Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimi keçirilmişdir Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir



Yüklə 217,18 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü217,18 Kb.
#52946


“Xalq qəzeti”.- 2010.- 16 yanvar .-S.1. 

Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimi keçirilmişdir 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir 

 

Bakı, 15 yanvar (AzərTAc). Xəbər verdiyimiz kimi, yanvarın 14-də “Buta” sarayında görkəmli 



neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi 

üzrə birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 80 

illik yubileyi münasibətilə mərasim keçirilmişdir.  

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:  

-Əziz Xoşbəxt müəllim!  

Bu  gün  sizin  yubileyinizdir.  Bu  gözəl  yubiley  münasibətilə  sizi  ürəkdən  təbrik  edirəm,  sizə 

möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, siz həmişə olduğu kimi cavan, gümrah, nikbin olasınız 

və biz ölkəmizin gələcək inkişafı üçün birlikdə çox işlər görə bilək.  

Siz  böyük  insansınız,  böyük  alimsiniz.  Sizin  yubileyiniz  Azərbaycanda  geniş  qeyd  olunur. 

Bilirsiniz  ki,  yubileyinizin  ölkə  miqyasında  keçirilməsi  üçün  mən  bir  müddət  bundan  əvvəl  müvafiq 

Sərəncam  imzalamışam.  Bu  onu  göstərir  ki,  Azərbaycan  dövləti  sizin  fəaliyyətinizi  çox  yüksək 

qiymətləndirir.  Siz  həqiqətən  də  buna  layiqsiniz.  Siz  uzun  illər  Azərbaycanın  neft-qaz  potensialının 

inkişafı  üçün çalışırsınız,  işləyirsiniz.  Fəal işləyirsiniz  və  ən  önəmlisi  ondan  ibarətdir  ki,  bu  fəaliyyətin 

ölkəmiz üçün çox gözəl və çox vacib nəticələri vardır.  

Sizin  bilavasitə  rəhbərliyiniz  və  iştirakınız  sayəsində  Azərbaycanda  20  neft-qaz  yatağı  kəşf 

edilmişdir.  Onların  içində  bu  gün  Azərbaycanın  neft-qaz  potensialını  böyük  dərəcədə  müəyyən  edən 

“Azəri”, “Çıraq”, “Günəşli”, “Kəpəz”, “Bahar” yataqları vardır. Bütün bu yataqlar Azərbaycanı bu gün 

dünya neft aləmində təmsil edir.  

Bütün  bu  yataqların  kəşfi  və  işlənilməsi,  onların  bugünkü  mövcudluğu  Azərbaycanın  nəinki 

iqtisadi, eyni zamanda, siyasi imkanlarını böyük dərəcədə genişləndiribdir. Bu gün Azərbaycanı “Azəri”, 

“Çıraq”,  “Günəşli”  yataqlarsız  təsəvvür  etmək  mümkün  deyildir.  Əgər  bu  yataqlar  sizin  tərəfinizdən 

vaxtında  kəşf  edilməsəydi,  bu  gün  bizim  neft-qaz  imkanlarımız  çox  məhdud  ola  və  bunun  nəticəsində 

ölkəmiz müstəqillik dövründə böyük çətinliklərlə üzləşə bilərdi. Uzun illər ərzində sizin tərəfinizdən və 

sizin  rəhbərliyinizlə  kəşf  edilmiş  yataqlarımız  bundan  sonra  da  Azərbaycanın  gələcək  inkişafını  təmin 

edəcəkdir.  Bu,  imkan  verəcək  ki,  biz  bundan  sonra  da  neft  amilindən  səmərəli  şəkildə  istifadə  edərək 

ölkəmizi  hərtərəfli  inkişaf  etdirək.  Ölkəmizin  qeyri-neft  sektorunun  inkişafı  üçün  daha  da  böyük  işlər 

görək. Ölkəmizi daha da gözəlləşdirək, abadlaşdıraq.  

Siz, eyni zamanda, böyük alimsiniz, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüsünüz, 

çoxsaylı elmi əsərlərin müəllifisiniz. O əsərlərin ki, onların, sözün əsl mənasında, praktiki nəticələrini də 

biz görürük, Azərbaycan vətəndaşları görür. “Əsrin müqaviləsi”nin imzalanmasında sizin böyük rolunuz 

olmuşdur.  Ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən  Azərbaycanın  neft  strategiyasının 

icrasında həmişə fəal olmusunuz.  

Məhz  bu  siyasət  bugünkü  Azərbaycanın  inkişafını  təmin  edir.  Məhz  1994-cü  ildə  “Əsrin 

müqaviləsi”nin imzalanması ilə Azərbaycan özü üçün yeni imkanlar açdı. Azərbaycan özünü tanıtdı, ilk 

dəfə  olaraq  Xəzər  dənizini  xarici  sərmayədarlar  üçün  açdı.  Bunun  nəticəsində  bu  gün  bizim  hasilat  və 

ixrac imkanlarımız o səviyyədədir ki, bəlkə bu barədə heç təsəvvür etmək də mümkün deyildir. Bu gün 

Azərbaycan 50 milyon ton neft hasil edir, təxminən 25 milyard kubmetr qaz hasil edir. Neftçilər bunu çox 

yaxşı bilirlər ki, bu nə deməkdir. Azərbaycanın tarixində öz imkanlarımızı, neft-qaz yataqlarımızı biz heç 

vaxt belə böyük həcmdə işlədə bilmirdik. Bu gün bu imkanlar vardır və başlıca səbəbi ondan ibarətdir ki, 

bunun arxasında 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan neft strategiyası, onun 

məntiqi  nəticəsi  -  “Əsrin  müqaviləsi”nin  imzalanması  və  ondan  əvvəl  sizin  iştirakınızla  bu  yataqların 

kəşfi və hasilat üçün hazırlanması məsələləri dayanır.  

“Əsrin  müqaviləsi”ndən  sonra  “Şahdəniz”  yatağı  üzrə  kontrakt  imzalanmışdır.  Bu  kontrakt  da 

böyük çətinliklərlə imzalanmışdır, biz bunu yaxşı xatırlayırıq. Azərbaycanın geniş ictimaiyyəti bəlkə də 

bundan  xəbərsizdir,  ancaq  çox  ciddi  müqavimət  göstərilirdi.  Əfsuslar  olsun  ki,  nəinki  xaricdən,  eyni 

zamanda, ölkə daxilindən və o vaxt Azərbaycanın rəhbərliyində təmsil olunan bəzi insanlar “Şahdəniz” 

yatağının  işlənilməsinə  çox  ciddi  şəkildə  əngəllər  törətməyə  çalışırdılar.  Siz  bir  peşəkar  neftçi,  geoloq, 

alim,  mütəxəssis  kimi  öz  sözünüzü  qətiyyətlə  demisiniz.  Mən  bunu  çox  yaxşı  xatırlayıram,  ulu  öndər 

Heydər  Əliyevin  yanında  keçirilmiş  iclasda  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  bütün  rəhbərləri  öz 

sözünü demişlər. Ancaq sizin sözünüz səslənən o başqa fikirlərdən bəlkə də daha da vacib idi. Çünki siz 

dünya şöhrətli alimsiniz və ulu öndər Heydər Əliyev sizin sözünüzə çox inanırdı. Mən də sizin sözünüzə 




həmişə  inanmışam  və  onu  da  xatırlayıram  ki,  müəyyən  müddət  bundan  əvvəl  bəzi  xarici  şirkətlərin 

təkliflərinə  də  siz  öz  iradlarınızı  bildirmisiniz.  Sübut  etməyə  çalışmısınız  ki,  qazılacaq  quyular  üçün 

onların  seçdiyi  yer  məqbul  deyildir.  Əfsuslar  olsun  ki,  həyat  bunu  göstərdi.  Sizə  qulaq  asmadılar  və 

qazdıqları quyular boşa çıxdı. Ancaq həmin yataqlar bu gün yenə xarici şirkətlər tərəfindən işlənilir, bir 

neçə  ildən  sonra  da  işlənəcəkdir.  Bu  yataqlara  maraq  vardır.  Ona  görə  ki,  biz  hamımız  bilirik,  həmin 

yataqlarda həm neft, həm də qaz vardır.  

Mən sizin haqqınızda çox danışa bilərəm və bir daha qeyd etmək istəyirəm ki, sizin fəaliyyətiniz 

və  Azərbaycana  verdiyiniz  töhfələr  xalqımız  tərəfindən  yüksək  qiymətləndirilir.  Bu  gün  bizim  neft-qaz 

imkanlarımız  iqtisadi  inkişafımız  üçün  başlıca  şərtdir  və  bunun  başında  Azərbaycan  neftçiləri  durur. 

Azərbaycan  neftçiləri  öz  əməyi  hesabına  Vətənə  xidmət  göstərirlər.  Neftçilər  bütün  zamanlarda 

Azərbaycanda böyük hörmətə malik olmuşlar, bu gün də bu davam edir.  

Bu gün bir daha onu qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək 

qiymətləndirir.  Eyni  zamanda,  bizi  şəxsi  münasibətlər  də  bağlayır.  Səmimi  münasibətlər.  On  beş  ildən 

çoxdur bizim  münasibətlərimiz davam edir. Təkcə ona görə yox ki, vaxtilə ikimizin bir qəbul otağımız 

var idi və tez-tez o qəbul otağında görüşürdük. Həm də ona görə ki, mən Dövlət Neft Şirkətində işləməyə 

başlayanda sizinlə daim təmasda idim. Daim biz fikir mübadiləsi aparırdıq. Mənim üçün o sahə yeni idi. 

Sizdən çox şey öyrəndim və eyni zamanda, bizim aramızda o vaxtdan yaranan bu səmimi münasibətlər bu 

gün də davam edir. Bu, bizə də və əminəm ki, Azərbaycan dövlətinə də lazımdır.  

Mən  bu  əziz  gündə  sizi  bir  daha  ürəkdən  təbrik  etmək  istəyirəm.  Qeyd  etmək  istəyirəm  ki,  siz 

Azərbaycan dövlətinin ali mükafatları ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən “İstiqlal” 

ordeni ilə təltif edilmisiniz. Beş il bundan əvvəl siz “Şöhrət” ordeni və bu yaxınlarda “Şərəf” ordeni ilə 

təltif edilmisiniz. Mən istərdim ki, bu  yüksək  mükafatı bu gün özüm sizə təqdim edim  və sizə  gələcək 

fəaliyyətinizdə yeni uğurlar və cansağlığı arzulayım.  

 

 



Yüklə 217,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə