Güntay Gəncalp



Yüklə 38,26 Kb.
tarix04.11.2017
ölçüsü38,26 Kb.
#8569

Güntay Gəncalp
Maşalla Rəzminin GUNAZdakı söhbətləri üzərinə
Sual: Maşalla Rəzmi bəy GUNAZda ”Yaşıl Hərəkəti” dəstəklər yöndə böyük qərarlılıqla söhbət etdilər. Bu haqda görüşləriniz nədir?
Cavab: Maşalla Rəzmi bəy keçmişi və günümüzdəki fəaliyətləri ilə bir yerdə millətimizin ən dəyərli şəxsiyətlərindən biridir. Çünkü əski ideolojilərə mənsub olan insanların əksəriyəti Türk Milli Hərəkətinə qatılmırlar. Hətta bu hərəkətin olduğunu qəbul etmirlər. Bu baxımdan Hörmətli Maşalla bəyin öz millətinin yanında olması gerçəkdən də təqdirə layıqdır. Yəni önəmli olan Türk milli kimliyinin pəncərəsindən baxıb hadisələri dəyərləndirməkdir. Dəyərləndirmədə yanlışlığın olub-olmaması ikinci dərəcəli mövzudur, ancaq xəta olmasa daha yaxşı olar. Çünkü biz elə bir çətin durumdayıq ki, əlimizdə tədricən birikmiş olan enerjini yanlış yollarda əldən çıxarsaq, bir daha çox gec ola bilər. Bu xətaları əngəlləmənin də yolu dialoqdan keçər. Ancaq indi keçəlim Maşalla bəyin açıqlamalarına. Əslində mən belə hesab edirdim ki, Maşalla bəy üç ay öncəki açıqlamalarından daha fərqli açıqlamalar edəcək. Ancaq bu üç ay içində bir çox olayların olmasına baxmayaraq, Azərbaycanın səssizliyinin davam etməsinə baxmayaraq, Maşalla bəy tam üç ay öncəki kimi söhbət etdilər. Bu üç aylıq zaman dilimindəki gəlişmələrin Maşalla bəyin görüşlərinə təsir etmədiyini gördük. Ayrıca, Maşalla bəyin açıqlamalarında ciddi təzadlar var idi.
Sual: Diqqəti cəlb edən təzadlar nədən ibarət idi?
Cavab: Bütün ictimai hərəkətləri eyni qavramlarla incələmək olmaz. Hər bir ictimai hərəkətin öz özəlliyi və kodları var. Maşalla bəyin açıqlamalarında gedən söhbətlər milli-ictimai hərəkətin yapsını incələyən içərikdə deyildi. Istərsiniz bu mövzunu bir az daha dərinliyinə anlatmaq istərdim. Bir ictimai olqu (vaqiə) var, bir də ictimai olay (hadisə). İctimai olqu ilə ictimai olayları incələmə metodları fərqlidir. İctimai olay keçicidir, yerini bir başqa olaya buraxa bilər. İctimai olqu tarixidir, tarixi dərinliyi var. Bizim yanaşmamızda söz qonusu ictimai olqunu anlatmaq olmalıdır, sadəcə ictimai olayı deyildir. İctimai olay keçici olaraq yeni anlaşılmazlıqlar ortaya qoya bilər, ictimai olqu etnik varlığa olaraq fars milliyetçiliyi nərkəzli İrani kimliklə inteqrasionu davam etməyi rədd etməkdədir. Günümüzdəki səssizliyi bu dönüşümün içində görmək faydalı ola bilər. Çünkü, özəlliklə günümüzdəki yaşıl olay fars zehniyətinin olqusu üzərində yapılanmışdır. Bu haqda başqa bir yazımda geniş şəkildə izahat verəcəm.

Ana dilində yazıb oxuyan bir ulus özündə bir güvən, rahatlıq və arxayınlıq hiss edər. Bizim kimi ana dilində yazıb-oxumaqdan məhrum olan millətlər bu özgüvəndən məhrum olurlar. Bu məhrumiyət bir çox fəlakətlərin qaynağıdır. Bu gün ”Yaşıl Hərəkət”in bütün iştirakçıları genəldə fars dilində düşünən, fars dilində planlayan kəsimlərdir. Yəni ”yaşıl hərəkət” sırf siyasi bir hərəkətdir. Çünkü siyasətin əsas amacı iqitidarı ələ keçirmək və ya paylaşmaqdır. Hətta prezidentliyə aday olanlar da mövcud anayasanın çərçivəsində nizamı qoruyaraq, iqtidara gəlmək istəyirdilər. Onların demokratik söyləmlərinə də əsla şahid olmadıq. Hələ də şahid deyilik. Demokratik söyləm kütlənin içində cərəyan edirdi. Onlar demokratik söyləmi bundan sonra dillərinə alsalar da bu, kütlənin basqısı üzündən olacaq. Zatən ”Yaşıl hərəkət”in faciəsi də bundan ibarətdir ki, kütlənin demokratik və sekular söyləmi onun liderlərindən daha yüksək düzydədir. Nimayişçilərin basqısı nədəni ilə liderlər meydana gəldilər. Ancaq nimayışçilərə yeni bir fikir demədilər. Bir az daha zaman keçdikdən sonra kütlə bu liderlərə güvənini itirəcək. Çünkü bu liderlər topluma demokrasi gətirəcək gücdə və səviyədə deyillər. Onların bilgiləri, keçmişləri, davranışları bunu əngəllər. Bu arada Kərrubiyə haqsızlıq etməmək üçün onun bir çox cinayətləri ifşa etnməsini unutmamalıyıq. Ancaq cinayətləri ifşa etmək özü bir başarı sayılsa da topluma demokrasi məsajları vermək başqa mövzudur. Demək istəyirəm ki, ”Yaşıl Hərəkət” sırf siyasi hərəkətdir. Planları, hədəfləri də bəllidir: Mövcud nizamın içində iqtidara gəlmək. Ancaq İrandakı türk məsələsi hələ siyasi hərəkət deyildir. Siyasi olan bir hərəkətlə, siyasi olmayan bir hərəkəti incələmə ayrı-ayrı üslublar və metodlara ehtiyac duyar. Maşalla bəy Rəzmi burada qavram qarqaşası içinə girmiş və sırf siyasi olan ”Yaşıl” hərəkəti siyasi olmayan, ya da hələ siyasi olmayan milli hərəkətlə özdeşləşdirirlər. Bütün açıqlamaları da bu yolda oldu.



Sual: Türk milli hərəkəti siyasi bir hərəkət deyilmi? Bu qədər milli insanlarımızı tutub zindana salırlar, işkəncə edirlər.
Cavab: Zindana yalnız siyasilər düşməzlər. Məsələn Qalilə siyasi deyildi. O, bir alim idi. Onu da tutuqladılar. Mühakimə etdilər. Hətta 2006-ci il may qalxınmaları da siyasi hərəkət deyildi. O, mədəni bir etiraz idi. Heç bir siyasi təşkilat və ya siyasi lider onu orqanizə etməmişdi. Mədəni etirazlar siyasi etirazlardan daha dərin olur. Mədəni devrimlər siyasi devrimlərdən daha anlamlı və dərin olur. Siyasi-ictimai devrim mümkün deyilsə, mədəniyətdə inqilab etmək lazımdır. Biz millət olaraq indi o inqilabla məşğuluq. Yəni mədəni inqilabla. Yəni tariximizi bir dəfəlik din və faşizm əsarətindən düşüncə və bilgi planında qurtarmaq. Mədəni etirazlar, siyasi hərəkətlərlə qiyasda daha fəlsəfi və daha insani olur. Milli bir devingənlik (hərəkətlilik) sosiolojisində üç mərhələ təsbit edilmişdir: 1. Romantik mərhələ. Devinimin (hərəkətin) ən başlanqıc və ibtidai səviyəsidir. Daha çox folklora, tarixə, tarixi qəhrəmanların mübarizəsinə diqqət edər. Əsasən keçmişdən qüvvət alıb toplumun oyanışına xidmət etməyə çalışar. Biz bu mərhələni keçmişik, ancaq tam olaraq deyil. Hələ də bəlli bir çevrənin buna ehtiyacı var.

2. Elmi-nəzəri mərhələ. Bu mərhələ çox önəmlidir. Milli dildə düşünüb, düşündürə bilən bir nəslin yetişməsidir bu. İdeoloji və teori ürətimi bu mərhələyə xasdır. Yəni milli hərəkətin beyin qatını təşkil etmək lazımdır. Bu an bizim milli hərəkətin beyin qatı zəifdir. Bir tək mərcəi təqlid bu hərəkətə dəstək vermir. Ancaq səbirli olmaq lazımdır. Bir çox mərcəi təqlid və ayətullahlar bu hərəkətə qatılacaqlar. Elmi-nəzəri mərhələni başa çatdırmadığımız üçün Musəviyə və onun şovinist zehniyətinə dəstək vermək, nəticə etibarı ilə türklüyü onların bəlli faşist görüşlərinə təslim etmək anlamına gələ bilər. Yəni bəlkə kimsənin belə bir niyyəti olmaya bilər, ancaq belə milli mənafe və milli kimlik savaşında niyət və davranış uyum və uyğunluq içində olmalıdır. Deyirlər ki, ”yaşıl hərəkətin içində niyə əriyirik, öz kimliyimizlə qatılalım.” O zaman sormazlarmı ki, öz kimliyinizlə yaşıl hərəkətə niyə qatılırsınız? Öz kimliyinizlə başqa bir zamanda və başqa bir məkanda meydana çıxa bilməzsinizmi? Çünkü bu hərəkətə öz kimliyinizlə qatılsanız da dünya sizi yaşılçı olaraq görəcək. Yaşılların əlində böyük sərmayə var, öz kimliyinizlə qatılsanız da sizin səsinizi içəridə və dünyada boğarlar. Maşalla Rəzmi bəyin GUNAZdaki söhbətlərində bizim toplumumuzun elmi-nəzəri ehtiyacı üzərinə söhbətlərinə rast gəlmədik. Hansi kadrlarla və kimlərin timsalında bu hərkətə qatılmalıyıq? Kütləni başsız şəkildə iqtidar savaşına göndərmək doğrumu? Sanki bütün problemlər küçələrdə çözüləcəkmiş! Oysa bizim düşüncə əksikliyimiz var. Bilgi əksikliyimiz var. Bizim millətçilər belə, öz dillərində yaza bilmirlər. Biz bütün tarix boyu fikrən məğlub olmuşuq. Maşalla bəyin bu açıqlamaları bizi başqa bir fikri məğlubiyətə sürükləməkdədir.



3. Siyasi mərhələ. Baxınız Maşalla bəy sırf bu mərhələ üzərində danışırdı. Yaşıl hərəkət gerçəkdən sırf bu mərhələdədir. Çünkü yaşıl hərəkətin siyasi aristokrasisi var, bizim yoxdur. Kədivər, Soruş və yüzlərcə islam tarixi mütəxəssisləri, diplomatlar, təcrübəli politikacılar yaşıl hərəkətin içindədirlər ki, onların tam əksəriyəti, hətta mövcud problemlərin tarixi kökünü də türklərdə axtarırlar. Örnəyin Rəfsəncani yanlısı olan Sadiq Zibakəlam ”Biz necə biz olduq” kitabında İranın bütün problemlərinin səbəbkarı kimi türkləri və türk tarixini, türk ”yırtıcılığını!” göstərir. Belə bir adama necə güvənib onunla səngərdaşlıq etmək olar? Sanki Hörmətli Maşalla bəy farsların tarixi və ideoloji ədəbiyatında mövcud olan türk düşmanlığını unutmuşdur. Çünkü Yaşıl hərəkətin bütün ideoloqları türk sözünü eşitmək belə, istəmirlər. Diqqət etsəydiniz milli hərəkətin elmi-nəzəri mövzularına Maşalla bəy toxunmadılar. Biz yaşıl hərəkətçilərlə eyni gücdə və imkanlarda deyilik. Bir tərəfdə onların əllərində bizim millətimizdən sömürdükləri sərmayə var, digər tərəfdən onların milli və dilsəl çətinlikləri yoxdur. Ən önəmlisi Yaşıllar bizi ”biz” olaraq aralarında görmək istəmirlər.
Sual: Maşalla bəy söhbətlərində toplumun, yəni türklərin səssizliyinin hikməti haqqında heç bir şey söyləmədilər. Bu haqda nə söyləmək istərsiniz?
Cavab: Süküt, deyilməyən sözlərlə doludur. Millətimizin bu sükutu tarixi bir fürsətdir. Bir şansdır. Maşalla bəy bu fürsəti dəyərləndirmədilər. Buna çox təəssüfləndim. Sanki millət böyük xəta edirmiş kimi yozdular bu sükutu. Oysa xəta edən millətimiz deyil, ziyalılardı. Çünkü məsələn bəzi açıqlamalara dayanaraq Təbriz bu hərəkətə qatılsaydı nə kimi faciələr olmazdı ki? 20 yanvardan da daha sərt qırğınlar olardı. Heç bir nəticəsi də olmazdı. Çünkü sadəcə millətlərin mübarizəsi yetərli deyil bir cinayətkar rejimin getməsi üçün. Gərək o tarixi an gəlsin sonra. Millətin önündə olanlar adətən dəqiqlik anlamında mühafizəkar olmalıdırlar. Çünkü toplumun birikdirdiyi enerjini mühafizə etmək lazım. Oysa Maşalla bəyin açıqlamalarında dirçəlməkdə olan türk kimliyinə yönəlik mühafizəkarlıq hiss olunmadı. Millətin təhlükəli hadisələrə qatılmasında fikir bildirmək üçün mühafizəkarlıq başarının əsasıdır. Əlbəttə mən milli hərəkətdən danışıram. Məsələn Mücahid və ya Hizbullah üçün türklər onların hədəfləri üçün xərclənməsi gərəkən xam maddədir. Mənim üçün isə, türklük savaşı bir heysiyət məsələsidir. Bir tək milli gəncimizin boşuna ölməsini istəmirəm. Bir milli gəncimiz öləcəksə milli şüurumuzda bir devrim yaratmalıdır. Yaşıl hərəkətin içində itkin və canından bezmişlər cərgəsinə yazılmamalı onların adı. Əslində bizim sükutumuz çox şeyləri yüksək səslə bağırır. Nədən bu bağırtıları duymurlar anlamış deyiləm. Millətimizin ortaq duyğu və düşüncəsi bu hərəkətə passiv dəstək verməkdən yanadır. Çox və həddindən artıq çox doğru və təmkinli bir qərardı. Bunun tarixi səbəbləri var. Artıq əskidən olduğu zaman deyil. Bu sükut göstərir ki, millətimizin ortaq və kollektiv şüurunda ictimai olayları dəyərləndirmə tərzi dəyişmişdir. Bəzən bir millətin olaylara yanaşma tərzini dəyişdirmək üçün yüz illər zaman lazım olur. Çünkü millətləşmənin təməlində duran da bu baxış bucağının dəyişməsi durmaqdadır. O zaman bu sükut bizim tarixə və olaylara baxış bucağımızı dəyişdirmiş və onu türk mehvərli bir əsasa oturtmuşsa, buna sevinməmiz lazım. Bu başarını qutlamaq lazımdır. Bunun səbəbləri üzərinə bilgi ürətməmiz lazım. Nəinki bu anlamlı sükutu məhkum etməliyik. Əslində milləti bu anlamsız qırğına çağıranlar bir şəkildə millətlə açıqca qarşı-qarşıya gəlməkdədirlər. Açıqca millətə ”sən yanlış davranırsan” söyləməkdədirlər. Millətin tarix yarada biləcək qismini yaşıl hərəkətin istəkləri təsirləndirmir, təsirləndirməməlidir. Bir tək cavanımız da bu yolda qurban getməməlidir. Deyirlər ki, Tehranda türk yoxmu? Əlbəttə Tehranda türk var. Ancaq türklük şüurunda olmaq başqa şeydir. Türklük şüurunda olan Tehranda yaşayan bir türk bu hərəkətə qatılmadı, qatılmaz. Qatılanları da içimizdən çıxarmalıyıq. Deməliyik ki: ”Bizim milli haqlarımızı dünyaya bağıran sükutumuzu pozma, lütfən!. Çox xoşuna gedirsə, həyatından bezmisənsə, keç fars cəbhəsində qurbanlıq qoyun kimi sənin başını kəssinlər. Faşızm söyləmlərini ədəbiyatlarından çıxarmamış hərəkətin içində bizim nə işimiz?” Milli mübarizənin üslubu çərçivəsində düşünmək zorundayıq.

Sual: Maşalla Rəzmi bəy deyirlər ki, fotbal meydanının içində olmaq istəyirik, top gətirən və ya tamaşaçı olmaq istəmirik. Bu necə bir görüşdür?

Cavab: Mənim ixtisasım fotbal deyil, valeiboldur. Orta məktəbdə çox yaxşı valeibol oynardım. Ancaq futbol haqqında bəzi bilgiləri bilirəm. Bilirsiniz ki, futbolda təyin edilmiş taxımlar bir—biri ilə oynarlar. Məsələn əgər Doğu Türkistan—Türkiyə taxımları oynayırsa, ola bilsin ki, tamaşaçıların içində Braziliyanın ən yaxşı oyunçuları da var. Onların bu oyuna qatılma haqları yoxdur. Başqa taxıma mənsubdurlar çünkü. İndi də biz milli kimlik və millət olaraq Əhmədinəjad—Musəvi taxımlarına mənsub deyilik. Bunların futbol meydanlarına necə girə bilərik? Yəni Braziliyalı oyunçular zorla oyuna girsələr, onları uzaqlaşdırmanın yasal yolları var. Adam futbol ustası olanda hər taxımda oynamaz ki, öz taxımında oynamalıdır. Biz də öz taxımımızı düzəldəlim və örnəyin sayın Maşalla bəy gəlsin qapıçımız olsunlar, ya da kapitanımız. Digər tərəfdən bilirsiniz ki, futbol oyununda oyuncular oyundan zövq almırlar. Onlar yorulurlar. Zövqü alan tamaşaçılardır. Nə olar ki, biz də Əhmədinəjad—Musəvi oyununa baxıb həm zövq alalım, həm də təcrübə qazanalım. Pisdirmi bu? Harası pisdir?


Sual: Maşalla bəy “Demokrasini demokratlar deyil, güclərin dəngəsi bərqərar edir”- deyirlər. Bu necə bir yanaşmadır?
Cavab: Bu da bir tür yanaşmadır. Demokrasi üzərinə yüzlərcə sosioloji planda yazılmış kitab var. Maşalla bəyin də yanaşması bir yanaşma tərzidir, ancaq bütüncül deyildir. Nədən? Əvvəla demokrasi təkbaşına deyildir. Qərb politik ədəbiyatında liberal—demokrasi bir yerdə yazılır, tələffüz edilir. Çünkü demokrasi bir dəyər deyildir. Bir metoddur. Yəni dəyərlərin həyata keçmə metodudur. Dəyər liberalizmdir, demokrasi isə, leberalizmin özünü gerçəkləşdirmə metodudur. Əhmədinəjad da bu üzdən liberalizmin düşmənidir. Liberalizmə görə həqiqət bir deyildir, çoxdur, pluraldır. Düşüncə və dini pluralizm də leberalizmin özəlliyidir. Liberalzimin 3 qatı var: 1. Düşüncə azadlığı. Bunun təməlində sekularizm durar. 2. Bazar iqtisadiyatı. 3. Siyasi seçim pluralizmi, yəni demokrasi. Göründüyü kimi düşüncə azadlığı olmayan yerdə demokrasinin sadəcə maddəsi olar, mahiyəti deyil. Məsələn İranda və islam ölkələrində seçim filan var. Ancaq burada demokrasinin mahiyətini liberalizm deyil, islam oluşdurur. Islam isə ən son və “kamil!” din olduğu üçün bütün düşüncələri susdurur. Susdurmalıdır. İslam Orta Çağı hələ davam edir. İslam—demokrasi düşmənliyi burdan qaynaqlanır. Bütün dinlər öz içlərində istibdad və diktatorluq barındırırlar. Çünkü mütləq həqiqətdən danışarlar. Mütləqilik yəni istibdad. İslam və digər dinlərin tarixində bu qədər qeyri— insani, qeyri— əxlaqi olayların baş verməsi də bu üzdəndir. Din siyasətin içinə girdiyində insanı yırtıcı heyvana çevirir. Bu yırtıcılığın da adını qoyurlar allah. İslam ölkələrindəki yırtıcı canavarları da siyasi islam tərbiyə etmişdir. Zatən islam da yeganə siyasi dindir. Görürsünüz ki, demokrasinin həyata keçməsində düşüncə adamının da təsiri var. Volterin təsiri olduğu kimi. Demokrasinin liberal dəyərlərini düşünürlər ortaya qoydular. Bu yolda Qərbdə nə qədər demokratlar və özgür insanlar öldürüldülər. Bu üzdən də mənə görə demorasi üstə söylədiklərim amillər ilə bir bütündür. Maşalla bəy də bir açıdan baxmışdır, ancaq bu baxış bütüncül deyildir. Nəqzi və nəqsi vardır. Zatən Maşalla bəy yaşıl hərəkətə qatılmanın səbəbini də demokrasini bu şəkildə tərif etməsinə dayandırır. Yəni Maşalla bəyə görə demokrasini demokratlar gerçəkləşdirməzlər. Musəvi də, Yaşıl Hərəkətçilər də demokrat deyillər. Ancaq bunların boğuşması demokrasini doğura bilər, o zaman biz də qatılalım ki, demokrasinin gəlişini hızlandıralım. Bu demokrasinin tarixi təcrübələri və fəlsəfəsi ilə uyğun gəlmir. Demokrat bir lider bəzən demokrasini bir ölkədə gerçəkləşdirir. Mahatma Qandi kimi. Ya da Türkiyədə Atatürk “Əfəndilər sekular cümhuriyət qurulmuşdur və fazla qonuşanın qafası gedəcək”- dedi. Bugünkü Türkiyə demokrasisi güclərin bir-bir ilə sürtüşməsindən doğmamışdır Maşalla bəyin söylədiyi kimi. Sekular cümhuriyət bir liderin dühasının ürünü olmuşdur. Zatən o zaman savaşdan çıxmış Türkiyədə burjuazı və ümumiyətlə siniflər yox idi. Tarım kökənli iqtisadiyata dayalı idi ölkə. Yəni modern insanların düşüncə tərzi demokrasini qəbul edər. Yaşıl hərəkətin liderləri sekularizmi qəbul edirlərmi? Belə bir açıqlamaları olmuşmu? Tam tərsinə onlar deyirlər bu nizamın gerçək qoruyucuları bizik. Onların demokrasini quracaq nə təcrübələri var, nə bilgiləri, nə də inanışları. Ayrıca, milli məsələ demokratik bir istək deyildir. Təbii bir istəkdir. Demokrasinin olmadığı bir çox ölkələrdə dillər azaddır. Əski sovetlərdə olduğu kimi. Demokratik tərcih üçün insan bir həddi-büluğa çatmalıdır. Bunu isə 18 yaş təyin etmişlər. Yəni 18 yaşa qədər fərdin siyasi tərcih haqqı yoxdur. Oysa milli dil 18 yaşa qədər oxunar, oxunmalıdır. 7, 8, 9,11 yaşlarında çocuqdan demokratik davranmağı ummaq olarmı? Ana dilində oxumaq insanın təbii haqqıdır.

Maşalla Rəzmi bəyin söhbətlərində ziddiyətlər bir-birini izləyirdi. Bir tərəfdən “Biz dağınıq durumdayıq, bu dağınıq duruma bir mərkəziyət lazım”- deyirlər. Digər tərəfdən də yaşıl hərəkətə qatılmanı təbliğ edirlər. Sormazlarmı ki, dağınıq durumdaysanız bu hərəkətə necə qatıla bilərsiniz? Bizim siyasi intelektimiz gərəkən düzeydə yetişməyibdir. Millətin tarixi şüurunda böyük hadisələr baş verir. Bu hərəkətə dağınıq durumda olduğumuz üçün deyildir qatılmayışımız. Ortaq əqli-səlim fərqli düşünür. Qatılmayışımızın əsas səbəbi güvənsizlikdir. Türk milli hərəkəti yaşıl hərəkətə güvənə bilməz. Onun bir parçası ola bilməz. Olduğu zaman o zehni istiqlalını itirər və bu da oyanış məntiqinə ziddir. Yaşıl hərəkətə olan güvənsizliyimiz bizim refleksiv şəkildə özümüzü qorumağımızdır. Bu güvənsizlik özümüzə olan güvəndən qaynaqlanır. Türk milli hərəkəti qarşımızdakı aylarda öz gücü və öz simgəsi ilə tarix yaratmaq zondadır. Onun-bunun qoltuğunda zəif görünməyə haqqımız yoxdur. Türk gəncliyi öz hədəflərinə görə milli şüuruna dayanaraq tarix səhnəsinə çıxmalıdır, ya da səssizliyini qorumalıdır. Faşizmin hədəflərinə qurban verəcək artıq adamımız yoxdur.


Sual: Son sözünüz varmı?
Cavab: Maşalla bəyə böyük hörmətim var. Bu söyləşi milli həyatımız və milli aqibətimizlə bağlıdır. Maşalla bəyin bəzi yazılarını da mən ana dilimizə tərcümə etmişdim. Bu kimi tənqid və dəyərləndirmələr işığında millətimizin bilgilərinin artacağına inanıram. Ayrıca, Maşalla bəyin GUNAZdakı söhbətlərində çox vacib və öyrətici bilgilər də var idi. Özəlliklə dünya güclərinin bir-biri ilə ilişkiləri mövzusunda çox dəyərli bilgilər təqdim etdilər. Şəxsən mənim üçün çox maraqlı oldu. Bilgilərimin artışına səbəb oldu. Özəlliklə Maşalla bəyə Doğu Türkistan olayları üzərinə yazdığı məqaləsi ilə bağlı minnətdarlığımı bildirmək istəyirəm. Maşalla bəyə can sağlığı diləklərimlə bitirirəm.

26.09.2009






Yüklə 38,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə