İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr



Yüklə 1,36 Mb.
səhifə1/23
tarix14.06.2018
ölçüsü1,36 Mb.
#49115
  1   2   3   4   5   6   7   8   9   ...   23

İlahi ziyafət

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr
Tərtib edən: Əlirza Muxtarpur

İlahi ziyafət



Ramazan - Allaha qayıdış üçün ən yaxşı fürsət

İlin dəyişdiyi ay, ilahi rəhmət və bağışlanma ayı olan mübarək ramazan ayının yaxınlaşdığı bir vaxtda bizim də öz daxilimizdəki əyri-əskikliklərdən, çirkinlik və pisliklərdən üz çevirməyimiz - yəni bağışlanmaq istəməyimiz çox münasib görünür. Bağışlanmaq diləmək və tövbə etmək - Allaha qayıtmaq, pis əməllərə arxa çevirmək və yenilik yaratmaqdır: "Rəbbinizdən bağışlanmanızı diləyin, sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran və hər bir əməl sahibinə (əməlinin) mükafatını versin".1 Tövbə etmək, Allaha qayıtmaq və özümüzü daxilən islah etmək Allah-Taalanın bizə daha çox lütf və mərhəmət etməsinə, bərəkət, qüvvə və izzət nazil etməsinə bais olur. Bütün təbəqələr - istər mənim kimilər və yüksək vəzifələrdə çalışanlar, istərsə də adi insanlar bu qayıdışa və islahata ehtiyaclıdırlar. Biz vəzifəlilər digərlərindən çox özümüzə qayıtmalı, özümüz haqda yenidən düşünməli və vücudumuzda nəfsin hakimiyyətinə son qoymalıyıq.


Ramazan - Allahla ünsiyyətin baharı

Bu il təsadüfən təbiət baharı dua və Quran baharı ilə eyni vaxta düşmüşdür. Bir neçə gündən sonra insanın özünüislah və Allahla ünsiyyət baharı olan mübarək ramazan ayı başlayacaq. Məgər məsələnin bu cəhətini unutmaq olar?! Bütün səhvlər bu cəhətə qarşı diqqətsizlikdən irəli gəlir. Səhvi az, qəlbi Allahın mərifət və hidayət nuru ilə işıqlı olan, işarəsi bu xalqa, bizə və dünyanın bütün İslam aşiqlərinə yol açan, bələdçilik edən mərhum və əzəmətli imamımızın Allahla əlaqəsi bu cəhətdən təmin olunmuşdu.

İnqilab, hökumət və idarələrdə nöqsan və yayınma bu cəhətdən başlayır: mənəviyyat, Allahla əlaqə, qəlbin Allaha diqqəti cəhətinə əhəmiyyətsiz yanaşırlar. Əgər fikir versəniz, bizim inkişaf etdiyimiz, uğur qazandığımız, yaxşı işləyib razı qaldığımız yerlər bu cəhəti təmin etdiyimiz yerlərdir; harada ziyan gördüksə, işin bu cəhətinin zəifliyinə görə oldu.
Allahla əlaqəni qorumağın təsirləri

Allahla əlaqəyə əhəmiyyətsiz yanaşmaq olmaz. Bizim hər bir işimiz bu əlaqədən asılıdır. Düşmənlərdən qorxmamaq üçün bizim qəlblərimizi möhkəmlədən amil bu əlaqədir. Fikir və üslub fərqlərinə rəğmən, bizim qəlblərimizi möminlərə və Allah yolunun yolçularına qarşı sevgi ilə dolduran Allahla bu əlaqədir. Allahla bu əlaqə öz nəfsimizdən ötrü həqiqəti tapdamamağa, ümumi məsləhəti şəxsi mənafeyə qurban verməməyə bais olur. Allahla bu əlaqə Allah yolundan yayınmamağa, bu yolu getməyə peşman olmamağa və yorulmamağa səbəb olur. Allahla bu əlaqə həmişə mümkündür, heç zaman gec və imkansız deyil.


İnsan həyatında iki paralel yol

İnsan həyatı daim iki paralel yol üzərində gedir. Bir yolla gedənlər daim yüksəyə doğru gedir, o biri yolun yolçuları isə aşağıya, dərəyə və cəhənnəmə sarı hərəkət edirlər. Bu iki yol bir-birinin yanında və bir-birinə paraleldir. Bu iki yol eynilə bir-birinə bənzəyir. Süquta, tənəzzülə və aşağıya doğru hərəkət edənlər o biri yolla gedənlərin yaxınlaşdıqları yerdən uzaqlaşırlar. Onlar Allahdan uzaqlaşır, şeytana və cəhənnəmə yaxınlaşırlar. Ucalığa, yüksəlişə, işığa, Allaha, tövhidə, əxlaqi paklığa və mənəvi saflığa doğru hərəkət edənlər isə o biri qrupun endiyi yerdən uzaqlaşırlar.

Bu iki yol bir-biri ilə qonşudur, birindən o birinə keçmək çox asandır, yol yaxındır. Əgər biz Allah eləməmiş, ikinci yolla hərəkət edir, nəfs və əxlaq baxımından aşağıya doğru gediriksə, iradə göstərib o biri yola keçək və yüksəyə doğru hərəkət edək. Bu iş hər zaman mümkündür: "Sənə doğru gedən yol yaxındır".1 Allaha doğru hərəkət edənin yolu yaxındır. Əgər Allahın yoluna keçmək istəsək, məsafə çox yaxındır. Əgər yolçularının süquta və aşağıya doğru getdiyi bu yoldan bir addım atsanız, əbədi səadətə, işığa və çox sadiq bəndələrin məqamına doğru gedən yola qədəm qoyarsınız.

O biri tərəfdən də belədir. Biz nəfsimizin istəyinə qulaq asan və insanı Allah-Taaladan uzaqlaşdıran bir iş görən anda ayağımızı o yoldan götürüb, aşağıya doğru gedən yola qoyuruq. Biz öz nəfsimizin istəklərinin əksinə hərəkət etdiyimiz, eqoistliyə, qürura və nəfs itaətinə qarşı çıxdığımız anda ayağımızı bu yaxın məsafədən götürüb o biri yola qoyur və yüksəyə doğru gedirik. Böyük imamımız bu on ildən artıq müddətdə bizi həmişə nəfsə itaətdən çəkindirirdi, hamımıza, bütün İran xalqına, o cümlədən biz məmurlara deyirdi ki, ehtiyatlı olun və onun əsirinə çevrilməyin. Bu, ramazan ayında mümkündür. Ramazan ayında nəfsə nəzarət etmək digər aylara nisbətən daha asandır.


Ramazan - Allahın xüsusi bəndələrinin ziyafət ayı

Hikmətli Allah Öz kitabında buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız!"2 Mübarək ramazan ayının başlanması müsəlmanlar üçün həqiqətən böyük bir bayramdır. Möminlər bu ayın gəlişi münasibəti ilə bir-birini təbrik etməli və bu aydan maksimum istifadəyə çağırmalıdırlar. Çünki bu ay ilahi ziyafət ayıdır. Bu ayda Səxavətli və Kərim Allahın süfrəsində yalnız möminlər və bu ziyafətə layiqli şəxslər əyləşirlər. Bu, Allahın bütün insanların və hətta bütün məxluqların bəhrələndiyi ümumi səxavət süfrəsindən fərqli bir şeydir. Bu, Allahın xüsusi bəndələrinin süfrəsi və ziyafətidir.


Orucun insanın mənəvi təkamülünün əsas şərtlərindən biri olması

Əvvəla buyurur: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi"1. Biz bilirik ki, namaz və zəkat yalnız İslam ümmətinə məxsus deyil. Əziz İslam Peyğəmbərindən (s) qabaqkı peyğəmbərlər də namaz və zəkatı öz hökmlərinin başında qeyd etmişlər: "O... mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu".2 Həzrət İsa peyğəmbər (ə) öz dinləyicilərinə buyurur ki, Allah mənə namaz və zəkatı tövsiyə etmişdir. Quranın digər ayələrindən də bu başa düşülür. Oxuduğum birinci ayədə buyurur ki, namaz və zəkat kimi oruc da yalnız İslam ümmətinə məxsus olmayan hökmlərdəndir. Keçmiş ümmət və peyğəmbərlərə də oruc tutmaq əmr olunmuşdu.

Bu onu göstərir ki, hər bir dövrdə insanların mənəvi həyatı üçün namazın lazım olduğu və bu namaz insanla Allah arasında mənəvi əlaqə yaratdığı kimi, həmçinin zəkatın lazım olduğu və bu zəkat malın təmizlənməsi olduğu kimi, oruc da vacib və zəruridir və bu, insan təkamülünün, onun mənəvi yüksəlişinin əsas şərtlərindən biri sayılır. Əks təqdirdə, müxtəlif dinlərin dəyişməsinə rəğmən, bu xətt zaman boyu dəyişməz qalmazdı.

Əlbəttə, oruc müxtəlif dinlərdə və müxtəlif dövrlərdə fərqli formalarda olmuşdur. Lakin ac qalmaq, qarını qidasız saxlamaq, ağızı, dili və dodağı müəyyən saatlarda fiziki ləzzətlərə bağlamaq müxtəlif dinlərin orucunda da mövcud olan bir xüsusiyyətdir. Deməli, oruc insanın mənəvi yüksəlişində, ruhi təkamülündə, hidayət və tərbiyəsində əsas şərtdir.


Təqvanın təsir və faydaları, təqvasızlığın zərərləri

Buyurur ki, "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız". Yəni bu oruc təqvaya doğru pilləkan, qəlbinizdə və ruhunuzda təqva yaratmağa vasitədir. Təqva odur ki, insan özünün bütün rəftar və əməllərində ehtiyatlı olsun, gördüyü işin Allahın razılığına və əmrinə uyğun olmasına diqqət yetirsin. Belə daimi ehtiyatlılıq və çəkinmə halətinin adı təqvadır.

Təqvanın qarşı tərəfi qafillik, diqqətsizlik və ayıqlıq olmadan hərəkət etməkdir. Allah möminin diqqətsiz olmasını sevmir. Həyatın bütün işlərində möminin açıq gözü və ayıq qəlbi olmalıdır. Bu açıq göz və ayıq-sayıqlıq həyatın bütün işlərində möminə fayda yetirir, onu diqqətli edir, gördüyü işin Allahın istəyinin və dinin ziddinə olmasına imkan vermir. İnsanda bu ehtiyat yarandıqda, onun sözü, əməli, sükutu, qalxması, oturması - hər bir hərəkəti Allah-Taalanın təyin etdiyi xəttə uyğun olduqda, deməli, sözügedən diqqət və sayıqlıq haləti, yəni təqva yaranmışdır. Bu halət insanda həmişə olmalıdır. Orucun faydası budur.
Təqvanın cəmiyyətə təsirləri

Əgər bir xalq, yaxud fərd təqvalı olsa, dünya və axirətin bütün xeyirlərinə sahib olar. Təqvanın faydası yalnız Allahın razılığını qazanmaq və axirətdə cənnətə getmək deyil. Təqvanın faydasını təqvalı insan dünyada da görür. Təqvalı cəmiyyət, Allahın yolunu diqqətlə seçən, o yolda diqqətlə hərəkət edən cəmiyyət dünyada Allahın nemətlərindən də bəhrələnir, dünyəvi iqtidara da nail olur, Allah dünya işlərində ona elm və bilik də bəxş edir. Təqva yolunda hərəkət edən cəmiyyət və mühit sağlam və sevgili olur, insanlar arasında əməkda.lıq ruhu yaranır.

Təqva dünya və axirət xoşbəxtliyinin açarıdır. Müxtəlif fərdi və ictimai problemlərdən əziyyət çəkən sapqın bəşəriyyət təqvasızlığın, nadanlığın, diqqətsizliyin və ehtiraslar səbəbindən bataqlığa düşməsinin altını çəkir. İnkişaf etməmiş cəmiyyətlərin halı bəllidir. İnkişaf etmiş cəmiyyətlərdə də bəzi sahələrdə ağıllı işlərindən yaranan nailiyyətlər olsa da, onlar da ölümcül çatışmazlıqlara düçar olmuşlar. Bu gün onların yazıçıları, natiqləri və sənət adamları bunu dönə-dönə deyirlər.

Təqva peyğəmbərlərin ilk və son tövsiyəsidir. Quranın müxtəlif surələrində oxuyursunuz ki, peyğəmbərlərin insanlara dediyi ilk söz təqva olmuşdur. Əgər təqva olsa, ilahi hidayət də olar; təqva olmasa, ilahi hidayət də fərdə və cəmiyyətə kamil formada nəsib olmaz. Bu oruc təqvaya hazırlıqdır.

Allah Hədid surəsinin başqa bir ayəsində buyurur: "Ey iman gətirənlər! ilahi təqvanız olsun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, (Sirat körpüsündə) getməyiniz üçün nur bəxş etsin"1. Allah-Taala təqvaya görə sizin qəlbinizdə, həyatınızda və yolunuzda bir nur yaradır. Siz o nurun işığında hərəkət edib həyat yolunu tapa bilərsiniz. Bəşər gözübağlı hərəkət edə bilməz. Məqsədi tanımadan insanın hərəkət etməsi mümkün deyil. Bizə məqsədi, mənzili və yolu göstərən bu nur təqvadan irəli gəlir. Bütün peyğəmbər və övliyaların tövsiyəsi təqvadır.

Mən namazda iştirak edən siz qardaş və bacılara, xüsusən də cəmiyyətdə daha yüksək vəzifəsi olanlara tövsiyə edirəm ki, bütün işlərdə və həyatınızın bütün anlarında ilahi təqvanı özünüzə vacib sayasınız. İslam cəmiyyətində hamı məsuliyyət daşısa da, vəzifə nə qədər böyük və yük nə qədər ağır olsa, təqva ehtiyatına bir o qədər çox ehtiyac olar. Cəmiyyətin vəzifəli şəxsləri öz təqvalarını artırsınlar, nə etdiklərini bilsinlər, bir söz danışarkən, bir addım atarkən onda Allahın razılığının olub-olmamasını bilsinlər. Meyar budur. Əgər biz təqva qazansaq, and olsun Allaha, ən güclü maddi qüvvələr bizi getdiyimiz düzgün yoldan bir iynə ucu qədər də yayındıra bilməzlər.


Ramazan ayını və Quran baharını qənimət bilmək

Ramazan ayını qənimət bilin. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə keçirin. Dua mövsümü bu mübarək aydır. İnsan dua vasitəsi ilə həmişə Allahla əlaqə qurmalı olsa da, diqqət yetirmək lazımdır ki, Quranın "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm"2 ayəsi Bəqərə surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında gəlmişdir. Və bu, bütün insanları, bütün bəndələri duaya və Allah zikrinə sövq və dəvət etmək üçündür.

Dua sizin qəlbinizdə Allahla yaratdığınız əlaqədir. Dua - istəmək və Allahı çağırmaqdır. İstəmək isə ümiddən sonrakı mərhələdir. Ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan heç nə istəmir. Deməli, dua ümiddir, qəbul olunmasına ümidlə yanaşıdır. Bu ümid ürəkləri işıqlandırır və duanın sayəsində cəmiyyət həvəsli və fəal olur.
İslam inancını gücləndirmək üçün Quranla ünsiyyətin təsiri

Bu ay həmçinin Quranın baharıdır. Quranla ünsiyyət İslam inancını gücləndirir və dərinləşdirir. İslam cəmiyyətlərinin bədbəxtliyi Qurandan, onun həqiqət və bilgilərindən uzaq düşməsinin nəticəsidir. Quranın mənasını anlamayan və onunla ünsiyyətdə olmayan müsəlmanlar bir yana, hətta Quranın dili öz doğma dilləri olan və Quranı başa düşən insanlar da Quran ayələri üzərində dərindən düşünmədiklərinə görə Quran həqiqətləri ilə tanış olmur və ünsiyyət yarada bilmirlər. Quran buyurur: "Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!"1 Yəni Allah möminləri kafirlərin əlinin altında qoymaz və onların qarşısında xar etməz. Bu ayə ərəb ölkələrində və bütün dünyada ərəbdilli insanlar tərəfindən oxunur, amma ona əməl olunmur. Quran ayələri üzərində diqqətlə fikirləşib düşünmürlər və nəticədə İslam ölkələri geridə qalır.

Quranla ünsiyyət - onu oxumaq, yenə oxumaq, Quranın dedikləri haqda fikirləşmək və onları anlamaqdır. Qeyri-ərəb xalqlar Quranın tərcüməsindən istifadə edə, onun sözlərini təxmini şəkildə bilib məzmununu anlaya və o barədə düşünüb fikirləşə bilərlər.

Quran ayələri üzərində düşünsək, bizim iradə və müqavimətimiz güclənər, bundan da çox olar. Bir zaman küfr və zülmət dünyası ilə vuruşan insanları yetişdirən amil elə Quran ayələridir. Bu bilgilər bizim böyük xalqımızı zülmət dolu müasir cahiliyyət dünyası ilə - iyirminci əsrin modern cahiliyyəti ilə vuruşmağa vadar və qadir etdi. Ümidvarıq ki, bizim xalqımız Qurana və Quran həqiqətlərinə günbəgün daha yaxınlaşsın!

Tehranın cümə namazı xütbələrindən: 1990.
Ramazan - özünüislah və ibadət ayı

Nəyiniz varsa, İslamdandır. Nəyiniz varsa, Allaha güvənməkdən və Onunla əlaqədəndir. Allahla əlaqəni unutmayın. Qarşıdan ramazan ayı - özünüislah ayı, ibadətin, Quranın, Allah zikrinin, Allahı yad etməyin, tövbə və yardım istəyinin baharı gəlir. Onun qədrini bilin. Xalqın müxtəlif təbəqələri, xüsusən də gənclər ramazan ayını qənimət bilib Allaha sığınsınlar, Onun hidayət və diqqətini istəsinlər, Ona arxalansınlar və düşmənlərindən əsla qorxmasınlar.

Həzrət İmam Rzanın (ə) ziyarətçilərinin və Məşhəd əhalisinin böyük toplantısındakı çıxışdan: 1990.
Ramazan – mənəvi inkişaf və Allaha yaxınlaşmaq fürsəti

Allahı və Onun yolunu unutduran müxtəlif amil və səbəblər arasında qalmış, müxtəlif maraqların aşağıya, tənəzzülə və süquta doğru çəkdiyi bəşər ramazan ayında ucalığa və yüksəlişə meylli ruhunu yuxarıya doğru sövq etmək, Allaha yaxınlaşmaq və ilahi əxlaqla bəzənmək üçün bir fürsət əldə edir. Ramazan ayı belə bir fürsətdir.

Əlbəttə, ramazan ayından başqa imkanlar da var. Məsələn, gündəlik beş namaz bizim istifadə edərək yüksələ biləcəyimiz imkanlardır. Biz bununla özümüzü islah edib mənəvi pasları, çürükləri, qafillik və xəstəlikləri özümüzdən uzaqlaşdıra bilərik. Namaz çox yaxşı fürsətdir. Siz yəqin ki, bunu sınaqdan keçirmisiniz. Həmişə əməliniz belə olsun və təcrübə edəsiniz. Yaddan çıxarmayın ki, namaz halında özünüzə və gördüyünüz işə qarşı diqqətli olsanız, namazdan sonrakı halınız ondan qabaqkı halınızla mütləq fərqlənəcək. Bunun şərti namazda diqqətli olmaqdır. Nə iş gördüyünüzə diqqət yetirin. Daha yaxşısı budur ki, namazın zikrlərini anlayın. Bu çox asan işdir.

Deyə bilmərik ki, biz ərəb deyilik və namazın sözlərini anlaya bilmirik. Namazda əvvəldən axıra qədər deyilən bütün sözləri öyrənmək üçün orta istedadlı insanlar üçün bir saatdan artıq vaxt lazım deyil. Bu çox asandır. Bu barədə kitablar yazmış və namazın sözlərini tərcümə etmişlər. Əgər mənalara diqqət yetirib bu sözlərin məzmununun nədən ibarət olduğunu anlasanız və o barədə fikirləşsəniz, əlbəttə ki, daha yaxşı olar. Əgər bu da mümkün olmasa, ən azı səcdə halında olarkən Allahla danışdığınızı bilin; rüku halında olarkən aləmlərin Yaradınına təzim etdiyinizi bilin; qiraət və zikr halında olarkən kiminlə danışdığınızı bilin. Bu diqqətin özü mühüm məsələdir.

Əgər bu diqqət yaransa və namazda həqiqətən Allah yad olunsa, bu namaz sizin üçün möminin meracı olacaq, sizi ucaldacaq. Bunun əlaməti odur ki, siz namazdan sonra öz daxilinizdə daha çox paklıq, mənəviyyat və nurluluq hiss edirsiniz. Maliyyə ibadətləri də belədir. Müxtəlif ibadətlər bizim üçün fürsətlərdir, lakin ramazan ayı il ərzində müstəsna bir imkandır.

Bu otuz, yaxud iyirmi doqquz gündə həmişəki beş vacib namazdan və insanın həmişə qıla bildiyi nafilə namazlarından əlavə, bəzi dualar da var. Həmin duaları oxumaq insana əlavə nur bəxş edir. Bu duaları bizim ixtiyarımızda qoymuş, Allahla danışmaq və münacat etmək yolunu öyrətmiş, Allaha hansı sözləri deməyin mümkünlüyünü göstərmişlər. İmamlardan nəql olunan bu duaların bəzi cümlələri olmasaydı, insan özü Allahla bu formada danışmağın və Allahdan bu şəkildə istəməyin mümkünlüyünü təxmin edə bilməzdi.


Ramazan - özünü yenidən islah etmək, tanımaq və fəsaddan qurtulmaq mövsümü

Bundan əlavə, ramazan orucunun özü insanda ruhani və mənəvi bir əhval yaradır, onu ilahi lütfü qazanmağa hazırlayır. Ramazan ayında bütün əməllərə - namaza, daimi vəzifələrə, oruca, bu ayın dualarına diqqət yetirin və Quran oxuyun. Deyilib ki, ramazan ayı Quranın baharıdır. Bu, özünü yenidən islah etmək, yenidən tanımaq, paslardan və fəsadlardan qurtulmaq mövsümüdür. Bu çox faydalı bir zamandır.

Əsas məsələ budur ki, biz ramazan ayında Allaha doğru hərəkət edə bilək və bu mümkündür. Dedim ki, bəzən ramazan ayından sonra imamın yanına gedəndə onun daha nurlaşdığını, danışığının, baxışının, hərəkətinin və fikirlərinin ramazan ayından öncə ilə fərqləndiyini duyurdum. Ramazan ayı mömin və uca bir insan üçün belədir. Onun qəlbinə və daxilinə elə işıq bəxş edir ki, insan bunu hiss edir, danışığından anlayır. Allahın bəndələri belədirlər. Biz bu fürsətdən çox istifadə etməliyik.
Günahı tərk etməyin əhəmiyyəti

Öz əməli həyatımıza dair bir məsələni xatırlatmaq istəyirəm. Bu mənim özüm və siz qardaş və bacıların hamısı üçün daha yaxşı və daha çox əmələ səbəb ola bilər. O məsələ budur ki, Allaha yaxınlaşmaq üçün əsas amil günahları tərk etməkdir. Müstəhəb işlər görmək, təvəssül, dua və digər işlər ikinci dərəcəlidir. Əsas məsələ budur ki, insan özünün günah etməsinə mane olsun. Bunün üçün təqva lazımdır. İnsan vücuduna lazım olan ən mühüm, yaxud ən birinci şərt təqvadır. İnsanın günah etməsinə mane olan amil budur. Günah insanı hətta ilahi əfvin əzəmətli dəryasına yaxınlaşıb, ondan istifadə etməyə də qoymur. Günah bizim dua və zikr halı əldə etməyimizə imkan vermir. Günah bizi özümüzə yenidən baxmaq və özümüzü islah etmək barədə düşünməyə, çalışıb günahdan uzaqlaşmağa qoymur. Birinci şərt budur.

Əlbəttə, günahlar müxtəlifdir; fərdi və ictimai günahlar, əlin, gözün, dilin vasitəsi ilə və müxtəlif yollarla baş verən günahlar var. Yəqin ki, müsəlmanlar günahlar haqda məlumatsız deyillər və nəyin günah olduğunu bilirlər. Dua edən, müstəhəb işlər görən, şəriət vəzifələrini yerinə yetirən, lakin bunların kənarında günahdan çəkinməyən insan soyuqladığı və qızmasının yüksəldiyi zaman həm soyuqdəymə əleyhinə dərmanlar içən, həm də xəstəyə zərərli qidalardan istifadə edən şəxs kimidir. Məlum məsələdir ki, xəstə zərərli qidalar qəbul etsə, dərmanın təsiri olmayacaq.

Allahın rəhməti, əfvi və mənəvi mərhəmətləri üçün şərait yaratmaq lazımdır və bu, günahı tərk etməklə yaranır. Buna görə Əmirəlmömininin (ə) Kumeyl duasında belə deyir: "İlahi! Mənim duanı həbs edən günahlarımı bağışla".1 Yəni günahlar duanın qəbul olunmasına mane olur. Bu gecələrdə şərafətli Əbu Həmzə duasında oxuyursunuz ki, İlahi, mənimlə vəzifələrimi yerinə yetirməyə və özümü Sənə yaxınlaşdırmağa mane olan günahım arasında fasilə yarat.2 Əsas məsələ günahı tərk etməkdir.


İslam cəmiyyətində sağlam mühiti qorumağın və günahdan çəkinməyin əhəmiyyəti

İslam quruluşunun ən müsbət cəhəti mühitin günahla dolmamasıdır. Tağut quruluşlarında mühit bulaşıqdır; insan günah etmək istəməsə də, sanki mümkün olmur və hər şey insanı günaha sarı çəkir. İslam quruluşunda isə belə deyil, mühit insanı günaha səsləmir. Günahkar var, müxtəlif səviyyələrdə və müxtəlif işlərdə çalışan, müxtəlif səlahiyyətlərə malik olan günahkarlar var, lakin günah yalnız şəxsi məsələ olur; yəni insanın nəfsi onu günaha çəkir. İslam quruluşu günahın ictimai inkişaf meyarı sayıldığı tağut və şeytan quruluşlarından fərqlidir. İslam quruluşunda günah nəinki inkişaf meyarı deyil, hətta inkişaf və dəyərin ziddi, tənəzzülün meyarıdır.

Günahı kimin etməsinin fərqi yoxdur. Demək olmaz ki, günahı bu şəxs edirsə, eybi yoxdur. Xeyr! Günahı tanımaq və günahkarı onunla müəyyən etmək lazımdır. Günah edən günahkardır, kim olursa-olsun. Biz deyə bilmərik ki, bu işi filankəsin gördüyünə görə yəqin ki, eybi yoxdur, əgər eybi olsaydı, etməzdi. Sözsüz ki, bədgüman olmamaq yaxşıdır. İnsan bütün möminlərə qarşı nikbin olmalı və imkan daxilində fəsada yozmamalıdır, amma bir şəxsdən aşkar bir səhv baş verdikdə bunun kim olmasının heç bir fərqi yoxdur. Edən kim olursa-olsun, günah günahdır. Hətta böyük şəxslər günah etdikdə qəbahəti daha çox olur.

Buna əsasən, əsas məsələ günahdan çəkinməkdir. Biz bu ramazan ayında çalışıb iradə göstərməli və günahdan uzaqlaşmalıyıq. Əgər bu baş versə, o zaman ruhani aləmə yüksəlmək və pərvaz etmək yolu açılacaq, insan onun üçün təyin olunmuş mənəvi və ilahi yolla gedə biləcək. Amma ağırlıq edən günahlarla belə bir şey mümkün deyil. Ramazan ayı günahdan uzaqlaşmaq üçün əlverişli fürsətdir.

Ümidvarıq Allah burada iştirak edən siz qardaş və bacılara, həm də bütün ölkədə və bütün dünyada olan müsəlman və möminlərin hamısına bu ramazan ayından bəhrələnmək, özlərini ilahi əxlaqla bəzəmək səadəti nəsib etsin! Onlar ən azı bu işə başlasınlar. Bəşəriyyət bu yolla irəlilədikcə problemləri azalacaq və bitəcək.

Mübarək ramazan ayının on birində xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 1990.


Qüds günündə ayıq-sayıq olmağın zəruriliyi

Qarşıdan mübarək ramazan ayının bizim mərhum və böyük imamımız tərəfindən Qüds günü adlandırılan son cüməsi gəlir. Builki Qüds günü ramazan ayının qədr gecələri ilə qonşudur. Qədr gecəsində səhərə qədər oyaq qaldığımız, Allah dərgahına dua və münacatımızla bizim üçün yaxşı gələcəyin yazılmasını istədiyimiz kimi, Qüds gününü və İslam tarixinin qədr gecəsi olan bu həssas günləri də ayıq-sayıq şəkildə keçirməli və müsəlman xalqların, xüsusən də şücaətli və məzlum Fələstin xalqının qurtuluş şəfəqinin doğuşuna qədər səyimizi dayandırmamalıyıq.

Mən ümidvaram ki, bizim böyük xalqımız həmişə olduğu kimi bu il də Qüds günündə hamılıqla küçələrə çıxacaq, cümə namazları qılınan yerlərə qədər yürüş edəcək, uca fəryadlarını və şimşəyə bənzər səslərini bütün dünyaya çatdıracaq, əzəmətli İmam Xomeyni ümmətinin həmişə Fələstinin yanında və onun düşmənlərinə qarşı olduğunu göstərəcək.

Ümumdünya Qüds Günü münasibəti ilə müraciətdən: 1990.


Təkəbbürlülüyün pis təsirləri

İnsanın təkamülünə mane olan, Quranda və imamların hədislərində müxtəlif sözlərlə qadağan olunmuş xüsusiyyətlərdən biri təkəbbürlülükdür. Bu xüsusiyyət insanın mənəvi inkişafı üçün çox təhlükəlidir. Tarixin əvvəlindən başlayan bütün bu qalmaqalların - peyğəmbərlərin gəlişinin, çoxlu mübarizələrin, haqq və batilin vuruşmasının, müharibələrin, döyüşlərin, çəkişmələrin, çətinliklərə dözmələrin, haqq tərəfdarlarının böyük səyinin, hətta İslam hökuməti qurmağın və İslam ədalətini bərqərar etməyin son məqsədi insanın təkamülü və Allaha yaxınlaşmasıdır. Hər şey buna müqəddimədir. Təkəbbürlülük isə elə bir haldır ki, kimdə olsa, o şəxs özünə vurğunluq halətinə düçar olur, özünə, işinə, məlumatına və fərdi xüsusiyyətlərinə heyran olur, bunlar onun gözündə böyük, gözəl və ideal görünür. Bəlkə də bəşəri təkamül yolunda ən böyük maneə, ən pis dərd və xəstəlik özünü böyük, pak, nöqsansız, güclü və digərlərindən üstün bilməkdən ibarətdir.

Təkəbbürlülüyün xüsusiyyətlərindən biri insanın özünü digərlərindən böyük görməsidir. Bu, təkəbbürün mənası deyil, onun xüsusiyyətlərindən biridir. Bu çox təhlükəli və qəribə bir şeydir. İnsan Quran ayələrinə baxanda müxtəlif sözlərlə bu xüsusiyyətdən söz açıldığını görür: "istela" (ucalıq istəyi), "ülüvv" (böyüklük), "istikbar" (hegemonluq), təkəbbür. Quranda bunun üzərində çox təkid olunmuş və Allah yolunda hərəkət edən mömin insanın bu xüsusiyyətdən çəkinməsi çox tapşırılmışdır.

İnsanın özünü qüdrətli görməsi təkəbbürlülüyün bir növüdür. İnsan özünü qüdrətli, sərvətli, ehtiyacsız, yaxud elmli hiss edir və öz elminə çox güvəndiyinə görə deyilən hər bir sözü elmi ilə ölçür; elminin dairəsinə sığanı düzgün sayır, sığmayanı isə rədd edir. Bu da təkəbbürün bir şaxəsi və təhlükəli növlərindən biridir. Hətta ibadət adamları, zahidlər və mənəvi insanlar üçün də öz sahələrində təkəbbür vardır. Abid və zahid insanın öz ibadəti ilə fəxr etməsi təkəbbürün şaxələrindən biridir; özünü böyük görmək, özünü pak görmək, özünü digərlərindən üstün bilmək.

Bir şəxs qədr gecəsini dua ilə, münacatla, ağlamaqla, Allaha ibadətlə, namaz, tövbə və bu kimi işlərlə keçirir, ertəsi gün xalqın içinə çıxıb küçələrdə öz işi ilə məşğul olan camaatı görəndə isə öz-özünə deyir: "Ey yazıqlar! Dünən gecə siz hansı halda idiniz, biz hansı halda idik! Siz qəflət içərisində idiniz" - yəni özünü digərlərindən üstün sayır. Bu işlərin hər biri insanın təkamülü və inkişafı üçün öldürücü zəhərdir.

Bizim kimi adi adamlar ümumi təkəbbürlərə düçar oluruq. Hansı məqam və dərəcədə olmalarından asılı olmayaraq, mənəvi dərəcələrə və uca məqamlara malik olanlar da böyük təhlükə olan təkəbbürə düçar ola, özləri ilə öyünə və özlərini böyük görə bilərlər. Bu təhlükə hər hansı bir səviyyədə olan hər bir şəxs üçün realdır.

Allah yolunun birinci addımı özünü sındırmaq, özünü tam yoxsul və əliboş görməkdir. Yəni insan güc, sərvət, elm və digər müsbət xüsusiyyətlərə malik olsa da, sərvətin və iqtidarın zirvəsində dursa da, kompliment kimi yox, həqiqətən özünü Allahın qarşısında ehtiyaclı, yoxsul, kiçik və dəyərsiz bilməlidir. Bu, insani kamillik ruhiyyəsidir və sözsüz ki, buna nail olmaq üçün çox çalışmaq lazımdır.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə