Hüquq elmiNİn metodologiyasina dair hüseynov Əbülfəz İbrahim oğlu



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü197,79 Kb.
#67794


«Qanun».-2011.-№07.-S.3-10.

HÜQUQ ELMİNİN METODOLOGİYASINA DAİR

Hüseynov Əbülfəz İbrahim oğlu  

hüquq elmləri doktoru



Açar sözlər: hüquq, elm, tarix, metodologiya

Ключевые слова: право, наука, история, методология

Key words: the right, science, history, metodology

Tarixi  inkişafın  xüsusiyyətlərini,  dəyişkənliyini,  nisbiliyini,  stabilliyini  və  təsadüfliyini  özündə  birləşdirən

müəyyən  parlaq  dövrlərində  humanist  təlimlərlə  hüquqşünaslığın,  hüquq  nəzəriyyəsinin  qovuşması  diqqəti  cəlb

edir.  İntibah  dövrünü  xarakterizə  edən  belə  bir  dövrdə  dövlətlərin  və  vətəndaş  cəmiyyətlərinin  həyatında  inkişaf,

dəyişiklik və tənəzzül meyilləri birlikdə inikas edirdi. Roma hüququndan irəli  gələn şərhçilər nəsli hüququn ideal

forması ilə  onun  praktik  və  metodoloji  plüralizmi  arasında  mövcud  olan  kontrastla  mübarizə  aparmaqla  müxtəlif

dövlətlərin  və  xalqların  tarixini,  o  cümlədən  hüquq  tarixini  tədqiq  etdilər.  Belə  tədqiqatlar  hüquqşünaslığın,  o

cümlədən  müqayisəli  hüquqşünaslığın  metodoloji  əsaslarını yaratdı,  hüququn  inkişafının  müəyyən  tarixi  şəraitdə

yaranması müxtəlifliklərini irəli sürən elmi ideyanın formalaşmasına gətirib çıxardı.

Tarixi  baxımdan  hüquqşünaslığın  əsaslarının  meydana  gəlməsində  İtaliyanın  şimal  hissəsində  fəaliyyət

göstərən  humanist-alimlərin  böyük  rolu  vardır.  Bu  prosesdə  XVI  əsrin  20-ci  illərində  Mərkəzi  Fransanın  Burje

universitetinin  professoru  Andrea  Alçiatinin  (1492-1550)  xüsusi  rolu  vardır.  Bu  zaman  öz  dövründə  böyük  təsirə

malik olan  fransız hüquqşünas-tarixçilər  məktəbi  inkişaf  etməyə  başladı, onun  elmə  gətirdiyi  ümumi nailiyyət  isə

özlüyündə  müasir  hüquq  tarixi  elminin  inkişafının  əsaslarını  yaratdı.  Humanist-hüquqşünaslardan  olan  Fransua

Boduenin  (1520-1573)  Almaniyanın  Heydelberq  şəhərində  1561-ci  ildə  söylənilmiş  mühazirələr  əsasında  nəşr

edilmiş  "Universal  tarixin  təsisatı  və  onun  hüquqşünaslıqla  birləşməsi"  əsəri,  əslində  öz-özlüyündə  elmdə  tarixi

metodun ifadəsi idi. O dövrün əksər alimləri kimi, Boduenin də həyatı və yaradıcılığı ətrafda baş verən hadisələrlə

müşayiət  olunurdu.  Dini  və  siyasi  pərakəndəliklə  seçilən  Fransada,  məsələn,  krallar  gah  katolik  Roması  və

Müqəddəs Roma imperiyasının, gah  da  kalvinçiliyin  və  protestantlığın köməkliyi  ilə  hakimiyyətə  bütövlükdə  nail

olmaq uğrunda mübarizə aparırdılar.

Belə bir şəraitdə Boduenin dini və hüquqi hakimiyyətin əsaslarına yenidən baxılması məqsədilə atdığı əzmli

addımlar tarix və hüquqi yaddaşı ali siyasətin instrumentinə çevirdi. Boduenin "universal tarix" axtarışı onun ənənə

ilə əxlaqı birləşdirəcək xristianlığa  qovuşmaq cəhdi idi. O yazırdı: "İnsanı və ilahi predmetlər haqqında həqiqi və

ümumi bilikləri arzulayırıqsa, onda biz universal tarixi öyrənməliyik" (3, s. 133). Lakin belə dəyərlər 1572-ci ildə

müqəddəs  Vorfelemey  gecəsində  fransız  protestantlarının  işgəncəyə  məruz  qalması  ilə  məhv  edildi.  Buna

baxmayaraq, tarixin siyasi və hüquqi məqsədlərə xidmət etməli olması haqqında ideal təsəvvürlər müəyyən edildi.

Belə kontekstdə hüquqşünaslıq yalnız ritorikanın bir həlqəsi olaraq qalmadı, səbəb-nəticə əlaqələrini üzə çıxarmağa

yönəlmiş və öz xüsusi metodlarına malik olan sistematik bir predmetə, yəni elmə çevrildi.

Tarixi metodun əsas üsulları filologiyadan, humanistlərin linqvist tədqiqatlarından, həmçinin hüquqi anlayış

və terminlərin dili və mənşəyini araşdırmağa cəhd edən hüquqşünasların yaradıcılığından irəli gəlir. Boduenin ifadə

 etdiyi kimi, alimin vəzifəsi nəyin bütöv və hissə, nəyin köhnə və yeni olduğunu müəyyən etməkdən ibarətdir (3, s.

121). Tarixi və hüquqi inkişaf sadəcə olaraq olanları xatırlatmaqla yox, onu incəsənət kimi deyil, elm kimi yazmaq,

mətni  və  linqvistik  təhlilin  inkişaf  vərdişlərindən,  xüsusən  ilkin  mənbələri  sonrakı  əlavələrdən  "təmizləmək"

bacarığından çox asılı idi.

Hadisələri  bilavasitə görən və görməyənlər arasında fərqləri  müəyyən  edərkən  hüquqşünaslar  da  məhz  belə

üsullardan istifadə etməyə çalışırdılar.  Məhkəmələr baxılan işlərin hallarının bərpası qaydalarını müəyyən etməyə

cəhd edirdilər və akademik hüquqşünaslıq da belə qaydaları formal qaydada müəyyən etdi. Çıxartdıqları qərarların

gələcəkdə  fəaliyyət  üçün  əsas  olmasını  təmin  etmək  məqsədilə  məhkəmələr  keçmiş  hadisələri  mümkün  olduğu

səviyyə və dərəcədə real bərpa etməyə çalışırdılar. Belə qayda ilə tarixçilər də hadisələri öz səbəbləri və nəticələri

ilə əhatəli bərpa etməyə və yenidən canlandırmağa cəhd edirdilər.

Boduenin  universal  tarix  ideyasını  inkişaf  etdirən  Jan  Boden,  onu  coğrafiyanın  fiziki  şəraiti  ilə

əlaqələndirməyə cəhd edirdi. Bu kontekstdə o, sübut etmə arqumentasiyasının tarixi və hüquqi metodlarını təhlildən

keçirdi. Maraqlıdır ki, Boden kimi, hüquqşünaslar da, bir tərəfdən tədris prosesinin əsasını qoyacaq təlim işi, digər

tərəfdən  siyasi  inkişafı  və  yaxud  faciəli  hərəkətlərə  görə  xəbərdarlığı  tələb  edən  praktikanın  formalaşmasında

maraqlı  idilər.  Daha  irəliyə  gedərək,  Boden  göstərirdi  ki,  tarix  "hər  şeydən  əvvəl  tarixçilərin  faktların  şərhini

müdrik  göstərişlərlə  əlaqələndirdikləri  vaxtdan"  elmdir  (5,  s.  758).  Bu  nöqteyi-nəzərdən  tarix  müasir  adamların,

görkəmli insanların həyatı və yaradıcılığını öyrənən və mühakimə edən bir məktəbə çevrildi.

Beləliklə, hüquqi və tarixi tədqiqatlar əxlaq fəlsəfəsi tədqiqatları ilə birləşdi, bununla da düzgün idarəetmə və

iqtisadiyyata müəyyən təsir edildi və beləliklə əslində bu da insanın öyrənilməsi sahəsində geniş imkanlar açdı. Bu

tədqiqatları daha da ciddi edən metodlar inkişaf etdi. İnsan həyatı haqqında müxtəlif fikirlər onu deməyə əsas verdi




ki, onlar artıq özünüyaradıcılıq prosesinə qoşulmuşlar.

Renesans  dövründə  bəşəri  hissin  valehediciliyi  təkcə  incəsənət  və  təhsillə  deyil,  eləcə  də  mülki  həyat  və

sərvətin meydana gəlməsi ilə də əlaqədar idi. Mədəniyyət dövlətlərin və imperiyaların taleyi ilə sıx bağlı idi. Siyasi

və hərbi işlərdə stabillik, şübhəsiz ki, nisbi xarakter daşıyırdı və alimlər yeni şəraitdə hakimiyyətlə  sıx münasibət

saxlayırdılar.  Nəticə  etibarilə  öz  daxili  müxtəliflikləri  ilə  fərqlənən  və  yeni  dəyişikliklərə  hazır  olan  akademik

mədəniyyət formalaşmağa başladı. Əvvəlki dövrlərlə əlaqələrin hələ də saxlanılmasına baxmayaraq artıq XVII əsrə

yaxınlaşdıqca  İntibah  dövrü  arxada  qaldı.  Fransa  və  Rusiya  dövlətlərinin  mərkəzləşdirilməsi,  Mərkəzi  Avropada

otuz  illik  (1618-  1648)  müharibənin  başa  çatması,  İspaniyanın  təsirinin  tədricən  azalması,  İngiltərədə  vətəndaş

müharibəsi və avropalıların Amerikanın şərq sahillərini və dünyanın digər hissələrini mənimsəməsi ilə Yeni dövrün

siyasi qaydasını xatırladan bir vəziyyət yarandı. Kommersiya və mədəniyyətin ağırlıq mərkəzi tədricən şimali-şərqi

Avropaya  keçdi,  belə  ki,  İngiltərə  və  Niderland  mühüm  iqtisadi  və  mədəni  nailiyyətlər  əldə  etdilər  ki,  bu  da  öz

növbəsində əməyə, investisiyaya, ticarətə, eləcə də kənd təsərrüfatına  söykənirdi.  İlkin Yeni  dövrün  tədqiqatçıları

insanın  və  cəmiyyətin  dəyişikliklərinin  səbəblərini  axtarıb  tapmağa  çalışırdılar.  Məhz  onların  belə  düşüncələri

müasir hüquqşünaslığın və sosial elmlərin əsaslarını yaratdı.

Mülki  cəmiyyətin  simvolu  onun  qanunla  yaşaması  olub  və  indi  də  belədir.  Hüquq  sistemləri  və  hüquq

nəzəriyyəsi ictimai münasibətlərinin qaydaya salınmasında mühüm rol oynayırlar. İctimai elmlərin əsasında belə bir

ideya  durur  ki,  faktlar  hansısa  bir  yeni  qaydanın  nəticəsidir,  məhz  bu  qaydanın  dərk  edilməsi  də  son  nəticədə

cəmiyyət haqqında elmin mövcud olmasının şərtidir.

XVII əsrin hüquqşünasları və siyasi mütəfəkkirləri belə hesab edirdilər ki, bəşər qanunları öz mənbəyini ilahi

tərəfindən  yaradılan  təbii  qaydadan  alır,  təbiətin  və  insanın  yaratdığı  qanunlar  arasındakı  münasibətlər  insan

haqqında  müasir  elmi  formalaşdırır.  Bu  tezisin  radikal  variantlarından  biri  ruhun  və  onun  təzahürlərinin  maddi

təbiət terminində şərh edilməsi oldu. Nəticə etibarilə diqqət maddi işlərdə - əxlaqi davranışda, iqtisadi fəaliyyətdə

və  siyasətdə  fərdi  insan  faktoruna  verilməyə  başlandı.  Buna  müvafiq  olaraq  alimlər  qanuna  ilk  nəzərdə  bir-birinə

zidd  olan  iki  mənada  yanaşmağa  başladılar:  bir  tərəfdən  təbii  vəziyyət  və  təbii  qanun,  digər  tərəfdən  isə  insanın

yaratdığı qanun. Hər iki konsepsiya Avropada özünə yer tapmış və inkişaf etmişdir.

Bu baxımdan onu qeyd edə bilərik ki, əlbəttə, hüquq sistemi sosial məqsədlərə çatmağın praktik vasitəsidir.

Hüquq tarixi, demək olar ki, belə bir tezisin aşkar təsdiqinə çevrilmişdir ki, bilik formaları insan varlığı sahəsində

gündəlik  həyatın  əxlaqi,  iqtisadi  və  siyasi  reallıqları  ilə  birgə  inkişaf  etmişdir.  Hüquqşünaslıq,  son  nəticədə  isə

sosial  elmlər  akademik  fənlər  kimi  ictimai  münasibətlərin  praktik  tənzim  edilməsinin  tərkib  hissəsi  kimi  inkişaf

etmişlər. Bu mənada haqqında söhbət gedən fənlər eyni vaxtda bəzən bir-birinə əks kimi görünən iki məqsədə nail

olmağa  yönəlmişlər:  sistematik,  nəticə  etibarilə  elmi  olmaq;  praktik,  nəticə  etibarilə  konkret  hallarda  tətbiq  edilə

bilmək.


Zaman keçdikcə hüquqşünaslıq peşəsi yüksək nüfuz qazandı və hətta orta əsrlər Avropasında əksər vaxtlarda

siyasi hakimiyyətə də təsir etdi. Bu həm də onunla bağlı idi ki, mülkiyyət, vərəsəlik məsələlərini, kilsə hakimiyyəti

ilə münasibətləri, eləcə də sosial və siyasi borc problemlərini həll etmək üçün hüquqşünasa böyük ehtiyac var idi.

Bu  zaman  onu  da  qeyd  edək  ki,  Roma  hüququnun  ənənələri  çox  güclü  idi  və  Avropada  hesab  edirdilər  ki,  ən

mühüm  mənbələri  Bizans  imperatoru  Yustinian  tərəfindən  IV  əsrdə  tərtib  olunan  "Diqestlər"  və  "İnstitusiyalar"

olan hüquq Romanın sivilizasiyaya verdiyi ən ciddi nailiyyətlərdən biridir. Yustinian, həqiqətən də o zaman belə bir

göstəriş  vermişdi:  "Sonralar  hüquqşünaslardan  heç  biri  buna  şərhlər  verməyə  və  özünün  sözçülüyü  ilə  bu

məcəllənin  yığcamlığına  xələl  gətirməyə  cəsarət  edə  bilməz..."  (2,  s.  154).  Lakin  buna  baxmayaraq  orta  əsrlər

hüquqşünasları məhz elə bu məcəllənin şərh edilməsi ilə bağlı fəaliyyət göstərdilər. Sonralar XV-XVI əsrlərdə də

hüquqşünaslar  humanizm  müddəalarından  istifadə  edərək  hüquq  elmini  əxz  etdikləri  ənənələrlə  əlaqədar  inkişaf

etdirdilər.  Eyni  zamanda  Avropanın  əksər  hissələrində  yerli  ənənələr  hüququn  həm  məzmununa,  həm  də  onun

formasına  təsir  etdi.  Bununla  yanaşı, hüquq  sistematik  rasional  fənn  kimi  tanınmağa  başlandı ki,  bu  və  yuxarıda

haqqında danışılan ənənələr İngiltərədə ümumi hüquqda özünü daha bariz göstərirdi. Tarixi presedentə söykənmiş

"ümumi hüquq" ideyasının özü elmə deyil, əsasən təcrübəyə üstünlük verirdi.

Bu  zaman  formalaşmaqda  olan  kommentatorlar  belə  hesab  edirdilər  ki,  bütün  insanlar  Allah  tərəfindən

verilən ilkin təbiətə malik olduqlarına görə qanun üçün universal əsaslar mövcuddur və buna görə də Roma hüququ

hər  yerdə  tətbiq  edilə  bilmə,  yəni  universal  tətbiqedilmə  xüsusiyyətinə  malikdir.  Bu  dövrdə  hüquqşünasların

düşüncəsində  adətlər  insanın  müxtəlif  vaxtlar  və  müxtəlif  xalqların  həyatlarının  sosial  xüsusiyyətlərinin

müxtəlifliyini büruzə verən "ikinci təbiət"  idi.  Belə  ki,  VII əsrdə  İsidor Sevilski  yazırdı ki,  "bəşəriyyəti  iki  üsulla

idarə  edirlər:  onun  təbiətinə  və  adətin  gücünə  görə"  (4,  s.  8).  Bu  isə  onu  nəzərdə  tuturdu  ki,  hüquqi  sistemlər

haqqında sistematik düşüncənin məqsədi bu ikili xarakterdə olan insan təbiətləri arasında (birinci və ikinci təbiət)

lazımi tarazlığın tapılmasından ibarətdir.

Sistematik  şəkildə  daha  çox  Akvinat  tərəfindən  inkişaf  etdirilən  orta  əsrlər  xristian  sintezi  təbii  hüququ  -

qanunu,  insanın  ilkin  təbiətini  idarə  edən  İlahi  qanunla  eyniləşdirirdi.  Lakin  Roma  hüququ  ilə  faktiki  orta  əsrlər

qanunu arasında münasibətləri öyrənən kommentatorlar belə bir ümumi fikrə gəldilər ki, təbii hüquqla yanaşı, adətə

 əsaslanan və insanın yaratdığı qanunlar da mövcuddur. Romanın qanunları İntibah dövrü dövlətlərinin qanunları ilə

üst-üstə  düşməyə  bilər.  Bütün  bunların  nəticəsi  kimi,  artıq  XI  əsrdə  hüquqşünaslar,  hər  şeydən  əvvəl,  Şimali

İtaliyada, Boloniya universitetində Romanın sosial və siyasi şəraitini belə cəmiyyətlərdən fərqləndirməyə başladılar




və bununla da ictimai dəyişikliklərə müasir baxışın əsasını qoydular. Tarixi baxımdan insanların həyatında adətinmi

və  yaxud  təbiətin  qanunlarının fayda  gətirməsi  məsələsi  müzakirələrin  mövzusu oldu.  Hüquqşünas-alimlər  elə  bir

təfəkkür sxemi yaratdılar ki, bu sxem, ümumiyyətlə ictimai elmlərin gələcək inkişafına mühüm töhfə verdi.

Renessans  dövründən  başlayaraq  bizim  günlərədək  hüquqşünaslar  hüquqi  sistemlərin  əsaslandırılmasında

rasional  prinsiplər  və  adətlərin  qarşılıqlı  nisbəti  haqqında  müxtəlif  fikirlərə  malik  idilər.  Əvvəlki  təsəvvürləri

bəyənənlər  hüquqşünaslığa  bir  elm  kimi  baxırdılar.  Məsələn,  deyək  ki,  buna  misal  olaraq  Fransa  hüquqşünaslıq

tarixi  məktəbinin  əsasını  qoymuş  hüquqşünas  Alsiatonu  göstərmək  olar.  O  belə  hesab  edirdi  ki,  "idrak-ayrıca

götürülmüş  qanunun ruhu və həyatıdır" (4, s.  138).  O  və  onun  ardıcılları sistematik  olaraq  belə  bir  ideyanı təbliğ

edirdilər ki, mövcud qanunlar təbiətin özündən irəli gəlir və olduğu kimi də qəbul edilir. Lakin digər hüquqşünaslar

isə belə bir problemə diqqəti  cəlb edirdilər ki, yerli adətlər  və  yerli  şərait  ayrı-ayrı qanunların formalaşmasına  və

hüquqi  reallıqları  dəyişdirməyə  qadirdirlər.  Belə  müşahidələr  universal  insani  təbiətlə  təsadüfi,  lokal  tarixi  və

coğrafi  şəraitlər  arasında  mövcud  olan  münasibətləri  öyrənməyə  kömək  etdi.  Bu  tendensiyalar  XVIII  əsr

sivilizasiyalarının yüksəlişi və süqutunun fiziki səbəblərinin, bilavasitə Şarl Monteskyenin 1748-ci ildə nəşr etdiyi

"Qanunların ruhu" əsəri ilə zirvəyə çatmış axtarışına gətirib çıxardı.

Roma hüquqşünası Ulpianın şərhində Yustinianın "Corpus Iuris Civiltis"ində təbii hüquq (1, s. 157), məhz,

özünümüdafiə və nəsil saxlamaq arzusu hesab edildi. O zaman belə qəbul edildi ki, təbii hüquqdan sonra xalqların

hüququdur (ius gentium), qanundur ki, bu da insanları rasional varlıq kimi ayırır. Hüquqşünaslar, bununla belə, ius

gentium-a üç əsas kateqoriyada da baxıblar: fərd, əşya və fəaliyyət. Bu kateqoriyalar hüququn təhlilində hələ XX

əsrdə  də  qüvvədə  qalmışdır.  Bu  kateqoriyalar  arasında  münasibətləri  hüquqşünaslar  sosial  təhlilin  əsas

terminlərinin əsasında dəqiqləşdirdilər: iradə (voluntas), hakimiyyət (auctoritas), səbəb (causa), öhdəlik (obliqatio)

və s. Onlar şəxsiyyət-fərd anlayışını formalaşdıra bildilər ki, o da vücud, mülkiyyət və azad iradə, həmçinin təbiəti

etibarilə sosial olduğu üçün öhdəlik və məsuliyyətə malikdir. Bu təfəkkürdə qadın kişinin mülkiyyəti hesab edilirdi.

Xristianlıq, fərdi ilahi ruhun daşıyıcısı hesab etdiyi üçün şəxsiyyətin belə bir konsepsiyasını irəli sürürdü. Xristian

dini, həmçinin xalqların ümum hüququnun mövcudluğuna inamı təlqin edirdi. Belə ki, bu ideya ümumi, universal,

ilahi məntiqin və yaxud rasional ruhun mövcudluğuna inam yaradırdı.

Eyni zamanda hələ orta  əsrlər  dövründən  başlayaraq insanı və  dövləti  hüquqi  "varlıq" kimi  əlaqələndirmək

ideyası üzərində  araşdırmalar  davam  edirdi.  Həm  dövləti  və  həm  də  insanı  hüquqi  əsaslarda  iradəyə  malik  olan

fiziki bütövlük kimi təsəvvür etmək qəbul edilirdi. Bu isə eyni zamanda həm mülkiyyəti və həm də öhdəliyi nəzərdə

tuturdu. Dövlətin iradəyə və bütövlüyə malik şəkildə fəaliyyət göstərmək ideyası geniş yayılmışdı. Siyasi orqanizm

anlayışı  metafora  deyildi,  o  özündə  insan  və  dövlət  üçün  ümumi  olan  cəmiyyətin  hüquqi  strukturunu  inikas

etdirirdi. Monarxiyada bu "orqanizm" və "iradə" hərfi mənada belə hökmdarın simasında təcəssüm edilirdi. Fransa

kralı XIV Lüdovikin timsalında bu daha bariz görünürdü.

"Siyasi orqanizm" anlayışı o zaman artıq Avropanın hər yerində geniş yayılmışdı. Baldasar Kastilyone (1478-

1529)  hesab  edirdi  ki,  monarxiya  idarəetmənin  daha  təbii  formasıdır,  belə  ki,  bizim  bədənimizin  bütün  üzvləri

ürəyin  qaydalarına  əməl  etməli  olduqları kimi,  dövlətin  üzvləri  də  ürəyə  -  suverenə  itaət  etməlidirlər  (2,  s.  188).

Digərləri isə hesab edirdilər ki, həkim insanın orqanizmində qayda yaratdığı kimi, dövlət başçısı da dövlətdə hüquqi

qayda  yaratmalıdır.  Kastilyonun  öz  əsərini  yazmasından  keçən  yüz  ildən  sonra  da  İngiltərədə  vətəndaş

müharibəsindən,  xüsusən  Parlamentin  bir  zərbə  ilə  dövlət  başçısı  I  Karlın  boynunu  vurdurmasından  (1649)

yazanların  əksəriyyəti  belə  bir  dildən  və  stildən  istifadə  etdilər.  "Siyasi  orqanizmin"  belə  parlaq  nümunəsi  təbiət

haqqında  və  insan  haqqında  elmlərin  eyni  zehni  əsaslara  malik  olmasını  əsaslandıran  faktlardan  birinə  çevrildi.

Təbiət  elmlərinin  guya  birinci  olaraq,  sonradan  isə  onun  ardınca  sosial  elmlərin  inkişaf  etməsini  iddia  edən

konsepsiya  doğru  deyildir.  Elmin  bu  iki  sahəsi  həmişə  bir-biri  ilə  qarşılıqlı  şəkildə  inkişaf  etmişdir.  Obyektiv

cəhətdən bu belə olmuşdur, lakin zaman və subyektiv amil də bu prosesə öz təsirini göstərmiºdir.

Təbii  qanunun  və  vətəndaş  müharibəsinin  daha  böyük  nəzəriyyəçisi,  heç  şübhəsiz  ki,  hollandiyalı

hüquqşünas Quqo Qrotsiy (1583-1645) hesab edilir. Birləşmiş əyalətlərlə İspaniya arasında müharibə, onun ardınca

baş  verən  otuzillik  müharibə  alimin  1625-ci  ildə  "Müharibə  və  sülh  hüququ"  əsərinin  meydana  gəlməsinə  səbəb

oldu. Bu əsərlə də müasir beynəlxalq hüququn əsası qoyuldu. Müharibələr, vətəndaş  qırğınları və s. Qrotsini belə

bir  fikrə  gətirib  çıxardı  ki,  çoxlu  siyasi  birliklərin,  dövlətlərin  mövcud  olması  zəruridir  və  birləşmiş  xristian

dünyasına  ümid  etmək  olmaz.  O,  müasiri  İ.V. Andree  kimi  yer  üzündə  "Allahın  şəhərinin"  axtarışı  ilə  məşğul

deyildi,  əksinə  belə  müharibələrin  bəşəriyyətə  gətirdiyi  zərərin  aradan  qaldırılması  yollarını  axtararaq  ədalətli

müharibə ideyasına gəlib çıxmışdı.

Q.Qrotsini  müasir  təbiətşünaslıq  fəlsəfəsinin  əsasını  qoyanlarla,  məsələn,  XVII  əsrin  mütəfəkkirlərindən

Qaliley, Qobbs, Dekart və b. ilə müqayisə etmək olar. Onlar hiss edirdilər ki, insan idrakı əsaslı səhihlik və aşkarlıq

tələb edir. Bunun əsasını isə əxlaq fəlsəfəsi yarada bilər. Bu fəlsəfə isə məntiqi, ardıcıl, dəqiq və sistematikdir, yəni

elmidir.  Elmin  nümunəsi,  məsələn,  Qaliley  üçün  həndəsə  idisə,  digərləri  üçün  isə  bu,  riyaziyyat  idi.  Qalileyin

həndəsədən istifadə etməsi, demək olar ki, Qrotsini də həvəsləndirdi.

Belə ki, Qrotsi öz müasirləri ilə əlaqəni kəsərək, əxlaq fəlsəfəsini təkcə praktik predmet kimi yox, eləcə də

elm  kimi  təqdim  etdi.  O,  hesab  etdi  ki,  yalnız  elm  skeptisizmi  aradan  qaldıra  və  insani  münasibətlərin  möhkəm

əsaslarını yarada bilər

Həqiqətən də skeptisizm qorxusu həm təbii və həm də əxlaqi təmayüllü əksər filosofları təbii



qanuna  belə  münasibət  göstərməyə  sövq  edirdi.  Bekon  kimi,  Qrotsi  də  insanın  təbii  dünyası  ilə  maraqlanırdı.


Onların  fikrincə,  bu  bilik  insanın  həyatını təkmilləşdirə  bilər.  Bekon  tarixin,  yəni  nüfuzlu  biliklər  üçün  əsas  ola

biləcək təbiət aləminin şərhini zəruri hesab edirdi. O, bu tarixin vəzifəsini insanı elmi sahəyə daxil etməkdə görür

və insanın müxtəlif dövrlərdə və yerlərdə yaşayış tərzinin şərh edilməsini vacib hesab edirdi. Qrotsiy məhz belə bir

biliyi hüquqşünaslığa gətirməyə cəhd edirdi.

Qrotsi  fərdi  hüquq  və  öhdəliklər  sahəsində  təbii  hüquq  nəzəriyyəsinin  tətbiqi  üçün  və  eləcə  də  belə  bir

yanaşmanı əsaslandırmaq  məqsədilə,  insan  təbiətinin  özəyində  nəyin  durduğunu  ən  ciddi  surətdə  təhlil  etmişdir.

Avropanı münaqişələr dağıda bilərdi, lakin o, qeyd edirdi ki, insanlar məhz insani təbiətə malik olduğu üçün onların

hamısını  özünü  qorumaq  məqsədi  birləşdirir.  O  əsaslandırırdı  ki,  davranışların  əsaslarını  tədqiq  etmək  üçün

inamların dərinliklərinə  nüfuz  etmək  lazımdır.  Belə  halda  biz  görürük  ki,  insanlar  həqiqətən  də  özlərini  qorumaq

vəzifələrinin əleyhinə yönəlmiş fəaliyyət göstərmirlər və əks halda onların həyatı rasional müstəviyə keçməz. Eyni

zamanda, bəzi hallarda insanların özlərini qorumaq hissinə qarşı fəaliyyət göstərdiyi vaxtlar olub. Qrotsi hesab edir

ki,  belə  hallarda  idrak  əsas  rol  oynamayıb,  hisslər  üstünlük  təşkil  edib.  İnsanlar  üçün  ən  əhəmiyyətlisi  onların

fəaliyyətini istiqamətləndirən  idrakın olmasıdır.  Ona  görə  də  Qrotsiyə  görə,  "şəxsi  marağa  yönələn  fəaliyyət  təbii

qaydanın  bütövlüyünün  ilkin  prinsipidir"  (6,  s.  111).  O  hesab  edirdi  ki,  məhz  insan  təbiətinin  özünümarağında,

əsasında sosial razılıq yarada biləcəyimiz fundament durur.

Q. Qrotsi  universal  bəşəri  gerçəkliyi  insanların  rasional  özünüqoruma  davranışı  ilə  empirik  yolla

eyniləşdirməyə  cəhd  edirdi.  Belə  bir  tələbi  elan  etməklə  bərabər  o,  müəyyən  ilahi  anlayışları,  o  cümlədən  məhz

Allahın  öz  yaratdıqlarına  məhəbbətini  də  nəzərdə  tuturdu.  Qrotsinin  fikrinə  görə  Allah  insanı  sosial  cəhətdən

mövcud olması üçün yaradıb və bu baxımdan da insan təbiətində özünüqoruma və sosiallığa cəhd yaradıb. Bundan

başqa,  insan  fiziki  cəhətdən  zəif  olduğu  üçün  özünüqorumanın  sosiallığa  ehtiyacı  vardır.  Beləliklə,  yalnız

əməkdaşlıq  bizim  təbiətimizi  dini  və  praktik  səbəblərdən  məmnun  edə  bilər.  Belə  arqumentlərin  əsasında  Qrotsi

özünün teoloji köklərindən ayrılan və sonralar müasir liberal əxlaqi və hüquqi fəlsəfənin aparıcı prinsipinə çevrilən

aşağıdakı müddəanı irəli  sürdü:  əgər  özgələrinə  ziyan  vurmursa  hər  bir  kəsin  öz  şəxsi  marağını güdməsi  hüququ

vardır.  O  yazırdı:  "Bir  halda  ki,  cəmiyyətin  niyyəti  bundan  ibarətdir,  onda  hər  bir  kəs  çox  rahat  şəkildə  öz

mülkiyyətinin  sahibi  olmalıdır"  (6,  s.  113).  Bununla  da  Qrotsi,  "öhdəliklərə  köklənmiş"  orta  əsrlər  hüquqi  şüur

tərzindən  fərqli  olaraq  təbii  hüquq  nəzəriyyəsinin  inkişafının  yeni  istiqamətini  yaratdı,  bu  gün  liberal

nəzəriyyəçilərin insan hüquqları adlandırdıqları ideyalara daha çox üstünlük verdi.

Qrotsi  hər  bir  fərdin  özünüqoruma  qanununda  eyni  zamanda  istənilən  ailə,  dövlət  idarəetməsi,  hüquq

sisteminə və yaxud dövlətlərarası münasibətlərə və s. aid olan insan qanununun əsasını görürdü. Burdan belə çıxırdı

ki, insanın təbii mahiyyəti haqqında bilik onun işlərinin düzgün aparılmasının əsasıdır. Qrotsi fərdin özünüqoruma

ruhunu ilkin  səbəb,  cəmiyyətə  isə  onun  ayrılmaz xassəsi,  insanın fərdi  özünüqorumasına  xidmət  edən  vasitə  kimi

baxırdı.  O,  insan  təbiəti  haqqında  biliklərin,  ilk  növbədə,  insanın  fərdi  təbiətinə  aid  olmasına  inanırdı.

Özünüqoruma  və  insanın  təbii  ayrılmaz  xassələri  kimi  bu  iki  müddəa  insanın  təbiəti  və  onun  idarə  olunması

haqqında XXI əsrə qədər Qərb mədəniyyəti üçün xas olan fərdi düşüncələr üçün əsas oldu. Müasir Qərb alimlərinin

də  dəfələrlə  qeyd  etdikləri  kimi,  özünün  müsbət  tərəfləri  ilə  yanaşı  olaraq  neqativ  nəticələri  ilə  də  bəlli  olan

individualizmin  kökləri  məhz  buradan  irəli  gəlir.  Bütün  bunlarla  yanaşı  bir  şey  aydındır:  hüquqşünaslıq  özünün

müxtəlif istiqamətləri ilə inkişaf edirdi və metodologiyada yeni nailiyyətlər əldə olunurdu.

İstifadə olunmuş mənbələr:

1.Памятники  римского  права: Законы  12  таблиц.  Институции  Гая.  Дигесты  Юстиниана.  М.:Зерцало,

1997

2.Burke P. The Italian Renaissance: Sulture and Society in Italy. 2 ed. Cambridge: Polite Press, 1987



3.Kelley  D.R.  Foundations  of  Modern  Historical  Scholarship:  Lanquaqe,  Law  and  History  in  the  French

Renaissance N.Y.: Columbia University Press, 1970

4.Kelley  D.R.  The  Human  Measure:  Social  Though  in  the  Western  Legal  Tradition.  Cambridge,  MA:

Harvard University Press, 1990

5.Kelley D.R. The Theory of history// The Cambridge history of Renaissance Philosophy, 1972

6.Tick  R.  The  "Modern"  Theory  of  Natural  Law  //The  Languages  of  Political  Theory  in  Early  Modern

Europe / ed. A.Pagden. Cambridge: Cambridge University Press, 1987

Гусейнов Абульфаз

К методологии юридических наук

РЕЗЮМЕ

В  статье  отмечается,  что  со  всеми  своими  особенностями,  включающими  в  себя  и  изменения,

относительности,  случайности  и  стабильность  в  период  своего  расцвета,  историческое  развитие

характеризовалось  присоединением  юриспруденции,  теории  права  с  гуманистическими  учениями.

Поколение  комментаторов,  которое  было  тесно  связано  с  Римским  правом,  исследовало  историю  права

разных  народов  и государств.  Эти  исследования  создали  основы  методологии  правоведения  и тем  самым

дали толчок идее о разнообразии происхождения и развития права.



Huseynov Abulfaz

On methodology of jurisprudence

Summary

The  author  notes  that  jurisprudence  that  is  theory  of  law  with  all  its  features  including  changes,  relativity

;

randomness  and  stability,  in  its  historical  development  joined  with  the  humanistic  doctrines.  Generation  of



commentators who have been closely connected with Roman law, investigated history of law of the different people

and  states.  These  researches  have  created  bases  of  methodology  of  jurisprudence  and  so  appeared  the  idea  about



diversity of origin and development of law.

Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə