Hardasan, ay subayliq 3 pərdəli komediya Iştirak edirlər



Yüklə 244,84 Kb.
səhifə1/3
tarix02.01.2018
ölçüsü244,84 Kb.
#19431
  1   2   3

HARDASAN, AY SUBAYLIQ
3 pərdəli komediya

Iştirak edirlər:

Qüdrət Səda – orkestrin bədii rəhbəri, akkordeonçu

Ayna – orkestrin solisti

Rəşid – pianoçu

Gülyanaq – kontrabas çalan

Novruzəli - baritonçalan

Nora – orkestrin ikinci solisti

Təbil vuran

Saksafonçu

Gitaraçı

Rəqs edən qızlar və başqaları

BİRİNCİ PƏRDƏ
Pərdə açılarkən estrada orkestri çalır. N o r a eybəcər bir mahnı oxuyur. Balet dəstəsi rəqs edir. Mahnı sona çatanda R ə ş i d piano arxasından qalxır.

R ə ş i d. Bəsdir, bu mahnıya oxşamazı daha çalmaq istəmirəm!

Q. S ə d a. Bu nədir? Sən kollektivə qarşı hörmətsizlik edirsən?

R ə ş i d. Mən kollektivimizin nüfuzunu həmişə yüksək tuturam. Deyin kimə lazımdır bu eybəcər qərb tvisti?

Q. S ə d a. Rəşid! Xahiş edirəm mənə musiqi dərsi verməyəsən. Nə vaxt səni bədii rəhbər qoyarlar, onda orkestrin repertuarını dəyişərsən.

N o r a. Bilmirəm bu mahnının nəyi bəzi – bəzi adamların xoşuna gəlmir.

T ə b i l v u r a n. Biz də bilmirik bu mahnının nəyi bəzi – bəzi adamların xoşuna gəlmir.

Q. S ə d a. (onun üstünə çımxırır). Hər kəs öz adından danışsa yaxşıdır. “Biz” deyəndə sən daha kimi nəzərdə tutursan?

G i t a r a ç ı. (Yerindən qalxır). Məni! Mən də o fikirdəyəm ki, siz orkestri belə -belə şeylərdən təmizləməlisiniz. Bu cür eybəcər rəqslərlə, mənasız musiqilərlə biz gənclərimizin tərbiyəsini poza bilərik.

N o r a. Gənclərimizin tərbiyəsi. Guya onunla biz məşğul olmalıyıq.

N o v r u z ə l i. Əşi, adamda insaf yaxşı şeydir. Noranı niyə gözümçıxdıya salmısınız?

S a k s a f o n ç u. Mayestro, məncə kollektivin səsini eşitmək ümumi işin xeyrinədir.

Q. S ə d a. Ay canım, keçən dəfə özünüz gördünüz ki, Noranın ifasında “No–ra–lə-lu”nu da, bu mahnını da camaat necə alqışladı.

R ə ş i d. Camaat Aynanın oxuduğu “Azərbaycan”, “Çırağban Xəzər”, “Məhəbbət” mahnılarını alğışladı. Noraya əl çalanlar bir yığın zövqsüzlər idi.

G ü l y a n a q. Novruzəli səhv edirsən. Rəşid haqqına danışır. Nora hər dəfə o “No–ra–lə-lu”nu civildəyəndə mənim ətim tökülür.

N o v r u z ə l i. Necə? Sənin də xoşuna gəlmir? Onda sözümü geri götürürəm. Demişəm, deməmiş olum. Mən Gülyanaq Manaflı xanımın sözü ilə yüz faiz şərikəm.

G ü l y a n a q. Novruzəli, sənin öz fikrin yoxdur?

N o v r u z ə l i. Mən sənin zövqünə inanıram. Hər nə desən iki yüz faiz şərikəm.

N o r a. Mayestro, bu fırıldaqlar mənə aydındır. Rəşidin çalışdığı odur ki, Nora qastroldan qalsın. Cazın müvəffəqiyyətləri onun nişanlısı Aynanın adına yazılsın.

R ə ş i d. Səhv edirsən! Ayna onsuz da sənin mahnılarını oxumaz.

N o r a. Axı oxuya da bilməz!

G ü l y a n a q. Bax, canınçun doğru deyirsən. Avtomobil siqnalı kimi səs çıxarmaq hər adamın işi deyil. Onu ancaq sən bacararsan.

Q. S ə d a. Madam ki, tamaşaçılarımız arasında Noranın mahnılarını xoşlayan gənclərimiz var, demək, biz onların da zövqünü nəzərə almalıyıq.

R ə ş i d. (irəli çıxır). Biz orkestrin repertuarını tək-tük meşşanların səviyyəsinə endirə bilmərik!

N o r a. A... meşşan adam deyil?

G ü l y a n a q. Xeyr, meymundur.

N o v r u z ə l i. Mən, Gülyanaq Manaflı xanımın sözü ilə yüz faiz şərikəm.

Q. S ə d a. Kəsin mübahisəni! Məşqi davam etdiririk! Nora! İiii!


Musiqi çalır.
N o r a. Söndürməyin işıqları,

Bağlamayın restoranı.

Olmayıbdır gecə yarı,

Qoyun hələ rəqs edirəm.

Bax, mən belə rəqs edirəm.

Çox içmişəm, məst olmuşam,

Bu dünya bir əyləncədir,

Əylənməkçün doğulmuşam.

Gülə-gülə rəqs edirəm.

Bax, mən belə rəqs edirəm.


Mahnının axırında Novruzəli xaric not çalır.
Q. S ə d a. (hirslənir). Noruzəli!

N o v r u z ə l i. Bəli.

Q. S ə d a. Sənə yüz dəfə demişəm ki, çalanda ağlın başında, gözün notda, fikrin özündə olsun.

N o v r u z ə l i. Baş üstə.

G i t a r a ç ı. Mayestro, sizdən çox xahiş edirəm, yerimi dəyişin. Mən Novruzəlidən uzaqda dayanım.

S a k s a f o n ç u. Onunla iş düzəlməz. Novruzəlini bizdən uzaqlaşdırmaq lazımdır.

N o v r u z ə l i. Sözünüzdən belə çıxır ki, bu orkestrdə bariton artıqdır.

S a k s a f o n ç u. Bariton yox, sənin kimi baritonçu artıqdır.

Q. S ə d a. Sakit olun.

S a k s a f o n ç u. Mayestro, yoldaşlar şahiddirlər, dünən işdən sonra bax bu, Novruzəliyə nə qədər dil tökdüm ki, bir-iki saat qal səninlə məşq eləyim, razı olmadı, üstəlik mənə lağla nə cavab versə yaxşıdır? Deyir, sən natrum xlora gedəndə, mən natrum xlordan gəlirdim. Yəni, mayestro, duzdan.

G ü l y a n a q. Novruzəli, o natrum xlordan bir az da Noraya ver, duzlu oxusun.

N o r a. . Mayestro, Məni təhqir elədilər.

Q. S ə d a. Antrakt! Novruzəlidən başqa hamınız gedə bilərsiniz.
Çalğıçılar dağılırlar. Novruzəli ilə Q. Səda dayanır. Q. Səda Novruzəlinin baritonunu, sonra isə onun başını tıqqıldadır. Hər ikisindən oxşar səslər çıxır.
Q. S ə d a. Eşitdin?

N o v r u z ə l i. Bəli, arifə bir işarə kifayətdir.

Q. S ə d a. Heç boyundan utanıb xəcalət çəkirsən?
Novruzəli dəsmalını çıxarıb boynunun tərini və bığlarını siləndə asqırır.
N o v r u z ə l i. Bağışlayın, mayestro, dəsmalla siqareti bir cibimə qoymuşam... bayaq baritonda elə ona görə... (Bir də asqırır.)

Q. S ə d a. Ceyran, düzünü de, bügünkü məşqdə neçə xoruz buraxmısan?

N o v r u z ə l i. Xoruz, yəni xaric not?

Q. S ə d a. Bəli.

N o v r u z ə l i. (hesablayır). Birini “do” da, birini də “mi” yə keçəndə.

Q. S ə d a. Bəs “si bemol”da neylədin?

N o v r u z ə l i. Düzdür, üç kərə. Ancaq mayestro onlardan biri, necə deyərlər, beçə idi...

Q. S ə d a. Biri də dəyirman xoruzu, eləmi?

N o v r u z ə l i. Düzdür, doğru sözə can qurban, boynuma alıram.

Q. S ə d a. Atan sağdır?

N o v r u z ə l i. Atam, allah ölənlərinizə rəhmət eləsin, gedib. Atalığım hələ durur.

Q. S ə d a. Vucdanın var?

N o v r u z ə l i. Gərək olsun.

Q. S ə d a. Səni and verirəm ölən atanın goruna, qalan atalığının canına, bir də əgər varsa, öz vicdanına. De görüm, o iki xoruz, bir beçə kimə lazımdır? Orkestrin bədii rəhbəri mən Qüdrət Sədaya, estradanın baritonçalanı sən Novruzəliyə, yoxsa tamaşaçılara?

N o v r u z ə l i. Düzünə qalsa, heç kimə, hamısı artıq şeylərdir.

Q. S ə d a. Daha sənə sözüm yoxdur. (Əsəbi halda gəzinir, sonra gəlib yenə onun qarşısında dayanır.) Sən restoran bıçağı kimi kütsən! Məni başa sal görüm, son zamanlar konsertlərə hazırlıqsız niyə gəlirsən?

N o v r u z ə l i. (baritonu ona uzadır.) Mayestro, vurun kəlləmə, öldürün məni, Təqsirkaram.

Q. S ə d a. Hayıfdır.

N o v r u z ə l i. Başım?

Q. S ə d a. Xeyr, bariton! Hər dəfə çalanda sən gah əlimdən dala qalırsan, gah da qabağa qaçırsan. Solistləri çaşdırırsan, düzgün oxuya bilmirlər. Kollektivimiz qastrola hazırlaşır. Beş – on gündən sonra orkestrimiz xalqın qarşısında öz qüvvəsini nümayiş etdirəcək. Səni bu kökdə adam arasına çıxarmaq olarmı? Əlbəttə, yox!

N o v r u z ə l i. Niyə? Sir- sifətimin orkestrovkası xoşunuza gəlmir?

Q. S ə d a. Xeyr, sənin adamlığın! Ailədə, məişətdə elədiyin pozğunluqlar! Mənim bu gün - sabah əlli yaşım tamam olur, hələ bir dəfə də evlənməmişəm. Səninsə evlənib - boşanmaqdan başın ayılmır. Novruzəli olan bəndə neçə yol arvad boşayıb, ev-eşikdən çıxar? Neçə yol gəlib idarədə stolların üstündə yatar?

N o v r u z ə l i. Haqlısınız... haqsızam.

Q. S ə d a. Elə ona görə də sər-kələfi itirmisən. Yadırğamısan, çala bilmirsən. Xəbərin varmı killektivin arasında adına nə deyirlər?


Bu vaxt onların arasından keçən təbilvuran ayaq saxlayır.
T ə b i l v u r a n. Xoruzburaxan, Novruzəli. (O pultdan not kağızını götürüb gedir.)

Q. S ə d a. Eşitdin?

N o v r u z ə l i. Lap yerindəə deyirlər mənə! Axır vaxrlar öz üzərimdə işləmirəm. Dodaqlarım xamlaşıb, ambajura yatmır. Yuxarı notları götürəndə xoruzlayıram. Qərəz... tək özüm bilirəm məni bu kökə salan nədir?!

Q. S ə d a. Deyəsən, səbəbini biz də bilək

N o v r u z ə l i. Xeyr! Onu soruşmayın, mayestro, içim özümü yandırır, bayırım özgələri.

Q. S ə d a. Demək, təsdiq edirsən ki, gələcəkdə belə işlər yaramaz?

N o v r u z ə l i. Təsdiq edirsən də sözdür? Bəli...

Q. S ə d a. Bəli? Onda elə isə...

Bir ərizə yaz öz xoşunla getginən!

Sabahdan orkestri tərk etginən!

N o v r u z ə l i. Mayestro, eşit mənim sözümü,

Çalışaram, düzəldərəm özümü.

Q. S ə d a. Çalışmağın əbəsdir,

Yorulduq, daha bəsdir!

Gör neçə vaxtdır ki, yaman bezmişik,

Şıltaq uşaq tək nazına dözmüşük.

N o v r u z ə l i. Nöqsanıma yummamışam gözümü,

Çalışaram, düzəldərəm özümü!

Q. S ə d a. Çalışmağın əbəsdir,

Yorulduq, daha bəsdir!

Sənin kimi çalğıçıdan kar aşmaz...

N o v r u z ə l i. Belə baritonçu orkestrə yaraşar...

Q. S ə d a. Belə baritonçu orkestrə yaraşmaz. Ceyran, sən çalış sabah ərizəsiz yanıma gəlmə.

N o v r u z ə l i. Soruşmaq ayıb olmasın, ərizəmdə nə yazım?

Q. S ə d a. Yaz ki, məni öz xahişimlə işdən azad edin.

N o v r u z ə l i. Lazım gəlsə ərizə yazaram, lap işdən də çıxaram. Ancaq tələsməyin. Onu da bilin ki, mən istəsəm yenə də gəlib öz yerimə girərəm.

Q. S ə d a. Xeyr! Girə bilməzsən!

N o v r u z ə l i. Girə bilərəm!

Q. S ə d a. Dedim ki, girə bilməzsən!

N o v r u z ə l i. Mən də dedim ki, girə bilərəm! (Bərkdən.) Mən şampam probkası deyiləm ki, çıxdığım yerə girə bilməyim! (Gedir.)

Q. S ə d a. (fikirli). Bu nə akkord idi o mənə vurdu, başa düşmədim?

N o r a Sinəsi-kürəyi açıq gödək paltarda oxuya-oxuya gəlir.

N o r a. Mayestro, elə mən sizi təklikdə görmək istəyirdim. Bayaq adamların arasında deyə bilmədim.

Q. S ə d a. Buyur.

N o r a. Daydayımdan sizə salam.

Q. S ə d a. O da sağ olsun, sən də sağ ol. Necədir kişinin kefi?

N o r a. Əla! Söz var bu yaxınlarda vəzifəsini dəyişəcəklər.

Q. S ə d a. Dəyişəcəklər?

N o r a. Bəli, bir pillə də yuxarı qalxacaq.

Q. S ə d a. Təki olsun. Yaxşı, bunlar bir yana, bəs dünən məşqə niyə gəlməmişdin?

N o r a. Bülletendəyəm, mayestro. Soyuqlamışam, səsim yerində deyil.

Q. S ə d a. Sənin səsin nə vaxt yerində olub? (Kənara) Sən ölməyəsən, bəzi həkimlərin işi-gücü elə bizim artistlərə bülleten yazmaqdır. Bu toylarda hansı oxuyanımıza rast gəlirsən, bülletendədir. Leyli bülletendədir, Məcnun bülletendədir, Kərəm bülletendədir, indi Nora da bülletendədir?!

N o r a. Haqqına danışmırsınız, mayestro. Axı o Məcnun yazığa soyuq dəyəndən sonra, Leyliyə necə aşiq olsun?

Q. S ə d a. Ay qız, Kərəmi demirəm, üst-başı qalın idi, Məcnun yazıq dəli-divanə olub, illərlə ayaqyalın, başıaçıq çöllərdə yaşardı, nə bir yol qrip tutdu, nə temperaturasını ölçdürdü, nə də bülletenə çıxdı. Bilmirəm bizimkilərə nə olub? Fuff eləyən kimi soyuqlayırlar. (Onun geyiminə diqqət yetirir.) Bu nə cür paltardır geyinmisən?

N o r a. Təzə fransız modasıdır – “tülpantellor”!

Q. S ə d a. Mən adını soruşmuram. Bu tikilib qurtarıb, yoxsa yarımçıq geyinib gəlmisən?

N o r a. (qəhqəhə çəkir). Yarısı dərzidə qalıb... Mayestro, mən qastrola getməyə indidən hazırlaşıram. Elə ona görə gəldim paltarıma baxasınız.

Q. S ə d a. Belə “tülpantellor”da adama soyuq da dəyər, hələ üstəlik sətəlcəm də olar. Xətrinə dəyməsin, deyəsən, qastrolda oxuyacağın mahnıların bir-ikisini başqa şeylə əvəz edəcəyik. Bilirsən... gərək...

N o r a. Fikriniz aydındır. Bu oxun kimlər tərəfindən atıldığı məlumdur. Ancaq onu bilmirəm, bədii rəhbər sizsiniz, yoxsa Rəşid. Yaddan çıxarmayın, Noradan iki dənə deyil, bir dənədir. Sonra məni çıraqla da axtarsanız tapa bilməyəcəksiniz. Mən orijinal bir solist kimi, sizin estradaya təzə manera gətirmişəm. Sabah öz repertuarımla hansı caza getsəm, məni əlləri üstdə gəzdirərlər. Siz Rəşidin, Aynanın sözü ilə oturub – dursanız, bu orkestri çox geri çəkəcəksiniz!

Q. S ə d a. Ceyran, mən başqalarının çaldığı hava ilə oynayan deyiləm. Mənim öz zövqüm var.

N o r a. Ona da bələdəm. Sizin zövqünüzü ancaq Gülyanaq kimilər oxşaya bilər.

Q. S ə d a. Bu nə sözdür!

N o r a. Özünüzü bilməməzliyə qoymayın. Gülyanaqla olan məhəbbət dastanınızı oxumasaq da eşitmişik.

Q. S ə d a. Əvvala bizim dastanlıq heç bir məcaramız olmayıb. Doğrudur, cavan vaxtlarımda ona meylim vardı. Lakin ürəyimi açmaq istəyəndə xəbər tutdum ki, gecikmişəm. O ərə gedib. Vəssalam!..

N o r a. (lağla) İndi də gec deyil, Gülyanaq ərindən ayrılıb. Özü də səhərdən axşamacan gözünüzün qabağında. Niyə dayanmısınız.

Q. S ə d a. Nə isə, söhbəti dəyişmək lazımdır.

N o r a. Mayestro, kukla kimi podruqalarım var. Hansı zövqünüzə yatsa alım sizin üçün.

Q. S ə d a. Mənə kukla-mukla lazım deyil (Gedir.)

N o r a. (ardınca). “Mənə kukla lazım deyil!” Gərək səni bu orkestrdə öz nazımla elə oynadam ki, mənə afərin deyəsən. (Gedir. Rəşidlə Ayna gəlir.)

R ə ş i d. Ayna, təəccüblənmə. Novruzəlinin arvad alıb – boşamaqdan vaxtı haradaydı ki, öz işi lə məşğul olaydı? Hər dəfə də evlənəndə öz xeyrini güdür. Keçən il də baletimizdə olan qızın dalınca çox süründü. Eşitmişdi ki, lotoreya bileti maşın udub. Könlündən avtomobildə gəzmək keçirdi.

A y n a. Bəs axırı necə qurtardı?

R ə ş i d. Qızı yoldan çıxarıb razılığını alandan sonra məlum oldu ki, o minik maşını yox, paltaryuyan maşın udub. Elə həmin gün əlvida deyib, ondan üz döndərdi. (Ayna gülümsəyir.) Niyə gülürsən, Ayna?

A y n a. İndi mənə hər şey aydındır. Arada bir Novruzəli məni də gözaltı eləmişdi.

R ə ş i d. Demək sənə də vurulmuşdu?

A y n a. Mənə yox, maaşıma vurulmuşdu.

R ə ş i d. Bəs sən ona demədin ki, nişanlım var?

A y n a. Ayıbdır, Rəşid eşidərlər.

R ə ş i d. Mən heç kəsdən çəkinmirəm. Odur, uşaqlar da gəlir. Bu dəqiqə məsələni hamıya açıb danışacağam.


T ə b i l v u r a n, s a k s f o n ç u və g i t a r a ç ı gəlirlər
S a k s a f o n ç u. (yoldaşlarına). Göz dəyməsin, axır vaxtlar Rəşidi Aynasız, Aynanı Rəşidsiz görmürük.

A y n a. Sizdən nə gizlədim, baxıın, o Aynanın barmağında parıldayan üzük mənim nişanımdır.

A y n a Rəşid!

R ə ş i d. Utanma Ayna, deyəcəyəm.

R ə ş i d. Qoy hamı bilsin ki, sənsən, Aynacan,

Xoş arzum, istəyim, pənahım mənim.

Göz görübdür, könül sevibdir, inan.

Nədir bu sevdada günahım mənim?

Sızlatma qəlbimi gəl, xısın-xısın

Gülümsə bəxtimə işıq saçılsın,

Istərəm nəğmənlə daim açılsın,

Ilk bahar ətirli sabahım mənim.

G i t a r a ç ı. Sağ ol. Ay Rəşid! Sizi ürəkdən təbrik edirik.

T ə b i l v u r a n. Bax... Nişanı bizdən xəlvəti etmisiniz. Ancaq toyunuza çağırmasanız, inciyərik ha...

S a k s a f o n ç u. Tamada da mən olacağam.

R ə ş i d. Ayna ilə məsləhətləşmişik. Toyumuzda elə öz orkestrimiz çalacaq.

A y n a. (kənara baxır). Rəşid, bir ora bax. Novruzəli oğru pişik kimi necə boylanır. Yəqin ki, Gülyanağı axtarır.
R ə ş i d. Gülyanağı?

A y n a. Bəli, bizim kontrabasçalan Gülyanaq Manaflını. Xəbərin yoxdur? Novruzəli indi də ona aşiq olub.

R ə ş i d. Sən nə danışırsan ay qız? Gülyanaq dul qadındır. Iki uşaq anasıdır. Olmaya bu sevdada da bir təmənnası var?

A y n a. Rəşid, Gülyanağın cəmi bir oğlu var. Balaca qız Səltənət onunku deyil. Qardaşı uşağıdır. Amma hamı onları ana-bala bilir.

R ə ş i d. Biz Gülyanağı ayıltmalıyıq, yazıqdır.

G i t a r a ç ı. Lap sən deyən yazıqlardan da deyil. Lazım gəlsə, o, beş Novruzəli kiminin aşının suyunu verər.

T ə b i l v u r a n. Yox, dadananla quduran bir olar. Novruzəlini özbaşına buraxmaq olmaz. Bu barədə biz mütləq bir tədbir görməliyik.

R ə ş i d. Uşaqlar bilirsiniz nə var? Gəlin hamımız çalışaq ki, Novruzəlinin onunla evlənməsi baş tutsun.

A y n a. Rəşid, sən zarafat edirsən, nədir?

R ə ş i d. Lap ciddi sözümdür. Ssss... Novruzəli gəlir. Gedək hər şeyi sizə başa salım.


Gedirlər. N o v r u z ə l i gəlir. Pasportunu çıxarıb baxır.
N o v r u z ə l i. Bu mənim pasportum, bu da mənim mübarək şəklim. Hardasan ay subaylıq? Sən belə təzədən xoş gəlib, səfa gətirmisən! Mənim ağlımca xeyir-bərəkətsiz arvad almaq, subaylığı keçi qiymətinə satmaq deməkdir. O, gün ki, ZAQS-da kəbin kağızını imzalayıb küncünə möhür basdılar, ürəyimdəki məhəbbətin axırına da yekə bir nöqtə qoydular. Fikirləşirdim ki, Sənubərin atası yağlı yerdəndir. Qızı əldən buraxmaq olmaz. Elə orada uduzdum. Qayınatam fərasətsiz də elə bil mənə bənd imiş. Qızına ilişən kimi özünü də işdən götürdülər. Arzularım alt-üst oldu. Ancaq bu dəfə gərək zirək tərpənəm. Zarafat deyil, gözünə döndüyüm Manaflı xanım boşandığı professor ərindən balaca qızına görə ayda iki yüz manat aliment alır. Hələ bu gəlhagəli on altı il davam edəcək.
R ə ş i d gəlir
R ə ş i d. Novruzəli, nə var, öz-özünlə danışırsan?

N o v r u z ə l i. (köks ötürür). Danışmayım, neyləyim? İndicə Qüdrət Səda abrımı ətəyimə bükdü.

R ə ş i d. Elə bu?

N o v r u z ə l i. Bu azdır? Qorxuram orkestrdə məni sıxışdıra, bütün planlarım darmadağın ola.

R ə ş i d. Hansı planların?

N o v r u z ə l i. Mətləb nazikdir, dərdimi təzələmə, Rəşid.

R ə ş i d. Bəlkə mən sənin dərdinə çarə eləyəcəyəm.

N o v r u z ə l i. Onu bacarmazsan, dərdimin çarəsi başqasındadır.

R ə ş i d. Kimdədir? Hə? Dinmirsən? Istəyirsən, mən deyim?

N o v r u z ə l i. (qımışır) De.

R ə ş i d. O, kontrabasçalan nazlı xanımda. Barmaqları ilə ürəyinin tellərini qıdıqlayan o afətdə. Qıyğacı baxışları ilə sənə xoruz buraxdıran...

N o v r u z ə l i. De görüm sən bunu haradan bilirsən?

R ə ş i d. Mən də, Ayna da sənin sevgi məcarandan xəbərdarıq. Ancaq...
G ü l y a n a q l a A y n a pıçıldaşa-pıçıldaşa gəlib onların qabaqlarından keçirlər
N o v r u z ə l i. Gördün? Məni yandırıb, cızdağımı çıxardan o Manaflı xanıma fikir verdin? Yanımdan reaktiv təyyarə kimi necə vıyıltı ilə ötdü? Onun nəzərində mən adam deyiləm, taxta-şalbanam. Bəli şalbanam.

R ə ş i d. Açığını bilmək istəyirsənsə, Gülyanaq sənin sevginə etiraz eləyir.

N o v r u z ə l i. Etiraz eləyir? Niyə?

R ə ş i d. Deyir, mən bilmirəm Novruzəli hansı yuvanın quşudur.

N o v r u z ə l i. Əvvala mən quş deyiləm, adamam! İkincisinə qalanda, tanımır, al ver ona tərcümeyi – halımı oxusun. (Novruzəli Rəşidə bir kağız çıxarıb verir. Rəşid kağızı oxuyur.)

R ə ş i d. Mənim ilk və son məhəbbətim Xeyransa...

N o v r u z ə l i. (Tez kağızı onun əlindən alır). Eh... O deyil.

R ə ş i d. Yox, Novruzəli bu məsələdə tərcümeyi – hal kömək eləməz. Gülyanağa sənin üçün bir nəfər zəmanət verməlidir.

N o v r u z ə l i. Əmanət? Yəni üzük istəyir?

R ə ş i d. Əmanət yox, zəmanət! Arada etibarlı bir adam olmalıdır.

N o v r u z ə l i. Yaxşı, səncə Manaflı xanım üçün elə etibarlı adam kimdir?

R ə ş i d. Özü deyən ya mən, ya Ayna. Hansımız ona him eləsək ki, razı ol, o dəqiqə əriyib muma dönəcək.

N o v r u z ə l i. Sizə qurban olum, deyin ərisin də... Deyin, muma dönsün də. Axı mən yazıq şam kimi əriyib qurtardım. Atalığımın canı üçün, o Gülyanağın məhəbbəti şingilə olub yapışıb ürəyimin mərkəzinə, ha dartıram qopara bilmirəm. (Düşünür.) Yox, bu al-ver baş tutmayacaq, Rəşid.

R ə ş i d. Nə üçün?

N o v r u z ə l i. Onunçun ki, Ayna mənim tərəfimi saxlamaz. O, qız məni görəndə elə bil ki, qulyabanıya sancaq göstərirlər.

R ə ş i d. Ay Novruzəli, ölməmişəm ki. Mən Aynaya bircə işarə edəndən sənra o Gülyanağı dilə tutub yumşaldacaq. Ondan sonra sənin ürəyinə buz kimi sərin, bal kimi şirin məhəbbət şirəsi süzüləcək. Olacaqsan nə?

N o v r u z ə l i. Dəm. Xumar... Sərxoş... Atalığımın canı üçün, elə danışırsan ki, ağzım sulanır.

R ə ş i d. İndi de görüm ayağında arvad - zad yoxdur ki?

N o v r u z ə l i. Arvad yoxdur, zad var...

R ə ş i d. Başa düşmədim.

N o v r u z ə l i. Atobba üçün Sənubərə aliment verməliyəm.

R ə ş i d. (düşünür) Deməli Sənubəri də boşadın.

N o v r u z ə l i. Məni qınama, ay Rəşid. Arvad qarpız kimi şeydir, alnda bilmirsən necə çıxacaq...

R ə ş i d. Yavaş, Gülyanaqla Ayna gəlirlər!

N o v r u z ə l i. Bunlara nə olub belə?! Bayaqdan əkiz bacı kimi cüt gəzirlər.

R ə ş i d. Aynanı Gülyanağa mən qoşmuşam. Tapşırmışam arvadı razı salsın.

N o v r u z ə l i. Sağ ol, Rəşid! (Ağlamsınır.) İndi bildim ki, əsl dostsan. Mənim üçün can yandırırsan.

R ə ş i d. Gedək!


Gedirlər. A y n a ilə G ü l y a n a q gəlir.
A y n a. (ehtiyatla). Gülyanaq bacı, ancaq bu məsələdən Qüdrət Səda xəbər tutmamalıdır. Yoxsa hər şey pozula bilər. Bir-iki dəfə görüşüb danışarsan, razılığını verərsən...

G ü l y a n a q. Yaxşı, başa düşdüm. Demək, Novruzəəlinin mənə yanaşmaqda da öz kələyi varmış?! Heç eybi yoxdur. Mən onu zurna-qavalsız bir oynadım, bir oynadım ki! Siz də tamaşasına gəlin!


Zəng çalınır
A y n a. Gedək, məşqin vaxtıdır.

G ü l y a n a q. Həm məşqin vaxtıdır, həm də, eşqin vaxtıdır.



(Yuxarı qalxırlar. Musiqiçilər yerlərini tutur. Q.Səda qabağa çıxır.)

Q. S ə d a. Hazırlaşın, indi də o biri solistimizi dinləyəcəyik. “Məhəbbət mahnısı”nı çalırıq. Ayna yaxın gəl. İiii!


Orkestr çalır.
A y n a. Vurulmuşam bir oğlana,

Yanır qəlbim məhəbbətdən,

Onun zülmü mənə xoşdur,

Dünyada hər səadətdən.


Könlüm evin o yarıbdır,

Ürəyimi qoparıbdır,

Saf eşqimi aparıbdır,

Zövq alırmı bu qarətdən?


Sevgi yoxdur etibarı,

Baxmır oğlan mənə sarı,

Dindirsəydi bir yol barı,

Qurtarardım əziyyətdən.


Novruzəli çevrilib Gülyanağı süzür Gülyanaq da ona baxır. Novruzəli özünü itirir. Hamı çalıb qurtardıqdan sonra onun baritonu yenə səslənir. Çalğıçılar gülüşürlər.
Q. S ə d a. (Aynaya). Yaxşıdır.

N o v r u z ə l i. Adamın allahı var, min dəfə Noradan şirin oxuyur.

Q. S ə d a. Heç olmasa sən sus!

G ü l y a n a q. Nə üçün, Novruzəli qardaşın səsini alıblar?

N o v r u z ə l i. Xahiş edirəm aşağıdan tərifi boğmayın. (Gülyanağa.) Sən də daha mənə qardaş demə.

Q. S ə d a. Yenə başladınız? (Antrakt.)


Musiqiçilər gedirlər. Rəşid Novruzəlini pərdə qabağına çağırır.
R ə ş i d. Gördün, Gülyanaq birdən – birə valı necə dəyişdi?

N o v r u z ə l i. Əşi, gördün dedin, qoydun! Üzümə baxmaq istəməyən Manaflı xanım sinəsini qabağa verib məni müdafiə edirdi. Sənsiz bir günüm olmasın.

N o v r u z ə l i. Sən kömək ol, ay Rəşid,

Dərdimə yan bir mənim.

Gətir yola, sən allah,

Gülyanağı, evlənim.

R ə ş i d. Sirr aramızda qalsın,

Heç kəsə bir söz demə.

Düzəldərəm səninçün,

Novruzəli qəm yemə.

N o v r u z ə l i. O, Gülyanaq bir çıraq,

Mən ona pərvanəyəm.

Atalığımın canııyçün,

Lap dəli-divanəyəm.


R ə ş i d. Daha niyə durmusan? Odur, Gülyanaq tək-tənha oturub məşq eləyir. Get ürəyini aç. Ancaq özünü qabiliyyətli apar ha.

N o v r u z ə l i. O, barədə təcrübəliyəm. Arxayın ol, ay Rəşid.


O biri tərəfdən təbilvuran, saksafonçu və gitaraçı çıxırlar.
Tə b i l v u r a n. (Rəşidə). Novruzəəli ilə görüşdün?

R ə ş i d. Görüşdüm.

S a k s a f o n ç u. Danışdın?

R ə ş i d. Danışdım.

G i t a r a ç ı. Getdi?

R ə ş i d. Getdi, ancaq bu dəfə daş qayaya rast gəlib.


Yüklə 244,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə