Грамматик нормалар



Yüklə 119,43 Kb.
tarix06.02.2018
ölçüsü119,43 Kb.
#26242
növüQaydalar

Qrammatik normalar
Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir.

Qrammatik norma nitqdə sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulmasını tənzimləyir. Qrammatik norma ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir və onun əsasında qurulmuşdur. Sözlər və cümlələr arasındakı əlaqə düzgün qurulmadıqda qrammatik səhvlər meydana gəlir ki, nitq mədəniyyəti məhz bu tipli səhvləri aşkara çıxarır və onların aradan qaldırılmasına xidmət göstərir.

a) Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar:

1.Bir neçə maşın torpaqları həyətə tökdülər?

2. Aslanov 12 nəfərlik ailəsi ilə beton döşəmənin üzərində yaşayırlar?

3.Hər bir ailə qurmaq istəyən gənclər (uçota) qeydiyyata götürülür

b) İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar:

1. Bir çox ölkələrin müşahidəçilər seçkidə iştirak etdilər.

(Burada müşahidəçilər müəyyən təsirlik halda işlədilməlidir).

c) Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar.

1. Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur (olmalıdır: həyatının bütün sahələri).

2. Bizim daha da dostluğumuz artdı (olmalıdır: daha da artdı).

ç) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar:

1.Ona müvəffəqiyyət uğuru arzu edirəm.

2.Bu fəaliyyət XX əsrin əvvəllərində daha da fəallaşdı.

3.Kompüterdə kompüteri öyrənirəm.

4.Yazarın yazdığı yazını oxuyuram və s.

Həm yazılı, həm də şifahi nitqdə belə qüsurlar tez-tez müşahidə olunur.

Qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlədilən isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib sözlərlə, ifadələrlə əvəz olunmalıdır. Eyni sözün və ya ifadənin təkrarını aradan qaldırmaq nitqin ahəngdarlığını təmin edir. Amma bu qaydaya həmişə əməl olunmur. Məsələn, Mir Möhsün Nəvvabın pedaqoji görüşləri ilə bağlı yazılmış avtoreferatda yanaşı gələn iki səhifədəki on beş abzasın hamısı «M.M.Nəvvab» sözü ilə başlanır. Belə hal, şübhəsiz ki, yazılı nitq üçün qüsur sayılır.

Ona görə də ədəbi dilin qrammatik normalarını dərindən bilmək lazımdır ki, bu cür qüsurlara yol verilməsin.

Ədəbi dilin qrammatik normalarına aşağıdakılar daxildir:

1) Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: iki top, üç kitab, dörd tələbə, yüz qoyun və s. Hazırda tələbələr ali məktəblərdə ən azı 2 xarici dil öyrəndikləri üçün onlar bilirlər ki, rus, ingilis, fransız və alman dillərində isimlər miqdar sayları ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir.

bir alma

beş alma —

yüz alma —

«Beş almalar», «on müxtəlif idman köynəkləri», «üç futbol topları» işlətmək qrammatik normanın pozulması deməkdir.

2) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə əlaqədardır və əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə artırılan mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının şəkilçiləri ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin köməyi olmadan da düzəlir. Yəni kitabım dedikdə, şəkilçi kitabın I şəxsin təkinə aid olduğunu ifadə edir. mənsubiyyət şəkilçili söz sahib şəxsi də əvəz edir. Amma rus, ingilis, fransız dillərində bu mümkün deyil.

Düzdür, dilimizdə I və II şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan da mənsubiyyət anlayışını ifadə etmək mümkündür. Yəni adları çəkilən xarici dillərdə olduğu kimi: Bizim ev, sizin məktəb və s. Lakin I tərəfin işlənmədiyi hallarda mənsubiyyət şəkilçisinin işlənməsi artıq labüd olur: evimiz, məktəbiniz. Canlı danışıq dilində, sual-cavab şəklində gedən dialoq müsahibələrdə mənsubiyyət kateqoriyasının II tərəfi ixtisara düşür. Məsələn, - Bu kimin topudur? – Mənim.

3) Məlumdur ki, adlara (isim, sifət, say) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının şəkilçiləri artırılır: tələbə+lər+imiz+in+dir, məşq+çi+lər+imiz+dən+siniz.

4) Felin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs – xəbərlik şəkilçisi artırılır: sil+dir+il+məli+dir. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta–mə4 sual ədatını da artırmaq mümkündür: sil+dir+il+məli+dir+mi?, (gərək) yaz+ış+ma+ya+sınız. Tək-tək hallarda qrammatik normanın pozulmasına rast gəlirik. «Onlar dərslərini gecələr öyrənirlərmiş» cümləsində qrammatik norma pozulmuşdur, çünki – imiş his–səciyi – lər cəmlik şəkilçisindən əvvəl işlənməli idi.

5) Sözlərin nitq axını prosesindəki sırası əhəmiyyətli olduğu üçün onun pozulması qrammatik qaydanın pozulmasına gətirib çıxarır. Məsələn: Artıq mənim gözləməyimdən nə çıxar indi? «Sizi mən çox vaxtlarda istəyirdim görmək». Danışıq dilində belə cümlələrə tez-tez rast gəlirik.

Cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir, təyin təyin olunan cümlə üzvünün önündə işlənir, zərflik, əsasən xəbərdən əvvələ düşür. Mən tarixi kitabları həvəslə oxuyuram.

6) Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır. «Tələbələr – oğlanlı, qızlı hamı universitetə gedirlər». «Bir neçə tələbə futbol toplarını stadiona aparırlar». İlk baxışda cümlələr düzgündür. «Səndən ötrü ayaqlarım evə getmirdilər» cümləsi də güzgün qurulmamışdır. «Tələbələr gedirdilər» cümləsində uzlaşma düzgün sayılmalıdır, amma «hamı» əvəzliyində cəmlik anlayışı olsa da, «hamı gedirdilər» deyilməz. «Bir neçə tələbə» anlayış, cəmlik bildirsə də, şəxs kimi təkdir, buna görə də «aparır» deyilməlidir. «Ayaqlar» sözü cəmdə olsa da, məntiqi cəhətdən «getmirdilər» demək olmaz, uzlaşma yanlışdır. Mübtəda ilə xəbərin şəxsə görə uzlaşması mütləqdir. Kəmiyyətə görə uzlaşma I və II şəxslərdə mütləqdir, pozulmur. III şəxsin cəmində isə ola da bilər olmaya da bilər.

a) Əgər mübtəda insan anlayışı bildirirsə, kəmiyyətə görə uzlaşma olmalıdır:

Qız rəqs edir. Qızlar rəqs edirlər.

b) Əgər mübtəda digər canlılar olarsa, kəmiyyətə görə uzlaşma ola da bilər, olmaya da bilər.




Quşlar isti ölkələrə

uçub gedirlər

uçub gedir (―)



c) Əgər mübtəda cansız əşya olarsa, xəbərdə III şəxsin cəmində kəmiyyətə görə uzlaşma olmaz.

Güllər solmuşdur (―)

Göründüyü kimi III şəxsin cəmində kəmiyyətə görə uzlaşma xəbərdə cəm şəkilçisinin olub-olmaması ilə ölçülür.

7) Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına tabedir.Cümlə üzvlərinin sırası normativ nitqdə pozulmur. Əgər biz «Mən həvəslə futbol matçlarını izləyirəm» desək, çoxları cümlənin düzgün qurulduğunu təsdiqləyəcək. Amma «həvəslə» zərfliyi qrammatik normaya görə «izləyirəm» xəbərinin qarşısında gəlməlidir. Emosional nitqdə, yüksək pafosla ifadə olunan poetik dildə mübtəda ilə xəbər yerini dəyişə bilər:

Çapdırır atını birbaşa, dünya!




Qoy sənə desinlər ay qaçaq Nəbi,

Həcəri özündən ay qoçaq Nəbi.



Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,



Bu, «quş dilidir», bunu Süleyman bilir ancaq.

(İ.Nəsimi).

«Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar, bu xəbəri gətirdiyinə görə».

Bədii əsərlərdə bilərəkdən söz sırası pozulmuşdur ki, bu da şeirlərdə qafiyə və bölgü, nəsrdə isə canlı danışıq dilini saxlamaq xatirinə edilmişdir.

8) Elə söz birləşmələrinə təsadüf edilir ki, onlarda əsas tərəflə asılı tərəfin yerinin dəyişməsi özünü göstərir: gözü yaşlı, sözü məzəli, qəlbi tox, fikri geniş. Bunlar I növ təyini birləşmələrə yaxındır.
Müasir Azərbaycan dilinin morfologiyası haqqında

Qrammatika termini yunanca «qramma» sözündən olub, hərf, yazı, savad mənasını verir. Müasir mənada qrammatika dilin qrammatik quruluşu haqqında elm sahəsi kimi başa düşülür.

Məlumdur ki, hər hansı bir dilin müstəqilliyinin əsas şərti onun özünəməxsus qrammatik quruluşunun olmasıdır. Əgər bir dil müstəqil qrammatik quruluşa malik deyilsə, onu müstəqil dil hesab etmək olmaz. Müxtəlif dialektlər məhz mütləq qrammatik həddə yüksəldikdən sonra müstəqilləşir.

Qrammatikanın iki hissəsi var. Bu 2 hissəni bir-birindən təcrid etmək olmaz. Qrammatikanın ənənəvi birinci hissəsi morfologiya, ikinci hissəsi isə sintaksis adlanır.

Morfologiyanın vahidi morfemdir. Morfem dilin elə kiçik mənalı struktur elementidir ki, onu hissələrə ayırmaq olmaz. «Ən kiçik vahid» ifadəsini fonem haqqında da işlətmişdik. Bunlar arasındakı fərq ondan ibarətdir ki, fonem dilin ən kiçik mənasız, morfem isə ən kiçik, amma mənalı vahididir. Morfemlər kiçik hissəciklər olsa da, dilin qrammatik quruluşunda çox mühüm əhəmiyyətə malikdir.

Dildəki morfemlər hər bir dilin qrammatik quruluşundan asılı olaraq söz tərkibində birləşir. Morfemlərin söz tərkibində birləşməsi dilin qrammatik quruluşundan asılı olsa da, bir çox dünya dilləri üçün bir universal cəhət vardır ki, o da sözün kök, əsas və affikslərdən (şəkilçi) ibarət olmasıdır.



Kök mürəkkəb anlayışdır. Buna görə də kökün ümumi tərifini vermək çətindir. Bu kökün mürəkkəb təbiətindən irəli gəlir.

Kök əsas mənanın daşıyıcısı olub, heç bir şəkilçi qəbul etmədən, mənanı ifadə edir. Bu cəhətdən yanaşdıqda kökün müxtəlif növlərinin olması aydın olur. Amorf deyilən Hind-Çin dillərində köklər, əsasən bir hecadan ibarət olur. Kök ərəb dilində çox vaxt üç samitdən ibarət olur. Məsələn: q, s, r kökündən – təqsir, müqəssir, qüsur, məqsur; q, s, d kökündən – qəsd, qasid, məqsud, məqsəd və s. sözlər yaranmışdır.

Aqqlütinativ dillərdə isə kök ayrılıqda məna verib, bütün morfoloji vəziyyətlərdə dəyişməz qalır. Azərbaycan dilinin kökləri bu qəbildəndir: Məsələn, baş kökündən başlanğıc, başçı, başlı, başsız, başlamaq və s. sözlər yarandıqda kök dəyişməz qalır.

Əsas sözün quruluşunda müstəqil morfem deyil. Sözün kök və sözdüzəldici şəkilçilərdən ibarət hissəsi əsas adlanır. Məsələn, baş-çı -lar sözünün kökü baş əsası başçıdır. Belə əsaslara birinci əsas deyilir. Çünki bir kök və bir sözdüzəldici şəkilçidən ibarətdir. İkinci əsas kök üstəgəl 2 sözdüzəldici şəkilçidən ibarətdir. məsələn, baş-çı-lıq.

Üçüncü əsas kökə üç sözdüzəldici şəkilçi artırmaqla düzəlir.

Məsələn, yaz-ı-çı-lıq, sür-ün-dür-mə və s.

Şəkilçi sözə qrammatik məna verən və ondan yeni məna yaranmasına kömək edən morfemdir. İşlənmə yerinə görə şəkilçiləri (affikslər) üç qrupa bölmək olar: 1.Suffiklər» 2. Prefikslər; 3. İnfikslər.



Suffikslər –sözün sonuna qoşularaq onu forma və məzmunca dəyişən morfemlərdir. Flektiv və amorf dillərə nisbətən aqqlütinativ dillərdə suffiks – son şəkilçi daha çox inkişaf etmişdir. Çünki leksik və qrammatik mənalar iltisaqi –aqqültinativ dillərdə yalnız şəkilçilər vasitəsilə yaranır. Bu dillərdə kök dəyişmədiyi üçün məna və forma dəyişməsi şəkilçilər hesabına olur. şəkilçilər (affikslər) öz funksiyasına görə iki qrupa bölünür:

1.Sözdüzəldici şəkilçilər (leksik).

2.Sözdəyişdirici şəkilçilər (qrammatik).

Sözdüzəldici şəkilçilər (leksik).

Bu şəkilçilər vasitəsilə yeni məzmun yaranır. Sözdüzəldici şəkilçilər məhsuldar və qeyri –məhsuldar, milli və alınma qruplarına bölünürlər.

Azərbaycan dilində –çı4, – lıq4, – lı4, – sız4 və s . şəkilçilər məhsuldar şəkilçilərdir.

– cı (dam – cı) – ınc (gülünc)

– ic (çək – iç) – ar (aç-ar)

– laq (ot – laq) və s. şəkilçilər qeyri-məhsuldardır.

Mənşəyinə görə sona qoşulan şəkilçilər milli və alınma olaraq iki qrupa bölünür. Azərbaycan dilində milli şəkilçilər alınmalara nisbətən qat-qat çoxdur. Alınma şəkilçilər də iki qrupa bölünür: ərəb və fars mənşəli, rus və Avropa mənşəli şəkilçilər.

a) Ərəb mənşəli şəklçilər. Ərəb mənşəli bir sıra şəkilçilər ərəb sözləri ilə birlikdə dilimizə keçib tarixən geniş miqyasda işlənmişdir. Azərbaycan milli ədəbi dili formalaşdıqdan sonra həmin şəkilçilər öz yerini milli mənşəli şəkilçilərə verib dilimizi tərk etmişdir: hürufat (hərflər); əlamat (əlamətlər).

– at şəkilçisi cəmlik bildirən şəkilçidir. Ərəb sözləri ilə işlənib sonralar dilimizdən çıxmışdır. İndi dilimizdə qalan ərəb mənşəli şəkilçilər öz əvvəlki funksiyasını demək olar ki, itirmişdir. Məsələn, xəcalət, dəyanət, mətanət, keyfiyyət, kəramət kimi sözlərdə biz cəmlik axtarmırıq.

b) Fars mənşəli sözdüzəldici şəkilçilər dilimizdə daha çoxdur. Onlar fars dilində müstəqil söz olduğu halda, Azərbaycan dilinə isim düzəldən şəkilçi kimi keçmişdir. Məsələn, xətt-keş. Keş şəkilçisi keşidən felinin köküdür. İsim düzəldən şəkilçi kimi dilimizə keçmişdir. Eyni sözlər baz, kar, dar, suz, bər, əndaz şəkilçiləri haqqında da demək olar (xana, pərəst, pərvər).

-dar - malik olmaq məsələn, əməkdar, evdar;

- kar - iş, məsələn, sahibkar, sənətkar;

-saz - düzəldən, məsələn, saatsaz rəngsaz;

-xana – ev, otaq məsələn, çayxana, kitabxana.

c) Rus Avropa mənşəli şəkilçilər.Belə şəkilçilər dilimizdə azdır. Bunun 2 səbəbi var. Birincisi, bu dillərin özündə affikslər azdır, çünki onlarda prefiks və infikslər daha çox inkişaf etmişdir. İkincisi, bu şəkilçilərin alınma tarixi son dövrlərə təsadüf edir. Bu dövrdə isə milli ədəbi dilimizin normaları artıq sabitləşmişdir. Buna görə də belə şəkilçilər kütləvi surətdə dilimizə keçə bilməmişdir. Alınma sözlərə öz şəkilçilərimiz artırılmışdır. Traktorist, motorist, svarşik və s. sözlər dilimizin öz şəkilçiləri ilə traktorçu, motorçu, qaynaqçı və s. kimi verilir.

Sözdəyişdirici (qrammatik) şəkilçilər.

Sözün axırına qoşulub onu formaca dəyişən şəkilçilər kökə leksik deyil, qrammatik məna verir. Bu şəkilçilər sözlərin bir-birinə bağlanmasına xidmət edir. Bu şəkilçilərin bəzi xüsusiyyətləri var:

1.Bunların içində alınma olanları yoxdur, hamısı öz şəkilçilərimizdir.

2.Yalnız ahəngə tabe olan şəkilçilərdir. 2 və 4 cür yazılan şəkilçilərdir. Ahəngə tabe olduqları üçün içərilərində birvariantlılar yoxdur.

Qrammatik şəkilçilər dilimizdə çoxdur.

İsimlərdə – cəm, mənsubiyyət, hal, şəxs- xəbərlik şəkilçiləri, fellərdə – şəxs, zaman, şəkil, inkarlıq şəkilçiləri və s.



Kitab


ın

a

ı



da

dan


Yaz


ır

sa

ıram



acaqsan

mır


malıdır

Prefikslər. Azərbaycan dilində prefiks yoxdur. Vaxtilə dilimizdə ərəb və fars mənşəli bir çox sözlə birlikdə onların prefiksləri də işlənirdi. İndi həmin prefikslər Azərbaycan dilinin öz milli şəkilçiləri ilə əvəz edilmişdir. Ərəb dilindən «la», fars dilindən «bi», «na» kimi prefikslər Azərbaycan dilində vaxtilə geniş işlənirdi. Məsələn, laməzhəb, laməkan, bimürvət, bisavad, bivəfa, binamus, nainsaf, nahəmar, naümid və s. sözlərdə işlənən ön şəkilçilər – prefikslər indi dilimizin öz şəkilçiləri ilə əvəz edilmişdir.

Məsələn: bisavad – savadsız

bivəfa – vəfasız

binamus – namussuz

naümid – ümidsiz

laməzhəb – məzhəbsiz

laməkan – məkansız

Bir neçə sözdə əvəz etmək mümkün olmadığından həmin prefikslər indi də gəlmə sözlərdə işlənir.

narazı – razısız?

namərd – mərdsiz?



İnfikslər. Sözün ortasında – kök tərkibində işlənən elə morfemlərdir ki, kökün mənasını dəyişir. İnfikslər əsasən flektiv dillərdə mövcuddur. Bu həmin dillərdə kökün dəyişə bilməsi ilə əlaqədardır. Aqqlütinativ dillərdə kök dəyişməz olduğu üçün onun tərkibinə əlavə heç bir vahid – fonem, morfem daxil edilə bilməz.

Sözlərin leksik və qrammatik qrupları

Müstəqil mənasına və qrammatik xüsusiyyətlərinə görə qruplaşan söz siniflərinə nitq hissələri deyilir. Dilçilikdə nitq hissələrinin ənənəvi bölgüsü üç prinsipə əsaslanır. Nitq hissələrinin təsnifində əsas götürülən prinsip leksik, qrammtik (morfoloji) və sintaktik prinsiplərdir. Bu prinsiplərə görə nitq hissələri əsas, köməkçi və xüsusi olmaqla 3 qismə bölünür. Əsas nitq hissələri:

– Müstəqil leksik mənaları var.

– Ayrılıqda işlənə bilir.

– Qrammatik mənası var.

– Suala cavab verir.

–Söz yaradıcılığında iştirak edir (yəni leksik şəkilçilər artırıb yeni sözlər düzəltmək olur).

– Formaca dəyişə bilir.

– Cümlə üzvü ola bilir.

Əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, fel, zərf daxildir. Köməkçi nitq hissələri isə yuxarıdakı tələblərə cavab verə bilmir. Bunlar dildə leksik məna deyil, qrammatik məna ifadə edir. Bu nitq hissələri cümlə üzvləri və cümlələr arasında ya əlaqə yaradır (qoşma, bağlayıcı) ya da mənanı qüvvətləndirir. (ədat, modal sözlər). Nidalar xüsusi nitq hissəsi kimi qeyd olunur. Çünki nidalarda həm əsas, həm də köməkçi nitq hissələrinin xüsusiyyəti vardır. Belə ki, nidalar bəzən bütöv bir sözlə, bəzən də mənasız səs kompleksi ilə ifadə edilir. Məsələn, ah, vay, ox müstəqil sözlər olduğu halda, oy, uf, bah müstəqil sözlər deyil. Nitq hissələrinin ümumi linqvistik mövqedən düzgün şərh edilməsi XIX əsrdən – dilçilik müstəqil elm kimi formalaşdıqdan sonra mümkün olmuşdur.


Morfoloji kateqoriya anlayışı

Sözün qrammatik mənası dedikdə aşağıdakılar nəzərdə tutulur:



  • Sözün hansı nitq hissəsinə mənsub olması.

  • Bir nitq hissəsi olaraq hansı xüsusiyyətlərə malik olması.

  • Hansı sintaktik vəzifə daşıya bilməsi.

Qrammatik mənaları ifadə etmək üçün hər bir dilin özünəməxsus forma və vasitələri vardır. Deməli, hər hansı bir dildə müəyyən qrammatik məna yalnız öz qrammatik özülü əsasında ifadə edilir. Buna görə də qrammatik mənaların ifadə formaları müxtəlifdir. Özlüyündə aydındır ki, qohum dillərin qrammatik quruluşu təxminən eyni olduğu üçün onlarda qrammatik mənaların ifadə üsulu da eynidir. Məs., türk dillərinin qrammatik kateqoriyaları təxminən eynidir. Əgər müxtəlif sistemli dillərin qrammatik mənalarının ifadə formalarında bir uyğunluq nəzərə çarparsa, bu tam təsadüf və ya qrammatik təqliddir. Məsələn, Azərbaycan və rus dilləri müxtəlif ailələrə mənsubdur, lakin onların hər ikisində hal kateqoriyası var, hələ sayı da uyğun gəlir. Əlbəttə, bu təsadüfdür. Bununla belə, qeyd etmək lazımdır ki, hər hansı bir dildə müəyyən qrammatik kateqoriyanın olub-olmaması dilin zənginliyinə və kasıblığına, inkişaf etməsinə və geri qalmasına dəlalət etmir.

Əgər rus dilində mənsubiyyət kateqoriyası, fars və fransız dillərində hal kateqoriyası, Azərbaycan dilində cins kateqoriyası yoxdursa, bu o demək deyil ki, həmin dillər bu cəhətdən kasıbdır. Dilin inkişaf etməsini onun qrammatik quruluşunda axtarmaq olmaz.

Dünya dillərində qrammatik mənaları ifadə etmək üçün iki üsul vardır: 1. Qrammatik kateqoriyalar;

2.Qrammatik vasitələr.



Qrammatik kateqoriyalar: 2 yerə bölünür: 1. Ümumi qrammatik kateqo­riyalar: Kəmiyyət kateqoriyası. Xəbərlik kateqoriyası.

2. Xüsusi qrammatik kateqoriyalar isə bunlardır: Hal kateqoriyası. mən­subiyyət kateqoriyası. Dərəcə kateqoriyası. İnkarlıq kateqoriyası. Təsirlik kateqo­riyası. Növ kateqoriyası. Deməli, ümumi qrammatik kateqoriya dedikdə əksər nitq hissələrini əhatə edənlər nəzərdə tutulduğu kimi, xüsusi qrammatik kateqoriyalar dedikdə də bir nitq hissəsinin xüsusi qrammatik əlaməti nəzərdə tutulur.



Tapşırıq 1. Verilmiş sözləri söz və şəkilçiyə ayırın. Şəkilçi artırıldıqdan sonra yaranmış sözün mənası ilə sözün kökünün mənası arasındakı fərqi izah edin.

dağlıq, palıdı, dəmirçi, şahlıq, gözəlləşmək, baxış, gölməçə, otluq, qüsursuz, yağlı, əkinçilik.



Tapşırıq 2. Verilmiş sözlərə elə cümlələr qurun ki, kiçik mətn alınsın.

bağlıq, meyvəlik, bağça, ətirli, güllük, həyətdəki.



Tapşırıq 3. Verilmiş söz cütlüklərini qrammatik şəkilçilər vasitəsilə bağlayın.

mənzil, dəhliz

uşaq, paltar

şəhər, get

küçə, keç

stadion, oyna.



Tapşırıq 4. Verilmiş sözlərə ön şəkilçi artırın.

təmiz, layiq, hörmət, tərəf, insaf, savad, vəfa.



Tapşırıq 5. Sözləri düzgün ardıcıllıqla düzərək cümlə qurun.

a) şirkət, dost, Samir, çalış

b) gəl, turist, say, Bakı, çoxal, xeyli

c) qərb, ölkə, Xəzər, yerləş

d) hər, bir, öz, xalq, müstəqillik, mübarizə, uğrunda, daim, hazır, olmaq.

e) müharibə, ölkə, hər, bir, həmişə, aclıq, dağıntı, gətirmək, və, bədbəxtlik

ə) intizam, möhkəm, yer, olmayan, qələbə, heç bir, əldə etmək, olmamaq.

Tapşırıq 6.Aşağıdakı isimlərə kəmiyyət, mənsubiyyət, hal və xəbər şəkilçiləri artırın.

məktəb, meşə, seir, qonşu, həyət, bağ, sevgili, doğma.



Tapşırıq 7. Azərbaycan dilinə son illər daxil olmuş bir neçə söz yazın və onların leksik mənalarını müəyyənləşdirin.

Tapşırıq 8. Verilmiş şeir parçasında ikivariantlı və dördvariantlı şəkilçiləri olan sözləri ayrı-ayrı sütunlarda yazın:

Bulud qondu dağlara,

Yatdı dağlar, dərələr,

Nağıl dedi nənələr,Yatdı bütün körpələr.

Yat ətirli gülüm, yat,

Balaca bülbülüm, yat (İ.Tapdıq).



Tapşırıq 9. Kökü açıq saitlə bitən sözlərə saitlə başlayan şəkilçilər artırıldıqda onlar qapalı sait kimi tələffüz olunur. Verilmiş sözlərin tələffüzünü transkripsiyada yazın. Babaya, nənəyə, istəyirsən, alqışlayır, xalaya, başlayıram, dişləyirlər, ataya, gözləyirik.




Yüklə 119,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə