləş­dirmək zorakılıq sayılardı. Bu oğuznamə­dir; oğuzlar tarixən müx­təlif əra­zi­lərdə dövlətlər yaratdığından burada oğuzların tarixi coğrafiyasının iz­ləri görünməkdədir. Oğuzların tarixi coğrafiyası, Sibiri çıx­maqla, təx­mi­nən bugünkü türk dövlətlərini əhatə edir. Həmin coğrafiyada çoxlu oğuz­namələr yaranmışdır. Əlimizdə olan əsər, deyildiyi kimi, məhz Azərbay­can oğuznaməsidir” (46, 7).

Beləliklə, qorqudşünaslığın gəldiyi başlıca fikir bundan iba­rətdir ki, ulu Qor­qu­dun adı ilə bağlı olan bu oğuz boyları məhz Azərbaycan tor­pa­ğı və xalqının tari­xi keçmişinin ədəbi-bədii formaya salınmış hekayətlə­ri­dir. Lakin bu da bir danıl­maz gerçəklikdir ki, xüsusilə Türkiyə və Türk­mə­nistan respublikalarında bu abidə­nin məhz onlara məxsus olduğu fikri də geniş yayılmışdır. Fikrimizcə, tarixi ba­xım­dan oğuz etnosu ilə bağlı olan həmin xalqların buna mənəvi haqları çatır. Hətta bu monumental söz abi­dəsində öz tarixi keçmişinin izlərinin axtaran qazax, qırğız və digər oğuz qarışığı olan xalqların da ona şərik gözü ilə baxmala­rına təbii yana­şıl­­malıdır. Qorqud obrazının bir övliya, bir müdrik ozan kimi həmin xalq­­ların rəva­yət, atalar sözü və məsəllərində hələ də yaşaması bir də onu gös­tərir ki, ilkin mər­hə­lədə “Dədə Qorqud” oğuznamələri daha geniş arealda yayılmış, zaman və həyat tərzinin dəyişməsi ilə variasiyalara uğ­ra­yaraq ya tamamilə yeni dastanlar şəklini almış, ya da yaddaşlardan si­lin­­məklə epizodik məqamlarda qalmışdır. Bu fakt epo­sun “Bamsı Beyrək bo­yu” ilə qırğızların “Manas”, başqırd, qaraqalpaq və özbək­lərin “Al­pa­mış” dastanlarının müqayisəsi fonunda daha aydın duyulur. Xal­qı­mızın bəxti onda gətirmişdir ki, yaranışca bütün oğuz etnosunu əhatə edən bu epos Azər­baycan əra­zi­sin­də yeni variantda formalaşmaqla bərabər, ya­zı­ya alınaraq kitab­laş­dı­rıl­mışdır. Elm aləmində “Dədə Qorqud kitabı” ki­mi məş­hurlaşan Drez­den nüsxə­si məhz qədim oğuz eposunun Azərbaycan variantıdır. Bu fikir ayrı-ayrı boyların, Vatikan və Drezden nüsxələrinin, xüsusilə də Qorqud adı ilə bağlı yazıya alınmış əski mətn nümunələrinin müqayisəli təhlili prosesində öz təsdiqini tapır ki, qorqud­şünasların dönə-dönə müraciət etdikləri həmin faktları yeni baxış bucağında açıq­lamağa çalışacağıq.

Mətnin məzmunu göstərir ki, sıralanma baxımından ikinci verilmiş “Qazan xanın evinin yağmalanması boyu”nun sonunda 24 sancaqdan ibarət Qalın Oğuz dövlətinin adlı-sanlı igidləri göstərdikləri hünərə uy­ğun səciyyələndirilərək dinləyi­ci­yə təqdim olunur və bu təqdimat for­ması “Qazan bəg oğlu Uruz bəgiñ tutsaq ol­du­ğu boy”da müəyyən ixti­sarlarla ye­nidən təkraralanır. Bədii təyinlər şək­lində ye­ri­nə yetirilən bu cür təq­di­mat­ların real faktlara söykəndiyi onların adı ilə “Kitab”a düş­müş ayrıca boy­la­rın məzmunu ilə tam səsləşir. Məsələn, eposun ən romantik və fa­ciəvi qəhrəmanı Bamsı Beyrək belə təqdim olunur:

“Parasarıñ Bayburd hisarından parlayıb uçan, apalaca gərdəginə qar­şu gələn, yedi qızın umudı, Qalın Oğuz imrəncisi, Qazan bəgiñ inağı Boz ayğırlı Beyrək çapar yetdi, “Çal qılıcıñ, ağam Qazan, yetdim!” – dedi.” (D-61, 3-7).

Onun adı ilə düzülüb-qoşulmuş boyda bu təqdimatda getmiş in­for­masiya bütün­lüklə öz bədii həllini tapır. Yaxud, qeyri-adi görünüşü və hünəri ilə seçilən Yeg­nək belə təqdim olunur:

“Çaya çalımlu, çal qaraquş ərdəmlü, qurqurma quşaqlu, qu­lağı altun küpəli, Qalın Oğuz bəglərini bir-bir atından yıqıcı Qazılıq qoca oğlı bəg Yegnək çapar yetdi, “Çal qılıcıñ, ağam Qazan, yetdim!” – dedi.” (D-61, 7-11).

Yegnəgin adı ilə bağlı boyda onun bu qeyri-adi gücü atası Qazılıq qo­canı on altı il əsirlikdə saxlayan Arşın oğlı Dirək üzərində əzəmətli qə­lə­bəsi ilə sübuta yeti­ril­­miş olur. Maraqlıdır ki, görkəmli qorqudşünas T.Hacıyev bu təqdimatlardan çıxış edərək “Kitaba” düşməyən neçə-neçə oğuz­­namənin tarixi mövcudluğundan bəhs etməklə “Dədə Qorqud” epo­su­nun həcmcə daha çoxsaylı olması fikrini irəli sü­rür (48). Olduqca inan­dırıcı yanaşmadır. Hər bir obrazın oğuz cəmiyyətində tut­du­­ğu möv­qe­yi və həyat tarixçəsini əks etdirən bu yığcamlaşdırılmış informasiya on­­la­rın adı ilə bağlı müvafiq boyların olmasına işarədir ki, bununla dövrümüzə gə­­­lib çatmayan digər boyların süjet xətti haqqında müəyyən məlumat əl­də etmək müm­kündür. Oğuz igidlərinin qəliblənmiş ifadələr şəklində bu cür təqdim olun­ma­sına təkcə “Dədə Qorqud” eposunun mətnində deyil, həm də XV əsr tarixçisi Yazıçı­oğlu Əlinin “Tarixi-ali Səlcuq” əsərindəki oğuz­­namə parçasında da rast gəli­nir (107, 1317-1320). Lakin hər iki mən­­bədə işlənmiş informativ təyinlərin təhlili göstərir ki, burada oxşar mə­qamlarla yanaşı, qabarıq şəkildə nəzərə çarpan fərqli məqamlar da getmişdir. Bu isə həmin obrazlarla bağlı variativ oğuznamə forması­nın möv­­cudluğu haqqında mülahizə yürütməyə əsas verir. Həmin variantlara diq­qət yetirək. “Dədə Qorqud kitabı”nda abidənin baş qəhrəmanı Qazan xan belə təqdim olunur:

“Bir gün Ulaş oğlı, Tulu quşuñ yavrısı, bezə, miskin umudı, Amit so­yu­­nıñ aslanı, Qaraçuğıñ qaplanı, Qoñur atıñ iyəsi, xan Uru­zuñ ağası, Ba­yın­dır xanıñ güyəgüsi, Qalın Oğuzuñ dövləti, qalmış yi­git arxası Salur Qa­zan yerindən turmışdı”. (D-35,11-13 – 36, 1-2).

Başqa bir boyda:

“Qalmış yigit arxası!

Bezə, miskin umudı!

Bayındır xanıñ güyəgüsi!

Tulu quşuñ yavrısı!

Türkistanıñ dirəgi!

Amit soyunıñ aslanı, Qaraçuğıñ qaplanı!

Qoñur atıñ iyəsi, xan Uruzuñ babası, xanım Qazan...” (D-110, 2-6).

“Topqapı oğuznaməsi” kimi tanınan Yazıçıoğlu mətnində isə bu təq­­­dimat belə verilmişdir:

“Sarp hisar duma donlu salkum-salkum don giyen – Konur atın oy­na­­­dan – yağı görse yardımlu, düşman görsə durumlu – Türkistanın diregi – Tülü quşun yavrusu – Kanlı kafir ellerinden adlu Horasana ad çağırdan – Ak­­çahisarın eglik salup alan – Görklü yüzlü güzel kızların oğlanların be­lün süren – Kanlu kafir ellerine kan kaşandıran – Kara başların bunlu eden – Oğlancıkların ağlaşdıran –İtlerin uluşduran – Tavukların kığıl­daş­dı­ran – Ulaş oğlu Kazan Bey” (107, 1318). Görün­düyü kimi, sonuncu təq­­dimatda “Kanlı kafir ellerinden adlu Horasana ad çağırdan – Ak­ça­hi­sa­­rın eglik salup alan” təyinedici söz birləşmələri “Dədə Qorqud ki­ta­bı”nda Qazan xanın adı ilə bağlı heç bir boyda xatırlanmır. Bundan əla­və, “Kitab”ın XI boyunda Qazan xanın özü haqında söylədiyi soylama mət­­­ni ilə Topqapı mətni arasında da müəyyən fərqlər açıq-aydın duyulur. Top­­qapı mətnində həmin hissə bu məz­munda qurul­muşdur:

“Kuba kuba tuğlaladım er bunaldırdum buşkunumda ben Kazan

Kayın (Kanın) akar kara denizdim, er bunaldurdum cüngümde ben Kazan

Kaytabanın buğrasıydum, er bunaldurıdum

Kükredükde kapkayada anrar aslanıdım ben Kazan, er bunal­dı­rı­dum

Anradıkda Sarusazda arslan er bunaldırıdum

Sokradukda kara bulut ürkünüyidüm

Kara denizden su alup yere baran satarıdum ben Kazan

Karacuğun Cılban dağından kafir taş uçursa kaba uyluğunu dutan ben Kazanıdım

Karanu dünle harın yağı erse kanlu suya kılağuzluk eden ben Ka­za­nı­dım

Kalıbı senri karadağun salında kapılınun Karaderbende gür duşman gelse yine kayup ol duşmana önden depüp giren ben Kazanıdım

Katı yaylar sındırıp elde kabza koyan ben Kazanıdım

Kayın oklar atup yelek koyan elde ben Kazanıdım

Bin er gördügümde ben Kazan bıyık burdum

Beş bin eren gördügümde boşanmadım

On bin eren gördügümde öyünüm demedim

Yirmi bin eren gördügümde yerinmedim

Otuz bin eren gördügümde utanmadım

Kırk bin eren gördügümde kıpınmadım

Elli bin eren gördügümde alpım demedim

Yetmiş bin eren gördügümde yılamadum

Seksen bin eren gördügümde seksenmedim

Doksan bin eren gördügümde dolanmadım

Yüz bin eren gördügümde ben Kazan yüz döndürmedüm

Karakoç konur atun kolanın katı çekdim

Sağdan girdim soldan çıkdım

Soldan girdim sağdan çıkdım

Arı dinli Muhammedi yada getürdüm

Allahın inayetinden, Muhammed mucizatından ol yağıyı anda bas­dım

Alpım begim demedim

Bu dünde ögünmen ögünmen a beylerüm

Ögünürse yer ögünsün” (107, 1310-1320).

Orxan Şaiq oxunuşunda verdiyimiz bu mətn “Kitab”da daha geniş infor­ma­siya daşıyan soylamalar vasitə­silə əksini tapmışdır ki, onlardan Topqapı variantının birinci hissəsi ilə səsləşən aşağıdakı hissə­lərə xüsusi diqqət yetirməyi məqsədə­uyğun hesab edirik.

Soylama 1.


  • Yüksək-yüksək qara tağdan taş yuvalansa,

Qaba öñcəm – oyluğum qarşu tutan Qazan ər idim.

Firon şışlər yükəlib yerdən çıqsa,

Qaba öñcəmlə pərçin qılan Qazan ər idim.

Qaba-qaba bəglər oğlı ğovğa qılsa,

Qamçı salub tökdürən Qazan ər idim.

Yuca tağları tuman tursa,

qara pusarıq dolı qopsa,

Qaraqoçımın qulağı görünməz olsa,

Qayrı ərən qılağuzsız yol yañılsa,

Qılağuzsız yol başaran Qazan ər idim.

Yedi başlu əjdərhaya yetüb vardım.

Heybətindən sol gözüm yaşardı.

Hey gözüm, namərd gözüm, müxənnət gözüm.

Bir yılandan nə var ki, qorxduñ! – dedim.

Anada dəxi “ərəm, bəgəm” deyü ögünmədim.

Ögünən ərənləri xoş görmədim. (D-277, 12 – 278, 10)


Soylama 2.

Sarp yerlərdə yapılmış kafir şəhri.

Sağa-sola çırbındı urar yüzgiçiləri,

Su dibində dönər bəhriləri,

“Tañrı mənəm” deyü su dibində çığruşur asiləri.

Öñün qoyub tərsin oqur qızı, gəlini.

Altun ağıq oynar sancıd anıñ bəgləri.

Altı qatla Oğuz vardı, alımadı ol qalayı.

Altı baş ərlə mən Qazan vardım,

Altı günə qomadım, anı aldım.

Kəlisasın yıqub, yerinə məscid yapdım, bañ bañlatdım.

Qızını, gəlinini ağ köksümdə oynatdım.

Bəglərin qul etdim.

Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim.

Ögünən ərənləri xoş görmədim . (D-278, 13 – 279, 9)


Soylama 3.

  • Arqıc qırda döndərdigim, mərə kafir, səniñ babañ,

Şəqaqına emrendügüm səniñ qızıñ, gəliniñ.

Ağca qala Sürməlidə at oynatdım,

Atla Qarun elinə çapqun yetdim,

Aq hisar qalasınıñ bürcin yıqdım.

Ağ aqça gətürdilər, “puldur” dedim.

Qızıl-altun gətürdilər, “baqırdır” dedim.

Ala gözül qızın, gəlinin gətürdilər, aldanmadım.

Kəlisasın yıqdım, məscid yapdım.

Altunı, gümüşi yağmalatdım.

Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim.

Ögünənləri xoş görmədim. (D-279, 12 – 280,6)

Yersiz mənəm-mənəmliyi, öyünməyi igidə yaraşmayan bir key­fiyyət kimi səciyyələndirən Topqapı və “Kitab” soylamalarının müxtəlif ozanlar tərəfindən fərqli variantlarda söyənil­diyi mübahisəzdir. Bundan əla­­və, Topqapı mətnin alli­terasiya əsa­sında qurulmuş ikinci hissəsi ilə abi­­dənin eyni biçimdə getmiş aşağı­dakı soylama parçası arasında da müəyyən variativlik vardır:

“Biñ-biñ ərdən yağı gördümsə, oyunum dedim.

Yigirmi biñ ər yağı gördümsə, yiləmədim.

Otuz biñ ər yağı gördümsə, ota saydım.

Qırq biñ ər gördümsə, qıya baqdım.

Əlli biñ ər gördümsə, əl vermədüm.

Altmış biñ ər gördümsə, aytışmadım.

Səksən biñ ər gördümsə, səksənmədim.

Doqsan biñ yağı gördümsə, donanmadım.

Yüz biñ ər gördümsə, yüzüm dönmədüm.” (D-277, 1-6).

Müqayisə etdikdə “Kitab”da ilk iki və “yetmiş bin” sayı ilə bağlı mis­­­raların buraxıldığı, digər misralarda isə fərqli yanaşmanın ifadə olun­du­­­­­ğu müşahidə olu­nur. Belə ki, on mindən başlayaraq müvafiq ardıcıl­lıq­la işlənmiş sayların “öyünüm demedim” – “oyunum dedim”, “yerinme­dim” – “yiləmədim”, “utanmadım” – “ota saydım”, “kıpınmadım” – “qı­ya baqdım”, “alpım demədim” – “aytışmadım”, “dolanmadım” – “donan­ma­­­­dım” kimi bir-birindən seçilən hökmlər üzə­rində qurul­du­ğunu gö­rü­rük. Yalnız səksən min və yüz min sayları ilə ba­şalayan misralar eyni fikir üzərində qurlmuşdur.

Bu variativlik XVII əsr tarixçisi Əbülqazi Bahadır xan tərəfin­dən yazıya alınaraq Qazan xanı yenilməz əvsanəvi qəhrəman kimi mədh edh edən bir Qorqud nəğməsində daha qabarıq şəkildə nəzərə çarpır. Artıq öz döv­rünə uyğun formada nəzmə çəkilmiş bu 7 bəndlik bədii mətndən iki­sini gözdən keçirməklə onların eyni qaynaqdan bəhrələndiyinə tam əmin olmaq mümkündür:

Kazğurt tağdın ünkür taşnı yuğarlatdı

Salur Kazan utru barıb karbap tutdı

İt Beçene körüb anı isi kitdi

Alplar Bigler kören bar mı Kazan kibi.
Kök asmandın inip keldi tinnin yılan

Her ademni yutar irdi köyen zaman

Salur Kazan başın kesdi bermey aman

Alplar Bigler kören bar mı Kazan kibi. (100, 209-210)

Formalaşma baxımından zaman, mühit və janr fərqləri olsa da, hər üç mən­bə­də Qazan xanla bağlı eyni məlumatlar verilir. Qazan xan:

– qıpçaqlarla (beçeneklərlə), eləcə də kafirlərlə amansız döyüşlər keçir­miş yenilməz qəhrə­man­dır;

– elə bir igiddir ki, yüksək dağdan yuvarlanan daşın qarşısını dizi ilə kəsə bilmişdir;

– göydən enən əşdaha ilə vuruşaraq ona qalib gəlməyi bacarmışdır.

Buna baxmayaraq, “Kitab”la müqayisədə Qazan xanla bağlı digər mə­lu­mat­­larda variativliyə yol verilmişdir. Əgər Topqapı mətnində və “Ki­tab”da Qazan xan “Ulaş oğlu” kimi təqdim edilirsə, Əbülqazidə “En­keş oğlı” kimi bəhs olunur (100, 215). Həmçinin eposda onun xanımının adı “Bo­yu uzun Burla xatun” kimi, Əbül­qazi­də uca boyu ilə seçilən “Altun Kö­zəki” (100, 228) kimi verilir. Eləcə də Bam­sı Beyrəyin xanımı Banı Çi­çək “Türkmənlərin soy kitabı”nda “Barçın Salur” (100, 228) adı ilə təq­­dim olunur ki, bu da məhz həmin igidlərin adı ilə bağlı boyların va­riativ­­liyndən irəli gəlir.

Burada başqa bir məqama diqqət yetirməyi lazım bilirik. Əbülqazi Bahadır xan Qazan xanın anası ilə bağlı belə bir hadisə nəql edir: “O zamanlar Beçenə elində Toymadık adlı hökmdar vardı. O gəldi. Enkeşin evinə hücum etdi. Cacaklını əsir edib, [özü ilə] apardı. Üç ildən sonra Enkeş [qadına görə çoxlu] mal verib, onu geri qaytarmağa nail oldu. Ca­caklı evə qayıdandan altı ay sonra oğlan uşağı doğdu. Qazan alp “Bu uşağı haradan aldın?” – deyə soruşdu, [onu] dəyənəklə vurdu və onun ba­şını yaraladı” (28, 100-101). Fikrimizcə, Qazan xanın anası ilə bağlı bu rə­va­yət halına salınmış hadisə eposu düzüb-qoşan Dədə Qorquda və ya­xud boylara zamanın ruhunu aşılayaraq söyləyən ifaçı ozana da bəlli imiş. Lakin bu qeyri-adi hadisə abidənin ümumi ruhuna, aşıladığı mənəvi də­yərlərə uyğun gəlmədiyi üçün ağlasığmayan fakt kimi qiymətləndiril­mişdir. “Qazan xanın evinin yağmalanması boyu”nda Qaraca çobanla əsir götürülmüş anasını, xanımını, oğlunu və bütöv­lük­də, elini-obasını xi­las etməyə gedən Qazan xan düşməndən döyüş zamanı at ayağı altında qal­masın deyə anasını istəyir. Lakin kafir ona:

“Qarıcıq anañı gətirmişiz, bizimdir.

Saña verməziz, Yayxan keşiş oğlına verəriz.

Yayxan keşiş oğlından oğlı toğar,

Biz anı saña qırım qoruz” (D-58, 10-12) cavabını verməklə təklifini rədd edir. Qaraca çoban kafirin bu fikrini ağılsızlıq adlandıraraq: “Mərə, di­ni yoq, ağıl­sız kafir! Ussu yoq, dərnəksiz kafir! ... Mərə kafir, Qaza­nınñ anası qarıyubdur, oğul verməz. Dölün almaqdan səfañ varsa, Şökli Məlik, qara gözlü qızıñ varsa, gətür Qazana ver. Mərə kafir, səniñ qızıñ­dan oğlı toğsun, siz anı Qazan bəgə qırım qoyasız” (D-59, 1, 5-8) demək­lə sanki həm də Əbülqazidə getmiş hekayəyə etira­zını bildirmiş olur. De­mə­li, dastanın formalaşdığı dövrdə ozanlar arasında müxtəlif variant­lılıq mövcud imiş. “Dədə Qorqud” eposunu daha geniş aspektdə təhlilə cəlb edən görkəmli folklorşünas V.M. Jirmuncki də Əbülqazi tərəfindən ve­rilmiş bu tipli faktları variant kimi dəyərləndirmişdir (138, 178).

Maraqlıdır ki, bu variativlik “Kitab” və Yazıçı­oğlu mətnində digər oğuz qəhrəmanlarının təqdima­tında da üzə çıxır. Aydınlıq üçün aşağıdakı fakt­ları müqa­yi­səli şəkildə veririk:

“Kitab”da:

“Qaradərə ağzında qadır verən, qara buğa dərisindən beşiginiñ ya­puğı olan, acığı tutanda qara taşı kül eyləyən, qara bığın yedi yerdə əñsə­sində dügən Qazan qartaşı Qara Günə ...” (D-149, 12 – 150, 2).

Yazıçıoğlu mətnində:

“Kara taşı karmadıkta kül eyleyen – Dağa taşa buşusundan duman çö­ken – Karadere ağzında Kadir veren kara yeri kertüp beşik kılan – Ka­ra buğra derisinden bağırtlak düzen – Altı ay Hançerkid (?) hisarında dutsak olan – Kazan Beyin kartaşı Kara Güne bey” (107, 1348).

Göründüyü kimi, “Kitab”da “Altı ay Hançerkid (?) hisarında dutsak olan” məlu­matı əksini tapmamışdır; bu da Kara Günə ilə bağlı ayrıca bo­yun olduğunu düşünməyə əsas verir. Bundan əlavə, “qara buğa dəri­sin­dən beşiginiñ yapuğı olan” birləşməsindəki “nəsil, qohum-əqrəba” mə­na­sında işlənmiş “beşik” (

“Kitab”da:

“Altmış ərgəc dərisindən kürk eyləsə, topuqlarını örtməyən, altı ögəc dəri­sin­dən külah etsə, qulaqlarını örtməyən, qolı-budı xıranca, uzun bal­dırları incə, Qazan bəgüñ tayısı At ağızlu Aruz qoca ...” (D-61, 12 – 62,2).

Yazıçıoğlu mətnində:

“Doqsan deriden kürk olsa topuğun örtmeyen – Dokuz deriden şeb­kü­lah olsa tülügün örtmeyen – Dokuz koyun dovğalık on koyun öyünlük yet­meyen – Dokuz yaşar cüngin silküp atan – Kıynağında gökte dutan – At­başın yalmayup bir kez yudan Afrasiyab oğlu Alp Arız bey” (107, 1318-1319).

Hər iki təqdimatda oxşar elementlərlə yanaşı, fərqli cəhətlər də get­mişdir. Ən önəmlisi Alp Aruzun Şərq ədəbiyyatında “Əfrasiyab” adı ilə məş­hurlaşan Alp Ər Tonqanın oğlu kimi verilməsidir. Firdovsinin “Şah­na­məsi”ndə Alp Aruz Əf­ra­si­­­ya­bın düşmənə satqınlıq edən qardaşı kimi (19, 19) təsvir olunur ki, bu da, söz­süz, müəy­yən fraqmentləri Kaşğarı söz­lüyündə verilmiş qədim türk dastanı “Alp Ər Tonqa”­dan götü­rül­müş­dür. “Kitab”ın XII boyunda Aruzun Qazan xana xəyanət etməsi, görünür, məhz daha qədim formalaşma mərhələsi keçmiş həmin dastandan qay­naq­­lan­mışdır.

“Kitab”da:

“Varıban Peyğəmbəriñ yüzüni görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıyıqlarından qan çıqan, bıyığı qanlu Bükdüz Əmən...” (D-62, 4-5).

Yazıçıoğlu mətnində:

“Bıyığın ensesinde üç kez dügen – Kaçındıkta karımına kan ka­şan­dı­ran – gözü kanın dönen – Yer evreni yılan – Ademiler evreni Ucen oğ­lu Emen bey” (107, 1319).

“Kitab”da Qalın Oğuz elinin başının bəlası kimi meydana çıxan Də­­pəgözü öldürən Basatla bağlı ayrıca boy verilmişdir. Yazıçıoğlu mət­nində isə bu fakt tama­milə fərqli şəkildə təqdim olunur:

“Yedi yıl Elbürze sefer kılan – Kayup dönen Kıyan Busat kanını alan – İt Depegözü öldürüp kalın Oğuzda ad koyan Urılmış Han” (107, 1319).

“Kitab”dakı boyda Aruz oğlu Basatın hərbi yürüşdən qayıdarkən qar­­daşı Qıyan Selcikin Dəpəgöz tərəfindən öldürüldüyü və təkbətək dö­yüş­­də ona qalib gəldiyi bildirilirsə, artıq bu təqdimatda Basatın (mətndə “Bu­sat” yazılmışdır) özü­nün Dəpəgöz əlində həlak olduğu və qardaşı Urıl­­mış xan tərəfindən intiqamı alın­dığı göstərilir. Deməli, bu məlumat bo­­yun başqa variantda nəql edilməsinə işa­rə­dir.

Topqapı mətni ilə “Dədə Qorqud kitabı”nı bütün incəlikləri nəzərə alın­­maqla təhlilə cəlb edən folklorşünas alim M.Təhmasib “Kitab”dakı boy­­dan əsaslı şəkildə fərqlənən mətni “Basat-Təpəgöz”ün Topqapı va­ri­antı hesab edir (87, 129) və hə­min parçaları “Dədə Qorqud boyla­rının baş­qa bir variantından qopub qalmış his­sə­lər” adlandıraraq belə bir nə­ti­cə­yə gə­lir: “Bunlar eyni mənbədən su alıb, yeni qay­naqdan qaynayıb, la­kin baş­qa fauna və floralı yer­lər­dən axıb keçən çaylara bənzə­yirlər” (87, 128).

Qorqudşünaslıqda daha əski çağlarla bağlanan bu boyun tarixçi Əbu­­bəkr ibn Abdullah ibn Aybək əd-Dəvadarinin “Dürərüt-tican” əsə­rin­də oğuzlar arasında məş­hur olan “Uluxan Ata Bitikçi” dastanına is­ti­na­dən qısa məzmunu verilmiş “Təpə­göz” rəvayətdən də müəyyən dərəcədə fərq­­lənir. Məşhur türk alimi F.Köprü­lü­zadəyə əsaslanmaqla ilk dəfə Azər­baycan qorqudşünaslı­ğın­a Ə.Abid tərəfindən gətirilən həmin rə­va­yət­də Basatın Təpəgözü öldürməsinə səbəb atası Aruzun onu acı­laması ol­­muşdur. Belə ki, Basat Oğuz içində heç kəsə yenilməyən bir atıcı qızı məğ­lub edərək alması xəbərini atasına çatdırmaqla ondan müjdə istəmiş, atası Aruz isə “Mən də elə sandım ki, Təpəgözü öldürmüşsən” deyə oğluna qızmışdır. Yalnız bundan sonra Basat Təpəgözü öldürmək is­tə­yinə düşmüş və qeyri-adi sərgüzəşt­lər­lə müşayiət olunan sınaqlardan keç­­məklə ona qalib gəlmişdir (4, 49-50). M.Ergin daha ətraflı şərh etdiyi bu faktdan belə bir nəticə çıxarır: “Görünür ki, İbn Aybək Dədə Qorqud he­­kayələrini içinə alan Oğuznaməni görmüşdür. Buradakı Təpəgöz “Də­də Qorqud kitabı”ndakı Təpəgözün eynidir. Yal­nız “Dədə Qorqud ki­tab”nda qız məsələsi yoxdur. Bəlkə də müəllif bunu Beyrək və Kan Tu­ra­lı heka­yələrindəki qızlarla qarışdırmışdır” (101, Ic, 37). Buradan aydın olur ki, “Kitab”­da­kı süjet xət­tin­dən fərqlənən bu variantı görkəmli alim müəl­lifin, yəni Dəvadarinin yol verdiyi nöqsan kimi qəbul edir. Lakin hər iki mən­bədəki faktları müqayi­səli araş­dı­ran M.Təhmasib çoxsaylı ox­şar, müştərək cəhət­lərlərinə baxma­yaraq, onları müx­təlif variantlar kimi (87, 125-126) dəyərləndirir ki, bu fikrin daha obyektiv oldu­ğunu dü­şü­nü­rük. Bununla belə, mövcud mətnlərin təhlilinə istinadən M.Ergin də ye­kun­da doğru nəticəyə gələrək yazır: “Bu Oğuznamədə diqqəti çəkən şey “Də­də Qorqud kitabı” qəhrəmanlarından başqa adların da keçməsi və Də­­də Qorqud qəh­rə­­man­la­rının sifətləri sayılarkən daha geniş olayları bil­dir­­məsidir. Bundan anlaşılır ki, “Oğuz­namə”ni təsbit edən şəxs Dədə Qor­­qud hekayələrinin daha geniş şəkil­lə­rini daşıyan “Oğuznamə”dən və ya oğuz rəvayətlərindən xəbərli idi” (101, Ic. 37-38).

“Kitab”dakı “Kan Turalı” boyu ilə Yazıçıoğlu mətnində getmiş mətn parçası arasında da müəyyən fərq oduğu gözdən qaçmır. Topqapı mət­­nində bu oğuz igidi­nin hekayəsi aşağıdakı təyinlər vasitəsilə sanki qı­sa­ca şərh olunur:

“Kalın Oğuz ellerinden kalkup derilen – Kırk iğidin yanına salan – Kan­­lu kafir ellerine aşan – Kaynar akar mal ırmakların geçen – Ga­rıp­lık el­lere gafil düşen – Arslanıla boğasın buğrasın güreşçisin öldü­ren – Otuz do­­kuz yigidin kanın alan – Adlu Oğuzda ad koyan – Saru donlu Selcan ka­­dını alan Kanlı Koca oğlu Kan Turalu” (107, 1319).

Boyun məzmunundan aydın olur ki, Selcan xatuna qovuşmağın baş­­lıca şərti tamaşa şək­lin­də təşkil olunmuş döyüş meydanında arslan, bu­ğa və buğraya qalib gəlməkdir. Kan Turalıya qədər bu istəkdə olan otuz iki igid arslan və buğranın üzünü görmədən yalnız buğanın buy­nu­zun­­da həlak olmuş və onların başları qala bürc­lərindən asılmışdı. Mətn par­­çasında isə iki fərqli məlumat əksini tapır:

birincisi, Kan Turalı arslan, buğa və buğradan əlavə, bir kafir dö­yüş­­çüsü ilə də güləşməli olmuşdur;

ikincisi, Kan Turalıya qədər, “Kitab”da göstərilidiyi kimi, otuz iki yox, otuz doqquz igid başından keçməli olmuşdur.

Ümumiyyətlə, bizim üzərində dayandığımız və dayanmadığımız di­gər Top­qa­pı mətn parçalarına münasibət bildirən böyük folklorşünas M.Təh­­masib belə bir fikrə gəlir: “Ay­dın bir şəkildə görünür ki, bunlar ey­­ni tarixi və yaxud əfsa­nəvi şəxsiyyət haq­qın­da başqa-başqa das­tan­çı­la­rın yaratmış olduqları surətlərdir” (87, 127).

Deməli, daha qədim çağlarda yaradılmış “Dədə Qorqud” eposu oğuz etno­su­nun yaşadığı bütün məkanlarda şifahi şəkildə yayılaraq müx­tə­­lif variantlara düş­müş və yazıya alınmaqla Azərbaycan mühitində for­ma­laşma variantı Drezden nüs­xəsi, Anadolu məkanında formalaşma va­riantı isə Vatikan nüsxəsi şəklini al­mışdır. Drezden nüsxəsinin dil və üs­lu­­bunun Azərbaycan, Vatikan nüsxəsinin isə Anadolu türkcəsinə uy­ğun­luğu da məhz bu faktla bağlıdır. Oğuz zamanının düşün­cə və həyat tər­zi­ni əks etdirən bu epos mükəmməl variantda Drezden nüsxəsi şəkilində zə­­manəmizə gəlib çatsa da, müxtəlif yazılı mənbələrdə rast gəlinən mətn par­­çaları göstərir ki, dastan qəhrə­manlarının fərqli şəkildə təsvir olun­du­ğu hekayələr də mövcud olmuşdur. Bu faktların müqayisəli təhlili Drez­den əlyazmasının məhz Azərbaycan xalqının for­ma­laşdırdığı dastan va­riantı olduğu qənaətinə gəlməyə əsas verir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə